Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:03

«Rüşvət verməkdə inadkarlıq edənə sənəd yoxdur»


-
«Qaynar xətt»ə vuran Bakı sakini Oruc Orucov 3 ildir ki, Sabunçu rayonu, Ramana qəsəbəsində aldığı 7 sot torpaq sahəsinə Çıxarış verilməməsindən şikayət edir. Deyir ki, hər dəfə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə gedəndə ondan aşkar şəkildə rüşvət istəyirlər:
«Əvvəl 2 min manat istədilər, sonra məbləği 1500-ə, sonra da 1000 manata endirdilər. Mən isə bildirdim ki, dövlət rüsumundan əlavə 1 qəpik də ödəyən deyiləm».
Oruc Orucovun deməsinə görə, 3 il idarənin yollarında qalmasının səbəbi də bu inadkarlığıdır:
«Onlar da məni bu get-gəllə başa salmağa çalışırlar ki, rüşvət verməkdə inadkarlıq edənə sənəd yoxdur. Əmlak Komitəsi tərəfindən özəlləşdirilmiş torpaqdır. Bir var bələdiyyə torpağı ola, bir də var elə Komitənin özəlləşdirdiyi torpaq. Yəni Çıxarış vermələri üçün heç bir qaranlıq, aydınlaşdırılmalı məqam yoxdur.
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsindən «Qaynar xətt»ə bildiriblər ki, Oruc Orucovun Çıxarış sənədi almaq istədiyi torpaq sahəsində ölçü işləri aparmaq üçün dəfələrlə müraciət etsələr də, o, idarənin mühəndisinə bunun üçün şərait yaratmayıb.
Oruc Orucov deyir ki, ona da bu məzmunda məktub göndəriblər.
«Ancaq nə vaxt gəldilər, nə vaxt ölçü aparmaq təklif etdilər, bunu xatırlamıram».
Müsahibim yaxın vaxtlarda sənəd əldə edə bilməsə, məhkəməyə müraciət edəcəyini deyir.
Oruc Orucov özü də əvvəllər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Nizami və Nərimanov rayonlarında rəis müavini, baş məsləhətçi vəzifələrində işləyib. 2008-ci ildə işdən çıxarılıb.
XS
SM
MD
LG