Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:49

«Bos Shelf»in fəhlələri tətil edirlər


«Bos Shelf» rəhbərliyinin tətil edən fəhlələrlə görüşü

«Bos Shelf» rəhbərliyinin tətil edən fəhlələrlə görüşü

-
«BOS SHELF» RƏHBƏRİ MAAŞLARIN ARTIRILMASINI REAL SAYMIR (14:30)

Dövlət Neft Şirkəti və «Bos Shelf» rəhbərliyinin tətil edən fəhlələrlə görüşü davam edir.
AzadlıqRadiosunun əməkdaşının görüşdən verdiyi məlumata görə, işçilər rəhbərlik qarşısında 5 tələb qoyublar: apreldən maaşların 52 faiz artırılması, maaşların dollarla yox, manatla verilməsi, məzuniyyət haqqının və tibbi sığortanın bərpası. Sonuncu tələbsə onları təhqir edən əcnəbi işçilərin cəzalandırılmasıdır. Bu tələblər yerinə yetirilməyəcəyi təqdirdə, fəhlələr tətilin aprelin 1-dən davam edəcəyini də bəyan ediblər.

«Bos Shelf»in rəhbəri İxtiyar Axundov deyib ki, bəzi tələblər haqsızdır və onları yerinə yetirmək mümkün deyil. Məsələn, o qısa vaxtda maaşların artırılmasını real saymayıb:

«Bu, bir günün və ya bir ayın işi deyil. Ona görə də kim maaşın 52 faiz artırılmasını tələb edirsə, aprelin 1-ni gözləmədən indidən tətilə başlaya bilər».

Maaşların dollarla deyil, manatla verilməsinə gəlincə, İxtiyar Axundov deyib ki, «Boş Shelf» BP şirkəti ilə işləyir. Buna görə də maaşlar dollarla verilir:

«Ancaq dolların kursu maaşa təsir etməməlidir. Əgər belədirsə, mühasibatlığa deyərik, bunu yoluna qoyar».

O ki qaldı tibbi sığorta tələbinə, İxtiyar Axundov bu yöndə iş getdiyini, iyundan kartların paylana biləcəyini də söyləyib.

«Bos Shelf» rəhbəri Yerli işçiləri aşağılayan əcnəbi həmkarların cəzalandırılması haqda deyilənlərə də münasibət bildirib. O deyib ki, millətçi olmaq lazım deyil. Ancaq İxtiyar Axundov yerli işçilərin təhqir olunmasını da yolverilməz sayıb və bu yöndə araşdırma aparılacağını bildirib.

Danışıqlarda Dövlət Neft Şirkətinin vitse-prezidenti Xaliq Məmmədov da iştirak edir. Hələlik o çıxış etməyib.

ARDNŞ RƏHBƏRLİYİ «BOS SHELF»Ə GƏLİB (13.10)

ARDNŞ rəhbərliyi «Bos Shelf»ə gəlib. İndi tətilçilərlə danışıq gedir. Bu haqda məlumatı AzadlıqRadiosunun əməkdaşı verir.

Fəhlələrin sözlərinə görə, ötən ilin dekabrına qədər onların tibbi sığortası olsa da, sonradan ləğv edilib. Bundan başqa, fəhlələr əmək haqqının çox az olmasından, eyni işi görmələrinə baxmayaraq, əcnəbi işçilərlə onlar arasında fərq qoyulmasından gileyləniblər.

2000-Ə YAXIN FƏHLƏ AKSİYA EDİR (11:00)

Azərbaycan Dövlət Neft Şirkətinə məxsus «Bos Shelf» şirkətində 2000-ə yaxın fəhlə etiraz aksiyasına başlayıb. Bu haqda AzadlıqRadiosuna şirkətdə çalışan fəhlələr məlumat veriblər.

Onların sözlərinə görə, rəhbərlik qarşısında iki tələb qoyublar: əmək haqqının artırılması və tibbi sığorta ilə təmin edilmələri.

Tətil martın 18-də səhər saatlarında başlanıb. Fəhlələr rəhbərliyin onlarla danışığa gəlmədiyini bildiriblər. Onlar tələbləri yerinə yetməyənə qədər tətili davam etdirəcəklərini söyləyiblər.

AzadlıqRadiosunun «Fəhlələrin tələbləri yerinə yetiriləcəkmi» sualına «Bos Shelf» şirkətindən bildiriblər ki, rəhbərlik yerində yoxdur, az sonra əlaqə yaradın.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG