Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:05

ATƏT-siz seçki?


-

Martın 14-də AzadlıqRadiosunun «İşdən sonra» verilişində seçki ekspertləri Anar Məmmədli və Hafiz Həsənov «ATƏT-siz seçki olarmı» sualını müzakirə ediblər:

Anar Məmmədli

Anar Məmmədli

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli deyib ki, ATƏT-in Bakı ofisi barədə müxtəlif dövrlərdə müxtəlif qruplar tərəfindən tənqidi fikirlər səsləndirilib, amma ATƏT-in Azərbaycanda fəaliyyət göstərməsi demokratiya baxımından zəruri şərtlərdəndir:

- Azərbaycanda demokratiyaya keçid dövründə ATƏT kimi qurumların fəaliyyət göstərməsi zəruri şərtlərdəndir. Tacikistan, Özbəkistan, Ermənistan kimi dövlətlərdə belə ATƏT-in qurumları fəaliyyət göstərirsə, Azərbaycanda ATƏT-in ofisinin fəaliyyətinə son qoyulması çox ciddi fəsadlar yarada bilər.

- ATƏT-in Bakı ofisində yoxlamalar aparılması ilə bağlı xəbərlərə münasibət bildirən Anar Məmmədli bildirib ki, daxili yoxlamalar hər bir qurum üçün normal haldır, bu yoxlamalar zamanı hər hansı bir nöqsanlar aşkarlanarsa həmin nöqsanların aradan qaldırılması üçün hər bir təşkilat bunu müntəzəm olaraq edir.

- Azərbaycanda demokratikləşmə meylləri hakimiyyət istəsə də, istəməsə də artıq yetişməkdədir.

SMDT rəhbəri ATƏT-ə qarşı olan yoxlamalar və ATƏT-in Azərbaycandakı nümayəndəliyinin fəaliyyətinə son qoyulması barədə fikirləri ölkədə demokratiyanın boğulmasına cəhd kimi izah edib:

- Hakimiyyət hal-hazırda ölkədə gedən siyasi prosesin fəallaşmaması üçün əlindən gələni edir.

Anar Məmmədli hökumətin son hadisələrdən sonra təşvişə düşdüyünü bildirib:

- Mənə elə gəlir ki, hakim düşərgədə əndişə var, NİDA-çıların həbsi, MDİ-nin əməkdaşının şahid qismində dindirilmək üçün çağırılması və MDİ Bakı ofisi haqqında qaralama kampaniyasına başlanması da bunu sübut edir.

Anar Məmmədli onu da deyib ki, hökumət Azərbaycanda son aylarda qalxan etirazları hər hansı bir beynəlxalq qurumla əlaqələndirmək istəyir. Anar Məmmədli beynəlxalq təşkilatların, eləcə də insan haqları təşkilatlarının son dövrlərdə Azərbaycandakı pozuntularla kifayət qədər maraqlanmadığını da dilə gətirib:

- Mən təəssüf edirəm ki, beynəlxalq təşkilatlar insan hüquq və azadlıqları barədə məsələlərdə əvvəlki kimi həssas deyillər.

«ATƏT-in Bakı ofisinin yoxlanılması ilə bağlı mediada gedən məlumatlardan belə nəticəyə gələ bilərik ki , ATƏT-in Azərbaycandakı nümayəndəliyinin başını qara buludlar alıb»- bu sözləri «Hüquq və İnkişaf» İctimai Birliyinin sədri Hafiz Həsənov deyib.

Hafiz Həsənov məsələ ilə bağlı deyib ki, bu siyasət hökumətin planlı siyasətidir:

- Hökumət əvvəlcə bu hücumu QHT-lərlə bağlı qanunda dəyişiklik etməklə başladı, daha sonra isə QHT-ləri zərərsizləşdirdiyini düşünən hökumət sonrakı mərhələdə isə daha ciddi qurumlara qarşı addımlar atmağa başladı. ATƏT-in timsalında da biz bunu görürük. Məsələnin hüquqi tərəfindən baxanda da, seçkilər ərəfəsində ATƏT-in Bakı ofisi ilə Azərbaycan arasında mandatın ləğvi ilə bağlı problem olarsa bu Azərbaycan dövlətinin ziyanına işləyəcək.

Hafiz Həsənovun fikrincə, Azərbaycan hökuməti 2003-cü ildən başlayaraq elə bir siyasət yeridir ki, ölkədəki bütün proseslər səssiz şəkildə keçirilsin, heç kim baş verənlərdən xəbərdar olmasın.

- Azərbaycan hökuməti ölkədəki siyasi canlanmanı boğmaq üçün hər şeyi edir.

Ekspertin fikrincə, hakimiyyət kütləvi repressiyalar əvəzinə mövcud problemlərin həllinə çalışmalıdır:

- Mən hesab edirəm ki, Beynəlxalq təşkilatların geri çəkilməsi hökumətlə konfliktə getməmək üçün ATƏT getsin, Avropa şurası getsin, bütün bu qurumlar getsin, bəs sonra? Sonra nə olacaq? Bu prosesin sonu nə ilə nəticələnəcək?

Hafiz Həsənov deyib ki, beynəlxalq təşkilatların Azərbaycandan çıxarılması Qarabağ məsələsi ilə bağlı da yeni problemlər gətirəcək.

Şərhləri göstər

XS
SM
MD
LG