Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:24
-

Müəllifin izacəsi ilə on-line kitabxanaya daxil edilib.

Vaqif BƏHMƏNLI


TƏK

I

Əkizə də Tanrı tikir damı tək,
Hər adamın dad alıbdı tamı-tək.
Hamı təkdi bu dünyada, hamı, tək!
Mən də təkəm, mən də təkəm, hamı tək...

Hər kimsənin payı ayrı camı tək,
Südü ayrı, damarının qanı tək...
Oğrun-oğrun daşıyıram canı-tək
Başlar kəsib, suçlar yığan cani tək!

II

Nə bir əl,
nə bir ətək -
tək...
tək...
Nə qədər tək,
nə qədər tək, İlahi?

Ot kimi,
od kimi,
at kimi,
it kimi...
Nə qədər,
nə qədər tək, İlahi?
Bilirəm;
divarlar var!
Bilirəm;
səndə güc var -
göydən düş,
yerdən çıx,
Lap elə məndən,
mənim özümdən dikəl;
gəl...
gəl...
gəl!
Nə qədər,
nə qədər tək, İlahi?

Günəş kimi,
Ay kimi,
Ulduz kimi,
Atasız oğlan,
anasız qız kimi tək!

Bağrım pətək-pətək,
Yanğım tütək-tütək,
Dərdim ətək-ətək,
Canım tək...
tək...
Nə qədər, İlahi,
nə qədər?

Göndər!
Mənə bir
həyan göndər -
söz şəklində yox;
üz şəklində,
göz şəklində,
öz şəklində...

Mənim könül bağım keşik tanımaz
Mənim süzgəc bağrım deşik tanımaz -
Darvaza açaram qarışqaya da...
Hazıram küsməyə, barışmağa da!

Göndər,
göndər -
onu göndər!
Əvvəlim toz,
Bu günüm boz...
Heç olmasa
sonu göndər!
Zülm olarmı bu qədər? -
Tənhalıq da bezar olub
qaçar indi otağımdan...

Nə qədər tək,
Nə qədər tək, İlahi?-
Heç olmasa ölüm göndər;
öpüm qönçə dodağından,
yer eliyim ona təmiz,
əl dəyməmiş yatağımda!


CAN

Daha ağlım kəsir, nədir qandığım
hər anı ağ-qara, haça canımdan?
Mənim baba canım...
nənə sandığı;
Bilirsən nələr var qoca canımda?!

Sarıdı, kürəndi, həbəşdi canım
hamıya bənzərəm...
bənzərim yoxdu.
Xalça, yorğan yüklü fərməşdi canım-
İçimdən kimsənin xəbəri yoxdu.

Dünyanın nə qədər sərvəti varsa
İçimə yığıram, cibim deşikdi.
Mənim qoca canim səbir kasası;
Fəqət səbrim daşmır, dibim deşikdi.

Bir tayı sevincdi, bir tayı qəmdi -
Çiynimdən asılan xurcundu canım.
Çəkər son hesabı əli qələmli
Axirət gününə borcumdu canım.

Yel döyən varlığım beşikli eyvan
Körpələr ağlayır laylalar üçün.
Susuz, quru canım çöllü-biyaban;
Məcnunlar sürünür Leylalar üçün.

Məni tay tutmayın bədbəxt dəliyə,
Qafamı oynadan qeyrət qanıdı.
Ölməyib bir arzum öz əcəliylə,
Bədənim şəhidlər xiyabanıdı.

Deməyin canım qan, qan bir qaşıqdır-
Nə bilər böyrümdən tələsik qaçan?
İçim elə tünlük,
qarışıqdı ki
Canım da az qalır
canımdan qaça...

Bilmirəm körpüsü, səkisi nədi-
Sallanıb keçirəm yolun ağından.
Canımda nələr var, çəkisi nədi? -
Bir az dizim bilir uc-qulağından...

Daha ağlım kəsir... nədir qandığım
Hər anı ağ-qara, haça canımdan
Üstü batıq köksüm nənə sandığı-
Bilirsən nələr var qoca canımda?


QIZILGÜLLƏR VƏ QƏZET

Neçə il öncə əkdyim qızılgüllər...
qönçələrin
dodağı qaçmış;
hamısı açmış...
Dünən oxuyub
eyvanda taxtçanın üstünə atdığım,
bəlkə də
qaçqınlar qalan
ət kombinatının
darvazası yanındakı
zibillikdən küləklə gələn
bir qəzet parçası
ilişib gül şaxına -
Günəşdən yazıları bozarmış,
ağlığı qaçmış...
"Yeni nəfəs"mi,
"Lakin"mi?...

Misraların anlaşılmaz
düzümündən,
bir də zibilə keçən
q ı z ı l g ü l l ə r i n
Peşiman gözündən bilinir ki,
qurama şeirdən
cırıq fraqmentlərdi
şax budaqlara ilişən...

Ehmal bir meh əsir birdən!
canını qoymağa yer tapmayan
qəzet parçasının
həyətin daş axırındakı
toyuq-cücə hininə dürtüldüyünə
baxıb gülürəm mən!
Üz qoyub bir-birinin üzünə
gülür qızılgüllər də...


YARANIŞ

Heç nədən,
heç nədən yaranır şeir;
Çidarlanmayan,
murdarlanmayan,
suda batmayan,
odda yanmayan,
Yoruldum deyib
dizini qatlamayan,
gözünü yumub
bir hovur yatmayan,
aldanmayan,
aldatmayan...

Heç nədən,
heç nədən yaranır şeir!
Alçalmayan,
alçaltmayan
vurmayan,
vurulmayan,
əzilməyən,
əzməyən,
veyil-veyil gəzməyən,
gecəbəgecə
yanını yerə basıb
oturan,
Haqsızlıq qabağında
qılınc kimi
dik duran...
heç nədən,
heç nədən yaranır şeir!

Yalandı günahdan yaranır,
yalandı min ahdan yaranır,
Bir uca taxtdan yaranır,
göydəki Allahdan yaranır -
Heç nədən,
heç nədən yaranır şeir!

Heç nədən,
heç nədən
qupquru sözdən,
dupduru sözdən
yaranır şeir...

ÖLƏNDƏ

Biri deyir guya ki,
ot olub qayıdacaq.
Biri qurd, biri təkə,
it olub qayıdacaq.
Biri topuğu səkil
at olub qayıdacaq...
Qayıtmaq nədi, əşi
Mən öləndə güləcəm.

Damarımda solan qan -
gül ləçəyi - təbəssüm!
Sözümə inanmayan
görüm bu gündən ölsün -
mən öləndə güləcəm...

Zay olan əməyimin
hər birinə münasib,
Fələyin ələyinə,
xəlbirinə münasib,
Tanrının əməlinə,
tədbirinə münasib -
mən öləndə güləcəm...

Kürəyimin donqarı
dəvədi, billəm axı...
Saçlarımın ağ qarı
güvədi, billəm axı...
Kim kimdi, nəkarədi
nə nədi, billəm axı! -
Mən öləndə güləcəm.

Dəyirmanın yel qovan
qara ununa görə,
Üz cıran anaların
qızıl qanına görə,
Şahanə çabaların
miskin sonuna görə
Mən öləndə güləcəm.

Ömür boyu tikilən
suvaqsız hasarıma,
Həyətimdə dikələn
əncirimə, narıma
Qatırlara yük olan
şeir kitablarıma
Mən öləndə güləcəm.

Bərkdən gülsün yaddır kim
Sən də gül yavaş-yavaş,
Məclisdə nə çatmır ki,
o molla, o da ki aş...
Ölsəm dünya batmır ki,
məni qınama, qardaş,
Mən öləndə güləcəm.
Dediyim deyil hədər
Məni şeytan bilməyin
Mən ölən günə qədər
Biriniz də ölməyin;
Görün ki, necə olur
ölənlərin gülməyi...
Mən öləndə güləcəm!


GÜZGÜ

O yana keçib güzgüyə baxıram,
bu yana keçib güzgüyə baxıram,
dönə-dönə qayıdıb güzgüyə baxıram -
üstümdəki nizama,
üzümdəki düzgüyə baxıram.
Qaranlıq səngərə bənzər ağzımda
sıraları seyrələn əsgər dişlərimə,
döyüşkən alnımdakı çapığa,
hər xırda cizgiyə baxıram...
Güzgüyə baxıram -
özüm hanı,
canım hanı,
dostum,
düşmanım hanı? -
elə bil özgəyə baxıram...
nə kökdədi axırım!

Ruhsuz güzgülərə qarışdı başım -
əlimi qaldırıb dualar üçün
göyün güzgüsünə baxmaq yerinə,
aynaların anasına baxmaq yerinə
tərlətdi nəfəsim soyuq aynanı -
o da məni qoydu axmaq yerinə...

İllər boyu
üzümü əlləşdirən,
saçımı didişdirən,
düymələri ilgəklərə ilişdirən,
başımı qarışdıran
bu əclaf güzgü
kirli bir köynək kimi
çırpmaq istəyir deyəsən
məni mənim üzümə!
Düz eləyir güzgü -
düz, lap düzünə...
Gör neçə illərdi
çevirib baxa-baxa
o üzümə, bu üzümə
yaşayıram şüşə qəfəsin
o üzündə -
div canı kimi,
şüşə ilğımında
kobra ilanı kimi...
güzgünün sözü düzdü
qocalıram, düzdü!
Vaxtdı ta... qopmaq gərəkdi
parıltılı,
hırıltılı,
kəkilli,
qırağı "nakleyka" şəkilli
güzgülərdən...
Bütün gözlərdən uzaqlaşmaq
və kiçilmək gərəkdi
qum qədər,
tum qədər,
çətənə qədər!..

Rədd olub
getmək gərəkdi
özüm öz gözümdən
itənə qədər...


DOST, BƏLKƏ DƏ TOST

Sən -
altdan geyinməyib
amma
üstdən qıfıllanmış
bir dostumsan,
əlbəttə,
bu qiyafəyə görə
heç kimi bəyənmək olmaz,
o cümlədən səni.

Amma
hər dəfə səni düşünəndə
bütün meyarlarımın
əli-qolu qırılıb
yanına düşür -
və sidqi-ürəkdən
dost deyirəm sənə.
Hər dəfə
səni görməyim
kimisə görmək deyil sadəcə,
həm də
yaddaşımın ən yaxın
və ən ucqar guşələrin də
işıqlarının
alışıb yanmağıdı...
Hələ indiyəcən
içəri tayında sən olan
elə bir qapı olmayıb ki,
mən onu açanda
əlində nə qədər
əhəmiyyətli iş varsa
heç düşünmədən
bir qırağa tullayıb
məni dinləməyəsən...
Dost demək üçün sənə
nəinki yetərlidi bu,
hələ bir az da artıqdı.


YADDAŞ

Bir gün dünya məni saxlamayanda,
daha qapı açıb, bağlamayanda,
doğmanı, simsarı yoxlamayanda,
bir də gülməyəndə, ağlamayanda...
Pozulub itəndə dünya gözümdən
yaddaş zəncirinə bağlanmayanda...
necə qalacağam yaddaşınızda?

Qurban olum, oğlum, iri gözünə,
Necə qalacağam yadında sənin?-
azad ruhumla, ya qorxaq səsimlə,
boynumdan sallanan xaltalarlamı?
İtin sözün deyib ruhlu üzünə
qəddinə çırpdığım baltalarlamı?-
necə qalacağam yadında, oğlum?

Necə qalacağam yadında, qızım,
hər uşaq işinə, hərəkətinə
qəzəbli, dəlixay öküz tək qızıb
böyürməyim, yaxud hirs-həkətimlə?

Sən niyə dinmirsən, canım Rəhilə,
necə qalacağam yadında görən?-
Evə dən daşıyan min zillət ilə
gözü yağır olan dizlərimləmi?-
Dostlarla yaxşıca vurandan sonra
mənzilə özümdən irəli girən
dombalıb qan çəkmiş gözlərimləmi?

Vədə zamanında kim dadıb, dadmış-
gizlində nə qaldı, heçə qalacaq!
Bəs sənin yadında, ay bası batmış,
başı batmış adım necə qalacaq?

Qatara, uçağa yazdım adımı
Əleyvan həyatım yoldu, küçədi.
Guya ki, düz atdım mən hər addımı
yol, sənin yadında izim necədi?

O tayda Savalan, burda Əlincə,
ortadan adlayan gözü qanlı çay,
ruhum dolaşarmı yan-yörənizdə?
Baxanda gözümü qıydığım Günəş,
Görəndə salavat çevirdiyim Ay,
qalammı işıqlı xatirinizdə?

Yadına düşəndə dolarmı gözün,
kirpiyi nəm bulud, ağlarsanmı heç,
azca ərirsənmi buzlaq layı tək?
Dərin gözlərində, a gen göy üzü,
mənim xəyalımı saxlarsanmı heç
tək tənha, yol azan durna tayı tək?

Bəs sənin yadında nə var, torpağım,
Yaddaşımdan qopub gələndə ora
daş nə, dibək nədi, qandırarsanmı?
Xatirə şəklimi damdar otağın
sucaq divarına vurandan sonra
qara çırağımı yandırarsanmı?


DAN ÜZÜ

Sayın ki dan üzü
ağ üzlü anadı,
nəinki ağ üzlü anadı,
deyin ki dan üzü
gülənbər mələkdi;
ağ yellər-qanadı...
öpüşü küləkdi...
Dan üzü
yoxuşda gədiyi
enişdə təpəni,
dənizdə ləpəni,
qundaqda körpəni
tərpədir.
Sularda gün doğur!..
Dan üzü -
qız izi
oğlan izi;
Dəryada
qan izi...
Dan üzü
ən uzun diləkdi,
dan üzü ələkdi -
nur səpir,
dibinin işığı
dən izi
...bəzən də
tərpədir
yarada qəlpəni -
can üzür
dan üzü!


AĞACI HAMI GÖRÜR

Ağac hamını görür,
Hamı ağacı görür...
Ağac yarpaqlarını yelləyib
hamıya salam verir,
Adam bir yol dillənib
ağaca salam vermir.
Ağaca şehlər,
mehlər,
bir də səfehlər
salam verir...
Ağac görür ki,
hamı tərpənir,
Ağac yerimir,
amma hamı görür ki,
ağac tərpənir...
Kim deyə bilər ki,
ağac tərləmir?
Nələr tərpənirsə
demək tərləyir.
Amma heç nə ummur
ağac adamdan
Uzanıb göylərə
düz gedir ağac...
Ağac hamını görür,
hamı ağacı görür,
Amma ki, hamıya
söz demir ağac.

...Bu da ağac haqda
bir arzumdu ki,
Adam ağac kimi olaydı keşkə
Ağacdan adama nə lazımdı ki,
Meyvədən, kölgədən, odundan başqa?

Bir quru salamdı çox dərdə əlac,
Qulağı səsdədi budaq əyənin.
Bəlkə də hamıya söz deyir ağac,
Tək-tüklər eşidir ağac deyəni...


ADAM ƏNCİR

Bir şeir yazmışam -
əslində yazmamışam,
bir babat şeir yazmışam -
əslində babat deyil,
bir isbatlı
adam balası tapıb
şerimi oxumaq istəyirəm ona,
əslində istəmirəm.
Əslində
əhədimi kəsən bu ağır yükü
qoparıb atmaq istəyirəm üstümdən
misra-misra,
sətir-sətir...
Yaxın gəl,
qoca əncir!
Ən çox sənin
haqqın çatır
o şeiri dinləməyə.
Mənim də haqqım çatır
bunu deməyə ki
Ən yaxın adamım
sənsən...


EŞQ

Başımı xəyalın qatır birtəhər
Yoxdu qaynamağım daha heç kimlə.
Mən sənin eşqinlə qalxıb hər səhər,
Axşam da...yatmıram sənin eşqinlə.

Nə bilim küçədə, yolda, yuxuda,
Yenə görərəmmi? Ürək yeyirəm!
Sənin eşqinlədi içdiyim su da,
Mən sənin eşqinlə çörək yeyirəm!

Unudub dost doğma qardaşlarımı
Bu eşqin qəminə qardaş oluram.
Çəkirəm başıma göz yaşlarımı
Mən sənin eşqinlə sərxoş oluram.

Eşqində gücə bax, bilsə də yoxdu
Öləni diriltmək hökmü Allahda
Çağa tək güldürür qəhr olan bəxti,
Məni gah öldürür,dirildir gah da.

İndi billəm nəymiş eşq odu canda
Ona kim baxırmış, nəfə baxırmış.
Məcnun çöl gəzəndə, Kərəm yananda
İsa da çarmıxda kefə baxırmış!

Allah, sən bilirsən nələrə dözdüm
Bu sevda yolunu tutana kimi.
Dəli dalğalara baş vurum, üzdür
Eşqin dəryasında batana kimi.



KIŞILƏR, ARVADLAR...

Bu kəlmələrdə cins bölgüsü anlamı axtarmayın, lütfən...

Kişilər bəxti qara,
Kişilər az yaşayır...
Eh, nə var arvadlara
Arvadlar yüz yaşayır!

Kişinin çiyni yağır
Bəlalı baş daşıyır.
Kişilər dam tikməyə
Qum eşir, daş daşıyır.
Arvadlar yas gününə
Gözündə yaş daşıyır.

Hə kişi var bədbəxtdı –
Kaman qədd ox daşıyır...
Arvad elə arvaddı
Onçun da çox yaşayır.

Qısılır kişilərə
Arvadlar bərk üşüyür.
Kişilərin içində
Qəm donur, dərd üşüyür.

Arvadlar köks ötürür,
Dilində ah yaşayır.
İşrətlə ömür sürür –
Deyirsən şah yaşayır.

Kişilər şax yaşayır,
könlü çox tox yaşayır.
Harda kişi var, orda
Həqiqət, haqq yaşayır.

Allah nə yaradıbsa
Vallah, billah; yaşayır!
Başını yorma, niyə
arvadlar çox yaşayır...

Bilməzsən bu işi sən
Bölgüsü pismi, yaxşımı?
Sözümə bax, kişisən
Allah bilən yaxşıdı,
Allah bölən yaxşıdı...


TƏMIZ ADAM

Təmiz adam
xəyallarda axar gedər;
Olmur axı
su kilidi...
Təmiz adam
halala əl vurmaz,
Yaxın qoymaz
haramı...
Təmiz adam
distilə edilmiş
Su kimidi –
içməyə yaramır!...


ŞAİR

Tanrıdan savayı anlamaz heç kim
sevgi göylərindi...
yer eşqi olmur.
Yerə, göyə sığmır şairin eşqi,
Eşqdən yarananın bir eşqi olmur!

Yerə, göyə sığmır şairin eşqi,
Şairin
dünyaya dəyən eşqi var,
yaxası bərq vuran cilvəli püşkü
Bir də ki...
qapqara geyən eşqi var!

...Təki yar dilinin qılıncı dəyə,
təbibə yollanmaz çaradan ötrü.
İlan tək atılar qızıl gülləyə,
Canı qurban verər yaradan ötrü.

Şairin dünyada bir eşqi olmur,
Payız eşqini say, yaz eşqini say.
Baxıb sonalamaq, ya seçki olmur,
Atəş eşqini say, buz eşqini say.

...Şairdə qanad var;
yüksəlir, enir
dərin dərəyə də,
qəlbi dağa da.
Şair adam vursa,
Allah bəyənir,
Şair
sevgi qatır əclaflığa da!

2008


KÖLGƏ

Dibdən belə bölüb bölən bölgünü;
Hərə bir niyyətin pərvanəsidi,
Biri qılınclayır qalın kölgəmi,
Biri də kölgəmin divanəsidi.

Bilinməz cansızam, yoxsa ki, diri
Kölgəsiz nəyəm ki, nədir görkəmim?
Kölgəmin eşqindən sərxoşdu biri,
O biri qanını içir kölgəmin!...

Kölgəmə canımı çapar tutmuşam;
O gah zavallıdı, gah da ki ötkəm.
Kölgəmin üstündə qərar tutmuşam,
Yer deyil, kölgəmdi istinad nöqtəm.

Başımdan,
çiynimdən,
dizimdən düşüb
Dalımca sürünür bu mələk kölgəm.
Hələ ki diriyəm, özümdən düşür,
Ölsəm başdaşımdan düşəcək kölgəm.

Halaldı adıma yazılan kölgəm
Ayrı bir kölgənin yerinə keçmir.
Tanrı kölgəsinə qısılan kölgəm
Qatil kölgəsinin girinə keçmir...

2008


SONRASINA BAX

Ona səslənirəm...ucalıqlara;
kərəm et, fürsət ver, sonrasına bax!
Püşkümə tən düşsün ağ ilən qara,
balaca büsat ver, sonrasına bax!

O zaman dörd yana uçub havalı,
yaxşıca ayırıb yaşılı, alı
bir-bir toplayaram güllərdən balı –
Sən şirin həyat ver, sonrasına bax.

De, necə cəm edim başı kütləri? –
Tərpənmir içimin daş igidləri...
Dilimi bağlayan daş kilidləri
Qırmağa inad ver, sonrasına bax!

Artıb acı günün zəhəri canda,
Ömür ki uzanmır vaxt uzananda!
Müddətsiz yanıram qır qazanında –
Qoluma saat ver, sonrasına bax!

Sanma cövr eləyir çiynimdə mələk
İçimdə amanı kəsilmiş ürək
Anadan qandallı doğuldum, fələk,
Sən mənə qanad ver, sonrasına bax!

2008


MƏNİ

Cam yox ömür camı kimi –
tam görmədim tamı kimi...
Qadir Allah hamı kimi
xəlq elədi göyçək məni.

Bulaqlara könül açıb
Saf sulara çəkdim suçu...
Üzümdəki nura uçub
çox bəyəndi mələk məni.

Canımı səpdim yollara,
Urcah oldum zavallara
Nədən qovub bu hallara
saldı fəndgir fələk məni?

Güllü bağa necə girim;
Hanı mələk, hanı pəri?
Leyli desəm,
denən kiri,
dilimdən dara çək məni!

Qolum çatmaz qucaqlara,
adım düşməz dodaqlara...
Bir də qonsam budaqlara
gözümdən vur quştək məni!

Əlif qəddim sualdı ta,
Telli qafam qavaldı ta...
Xəlbir göydə... nə qaldı ta? –
Yırğalasın ələk məni.

Hökmdü...
alnım tərləyəcək,
yiyəm gəlib vərləyəcək...
fəhm etmə ki, hərləyəcək
mən ürəyi, ürək məni?

Fələk,
çəkməyib çəpinə
odun yığmışam ipinə...
Dönmüşəm saman çöpünə
qoy aparsın külək məni!

2008

ƏZRAIL QARĞA

Səhərin gözü açılmayıb...
Bir kəsi almayıb gərəyinə,
Toxumusan özünü
üç yüz səksən voltluq
elektrik dirəyinə,
gümüşü məftilə sinə-sinə
güc vermisən “qızılı” səsinə...

Allah qoymasa,
səs də bir səs ola –
qarr... qarr... qarr...

Nə var,
a qoca kaftar,
nə var?

Xəbər gətirmisən guya...
mənim eşitmədiyim
bir xəbər qalıbmı taa?!

Rəhmətlik anam,
rəhmətlik böyük qardaşıma:
“ - Zəhləm kasıblıqdan,
bir də molladan gedir, -
deyirdi, - qağa”...

Görüm geyməyə zolaqlı don,
yeməyə dən tapmayasan,
ağzını qara molla yumsun,
qarğa!

Nə var, a darğa,
getdi xəbəri gələn
ata yox,
ana yox,
gəldi xəbəri gələn
itmiş dana yox...

Olanım qəfəs bədən,
(nə səni salardım oraa...)
bir quru sözdü –
onun da topuğu qandallı,
zindanda yatır.

Guya ki,
gələsi sevgim var,
guya ki, canda yatır –
o da yoxdu ta...

Sevgi piyaləsi sındı gözümdə,
ağ sular
arx açdı qara üzümdən –
hopdu içimdəki yanıq torpağın
cəhənnəm kimi dərin
alt qatlarına,
Eşşəklər sümürdü üzdə qalanı,
bir az da pay düşdü yol itlərinə...

Nər var, a bədbəxt dağdağan,
nə deyib doğub səni doğan,
nə deyib doğub məni doğan?

Çox da ki min ilin sözün bilirsən,
demə, xəbər səndə, nəmər məndədi
Diplomlu müxbirəm,
özün bilirsən,
Bu dəfə manşetlik xəbər məndədi...

Əslində mən
Əzrayilin yolunu
gözləyirdim dünəndən;
qara xirqəsində
qalın kürkündə...
Əzrailmisən sən? –
bəs niyə belə pis gündə,
bəs niyə belə
qarğa kökündə?

2008


SÖZ VAR Kİ

Mənim nəyim var ki, sizə verəsi,
əgər söz olmasa, nədir ki, aləm?
Ağacam,
içimin sözdü şirəsi,
Mən sözün içində ömür sürürəm...

Mən sözün içində ömür sürürəm –
Həyatım baxtıma bağlıdır mənim.
Söz var ki,
başına corab hörürəm,
Söz də var,
anamı ağladır mənim...

2008


BÜTÜN SİRLƏRİMİ BİLƏN RƏHİLƏYƏ

Nə məsihəm,nə müslüm,
Ey yoxluğum, varlığım?
Nədir çəkdiyim zülüm? –
Nədir bəxtiyarlığım? –
Bütün sirlərimi bilən
Bir tanrıdı,
bir də sən...

Gülü şaxından dərdim,
Qapına ürək gəldi
“Qa” deyəndə su verdin
“Qu” dedim çörək gəldi –
Bütün sirlərimi bilən
Bir tanrıdı,
bir də sən

Ağı hördüm saçına...
İnadımı qorudun!
Qondum çiçək ovcuna;
Qanadımı qorudun –
Bütün sirlərimi bilən
Bir tanrıdı,
bir də sən...

Səndən dürüst kim seçər
Saçıma düşən dəni,
Səndən yaxşı kim içər
Gözümdən axan qəmi? –
Bütün sirlərimi bilən
Bir tanrıdı,
bir də sən.

Ey mələk baxışlı yar,
Ömrün ötdü ah ilə;
Məni kim bağışlayar
Bu boyda günah ilə? –
Bütün sirlərimi bilən
Bir tanrıdı,
bir də sən!


Ey bütün sirlərimi bilən, yəqin ki, mən
Bir quru böhtandan, qara qarğışdan
Ya ucu zəhərli oxdan ölmüşdüm,
Köhnə məzarlıqda baxırdım daşdan,
Allaha qalsaydı çoxdan ölmüşdüm –
Bütün sirlərimi bilən
bircə sənsən,
bircə sən!..


BU YAĞIŞLI SEVDA

Yağır damcı-damcı sevda yağışı
Süzülür ruhumun dərinliyinə
Gülür gen alnımda tale naxışı
Düşürəm saf eşqin şirinliyinə.

İtir damağımdan soyuq daş dadı,
Sanki buz layını günəş əridir.
Nə yaxşı bu naxış yağış başladı-
Amma bu yağışmı, əcəl tərimi?..

Çoxdan əsiriyəm quraq bir qəmin;
Yel döyən içimdə sükut ağlayır,
Mən ki, çox görmüşəm, nakam ölənin
Məzarı başında bulud ağlayır...

Demə sevda tapdı, atını çapdı
kimlər ki, dadmayıb suyun odunu.
Amma yox,
bu yağış sirli gülabdı –
Dirildir adamı,
atı,
odunu...

Yalandı ki, bizi atalar əkdi
Analar adamı məzədən doğur.
Bu yağışlı hava boylu mələkdi
Qəhr olmuş canımı təzədən doğur.

Nur damır,dincəldir göynər baxışı,
Sudan zanbaq kimi qalxır bədənim.
Yerlərə yendirir göylər yağışı,
Yağış da göylərə qaldırır məni...

2008

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG