Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:24

Avropa Şurasının həmməruzəçisi: «Tövsiyələrin yalnız biri yerinə yetirilib»


Jos Wienen və Gudrun Mosler-Törnström
Jos Wienen və Gudrun Mosler-Törnström
-
Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin (AŞ YRHK) Azərbaycan üzrə həmməruzəçiləri Jos Wienen və Gudrun Mosler-Tornstrom AzadlıqRadiosunun suallarını cavablandırıblar.

- Azərbaycanın Avropa Şurası qarşısında yerli özünüidarəetmə islahatları ilə bağlı öhdəlikləri var. Bu öhdəliklərin yerinə yetirilməsini necə qiymətləndirirsiniz?

Jos Wienen: - Biz bütün ölkələrdə yerli özünüidarəetmə ilə bağlı monitorinqlər aparırıq. Azərbaycanda 2012-ci ildə keçirdiyimiz monitorinqin nəticələri ilə bağlı hesabatımız əsasında Avropa Şurası Yerli Özünüidarə Konqresi tövsiyələr verib. Gəldiyimiz əsas nəticə budur ki, Azərbaycanda bələdiyyələr var, amma onların hüquqi mövqeyi çox zəifdir. Onların səlahiyyətləri və pulu çox azdır. Bu, fikrimizcə, yerli demokratiya ilə bağlı ciddi problemdir.

- Öhdəliklərdən biri də Bakı şəhər Bələdiyyəsinin yaradılmasıdır. Hökumətlə bu mövzuda hər hansı bir dialoq varmı? Buna müqavimət varmı?

Jos Wienen: - Dünən biz Ədliyyə nazirinin müavini ilə Konqresin tövsiyələri ilə bağlı görüş keçirdik. Amma o, bu məsələ - Bakının statusu barədə danışmadı və bizim monitorinq sonrası missiyamızda bu barədə danışacağıq.

- Bələdiyyələrin səlahiyyətləri azdır dediniz. Sizcə, bu, icra hakimiyyətlərinin mövcud olması ilə bağlı problemdir, ya başqa səbəblər var?

Gudrun Mosler-Törnström: - Biz paralelliyi əsas problem olaraq görürük. Struktur belədir ki, iki qurum var. Biri prezident tərəfindən təyin olunan, böyük səlahiyyətlərə malik icra qurumudur ki, ona müxtəlif işlər üçün çoxlu vəsait ayrılır. Digər tərəfdə isə seçkili orqan olan bələdiyyələrin nə səlahiyyətləri var, nə pulu. Bu paralellik böyük problemdir və həll olunmalıdır. Həll olunacağı halda bu, bələdiyyələrdə demokratiya istiqamətində addım olar.

- Sizcə hökumətin bu sahədə islahatlara müqavimətinin səbəbi nədir?

Jos Wienen: - Düşünürəm məsələ güclü icra strukturlarının olmasındadır. Onlar hələ bu gücü demokratik prosesə yönəltmək barədə qərar verməyiblər. Bu barədə siyasi iradə olsa, güclü bələdiyyələr mümkün olar. Mövcud icra strukturu var idi. Sonra yeni demokratik struktur yaradıldı, amma ona səlahiyyət verilmədi. Problemin kökü budur. Tutalım, şəxsən mən 62 minlik bələdiyyənin sədriyəm. Bizim bələdiyyənin büdcəsi on milyon əhaliyə malik Azərbaycandakı bütün bələdiyyələrin ümumi büdcəsindən dörd dəfə çoxdur. Azərbaycanda isə bütün bələdiyyələrin əlində olan vəsait - 35 milyon manatdır. Bu, dəhşətli dərəcədə azdır. Demək olar ki, heç nədir. Digər struktur (icra hakimiyyətləri) olduğu üçün yeni demokratik strukturun (bələdiyyələrin) güclü olması çox çətin məsələdir.
Jos Wienen
Jos Wienen

- Bu islahatlara siyasi iradənin olmaması şəraitində siz hələ də Azərbaycanı demokratiya adlandıra bilirsinizmi?

Jos Wienen: - Biz burdayıq ki, demokratik institutları gücləndirməkdə onlara yardım edək. Amma indiki şəraitdə yerli demokratiyanın mövcud olduğunu deyə bilmərik. Çünki məsələlər demokratik institutlar vasitəsilə həll olunmur. Amma biz ümid edirik ki, Azərbaycana bu institutların inkişafına kömək edəcəyik və o zaman Azərbaycanda həqiqətən real demokratik yerli özünüidarəetmə olduğunu deyə biləcəyik.

Gudrun Mosler-Törnström: - Nazir müavini ilə görüşdə deyildi ki, onlar 2011-ci ildən başlayaraq hansısa tədbirlər üzərində işləyirlər və biz yaxın müddətdə hansısa nəticələri görəcəyik. Ümid edirik ki, bu, bir formallıq olmayacaq. Biz monitorinqi davam etdirəcəyik. Ümidliyik ki, irəliyə doğru addımların atıldığının şahidi olacağıq. Bu ölkədəki vəziyyəti dostcasına, pozitiv, amma ciddi şəkildə izləməkdə davam edəcəyik.

- İndiyə kimi irəliyə addımlar olubmu?

Jos Wienen: - Çox az. İlk monitorinq səfərimizdən sonra verilən tövsiyələrin yalnız biri yerinə yetirilib – bu, bələdiyyə assosiasiyalarının yaradılmasıdır.

Gudrun Mosler-Törnström: - Bələdiyyələrin aktiv rolu yoxdur. 2003-cü ildəki ilk monitorinqimizlə 2012-ci ildəki monitorinq arasında tövsiyələrin hər hansı birinin yerinə yetirildiyini deməyə çətinlik çəkirəm. Buna görə də biz 2012-ci il monitorinqindən sonra alışmadığımız bir addımı atmalı olduq - qətnamə qəbul etdik və tövsiyələrin yerinə yetirilməsini tələb etdik.
Gudrun Mosler-Törnström
Gudrun Mosler-Törnström

- Azərbaycan sanksiyalarla üzləşə bilərmi buna görə?

Jos Wienen: - Əslində sanksiyalar deməzdim. Biz Azərbaycanda vəziyyətin yaxşılaşması üçün birgə işi davam etdirmək istəyirik. Ümid edirəm ki, biz heç vaxt belə metodlar haqda danışmalı olmayacağıq. Əslində, Konqresin sanksiyalar tətbiq etmək səlahiyyəti də yoxdur. Amma biz Avropa Şurası Nazirlər Komitəsinə belə tədbirləri tövsiyə edə bilərik. Əminəm ki, Azərbaycan hökuməti məsələni o yerə çatdırmayacaq.

- Sizə çox səbirli olduğunuzu deyən olur?

Jos Wienen: - Bu, 1995-ci ildə Konqresin monitorinq funksiyası başlanandan bəri hazırlanan ən çətin hesabat idi. Biz həqiqətən də çox tənqidi yanaşırıq. Düşünmürəm ki, biz səbirliyik. Biz «Yox» demişik. Həmkarımın dediyi kimi, biz monitorinq-sonrası nəzarəti başlamalıyıq. Çünki biz inkişafı görməliyik. Biz onu görmürük hələ ki, amma əminik ki, olacaq.

Gudrun Mosler-Törnström: - Biz qapıları bağlaya bilmərik. Bağlasaq, danışıqlar üçün zəmin olmayacaq. Odur ki, monitorinqi və müşahidəni davam etdirmək, eləcə də təzyiqi artırmaq vacibdir.
XS
SM
MD
LG