Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:35
-
Martın 12-də Gürcüstanın paytaxtı Tbilisidə Mirzə Fətəli Axundzadənin 200 illiyinə həsr olunmuş «Sübhün səfiri» filminin təqdimatı keçirilib.

Xəbəri Mədəniyyət və Turizm Nazirliyi yayıb.

Ötən il «Azərbaycanfilm» kinostudiyasında lentə alınan filmin ssenari müəllifi Xalq yazıçısı Anar, quruluşçu rejissoru Ramiz Həsənoğlu da təqdimata qatılıb.

Xəbərdə deyilir ki, Nodar Dumbadze adına Gənc Tamaşaçılar Teatrında ARDNŞ-in dəstəyi ilə keçirilən təqdimat mərasimində bu ölkənin mədəniyyət və abidələrin mühafizəsi naziri Guram Odisharia yaradıcı heyəti və ssenari müəllifi Anarı maraqlı film münasibətilə təbrik edib:

«Yazıçılar, şairlər, eyni zamanda onların yaratdığı əsərlər bir xalqa məxsus deyil, о, hamınındır. Mən çox sevinirəm ki, bu gün Tbilisidə yaşayıb-yaradan Azərbaycan dramaturqunun 200 illiyi qeyd edilir».

Yazıçı Anar tədbirin təşkilatçılarına minnətdarlığını belə ifadə edib:

«Mirzə Fətəli Axundzadə Tbilisidə yaşayıb, yazıb-yaradıb. O, burada yeni əlifba uğrunda mübarizə aparıb, gürcü və Azərbaycan xalqının dostluğunun əsasını qoyub».

«Sübhün səfiri» filmi gürcü dilində alt yazılarla nümayiş olunub.

Xəbərdə vurğulanır ki, teatrın foyesində M.F.Axundzadənin əsərlərinin əlyazmaları, teatr afişaları, komediyalarına çəkilən rəsmlərdən və Azərbaycanın məşhur teatr xadimlərinin fotolarından ibarət sərgi də göstərilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG