Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:18
-

Bu şeirlər son həftələrdə "Oxu zalı"na göndərilmiş əsərlər arasından seçilərək çap olunur. Bütün əsərlər imzası göstərilmədən Münsifə göndərilb.


Elmar Vüqarlı


Mədəni fraqment

Əzik-üzük, saralmış vərəqdən "şeir" oxuyub
Vətəni "musiqisi" ilə vəsf edən
vətənpərəst, “şairə-bəstəkar” qadın,
bəsdir,
qurtar bu oyunbazlığı!
Uydurduğun yalanları sırımaqdan əl çək!
Nə “musiqilərinin",
nə də "şeirlərinin" dəyəri var,
dəyər dəyərli başdan yaranar.
Duruşunla,
baxışınla,
ekrandan gecə-gündüz yalvarışınla
ət tökürsən.
Heç də gücənmə qafiyə üçün,
al götür:
"ana",
"qana",
"yana",
"sana",
"dana"....
Nə gözünü döyürsən,
tamamla söz çırpını,
deş qulağımızı,
məhv et azadlığımızı,
düşmənə nifrətimizi...
Yoox, görürəm, ürəyin soyumur,
yaxşı, gəl min boynumuza!!!


Daşkəsənin Zəylik kəndinə

Səhərləri sürüləri ötürüləndə,
axşamlarısa qayıdanda canlanır bu kənd.
Basıb onu bağrına dağlar layla oxuyur,
yumağını qoymuş yanına asta-asta nəsə toxuyur.
Dan çağı torağayların sədası,
gecələri itlərin hürüşməsi,
bulaqlarının duası
ən həzin nəğmədi duyan qulaqlara,
çatmır, yetmir ünü uzaqlara.
Həyadan dumanla yaşınır,
göylərlə danışır,
sellərlə çağlanır,
sübhü duayla açılır,
axşamı duayla bağlanır.
Bu kənd necə varsa eləcədir:
makyajsız, modasız...
Necə varsa, eləcə görünür bu kənd:
təbəssüm oynayır dodağında,
sevinc yaşayır yanağında.
Hər gün əl-ələ verib
ayaqyalın,
birlikdə qaçırıq çəmənləri,
nəğmə ilə ovuduruq gecələri, səhərləri.
Bəlkə bu kənd mənim sevgilimdi
qucağında özümə,
dediyim sözümə oxşadığım,
özüm kimi, sözüm kimi yaşadığım.
Yavaş-yavaş,
damla-damla sevdim onu uşaq kimi,
sevdim onu gözüm kimi,
sevdim bu kəndi özüm kimi...


Gözəllik

Axtarıram izini,
Ey Gözəllik Tanrısı.
Yox olub sirlərindən
Həyatımın qayğısı.

Amma hərdən düşəndə
Yadıma yağ, çay... dərdi,
Qayıdanda dünyama
Gözəlliyin itəndi.

İndi yaxşı bilirəm
Yolun harasındayam –
Sən həyatın fövqündə,
Mənsə quyusundayam.

Səndən ötrü çöllərdə
Özün döyənlər də var.
“Estet” adı altında
Gözə girənlər də var.

Hər əsrdə dəyişir
Cildin, sirrin, sifətin.
Səni sevən kəslərə
Tükənməzdir nifrətin.

De, həqiqət hardadır,
Axirətdə, dünyada?
Bezdirmisən hər kəsi
Gah aşkarda, röyada.

Gözəllik ədalətsə,
Nədir bu qədər qapaz?!
Edilərmi qurbanla
Bu boyda dünya xilas?!

Biz səni axtarmasaq
Niyə bizi tapırsan?
İzinə də düşəndən
Yaşınırsan, qaçırsan.

Belə bir məsəl də var:
“Könül sevən göyçəkmiş”.
İçi çürük olanın
Həqiqəti bəs nəymiş?!

Çoxu səni əzabla,
Güclə gətirər ələ.
Amma gözəlliyini
Bir anda verər yelə.

Varlığın yoxluğunla
Hər yeridə dünyanın.
Kimdə təzahür etdin,
Lovğa oldu qurbanın.

Səndən necə danışım,
Görmədim ki üzünü.
Şeirimin sonundaca
İtirirəm izini.

Cavabsız soruları
Sora-sora sovrulduq.
Nə sən bizdən yoruldun,
Nə biz səndən yorulduq.

Günün bütün mövzuları

XS
SM
MD
LG