Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:55

Eldar Mahmudov: «Ekstremist qüvvələr son vaxtlar sosial şəbəkələrdən geniş istifadə edir»


Eldar Mahmudov

Eldar Mahmudov

-
«Beynəlxalq terror şəbəkələri və müəyyən dairələr Azərbaycanda dini tolerantlıq mühitini pozmağa çalışır və bu fəaliyyəti müxtəlif pərdələr altında həyata keçirməyə cəhd göstərirlər».

APA-nın məlumatına görə, bu fikirləri Azərbaycanın milli təhlükəsizlik naziri Eldar Mahmudov Bakıda keçirilən «Terrorizmin qarşısının alınmasında əməkdaşlığın gücləndirilməsi» mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

Nazir bildirib ki, terrorçuluğun islam dini və dünyəvi dinlərlə heç bir əlaqəsi yoxdur: «Əksinə terrorçuluq həmin dinlərin əsas və prinsiplərinə ziddir. Bunu nəzərə alaraq Milli Təhlükəsizlik Nazirliyi digər dövlət strukturları və ictimai təşkilatları ilə birgə məqsədyönlü profilaktik tədbirlər həyata keçirir. Bu işlərdə qanunun aliliyi prinsipi əsas götürülür. Ekstremist qüvvələr son dövrlər tərəfdarlar cəlb etmək məqsədilə internetdən və sosial şəbəkələrdən geniş istifadə edirlər. Xüsusilə də beynəlxalq şəbəkələrin informasiya resurslarında Azərbaycan dilli seqmentlərin yaradılması və radikal ideologiyaya dair təbliğat materiallarının yerləşdirilməsi müşahidə olunur.

İnternetdəki şəbəkələrdə radikal dini baxışların təbliği, terrorçuların öz aralarında sövdələşməsi, internetdən partlayıcı maddələrin və qurğuların hazırlanması üsullarının yayılması üçün istifadə bizi və bütün beynəlxalq ictimaiyyəti narahat edir. Kibercinayətkarlıq ilə mübarizə bütün dünyada yeni sahədir. Bu yönümdə beynəlxalq əməkdaşlığın həyata keçirilməsi və telekommunikasiya şirkətlərinin tam dəstəyi zəruridir».

TERRORÇULUĞU MALİYYƏLƏŞDİRƏN FONDLAR AŞKARLANIB

«Terrorçuluqla qarşı mübarizədə beynəlxalq əməkdaşlıq Azərbaycanın dövlət siyasətində və bizim göstərdiyimiz fəaliyyətimizdə mühüm yer tutur».

Bunu da Eldar Mahmudov deyib. Nazir bildirib ki, Azərbaycan artıq 12 ildir beynəlxalq antiterror koalisiyasının fəal üzvü kimi terrorizmə qarşı ardıcıl mübarizə aparır:

«Son illər həyata keçirilmiş tədbirlər nəticəsində dövlət orqanlarına, strateji obyektlərə, diplomatik nümayəndəliklərə qarşı terror hücumlarının planlaşdırılması cəhdinin qarşısı alınıb. Müntəzəm olaraq tərəfdaş ölkələrin hüquq mühafizə orqanları ilə məlumat mübadiləsi aparılır. Terrorçuluğun maliyyələşdirilməsində iştirak edən fondlar aşkarlanıb və onların fəaliyyətləri dayandırılıb. Bu mənbələrin zərərsizləşdirilməsi üçün müvafiq tədbirlər görülür».

Martın 19-dək davam edəcək konfrans BMT, Azərbaycan hökuməti və İSESCO-nun təşkilatçılığı ilə keçirilir, 50 ölkə və 20 beynəlxalq təşkilatı təmsil edən nümayəndələr iştirak edirlər. Konfransın açılışında prezident İlham Əliyev də iştirak edib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG