Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:42
-
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Azərbaycan Hüquqşünaslar Konfederasiyasının sədri Əli Hüseynli AzadlıqRadiosuna eksklüziv müsahibə verib:

- Son etiraz aksiyalarında cərimələnən gənclər iddia edirlər ki, cərimələrin ödənilməsi əmlakın müsadirəsinə yönəldikdə, onlara aid olmayan əmlak müsadirə olunur. Bu nə dərəcədə düzgündür?

- Məndə belə bir məlumat yoxdur. Fikrimcə, bu sual məhkəmə qərarının icrası ilə bağlı olan şəxslərə ünvanlanmalıdır. Mən hesab edirəm ki, bizim qanunvericilik yerindədir və cərimələr çox düzgün tətbiq olunur. Hətta məni tənqid edən həmkarlarım da, nəhayət, razılaşıblar ki, qanunsuz mitinqlər zamanı tətbiq olunan cərimə sanksiyaları həbsdən daha yüngüldür. Bununla, axır ki, hamı razılaşıb. Məqsəd – insanları qanunsuz mitinqdən çəkindirməkdir. Bunu həyata keçirən, bu prosesə qatılan, bunu təşkil edən insanlar bilməlidirlər ki, onları cərimə sanksiyaları gözləyir. İcrası da, təbii ki, onların özlərinə yönəlir. İndi siz deyirsiniz ki, özlərinə aid olmayan əmlak müsadirə olunur, bu məlumatın həqiqət olmasına dair şübhəm var. Düzdür, mətbuatdan eşidirik ki, cərimə sanksiyalarını ödəməklə bağlı çətinlik çəkirlər. Onda nə etmək lazımdır? Demək, qanunsuz mitinqlərdən çəkinmək lazımdır, onda belə sanksiyalar da olmayacaq.

- Mediada, cəmiyyətdə prezident yanında ictimai şuranın yaradılacağı ilə bağlı məlumatlar dolaşır. Doğrudan da belə bir məsələ varsa, işlər nə yerdədir?

- Bu barədə məlumatsızam. Amma mənə elə gəlir ki, belə bir model artıq mövcuddur – prezident yanında Azay Quliyevin başçılıq etdiyi şura var. Bəlkə təkliflər var ki, onun əhatə dairəsi genişləndirilsin...

- Bir müddət öncə bir qrup QHT, eləcə də hüquqşünaslar USAID-nin (ABŞ Beynəlxalq İnkişaf Agentliyi – Ü.A.) 1.5 milyonluq layihəni məhz sizə verməsindən narazılıqlarını bildirdilər (Söhbət cəmiyyətdə hüquqi bilgilərin artırılmasını nəzərdə tutan layihədən gedir – Ü.A.). Bu narazılığa və səslənən iradlara cavabınız nədir?

- Rəqib hüquqşünaslar narazı qalmışdılar. Düşünürəm ki, onların əsası yox idi, çünki özləri də bu prosesin necə şəffaf getdiyini görürdülər. Bunda nə Əli Hüseynlinin, nə də Azərbaycan Hüquqşünaslar Konfederasiyasında təmsil olunan digər şəxslərin rolu var. Bu, bir layihədir, açıq elan olunmuşdu, xeyli sayda QHT prosesə qatılmışdı. Mənə elə gəlir ki, onlar günahı özlərində axtarmalıdırlar. Biz, sadəcə, peşəkar bir layihə hazırlamışdıq. Buna vaxt sərf etmişdik, müəyyən bir koalisiya yarada bilmişdik. Hətta bu gün bizi tənqid edənləri də əməkdaşlığa cəlb etmişdik, çünki böyük layihənin icrasına həm fiziki, həm də insani resurslar lazımdır. Siz özünüz USAID-nin hansısa layihənin verilməsi üçün subyektiv qərar qəbul etməsinə inanırsınız? Bu, axı, mümkün bir şey deyil.

- Dünən (martın 12-də) «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallıya hökm oxundu və o, 9 il azadlıqdan məhrum edildi. Beynəlxalq təşkilatlar bu hökmü pisləyir, jurnalistin peşə fəaliyyətinə görə həbs olunduğunu deyir. Bu həbsə və hökmə münasibətiniz necədir?

- Bu hökm hələ qanuni qüvvəyə minməyib. Narazı tərəfin qanunvericiliyə uyğun olaraq bu hökmdən şikayət etmək, Avropa İnsan Haqları Məhkəməsinədək müraciət hüququ var. Amma «jurnalist Əvəz Zeynallı» deyilməsinə razı deyiləm. Məhkəmənin hökmündə «jurnalist Əvəz Zeynallı» yazılmayıb. Əlbəttə, o, jurnalist fəaliyyəti ilə məşğul olub, amma bu o demək deyil ki, məhz həmin fəaliyyətinə görə həbs edilib. Onun ittiham və məhkum olunduğu hallar üzərində düşünmək lazımdır. Müdafiə olunmaq, öz arqumentlərini çatdırmaq lazımdır. Amma bunu heç bir halda jurnalistin həbsi kimi təfsir etmək düzgün deyil.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG