Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:18

Erkin Qədirli hökümətin etirazlara münasibətini belə izah edir [Video]


-


Hüquqşünas Erkin Qədirli deyib ki, illərdir bu cəmiyyət hədələrlə, təqiblərlə, maddi şirnikləndirmələrlə və ən əsası məlumatsızlıqla susdurulub:

«Bu səbəblərdən dolayı insanlarda ruh düşkünlüyü yaranırdı. Son illərdə isə insanlar sosial şəbəkələrin istifadəsi nəticəsində informasiya blokadasından çıxaraq mübarizəyə başlayıblar. İnsanlar artıq qəzetləri, TV-ləri, radioları izləmirlər, doğru məlumat almaq üçün sosial şəbəkələri və internet medianı izləyirlər".

O əlavə edir: "mərkəzlə bölgələr arasında əlaqələr qurulub, harada nə hadisə baş verərsə, insanlar dərhal həmin hadisədən xəbərdar olurlar».

Erkin Qədirlinin fikrincə, son aksiyalar internet vasitəsilə təşkil olunub:

«Hakimiyyət hesab edir ki, hər hansı bir tələbdə güzəştə getsə, o tələblər artmağa başlayacaq və nəticədə onun hakimiyyəti zəifləyəcək. Ona görə də əvvəl tələblərə heç bir reaksiya vermir, bir müddətdən sonra bu şikayətlərə qarşı özü edirmiş kimi tədbir görür, bir neçə fiquru dəyişdirir».

N!DA Vətəndaş Hərəkatının 3 üzvünün həbsinə toxunan Erkin Qədirli deyib ki, o, gənclərə qarşı olan saxta ittihamlara inanmır:

«Bu gənclik nə istədiyini bilən, nəyə qarşı etiraz etdiyini və onları nələr gözlədiyini anlayan gənclikdir. Bu gəncliyi susdurmaq üçün müxtəlif şərləmələrə, böhtanlara əl atan hakimiyyət məqsədinə nail ola bilməyəcək».

«AKSİYA NƏ QƏDƏR SİYASİ DEYİLSƏ DƏ, SİYASİ İDİ»

Erkin Qədirli əsgər ölümləri ilə bağlı keçirilən aksiyaların effektiv olduğunu vurğulayıb:

«Son aksiyalarda tələblərin yalnız bir məsələyə köklənməsi yalnız ictimai-siyasi fəal insanların deyil, sadə insanların, küçədən keçən insanların da dəstəyini qazanmağa kömək etdi. Hətta, mitinqə gəlməyən insanlarda da bu aksiyaya rəğbət oyandı, çünki, bu aksiyalarda «İstefa», «Azadlıq» kimi naməlum şüarlar yox, konkret bir məsələ ilə bağlı, əsgər ölümləri ilə bağlı mövqe ortaya qoyuldu».

Hüquqşünas deyib ki, bütün aksiyaların əsasını siyasət təşkil edir:

«Son aksiya nə qədər siyasi deyilsə də, siyasi idi. Siyasi o demək deyil ki, aksiyanı hər hansı siyasi partiya keçirsin. Küçədə zibilin vaxtında yığılmamasına edilən etiraz da siyasi etirazdır. Əsgər ölümləri ilə bağlı etiraz da, həmçinin, siyasi mövzudur».

Aksiyaların dağıdılmasına gəlincə, Erkin Qədirli bildirir ki, bu zəiflik əlamətidir:

«Hakimiyyət aksiyalarda özünü güclü kimi göstərsə də, əslində, çox zəifdir. Güclü hakimiyyət gəncləri şərləyib həbs etməz, mediaya təzyiq etməz».

«İŞ MEYDANA ÇIXMAĞA GƏLƏNDƏ, HAMI SUSUR»

Aktyor İlqar Cahangir deyib ki, bu tip aksiyalarda iştirak etmək vətəndaş olaraq hər bir kəsin borcudur:

«Mən də aksiyada bir vətəndaş kimi baş verən hadisələrə biganə qalmamaq üçün iştirak etdim. Hər bir vətəndaşın borcudur ki, cəmiyyətdə baş verən haqsızlıqlara, qanunsuzluqlara, səhiyyədə, təhsildə, orduda hər hansı bir hadisə baş veribsə, bunlara münasibət bildirsin».

İlqar cahangirin fikrincə, artıq susmaq lazım deyil:

«Çayxanalarda, küçələrdə hər kəs etiraz edir, haqsızlıqları dilinə gətirir, amma iş meydana çıxmağa gələndə hamı susur, sanki heç bir şey olmayıbmış kimi».

Aktyorun qənaətincə, son aksiyada baş verənlər hakimiyyətin qorxuya düşməsinə işarədir:

«Mən dünənki aksiyada gördüm ki, hakimiyyət artıq qorxuya düşüb. Su şırnaqlarından, qaz bombalarından, rezin güllələrdən istifadə etməsi də bunu isbat edir. Bu, artıq qorxaqlıq nümunəsidir».

Son olaraq İlqar Cahangir qeyd edib ki, o, aksiyaların sakit şəkildə, sivil yollarla keçməsinin tərəfdarıdır.

Şərhləri göstər

XS
SM
MD
LG