Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:06

Zəlzələdən toyuq hininə aparan yol


-
Bu gedişlə Zaqatala rayonunun Faldar kəndində yaşayan Kərimovlar ailəsi Novruz bayramını talvarın atlında keçirəcək. Evlərinin zəlzələdən sonra qəzalı vəziyyətə düşməsindən az qala bir il ötüb. O vaxtdan bəri bu ailə toyuq hininə sığınıb. Firuzə Kərimova deyir ki, fövqəladə hallar komissiyası evin bərpa-gücləndirilmə işlərinə ehtiyacı barədə dəfələrlə rəy verib. O, içəri daxil olanda gəmi kimi yırğalanan evinin bərpasına ayrılan vəsaitdən narazıdır:

«Bütün qışı həyətdə gecələmişik. Evin bərpasına dövlət 4 min manat kompensasiya ödəyir. Mən 4 min manatla nə edə bilərəm? Bu 4 min manat bir işə yarasaydı, xəstə uşağımla niyə çardağın altında yaşayıram, niyə toyun hinində gecəliyirəm?».

«ZİRZƏMİYƏ BAXMADILAR Kİ, PALTARIM ÇİRKLƏNƏR»

Ötən il mayın 7-də Qax-Zaqatala bölgəsində 7 bal gücündə zəlzələ olub. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, 34 minədək evə baxış keçirilib. Komissiya təxminən 5 min evin qəzalı duruma düşməsi, 6 min evin bərpaya və 11 min evin təmirə ehtiyacı olması barədə rəy verib.
Zaqatala - noyabr 2012

Zaqatala - noyabr 2012


Mamrux kənd sakini Fatma Əfəndiyeva deyir ki, komissiya çox vaxt düzgün rəy vermir:

«Komissiya üzvləri gəldi evi yoxlamağa. Kənardan bir neçə yerə baxıb getdilər. Dedim, keçin zirzəmiyə baxın, – dedilər ki, paltarım ağdır, çirklənər. Dedim, evin çardağına baxın, – dedilər ki, zəlzələdən çardağa ziyan dəyməz. Sonra da çıxıb getdilər ki, yekun rəyi qərargahdan öyrənərsiniz. Bu da oldu onların yoxlaması».

Fövqəladə Hallar Nazirliyi bildirir ki, indiyə qədər 3 minə yaxın ev tikilib. Bərpa və gücləndirməyə ehtiyacı olan 5 mindən çox ailəyə ümumilikdə 17 milyon manat kompensasiya ödənilib.

340 MİLYON MANAT HARA XƏRCLƏNİB?

Zəlzələ bölgəsində araşdırma aparan «Kür» Vətəndaş Cəmiyyətinin hesabatında rəsmi rəqəmlərin gerçəklikdən fərqli olduğu göstərilir. Hesabatda bildirilir ki, vəsait xərclənərkən rəqəmlər şişirdilib, xeyli yeyinti hallarına yol verilib. Məsələn, Yuxarı Çardaqlı kəndində 49 evin istifadəyə verildiyi bildirilsə də, əslində orada cəmi 5 ev hazır olub.

Oqtay Gülalıyev

Oqtay Gülalıyev

Fövqəladə Hallar Nazirliyi zəlzələnin fəsadlarının aradan qaldırılmasına ayrılan 340 milyon manatın xərcləndiyini bildirib. Evlərin tikintisinə 252 milyon, məktəblərin tikintisinə 61 milyon, kompensasiyaların ödənməsinə 17 milyon, layihə, ekspertiza işlərinə 2 milyon, mal və avadanlıqların alınmasına 5 milyon manat xərclənib. Oqtay Gülalıyev deyir ki, bu qədər vəsait xərcləndiyi halda zəlzələ bölgəsində işlərin yarısı görülməyib:

«Qax-Zaqatala bölgəsində apardığımız araşdırmanın nəticələri göstərir ki, işlərin yarısından çoxu qalıb. Fövqəladə Hallar Nazirliyi isə bildirir ki, 340 milyon manat təyinatı üzrə xərclənib. Kiçik bir hesablama ilə yeyintinin həcmini təsəvvür edə bilərik. Nazirlik bildirir ki, evlərin tikintisinə 252 milyon manat xərcləyib. Bura yalnız evlərin tikintisi aiddir. Çünki mal və avadanlıqların alınması, eləcə də digər işlər üçün xərclər ayrıca göstərilir. 252 milyon manatı tikilən və tikilməkdə olan evlərin sayına – 5 minə bölsək, görün, rəqəmləri nə qədər şişirdiblər».

«ZƏLZƏLƏ VƏ DAŞQIN: MƏMURLAR ÜÇÜN QAZANC MƏNBƏYİ»
Mehman Əliyev

Mehman Əliyev


Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov ötən ilin sonunda zəlzələ bölgəsinə səfər edib. O, zəlzələdən əziyyət çəkənlərlə görüşərək, işlərin apreləcən başa çatacağını bildirmişdi.

«Kür» Vətəndaş Cəmiyyətinin üzvü Mehman Əliyev bildirir ki, zəlzələ bölgəsində işlər deyilən kimi görülsəydi, əhali etiraz etməzdi. Onun fikrincə, məmurlar istər Kür daşqınlarını, istərsə zəlzələyə ayrılan vəsaiti özlərinin qazanc mənbəyi sayırlar:

«Hakimiyyət bu cür zəlzələ, daşqın kimi olaylardan da yaralanır və varlanmaq istəyir. Səmimi deyim ki, mən heç vaxt inana bilməzdim ki, vəsaitlərin yeyintisi, oğurlanması bu dərəcədə ola bilər. Mən bunu təsəvvür belə edə bilməzdim».

Fövqəladə Hallar naziri isə zəlzələ bölgəsinə son səfərində təbii fəlakətin fəsadlarının sürətlə aradan qaldırıldığını, bərpa işlərinin qaydasında getdiyini bildirib.

Şərhləri göstər

XS
SM
MD
LG