Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:03

"Yazıçılar İttifaqına bir şeyi arzu edərdim: ona uzadılmış əli hökmən sıxsın"


Kamal Abdulla
Kamal Abdulla

Kamal Abdulla: "Eşitdiyimə görə, əsərlərimi “Nobel” mükafatına yenə təqdim ediblər".

-

Kimsə Əkrəm Əylislini söyürsə, bu da onun hüququdur.

“Unutmağa kimsə yox” pyesimi Vaqif İbrahimoğlu tamaşaya qoymuşdu, gələn olmadı.

Düşünürəm və bilirəm ki, Rüstəm İbrahimbəyovun söhbəti bu qədər siyasiləşdirməyinin bir səbəbi var...


AYB deyir, müsabiqədən xəbərimiz yoxdur. Tragikomedik haldır.

(Həmçinin K.Abdullanın bölgələrdəki etirazlar, əsgər ölümləri və Ziyalılar Forumu haqda fikirləri)


Yazıçı Kamal Abdulla Azadlıq Radiosunun “Pen Klub” proqramının qonağı olub.


Şahnaz Bəylərqızı:

- Kamal müəllim, romanlardan sonra xeyli hekayələr dərc etdirmisiniz. İndi növbədə nə var?

Kamal Abdulla:

- Vallah, mən növbələşdirməyi düşünmürəm. Sizi maraqlandırırsa bu gün nə işlə məşğulam, deyim: hekayələr toplusu hazırlayıram. O hekayələrimin bir qismi bu yaxınlarda çapdan çıxmış “Labirint” adlı kitabda toplanmışdı. Qəribədir, bu hekayə dalğası gəlib, heç cür getmək istəmir. Hekayə dalınca hekayə yazıram. Hərdən özüm də məəttəl qalıram: bunlar nə zaman bitəcək? Bitmək də ki, bilmir.

Cavid Zeynallı:

- Bəlkə bu, “Unutmağa kimsə yox” romanından sonrakı təngnəfəslikdəndir?

K.Abdulla:

- Maraqlıdır. Böyük fırtınadan sonra dənizdə bir sakitlik yaranır. İnandığım adamlar deyirlər, bu hekayələrdən roman qoxusu, roman hənirtisi gəlir. Fikir vermisinizsə, mənim bir janrda yazdığım o biri janrın daha böyük ölçülü mətninə çevrilə bilir. Şeirdən hekayə, hekayədən pyes, pyesdən roman doğa bilir. Bunu təbii sayıram. Ola bilər, bir hekayə hansısa romanın başlanğıcıdır.

Şahnaz Bəylərqızı:

- Demisiniz, müasir mövzular sizi cəlb eləmir...

K.Abdulla:

- Mən yazanda deyə bilmirəm ki, zamanın hansı nöqtəsindəyəm. Bunu qarşıma məqsəd kimi qoymadığımdan, məndən ötrü naməlum şeydir. Yəni, məchul, mücərrəd... Mənim aləmimdə hansısa zamana pərçimlədiyim bir mətn də müasir ola bilər. Yaxud müasirdən danışanda, o səni illərin, ayların, əsrlərin o tərəfinə apara bilər. Demək istəyirəm, məndən ötrü zamanın hansısa bəlli bir nöqtəsi maraqlı deyil.

- Bəzən bu, tənqidçilər tərəfindən başqa cür qarşılanır. Hesab edirlər ki, Kamal Abdulla bu günün problemlərindən yazmaq istəmir...

- Sizcə, sevgi, nifrət, kədər, iztirab, yoldaşlıq, fikir birliyi bu günün problemləridir, ya yox?

- Onlar əbədi problemlərdir...

- Mən də bu əbədi problemlərdən yazıram. Bunu bir mənası varmı, mən mağaranın içində oturub yazmaq istəyirəm, bir mağaraya aid edirəm bunu, bir sehrbazlar dərəsi tapıb orda hisslərimi aşkar eləmək istəyirəm, yaxud bu gün bir evin filan mərtəbəsində oturub bunlara baxıram? Bunun həmin tənqidçi üçün bir mənası var?

- Növbəti dəfə əsərlərinizi “Nobel” mükafatına təqdim edəcəksiniz?

Şahnaz Bəylərqızı
Şahnaz Bəylərqızı
- Mən heç zaman özümü “Nobel” mükafatına təqdim etməmişəm. Bu zamanədə heç kim özü-özünü mükafata təqdim etməyib və təqdim edə də bilməz! Adətən, belə bir mükafata yazıçını təqdim edirlər. Məni indəyəcən bu mükafata təqdim edənlər olub və onlara təşəkkürümü bildirirəm. Eşitdiyimə görə, əsərlərimi “Nobel” mükafatına yenə təqdim ediblər. Hələ ki, cavab yoxdur!

- Hansı əsəri?

- Yenə eyni əsəri – “Yarımçıq əlyazmanı” (Gülür)

- Şans varmı, sizcə?

- Bilmirəm! Əslində, “Yarımçıq əlyazma” hər hansı bir mükafata layiqdirmi, soruşsanız... Nə demək olar, “Yarımçıq əlyazma” belə deyək, məndən asılı olmadan get-gedə özünə daha çox tərəfdar və bəyənənlər qazandı. Bakıda oturmuşam, məni tanımayan bir Amerika alimi bu əsər haqqında yazır və onun yazısı da nəşriyyatın diqqətini cəlb edir, Amerikada çıxan kitabımın ön sözü olur. Yaxud, Fransada bu roman ikinci dəfə nəşr olunur.

Cavid Zeynallı:

Xaricdə nəşr olunan kitablarınıza görə xərciniz çıxırmı?

K.Abdulla:

- Xərcim yalnız tərcüməçiyə çıxır. Bu, onun qonorarıdır və çəkdiyi zəhmətə görə qonorarını almalıdır. Heç bir nəşriyyata əlavə pulum çıxmayıb.


“Kimsə Əkrəm Əylislini söyürsə, bu da onun hüququdur”.


Şahnaz Bəylərqızı:

- Əkrəm Əylislinin “Daş yuxular” romanı haqqında danışmağınızı istərdim. Əvvəl dediniz oxumamısız, sonra dediniz, zəif əsərdir..

K.Abdulla:

- Mən demişəm ki, Əkrəm Əylislini oxumağa nə vaxtım var, nə həvəsim.

- Niyə, bu qədər maraqsız yazıçıdır?

- Yox, niyə maraqsız yazıçı olur? Əkrəm Əylisli yazıçıdır, amma mənim yazıçım deyil. “Daş yuxular”ı vaxt da tapıb oxudum, həvəs də! Zəif əsərdir. Və hesab edirəm, dediklərim Əkrəm Əylislinin vəziyyətinə əlavə bir ağırlıq gətirməyəcək. Ona görə də fikirlərimi deyə bilərəm. Niyə bu əsəri zəif hesab edirəm? Bilirsinizmi, əgər o romandakı dəyər qiymətlərini yüz səksən dərəcə dəyişib ermənilərə qarşı qoysaq, əsər yenə zəifdir. Çünki nifrət üstündə qurulub. Bu, bir! İkincisi, Əkrəm Əylislinin
Kamal Abdulla
Kamal Abdulla
anki bir qədər ciddi və dəmir məntiqi var: o deyir, mən azərbaycanlıların etdiklərini boynuma alıram, öz tərəfimdən bu addımı atıram, öz etdiklərini də ermənilər deməlidir. Onda mən də soruşuram: niyə azərbaycanlılar tərəfindən edilənləri yarımçıq nəzərə alırsan? Az azərbaycanlı olub ki, erməniləri ölümdən xilas edib? Az azərbaycanlı olub, öz həyatı bahasına ermənilərin sağ-salamaq köçürülüb getməsinə kömək edib? Bəs, bunlar harda qaldı? Yarımçıq həqiqət kimə lazımdır? Yəni bir çox məsələlərə görə, bu əsər barəsində birmənalı fikir demək çətindir. Bu tipli əsərlərlə əvvəlki sevgi və dostluq münasibətlərini bərpa etmək mümkün deyil. Məni Əkrəm Əylislinin bu əsər ətrafında gedən həngamələrdən sonrakı təəccübü təəccübləndirdi. Əgər sən cəmiyyətini tanıyırsansa, bilməliydin ki, hansı münasibətlə qarşılaşacaqsan.

- Bəlkə onu çaşdıran, cəmiyyətdən daha çox hakimiyyətin münasibəti oldu?

- Hakimiyyət də cəmiyyətə daxil olan komponentdir. Əkrəm Əylisli bilməliydi ki, nə ola bilər!

- Sizcə, hakimiyyət yazıçıya qarşı düz addım atdımı?

- Hər adamın öz azadlıq hüququ və hərəkəti var. Kimsə Əkrəm Əylislini söyürsə, bu da onun hüququdur. Əkrəm Əylislinin də hüququdur: bu cür düşünürsə, bu cür də yazmalıdır. Əgər bu cür düşünürsə... Və əgər bunun arxasında onun öz qurduğu ssenari durmursa. Halbuki, mən əminəm, bu ssenari durur! Kitabı yandırılmasaydı, o istərdi ki, yandırılsın, hay-küy salsın.

- Əkrəm Əylisli nə qazanacaq? Onsuz da məşhur idi, təminatı vardı...

- Ürəyini boşaltmağı qazandı, bu bir! İkincisi, Əkrəm Əylisliyə elə gəlir, bu əsəri ilə o hansısa barış körpüsünün bir elementi ola bilər, bu, baş tutmadı.

Cavid Zeynallı:

- Əkrəm Əylislinin digər kitabları da yandırıldı. Hansı ki o kitablar müəllifinə şöhrət, dövlət təltifləri gətirmişdi. Sizcə, o kitabları yandıranlara haqq qazandırmaq olarmı?

K.Abdulla:

- Təbii ki, yox! Amma burda başqa məsələ var: biz Əkrəm Əylislinin tərəfdarlarına haqq qazandırırıqsa ki, bunlar söz azadlığından istifadə edib ürəklərindən gələn hərəkəti və jesti edirlər, deməli, onun əleyhdarlarına da haqq qazandırmalıyıq.

Şahnaz Bəylərqızı:

- Həmkar kimi Əkrəm Əylislinin vəziyyətinə acıyırsınız?

K.Abdulla:

- Əlbəttə, acıyıram. O, bu vəziyyətdə olmamalıydı. Əkrəm Əylisli Yazıçılar Birliyi ilə, yazıçı dostları ilə münaqişəsi olan kifayət qədər mürəkkəb adamdır. Romanı ilə bağlı olan hadisələr əvvəlcədən düşünülməmişdisə, əgər bu xəttin arxasına Makiavellivarı məqsəd qoyulmamışdısa, ədəbi makiavellilik yoxdursa, əlbəttə, mən onun vəziyyətinə acıyıram.

- Son hadisələr göstərdi ki, Azərbaycan cəmiyyəti bəzi mövzulara hazır deyil. Elə mövzu varmı, Kamal Abdulla onu yazmaqdan çəkinir? Yəni özünüsenzura varmı?

- Əlbəttə, var. Kamal Abdulla bu gün daxilən azad olmaq istəyir, bu mümkün deyil. Kamal Abdulla müəyyən bir çərçivənin içərisindədir: cəmiyyətin, dövlətin, mədəniyyətin... Russonun bir çağırışı var, təbiətə doğru. Mədəniyyət insanları buxovlayır və təbiətə doğru aparır. Təxminən mədəniyyətdən təbiətə doğru – geri addımlamaq hər bir yaradıcı insanın qəlbində, beynində intuitiv olsa da, həsrət yaradır.
Cavid Zeynallı
Cavid Zeynallı
esəm ki, mən bu gün özümü son dərəcə azad, sərbəst hiss edirəm, əlbəttə, belə deyil.


“Ağıllı adam mənim əsərimi qəbul etməyə bilməz, qurtardı”


Cavid Zeynallı:

- Niyə insanlarda fikir formalaşıb ki, Kamal Abdulla nəinki tənqidi, heç iradı da qəbul etmir?

K.Abdulla:

- İcazə verin, mən soruşum: niyə tənqidi, iradı qəbul etməliyəm? Niyə onlara yaxşı münasibət bəsləməliyəm? Ədəbi mübarizə deyilən bir anlayış var. Həmkarım ya mənim yanımdadır, ya da mənimlə qarşı-qarşıyadır. Ağıllı adam mənim əsərimi qəbul etməyə bilməz, qurtardı! Bir dəfə demişəm, yenə təkrar edirəm: üç roman Azərbaycan ədəbiyyatının Bermud üçbucağıdır. Kim bura bəd niyyətlə girmək istəsə, batmağa məh-kum-dur! Bu əsərlərin qəbul edilməsi intellektual göstəricidir.

- Hazırkı statusunuzu nəzərə alsaq, özünüz haqqındakı bu fikirlərdən sonra hansısa tənqidçi cəsarət tapıb sizi tənqid edə bilər?

- Siz niyə elə fikirləşirsiniz ki, tənqid etməyiblər? Çox asanlıqla məni tənqid ediblər. Mən cavab verəndə, pis adam oluram? Kimsə məni tənqid edir, yaxşı, mən nə etməliyəm? Deməliyəm, çox sağ ol? Yaxud həmin yeri gedib düzəltməliyəm? Bizdə tənqidin mayası düzgün qoyulmayıb. Tənqidin üzü yazıçıya dönməməlidir. Siz elə bilirsiniz, mən şımartımış yazıçıyam? Pyeslərimin taleyini desəm, gülərsiniz. Mən rektor ola-ola pyesimin birini nazirlik qəbul etmədi, "Azdrama"da ictimai baxışdan keçmədi. Dedilər, belə Dədə Qorqud olmaz! Yaxud, “Unutmağa kimsə yox” pyesimi Vaqif İbrahimoğlu tamaşaya qoymuşdu, gələn olmadı. Nə elədim, dünyanı dağıtdım? O vaxt rektor deyildim, amma imkanım vardı ki, hansısa dostuma deyim, tələbələri göndərsin, tamaşa yaşasın. Bunu eləmədim.


“Yazıçılar İttifaqına bir şeyi arzu edərdim: ona uzadılmış əli hökmən sıxsın”.


- Yazıçılar Birliyi haqqında suallar niyə sizi əsəbiləşdirir?

- Qətiyyən əsəbiləşdirmir. Nə vaxt əsəbiləşdirib?

- Lakonik cavablar verib suallardan qaçırsınız...

- Siz məndən nə soruşacaqsınız ki, ondan qaçım?.

- Yazıçılar Birliyinin keçirdiyi müsabiqədən istefa verdiniz. Hərçənd, səbəbi göstərmisiniz, amma ...

- Gəlin belə danışaq, müsabiqə yekunlaşan kimi bütün suallara cavab verəcəm. Razılaşın ki, bu, doğru cavabdır. Mən indidən öz fikirlərimi söyləyib müsabiqənin gedişinə mane olmaq istəmirəm.

- Müsabiqə başa çatmamış nəticələr mətbuata ötürüldü. Hərçənd, sədr Mövlud Süleymanlı nəticələri tam təsdiq etmədi, amma istənilən halda, bu fakt işin qeyri-ciddiliyini göstərmirmi?

- Mən bilmirəm axı, nəticələri mətbuata kim ötürüb. Və yaxud mətbuata ötürülübmü? Bəlkə kiminsə beyninin təxəyyülüdür? Bəli, mən istefa vermişəm. Nəyə görə, indi onu demək istəmirəm. Demirəm ki, gizlədəcəyəm, vaxtı çatanda danışacam.

- Söhbət gəzir ki, siz poeziya mükafatını Aqşinə vermək istəmisiniz, Anar razılaşmayıb...

- Şərhsiz!

- Bunu təsdiq cavabı kimi də qəbul edə bilərik.

- Siz niyə axı məni ora gətirmək istəyirsiniz ki, deyim, vallah, işim çox idi, o vaxt da təzə iş çıxdı.

- Vaxt azlığını Anara yazdığınız məktubda rəsmi şəkildə bildirmisiniz.

- Siz məni yenə qovursunuz, məcbur edirsiniz, o cavabı xatırladım. Demirəm ki, əsl cavabı gizlədəcəm. Müsabiqənin gedişinə xələl gətirməmək üçün, bir az səbr edək. Yazıçılar Birliyi deyir, müsabiqədən bizim xəbərimiz yoxdur. Sizin bundan xəbəriniz var? Tragikomedik haldır.

- Yazıçlar Birliyinin rəhbərliyi ilə belə deyək, simsar münasibətinizi bir kənara qoysaq, yazıçı kimi AYB-nin ədəbi siyasətini qənaətbəxş hesab edirsiniz?

- Yox! Yazıçılar Birliyində çox şey çatmır. “Ədəbiyyat Qəzeti”nin, “Ulduz” jurnalının redaksiya heyətindən çıxdım.

- Yazıçılar Birliyinin üzvlüyündən çıxmaq niyyətiniz yoxdur?

- Ona da deyəsən o Ədalət gözünə döndüyüm verdiyi bəyanatlarla məcbur edəcək. (Ədalət Əsgəroğlu Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəridir - red.) Vallah, Ayaz Vəfalı çox istedadlı, vicdanlı bir qələm əhlidir, amma belə qəzet buraxmazlar. Növbəti qurultayda orqanların işini mütləq canlandırmaq lazımdır. Əgər Anar ədəbi orqanların işini canlandıra bilsə, yazıçılar da udacaq, Yazıçılar Birliyi də! Bir də mən Yazıçılar İttifaqına bir şeyi arzu edərdim: ona uzadılmış əli hökmən sıxsın. Nə günahın sahibi olursa olsun, havada buraxmaq düzgün deyil.

- Bu əl məsələsi bizə qaranlıq qaldı, amma hər halda, üstünü vurmayıb, Anara mesaj kimi qəbul edirik...

- (Gülür) Çox şey intuisiyadan gəlir.


“Heç bilmirəm mən ziyalıyam, ya yox!”


Şahnaz Bəylərqızı:

- Siz rektorsunuz, tələbələriniz var. Ölkədə əsgər ölümlərinə etiraz aksiyaları keçirilir. Sizin də tələbələriniz əsgər gedəcək...

K.Abdulla:

- Mən istərdim ki, əsgərliyə gedən hər kəs sağ getsin, salamat gəlsin. Əlbəttə, arzu edirəm, bizim ordumuz indiki müqtədir halına necə gəlibsə, bizi necə sevindirirsə, həmin ordu bizi sevindirəcək dərəcədə də yaxşı qayğı ilə əhatə olunsun. Bunun üçün hər cür imkan var, bunun üçün dövlət tərəfindən hər şey edilir və inanıram, belə də olacaq. Mənə elə gəlir, hər bir gəncin orduya getməyi ilə onun yaxınları sevinməli, fəxr etməlidirlər.

- Amma əsgər ölümlərinin sayı artır...

- Məndə belə bir informasiya yoxdur ki, bu ölümlərin sayı artır. Ölüm olmamalıdır. İnanıram ki, bu məsələlər yaxşı mənada ordumuzda xidmət edən əsgərlərin də, zabitlərin də ümumi mənafeyi xeyrinə dövlətimizin tərəfindən həll ediləcəkdir.

- Bölgələrdəki etirazlara münasibətiniz necədir? Nə baş verir?

- Məncə insanların bir başqasına münasibətinin gerçəkləşməsi baş verir. İnsanlar öz haqlarını, özlərinə münasibəti adekvat şəkildə qiymətləndirib buna etiraz səslərini ucalda bilirlərsə, nəhayətdə onların səsinin eşidilməsinə nail ola bilirlərsə, bu özü böyük şeydir. Harınlıq, yekəxanalıq, saymamazlıq kimi bir insanın başqa insana münasibətində özünü göstərə bilən hər hansı eqoizm başqasının bədbəxliyi üzrərində qurulan xoşbəxtlik halında olmamalıdır. Mənə elə gəlir, bu yerdə xalqa haqq qazandırmaq lazımdır.

- Yazıçı siyasətə qarışmalıdırmı?

- Yazıçı ömrü boyu siyasətin içindədir. Vətəndaş mövqeyi, yazıçı mövqeyi, ziyalı mövqeyi nə deməkdir? Siz bunları mənə deyə bilərsiniz? Heç bilmirəm mən ziyalıyam, ya yox! Ola bilər kimsə sizə şərh yazacaq ki, belə ziyalı olar? Böyük-böyük “mən ziyalıyam” nə deməkdir? Elə adam var deyəndə mən ziyalıyam, istəyirəm qışqıram: mən ziyalı deyiləm!!!

- Onların arasında ziyalılar forumunun üzvləri də var?

- Ziyalılar forumunun üzvlərinin kimlər olduğunu bilmirəm.

- Rəhbəri Rüstəm İbrahimbəyovu yəqin ki, tanıyırsınız...

- Rüstəm İbrahimbəyovu bəli, tanıyıram.

- Onun son siyasi bəyanatlarını necə qiymətləndirirsiniz?

- Onun siyasi bəyanatlarını qiymətlənmdirməyə çətinlik çəkirəm. Çünki Rüstəm İbrahimbəyovu ilk növbədə yazıçı-dramaturq kimi tanıyıram, belə də tanıyacağam. Düşünürəm və bilirəm ki, Rüstəm İbrahimbəyovun söhbəti bu qədər siyasiləşdirməyinin bir səbəbi var. Görünür, o səbəbə görə məsələnin bu yerə gəlməyinə ehtiyac yox idi.

- Siz də o fikirdəsiniz ki, hakimiyyətdən inciyib və bu cür çıxışlar edir?

- Mən də o fikirdəyəm!

- Bəlkə həmkar kimi özünüz Rüstəm müəllimlə bu məsələləri müzakirə edərdiniz?

- Təəssüf ki, elə bir fürsət ələ düşməyib. Fürsət düşsə, mən onunla söhbət də etməyə, yeri gəlsə, mübahisə də etməyə hazıram.

- Həqiqət haqqında susduğunuz olubmu?

- Məncə olmayıb. Vaxt olub, elə həqiqəti demişəm ki, ondan sonra mən bəzi həqiqətləri deməyə də bilərəm.

- Məsələn?

- Məsələni sizin bir az yaşlı dinləyiciləriniz və oxucularınız yaxşı bilir.


Musahibəni tam şəkildə martın 21-də saat 19 00-da Azadlıq Radiosunda dinlə!

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG