Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:30

Jurnalistlər şərti cəzalandırıldı, bələdiyyə sədri həbsdə qaldı


Xaçmaz məhkəməsi
Xaçmaz məhkəməsi
-
Martın 15-də Xaçmaz rayon Məhkəməsində 1 mart Quba hadisələrinə görə həbsdə olan sonuncu məhkəmə istintaqı başa çatıb. Hadisələrin təşkilində təqsirləndirilən jurnalistlərə və bələdiyyə sədrinə hökm oxunub.

Qubanın keçmiş bələdiyyə sədri Elxan Əliyev 5 il, qubalı sahibkar Gülağa Ağayev 2 il 6 ay, Əmlak Məsələləri Dövlət Komitəsinin Quba rayon şöbəsinin əməkdaşı Zakir Məmmədov 4, məlum videonu sosial şəbəkədə paylaşmış Muxtar Ələkbərov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

«Xəyal TV»nin icraçı direktoru Vüqar Qonaqov və baş redaktor Zaur Quliyev barəsində isə 3 il şərti cəza hökmü çıxarılıb və hər ikisi məhkəmə zalındaca azad edilib.

Vəkillər AzadlıqRadiosuna bildiriblər ki, hökmlə razı deyillər və apellyasiya şikayəti verəcəklər.

Ötən məhkəmə iclasında təqsirləndirilən şəxslər və onların vəkilləri bəraət hökmü çıxarılmasını istəmişdilər.

İNDİYƏDƏK 24 NƏFƏRƏ HÖKM OXUNUB

2012-ci il martın 1-də Qubada icra hakimiyyətinin başçısı Rauf Həbibovun istefası tələbilə aksiya keçirilib. Səbəb sabiq icra başçısının sosial şəbəkələrdə yayılan çıxışı olub. Etirazçılar həmin çıxışda icra başçısının qubalıları təhqir etdiyini bildiriblər.

Aksiya toqquşmalar və zorakılıqla müşayiət olunub. İcra hakimiyyətinin yardımçı binaları və Rauf Həbibovun şəxsi evi yandırılıb.

Martın 2-də prezident fərmanı ilə Rauf Həbibov vəzifəsindən azad edilib. Rauf Həbibov hazırda Nəqliyyat Nazirliyində vəzifə tutur.

Quba hadisələrinə görə bütövlükdə 30 nəfər məsuliyyətə cəlb olunub. Onlardan 24 nəfərinə hökm oxunub. 6 nəfərə 4 ildən 5 ilədək həbs cəzası verilib. Qalanları 3 il şərti cəzalandırılaraq məhkəmə zalından azad edilib.
XS
SM
MD
LG