Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:22

Əli Əmirli. Bala - başabəla


Əli Əmirli
Əli Əmirli
-

Əli Əmirli


“Bala – başabəla”


(İki hissəli epataj komediya)


İştirakçılar:

ATA – İZZƏT NƏFİSLİ
ANA – İZZƏT NƏFİSLİ
BİBİ
CƏMİL
CƏMİLƏ
DEVİTBE – ŞƏMİL
İNTİM
ELÇİKİŞİ
ELÇİQADIN
ZABİT
I MÜXBİR
II MÜXBİR
QIZ MÜXBİR
REPARTYORLAR




BİRİNCİ HİSSƏ

Bərli-bəzəkli zəngin otaqdır. Bütün hadisələr burada baş verəcək. Ata İzzət Nəfisli televizorun qabağında oturub qəzetləri vərəqləyir, hərdən də gözucu ekranı izləyir. Ana İzzət Nəfisli telefonla danışır.

A n a. İnşallah! Allah ağzından eşitsin! Niyə, nöşün? Allah qoysa o uvertura indi də biz tərəfdə çalınar. Bəs nədi? Vallah. Mən o uverturanı eşidəndə tüklərim biz-biz olur, əlim öz-özünə yuxarı qalxıb yumruğa dönür. Niyə, nöşün? Bəs biz kimik, biz də demokratıq də, özü də iyirmi ildir. Gözü götürməyənin gözü çıxsın! Niyə, nöşün?
A t a. Ehmal ol, az! Telefonda ağzına gələni danışma!
A n a. Aaa... niyə, nöşün? İndi də yaxşıdı, allaha şükür! Özcə hökümətimizdi, öz əlimiz, öz başımız, tamam da müstəqill! Ta nə lazımdı bu camaata?!
A t a (televizora diqqət kəsilir). İzi! Bura bax, İzi! Az, o telefonu qoy yerinə gəl buna bax! (Televizora yaxın dayanır) Sən öl, dünya qocaldıqca xərifləyir. Gör televizyonda nə göstərirlər! Deyirəm, bu camaatın abrını saxlayan elə bu sovet hökümətiymiş! İzzət, səninlə deyiləm?
A n a. İzi, bir hövsələn olsun də! Axı söz danışıram bu zəhləmgetmişlə! (Telefona). Yox, ağəz! Aaa! Cəmili nöş aparırlar? Cəmil tək uşaqdır, təkoğullu ailələrdən də əsgər aparmırlar. Şəmil? Şəmil xəstədi də! Anası ölmüşün əlində devitbe kağızı var. (Səsindən alır). Bəs onda düzəltmədi İzzət? Uşaq hələ də ordadı. Bəs nə edəydik, gül kimi uşağı göndərəydik ora? Bağrı yarılır səngər adı eşidəndə.
A t a. Ay bala, ay adam! Dedim axı danışığına fikir ver! Telefonda elə şeylər danışıb evimizi yıxma! Axı yazırlar, eşidirlər.
A n a. İzzətdi də, qoymur bir ürəkdolusu danışaq. Arxayın ol, canım, uzaqbaşı buna da bir kağız allam. Evdədi. Harda olacaq, hamamda! Çəkib də mamasına, bir gün duşa girməsə bağrı çatlar, uzaq canından. Elə onu de! Orda hamam var? Mən bunu necə göndərim səngərə, bit-sirkə içinə? Allah bilən məsləhətdi. Gəlinimi öp əvəzimdən, denən hələ öpən vaxtımızdı... (Qəhqəhə ilə gülür və dəstəyi qoyur). Ağrım ürəyinə!
A t a. İzi, hayıf əvvəlinə baxmadın! Mən ölüm bura gəl, gör bu kişidi ya arvad?
A n a. (Bağlı qapıya) Cəmil, çıxmırsan? İki dəfə sabunlan, ağları dəyişmişəm. (Ataya yaxınlaşır) İzi, bu nədi, baxırsan? Vay-vay...
A t a. De görüm o kişidi ya arvad?
A n a. Adə, bunu bilməyə nə var? İzi? O nədi, İzi? Ətin tökülsün, İzi, bu murdarlara necə baxırsan? Fu! İzi... O nədi, İzi?
A t a. Elə gördüyündü! Bəs görmürsən arvaddan kişi düzəldirlər?
A n a. Ətin ərisin, Bibi demişkən! Yekə kişi gör oturub nəyə baxır?! Elə bundan ötəri məni çağırırsan bayaqdan?
A t a. Bu azdı? Heç nə maraqlandırmır səni.
A n a. Sən maraqlandın bəsdi! Bilirsən qudamız nə deyir? Deyir birdən Cəmili əsgər apararlar!
A t a. Ağzını xeyirliyə aç! Onsuz da çəkirəm içimdə. Diplomunu alan kimi çağıracaqlar.
A n a. Elə o da onu deyir. Mən də dedim ki, Cəmilin atasına nə gəlib?

Qapının zəngi çalınır. Hər ikisi diksinir.

A t a. Bu vaxtı kim ola, balam?
A n a. Kim olacaq, sənin qohumların! Günümüz yoxdu əllərindən! Evi eləyiblər karavansara.
A t a (Yerindən qalxır). Hövsələ elə görək kimdi, sonra deyinərsən. (Qapıya getmək istəyir).
A n a (Atanı yerinə itələyir). Otur! Bu gecə vaxtı kişi qapıya gedər? Mən açaram. (Gedir).
A t a. Əvvəl qlazokdan bax, sonra aç! Zənciri də çıxartma! (Gözü televizora sataşır). Pah! Bu boyda cəmdəkdən kişi qayırmaq olar? Bunu yığıb-yığışdırmaqmı olar? Hayıf! Hayıf o cür arvaddan!

Ana əlində kağız sarsılmış vəziyyətdə gəlir.

A n a. Evimiz yıxıldı, İzzət!
A t a. Nə oldu, az? Şəmildən xəbər var? O kağız nədi elə?
A n a. Cəmilə paveska gəlib!
A t a. Cəmilə? Nə paveska? Cəbhəyə çağırırlar? (Başını tutur). Vay! Vay başım! Az. ordan o dərmanı ver... Buraxdı! Ölmüşdüm, ə! Hanı, ver bura görüm! (Alır). Niyə götürdün? Qol da çəkdin? (Ana başını tərpədir). Sən... sən... Niyə demədin evdə yoxdu, şəhərdə deyil? Niyə qol çəkdin?
A n a. Niyə, nöşün? Niyə elə mənim balalarım? Qoymaram! Cəmili buraxmaram!
A t a. Vay dünya! Mənim evimə, İzzət Nəfislinin oğluna paveska gətirirlər? Guya mən slesaram, şoferəm, müəlliməm, nə bilim incinerəm? Bu necə ölkədi, necə prezidentdi, ə? Nə böyük tanıyırlar, nə kiçik sayırlar?
A n a. Cəmil nə bilir, əsgərlik nədir, müharibə nədir, avtomat nədir? O gün deyir, mama, məni davaya aparsalar, qaçacam!
A t a. Hara qaçacaq? SNQ-yə?
A n a. Axı niyə mənim oğlumu, niyə mənim balalarımı qaralayıblar? Ta bu şəhərdə ayrı oğlu olan yoxdu? Şəmili devitbe elədik, ürəkləri soyumadı? Gül kimi uşağı məcbur olub qoyduq dəlixanaya. Bəs indi mən bunu nə edim? Bunu da dəli eləyib saldırım ora?
A t a. Nə danışırsan, İzi, yenə dəlixana gəldi ağlına? Birinin altından çıxa bilmirik. Bir də kim inanar? Kim inanar ki, bunlar ali təhsil diplomu alan kimi dəli olurlar? Kim inanar bu nağıla?
A n a. Cəhənnəmə inansınlar! Mən camaata görə balalarımı güllə qabağına göndərəcəm? Çiçək kimi uşaqdı, o nə bilir səngər nədi?

Cəmil başında qətifə, əynində hamam xalatı gəlir.

C ə m i l. Mama, düz üç dəfə sabunlandım! Nə olub sizə? Niyə həmişə təmizlikdə demirsiniz?
A t a. Əsgərə bax, saldata bax! Aç, ə, o qətifəni başından! Neçə dəfə demişəm, kişi başına qətifə sarımaz!
A n a. Qışqırma uşağın üstünə!
C ə m i l. Nə olub, mama, papa niyə coşub, yenə dalaşmısınız?
A n a. Cəmil... (ağlayır).
C ə m i l. Vot tebe raz! Papanı işdən çıxarıblar? Televizorda dedilər?

Ana başını bulayır.

Bəs nə olub, mama? Papa, dillənin də!
A n a. Sənə pavestka gəlib, Cəmil, paveskaaa... (ağlayır).
C ə m i l. Paveska gəlib, çağırış vərəqi? Müharibəyə? Mən Qarabağa gedəcəm? Mama! Pap!!! Getmərəm! (Ağlayır). Orda heç... hamam var? Orda...
A n a. Ay allah, mən iyirmi iki yaşında uşağı hara göndərim? Gecələr üstünü hələ mən örtürəm... Niyə susub oturmusan, İzzət? Ağzına su almısan, ya kal əzgil yemisən, uda bilmirsən?
A t a. Belə... key olmuşam, İzi. Götürüb birinə zəng eləyim, ağız açım, səhər bütün qəzetlər yazacaq ki, bəs İzzət Nəfisli oğlunu əsgərlikdən saxlamaq istəyir. Vətənin bu ağır günündə müharibədən yayındırır. Dalınca da vətən belə, millət elə, qeyrət belə... Sonra gəl çıx də adam içinə. Onsuz da köhnələrdən qalan bir mənəm. Yıxmağa bəhanə gəzirlər.
A n a. Mən bilmirəm, istəyirsən çıx adam içinə, istəmirsən çıxma, mən balamı əlimdən vermərəm. Heç kimə də zəng eləyib ağız açma! İyirmi ildir yığırsan, aç kisənin ağzını, adam tap sal qabağa, heç sənin adın da olmasın. İstəyirsən xəstəlik kağızı al, istəyirsən qaçırt xaricə, yoxsa partlaram!
C ə m i l. Mən elə bir az dəliyəm də, mama! Musa müəllim həmişə deyirdi ki, səndə bir az devitbelik var. Elə Cema da deyir.
A n a. Cema? Qələt eləyir Cema o duzsuz yekəxana anasıyla! Qoy heç qudurmasın! Kim alacaqdı onu?
C ə m i l. Elə danışma, mama, mən onu sevirəm.
A t a. İzi, dəlilik kağızı olmaz!
A n a. Niyə, nöşün?
A t a. Az, ev dəlixanadı? (Dodağı qaçır). Bəlkə sənə də alaq bir kağız, elə orda uşaqlara baxarsan.
A n a. Al, amma mənə yox, bacın Suqraya al!
A t a. Nə demək istəyirsən, İzzət xanım, bəlkə sizinkilər çox ağıllıydılar? Qardaşın gecələr divara dırmaşmırdı? Anan xoruz görəndə yaşmanmırdı? Atan da...
A n a. İzzət, ağzımı açdırma mənim!
C ə m i l. Bəsdirin! Dava eləməyə elə bəhanə axtarırsınız.
A t a. Atan da özünü hamamda ayağından asmışdı.
A n a. İzzət, bax çatlaram! Sən mənim atamın adını çəkirsən? Səni adam eləyən mənim atam olmadı?
A t a. Pah! Atan adam eləyəndi elə öz oğlunu eləyəydi də! Eşşək idi, eşşək olaraq da qalır!
A n a. İzzət, vallah, boğaram səni yatdığın yerdə! Heç xəbərin olmaz! Sən bilirsən ki, mən dəliyəm!
A t a. Bilirəm, əlbəttə bilirəm!
C ə m i l. Siz ki belə davakarsınız, müharibəyə sizi göndərmək lazımdır. Oğlunuzu ölümə aparırlar, siz də burda kimin daha çox dəli olduğunu aydınlaşdırırsınız. Papa, məni aparsalar, elə səngərdə öləcəm. Özüm öldürəcəm özümü!
A t a. Kişiyə bax də! Bu sifətdə əsgər olar? Bunu səngərə buraxmaq düzgün deyil. Orda adamı biabır elər. Bilmirəm o qız bunun nəyinə vurulub, özü də elə mərd, qorxmaz qız! Atası da qaldı xırtdaya-xırtdaya, hələ də ağzı əyridi.
A n a. Pah, bəlkə Cəmildən artığına gedəcəkdi o əyriburun qız?
C ə m i l. Mama. Adama nə qədər deyərlər, Cəmilənin burnu ilə işin olmasın!
A t a. Demokratdı kişinin oğlu! İstəmirdi qızı keçmiş partokrat evinə düşsün.
A n a. Minnəti olsun! Qoy papağını gündə yeddi dəfə göyə atsın! Bu cür oğula qız verir. Dünənəcən ac-yalavacın biriydi.
C ə m i l. Mama, bəsdi də, axı o mənim qaynatamdı.
A n a. Gözlə, yedik qaynatovu! Sən olmasaydın mən heç onun qapısına gedərdim? Matah eləyib o əyriburun qızını.
C ə m i l. Mama, mən onu sevirəm.
A n a. Sevgidən burun düzəlmir, bala.
A t a. Ağıl yoxdu səndə, İzzət! Vallah, bir qram da yoxdu. Az, kişi o cür vəzifədə işləyir, ordan baxanda aşağı adamımn başı gicəllənir. Sən də başlamısan burun belə, ac-yalavac elə... Elə onun xətrinə mənə dəyib-dolaşmırlar.
C ə m i l. Mama, mən orda harda çiməcəm?
A n a. Mamon ölsün, Cəmil! Balamın biri dəlixanada, biri də... (ağlayır).
A t a. Bax heç nədən özünə dərd qayrırsan də! Az, ora dəlixanadı? Bizdə dəli var? Hərə bir səbəbə girib də ora. Biri türmədən qaçır, biri Şəmil kimi əsgərlikdən, biri pis arvaddan...
A n a. Kaş qız doğulaydılar, elə bilərdim ki, iki qızım var, amma evdə, gözümün qabağında.
A t a. (Gözü televizora sataşır). Bu nədi, ə?
A n a. Söndür o televizoru! (Özü söndürür). Oğluvu əsgər aparırlar, sən də...
C ə m i l. Papa, bir şey fikirləş də!
A t a. Nə fikirləşim, ə? Qız eləyim səni? Başına örpək salım? Bəlkə... (Hiss olunur ki, ağlına nəsə gəlib). Vot eto daaa... İzi! İzi, səninləyəm, bura gəl.
C ə m i l. Papa, nəsə tapdın?
A n a. Nə var, İzi? (İnamsız). Nə tapmısan?
A t a (Cəmilə) Əynə dur, ə! (Ananı bir qırağa çəkir) Bura gəl! (Qulağına nəsə pıçıldayır).
C ə m i l. Bərkdən de də, papa! Axı bu mənim işimdi!
A n a. Ağlın çaşıb sənin, İzzət?
A t a. Az, özün demədin bayaq?
A n a. Nəyi özüm dedim, adə?
A t a. Demədin kaş iki qızım olaydı? Özün dedin ki!
A n a. Noolsun, sözdü də dedim.
A t a. Amma mən havayı söz demərəm. Vapşe bizim nəsildə heç kəs havayı söz danışmaz! Biz sözümüzün ağasıyıq.
A n a. Allah, sən saxla, göz dəyəcək bunun qaçaq-quldur nəslinə!
C ə m i l. Yenə bu nəsil söhbətini saldınız araya?!
A n a. Mən də bunu ağıllı bir adam bilirdim! Adə, yoxsa sən də devitbe oldun?
A t a. Az, yalanbaşdan deyirəm də! Kim biləcək bir arayış verən həkim, bir də hərbi komissar.
A n a. Hərbi komissar nədi?
A t a. Az, vayenkamatı deyirəm də!
A n a. Öz dilimizdə de başa düşək də!
A t a. İndicə göstərmirdilər televizorda? Dedim gəl bax, gəlmədin. Kim istəyir kişi olur, istəməyən də arvad.
A n a. Niyə, nöşün?
A t a. Mən nə bilim niyə, nöşün? Zəhləsin tökür kişi olmaq, çönür olur arvad, ya da əksinə, elə qız olub qalır.
C ə m i l. Bunun bizə nə dəxli var, papa? Transeksuallığın mənim əsgərliyimə nə dəxli var? Məni əsgər aparırlar, sən də mamaya seksual azlıqlardan danışırsan. Nəsə bir problem var?
A n a. Niyə, nöşün? Axı niyə mənim oğlum? Nöşün? Sənin ağlın çaşıb, İzzət? Kişinin oğlu gücənib-gücənib söz dedi. Adama deyərlər ki, bura Fransadı, Hollandiyadı, Londondu-nədi? Adə, bəs bunun sonrasını fikirləşmirsən? (Cəmilə işarə ilə). Bunu ves Bakı barmaqla göstərməz?
C ə m i l. Məni? Barmaqla? Mama, nə deyirsən sən?
A t a (Cəmilə) Sən kiri! Düşmən gülləsinə tuş gəlməkdənsə, izzət xanım, sənin kimi arvad olmaq min pay yaxşıdı. Bir də bu müvəqqəti bir şeydi. Müharibə ömürlük deyil ki! Bunun bir bitən vaxtı olacaq də! Adam işinin xətrinə lazım gəlsə lap arvad paltarı da geyə bilər, amma güman edirəm ki, buna ehtiyac olmayacaq.
C ə m i l. Mama, söhbət nədən gedir? Kim geyəcək arvad paltarını?
A n a. Cəmi, papa səni deyir. İstəyir ki, sən dönüb qız olasan, arvad paltarı geyib oturasan evdə, gözümüzün qabağında sağ-salamat.
C ə m i l. Nə danışır bu, papa? Mən qız paltarı geyib küçəyə çıxım? Sənin ağlın başındadı?
A t a. Nədi, istəmirsən? Sən də istəmirsən, İzzət xanım? Onda göndərək onu cəbhəyə, səngərə, bit-sirkə içinə! Platya geymək şəstinə toxunursa, götür avtomatı, yollan döyüşə!
C ə m i l (qorxur) Mama!!
A t a. Mamanı niyə çağırırsan?
A n a. Qışqırma uşağın üstünə!
A t a. Özünüz bilərsiniz! Bu evdə mənim sözüm keçmirsə, siz buyurun!
A n a. Adam gör, pul ver!
A t a. Götürməzlər! Hamı qorxur!
A n a. Çox ver!
A t a. Yox, mənim yerimə göz dikən çoxdu, mən heç bir şeydə səhv eləyə bilmərəm. Mən hökümətə fırıldaq gələ bilmərəm.
A n a. Bəs bu fırıldaq deyil? Buna görə sənə söz gəlməz?
A t a. Əlbəttə, yox! Bu təbiətin işidi. Heç kəs də bu fırıldağa inanmaz. Bir də... Məsələ gizli qalacaq.
C ə m i l. Yox, mama, yox!
A n a. Niyə? Nöşün? Bəs, qonum-qonşu, İzzət? Qohum-əqraba, elə sənin bacın Suqra! O bildisə aləm də biləcək. Hələ qızgil! Cema!!
C ə m i l. Mən istəmirəm, razı deyiləm!
A n a. Niyə, nöşün?
C ə m i l. Necə niyə, nöşün?
A t a. İzi, heç kim bilməyəcək! Axı o arayışın üstündə yaşıl kağızlar da olacaq.
C ə m i l. Papa, mən istəmirəm! Mənə də devitbe kağızı alın!
A t a. Deməli, sən də qardaşının yanına getmək istəyirsən? Dəlixanaya?!
C ə m i l. Yox! Yox!!
A n a. Anası ölsün Şəmilin! Dedik nə var, bir arayışdı alıb verərik, qurtarar. Hanı, sonra komisiya komisiya dalınca, axırda məcbur olduq saldırdıq uşağı dəlixanaya.
A t a. Taqsır özündədi, yetirənə deyirdi ki, əlimdə kağızım var.
A n a. Dünən getmişdim yanına, elə hey üzümə baxıb gülür. Gözlərindən də cin çıxır. Deyirəm mama qurban nəyə gülürsən? Qayıdıb deyir ki, dəliyəm də, mama. (Ağlayır).
A t a. Eşitdin, Cəmil? Ora sağlam girən dəli olub çıxır. Orda işləyən həkimlərin çoxu dəlidir.
A n a. Bəs mən qızgilə nə deyim, İzi?
A t a. Heç nə! Denən bir aylığa praktikaya gedib. Qızla əlaqəni kəsmək lazımdır... müvəqqəti.
C ə m i l. Bu mümükün deyil, papa! Mən Cəmiləsiz yaşaya bilmərəm.
A n a. Niyə, nöşün? Nə matah olub bu Cəmilə?
C ə m i l. Niyə, nöşün? Bilmirsən niyə, nöşün, mama? Mən onu sevirəm!
A t a. Sev də, a Məcnun, sev də, a Romeo, kim deyir sevmə? Biz elə Cəmilənin xeyrinə eləyirik də bu işi. Nişanlısını xilas edirik.
C ə m i l. İndi mən neynəməliyəm?
A t a. Bir müddət qız paltarı geyməlisən!
C ə m i l. Yox!!!
A n a. Niyə, nöşün? İzi, sən demədin heç kəs bilməyəcək? Elə isə niyə qız paltarı geyməlidir?
A t a. Bu çox böyük risqdir, ona görə də işimizi ehtiyatlı tutmalıyıq. Vapşe bir müddət heç yerdə görünməməlidir.
A n a. Can, Cəmi, can bala!
C ə m i l. Mən istəmirəm! İstəmirəm!
A t a. Mən də istəmirəm, amma yaşamaq üçün razı olmalıyıq! Heç bir ölkədə qızları əsgər aparmırlar. Birdəfəlik əsgərlikdən, hərbidən canın qurtaracaq!
C ə m i l. Papa, axı mən arvad olmaq istəmirəm! (Səhnədən qaçaraq gedir).
Ata onun dalınca gedir. İşıq sönür

Həmin məkandır. Səhnə boşdur. Telefon zəng vurur. Ana deyinə-deyinə gəlir.

A n a. Zəhləmizi tökdü bu köpəkuşağı! Zəng eləyirlər, susurlar, danışmırlar. Dilləri quruyub elə bil. (Dəstəyi götürür) Alo! Bəli! Aaa... Salam! Hər vaxtın xeyir! Niyə, nöşün? Hirsli niyə oluram? Nə söz? (Tərəfə) Vaxsey! Xətrimə nöş dəyir? Nə istəyirsən soruş, can-ciyər deyilik biz? Aaa, qapının zəngidir... yox, Cəmil açar, sözünü de. Cəmil? Yaxşıdır! Niyə, nöşün? O nə sözdü deyirsən, ağəz? Cəmil qız niyə olur? Maşallah, Cəmil... Kim deyir ey? (Qapının zəngi uzunuzadı çalınır) Sən allah, incimə qapını dağıtdılar, gedim açım. Neynək, nə vaxt istəsən gəl, öz evindi. (Dəstəyi asır) vaxsey, biabır olduq! Allah, allah... Deyir ves Bakı bilir, ves Bakı...
Qapının zəngi uzun çalınır. Cəmil qız paltarında gəlir.
C ə m i l. Mama, eşitmirsən, qapının zəngini?
A n a (hirslə süzür onu) Yeri aç də! Ayağın xınadadı?
C ə m i l. Mama, mən bu sifətdə, bu geyimdə qapıya çıxım?
A n a. Niyə çıxmırsan, çıx! Geymisən arvad paltarını gərək arvadlıq eləyəsən də! Biabır olduq şəhərdə.
C ə m i l. Sən yalvarmadın, mama, ağlamadın? İndi də mənə tənə eləyirsən? Mən xəcalət çəkirəm, utanıram, qız olmaq istəmirəm!
A n a. Qurban olum, Cəmil, fikir vermə mənə. Ürəyim höyl eləyir hirsimdən. Döz qurban olum, hər şey yaxşı olacaq. Qoy birdəfəlik əl çəksinlər səndən, sonrası asandır. Gedim qapını açım.
C ə mi l. Qoy keçim o biri otağa, sonra aç. İstəmirəm məni bu sifətdə görsünlər.
A n a. Qoy lap görsünlər. Gözü götürməyənin gözü çıxsın! (Gedir).
Cəmil divanın dalında daldalanıb baxır. İntimlə Ana gəlir.
C ə m i l. Bu kimdi? Tanışadam deyil.
İ n t i m. Çox maraqlıdır.
A n a. Axı sizə kim lazımdır? Maraqlı olan nədir?
İ n t i m. Cəmilə Nəfisli burada yaşayır, deyilmi?
C ə m i l. Qəşəng oğlandır, lap qıza oxşayır.
A n a. Niyə? Nöşün?
İ n t i m. Axı siz mənim sualıma cavab vermədiniz?
A n a. Axı nə sual? Siz kimsiniz, sizə nə lazımdır?
İ n t i m. Bağışlayın, xanım, özümü təqdim eləmədim. Mən “İntim” qəzetindənəm, müxbirəm.
A n a. Biz müxbir çağırmamışıq.
İ n t i m. Müxbiri çağırmırlar, xanım, biz özümüz gəlirik.
A n a. Nahaq yerə! Biz mətbuat konfransı keçirmirik.
İ n t i m. Bəs sizin qızınız? Ah, necə həyəcanlandım!
A n a. Mənim qızım yoxdur. İki oğlum var. İstəyirdim biri qız olsun, Allah vermədi.
İ n t i m. İnteresno! Bəs?.. Axı mən qəzetdə oxudum ki, bu evdə, bu ünvanda İzzət Nəfislinin evində qəribə hadisə baş verib. Şok! Sensasiya!
A n a. Vaxsey! Hansı qəzetdə?
İ n t i m. Bütün qəzetlərdə! “Carçı-servis” agentliyi xəbər verib ki, şəhərdə nadir hadisə baş verib. İzzət Nəfislinin oğlu...

Cəmil gizləndiyi yerdən çıxır və isterika ilə qışqırır.

C ə m i l. Gördün, mama? Eşitdin? Bəs deyirdiniz heç kəs bilməyəcək? Gördünüz? Axı mən bilirdim ki, belə söz gizli qalmaz.
İ n t i m. Aman allah! Odur! Cəmilə Nəfisli!
C ə m i l. Rədd olun! Bu saat rədd olun burdan!
İ n t i m. Mən sizi gözəl başa düşürəm! Aman! Mən həyəcanlanıram. Siqaret çəkmək olar?
C ə m i l. Mama, qov onu burdan! Hələ siqaret çəkəcək! Bəlkə qəlyan gətirək? Qov onu, mama!
A n a. Niyə? Nöşün? Cəmil-ə!
İ n t i m. Mən qətiyyən incimirəm.
C ə m i l. Rədd olun! Mama, eşitmirsən, qov də onu!
A n a. Sakit ol, Cəmilə, sakit ol, qızım!
C ə m i l. Cəmilə? Qızım?
A n a. İntim müəllim, sizə nə lazımdır?
İ n t i m. Bilirsiniz, xanım, bizim qəzet insanların intim həyatlarına işıq tutur. Bu hadisə də şəhərimizdə nadir, mən deyərdim unikal hadisədir.
C ə m i l. Nadir! Unikal! Bu birinci hadisədir, o da mənim başıma gəldi. (Ağlayır).
İ n t i m. Rica edirəm, sakit olun! (Çiynini sığallamaq istəyir).
C ə m i l. Əl vurmayın mənə!
A n a. Sakit ol, Cəmilə!
İ n t i m. Ananız düz deyir, əsəbiləşməyə lüzum yoxdur, siz tək deyilsiniz, şəhərimizdə də bu birinci hadisə deyil, ikincidir.
C ə m i l. Bəs birinci kimdir?
İ n t i m. Ah, siqaretsiz mənə çətindir!
A n a. Bu saat külqabı gətirim. (Gedir).
İ n t i m. Nəzərinizə çatdırım ki, qəşəng qız, birinci mənəm!
C ə m i l. Necə? Siz? Ola bilməz!
İ n t i m. Düz bir il bundan qabaq mən də sizin kimi qəşəng, gözəl bir qızdım.
C ə m i l. Qız özünsən!
İ n t i m. Xeyr! Indi mən oğlanam, kişiyəm! Sizi görən kimi həyəcanlandım (Cəmilə yaxındayanır). Vuruldum deməyə cəsarət etmirəm, amma biz dost ola bilərik, hələ heç evlənməmişəm də. (Çiyninə toxunur).
C ə m i l. Əlivi çək, az!
İ n t i m. Xahiş edirəm, təhqir etməyin, onsuz da təhqirlərdən bezmişəm, hətta özümü bir ara öldürmək də istədim.
C ə m i l. O ta sənin öz problemindir!
İ n t i m. Bu qədər qəddar olmayın.
C ə m i l. Bəli, mən qəddaram, qaniçənəm! Sürüş burdan! Əl-ayağım dəyməmiş sürüş! (İtələyir).

Ana əlində külqabı gəlir və vəziyyəti görür.

A n a. Cəmilə, neynirsən? Bu nə kobudluqdur?
C ə m i l. Mama, demə mənə Cəmilə! Mən Cema... Cəmiləm!
İ n t i m. Bu ki dəlidir! Belə qız olar? Ne poymyoş kto – on, ona? A mojet ono? (Gedir).

Ata əlində bir dəstə qəzetlə gəlir.

A t a. O burdan gedən oğlan kimiydi, İzzət? Bu evə oğlan niyə gəlir?
A n a. Müxbirdi, qəzetdən gəlmişdi, intervü istəyirdi Cəmildən.
A t a. Nə müxbir, İzi, nə qəzet? Kim çağırıb onu bura?
A n a. Onu səndən soruşmaq lazımdı! Heç kəs bilməyəcək deyirdin? Bəs indi buna nə deyirsən? Ves Bakı bildi!
A t a. Sonra danışarıq, İzi! (Cəmilə). Verdin intervü?
C ə m i l (isterika ilə) Yox! Yox!! Yox!!! (Qaçaraq gedir).
A t a (qəzetləri masanın üstünə atır) Gədənin yanında demədim, İzzət, biabır olmuşuq. Bütün qəzetlər yazıb. Hərə bir zurna çalır. Biri deyir kələkdir, biri deyir möcüzədir, biri deyir qiyamət çağıdır... İnanan da var, inanmayan da. Bu nə qələtdi elədik biz? Vay fələk... oğlum başımı soxdu yerə, anası ilə bir yerdə!
A n a. Yenə mən oldum günahkar?! Niyə? Nöşün? Bəlkə vbu mənim ideyamdır, bəlkə mən uydurdum bu kələyi? Tərbiyəsiz kinolara baxa-baxa özün də oldun tərbiyəsiz!
A t a. Mənəm, İzzət, hər şeydə günahkar mənəm!
A n a. Əlbəttə sənsən!
A t a. Neyniyəydim, gördüm oğlun batırıb şalvarını qorxusundan, sən də özünü öldürürdün ki, səngərdə hamam-unitaz yoxdu. Axırda sən də hamamda öləcəksən, atan kimi.
A n a. Yenə hamam, İzzət? İndi hamamın heç yeridi? Başına söz qəhətdir? Sən demədin ki... Niyə, nöşün?
A t a. Ən pisi odur ki, geriyə yol yoxdur! Bizim arayış keçib komisiyanın əlinə. Həkim zəng eləyib yalvarır ki, nəbadə deyəsiniz ki, arayış saxtadır...
A n a. Vaxsey!
A t a. Deyir gərək hamımız sübut eləyək ki, həqiqətən oğlumuz qızdır.
A n a. Bəs sən nə deyirsən, İzzət?
A t a. Mən? Nə deyəcəm? Deməyəcəm ki, hökümətə kələk gəlmişəm, yalan danışmışam, fırıldaq eləmişəm? Elə hərbi komissar da mən deyəni dedi. Tak şto, oğlumuz qızdır, vəssalam!
A n a. Cəmil özünü öldürəcək!
A t a. Öldürməz! Öldürən oğul geyməzdi arvad paltarını!
A n a. Sss... Eşidər, İzi, eşidər...
A t a. Sən də özünü ələ al, üzmə özünü. Çarəsiz dərd yoxdur.
A n a. İzi, yəni biz bu biabırçılığa dözə biləcəyik?
A t a. Dözməliyik! Bu qəzetləri yığışdır, gədənin əlinə düşməsin. Evdən də çölə buraxma! Qız paltarını da soyunmasın. Hər saat yoxlamağa gələ bilərlər. Özünü də bir az yumşaq aparsın, nə bilim, qız kimi.
A n a. Allah, sən özün bizi bu imtahandan salamat çıxart! (Qəzetləri götürür).
A t a. Gör xaşalqarın nə deyir maa.
A n a. Xaşalqarın kimdi? Qədiri deyirsən?
A t a. Deyir, ay İzzət müəllim, həmişə bir arzum olub, sənin bir qızın olaydı alaydım oğluma, olaydıq sənə qohum. Deyir qoy bir gözü çaş olsun, bir qıçı əyri, lap qozbel olsun, amma bilim ki, sənin qızındı. Elə bu ad bəsdi maa. Ta üstün vurmadım. Dəən qulağı səs alıb.
A n a. Allah vurmuşdu Qərdiri də, onun gicgicə arvadını da! Mən onlara heç qız verərəm? Qoy gedib taylarını tapsınlar!
A t a. Elə bildi indi ürəyim gedəcək. Bir az pul gəlib əlinə, elə bilir hər adama əl ata bilər.
A n a. Bəs sən nə dedin?

Cəmil gəlir və onların söhbətinə qulaq asır.

A t a. Heç nə! Özümü vurdum kallığa, guya nəyə işarə elədiyini qanmadım, o da cəsarət eləyib ta dərinə getmədi. Adam hər ağız açana qız verər?
A n a. Bəs mən nə deyirəm? Qonşumuz Şərqiyə də nəsə mənimlə ikibaşlı danışırdı. Teymurazın arvadını deyirəm.
A t a. Oğlu var onların?
A n a. Həri, bu il məktəbi bitirir.
A t a. Yox, İzi, biz uşağa qız verəcəyik?
C ə m i l. Siz dəli olmusunuz?
A n a. Bu nə sözdü, Cəmil?
C ə m i l. Kimi ərə verirsiniz? Məni? Mama, mən qızam?
A n a. Sus, qızım, eşidən olar.
A t a. Mama düz deyir, qışqırma! Kim deyir ki, sən qızsan, amma qoşulmuşuq bu oyuna, gərək axıracan oynayaq də! Bu saat hamımızın taleyi bu oyundan asılıdır. Mama nə desə qulaq as!
C ə m i l. Mən heç kimə qulaq asmayacam! Özünüz də nə istəyirsiniz, eləyin, mənsiz!
A n a. Qudurdun, Cəmil?
A t a. Nə demək istəyirsən, oğlum? Bəlkə istəyirsən həkimi, hərbi komissarı damlasınlar, atanı da biabırçılıqla işdən çıxarsınlar, səni də göndərsinlər cərimə batalyonuna, ön cəbhəyə? Tı etovo xoçeş Cəmil?
A n a. Vallah, öldürrəm özümü!
C ə m i l. Dözə bilmirəm, mama, qoy aparsınlar məni, qoy gedim orda bit-sirkə içində ölüm, amma qurtarım bu biabırçılıqdan!
A n a. Neynəsin dözə bilmir də balam?! Qeyrətinə qurban olum, Cəmil!
C ə m i l. Necə çıxacam camaat içinə, mama? Dostlarıma nə deyəcəm? Hələ Cema!
A n a (Cəmili qucaqlayır). Can, Cəmil, mama qurbandı sənə!
A t a. Başa düşürəm səni, oğlum, çətindir. Elə bilirsən mən əriyib ölmürəm? Amma neynəməli? Cema da başa düşəcək səni.
A n a. Vaxt hər bir dərdi hamarlayır, pis şeylər tez unudulur, yaddan çıxır. Elə bilirsən tək sənsən əsgərlikdən yayınan? Hərə bir cürə qurtarır canını bu davadan. Odey ha! Tükəzbanın oğlu Alik! Gedib üç uşağı olan bir tatar qızını alıb, uşaqları da keçirib adına ki, ona dəyən olmasın.
A t a. Gəlmədi də a bizim ağlımıza! O qədər qodxduq ki! Deyir əl yananda ağıza təpərlər. Bir də mən nə bilim, dedim bir arayışdı də, kim biləcək?
C ə m i l. Bəs birdən məni yoxlamaq istəsələr? İfşa olunsaq? Onda necə olsun?
A n a. Allah, görəcəkli günlərimiz hələ qabaqdadır!
A t a. İxtiyarları yoxdu! Bu, insan hüquqlarını pozmaq olardı! Həm də bu, qeyrət məsələsidir! Mən qoymaram ki, kimsə mənim qızıma yaxın dursun, onun...

Bibi danışa-danışa gəlir.

B i bi. Hanı mənim madar qardaşım, hanı o bayısı ölmüş İzzət? Bu nə işiydi, ə, gəldi başımıza? Niyə dillənmirsən, az, a gəlin? Ə, İzzət, ə, bu maxluq nə danışır belə? İzzət, niyə dillənmirsən, az? Ə, mən bajın ölsün qutarsın, bu nə söhbətdi? İndicə eşidif yola düzəlmişəm bura. Duşman sözüdümü, ə, bu? Niyə dillənmirsiniz, ay namardlar, deyirsiniz öfkəm çatlasın mənim?
A n a. Di gəl cavab ver buna! Bu başladı suallarını verməyə, səhəreycən verəcək.
A t a. Gəl otur, az, Suqra, qaraçılıq eləmə, bir höysələn olsun!
B i b i. Ə, yox ey, sən maa de görüm o söz yalandımı? O qəzetləri görüm dilləri ağızlarında qaralsın, nə istiyirlər sən tifildən? Nə veriblər ala bilmirlər səndən? Ə, sən davadan uşaq saxlayansan? Tanımıram mən səni? Sən Qaçaq Nöyüsün nəvəsi İzzət Nöyüsdü dəyilsən? Sən heylə beynamıs iş tutansan?
A n a. Bəs elədi, niyə öz oğlunu göndərmirsən?
B i b i. Mən səninlə dəyiləm, bajı, özcə qardaşımla danışıram. Onu şeytan yoluna çəkən adamla mənim nə sözüm?
A t a. Az, bajı, ağlına gələni danışma, mənim öz ağlıma nə gəlib?
B i b i. Budu sənin ağlın, İzzət? Arvadın felinə düşüb o gədəni niyə böüzmü eləmisən camaat içində? Hanı bəs o bibisi ölmüş, harda gizlətmisiniz? Hanı, ə, o?

Cəmil görünməmək üçün daldalanır.

Ə, adam da kişini arvad eliyər? Ə, İzzət, sən bilmirsən ki, ən avara, ən sarsaq kişi də arvaddan yaxşıdı? Bəs hardaydın sənin ağlın, İzzət? Birini saldırdın dəlixanıya dillənmədim, dedim atadı dayna, qorxudan çaşıb, ağlı çıxıb başından, bəs buna nədi sözün?
Telefon zəng çalır. Ana dəstəyi götürür.

A n a. Bəli! Bəli, İzzət Nəfislinin evidir.
B i b i. Can, can İzzət Nöyüsdü, bajın ölsün qutarsın demiyim mən? bajın o ala gözlərinin qadasını alsın deyim demiyim mən başıdaşlı?
A n a. Az, bir dil boğaza qoy də! Bəli, Cəmilə Nəfisli!
B i b i. Cəmilə Nəfisli kimdi, ə?
A t a. Az, Suqra, bir dayan dayna, danışajam dayna!
B i b i. Buy evin yıxılsın, fələk!
A n a. Xeyr, o telefona gələ bilməz! Necə? Kimdi soruşan? Müxbir? Nə intim? Bura baxın İntim müəllim, bir də bura zəng eləməyin! Mən sizə təmiz Azərbaycan dilində dedim! Xeyr! (Dəstəyi asır). Bütöy şəhər bizdən danışır, İzzət, bütöy şəhər! Ves bakı!
Cəmil gizləndiyi yerdən xəlvəti qaçıb gedir.

B i b i. Göz dəydi saa, qağa? Növrağın çöndü? O məncilisdə televizorda danışanda mən başı daşlı demədimmi başına üzərrik çəvir? Demədimmi cibinə qoyun qığı qoy? Heç olmasa yanını qaşı demədimmi? (Ananı göstərir) Bu qoymadı, qoymadı, bəs sənin öz ağlın hardaydı? Mən deyəndə ki, sənin növrağın bu şəhərri qızı alandan sonra çənəcək? Deməmişdim? Eşitmədin ana yerində bajını, verdin yad qızının əyağına, bəlkə düz demirəm?
A n a. Baldız çuvalduz deyiblər də! Gərək yeridə neştərini.
A t a. Sən sus, İzi! Bajı sən də ağ eləmə, yerini bil!
B i b i. Mən nə deyirəm ki? Mən sizin yaxşılığınızı istəmirəm? Yaxşı qoymayın bu gədə duşmana tüfəng atsın, qoymayın, bəs bu oyun nədi çıxardırsınız? Bəs bu... dayan görüm, ə! Bəlkə bu elə doğrudan çönüb olub qız, ona görə belə pısıxıb oturmusunuz?
A t a. Suqra, sən mənim zəhləmi tökdün bu duzsuz, cavab istəməyən suallarınla!
B i b i. Nədi, ə, bəlkə düz demirəm?
A t a. Yenə sual?
A n a. Bəs mən deyəndə ki, bacın ancaq ritorik suallarla danışır, niyə ağzımdan vurursan? Niyə qoymursan verim bunun cavabını, çox göylə getməsin?
A t a. Nədi, İzzət xanım, bəlkə bajım düz demir?
B i b i. Nə deyir, ə, o İzzət? Mən mütrüf suallarla danışıram?
A t a. Az, bir dayan dayna! Pertlatma dayna məni!
B i b i. Nədəə? Üstümə qışqırırsan? Böyük bajıyın, təkcəjənə, sınıx bajıyın?
A t a. Lənət saa şeytan dayna!
B i b i. Yoxsa qorxdun arvaddan?
A n a. Dərdi-səri mənəm!
A t a. Az, Suqra, sual verirsən, bəs cavab istəmirsən?
B i b i. Cavab nədi, ə?
A t a. Əstafurullah! (Yaxasını didir). Az, bu qapıdan içəri girəndən sual yağdırırsan, bəs cavab istəmirsən?
B i b i. Niyə istəmirəm? Bəs mənim öldüyüm nədi?
A t a. Partlayacam mən!
A n a. Adamı odsuz-ocaqsız yandırır.
B i b i. Nə cavab verəssən, ə, maa? Cavab verib nə deyəssən?

Qapının zəngi həyəcanla çalınır.

A n a. Dayanın! Bu vayenkamat zəngidi! (Qapıya yaxınlaşıb çağırır, bir növ qapı arxasındakılara eşitdirir) Cəmilə! Cəmilə, qızım qapının zəngidir, əlimdə işim var, aç qapını!
B i b i. Cəmilə kimdi, ə? Gəlin də burdadı?
A t a. Gəlin kimdi, az?
B i b i. Ə, gədənin nişanlısının adı Cəmilə dəyil? Soruşuram, o da burdadı?
A n a. Cəmilə, qapını aç, qızım!
B i b i. Gəlin də bu beynamıslığı qəbul elədi?
A t a. Az, bir hövsələ elə dayna! Danışajam ey, hər şeyi biləssən, gələndən bir adamı qoymursan ağzın açsın.
B i b i. Mən heç danışıram?
A n a. Cəmilə, dedim axı qapını aç! (Qapını açmağa gedir).
C ə m i l (əsəbi vəziyyətdə gəlir) Mama, deməmişəm mənə Cəmilə demə!
B i b i (Cəmili görür) Buy, bissimillah, bu kimdi, az?
C ə m i l. Mənəm, bibi, Cəmiləm! (Hönkürür və bibiyə tərəf gedir).
B i b i. Bu nədəə? (üstünə gələn Cəmili qucaqlamağa tərəddüd edir, guya çimçəşir, amma bu çox ani olur). Buy, bibin qurban olsun qaşlarının arasına! Kim səni bu kökə saldı, ə? O dayının canı haqqı səsini çıxartmasaydın tanımazdım səni! Tanıyardım, İzzət?

Bir dəstə müxbir, reportyor və kameralı teleoperator içəri doluşur. Hiss
olunur ki, onlar Ananın müqavimətini qırıb içəri doluşublar.

A n a. Bu özbaşınalıqdır, qanun pozuntusudur, nəhayət tərbiyəsizlikdir!
A t a. Nə olub, İzzət xanım, niyə əsəbiləşirsiniz?
A n a. Axı bura bizim evimizdir, ingilislər demiş qalamızdır!

Müxbirlər səs-küy salırlar.

I müxbir. Siz azad mətbuatı boğa bilməzsiniz!
II müxbir. Bizim ilk mənbədən informasiya almaq hüququmuz var!
İ n t i m. Burda sensasiya baş verib!
B i b i. Nə deyir, az, bunlar?
A t a. Siz hamınız haqlısınız, amma bizim vaxtımız azdır, beş dəqiqə ayıra bilərik sizə.
A n a. Beş dəqiqə!
Cəmil. Mən heç bir suala cavab verməyəcəm!
A t a. Dayan, qızım! (Qolundan tutub saxlayır) Verin suallarınızı!
B i b i. Allah, niyə öldürmürsən məni?
I müxbir. Zəhmət olmasa, qızı gətirin.
A t a. Qız burdadır! (Cəmili qabağa itələyir).
C ə m i l. Papa!
A t a. Tərbiyəli ol, qızım! Biz həqiqətən azad mətbuatı poza bilmərik! Verin suallarınızı, cənablar!
II müxbir. Qəşəng qızdır!
İ n t i m. İlk informasiyanı mən yaymışam mətbuata, deməli, prioritet mənimdir, ilk sualı da mən verəcəm.
I m ü x b i r. Tez elə, yaman çətin verirsən.
II müxbir. Siz bu dəyişikliyi özünüzdə nə vaxtdan hiss elədiniz?
C ə m i l. Mən heç bir suala cavab verməyəcəm!
A t a. Verəcək!
A n a. Çox ərköyün olub ey bu jurnalistlər.
B i b i. Niyə hayasız-abırsız demirsən?
İ n t i m. Mən də həmin suala cavab istəyirəm.
C ə m i l. Bu sualı mən də sənə verə bilərəm!
İ n t i m. Bu şantajdır?
A t a. Cavab ver getsinlər!
C ə m i l. Yadıma gəlmir, çox gənc idim.
Q ı z m ü x b i r. Bəlkə müharibəyə səfərbərlik elan edilən gündən?
B i b i. Buy dilin ağzında yansın!
I m ü x b i r. Dəqiqləşdirək: çağırış vərəqəsi aldığınız gündən?
A t a. Bu təxribatdır! Provokasiya!
İ n t i m. Ərə getmək fikriniz varmı?
A n a. Bura bax ey...
Q ı z m ü x b i r. Bəlkə artıq nişanlınız da var?
B i b i. Niyə yoxdu, nişanlısına nə gəlib?
A n a. Beş dəqiqə çoxdan bitib, boşaldın buranı!
Q ı z m ü x b i r. Axırıncı sualım qızın atasınadır: İzzət Nəfisli, oğlunuzu cəbhədən yayındırmaq üçün bundan ağıllı bir fənd fikirləşə bilmədinizmi? İyirmi ildir o nazirliyə bu başlamı rəhbərlik edirsiniz?
A n a. Allah, allah...
B i b i. Noolub, az, onun o boyda başına, altmış razmerdi?!
A t a. Belə təxribatçı suala mən cavab verməyəcəm! Təhqirə görə isə, qəşəng qız, sizi məhkəməyə verəcəm!
B i b i. Hə, bir o qəşəngdi, bir də mən. Əyaxları maşa kimidi!
İ n t i m. Bircə sual da!
A n a. Vsyo! Çıxın burdan!
İ n t i m. Axşamlar vaxtınızı necə keçirirsiz?
C ə m i l (Jurnalistlərə cumur, onları itələyə-itələyə qapıya tərəf sıxışdırır) Rədd olun! Hamınız rədd olun!! (İsterikadadır) Rədd olun! Hamınız! Bu saat!!! (Hamını qovub geri qayıdır və ata-anasına qışqırır). Siz məni biabır elədiniz! Siz məni məhv elədiniz!
A n a. Mama qurban olsun sənə, Cəmil! (Ağlayır).
B i b i (Cəmili qucaqlayır) Bibin ölsün əyaxlarıyın altında! Bax bu sahat soyun bu mütrüf paltarını, geyin kişi paltarını, kişi ol! Yeri bu saat soyun gəl bura!
A t a. Nə deyirsən, az, Suqra? Bundan sonra tumanbağını bərkitməyin nə mənası?
C ə m i l. Soyunacam, bu saat soyunacam!

Qapı zənginin həyəcanlı səsi eşidilir. Hamı donur.

A n a. Yəqin yenə də jurnalistlərdir! Mən qapıya getməyəcəm!
B i b i. Bu saat onlara bir toy tutum ki! (Qapıya gedir).

Cəmilə güllə kimi gəlir, az qala Bibini yıxacaq. Əynində Cəmilin
platyasındandır.

B i b i. Bissimillah, bu kimdi, az, salamsız-kalamsız?
C ə m i l ə. Hanı o? Hanı Cəmil? (Ora-bura baxır). İzzət əmi, İzzət xala, hanı o? Harda gizlətmisiniz onu? Mən ona göstərərəm qız olmağı! Məni biabır eləmək istəyir? Mən axı bilirəm ki, o qız-zad deyil! Mən ki bunu hamıdan yaxşı bilirəm!
B i b i. Buy, abırın tökülsün, bu hələ nişanlıdı, uje bilir!
C ə m i lə. Mən adamlara necə deyim ki, nişanlım dönüb olub qız!
A t a. A qızım, bir sakit ol!
A n a. Sakit ol , Cəmilə, mən sənə hər şeyi başa salaram.
C ə m i l ə. Mən heç nəyi başa düşmək istəmirəm! Onu mənə göstərin, qalanı ilə sizin işiniz yoxdur! (Cəmili görür) Hələ bu qız kimdir? (Birdən tir-tir titrəyən Cəmilşi tanıyır). Cəmil? Bu sənsən? (Qəfil qəhqəhə çəkir).
C ə m i l. Cema, gülmə, mən sənə hər şeyi başa salacam.
C ə m i l ə. Sən yox, mən başa salacam səni! (Möhkəm şillə vurur).
B i b i. Buy, əlin qurusun!
C ə m i l. Cema, yalvarıram, Cəmilə!
C ə m i l ə. Mənim platyamdan geyinib, mənim adımı götürüb! Indi Cema mən deyiləm, sənsən!
A n a. Ay qızım, belə qəddar olma!
C ə m i l ə. Mən deyiləm sizin qızınız! Cema budur, budur sizin qızınız!
C ə m i l. Elə danışma, Cema, məni başa düş!
B i b i. Nəyi başa düşsün, ə? Çıxart dayna o zəhrimarı əynindən!
C ə m i l ə. Qoy soyunmasın! Eybi yox, qoy soyunmasın! Sən ki, Cəmilə oldun, gör mən də Cəmil oluram ya yox?

Cəmilə iti addımlarla gedir, Cəmil də onun dalınca qaçır.

C ə m i l. Dayan Cema, mən səni sevirəm, dayan! (Gedir).
B i b i. Bah-bah-bah! Az, o təriflədiyiniz qız budu? Az, bu atmaralını hardan tapmısan? Ə, İzzət?!
A t a. Əl çəkin məndən! İzzət ölüb, məhv olub!
B i b i. Səni istəmiyən ölsün! Az, İzzət, bu qızı hardan tapmısan?
A n a. Nədi, az, səninkilərdən pisdi? Noolub ona? Yaxşı atası-anası, varı-dövləti! Yaxşı gəlin ta necə olur? Gədə də ölür ondan ötəri! Neynəsin, eşidib dəli olub də! Toy ərəfəsində sənin nişanlın dönüb arvad olsaydı sən lap ölərdin!
B i b i. Dağ boyda qardaşıma nəəlif ki, mən öləm, az? Elə sən özün öl dayna! Budu iyirmi üç ildi gəldin gəlmədin qara elədin günümüzü! Yeyirsən qardaşımın yağlı əppəyini, sonra da qudurub çiyinlərini gəmirirsən. Nə gündəydin qoşulub gələndə bizə. Ojax qurdalayan qara maşa kimiydin. İndi quyruq basıb səni. Buxağın döşünü döyür, döşün qarnını, qarnın da... nəhlət saa şeytan dayna!
A n a. De, danış, görüm içində ta nə var. Bax elə yanıb töküləcəksən!
A t a. Az, bəsdirin, qutarın bu yüzillik müharibəni, get gör hara getdi bu başımızın bəlası? Şəklin çəkib verərlər qəzetə!
A n a. Arxayın ol, bayaq çəkdilər şəklini. Allah qoysa sabah çıxar qəzetlərdə, o biri gün də elçilər tökülüb gələr qapımıza. Yaxşı gün ağladın bizə, İzzət Nəfisli!
B i b i. O neynəsin, az? O nyin yəəsidi? Sən dəyilsən dəyirmanları tərsinə hərlədən?
A n a. Lap yaxşı eləyirəm! Nədi xoşuna gəlməyən?
A t a. İzzət!
A n a. Atamın hesabına adam elədik qardaşını, pis elədik? Mən olmasaydım bəlkə ayağı çarıxlı kəççi balası gəlib çıxaceydi bu mərtəbəyə?
A t a. İzzət, həddini aşma!
A n a. Nədi, bəlkə düz demirəm?
A t a. Nəyi düz deyirsən, az? Atan adam eləyəndi eləyəydi də qardaşını! Eşşək idi, eşşək olaraq da qalır!
B i b i. De qadan ürəyimə! Bax belə danış deyim hə!
A n a. İzzət, elə eləmə ki, bu gen dünyanı başına dar eləyim!
B i b i. Bah-bah-bah...
Cəmil hirsli qayıdır.

A t a. Saxlaya bilmədin qızı?
A n a. Getmədin dalınca?
C ə m i l. Necə gedəydim, mama? Bu sifətdə mən küçəyə çıxa bilərəm?
B i b i. Soyun bibin qurban, soyun kişi ol!
C ə m i l. Soyunacam! Əsgər gedəcəm! Qoy gedim ölüm orda bitin-sirkənin içində, antisanitariya şəraitində, hamamsız, susuz... (ağlayır).
A n a. Mama qurban olar sənə, Cema!
C ə m i l. Demə mənə Cema, demə! Mən Cəmiləm!
A t a. Kişisən, ə, tökmə gözünün yaşını!
B i b i. Kişi? Ə, bu sifətdə, bu geyimdə kişi olar? Soyun tök yerə, ə. O mütrüf paltarını!
A n a. İzzət, qoyma!
A t a. Bajı, sən qarışma!
C ə m i l. Soyunacam! Bu saat paltarımı dəyişib gedəcəm hərbi komissarlığa!
A t a. Cəmil, məni hökümət yanında yalançı, fırıldaqçı eləmə, oğlum! Demirsən bütün qəzetlər bu dəfə də məni bir dələduz kimi qələmə verərlər? Axı məni bir gün də saxlamazlar vəzifədə. Döz, oğlum, döz ailəmizin xətrinə!
A n a. Biz dözürük, sən də döz, Cəmil...ə!
C ə m i l. İndi mən sizə göstərərəm Cemanı da, Cəmiləni də! (Soyunur) Alın, bu sizin fransızski parikiniz! Bu sizin turetski platyanız! Bu sizin kalqotkanız, özü də bakinski, iki dəfə geymişəm, artıq cırılıb! Bunu da soyunum? (Tumanını soyunmaq istəyir, hamı qışqırışır). Soyunacam!

Qapının zəngi dalbadal, fasiləsiz çalınır. Cəmil əl saxlayır. Hamı
donub qalıb.

A t a. İzzət, vayenkomat olsa açma!
B i b i. Allah, allah... Bajın ölsün, İzzət!
A n a. Ya Ətağanın cəddi! (Qaçaraq gedir və tez də qayıdır) Vajenkamatdır, Cəmil!
A t a. Tez geyin, Cəmil, tez!
C ə m i l. Mama!
A n a. Tez geyin, tez!
C ə m i l. Mama! Papa! (Tələsik geyinməyə başlayır, hamı ona geyinməkdə kömək edir).
İşıq sönür

İKİNCİ HİSSƏ

Həmin məkandır. Ana otağı səliqəyə salır. Telefon zəngi.

A n a (telefona) Zəhrimar! Günümüz yoxdur əlindən. Lap partlasan da cavab verməyəcəm! (Telefon fasiləsiz zəng edir). Gözlə, bu saat! Heç kəs yaxın durmur telefona, guya bu evdə mən təkəm, ta başqa adam yoxdu. Yox, bu dəli eləyəcək məni, ta dözə bilmirəm. (Dəstəyi qaldırır) Alo! Bəli! Dillənin də! Susacaqsan niyə zəng eləyirsən? (Dəstəyi qoyur) günümüz belədir. Gör adamın bir yox beş qızı olsa nə həngamə baş verər?! (Telefon zəng edir). Əstafurullah! Cəmilə! Cema! Eşitmirsən, telefon partladı?
C ə m i l (gəlir) Nədi, mama?
A n a. Zəhmət çək cavab ver! Hamısı sənin zibillərindir. Götür, cavab ver!
C ə m i l. Alo! Bəli, eşidirəm!

Səhnənin əks tərəfində İntim əlində telefon görünür.

İ n t i m. Cəmilə Nəfisli?
C ə m i l. Eşidirəm sizi. Buyurun!
İ n t i m. Yəni bu sizin səsinizdir?
C ə m i l. Əlbəttə, mənim səsimdir!
İ n t i m. Mən ömrümdə belə gözəl səs eşitməmişəm. Yəqin mələk səsidir bu!
C ə m i l (əsəbi) Sizə nə lazımdır? Mən sizi tanımıram, tanımaq da istəmirəm!
A n a. Çox kəskin danışma!
İ n t i m. Siz məni tanıyırsınız, mənim sirrim tək sizə məlumdur. Yadınızdadırmı, mən dedim ki, birinci siz deyilsiniz, mənəm birinci.
C ə m i l. Nə olsun? Nə demək istəyirsiniz?
İ n t i m. Yadınıza düşdü, mənəm, “İntim” qəzetindən.
C ə m i l. Mən intervü vermirəm!
İ n t i m. Mənə intervü yox, sizin qəlbiniz lazımdır.
C ə m i l. Mən qəlb də vermirəm!
İ n t i m. Mən sizi görməliyəm!
C ə m i l. Amma mən görmək istəmirəm! Özün də əl çək məndən! (Dəstəyi qoyur).
A n a. Kimdi, nə istəyir?
C ə m i l. Müsahibə istəyir!
A n a. Qələt eləyir! Müsahibəyə, intervüyə nöqtə qoyduq! Adam hər yetənin şirin dilinə uymaz! O gün biri zəng eləyib soruşur ki, niyə ər-arvad sizin ikinizin də adı İzzət Nəfislidi? İndi biz nədənə bilək kişi kimdir, arvad kim? Dedim gələrsiniz bizə ərim sizi başa salar. (Qəhqəhə ilə gülür).
C ə m i l. Yaxşı demisən.
A n a. Odu-budu zəng eləmir. Bir yaxşı cavab da tapmışam, amma zəng eləmir ki, deyim ürəyim soyusun. Tak şto, qızım... tü! Oğlum, aldanma telefon sevgisinə.
C ə m i l. Allah vurmuşdu onu! Gözəlliyinə güvənir. Qıza oxşayır.
A n a. Çox sərt danışma! Qız oğlana “rədd ol”u elə deməlidir ki, oğlan getmək əvəzinə qalsın. Yoxsa qarıyıb un çuvalına tay olar.
C ə m i l. Sən nə danışırsan, mama, ağlın çaşıb?
A n a. Aaa... Çaşar da ağlım! Çaşmayıb neynəsin? İlahi, necə asudə, necə rahat yaşayırdıq! Birdən-birə hər şey alt-üst oldu. Adam bilmir ki, daş ona hardan dəyəcək. (Gedir).
Qapının zəngi çalınır. Cəmil qapıya yaxınlaşır.

C ə m i l. Kimdir?
İ n t i m (Səsi eşidilir) yalvarıram, açın qapını, sizə iki kəlmə sözüm var.
C ə m i l. Yaxşı açaram! Sənə bir toy tutum ki! (Qapını açır).
Qabaqda Cəmil, dalınca İntim gəlir.
İ n t i m. Mənim bura gəlməyimi naxallıq hesab eləməyin,
C ə m i l. Qısa elə! De görüm sənə nə lazımdır?
İ n t i m. Qulaq asın mənə, axıradək qulaq asın, qovmayın məni.
C ə m i l. Danış də!
İ n t i m. O gün sizi görəndən sonra həyatın mənası dəyişdi mənim üçün. Elə o andaca bildim siz mənim taleyimsiniz.
C ə m i l. Pah!
İ n t i m. Sözümü kəsməyin, onsuz da həyəcan boğur məni.
C ı m i l. Sonra?
İ n t i m. Onsuz da taledən qaçmaq mümkünsüz! Düz bir ildir məni duyacaq, qəlbimin çırpıntılarını anlayacaq bir qız axtarırdım.
C ə m i l. Indi mən partlayacam!
İ n t i m. Qız olduğum o dəhşətli illərdə başım daşdan-daşa dəydi. Həyat qasırğalı-fırtınalı bir dəniz, mənsə yelkənsiz-avarsız kiçik bir qayıqdım. Çox atıb-tutdular məni, ancaq o gün, o işıqlı gün mən təzədən doğuldum, kişi olduğum gün özümü dünyanın ən xoşbaxt insanı hesab etdim. Axı, bu xoşbaxtlığa çatmaq üçün mən əzablı yollardan keçdim, maneələri dəf etdim. Siz məni başa düşərsiniz. Sizə rast gəldiyim gün isə həyat daha da gözəlləşdi, mən duruldum, saflaşdım, məhəbbət mənə yeni məzmun gətirdi. İndi mən taleyimdən razıyam!
C ə m i l. Amma mən narazıyam!
İ n t i m. Yox, elə deməyin! Həyat gözəldir! Mən inanıram ki, siz də məni sevəcəksiniz.
C ə m i l (sakit danışmağa çalışır) Başa düşün, mən sizin hisslərinizi anlayıram, ancaq bilin, mən siz deyən adam deyiləm, siz səhv eləyirsiniz. Mən hər şeyi açıb deyə bilmirəm, bu bir anlaşılmazlıqdır. Mən sizə dost ola bilmərəm. Siz əvvəlki kimi qız olsaydınız yenə bir şey fikirləşərdik.
İ n t i m. Yox, mən qız olmaq istəmirəm! Yadıma salmayın o dəhşət dolu günləri! Onsuz da o qız daima məni qorxunc bir xəyal kimi izləyir. O saysız-hesabsız qaba əllər, şəhvət dolu baxışlar yadıma düşəndə başımdan tüstü qalxır.
C ə m i l. Canım, sən niyə qanmırsan ki, mən... Lənət sənə şeytan! Bu mümkün deyil, vaxtını və hisslərini boş yerə xərcləmə!
İ n t i m. Vaxt! Hisslər! Dəli məhəbbət! Bunlar nədir ki?! Mən sizin yolunuzda həyatımdan keçərəm!
C ə m i l. Doğru sözündür?
İ n t i m. Yalan deyirəmsə, qoy ildırımlar vursun məni!
C ə m i l. And iç!
İ n t i m. Nəyə and içim, Cəmilə?
C ə m i l. Sənin üçün ən qiymətli olana.
İ n t i m. And olsun qeyrətimə!
C ə m i l. Qeyrət ciddi məsələdir!
İ n t i m. Bəs nədi, Cəmilə, mən qeyrətli kişiyəm.
C ə m i l. Onda get mənim əvəzimə cəbhəyə!
İ n t i m. Cəbhəyə? Xalq cəbhəsinə?
C ə m i l. Yox, əsil cəbhəyə, müharibəyə, mənim əvəzimə!
İ n t i m. Necə yəni mənim əvəzimə? Məgər qızları da aparırlar müharibəyə? Mən bilən, bu könüllüdür. Heç məni aparmırlar. Düz bir ildir kişiyəm, sənədlərim də qaydasında, hərbi uçota da düşmüşəm, amma icazə vermirlər, mənim kişiliyimə şübhə edirlər. Ta qanmırlar ki, mən kişi doğulmuşların çoxundan artığam ki, əskik deyiləm.
C ə m i l. Deməli, bu variant da keçmədi.
İ n t i m. Bütün bunların məhəbbətə nə dəxli, Cema?
C ə m i l. Nəysə, qurtardıq! Gedin, bir də bura ayaq basmayın, yoxsa peşman olarsan!
İ n t i m. Nə eybi?! Siz mənim məhəbbətimi solğun bir çiçək kimi ayaqlar altına atsanız da mən incimirəm, ancaq bilin ki, bu qərib dünyada sizi özündən artıq istəyən, həyatından çox sevən bədbəxt, tənha bir oğlan var.
C ə m i l. Qız olsaydın daha yaxşı olardı.
İ n t i m. Qız? Niyə qız? Yoxsa siz...
C ə m i l. Dayan! Sən lap ağ elədin! Lap zəhləmi tökdün!
İ n t i m. Xoşdur nə qədər cövri-cəfa etsə yarım mənə...
C ə m i l. Ala, yaxma də!
İ n t i m. Cema!
C ə m i l. Sürüş burdan! Bu saat rədd ol! (Karate pozası alır). Bu saat leşini qoyaram, rədd ol! (Boynunun arxasından yapışıb asanlıqla qapıdan bayıra itələyir). Bədbaxt oğlu bədbaxt!
Telefon zəng vurur. Cəmil hirslə dəstəyi götürür. Uzaqdan İntim
əlində telefon işıq haləsində görünür.

İ n t i m. Yalvarıram, dəstəyi asmayın!
C ə m i l. Ala, sən mənim mazgimi çox xarab eləyəcəksən?
İ n t i m. Mənə ümid verin, Cəmilə!
C ə m i l. Nə verim?
İ n t i m. Ümid! Yaşamaq üçün ümid verin mənə!
C ə m i l. Ümid olar! Amma bir də zəng eləmə! Qabağıma da çıxma!
İ n t i m. Aman, bu ölüm hökmüdür, Cəmilə!
C ə m i l. Tamam! Qurtardıq! (Dəstəyi asır)
A n a (gəlir) Sən hələ də telefonla danışırsan? Tanımadığın adamla, qızım? Axı indi sən oğlan deyilsən, hər adamla laqqırtı vurasan.
C ə m i l (əsəbi). Bəs, mən kiməm, mama?
A n a. Nə oldu sənə, Cəmil... ə?
C ə m i l. “Ə” də özünsən, Cəmilə də! Siz məni doğrudan da qız bilirsiniz? Hərdən mənim özümə də elə gəlir ki... Tü!!!
A n a. Sakit ol, oğlum! Ala bu həbi qoy dilivin altına, sakitləşdirir adamı.
C ə m i l. İstəmirəm!
A n a. Yenə tutdu pristupun, qızım? Atanı öldürmək, ananı dığlatmaq istəyirsən, qızım... oğlum? Onsuz da kişinin yarıcanı qalmayıb. Xəcalətindən camaat içinə çıxmır. Xəstəlik kağızı alıb oturub evdə.
C ə m i l. Qulaq asmadınız mənə, almadınız dəlilik kağızı... Kim çıxartdı bu hoqqanı özündən, kimin ağıllı tədbiridir bu? Sizin ikinizin! Indi də çəkin cəzanızı! Elə bilirsiniz mənə asandır arvad paltarında gəzmək, qorxa-qorxa hərbi komissarlıqdan adam gözləmək? Cema üçün burnumun ucu göynəyir. Heç telefonla da danışmır mənimlə.
A n a. Qoy qudurmasın Cəmilə!
C ə m i l. Deyir səndən iyrənirəm. Deyirəm, u menya vsyo v poryadke, dura, i tak xoçu tebya.
A n a. Aaa... kak eta tak, Cəmil? Kak eta xaçu tebya?
C ə m i l. O da deyir vsyo ravno iyrənirəm səndən.
A n a. Qoy iyrənsin, qız tapılmır? Zato evimizdəsən, sağ-salamat, gözümüzün də qabağında. Görmürsən televizorda? Sən o qarın üstündə uzanıb saatlarla düşmən busa bilərsən? Hamam var orda, qızım? Gündə neçə meyit gəlir cəbhədən. Allah qoysa müharibə bitər...
C ə m i l (sözünü kəsir). Necə? Müharibə qurtaranacan mən qız qalacam?
A n a. Qışqırma! Heç qudurma da! Bəlkə xalqın oğlanları kimi gedib vuruşmaq istədin biz qoymadıq? Ağlını yığ başına, yoxsa... Allah qoysa hər şey tezliklə düzələcək.
C ə m i l (müəmmalı) Mən də elə bilirəm.
A n a. Nə demək istəyirsən?
C ə m i l. Sizin də, özümün də, elə Cəmilənin də əzablarına tezliklə son qoyacam.
A n a (təşvişlə) Necə, cema? Bu necə olur?
C ə m i l. Bir gün səhər durub görəcəksiniz ki, stolun üstündə bir kağız var: məni axtarmayın, mən cəbhədəyəm! İmza, oğlunuz Cəmilə!
A n a. Atovu, anovu öldürmək istəyirsən, qızım?
C ə m i l. Siz məni öldürən kimi!
A t a (Gəlir). Nədi, noolub, niyə qoymursunuz bir saat yataq? Nə səs-küydü belə?
A n a. Sənin yaşamağın, sağ-salamat olmağın lazımdır mənə, oğlum.
C ə m i l. Bəs mənim şərəfim, qeyrətim, namusum?
A t a. Şərəf, namus, qeyrət... Nə iyi sözlər, nə sayın deyimlər, nə qutlu-mutlu kəlamlar! Fəqət unutırsın ki, əfəndim, onların qiyməti inflyasiyaya uğramış manatdan çox deyildir.

Devitbe yarı dəlixana, yarı hərbi əsgər paltarında əlində oyuncaq avtomat
güllə kimi gəlir və hərbi addımla yeriyir.

D e v i t b e. Marş irəli, hey! Marş irəli! Azərbaycan əsgəri!
A n a. Vaxsey! Şəmil, sən hardan çıxdın?
A t a. Şəmildi?
D e v i t b e (səhnə boyu addımlamaqda davam edir) Qaçdım, mama, hey! Qaçdım, papa, hey! Azərbaycan əsgəri! (Birdən Cəmilin qabağında dayanır) Mama, bu qız kimdi?
A n a. Şəmil, adə bir dayan görüm, axı söz soruşuram!
A t a. Şəmil, bura gəl!
D e v i t b e (əsgər yerişi ilə Ataya yaxınlaşır) Razreşite abratitsa, tavariş mayor bəy!
A t a (əmr edir) Farağat!
C ə m i l. Bu ki, lap devitbe olub!
D e v i t b e. İxtiyarın yoxdu, papa, mən özüm batalyon komandiriyəm! (Yenə də addımlayıb Cəmilin qabağında dayanır) Mama, de də bu qız kimdi? Al də onu mənə! Yox, indi yox, mən hələ vuruşmalıyam! Axı orda mənim batalyonum var. Devitbelər batolyonu deyirlər bizə. Dünən İvan Petroviçin zemlyankasını partlatdıq.
A t a. İvan Petroviç kimdi, İzzət?
A n a. Baş həkimdi.
D e v i t b e. İvan Petroviç yaralandı, zemlyankası tamam dağıldı. Məni əsir götürmək istədilər, qaçdım. Hamımız qaçdıq. Mama, al də bu qızı mənə, batalyonda şəfqət bacısı yoxdu, hamı kişidi. Marş irəli hey!
A t a (hər iki əli ilə öz başına qapaz salır) Öl, İzzət Nəfisli, öl!
A n a. Niyə mən ölüm, adə? Mən ölsəm ağ günə çıxacaqsız?
A t a. Səni denirəm, İzzət, özümü deyirəm.
D e v t b e (əsgəri yerişlə Ataya yaxınlaşır) Tavariş general bəy, razreşite abratitsa!
A t a. Davay, abraşşaysya!
D e v i t b e. Buraxın məni! Buraxın, mənim gizli əməliyyatım var! (Ora-bura qaçır). Buraxın! Biz onları məhv etməliyik! İrəli! Batalyon! İrəli!!! (Qaçıb səhnədən çıxır).
A n a (ağlayır) gül kimi uşaq nə günə düşdü!
C ə m i l. Dəlixanada adam dəli olar də!
A t a. Gördün? Sən də ora getmək istəyirdin. Ağzınız isti yerdədir.
A n a. Atan düz deyir, naşükürlük eləməyin. İndi gül kimi qızsan, özün də evdə, gözümüzün qabağında.
C ə m i l. Qız da varsan, arvad da! (Hirslə gedir).
A n a. Gör nə çıxır özündən!
A t a. Bunların dərdi öldürəcək bizi (gedir).
A n a. Ona görə bala bəla sözünə oxşayır də!
Qapının zəngi çalınır.
Görək indi nə sürpriz gözləyir bizi?!

Ana qapıya sarı gedir və qapını açır. Zabit içəri daxil olur. Ana qorxmuş
vəziyyətdə dalı-dalı geriləyir.

Z a b i t. Bura İzzət Nəfislinin evidir?
A n a. Bbbəli... İzzət Nəfislinin evidir.
Z a b i t. Bəs özü hanı?
A n a. Necə yəni... İzzət Nəfisli mənəm də!
Z a b i t. Necə yəni mənəm? Dolamısınız məni?
A n a. Allah eləməsin, mmmən... Sizə hansı İzzət Nəfisli lazımdır?
Z a b i t. Allahu-əkbər! Xanım, bu evdə neçə İzzət Nəfisli var ki?
A n a. Üç! Yox, iki! iki İzzət Nəfisli var!
Z a b i t (qadına şübhə ilə baxır) Sizin ağlınız başınızdadır?
A n a. Əlbəttə başımdadır! Bu evdə üç... yox, iki İzzət Nəfisli var.
Z a b i t (daha çox şübhə ilə) İkisi də nazir vəzifəsindədir?
A n a. Əlbəttə... yox, biri nazirdir, o biri də...
Z a b i t. Heç nə başa düşmürəm.
Devitbe marşla gəlir və səhnəni dörd dolanır.

D e v i t b e. Marş irəli, hey! Marş irəli hey! Azərbaycan əsgəri!
Z a b i t. Bu kimdir, bu da İzzət Nəfislidi?
A n a (ağlamsınır). Yox, bu mənim böyük oğlumdur. Devitbe Nəfisli... toyes, Şəmil Nəfisli! İnstitutu bitirən kimi... başına hava gəldi. Kiçik oğlum Cəmil də... (hönkürür). Mən bədbaxt anayam...
Z a b i t. Ağlamayın, xanım, özünüzü ələ alın. (Bloknot çıxarıb nəsə qeyd edir).
A n a. Kişi də dözmədi bu dərdə, düşdü yorğan-döşəyə.
D e v i t b e. Marş irəliŞ hey! Marş irəli, hey! Azərbaycan əsgəri! (Gedir)
A n a. Ana qəlbi dözərmi bu dərdə?
Z a b i t. Rica edirəm, ağlamayın, mən qadının göz yaşlarına dözə bilmirəm.
A n a. Hansı qadının?
Z a b i t. İstənilən qadının. Siz də ağlamayın, biz sizə kömək edərik, humanitar yardım göndərəcəm sizə.
D e v i t b e (Hərbi marşla gəlir və Zabitin qabağında dayanır). Razreşite abratitsa, tavariş... (duruxur).
Z a b i t (dalı-dalı qapıya çəkilir) Mütləq humanitar yardım göndərəcəm... (Qaçaraq çıxır).
D e v i t b e. Getdim, mama, hey! Getdim, mama, hey! Azərbaycan əsgəri! (Marşla gedir).
A n a. Şəmil! Adə, bir dayan görüm! Ay allah, bu hara getdi bu sifətdə? Devitbe, dayan!
A t a (Gəlir. Əynində ev xalatı var). Nə olub, İzzət, bu nə hay-haraydı? Nə gubbultudu? Bura evdi, ya meydan?
A n a. İndi meydandı, izzət!
A t a. Demirsiniz bu evdə xəstə var?
A n a. Xəstə kimdi?
A t a. Xəstə mənəm, İzzət xanım!
A n a. Durduğun yerdə sən niyə xəstələnirsən?
A t a. Düşmür də bizə yalandan xəstəlik kağızı almaq. Bizə fırıldaq düşmür! Təzyiqim qalxıb kəlləçarxa, başımda elə bil avtomat atırlar.
C ə m i l (gəlir) Mama...
A t a. Birinə dəlilik kağızı düzəltdik, həqiqətən oldu dəli. O birinə yalandan qız dedik, döndü oldu qız!
C ə m i l. Mama, bu nə deyir? Sən demisən ona? Cırım töküm bu paltarları, lüt gəzim?
A n a. Lüt gəzim nədi, Cəmil? Indicə vayenkamatdan gəlmişdilər.
A t a. Necə, vayenkamatdan? Evim yıxıldı, fələk! Bunu gördülər?
A n a. Yox. bunu yox, amma Devitbeni gördü, tez də getdi. Hə, dedi ki, humanitar yardım göndərəcəm sizə.
A t a. Sən də dəli oldun, İzzət? Biz humanitar yardımı neynirik?
C ə m i l. Bəlkə dolayıb bizi?
A n a. Sizi bilmirəm, amma məni dolaya bilməz! Məni heç sənin aton da dolaya bilmədi, qızım.
C ə m i l. Demə mənə “qızım”, demə!
A n a. Dedi ki, bir oğlu dəli olan, biri də qız çıxan bədbaxt anaya humanitar yardım düşür.
A t a. Niyə qeyrət səni boğmur, İzzət Nəfisli? Gör nə günə qalmısan ki, qapına komisiya gəlir, ailənə humanitar yardım kəsirlər. Şərəfini tapdalayıb üstündə şalaxo oynayırlar. (Gedir).
C ə m i l. Qorxuram bizi ifşa eləsinlər, mama.
A n a. Bəs biz qorxmuruq?

Qapının zəngi eşidilir.

C ə m i l. Yenə kimdi görən?
A n a. Allah... allah...
C ə m i l. Mən dəli olacam, mama! (Tələsik gedir).
A n a. Allaha pınah! (Qapıya sarı gedir) Aaa... sizsiniz? Nə əcəb?
Qabaqda Ana, arxada Elçikişi və Elçiqadın gəlir.
Nə yaxşı gəldiniz, sizdən çıxmaz iş!
E l ç i q a d ı n. Demə, demə... Elə mən də səninlə bayaqdan öz-özümə dərdləşirdim. Neçə gündür yığışırıq gələk sizə, nəsə çıxır qalırıq. (Ərinə) Sən niyə danışmırsan Qədir bəy?
E l ç i k i ş i. İzzət müəllim bəy hardadır? Evdədirmi? Eşitdim bir balaca azarlayıb, Nəyidi?
A n a. İndi yaxşıdı. Qan təzyiqidi də, qalxır, enir. Gedim çağırım, kabinetindədir.(Gedir).
E l ç i q a d ı n. Bax, sən danışma, sözü mən özüm açacam.
E l ç i k i ş i. Niyə, mənim dilim yoxdu, ya pəltəyəm?
E l ç i q a d ı n. Sən danışanda aləmi qatırsan bir-birinə. Bir də bu, arvad sözüdü, sən bilməzsən.
E l ç i k i ş i. Nə deyirəm? (Ətrafa boylanır) maşallah, yaxşı ev-eşiyi var, amma bu təzə hökümət qurulandan qazdan düşüb. Yaman yığıblar əl-ayağın.
E l ç i q a d ı n. Demə, nə qədər olmasa da bu, İzzət Nəfislidi! Elə onun adı-sanı bəsdi bizə.

Ata və Ana gəlir. Atanın narazı olduğu dərhal görünür.

A t a. Xoş gəlmisən, Qədir bəy! Nə yaxşı bizi yad elədin? Nə mutlu ki, unutmamısınız bizi.
E l ç i k i ş i. İzzət bəy müəllim, vallah sən həmişə mənim xatirimdəsən. İstədim bir əvvəl işə gəlim, yanına, dedilər xəstəsən. Çox nigaran qaldım, dedim, Zəhra xanım gedək bəyə evində dəyək, sonra gec olar. Dünya ölüm-itim dünyasıdır də, gərək bir-birimizi axtaraq, arayaq.
A t a. Çox sağ ol, Qədir bəy, çox təşəkkürlər!
E l ç i q a d ı n. Bəs nədir?! Dost-dosta nə gündə gərəkdir? Vallah, İzzət müəllim Qədir bəy hər gün evdə sizdən söz salır. Deyir əvəzsiz kadr, yaxşı mütəxəssis, gözəl təşkilatçıdır.
A t a. Təşəkkürlər, təşəkkürlər...
E l ç i q a d ı n. Keç mətləbə, vaxtdır!
E l ç i k i ş i. Mən niyə? Demədin sən danışacaqsan?
E l ç i q a d ı n. Arvad çox şey deyər.
A t a. Sən çağırmısan bunları?
A n a. Yox a, zəhləm gedir ikisindən də.
A t a. Bilmirsən nəyə gəliblər?
A n a. Bilmirəm, qaş-qabaq da tökmə! Indi biz camaatı özümüzdən incitməli deyilik. Bəlkə eşidib gəliblər, qəsdən, yoxlamağa. (Qonaqlara) Gedim çay gətirim!
E l ç i q a d ı n. Aaa... sən niyə İzzət xanım? Qız evdə yoxdu? Deyin o dəmləsin, o da gətirsin.
A t a. Qiz kimdi, İzzət? Bizdə qız var?
A n a (yalandan gülür). Ha-ha-ha... Niyə yoxdu, İzzət? Bəs Cema? Heç cür alışa bilmir.
A t a. Həəə... Nə bilim vallah, o qədər qəribə hadisədir ki!
E l ç i q a d ı n. Qəribə niyə olur, İzzət bəy?
E l ç i k i ş i. Görünür, a Zəhra, İzzət bəyin bu məsələlərdə təcrübəsi yoxdu. İndi kişinin qadın olması, qadının kişiyə çevrilməsi elə də qəribə hadisə deyil.
A n a. Özü də bu müharibənin tüğyan elədiyi vaxtda?
A t a. Müharibənin nə dəxli var, İzzət xanım?
A n a. Biri görürsən mıx üstə yeriyir, biri dəmir yeyir, pişik adam kimi dil açıb danışır. Hər şey olur bu dünyada.
A t a. Həmişə doğru deyir!
E l ç i q a d ı n. Uşaq evdədir?
A n a. Uşaq? Uşaq kimdi?
E l ç i q a d ı n. Cəmiləni deyirəm də! Cemanı!
E l ç i k i ş i. Zəhra xanım, mən ölüm, Cema demə! Cəmilə! Necə gözəl addır: Cəmilə!
A t a. Lənət sənə şeytan dayna!
E l ç i k i ş i. Cəmilə Nəfisli! Allah qoymadı arzumu ürəyimdə.
E l ç i q a d ı n. İzzət xanım, siz allah, qulaq verin! O hansı arzudur elə, Qədir bəy?
A n a. Zəhra xanım, bəlkə sirdir, heç bizə deməli deyil?
E l ç i k i ş i. Xeyr, İzzət xanım, sirr deyil, amma hər sözün öz məqamı var. Allah qoysa, söhbətimiz baş tutsa deyəcəm, açacam bütün sirlərimi.
A n a. Niyə, nöşün? Lap intriqavat elədiniz bizi. Gedim çay gətirim.
A n a. Sən də gedirsən get də, üçüncü dəfədir xəbərdarlıq eləyirsən.
E l ç i k i ş i. İzzət xanım, əgər bizi sevindirmək istəyirsinizsə, qoyun çayı Cəmilə gətirsin.
A t a. Cəmilə? Cəmilə...
A n a (Ataya pıçıldayır) Özünü ələ al, İzi! Bəlkə deyəsən ki, Cəmilə qız deyil, hamısı uydurmadır? Xalqa kələk gəlmişik? (Qonaqlara). Cəmilə hələ çay gətirə bilməz, o uşaqdır, həm də...
E l ç i k i ş i. Bizə qəbuldur, İzzət xanım! Qoy səni öpüm İzzət!
A n a. Məni? Niyə? Nöşün?
A t a. Bu nə deməkdir, Qədir bəy?
E l ç i k i ş i (qəhqəhə ilə gülür). İzzət... İzzət xanım... Mən sizi yox, əstafurullah, qardaşımı öpmək istəyirəm.
A n a (çaşqındır) Yox, mən...
E l ç i k i ş i (qalxıb Atanı bərk-bərk öpür) İlahi, sən məni bütün arzularıma ha belə çatdır! İndi əyləşin, İzzət xanım, siz də oturun, xahiş edirəm, sözüm var. Əgər sonra məsləhət olsa çay da içərik.
A n a. Niyə? Nöşün?
E l ç i k i ş i. İzzət müəllim bəy, İzzət xanım, bu dünya ki var, onu yaşadan kişi və qadındır. Qoşa qanaddır kişi ilə qadın, çünki quş tək qanadla uça bilməz! Yəni kişi qadınsız, qadın da kişisiz uça bilməz.
A t a. Çox dərin kəlamdır!
E l ç i q a d ı n. Qədir bəy, indi sən bizə biologiya dərsi keçəcəksən?
A n a. Dəyməyin, Zəhra xanım, yaxşı sözlərdir, qoy danışsın.
E l ç i k i ş i. Təşəkkür edirəm, İzzət xanım, zər qədrini zərgər bilər. Qoşa qanad quşu qaldırdığı kimi, kişi ilə qadın da təyyarəni qaldırır.
A n a. Aaa... kişi ilə qadın qaldırır təyyarəni?
A t a. Sus, İzzət, qoy quşlarını uçurdub getsinlər!
E l ç i k i ş i. Təyyarənin bura nə dəxli var, İzzət xanlm? Qoşa qanad təyyarəni qaldırdığı kimi , kişi ilə qadın da təyyarəni qaldırır.
E l ç i q a d ı n. Qədir, sən nə sarsaqlayırsan?
E l ç i k i ş i. Qatıxladım deyəsən, Zəhra!
E l ç i q a d ı n. Əşi, sözün var söz danış də! Quşun, təyyarənin, peykin bura nə dəxli var? O gözəl arzundan danış də!
E l ç i k i ş i. Elə ora gətirirəm də, Zəhra, mafar ver! Hə, deməli, təyyarəni göyün yeddi qatına qaldıran qoşa qanad...
E l ç i q a d ı n (qətiyyətlə). Dayan Qədir, sən çox yuxarıdan uçdun, gərək elə özüm uçaydım. İzzət bəy, İzzət xanım! Bizi sizin qapınıza gətirən oğlumuz Bədirin...
E l ç i k i ş i. Atamın adıdır!
E l ç i q a d ı n. Bəli, oğlumuz Bədirin sizin əziz qızınız Cəmiləyə olan məhəbbətidir.
A t a. Öl, İzzət, öl!
A n a. Aaa... Sizin Qədir bizim Cəmiləni nə vaxt gördü ki, vurulsun da?
E l ç i q a d ı n. Qədir yox, Bədirdi oğlumuzun adı. Qızı hələ görməyib, amma oğlan vaxtından tanıyır onu. Deyir, mama, Cəmil məktəbimizin ən gözəl oğlanıydı.
E l ç i k i ş i. Elə o vaxtdan istəyir onu.
E l ç i q a d ı n. Cəmiləni deyir.
A t a. Axı necə o vaxtdan istəyə bilərdi, onda o hələ oğlanıydı, Cəmildi?!
E l ç i q a d ı n. İzzət qardaş, siz niyə təəccüblənirsiniz? Burda nə var ki?!
A n a. Niyə? Nöşün? Heç cür alışa bilmir bu həqiqətə.
E l ç i q a d ı n. Heyif deyil qız?! Kaş mənim də beş oğlumdan biri dönüb qız olaydı!
E l ç i k i ş i. İzzət, qardaş canı inciyərəm səndən! Mən deyirəm arzuma çatmışam, sən də... Ə, bir soruşun də bu nə arzudu?
A t a. Sən də! Mənim öz dərdim özümə bəsdi!
E l ç i k i ş i. Dərd nədi, ə? Bu allahın işidi ey, allah eşitdi səsimi. Deyirdim, yarəbb. Kaş İzzət Nəfislinin kor, şikəst, lap qozbel bir qızı olaydı, alaydım böyük oğlum Bədirə, olaydıq qohum.
A n a. Niyə kor, qozbel? Məgər Bədir şikəstdi?
E l ç i q a d ı n. Şikəst niyə olur, izzət xanım? Maması qurbanın bir boyu var o qapıdan keçməz. Yeriyəndə yer titrəyir ayaqları altında.
A n a. Bəs nə əcəb əsgər aparmayıblar?
E l ç i q a d ı n. Aaa... Atası ölüb bəyəm? Kişi bir invalid kağızı alıb, bir ayağı yoxdu.
A n a. Doğrudan yoxdu?
E l ç i q a d ı n. İraq olsun, ayağına nə gəlib? Qırx beş razmerdi! Amma qoyarammı bir parça torpağa görə şəhid olsun orda? Demişəm Qədirə, o beş oğuldan birini aparalar ha cəbhəyə, ya özümü öldürrəm, ya da səni!
A n a. Eşitdin, İzzət? Sən də durub...
A t a. Öldürmə məni, İzzət, onsuz da ölmüşəm.
E l ç i k i ş i. Həəə... deyirəm qardaşım məni əli ətəyindən uzun qaytarmaz qapısından.
E l ç i q a d ı n. Vallah onu ovcumun içində, gözümün üstündə saxlayacam. İzzət xanım soruş gör nələr almışam ona?
A n a. Bilirsiniz, Zəhra xanım, zəmanə qarışıqdır... Cəmilə hələ uşaqdır.
E l ç i k i ş i. Necə yəni uşaqdı? Mən bilən hələ vaxtından da bir az ötür. Qurtarmayıb qız institutu?
A n a. Bilirsiniz... iyirmi iki yaşı olsa da Cəmilə uşaqdır, ev oğlanı... qızıdır. Hələ tezdir.
E l ç i q a d ı n. Neynək, biz tələsmirik, gözləyərik, amma barmağına bir xatircəmlik üzüyü taxaq ürəyimiz sakit olsun. Bilək ki, qız bizimdi.
A t a. Başa düşün, bu mümkün deyil!
A n a. Niyə İzzət, nöşün?
A t a. Niyəsini-nöşününü bilmirsən, İzzət? Da eta je absurd! Cəmil ərə gedə bilməz!
A n a. Biz demirik ki, bu saat Cəmiləni veririk gedir. Ümumi razılığa gəlirik, ad eləyirik... (pıçıldayır). Qoy rədd olub getsinlər də!
A t a. Bilmirəm, İzzət, özün bilən məsləhətdir.
E l ç i k i ş i. Razıdır!..(Qalxıb Atanı bərk-bərk öpür). İzzət bəy! İzzət xanım! İcazə verin bu gündən sizə quda deyim!
E l ç i q a d ı n. Allah mübarək eləsin! İndi İzzət xanım gəlinimiz çay gətirsin, özü də şirin!
A t a. O bilməz, izzət!
E l ç i k i ş i. Mən ölüm, inciyərəm! Qoy qız özü gətirsin, həm də görək gəlinimizi. (Oxuyur). Cəmilə qızım, Cəmilə! Mənim ağ göyərçinim...
A n a. Bu saat! (Gedir).
E l ç i k i ş i. Zəhra, bir ağlına vur! Qədir Bədir oğlu İzzət Nəfisli ilə qudadır! Düşmənlərimin bağrı çatlayacaq, inşallah! İlahi, şükür kərəminə, arzumu gözümdə qoymadın. (Kövrəlir, dəsmalını çıxarıb gözlərinə sıxır).
A n a (gəlir) Bir təhər razı saldım. Utanır adam arasına çıxmağa.
E l ç i k i ş i. Nahaq yerə! Bu gündən biz də oluruq onun atası və anası. Mənə papa deyəcək, Zəhraya mama.
A t a. Partla ürəyim, partla!
Qapının zəngi çalınır.

E l ç i q a d ı n. Gələn var, ayağımız yüngüldü, indi hamı töküıüşüb gələcək.
A n a. Bu saat, görüm kimdi?
E l ç i k i ş i. Kim istəyir, qoy gəlsin, mən arzuma çatmışam! (Qalxıb Atanı bir də öpür). İnana bilmirəm, İzzət bəy, məni qınama.
A t a. Nə bilim, vallah...
E l ç i k i ş i. Vallah, başa düşürəm səni, qınamıram da, amma... Yox, bir də öpəcəm! (Atanı öpür).
A t a (müqavimət göstərir) Bəsdi də! Oğlu oğlimi öpəcək, özü də məni!

Cəmilə gəlir və güllə kimi otağı dolanır. Ana da onun dalınca gəzir.

C ə m i l ə. Hanı o? Harda gizlətmisiniz onu? Bunlar kimdi?
A n a. Qızım, sakit ol, bir qulaq as mənə.
C ə m i l ə. Başa düşün, mən onsuz yaşaya bilmirəm. İstədim unudum onu, bacarmadım. Verin onu mənə, bu saat verin!
A t a. Qızım, sakit ol, özünü ələ al Cəmilə.
E l ç i k i ş i. Cəmilə? Budu bizim gəlinimiz?
E l ç i q a d ı n. Axı bu heç Cəmilə oxşamır, boyu da gödəkdir. İzzət xanım, bu qız kimdir? Adı da Cəmilə?
C ə m i l ə. Əgər onu mənə verməsəniz özümü öldürəcəm!
A t a. Cəmilə, qızım...
C ə m i l ə (atanı qucaqlayır) Mən onsuz yaşaya bilmirəm! Onsuz həyat gözümdə qaralıb. Onun qız olmağa ixtiyarı yoxdu!
A n a. Sakit ol, Cəmilə, qismətdən artıq yemək olmaz, qızım. Dünyada o qədər yaxşı oğlanlar var ki! İnşallah, sən də öz qismətinə qovuşacaqsan.
C ə m i l ə. Heç vaxt! Mən onu sevirəm, yalnız onu!
A t a. Daha o Cəmil yoxdur, qızım, indi onun əvəzində daha bir Cəmilə var. İki Cəmilə! Bir cüt Cəmilə!
E l ç i k i ş i. Mən heç nə qanmıram, Zəhra. Necə yəni iki Cəmilə? Bir oğlandan iki qız qayrıblar? Zəhra, niyə dillənmirsən?
E l ç i q a d ı n. Zəhra kimdi? Axı mən... İki İzzət, iki Cəmilə... Bir Bədir...
C ə m i l ə. Mən onu sevirəm! (Çağırır) Cəmil! Cəmil!!

Cəmil podnosda çay gətirir. Naşı olduğundan bütün fikri podnosdadır.
Hiss olunur ki, heç kəsi, heç Cəmiləni də görmür. Çox gərgin yeriyir.
Cəmilə qız paltarında, əlində podnos oğlanı görüb mat qalır.
E l ç i k i ş i. Odur! Mənim gəlinimdir!
E l ç i q a d ı n. Əlbəttə odur! Necə gözəldir!
A n a. Ehtiyatlı ol, qızım.
A t a. Kor ol bəbəklərim, yumul gözlərim!
C ə m i l ə (qışqırır). Cəmil!!!
Cəmil bərk diksinir, əlində çay qarışıq podnos titrəyir.
C ə m i l. Cəmilə?!

Cəmiləyə tərəf getmək istəyir, ayağı büdrəyir, üzüüstə yıxılmamaq üçün
Mübarizə aparır. Bədəninin ətaləti onu harasa aparır. Yıxılmamaq üçün
göstərdiyi hər yeni təşəbbüs qonaqları qorxudur. Nəhayət Cəmil əlində
podnos qarışıq qonaqların üstünə yıxılır. Haray-qışqırıq...

E l ç i k i ş i. Yandım!
E l ç i q a d ı n. İzzət xanım!
C ə m i l (qalxır). Cəmilə?! Sən də burdasan?
C ə m i l ə. Yaxın gəl!
C ə m i l. Bağışla məni, cema!
C ə m i l ə. Qorxaq! Dezertir! Çay paylayırsan? Ərə gedirsən? (Möhkəm şillə vurur).

Hamı içini çəkir.

A t a. Vur! Bərk vur, qızım!
C ə m i l. Qulaq as mənə, Cəmilə!
C ə m i l ə. Mən sənə qulaq asmayacam! Məni qızlar maraqlandırmır! (Bir də vurur).
E l ç i k i ş i. İzzət, bu nə deməkdir?
E l ç i q a d ı n. Siz buna necə dözürsünüz? Kimdi bu qız, İzzət xanım? Bunların hansı Cəmilədir?
A n a. Bilmirəm, mən heç nə bilmirəm! Saxla onu İzzət, öldürdü qızı.
C ə m i l. Vur, Cəmilə, vur, mən sənə xəyanət eləmişəm.
C ə m i l ə. Sən tək mənə yox, hamıya xəyanət eləmisən! Əgər mənim bu şillələrim səni ayıltmasa, təzədən dönüb kişi olmasan, özüm alacam səni. Kişiyə dönüb özüm alacam, heç kəsə verməyəcəm! (Gedir).
C ə m i l. Dayan, Cəmilə! Dayan, Cema!!
A n a. Çağırma, qızım, qoy getsin.
C ə m i l. Saxla onu, mama, saxla!
A n a. Sakit ol, qızım! (Pıçıldayır) Qoy bunlar getsinlər, sonra hər şeyi danışarıq. (Bərkdən). O getməliydi, qızım, getməliydi.
C ə m i l. Daha dözə bilmirəm, mama, mən onu sevirəm.
E l ç i k i ş i. Heç nə başa düşə bilmirəm, hamı qarışıb bir-birinə.
E l ç i q a d ı n (Cəmilə yaxınlaşır). Mən səni ağzımın içində saxlayacam, qızım.
C ə m i l ə. Toxunmayın mənə!
B i b i (tələsik gəlir). Hanı, az, mənim qardaşım? İzzət, burdasan, bajın ölsün qutersın? Nə sözdü, ə, yayılıf bütöy şəhərə?
A n a. Elə bir sən çatmırdın burda!
B i b i. Sənnən dəyiləm, bajı, mənim sözüm qardaşımadı. Niyə dillənmirsən, ə, İzzət? Arvaddan qorxdun?
A n a. Yenə qoydu köhnə valı.
A t a. Nə söz, az, Suqra? Noolub yenə? Nə eşitmisən?
B i b i. Yox ey, məni özünə yaraşdırmadın? Qızı yadlara verincə, elə verəydin dayna mənim balaca gədəmə. Əslinə-nəslinə bələd olmadığın, küçədən keçənin birinə qız verərlər?
E l ç i q a d ı n. Kimdi küçədən keçən, Qədir? Bizi deyir?
E l ç i k i ş i. Yəqin səni deyir.
B i b i. İzzət, sən mənim kimi bajını verirsən yad qızının əyağına? Bəs demirsən ki, mənim öfkəm çatlıyar? Bəs demirsən ki... (Ağlayır).
A n a. Az, bibi, sənin ağlın çaşıb? Sən də yadsan, özgəsən ki, bu xəyala düşürsən?
B i b i. Yox ey, mənim oğlum kimin ağıldan zayıl, bir əyağı da şikəst oğlundan əskikdi?
E l ç i q a d ı n. Kimi deyir o, Qədir? Bizim Bədir şikəstdir, ya ağıldan zaydı? Noolsun ki, on yaşında dil açıb, indi, maşallah, tutuquşu kimi dil-dil ötür.
E l ç i k i ş i. Mən dən heç nə soruşma, Zəhra, mən bu haqq-hesabdan heç nə qanmıram.
A t a. Az, Suqra, mənim qızım var?
B i b i. Bəs mən nə deyirəm?
E l ç i q a d ı n. Qızı yoxdu deyir? (Cəmili göstərir) bəs onda bu kimdi?
E l ç i k i ş i. İt oğluyam, əgər bir şey qanıramsa! İzzət müəllim bəy, bir məni başa sal görüm bu nə oyundu? Bizi dolamısan, bu aydın! Bəs sən bu boyda höküməti də dolamısan?
A n a. Bədir qardaş, Zıhra bacı, siz narahat olmayın, sözümüz sözdür, sadəcə qızın istəyəni çoxdu. Eşitməmisiniz qız ağacı qoz ağacı, hər yetən bir salba atar?
B i b i. Eşitdin, İzzət? Mən bildiyimi bilirəm axı... Təkcə bajını, kəsik bajını, yetim bajını... (ağlayır).
E l ç i k i ş i. Onda biz gedək! İzzət bəy, sözümüz sözdür.
E l ç i q a d ı n. Mən gəlinimi heç kimə vermərəm!
B i b i. Maa ajıx verir ey! (Ağlayır).
A n a. Yaxşı yol, sağ-salamat!

Cəmilə əsgər paltarında gəlir. Elçilər ayaq saxlayırlar.

C ə m i l ə. Hanı Cəmil? Yox, Cəmilə hanı? Cəmilə Nəfisli?
A n a. Vaxsey, vayenkamatdı!
E l ç i k i ş i. Bu əsgər bizim gəlini niyə soruşur?
A t a. Yox, mən dəli olmalıyam!
C ə m i l ə. Ah, burdadır! (Cəmilə). Dedim, kişi olub gələcəm?
C ə m i l (tanıyır). Sənsən, Cema? Nə yaxşı gəldin! Mən səni sevirəm, yalnız səni!
E l ç i k i ş i. Bu lap ağ oldu, Zəhra, bu gəlin kimi görür deyir sevirəm səni.
E l ç i q a d ı n. dayan, adə, bu elə həmin qızdı deyəsən.
C ə m i lə. Əgər sən məni sevsəydin bu murdar qız paltarını əyninə almazdın!
C ə m i l. İnan, Cəmilə, bilmirəm necə oldu bu oyuna qoşuldum.
A n a. Niyə? Nöşün, Cəmil...ə!
C ə m i l ə. Neynək, mən də qoşuluram sizin oyuna! Qız deyilsən sən? Alıram da səni.
C ə m i l. Sən Cəmil?
C ə m i l ə. Sən də Cəmilə?
C ə m i l. Yox, Cəmilə, mən Cəmilə deyiləm, Cəmiləm, səni də sevirəm! (qəfil qucaqlayıb qızı öpür).

Hamı təəccüblə içini çəkir.

C ə m i l ə (Cəmildən aralanır) Burax!
C ə m i l. Sevirəm səni, Cema! Ölürdüm ey sənsiz. (Yenə öpməyə təşəbbüs edir).
C ə m i lə. Dayan! Bir özünə bax! Bu görkəmdə səni sevmək olar? Soyun! Bu saat soyun, bu adamlara de ki, sən kişisən, özü də ancaq sevmək, evlənmək üçün kişi deyilsən, həm də vətən uğrunda vuruşmaq, döyüşmək, torpağı qorumaq üçün kişisən! Mən yalnız belə kişini sevə bilərəm!
C ə m i l. Cəmilə...
C ə m i l ə. Bu saat soyun!
E l ç i k i ş i. Mən qana bilmədim, bunun hansı kişi, hansı arvaddı?
C ə m i l ə. Soyun, Cəmil! Yoxsa özüm soyunduraram səni.
A n a. Yox. yox!
C ə m i l. Onda sən də soyun!

Hamının yetik baxışları altında Cəmillə Cəmilə soyunur və soyunduqca da
paltarlarını bir-birlərinə verirlər. Nəticədə qız qız paltarında, oğlan əsgər
paltarında qalır.

B i b i. Cəmil?! Buy bibin boyuna qurban!
E l ç i k i ş i. Bax indi bildim ki, bu oğlandı, o da qızdı.
E l ç i k i ş i. Gəl dalımca, adam burda çox qalsa ya arvada dönər, ya da kişiyə. Nə qədər ki, salamatıq gedək.
İ n t i m (Gəlir). Hanı Cəmilə Nəfisli? Hardasan Cəmilə? Hardasan?
C ə m i l ə. Bu kimdir? Cəmilə mənəm!
İ n t i m. Mənə siz yox, Cəmilə Nəfisli lazımdır.
C ə m i l ə. Dedim mənəm də! Sizə nə lazımdır?
İ n t i m (Məcnun kimi geriləyir). Yox, yox... Siz o Cəmilə deyilsiniz... mənə öz Cəmiləm lazımdır. Ah, Cəmilə, axı mən dedim sənə. eşqimə cavab verməsən Məcnun olub düşəcəm çöllərə? Budur mənim Məcnunluğum. (Bibiyə yaxınlaşır). Göstərin mənə öz dilbərimi, öz Cəmiləmi.
B i b i. Əynə dur, ə! Bu ifləmə kimdi, İzzət? Mənnən nə istiyir?
C ə m i l. Mən onu tanıyıram, adı İntimdir.
B i b i. İtim nədi, ə? Adam balasına İtim ad qoyar?
İ n t i m. Cəmiləəə...
E l ç i q a d ı n. Dəlixanadı bura, Qədir, gedək!
E l ç i k i ş i. Bir dayan görək, axırda oğlan qızı alır ya yox?
İ n t i m. Cəmiləəə...
B i b i. A bala, sən dediyin disqateykadadı. Yeri get ora!
İ n t i m. (Cəmilə yaxınlaşır) Sən onu bana hatırladırsın.
C ə m i l. Sən tanıyan Cəmilə Nəfisli daha yoxdur, var Cəmil Nəfisli!
C ə m i l ə. Niyə yoxdur, şəhərimizdə də, elə kəndlərimizdə də qorxub Cəmilə olanlar çoxdur. Axtarsan tez taparsan!
İ n t i m. Yox, yox, mən könlümü hər Cəmiləyə verə bilmərəm. Mənə öz Cəmiləm, öz Nəfislim lazımdır. Cəmiləəə... (oxuya-oxuya gedir).
C ə m i l. Bu bədbaxt Məcnun bir il bundan qabaq qəşəng bir qız imiş.
E l ç i q a d ı n. Başladılar yenə adamı çaşdırmağa.
E l ç ui k i ş i. Mən bu oyunu heç qanmadım, amma yaxşı qurtardıq.
B i b i (İntimin dalınca) Ağrım heylə kişinin ürəyinə! Kişinin səsi gələndə adamın bağrı yarılmadısa o nə kişidi?!
Z a b i t (əvvəl səsi gəlir, sonra özü). Farağat!!!

Səhnədəkilərin hamısı diksinib farağat dayanırlar.

B i b i. Bissimillah! Bağrım yarıldı, az!
Z a b i t. Cəmil Nəfisli!
C ə m i l. Mən!
Z a b i t. Yerini tut!
C ə m i l. Oldu! (Əsgəri yerişlə irəli çıxır).
Z a b i t. Addımla cəbhəyə marş!
C ə m i l. Oldu! (Yerində hərbi qaydada yeriyir).
Qalan iştirakçılar arxadan sıraya düzülürlər.
A n a. Cəmilə, oğlum, özünü qoru!
A t a. Cəmil, kişi kimi vuruş, qızım!
B i b i. Sən qaçax Nöyüsün nəslindənsən, bibi qurban!
C ə m i l ə. Cəmil, gözləyəcəm səni! Hər gün gözləyəcəm, hər axşam gözləyəcəm!

P Ə R D Ə

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG