Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:48
-
«İki nazirin müxalifət qəzetini eyni vaxtda məhkəməyə verməsi təsadüf sayıla bilməz!».

Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılı bu fikirdədir. O öz fikrini belə əsaslandırır:

«Belə təsadüf mümkün deyil. Birincisi, bu addım hökumətdə çox yüksək vəzifə tutan şəxslər tərəfindən atılır. Onlar bu cür qərarları təsadüfən, bir anın içində və heç kimlə məsləhətləşmədən qəbul etmirlər. İkincisi də, hökumət üzvləri kimdənsə şikayət edirlərsə, deməli, bunu razılaşdırıblar. Özü də təkcə öz aralarında deyil, bu, yəqin, daha yüksək səviyyədə razılaşdırılıb».

«İNDİ AZAD SÖZƏ QARŞI YÜRÜŞ BAŞLANIB»

Rəşid Hacılı diqqəti ona çəkir ki, seçkiqabağı Azərbaycan cəmiyyətində fəallıq artıb. Bu yüksəliş mediada da görünməkdədir. Mütəxəssis bu günlərdə «Yeni Müsavat» qəzetini də ANS Şirkətlər Qrupunun məhkəməyə verdiyini, qəzetdən 100 000 manat təzminat istədiyini yada salır. O, daha sonra son olaya qayıdaraq deyir:

««Azadlıq» qəzetinin saytında elə yazılar, elə videolar olur ki, onlar az qala bir televeriliş qədər auditoriya toplayır. İndiyədək sakitlik idi, indisə yürüşə start verilib. Qənimət Zahid «Azərbaycan saatı»nın yaradıcısıdır, bu verilişin Türkiyədən yayımlanmasında onun əhəmiyyətli rolu var. Həmin veriliş bölgələrdə çox populyardır. Bütün bunlar deməyə əsas verir ki, ifadə azadlığı üzərinə hücum başlanıb. Maraqlısı budur ki, yürüşə Kəmaləddin Heydərov da qoşulub. O, indiyədək belə yazılara dözümlü yanaşırdı».

«İNFORMASİYA BLOKADASINDAN ÇIXMAĞA BAŞLAYAN CƏMİYYƏTİ İDARƏ ETMƏK ÇƏTİNDİR»

Qənimət Zahid deyir ki, həbsdən çıxandan sonra onun fəaliyyəti hökuməti narahat etməyə bilməzdi:

«Həm seçki ilidir, həm də yeni layihələr mediada dəstək qazanır. «Azərbaycan saatı» tək qalmayacaq. Məlumatıma görə, Azərbaycanda bənzər alternativlərin işə salınmasına təşəbbüs göstərən jurnalistlər var. Hökumət gördü ki, «Azərbaycan saatı» qısa vaxtda ölkədə ən populyar alternativ media tribunalarından birinə çevrildi. Cəmiyyət informasiya blokadasından çıxmağa başlayıb və bu cür cəmiyyəti idarə etmək çətindir. Diktatura yaratmaq istəyən qüvvələri bu hal narahat etməliydi. Ona görə də məhkəməyə üz tutublar. Fəaliyyətimi məhdudlaşdırmaq, məni təcrid etmək istəyirlər. Bəlkə də məni təqib edərək hansısa ölkədə siyasi mühacir statusu almağımı arzulayırlar. Ancaq belə niyyətim yoxdur».

Qənimət Zahid

Qənimət Zahid

«AZƏRBAYCAN SAATI» PROQRAMININ ADI DƏYİŞİR

İndi Azərbaycanda olmayan Qənimət Zahid gələn həftə Bakıya gəlməyə və məhkəmə prosesinə qatılmağa çalışacağını da söylədi. Onun yaratdığı «Azərbaycan saatı» proqramı bundan sonra «Qafqaz-xəbər» adı ilə efirə gedəcək. Dediyinə görə, proqramın formatında da bəzi dəyişikliklər gözlənir.

Qənimət Zahid siyasi hakimiyyətin proqramla bağlı təzyiqləri sürdürəcəyini, «Azərbaycan saatı»nın yayımlandığı «Media TV»yə də basqılar olacağını istisna etmir:

«Niyə də olmasın? «Media TV» rəhbərliyinə çox güclü təzyiqlər oldu ki, biz dəyişikliklərə getdik».

«PROSESİN QARŞISI ALINA BİLMƏZ»

«Azadlıq» qəzetinin redaktoru seçkiöncəsi həbsini də istisna etmir. Ancaq deyir ki, onun və ya bir başqasının həbsi proseslərin qarşısını ala bilməz.

Bu yaxınlarda «Azadlıq» qəzetini Bakı Metropoliteninin rəisi Tağı Əhmədov və «Binə» Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədova da məhkəməyə veriblər. Məhkəmə onların şikayəti əsasında qəzetin üst-üstə 62 000 manat cərimələnməsi haqda qərar çıxarıb. Hüquq mütəxəssislərinin fikrincə, cərimələri ödəməsə, qəzetin fəaliyyəti dayandırıla bilər.
XS
SM
MD
LG