Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:42

Əli Əmirli. İyirmi ildən sonra


Əli Əmirli
Əli Əmirli
-

Əli Əmirli



İYİRMİ İLDƏN SONRA
İki hissəli melodram



İştirakçılar:

İşıq
Otello
Qoca
Səfir
Ofeliya
Hamlet




BİRİNCİ HİSSƏ

Orta səviyyəli, standart bəzəkli otaqdır. Firavanlığa və modaya iddia hiss olunur. Pərdə açılanda işıq yanmır. Səhnə şam və ya lampa ilə işıqlandırılıb. Qoca əlil arabasında elə oturdulub ki, tamaşaçı onu görməyə də bilər. Ofeliya arxası zala oturub telefonla danışır. Tamaşaçı onun dediklərinin hamısını eşitməyə də bilər.

O f e l i y a. Ürəyim partlayardı, nə yaxşı zəng elədin. Bir saatdır işığımız yanmır. Hər şey cəhənnəm, “Santa Barbara”ya baxa bilməyəcəm. Kim, kim? Seva, başın xarab olub? Az, o kəççi Kruza oxşayır? Allah vurmuşdu onu. Dedim də, allah vurmuşdu onu. Qoy getsin tayını tapsın! Seva, bağladıq da bu söhbəti. Seva, onun haqqında heç eşitmək istəmirəm.
Q o c a. (Banlayır) Quqquluquuu...
O f e l i y a. Yenə banladı. Səninlə deyiləm, qocanı deyirəm, banlayır yenə. Bura bax, Seva, sən Emişgilə gedəcəksən? Bilirdim ki, getməyəcəksən. Bilirəm, bilirəm, Seva. Az, o adam niyə olur? Mən? Mən getməliyəm də. Seva, o koftan var ey, ətəyi büzməli. Eee... aranjıvını deyirəm də... həri.
Q o c a. Quqquluquuu...
O f e l i y a. Əəə... zəhrimar! Seva, qoy görüm nə istəyir. Yox, yaxşısı budur sonra zəng eləyim, bir əməlli danışaq, yaman material var, özüm də təkəm. Mama? Desəm yıxılacaqsan, həri. Tələbə yoldaşları ilə görüşə gedib. Nə bilim, iyirmi ildən sonra... Demə, demə, şəkər atıblar...
Q o c a. Quqquluquuu...
O f e l i y a. Vsyo, vsyo! Qoca dığıtdı özünü. Poka! (Dəstəyi asır) Nə var, nə dağıdırsan özünü, bir hövsələ elə də! Görürsən vacib söhbətim var, onsuz da ürəyim partlayır. (Şkafdan albomu götürüb Qocaya verir) Bu qaranlıqda nə görəcəksən?

Qoca albomu varaqlayıb razı halda gülümsəyir.

O f e l i y a. Dincəldin? Elə bundan ötəri banlayırdın?
O t e l l o. (Gəlir. Əlində diplomat var) Yenə işıqlar niyə yanmır?
O f e l i y a. Bilmirəm! Mənə deməyiblər. (Diplomatı alır)
O t e l l o. Anan hələ gəlməyib? Diplomatı düz tut, içində qatıq var, tökülər. Zəng də eləməyib?
O f e l i y a. Görünür kayfdan başı ayılmır. Heç getmək istəmirdi. Saat ondur.
Q o c a. Quqquluquuu...
O t e l l o. Pah, bağışla ədəbsiz oğlunu, müqtədir aktyor, salam vermədim. (Ofeliyaya) Çox banlayıb?
O f e l i y a. Dəli olmağa bəs eləyər.
O t e l l o. Hamlet hanı?
O f e l i y a. Harda olacaq, Elçinin yanında. Zəng eləyib çağırdı.
O t e l l o. O alverçi gədə əl çəkmir də uşaqdan.
O f e l i y a. Alverçi yox, kommersant! Bir də... alver eləmək tamadalıqdan pisdir?
O t e l l o. Mən tamada yox, qonaq gedirəm.
O f e l i y a. Sonra da cibinə pul basırlar. Bəs qonaq gedəndə bizə niyə pul vermirlər?
O t e l l o. Ona görə ki, siz xalq artisti deyilsiz... (Siqaret yandırır) Bəs neynəyim? Bəlkə gedim dilənim? Ya quru çörək yedirdim sizə?
O f e l i y a. Bilmirəm! Ta o mənim işim deyil. Rəfiqələrim deyəndə ki, atan toyda qiyamət eləyirdi... (Ağlayır)
O t e l l o. Ağlamaq? Belə adi həyati hadisəyə görə ağlamaq? Axmaqdı mənim ağıllı qızım, axmaqdı. Axı nə fərqi var ki, adamları harda əyləndirirsən - səhnədə, yoxsa toyda?
Q o c a. Quqquluquuu...
O t e l l o. Bu da müqtədir aktyorun, dünyagörmüş ağsaqqalın alqışı.
O f e l i y a. Elə hər şeyə bais odur. Aktyor olmasaydı, sən də əməlli bir işin qulpundan yapışardın, adını da qoymazdı Otello. Soruşanda atanın adı nədir, qalıram... Ofeliya Otello qızı! Gərək familiyamız da olaydı Şekspir.

Hər ikisi gülür. Qoca da gülümsəyir. Otello qızı öpür.

O f e l i y a. Çörək yeyəcəksən?
O t e l l o. Toydan gələnə çay düşür. Hanı bizim evin işığı?
O f e l i y a. Hansı işığı soruşursan? Əsl işığı, yoxsa mənəvi işığı?
O t e l l o. Elə hər ikisinə bərk ehtiyacım var.
O f e l i y a. Arvadı tək buraxmısan, indi də yerini soruşursan. Gərək sən də gedəydin, hamısını da tanıyırsan.
O t e l l o. Zəhləm gedirdi onların qrupundan. Güclə bir il oxuya bildim, sonra qaçdım ey... kinoya. Hamısı küt, özündən razı, səfeh. (Kresloda oturub ayaqlarını uzadır) Yorulmuşam... Kim mənim gözlərimə işıq verəcək? Hər yan qaranlıq, hər yer zülmət! Nə bir çay verən var, nə xoş üz göstərən...
O f e l i y a. İndi mama gələr, hamısını eləyər.
H a m l e t. (Gəlir. Əlində bir qutu var) Qaranlıq dəlilərinə salam!
O f e l i y a. Sən də mənim xalam!
H a m l e t. (Ona cumur) İndi mən sənə göstərərəm xalovu da, anovu da!
O f e l i y a. (Cikkə çəkir) Papa...
Q o c a. Quqquluquuu...
O t e l l o. Hamlet!
H a m l e t. Dilini dinc qoysun!
O t e l l o. O qutu nədi elə?
H a m l e t. Qutu? Deyə bilmərəm, kommerçeskaya tayna.
O t e l l o. Sən də oldun arşınmalçı?
H a m l e t. Zamanın tələbidir də, papa. Mama hanı?
O f e l i y a. Hələ gəlməyib, get də dalınca.
H a m l e t. Papa, ver də maşını, gedim gətirim.
O t e l l o. Maşın gedir ki? Akumulyatoru yatıb, yerindən tərpətmək olmur.
H a m l e t. Papa, nə olar, uşaqlar itələyər də.
O t e l l o. Dedim yox!
H a m l e t. Əh! Yoxdan başqa bir şey bilmirsiz. (Gedir)
O t e l l o. Yorulmuşam... Səhər radio, günorta televiziya, axşam teatr, nə bilim kino... cib də boş! (Cib dəftərçəsini vərəqləyir) Sabah da ağır gündür. Əh, cəhənnəmə! (Dəftərçəni teatral effektlə tullayır) Qoy hamısı... Yatmaq, yatmaq... Ayaqları uzadıb qolları yanlara açmaq, çarmıxa çəkilmiş kimi və... uyumaq, hər şeyi unutmaq. İnsan ürəyinin min bir dərdinin, min bir əzabının ağır zəncirini qırıb qurtarmaq! O gözəl son məqsəd bu deyilmidir? Əbədi yuxuda yataraq qalmaq, ölmək və uyumaq...
O f e l i y a. Başladın, papa? Onsuz da işıq yanmır, adam qorxur.
O t e l l o. Kim mənim gözlərimə işıq verəcək?

İşıqlar yanır və İşıq qapıda görünür.

İ ş ı q. Bu da mən!
O f e l i y a. Ura!
Q o c a. Quqquluquuu...
H a m l e t. (Gəlir) Mama gəldi?
O t e l l o. Mama da gəldi, işıq da yandı.
H a m l e t. Mama, işıq elə indicə yandı ey!
O f e l i y a. Papa da elə dad döyür ki, hanı bizim evin işığı, kim mənim gözlərimə işıq verəcək? Bu da sənin işıqların.
H a m l e t. Mama, niyə donub qalmısan? Acından ölürəm.
İ ş ı q. Mənə toxunmayın, dəyməyin mənə. Mən yuxudayam.
O t e l l o. Əcəb!
İ ş ı q. Elə bil tavanından hörümçək torları sallanmış uçuq-sökük daxmadan bir kərpici qızıl, bir kərpici gümüş saraya düşmüşəm, çıxa bilmirəm ordan.
O f e l i y a. Mama...
İ ş ı q. Çilçıraqlar bərq vurur, ilıq şüalar sehrli əl kimi bədənimdə, üzümdə-gözümdə gəzir...
O f e l i y a. Mama, elə danışma, mən qorxuram.
O t e l l o. Dəli olmusan, yoxsa... dayan, dayan... sən sərxoşsan?
İ ş ı q. (Qəhqəhə ilə gülür) Düz tapmısan... Demə siz çox həssasmışsınızmış... (Vals havasında fırlanır) Sərxoşam mən... Sərxoşo-sərməstəm... bir şüşə “Faber”in sərxoşuyam mən... (Farlanmaqda davam edir)
H a m l e t. Mama, dayan, indi yıxılarsan...
Q o c a. Quqquluquuu...
İ ş ı q. Banlama, qoca! Onsuz da siz məni bu yuxudan oyada bilməyəcəksiniz, çünki mən oyanmaq istəmirəm.
O t e l l o. (Fırlana-fırlana yanından keçən İşığın qolundan yapışır) Bəlkə mən oyadım səni?
İ ş ı q. (Qəhqəhə çəkir) Sən? Sən ta məni oyada bilməzsən. Onun kimi banlasan da, lap div olub nərildəsən də...
O t e l l o. Bəs belə necə? (Üzünə şillə vurur)
İ ş ı q. (Yanağını tutub dayanır) Niyə buraxdın məni? Niyə qoydun gedim ora? Niyə? Niyə? Niyə? (Hönkürüb ağlayır)
O f e l i y a. (İşığı qucaqlayır) Mama!
H a m l e t. Niyə vurdun? (Qaçıb gedir)
O t e l l o. Qorxmayın! Bir az yeməyi artıq düşüb; Çoxdan yadırğadığı yüksək kalorili yeməklər, delikatezlər, “Faber”... həzm eliyə bilmir.
O f e l i y a. Mama, həkim çağırım?
O t e l l o. (Ofeliyaya) Marş, yatmağa!
O f e l i y a. Eyyy... ciddi bir şey olan kimi məni yatmağa qovursunuz. Guya mən uşağam. (Gedir)
O t e l l o. Sən də mürgülə. Bərk ayaqda atamsan yanımda olsan yaxşıdır. (Şirmanı qocanın qabağına çəkir)

Uzun çəkən pauza. İşıq üz-gözünü silir, üst paltarını dəyişir. Otello onun hərəkətlərini izləyir.
O t e l l o. O da gəlmişdi? (İşıq susur) Soruşuram o da gəlmişdi?
İ ş ı q. Kim?
O t e l l o. Bilirsən kimi soruşuram.
İ ş ı q. Tutaq ki, gəlmişdi, nə olsun? Sən kim getməmişdin.
O t e l l o. Mənim nə işim vardı orda? O qrupda heç bir il oxumamışam. O bir il də taleyin işi idi, düşmüşdüm aranıza, görünür, sənə rast gəlmək üçün.
İ ş ı q. Təəssüf ki, elədir.
O t e l l o. Maraqlıdır, sən təəssüf eləyirsən? Bu nəsə təzə motivdir.
İ ş ı q. Təzə, ya köhnə - nə fərqi? İyirmi il keçib.
O t e l l o. Maraqlıdır.
İ ş ı q. Axı nə maraqlıdır?
O t e l l o. Siyasi elitanın parlaq nümayəndəsi, adı qəzetlərdən düşməyən adamın bu sentimental məclisə təşrif gətirməsi maraqlı deyil? Amma yox, yəqin hərdən bir özünü keçmiş dost-aşnaya göstərmək, heyran baxışları öz gözlərinlə görmək istəyi olur adamda. Qəribədir.
İ ş ı q. Nə qəribədir, nə də maraqlı. O da elə bizim kimi adi adamdı, amma daha ağıllı, daha fərasətli, işini-gücünü bilən.
O t e l l o. Mənə acıq verirsən, ya səmimi deyirsən?
İ ş ı q. Nədi, onun ağlına şübhən var?
O t e l l o. Mən bilən o iyirmi il qabaq necə səfeh idisə, elə də qalıb.
İ ş ı q. Səfeh o mərtəbəyə qalxa bilər? Səfeh bizik ki, bu gündən sabaha gümanımız yoxdu.
O t e l l o. (Pərtdir) Səfeh bizik deyəndə kimi nəzərdə tutduğunu bildik.
İ ş ı q. Yanılmırsan. Birindən soruşublar ki, sən ki belə ağıllısan, bəs niyə kasıbsan?
O t e l l o. Bəs o nə deyib?
İ ş ı q. Kim?
O t e l l o. Kasıbı deyirəm də.
İ ş ı q. Çox ağıllı olduğun üçün onu sən yaxşı bilərsən.
O t e l l o. Həəə... Məsələ deyəsən çox ciddidir. Gözlərini yaman qamaşdırıblar.
İ ş ı q. Bəzi mətləblərdən agah olmaq üçün gözlərin qamaşması həmişə vacib deyil, onsuz da hər şey göz qabağındadır. Adam özünü bir gün, on gün, beş il, on il aldada bilər, ta ömrü boyu yalan içərisində yaşaya bilməz... O məclisdə elə bil məni döydülər, təhqir etdilər. Guya hər şeyi göstərən güzgü qabağına itələyib bircə axşamın içində bizim nə qədər bədbəxt, miskin, bekara adamlar olduğumuzu göstərdilər. İlahi, biz özümüzü, ömrümüzü nəyə sərf etmişik?
O t e l l o. Axı, sən nə demək istəyirsən? Xırdala!
İ ş ı q. Boş, yalançı, qondarma, heç bir gələcəyi olmayan sarsaq ideyaya!
O t e l l o. (Gülümsəyir) Yaxşı bilmədiyin dildə danışırsan. Sən o ağılda deyilsən ki, həyat haqqında fəlsəfi ümumiləşdirmələr aparasan. Fransızlar demişkən, hər kəs öz dilində danışmalıdır.
İ ş ı q. Rica edirəm, qurtaraq bu söhbəti. Mənası yoxdur. Onsuz da dərd-sərdən başımız açılmır. Günümüz neynəyim-necə eləyimlə keçir. Daimi ehtiyac bizi şam kimi söndürür.
O t e l l o. Çox şişirdirsən. Naşükürlük pis şeydir.
İ ş ı q. İki-üç ilin içində yumalanıb-yuvarlanıb düşdük həyatın dibinə. Özümüzü adamlar cərgəsində bildiyimiz halda, demə, biz heç nə imişik: fərsiz, fərasətsiz, onu-bunu əyləndirən, oyun çıxaran zavallı adamlar.
O t e l l o. Mən sənə icazə verirəm, tək halda danış, dediklərin hamısı mənə aiddir. Allaha şükür, sən ki fransız dili öyrədirsən, heç kimi də əyləndirmirsən.
İ ş ı q. Lap elədir!
O t e l l o. Axı, sən bilirdin kimə ərə gedirsən. Mən ki sənətimi dəyişməmişəm, onda da aktyordum, elə indi də. Bunu başa düşməyə elə sənin ağlın da kifayət eləyər məncə.
İ ş ı q. Düz deyirsən, mən axmağam. Axmaq olmasaydım... Qulaq asmadım heç kimə. Yazıq anam ilan dili çıxartdı.
O t e l l o. Onu düz deyirsən.
İ ş ı q. Nəyi?
O t e l l o. O ilan dili məsələsini.
İ ş ı q. Sən mənim cavan ölmüş anamın adını çəkirsən? Onun ruhunu təhqir edirsən?
O t e l l o. Mən heç kimi təhqir eləmirəm, sənin dediyini təsdiq edirəm. Bir də, altmış dörd yaşında ölən adam haqqında cavan demək bir qədər mübahisəlidir.
İ ş ı q. Həmişə oyun, həmişə lağlağı, zarafat, ibarəli sözlər... Bilmirsən nəyi ciddi deyir, nəyi zarafat.. Sən bir dəfə ciddi danışa bilərsən?
O t e l l o. Kim dedi ki, mən zarafat eləyirəm.
İ ş ı q. Mən dəli olacam.
Q o c a. Quqquluquuu...
İ ş ı q. (Qulaqlarını tutur) Aman allah!
O t e l l o. Sən həqiqətən sərxoşsan, ya da orda səni çox tərifləyiblər.
İ ş ı q. Bəli, tərifləyiblər. Dedilər ki, mən iyirmi il qabaqkından da gözələm.
O t e l l o. Sən də inandın.
İ ş ı q. Nədi, buna şübhən var?
O t e l l o. Bu məsələdə mən daha yaxşı münsif ola bilərəm, amma... gecdir. Özüm də bərk yorulmuşam. Belə ciddi işdə də gərək tələsməyəsən. Bu saat mənə heç bir qadın gözəlliyi təsir eləyə bilməz.
İ ş ı q. Gör nə günə düşdüm? Qızım institutda oxuduğu iki ildə onun-bunun paltarını geyir, birovuz olub qalmışıq. Deyir, mama, qrupda məndən pis geyinən yoxdur. Oğlumuz da qurşanıb alverə. Həmişə fəxr elədiyimiz sənətkar da tamadalıq eləyir... sünnət toylarında.
O t e l l o. Bu axşam sən məni öldürmək istəyirsən?
İ ş ı q. Yox! Amma özüm də ölmək istəmirəm. Başa düş, indi radioda, televiziyada şer oxumaqla yaşamaq olmaz, mümkün deyil.
O t e l l o. Bəs mən neynəyim, İşıq?
İ ş ı q. Bilmirəm! Odey, Seyran Kübarlı! Aktyor deyil? Həmişə Lenini oynayırdı, amma tez tərpənib iki yerdə tükan açıb, mal alır, mal gətirir. Səsi İrandan-Turandan gəlir.
O t e l l o. O, Lenindən başqa Hacı Qaranı da oynayıb, təcrübəsi var.
İ ş ı q. Nə danışım ey səninlə? Niyə danışıram?
O t e l l o. (Qadına yaxınlaşıb onu qucaqlamaq istəyir) Sən susanda yaxşısan, amma səfeh-səfeh danışanda da sevimlisən. Qardan ağ, mərmərdən hamar...
İ ş ı q. Yatıb yuxunda da Otellonu görürdün, bəs nə oldu, sənətkar prinsipin niyə işləmədi?
O t e l l o. Toyda damadalıq eləyən adamın Otellonu oynamağa haqqı yoxdur.
İ ş ı q. Yox, ya mənim başım xarab olub, ya da səni başa düşmək üçün...
O t e l l o. (Gülür) Səni başa salmaq üçün... (Qulağına nəsə pıçıldayır)
İ ş ı q. (Gülməyini güclə saxlayır) Dayan ey, bəs tamadalıq eləməyə?
O t e l l o. Toy da səhnədir, teatrdır, əsl meydan teatrıdır. Kökümüzə qayıdırıq da, balam. Bundan sonra teatrımız da gərək meydanda olsun.
Q o c a. Quqquluquuu...
O t e l l o. (Şirmanı götürür) Darıxdın, papa?
İ ş ı q. (Bir qocaya, bir Otelloya baxır) Görəcəkli günlərimiz hələ qabaqdadır.
O t e l l o. Qorxma, mən banlamayacam, bala-bala tost deyəcəm qocalanda. Qardan ağ, mərmərdən hamar... (Telefon zəngi) Nə həyəcanlı zəng!
İ ş ı q. (Dəstəyi götürür) Alo! Eşidirəm, alo! (Çaşqındır) Alo!
O t e l l o. Kimdi? Nəsə olub?
İ ş ı q. (Dəstəyi qoyur) Səhv düşüblər.
Q o c a. Quqquluquuu...

İşıq sönür.

Səhərdir. Hamı tələsir. Ofeliya geyinib-soyunur, görkəmindən razı deyil. Hamlet telefonla danışmağa təşəbbüs edir, alınmır. İşıq gecə köynəyinin üstündən xalat geyib, başını dəsmalla sarıyıb. Bir onun heç yerə tələsmədiyi hiss olunur. Stolun üstünə yemək düzür. Otello Qocanı gətirir və kolyaskasını süfrəyə yaxın saxlayır.

O t e l l o. Bu səhər biz özümüzü çox yaxşı apardıq, nə lazımdı hamısını elədik, dünənin də əvəzini çıxdıq.
H a m l e t. Zato biz dolu qaldıq. (Gedir)
O t e l l o. Eyb etməz, siz cavansınız.
Q o c a. Quqquluquuu...
O t e l l o. Bir kadar hövsələ! Bu saat çayını da verərəm.
O f e l i y a. (İşığa) Başın ağrıyır? Olar dünən geydiyin koftanı götürüm?
İ ş ı q. O mənim koftamdır, Ofa?
O f e l i y a. Bircə günlüyə, mama.
İ ş ı q. Gey də! Amma yavaş ol, cırma, sabah qaytarmalıyam.
O t e l l o. Bu nə adətdir sizdə? Onun-bunun paltarını geyirsiz?
İ ş ı q. Varlığa nə darlıq?
O f e l i y a. Nə yaxşı oldu! (Gedir)
H a m l e t. (Gəlir) Mama, paxmeldəsən? (Telefona cumur)
İ ş ı q. Yenə telefon? Gəl çörəyini ye.
H a m l e t. Biznes, biznes... (Telefona) Elçin? Alə, eşitmirsən? Başdan qrıjadı də! (Nömrə yığır)
İ ş ı q. (Başını tutur) Vallah, mən dəli olacam.
O t e l l o. Hamlet, məktəbə getmirsən?
H a m l e t. Məktəb yoxdur, onsuz da dərs keçmirlər. Müəllimlər elə çörəkdən-bazardan danışırlar. (Telefona) Elçin? Eşidirsən? Malları gətirirəm. Vağzala? Başın xərəbdi, alə? Vağzal nədi? Alə, markanı aşağı salma də! Çıxıram həmişəki yerə. İndi danışa bilmərəm, nəzarət altındayam.
O t e l l o. Hamlet, yenə Elçin?
İ ş ı q. Hamlet, əl çək telefondan, çayın soyudu.
O f e l i y a. (Gəlir. Süfrəyə baxır) Mama, yumurta bişirməmisən?
İ ş ı q. Tez durub bişirəydin, balaca deyilsən.
O t e l l o. Yüz dəfə geyinib-soyunmaqdansa özünə yemək hazırlayaydın.
O f e l i y a. (Yeyə-yeyə Otelloya) Atarsan məni instituta?
O t e l l o. Yox, mən bir az gec çıxacam. Cibimdən yolpulu götür. (İşığa) Sən işə getmirsən?
İ ş ı q. Yox!
O t e l l o. Mənimlə danışmırsan?
İ ş ı q. Dedim getməyəcəm də! Başım ağrıyır.
H a m l e t. (Stolun üstündən nəsə götürüb yeyə-yeyə qaçır) Məni əfv edərsiz, lütvən. Qudbay! (Gedir)
İ ş ı q. (Dalınca qışqırır) Hamlet... Hamlet... Yenə ac getdi.
O t e l l o. Ora-bura qaçmaqdan arıqlayıb tazıya dönüb. Gərək o Elçindi-nədi, onunla danışaq, salıb bunu təsirinə. Uşaq gözümüzün qabağında pozulur.
O f e l i y a. Niyə pozulur ey, papa, pul qazanır da. O gün mənə bir paçka pul göstərdi. Deyir bir ilə mağaza açıb adını da qoyacam “Aynurə”.
İ ş ı q. “Aynurə” niyə? Aynurə kimdi?
O f e l i y a. İstədiyi qızın adıdı. Naxalkanın biridi, deyir mağaza açmasan heç yaxına gəlmə.
O t e l l o. Bunların idealına bax də!
İ ş ı q. Lap düz eləyir, bəlkə onun Aynurəsi birovuz paltar geyməyə.
O f e l i y a. Mən getdim! (Axırıncı dəfə güzgüyə baxır) Vuruşmayın a, aralayan olmayacaq. Babacan, qudbay! (Gedir)
Q o c a. Quqquluqu.

Uzun çəkən pauza. Otello Qocanı süfrədən aralayıb həmişəki yerinə aparır və arxadan İşığa yaxınlaşır.

O t e l l o. Qaldıq ikimiz.

İşıq yığışır və oturduğu yerdə süfrəni səliqəyə salır.

O t e l l o. Deyirəm qaldıq ikimiz.
İ ş ı q. İndi bu nə deməkdir?
O t e l l o. Bilmədin nə deməkdir? (Onu arxadan qucaqlamaq istəyir, amma cəsarət eləmir) Qəribədir.
İ ş ı q. Bəlkə maraqlıdır?
O t e l l o. Özü də çox! İstəyirəm səni qucaqlayım... amma... nəsə mane olur. (Yenə də qucaqlamaq istəyir, amma yenə də əlləri havadan asılı qalır) Çox qəribədir... Bəlkə... Yaxşısı budur gedim işimə-gücümə... İstədim... Getdim. Görək nəyi necə eləyirik... (Gedir)

İşıq Qocaya baxır. Qoca mürgüdədir. İşıq əllərini üzünə söykəyib özünə gedir.
Telefon zəng vurur. İşıq diksinir və təlaşla telefona baxır. Qalxıb telefona yaxınlaşmaq əvəzinə ondan uzaqlaşır, guya telefon yad adamdır. Zəng ara vermədən çalır. İşıq dəstəyi ehtiyatla, qorxa-qorxa qaldırır.

İ ş ı q. (Az qala pıçıldayır) Alo! Alo... Kim? Elçin? Bura bax, Elçin. Yoxdu Hamlet, bilmirəm! (Dəstəyi asır) Nə həyasız uşaqdı. Düz deyir, gərək bir qulaqburması verək ona. “Aynurə” mağazası! Yox bir, “Aypara” univermağı! (Telefon zəngi) İndi mən sənə bir dərs verim ki! Alo! Alooo... Sən? Siz... Nə zəng? Noolsun? Nahaq zəng eləmişdiz. Düşdüm, niyə düşmürəm? Həri! Noolsun təkəm? Alo! Alo!!! (Dəstəyi asıb təəccüblə dayanır) Heç gör... Təkəm? Noolsun ki, təkəm? İndi bu nə deməkdir? Yəni... gicdi bu? (Birdən özünə, üst-başına baxır və dəli kimi vurnuxur) Dəlidi, bu?!

Tələsik xalatını soyunub gecə köynəyini çıxarmaq istəyir, fikrini dəyişib xalatını təzədən geyinir. Güzgüyə baxıb saçına, üz-gözünə əl yetirir. Elə bil mürgüdə olan qocanı birdən görür və tələsik şirmanı qabağına çəkir. Qapının zəngi çalınır, qapıya doğru getmək istəyir, stolun üstünü görüb dayanır və tələsik qabları padnosa yığır və tələsik çıxmaq istəyəndə stula ilişib padnos qarışıq yıxılır. Onu dəli gülmək tutur, səsini gizlətmək istədiyindən daha bərk gülür və hər şeyi boşuna buraxır. Heysizlikdən ayağa da qalxa bilmir.

S ə f i r. (Gəlir) İşıq? Bon matən!
İ ş ı q. (Gülməyini çətinliklə boğub qalxır) Bon! Bon... matən...
S ə f i r. Gözləmirdin.
İ ş ı q. (Başını təsdiq kimi tərpədir) Gözləmirdim... əlbəttə gözləmirdim.
S ə f i r. Heç mən də inanmazdım ki, kiminsə evinə bax beləcə - icazəsiz-filansız gələ bilərəm. Qapı da açıq. Siz qapını bağlamırsız?
İ ş ı q. Xeyr, bağlamırıq.
S ə f i r. Düz eləyirsiz. Bağlamağa heç ehtiyac da yoxdur.
İ ş ı q. Nə demək istəyirsiz ki?
S ə f i r. (Otağı göstərir) Xlaq artistinin evi budur? Sən iyirmi ildir bu şəraitdə yaşayırsan, İşıq?
İ ş ı q. Bəli, düz iyirmi ildir mən bu şəraitdə yaşayıram, özümü də xoşbəxt bilmişəm.
S ə f i r. Mən o xoşbəxtliyi görmürəm sənin üzündə, İşıq.
İ ş ı q. Eynək taxmırsız?
S ə f i r. Eynək? Eynəyin bura nə dəxli var, İşıq? (Qadını süzür)
İ ş ı q. Nə yaman baxırsınız, çox dəyişmişəm?
S ə f i r. Mənə siz deyirsən, İşıq?
İ ş ı q. Nə bilim, o qədər yuxarıdasınız ki, sən deyə bilmirəm. Çox dəyişmisiz.
S ə f i r. Qocalmışam?
İ ş ı q. Bilmirəm, amma dünən də, bu gün də sizin cavanlığınızı yadıma sala bilmirəm, görmürəm. Özgələşmisiz.
S ə f i r. Sən elə onda da məni görmürdün, heç yaxına buraxmırdın məni.
İ ş ı q. Onda səbəb ayrıydı, indi ayrı. Amma siz...
S ə f i r. Rica edirəm, sən deyin.
İ ş ı q. Amma sən gözünü çəkmirdin məndən, sənə görə qrupumu dəyişmək istəyirdim.
S ə f i r. Həyəcanlandırırdı səni baxışlarım?
İ ş ı q. Heç bir tikə də!
S ə f i r. Düz demirsən, sən onda da, elə indi də mənə biganə deyilsən.
İ ş ı q. (Gülür) Hər halda indi bütün bunların mənası yoxdur.
S ə f i r. O vaxt məni seçmədiyinə görə tez peşman oldun.
İ ş ı q. Necə, peşman oldum? Yalandır!
S ə f i r. Hələ tələbə ikən kinolara çəkilən, mənasız hekayələr yazan, adı dillərdə gəzən krasavçikin sabun köpüyünə oxşayan şöhrətinin xoşbəxtlik olmadığını çox tez bildin.
İ ş ı q. Mən onu sevirdim.
S ə f i r. Sən onu yox, onun şöhrətini sevirdin, ona görə də tez peşman oldun.
İ ş ı q. Mən onu indi də sevirəm.
S ə f i r. Hamı bilirdi ki, sən məni sevirsən, amma o vaxtlar mən kim idim - heç nəyi olmayan adsız, şöhrətsiz... O vaxtlar istedadlar, sənətkarlar, aktyorlar dəbdə idi. Sovet cəmiyyətinin romantik dövrü idi, praqmatizm sonralar gəldi meydana.
İ ş ı q. Danışmayın, o illəri xatırlayanda nostalgiya məni boğur. Bir də həzin xatirələri dindirməyin mənası yoxdur. Məndən niyə danışırıq? Sən daha maraqlı obyektsən - gəzirsən, görürsən, dünən dediyin kimi xoşbəxt adamsan, Düzdü, xoşbəxt adamlar darıxdırıcı olur, amma yenə...
S ə f i r. Elə o vaxtlardakı kimi tikanlısan.
İ ş ı q. Yanılırsız, səfir bəy, tikanlarım çoxdan tökülüb. Səndən danışaq. Dünən yaman lovğalanırdın. Yaxşı ailən, gözəl arvadın, oğlun, qızın, varın-dövlətin, vəzifən. Hələ idmanla da məşğul olursan, ona görə də belin üzükdən keçər.
S ə f i r. (Gülür) Elə həmin İşıqsan: kinayə, istehza, üsyan... amma istehza eləsən də, dediklərin əsasən doğrudur.
İ ş ı q. Bəs doğru olmayan nədir?
S ə f i r. Məsələ burasındadır ki...
İ ş ı q. Sən allah, demə ki, xoşbəxtlik üçün nəsə çatmır.
S ə f i r. Həqiqət elədir, İşıq. Nəsə çatmır, nəsə xoşbəxt olmağa maneçilik törədir.
İ ş ı q. Sənin dərdin Məşdi İbadın dərdidir: eyibsizlik.
S ə f i r. Yenə də istehza!
İ ş ı q. Bəli, istehza eləyirəm, hətta gülməyim gəlir.
S ə f i r. Gül, İşıq, amma dünən səni görəndə nəyin çatmadığını şəksiz bildim.
İ ş ı q. Sən allah, tökmə ətimizi! Özü də iyirmi ildən sonra.
S ə f i r. Həqiqət belədir, İşıq.
İ ş ı q. Səfir bəy, güldürmə bizi.
S ə f i r. Mən bura səni güldürməyə gəlməmişəm, İşıq, qulaq as mənə.
İ ş ı q. Xeyr! Mən sizə qulaq asmayacam.
Q o c a. Quqquluquuu...
S ə f i r. (Diksinir) Bu nədir? Bəs dedin təkəm?
İ ş ı q. Qorxmayın, bu real həyata dəvət deməkdir. Düşək aşağı.
S ə f i r. Çox orijinal dəvətdir.
Q o c a. (Əsəbi) Quqquluquuu...
İ ş ı q. (Şirmanı götürür) Nə istəyirsən?
S ə f i r. Bu kimdir, niyə banlayır?
İ ş ı q. Tanımadın? Xoruz babadır də.
S ə f i r. (Şaşırmış) Salam!
Q o c a. Quqquluquuu...
İ ş ı q. O danışmır, banlayır.
S ə f i r. Quqqulu!
İ ş ı q. (Qocaya dilimlənmiş alma verir) Buyur, nuş elə.
S ə f i r. Mən elə bilirdim o ölüb?
İ ş ı q. Allah eləməsin!
S ə f i r. Onu o biri otağa keçirmək olmaz?
İ ş ı q. Olar, amma aramsız banlayar. Təklikdən qorxur.
S ə f i r. Nu... Je ne se pa!
İ ş ı q. Bəli, Səfir müəllim, bu adi reallıqdır, daha o şıltaq, ərköyün İşıq yoxdur. Mən ömrünü ailəsinin, uşaqlarının, xəstə qaynatasının qəribəliklərinə həsr etmiş adi bir qadınam. Daimi ehtiyaclardan yorulmuş, bunu boynuna almaqdan belə çəkinməyən, utanmayan, hissləri də özü kimi boyatlaşmış zəif bir qadın.
S ə f i r. Dünən tamam başqa adamdın.
İ ş ı q. Dünən? Dünən orda mən özüm deyildim, oynayırdım: nə sözlər mənimdi, nə kostyum, nə o xoş əhvali-ruhiyyə! Hamısı yapma, həpsi saxta, həpsi riya! Bəs nə bilmişdiz, iyirmi ildir aktyorlar arasındayam.
S ə f i r. Yox, elə deyil, biz də bu həyatdan bir şey qanırıq.
İ ş ı q. Doğrudur, mən rola elə girmişdim ki, evə gələndən sonra da çıxa bilmirdim obrazdan, amma pərdə endi, tamaşa bitdi.
Q o c a. Quqquluquuu...
S ə f i r. (Boşalmış boşqabı Qocadan alır) Sakit otur, a kişi! Qulaq as mənə, İşıq!
İ ş ı q. Bayaq dedim ki, mən sənə qulaq asmayacam, özün də getsən yaxşıdı.
S ə f i r. Yoxsa, səni mənə qısqandılar? (Qocanı göstərir)
İ ş ı q. Rica edirəm, gedin.
S ə f i r. Kimdən qorxursan?
İ ş ı q. Mən heç kimdən qorxmuram. (Şirmanı Qocanın qabağına çəkir) Özümdən qorxuram.
S ə f i r. (İşığın əlindən tutur) Yalvarıram, İşıq, qulaq as mənə!
İ ş ı q. (Əlini çəkir) Başa düşün...
S ə f i r. (Diz çökür) Mən sənin həyatını kökündən dəyişə bilərəm, İşıq! Milyonlarımı ayaqların altına ata bilərəm.
İ ş ı q. Siz dəli olmusunuz.
S ə f i r. Bura gələndə hər şeyi fikirləşmişəm, hər şeyi nəzərə almışam. Qızın artıq öz yolunu müəyyən eləyib, həkim olacaq, oğluna ən iri mağazamın açarını verərəm. Özüm də səfir gedirəm uzaq bir ölkəyə, dincəlmək istəyirəm, bəsdi bu siyasi mübarizələr, səni də özümlə aparıram.
İ ş ı q. Sən nə danışırsan? Bəs... bəs... bu qocanı neyniyim mən?
S ə f i r. Qocanı? Qocanı... qocanı göndərərəm Amerikaya, orda qocalar evində bir yaxşı tanışım var. Nə deyirsən, İşıq? Mənim ömrümə işıq olmaq istəmirsən?
İ ş ı q. Siz... sən doğrudan da dəli olmusan. Da eto je absurd! Sənin arvadın, uşaqların, nəhayət, mənim ərim - Otello!
S ə f i r. Yoxdur, mənim ailəm yoxdur, İşıq. Qızı ərə vermişəm - Türkiyədə yaşayır, oğlum Amerikada oxuyur, bura qayıdası deyil, deyir vəhşi ölkədir Azərbaycan. Arvadı da ərə vermişəm, daha doğrusu ayrılmışıq, iki ildir, ərə də gedib. Mənə sən lazımsan, İşıq!
İ ş ı q. Qalxın ayağa! Ayaqlara qapanmaq kişiyə yaraşmaz! Özünüz də səfir! Böyük bir ölkənin sizdə gözü var.
S ə f i r. (Qalxır) Hökmünü ver, İşıq!
İ ş ı q. Mən sözümü çoxdan demişəm. Qərarım dəyişməzdir.
S ə f i r. Mən səni başa düşürəm, İşıq, hər şeyi başa düşürəm, onu da fikirləşmişəm, sən sus, cavab verməyə tələsmə. Gedək mənimlə bir aylığa, tərcüməçi kimi, deyək ki, sınaq müddəti ilə. İstəməsən, qayıdıb gələrsən evinə.
İ ş ı q. Sən nə danışırsan? Gedim bir aylığa, sonra da qayıdım gəlim evimə, heç nə olmayıbmış kimi? Bu komandirovkadır? Yoxsa elə bilirsən bura Fransadır, biz də... fransız?
S ə f i r. Sən niyə məsələni belə qəlizləşdirirsən? Sən bir müddət tərcüməçi işləyə bilməzsən xaricdə? Yəni o, bunu başa düşməz deyirsən? Axı bu bir aylıq ezamiyyət sənin boynuna heç bir öhdəlik qoymur. Burda onun bir ilə qazandığından çox qazanacaqsan, bircə aya.
İ ş ı q. İlahi, bu bazar yıxdı bizi.
S ə f i r. Bu işgüzar təklifdi, mən sənə köhnə dost kimi kömək eləmək istəyirəm.
İ ş ı q. Bağladıq bu bazarı! Sənin dünən dediklərinlə bu gün uydurduqların arasında elə uçurum var ki, mən qorxuram.
S ə f i r. Dünən mən səninlə bir də görüşəcəyimi bilmirdim, İşıq. Mən bədbaxt adamam, İşıq.
İ ş ı q. Çox təəssüf eləyirəm, amma bu ta sizin problemdir.
S ə f i r. Yalvarıram, İşıq, belə qəddar olmayın.
İ ş ı q. Mən sözümü dedim!
S ə f i r. Yox, yox! Cavab verməyə tələsməyin. Sabah, sabah deyərsiniz. Bu axşam fikirləşin, qərarınızı sabah verərsiniz.
İ ş ı q. Vallah, mən dəli olacam. Axı, siz məndən nə istəyirsiniz?
S ə f i r. Sizi bir aylığa işə dəvət edirəm.
İ ş ı q. Olmazmı bu təklifi Otelloya verəsiz?
S ə f i r. (Duruxur) Əvvəla, Otello aktyordur, dili də bilmir, ikincisi mən onu istəmirəm. Onun həmişə məndən zəhləsi gedib.
İ ş ı q. Heç sən də ondan ötəri ölmürsən.
S ə f i r. Mən elə deməzdim, əksinə, o mənim üçün... Ona bir qohumluq hissi var məndə. Görünür, bir adama olan şərikli məhəbbətin təsiridir.
İ ş ı q. Qəribədir. Bəlkə siz onu sevirsiniz də?
S ə f i r. Hər halda biganə deyiləm, amma mən buna məhəbbət deməzdim.
İ ş ı q. Buna da şükür!
Q o c a. Quqquluquuu...
S ə f i r. (Diksinir) Adam dəli olar burda. Necə dözürsüz buna?
İ ş ı q. O banlamayanda biz darıxırıq. (Şirmanın dalına keçir və tez də çıxır) Vəziyyəti ağırdır. Dünən bir litr süd içib, onunla məşğul olmaq lazımdır.
S ə f i r. Onda mən gedim, siz də... Sabah zəng edəcəm.
İ ş ı q. Zəng-zad lazım deyil! Mən sözümü demişəm...
S ə f i r. (İşığın əlindən yapışır) Yox, yox! İndi cavab verməyin! Sabah, sabah... (Qəfil İşığın əlindən öpür və qadın özünə gəlməmiş qaçıb gedir)
İ ş ı q. (Əlinə baxır) İndi bu nə deməkdir?
Q o c a. (Həyəcanla) Quqquluquuu... quqquluquuu...
İ ş ı q. Partlama, gəldim. (Şirmanı qırağa çəkir) Vay-vay-vay... Bu nədi, a kişi? Bir az dözə bilməzdin? Püfff... Allah, bu nə zülümdü sən mənə verirsən? İndi bundan sonra gəl Otello köpəyoğlunu sev görüm necə sevirsən! (Qocanı kolyaska qarışıq aparır)...
İşıq sönür.

Səhnədə bir canlanma var. Ortaya qoyulmuş çamadana İşıq paltarlarını yığır. Ofeliya gir-çıxdadır, şeyləri yığmağa kömək eləyir. Hamlet kalkulyatorda nəsə hesablayır. Hərdən telefona cumur. Qoca həmişəki yerindədir.

İ ş ı q. Dəli olmuşam, dəli, allah alıb ağlımı başımdan.
O f e l i y a. Yenə başladın, mama? Bir azdan yola düşürsən, niyə nəhs gətirirsən? Yaxşısı budur getdiyin yer haqqında fikirləş, gör nə yaddan çıxıb. Çay qaynatmağa kipitilnik götürdün? Orda hər xırda şeyə pul xərcləmə.
H a m l e t. O necə səfirlikdir ki, çayı kipitilniklə qaynadırlar?
O f e l i y a. Sən arvad işinə qarışma!
İ ş ı q. Ofa, evin bütün yükü sənin üstünə düşəcək, dərslərin də ağır. Bilmirəm öhdəsindən necə gələcəksən?
O f e l i y a. Onun fikrini eləmə. Hər şeyi bacarıram, nə desən bişirərəm: kartof qızardaram, yumurta qaynadaram, sonra... bir elə badımcan ikrası bağlamısan, gündə birini açaram.
H a m l e t. Hər gün badımcan yeyəcəyik? Zəhləm gedir ikradan.
İ ş ı q. Mama qurban olar sənə, Hamlet. (Ağlamsınır)
O f e l i y a. Sən qarınqululuq eləmə, canın çıxar yeyərsən.
İ ş ı q. Dilin qurusun, Ofa, necə qıyıb elə deyirsən?
O f e l i y a. Qoy qudurmasın! Nə bişirsəm onu da yeyəcək. Xoşu gəlməz çağırar o uzundraz Aynurəni...
H a m l e t. İndi mən sənə göstərərəm badımcan ikrasını da, uzundraz... (Ofeliyaya cumur)
O f e l i y a. (Cikkə çəkir) Mama!
İ ş ı q. Hamlet! Deməmişəm qıza elə cumma, sarılıq gətirər? Sən də dilini dinc saxla. Ona görə ürəyim narahatdır da. Günüz-axşamacan bir-birinizi didirsiniz. Hələ qoca...
H a m l e t. Nə qoca ey? Çox banlayar, sallam o biri otağa, qoy istədiyi qədən banlasın...
İ ş ı q. Hamlet, o sənin babandır!
H a m l e t. Mən deyirəm nənəmdir? Can, nənə, bir nağıl de.
Q o c a. (Gülür) Quqquluqu.
H a m l e t. Can ey! (Qocanı öpür) Bombadı! Bir on dəqiqəyə qayıdıram. (Gedir)
İ ş ı q. (Hamletin dalınca baxıb gözünü silir) Vallah, mən dəli olmuşam, qəlbimə şeytan girib.
O f e l i y a. Ay allah! Siz adamı dəli eliyərsiz. Ay arvad, camaat düşüb qalıb yollarda, bir dəfə də siz gedin də! Bir ay nədir ki?
İ ş ı q. Sən hər şeyi bilmirsən, qızım. Ürəyim boğazımda döyünür, bu saat çıxacaq yerindən.
O f e l i y a. O qədər evə bağlanmısınız ki, bir yerə gedəndə elə bil kosmosa uçursuz.
İ ş ı q. Camaat, qonum-qonşu, məktəbdə müəllimlər... nə deyəcəklər?
O f e l i y a. Nə istəyirlər desinlər! Siz nə vaxtacan özgələr üçün yaşayacaqsınız? Bəsdirin də, ömrü yarı eləmisiniz, bir dəfə də özünüz üçün yaşayın.
İ ş ı q. Axı, bu vaxtacan mənim adıma güldən ağır söz deyilməyib, qızım.
O f e l i y a. Bundan sonra kim sənin adına söz deyəcək, ay arvad, sənin qırx üç yaşın var ey!
İ ş ı q. Əvvəla, mənə arvad demə, ikincisi də qırx üç yaşıma hələ... iki ay var.
O f e l i y a. Bəs mən nə deyirəm? Bu yaşda sevgi olar? (Gülür)
İ ş ı q. Sən bilən məni ta sevmək olmaz?
O f e l i y a. Sevmək? Sən nə danışırsan, mama? Sevgi üçün artıq mən qocalmışam.
İ ş ı q. Səni bilmirəm, amma mən... amma mən... Nəysə! Qluposti! Hanı mənim yaşıl koftam? Çoxdandı gözümə dəymir?
O f e l i y a. Sevaya vermişəm, bir on günlüyə, qırmızı ilə dəyişmişik. Demişdim ki sənə.
İ ş ı q. Niyə mənim koftamı, Ofa? Deməmişəm mənim paltarlarımı ona-buna vermə?
O f e l i y a. Seva ona-bunadı?
İ ş ı q. Vallah, siz məni dəli eləmək istəyirsiniz, elə bil qəsdimə durmusunuz. Gedirəm yad ölkəyə, geyimim yox, yaxşı ayaqqabım yox, olanı da miyanə...
O f e l i y a. Çil-çil kostyumunu gey, qara paltarını götür, sənə yaraşır, çatan kimi də bir-iki kofta al, orda qəpik-quruşadı.
İ ş ı q. Nə bilim, nə bilim? Yəqin bu taledir. Sudba! Daha geriyə yol yoxdur. Uzaq... uzaq... bütün şübhə və tərəddüdlərdən uzaq!
O f e l i y a. Lap papa kimi danışdın, monoloq deyirsən?
H a m l e t. (Gəlir) Mama, bu mənim iki yüz dollarım, bu da alacağın malların siyahısı. Bunların hamısını gətirə bilsən gəlirin iyirmi faizi sənindir.
O f e l i y a. Afərin, Hamlet! (Onu öpür) Mama, gör nə qədər puldu?
İ ş ı q. Hardandı səndə bu qədər pul? Kimindi? Borc almısan?
H a m l e t. Mama, bəsdi də! Mən lopuğa işləyirəm? Biznesdi də!
O f e l i y a. Mama, sakit ol, indi uşaqlar böyüklərdən yaxşı qazanırlar. Onlar zamanın ritmini tez tuturlar.
İ ş ı q. (Pulu alır) Nə bilim, nə bilim? Elə bil dərin bir uçurum qarşısındayam, bu saat yıxılacam, bir tutub saxlayanım da yox. Əksinə, hamı bir adam kimi məni o uçuruma itələyir. Ərim də ən asan yolu seçib: deyir özün həll elə, özün seç. Allah, ümidim bir sənə qalıb, özün yol göstər mənə. (Ağlayır)
H a m l e t. Mama, istəmirsən getmə.
O f e l i y a. Bura bax ey, sən mollalıq eləmə! (Onu bayıra itələyir) Yeri, yeri...
H a m l e t. Gedim də! Elçinə demişəm, maşında gələcək, yola salmağa, düz aeroportacan.
O f e l i y a. Lazım deyil Elçin-zad, papa özü aparacaq.
H a m l e t. Papanın maşını ortaya çıxarılasıdır ki?
İ ş ı q. (Gözlərini silir) Lazım deyil, maşın gələcək dalımca.
O f e l i y a. “Mersedes”?
H a m l e t. Ooo... pardon, madam. (Gedir)
İ ş ı q. Qızım, bu “Mersedes”lə mən hara gedirəm? Niyə məni saxlamırsınız? Niyə bir deyən yoxdur ki, ay arvad, hara gedirsən? Axı sənin evin-eşiyin, ailən, uşaqların var. Niyə dağıdırsan iyirmi ilə qurduğun evini, niyə itirmisən özünü?
O f e l i y a. Şişirtmə, mama! Hamımız bilirik ki, işləməyə gedirsən, ezamiyyətə. Sən mütləq getməlisən, mama, bəlkə bizə də bir yol açdın. Camaat yaşamaq, bu sınaqdan salamat çıxmaq, uşaqlarına bir gün ağlamaq üçün min bir oyundan çıxır, sizsə qurubəylik edirsiz. Papaya ümid olsaq, bizi gün döyüb şaxta qurudacaq.
İ ş ı q. Sus! Özün də papanın adını çəkmə.
O f e l i y a. Tı yevə lyubiş?
İ ş ı q. (Diksinir) Kimi? Bu hardan gəldi ağlına?
O f e l i y a. Necə yəni hardan gəldi ağlıma?
İ ş ı q. (Şübhəli) Kimi deyirsən?
O f e l i y a. Papanı deyirəm də! Sevirsən onu?
İ ş ı q. Ay allah, bunlar məni dəli eləyəcək!
O f e l i y a. Mənə elə gəlir ki, sən papanı sevmirsən, heç sevməmisən də.
İ ş ı q. Yalandır! Mən həmişə sevmişəm onu, elə indi də sevirəm.
O f e l i y a. Bəs onda niyə belə qorxursan?
İ ş ı q. Kim deyir qorxuram? Kimdən qorxuram, Ofa?
O f e l i y a. O kişidən... səfirdən.
İ ş ı q. Bu hardan gəldi ağlına?
O f e l i y a. Bunu görmək üçün papadan bir qədər diqqətli olmaq kifayətdir.
İ ş ı q. (Hirslə) Hanı mənim qara çəkmələrim? Sənə dəxli olmayan işlərə burnunu soxma! Qorxuram! Yox bir, ölürəm.
O f e l i y a. Qara çəkmələr burdadır.
İ ş ı q. Vəssalam! Bu da bizim çamadanımız! (Oturur)
O f e l i y a. (Ofeliya qadını qucaqlayır) Nə yaman titrəyirsən? Bir relanium verim at, adamı sakitləşdirir, həmişə imtahanqabağı atıram.
İ ş ı q. Yox, qızım, mənə dərman təsir eləməz. Bir iyirmi il bundan qabaq da qalmışdım iki yol ayrıcında. Yaxşı deyirlər ki, tarix təkrar olunur. Bir siqaret çəkərdim.
O f e l i y a. (Təəccüblə) Siqaret?
İ ş ı q. Həri, siqaret. Nəsə qəribə bir iş eləmək istəyirəm.
O f e l i y a. Qoy görüm, Hamletin gizlətdiyi yeri bilirəm, qalıbsa... (Gedir)
İ ş ı q. İlahi, sən özün mənə yol göstər: əgər qalmalıyamsa, sındır qılçamı, lap iki yerdən, şikəst elə məni.
O f e l i y a. (Siqaret gətirir) Bu da siqaret!
İ ş ı q. (Siqareti çətinliklə yandırır. Onu öskürək tutur) Az, bu zəqqumdu ki.
Q o c a. Quqquluquuu...
İ ş ı q. Gör gözü nə tez aldı? Özünü batıranda heç nə görmür, heç nə qanmır. Sənin üzündən gedirəm, baş götürüb qaçıram.
O f e l i y a. Gülür. Elə bicdir ki! Mama, hər şeyi görür, vallah, hər şeyi də başa düşür.
İ ş ı q. Bilmirəm mənsiz onun öhdəsindən necə gələcəksiz?
O f e l i y a. Sözün yarımçıq qaldı.
İ ş ı q. Nə söz?
O f e l i y a. Deyirdin iyirmi il qabaq nəsə olub.
İ ş ı q. Oy, piyan oldum, başım gic gedir.
O f e l i y a. Yaraşır ey, mama, sənə. Orda arvadlar hamısı çəkir. Çəkməsən, elə bilərlər çuşkasan.

Otello gəlir və siqaret çəkən İşığı görür. İşıq çaşır, siqareti gizlətməyə çalışır.
O t e l l o. Təlaş etməyə dəyməz. Diplomat qadın çəkə də bilər, içə də. Yoxsa deyərlər bu vəhşi, barbar hardan gəlib? Ölkənin adını batırmaq olmaz. Çək, iç, sərxoş ol.
O f e l i y a. Mən dedim çəksin. O qədər həyəcanlıdır ki, əsim-əsim əsir.
O t e l l o. Naməlumluq qarşısında adamı həmişə xoş həyəcan izləyir. Adam intizar içində çırpınır, qaplan pəncəsində çırpınan ceyran kibi.
İ ş ı q. Mən nə həyəcanlanıram, nə də çırpınıram.
O t e l l o. Bu sizə başucalığı gətirmir, xanım...
İ ş ı q. Başucalığı bizdə kifayət qədərdir, tavana dəyir. İndi məlum olur ki, bizə daha vacib şeylər lazım imiş.
O f e l i y a. Səfərqabağı deyişib bir-birinizi incitməyin. Bəlkə də bir aylıq bu ayrılıq sizin ikinizə daha çox lazımdır. (Gedir)
O t e l l o. (Çamadanı görür) Deyəsən sən gerçəklədin?
İ ş ı q. Sən hər şeyi oyun bilirsən? Yoxsa özünü səhnədə hiss eləyirsən?
O t e l l o. Deməli gedirsən?
İ ş ı q. Gedirəm. Bir də bunu faciəyə çevirmək lazım deyil. Uşaqlarımın əyin-başı tökülür, onun-bunun paltarını geyməkdən qızın üzündə su qalmayıb. Elə mən özüm, şagirdlərim geyimləri ilə mənə yanıq verirlər. Sən də buğda yeyib cənnətdən çıxmısan. Təşəxxüs satırsan, halbuki toylarda tamadalıq etməklə təşəxxüs satmaq tutmur, gülünc görünür.
O t e l l o. Gül də, bəs niyə gülmürsən?
İ ş ı q. Çünki göz yaşlarım məni boğur.
O t e l l o. Nə gözəl dedin! Bu sənin ən yaxşı replikan oldu.
İ ş ı q. Yenə teatr!
O t e l l o. Belə... (Siqaret çıxardır) Ooo... təklif eləmədim. Madam, siqaret? Viski, konyak, bəlkə kofe?
İ ş ı q. (Vurub qutunu salır) Təlxəklik eləmə!
Q o c a. Quqquluquuu...
O t e l l o. Səni demir, papa. (Pauza) Bir gün olar sən də məni atarsan, qurdlar ilə aşnalığı qatarsan...
İ ş ı q. Açıq danış, nə demək istəyirsən?
O t e l l o. Mürəkkəb dedim?
İ ş ı q. Öz sözünlə de! Getməyimi istəmirsənsə, açıq de, birbaşa!
O t e l l o. Mən heç nə demirəm. Özün seç, özün həll elə.
İ ş ı q. (Otellonun yaxasından yapışır) Bəs iyirmi il qabaq niyə demirdin özün seç, özün həll elə?
O t e l l o. (Yaxasını qadının əlindən yavaşca çıxardır) Onda mənmi iyirmi beş yaşım vardı, dünya mənimdi. Şəhərdə məndən yaraşıqlı, məndən populyar cavan yoxuydu. İndi isə quru adım qalıb, bir də iyirmi ilin müdrikliyi: hər ikisi qəti söz deməyə mane olur.
İ ş ı q. Mən artıq seçmişəm. (Telefon zəng vurur. Dəstəyi götürür) Bəli! Hazıram, dedim hazıram. (Dəstəyi qoyur) Hazıram!
O t e l l o. Deməli gedirsən?
İ ş ı q. (Hikkə və isterika ilə qışqırır) Gedirəm! Gedirəm! Gedirəm! Eşitdin? İnandın? Gedirəm! (Hönkürür)
Q o c a. Quqquluquuu...
O t e l l o. Qorxma, papa, mən getmirəm.
O f e l i y a. (Qaçaraq gəlir) Mama, sakit ol! (Qucaqlayır) Sakit ol, mama, qurban olum, sakit ol...

Otello səhnənin dibinə çəkilib arxası tamaşaçıya dayanır.

H a m l e t. (Qaçaraq gəlir) Mama, maşın gəldi! Bomba “Mersedes”dir. Hazırsan?
İ ş ı q. (Toxtayır) Hazıram.
O f e l i y a. Mamaaa... (Ağlayır)
H a m l e t. Başdan qrıjadı ey! (İşıqla qucaqlaşır)
İ ş ı q. Bax bir-birinizdən muğayat olun. Hamlet, evə gec gəlmə... (Otelloya baxır, yaxınlaşmaq istəyir, dayanır)
H a m l e t. Mən çamadanı aparım. (Çamadanı götürüb gedir)
O f e l i y a. Heç kəsdən nigaran qalma, ayın tamamında səni gözləyirik. Gedim su gətirim atım dalınca. (Gedir)
Q o c a. Quqquluqu.
İ ş ı q. (Ağlaya-ağlaya) Quqquluqu. (Gedir)
O f e l i y a. (Bir stəkan su ilə gəlir) Mama, dayan su atım...
İşıqlar sönür.

O f e l i y a. Zəhrimara qalasan, yenə söndü işıqlar. Papa, şamı yandır, baba qorxar... (Gedir)
Q o c a. Quqquluquuu... quqquluquuu...
O t e l l o. Qorxma, papa... (Şamı yandırır) Qorxma, böyük sənətkar, işıq söndü, elektrik işığıdır, bir azdan yanar...

İşıq sönür.

P ə r d ə
İKİNCİ HİSSƏ

Həmin məkandır. Qoca yerindədir. Hamlet telefonla danışır.

H a m l e t. Neçəyə, neçəyə? Gicləmə, alə! On şirvana indi nə verirlər? Frayerəm sənin üçün? İyirmi dənə, vəssalam! Sən ona desən mal hardan gəlib, qanar. Türkiyə nədi, alə? Bombadı ey! Alə, anam gətirib də.
O f e l i y a. (Gəlir) Yenə asılıb telefondan. Evi çevirib ofisə.
H a m l e t. Gətirib birini göstərərəm, bəyənməz, mən pas. Lap bu saat! Taksi ilə gəlirəm, gözlə. Oldu, okey! (Dəstəyi qoyur) Sən nə deyirsən?
O f e l i y a. Nə qədər telefonla danışmaq olar? Bəlkə bizə də zəng eləmək istəyən var?
H a m l e t. Ərə getsəydin sən də dincələrdin, biz də.
O f e l i y a. Aynurənin yerini dara eləyirəm?
H a m l e t. Gələr, özü deyər.
O f e l i y a. Şükür ki, o gələndə mən getmiş olacam.
H a m l e t. Hanı o gözəl gün? (Gedir)

İşıq gəlir. Çox gözəl geyinib. Xeyli dəyişib, gözəlləşib.

O f e l i y a. Mama? Nə tez gəldin? Dərs olmadı?
İ ş ı q. Uşaqları buraxdım. Tamam işdən soyumuşam, hər şey gözümdən düşüb, mənasızlaşıb, özümü burda birovuz kimi hiss eləyirəm. Heç nə məni cəlb eləmir, elə bil ruhum bədənimdən çıxıb, haradasa azıb, itkin düşüb.
O f e l i y a. Mama, klyovı görükürsən, sənə paxıllığım tutur. Niyə allah sənin gözəlliyindən bir tikə verməyib mənə?
İ ş ı q. Niyə, nə olub ki, sənə? Gül kimi qızsan.
O f e l i y a. Vot imenno! Gül kimi qızsan. Necə yaraşır bu paltar sənə. Yəqin hamı yıxıldı məktəbdə? Geyərəm bunu bir dəfə?
İ ş ı q. Az gətirmişəm sənə, Ofa? Öyrənmisən özgə paltarı geyməyə.
O f e l i y a. Demirəm ki, həmişəlik, bircə dəfə. Qızlara göstərim.
İ ş ı q. Gey də! Onsuz da hamısı sənindir, geyib o məktəbdə kimə göstərəcəm? Hamısı bozbaşnitsadır, dərsə şapşapda gəlirlər. Elə gündədirlər ki, adam əyninə paltar geyməyə də utanır. Amma orda...
O f e l i y a. Danış də, mama! Gələndən bir əməlli söhbət də eləmirsən, sözü səndən kəlbətinlə çıxardırıq. Hara getdin, hardan gəldin, hansı oteldə qalırdın, olduğun məclislərdə nə gördün? Nə qədər pul verdilər sənə?
İ ş ı q. Heç nə soruşma! Elə bil özgə planetə düşmüşdüm, hərdən mənə elə gəlir ki, oralarda mən olmamışam, kölgəm, ruhum gəzib o yerləri, məndən icazəsiz, məndən xəbərsiz. Bu pal-paltar olmasaydı elə bilərdim ki, hamısı yuxudur, yuxuda görmüşəm.
O f e l i y a. İşini bəyəndilər? Başa düşürdülər sən tərcümə eləyəndə?
İ ş ı q. Niyə, başa düşürdülər, amma mənə heç ehtiyac yoxuydu. İlahi, adam yaxşıya, firavanlığa nə tez alışır. Qayıdıb bu miskinliyi, dilənçiliyi, bədbəxt adamları görəndə ürəyin partlamaq istəyir. İndi gəl yaşa görüm necə yaşayırsan bu adilikdə, bu sırtıq şagirdlərin içində.
O f e l i y a. Onun münasibəti necəydi sənə?
İ ş ı q. Kimin?
O f e l i y a. Səfirin.
İ ş ı q. Səfirin? Mənim səfirlə nə işim? Biz heç görüşmürdük də. O elə institutdan qəribə idi bir az. Özünü elə aparırdı ki, guya bura o gətirməyib məni. Hamlet demiş bir az başdan qrıjadı deyəsən.
O f e l i y a. Papa çox narahat idi. Bizimlə də danışmırdı, heç telefona da yaxın durmurdu.
İ ş ı q. Elə idi, qomayaydı, deyəydi getmə, icazə vermirəm. Yoxsa özün seç, özün həll elə. Qızı özbaşına qoysan, ya halvaçıya gedər, ya da zurnaçıya. Çörək yemisiz? Hamlet yeyib?
O f e l i y a. Yemişik.
İ ş ı q. Yorulmuşam, bir əynimi dəyişim. (Gedir)
O f e l i y a. (Telefonu götürür) Mənəm. Niyə zəng eləmirsən? Həri. Özü yaxınlaşdı, Semaşkoya gedəndə. Mamam gətirməyib? Yox, onu demirəm. Az, yaxası zərli var ey, ətəyi saçaqlı, hə də hamınızın ürəyi getmədi? O da dedi. Mən də elə bilirdim, demə paltardan-zaddan başı çıxırmış. Yox, yaxşı oğlandı, amma bir az utancaqdır, nə bilim... keyfasondu.
İ ş ı q. (Gəlir) Bəs deyirsən yemişik?
O f e l i y a. Yaxşı, sonra zəng vuraram, bir əməlli danışarıq. (Dəstəyi qoyur) Nədi ki, mama?
İ ş ı q. Dolma elə yeri ilə qalıb ki.
O f e l i y a. Kartof qızartdım, üstünə də yumurta çırpdım...
İ ş ı q. Axı niyə evdə xörək ola-ola kartof qızardırsan? Bəs bir qazan dolmanı kim yeyəcək?
O f e l i y a. Hamletin xoşuna gəlmədi: dadı yox, duzu yox. Hamlet dedi ki, bu dolmaları rahatca cibə yığmaq olar - qupqurudur.
İ ş ı q. Qudurmusunuz, ikiniz də qudurmusunuz, atanız qudurdub sizi.
O f e l i y a. Niyə inciyirsən, mama, ordan gələndən xörəklərinin dadı qaçıb. Fransujenkasan də, siz nə bilirsiz dolma bişirmək nədir.
İ ş ı q. (Qıza şillə vurur) Sus!

Ofeliya üzünü tutub təəccüblə anasına baxır.

Q o c a. (Mürgüdən ayılır) Quqquluquuu...
İ ş ı q. Sən də banlama!
Q o c a. (Daha bərkdən) Quqquluquuu...
İ ş ı q. Dəli eləmək istəyirsiniz məni? İlahi... Je ne pa... je ne pa. (Ofeliyanı qucaqlayıb ağlayır) Özümlə bacara bilmirəm. Yad olmuşam, ev-eşiyə sığışa bilmirəm... Gərək getməyəydim, gərək razı olmayaydım. Qismətdən artıq yemək olmazmış. Onun da üzünə baxa bilmirəm.
O f e l i y a. Səni incidən nədir ki? Bəlkə...
İ ş ı q. Nə bəlkə?
O f e l i y a. Papaya xəyanət eləmisən?
İ ş ı q. Nə danışırsan, Ofa?
O f e l i y a. Bəs onda niyə belə əzab çəkirsən? Bəlkə ta bizi sevmirsən?
İ ş ı q. Necə yəni bizi?
O f e l i y a. Bizi də! Papanı, məni, Hamleti, babanı?
İ ş ı q. Bəlkə bütün yer üzünün adamlarını deyəsən? (Gözlərini silib toxtayır) Sizi deyə bilmərəm, amma qoca üçün lap ürəyim gedir.
Q o c a. Quqquluquuu...
İ ş ı q. (Gülür) Qoy gülüm arsız-arsız. Yedirtmisən onu?
O f e l i y a. Hamlet yedirdib.
İ ş ı q. Hamlet yaxşı yedirdər. Almasını soy ver yesin, qarnı bağlanar, qalarıq əlində. Oy, başım bir puddur. (Kresloya oturur) Mən də bir az mürgüləyim.
O f e l i y a. (Almanı soyub qocaya verir) Mama, bir yarım saatlığa Sevagilə düşüm, vacib işim var, indi qayıdıram. (Gedir)

Həzin musiqi. Otello gəlir, İşığa yaxınlaşır və yuxuda olan qadının üzünü, çənəsini sığallayır. İşıq azalır.

O t e l l o. Axşamın xeyir.
İ ş ı q. Axşamın xeyir.
O t e l l o. Onda da sən beləcə kresloda oturub yuxulamışdın. İçəri girib ayaqlarımın ucunda yaxınlaşdım sənə. Stendalın kitabı sürüşüb düşmüşdü döşəməyə, ayaqlarının altına.
İ ş ı q. Onda mən yatmamışdım, özümü yuxuluğa vurmuşdum, görüm nə edəcəksən.
O t e l l o. Heyran olmuşdum sənin gözəlliyinə, axı sən yatanda daha gözəl olursan. Vəziyyətdən istifadə edib öpdüm səni, onda bildim ki, oyaqsan. (İşığı öpür) Qollarını boynuma doladın, ilk dəfə öpüşümə cavab verdin.
İ ş ı q. O gün mənim ən xoşbəxt günüm idi. (Qollarını Otellonun boynuna dolayır və kreslodan qalxır. Başını çiyninə qoyub gözlərini açmadan rəqs edir) Sonralar sənə hirslənəndə, lap zəhləm gedəndə səndən həmin günü xatırlayırdım. O həzin axşamı mən özüm seçmişdim, oturub səni gözləyirdim. Anamgillə qonaq getməkdən də boyun qaçırmışdım. Xəbərin yoxuydu, amma mən səni gözləyirdim.
O t e l l o. Sizə gələndə niyyət eləmişdim: gedib görsəm ki, təkdir, müqavimətsiz öpə bilsəm, evlənmək təklif edəcəyəm.

Pauza. Musiqi səsi güclənir. Keçmişin içindədirlər.

O t e l l o. Nə deyirsən?
İ ş ı q. İndi sən nə dedin ki, mən nə deyim?
O t e l l o. Elə isə de görüm mənə gələrsənmi?
İ ş ı q. İndi cavab verməliyəm? Yəqin ki, tərbiyəli qız o saat “hə” deməz. Bəlkə fikirləşim? Məsələn, sabah deyim?
O t e l l o. Sabah? Neynək, sabah cavab verərsən.
İ ş ı q. Yox, mən sənin kimi səbrli deyiləm, indi deyəcəm: mən xoşbəxtəm.
O t e l l o. Razısan. (Öpür)
İ ş ı q. Başım hərlənir, sən məni sərxoş elədin, məhəbbətin məni sərxoş elədi. (Halsız kresloya oturur. Musiqi kəsilir)
O t e l l o. (Real vəziyyətə qayıdır. Dalğındır)
Budur səbəb, səbəb tək budur yalnız,
Ürəyim çırpınır necə qərarsız!
Siz ey pak ulduzlar, bu səbəbin mən
Adını çəkmirəm xəcalətimdən. (Pauza)
Ah, səni, ah səni söndürsəm, fəqət,
Sən ey yer üzündə əvəzsiz xilqət,
Ülvi gözəlliyin ilk nümunəsi,
Təbiətin canlı, nadir şöləsi,
Hanı bu dünyada Prometey, hanı?!
Yenidən yandırsın sənin ziyanı?!
Dərsəm qızılgülü öz budağından
Təzədən yerində bitməz heç zaman.
O mütləq solacaq, nə dəhşətlidir!
Çiçək budağında təravətlidir.
İyləyim gülümü şaxında ikən. (İşığı öpür)
Uf, nə şirin busə!
Ağır əzablarla doludur sinəm,
Çəkirəm göylərin qəm-kədərini.
Ah, oyandı.
İ ş ı q. (Gözlərini açır) Kimdir? Otello, sənsən?
O t e l l o. Mənəm, Dezdemona.
İ ş ı q. Dezdemona? Nə Dezdemona? Mən hardayam, Otello? Ay allah... Bu işığı niyə yandırmırsan, görmürsən qaranlıq düşüb? Uşaqlar hanı? (İşığı yandırır) Vallah, siz məni dəli eləyəcəksiz. Yatmışdım mən? Yuxu görürdüm?
O t e l l o. Yuxu, nə yuxu? Nə görürdün?
İ ş ı q. Görürdüm ki, sən məni... Heç nə! Boş şeydir. Çoxdan gəlmisən? Çörək yemisən?
O t e l l o. Yox, ac deyiləm mən.
İ ş ı q. Deyəsən ta acmırsan sən, evdə lap çoxdandır çörək yemirsən. Gündüzlər də tamadalıq edirsən? Fu! Mən də şerlə danışıram. Teatrdayıq da, teatrda. (Mürgüləmiş Qocanı göstərir) Yaqomuz da var.
O t e l l o. Mən ta gecələr də ta madalıq eləmirəm.
İ ş ı q. Bəs neynirsən? Teatrda oynamırsan, tamadalıq eləmirsən?
O t e l l o. Düşünürəm.
İ ş ı q. Yaman ağır iş görürsən. Çoxmu pul verirlər düşünməyə görə? (Getmək istəyir)
O t e l l o. (Qolundan tutub saxlayır) Nə çox puldan danışırsan?
İ ş ı q. Nə var, niyə tutdun qolumdan?
O t e l l o. Gözümün içinə bax.
İ ş ı q. Niyə? Gözünə nəsə düşüb?
O t e l l o. Bax gözümün içinə!
İ ş ı q. Yaxşı, baxdım. (Baxmır)
O t e l l o. Ufff! Baxa bilmir.
İ ş ı q. Bəli, baxa bilmirəm, baxmaq istəmirəm.
O t e l l o. Niyəsini bilirəm.
İ ş ı q. Niyə?
O t e l l o. Çünki... çünki... məni sevmirsən?
İ ş ı q. Elə bu?
O t e l l o. Elə ən karlı səbəb budur.
İ ş ı q. Doğrudur, sevmirəm, çoxdandır sevmirəm.
O t e l l o. Bəs kimi sevirsən?
İ ş ı q. Heç kimi!
O t e l l o. Bəlkə onu?
İ ş ı q. Kimi?
O t e l l o. (Nərə çəkir) Kassionu!
İ ş ı q. Kassio kimdir? Kassio... ilahi, roldadır... Yəni sənin öz ağlın, öz sözün, öz hisslərin yoxdur? Ay camaat, mən bu vaxtacan bilmirəm kimdi mənim ərim: Otellodur, Hamletdir, Maqbetdir, yoxsa Kefli İsgəndərdir? Vallah, elə bilirəm ki, bir gün Otello ilə, bir gün Şekspirə, o biri gün Şillerlə yatıb dururam.
O t e l l o. (Qəhqəhə ilə gülür) Sən ey məqsədi qaranlıq həyatın işıqlı yıldızı, sən ey işıqlı şərqin qaranlıq yavrusu, sən vurulmusan, sən onu sevirsən! Gətirdiyin yalançı səbəblər, yapma hisslər, yıpranmış duyğular, saxta əzablar - hamısı bir şeyə, bir məqsədə xidmət edir: məni mümkün qədər alçaltmağa, kiçiltməyə, onu isə yüksəltməyə, şöhrət olimpinə qaldırmağa.
İ ş ı q. Bravo! (Əl çalır) Əhsən! Bu kimin odlu-alovlu monoloqudur, kimin sözləridir?
O t e l l o. Mənim də öz hisslərim, duyğularım var, İşıq, fəqət...
İ ş ı q. Xeyr, bunlar sənin sözlərin deyil, yəqin təzə rolundandır, elə məşq üçün məqamdır.
O t e l l o. Gülmə mənə, İşıq! Beş ildir mən sənətdən ayrılmışam. Sizin məişət qayğılarınız, cır-cındır almaq ehtiraslarınız, o möhtəris xilqətiniz, sözlü-sözsüz tənələriniz ayırdı məni sənətimdən. Xaltura məni elə udub ki, daha oynaya bilmirəm. Heç oynamaq da istəmirəm. Məhv oldu, hər şey məhv olub da getdi. (Qəhqəhə çəkir) Nə etmək ki, özümdə bütün dünyaya hakim olmaq qüvvəsi hiss edən mən, arsız ər rolunu oynaya bilmirəm.
İ ş ı q. İstəyirsən bu monoloqun davamını mən deyim, davam eləyim?
O t e l l o. Sən daha mənim içimdə qaynayan hisslərin məzmununu oxuyacaq İşıq deyilsən. İndi bizim hisslərimiz, istəklərimiz ayrı-ayrı ladlarda köklənib.
İ ş ı q. Sən adam kimi danışmağı da yadırğamısan, Otello. Özünü oynadığın rolların içində itirmisən, sən heç özün də bilmirsən kimsən. Amma o lağ elədiyin, səfeh dediyin adam bilirsən necə danışır? Sənin çinovnik, qulluq qulu dediyin adam danışanda hamı valeh olur.
O t e l l o. Sən də?!
İ ş ı q. Lap mən də!
O t e l l o. (Ona şillə vurur) Axı sən məni sevirdin.
İ ş ı q. Yalandır! Mən heç kimi sevmirəm, qəlbim, ürəyim bomboşdur. (Əlini sinəsinə vurur) Eşidirsən, boş çəllək kimi səs verirəm. Boş bir qlafım qalıb. Daimi ehtiyac sıxıb suyumu çıxarıb, içimdə qiymətli nə vardısa hamısını boğub, məhv edib, indi mən adicə bir xəstəyə çevrilmişəm, hərdən mənə elə gəlir ki, heç uşaqlarımı da sevmirəm.
O t e l l o. (Nalə çəkir) Axı sən məni sevirdin!
İ ş ı q. Bilmirəm, heç özüm də bilmirəm, bəlkə də sevirdim. Yox, yox, sevmirdim, indi də sevmirəm.
O t e l l o. Qəribədir. Yəni o əttökən, sentimental görüş belə dəyişdi səni? Axı, biz xoşbəxt idik, bəlkə sən bunu da inkar edəcəksən? Yəni o çinovnikin mundiri belə qamaşdırdı gözlərini? İnanmıram, inanmaram! Sən belə dəyişə bilməzsən. (Pauza. İşığa yaxınlaşır və isti səslə) Bərk vurdum? (Yanağını sığallamaq istəyir)
İ ş ı q. Lazım deyil, öyrəncəliyəm.
O t e l l o. Qoy öpüm vurduğum yerdən, istəsən səni vuran bu əlimi kəsib ataram, amma əvvəl qucaqlayım səni, necə darıxmışam səninçin.
İ ş ı q. Dedim lazım deyil, toxunma mənə, əgər ölümümü istəmirsənsə toxunma mənə.
O t e l l o. Ölüm? Dəli olmusan? Yəni bizim iyirmi illik məhəbbətimiz kiçik bir sınağa dözmədi? Bəs bizim hələ bir yana çıxara bilmədiyimiz uşaqlarımız?
İ ş ı q. Hər kəs öz ömrünü yaşayır bu dünyada.
O t e l l o. Yəni sən Kassionu bu qədər sevirsən?
İ ş ı q. Danışma! Kassionun da bura dəxli yoxdur. Yadında saxla, mən heç kimi sevmirəm.
O t e l l o. Bu variant mənə əl verir. Məni sevmirsənsə, bu düzələr, təki özgə heç kəsi sevmə.
İ ş ı q. Özümdən zəhləm gedir. İlahi, ayaqlarım üzülüb yerdən, havadan asılı qalmışam, hara düşəcəyimi bilmirəm.
O t e l l o. Düş mənim ağuşuma, həmişəki kimi. (Qucaqlayır) Vallah, dəlisən. Düzdür, sən heç əvvəllər də...
İ ş ı q. Burax! (Əlindən çıxır) Dəymə mənə, toxunma! Eşitdin? (Yalvarır) Bir müddət dəymə mənə, qoy qayıdım özümə, vallah, içimdəki mən deyiləm, özgə adamdı, onu heç mən özüm də tanımıram.
O t e l l o. (Qucaqlamaq istəyir) Mən səni özünə qaytararam, əlim sənə dəyən kimi... (Qulağına nəsə pıçıldayır)
İ ş ı q. (Otelloya şillə vurur) Poşlo!
O t e l l o. (Pərtdir) Bu nəsə... lap təzədir. Doğrudan da ya sən dəli olmusan, ya da... qabaqdan gəlmişlik eləyirsən. Sən gedib dolanıb, gəzib gəlmisən, mən yox! Əgər bu pisdirsə, taxsır məndə deyil, səndədir!
İ ş ı q. Elədir, hər şeyin günahı məndədir. Hamı məni qınayır, amma bir başına vuran yoxdur ki, mənim getməyim səbəb deyil, nəticədir.
O t e l l o. Neynək! Qoy nəticə olsun! Səbəb də mənəm, nəticə də. Mən sənə firavan həyat qura bilmədim. Bəs niyə qayıtdın? Axı səbəb aradan qalxmayıb. Yoxsa elə bilirsən sənin bir aylıq diplomatik fəaliyyətin dövründə mən dəyişib ayrı adam olmuşam? Bilirsənmi ki, sənin bu biabırçı səyahətin, sonra da qayıdıb gəlməyin mənimçin necə əzabdır? Yoxsa elə bilirsən sevinirəm?
İ ş ı q. Bəs mənimçün əzab deyil? Şübhəli baxışlar, ikibaşlı suallar, eyhamlı sözlər?
O t e l l o. Kimdir müqəssir?
İ ş ı q. Mənəm, əlbəttə mənəm! Mənəm günahkar! (Hönkürüb gedir)
O t e l l o. Bu da hər şeyin sonu, məhəbbətin axırı... (İşıq azalır) Bəli, mənim param yox, altunum yox, fəqət bunlara qarşı mənəvi bir varlığım, döyünən ürəyim, yorulmaz qollarım var. Mən bir aslan kimi çarpışarkən, bir yırtıcı çıxdı da, onların hamısını çeynədi, qırdı, tapdadı. İndi mən bu sarsılmış qüvvət, bu sönük ruh, ölgün ürəklə nə edə biləcəyəm, nə?

İşıq sönür.
Qoca yerindədir. Ofeliya telefonla danışır.

O f e l i y a. Papa gic olub qalıb, bilmir neynəsin. Bəs necə? Çox dəyişib ey, heç söz demək olmur. (İşıq gəlir və qapının ağzında dayanır) Deyirəm, bəlkə klimaksdı, Seva? Düz deyirsən, tezdir. Seva, aramızda qalsın, deyəsən arvad vurulub. A çyort yevo znayet! Ağlıma gəlir də. Demə, demə... Həri, bu yandan da o yapışıb ki, adamlarımı göndərmək istəyirəm. Kak? Deməmişəm sənə? Aaa... Seva, mən səndən söz gizlədərəm? (Gülür) Hə də, ana bir tərəfdən, bala da... Nə bilim, yanımda olanda istəyirəm, olmayanda istəmirəm. (Gülür və birdən dönüb İşığı görür) Yox, nədən qorxacam, bir də müəllimlər papanı tanıyırlar də. Yaxşı, yox, yox, sonra zəngləşib bir əməlli danışarıq. Hələlik! (Dəstəyi qoyur) Mama, gəldin? Kakao aldın?
İ ş ı q. Kimlə danışırdın?
O f e l i y a. Sevadır, imtahanlardan qorxur.
İ ş ı q. Bəs o vurulan kimdir?
O f e l i y a. Nə vurulan?
İ ş ı q. Heç! Mənə elə gəldi. (Gedir)
O f e l i y a. Deyəsən eşidib? Lap yaxşı, qoy eşitsin. (Sumkasını götürüb gedir) Mama, mən getdim.

İşıq gəlir və ev işlərinə məşğul olmaq istəyir. Birdən əl saxlayıb fikrə gedir.

İ ş ı q. Bu nə oyundu mən düşdüm? (Əlləri ilə üzünü qapayır) İndi mən necə yaşayım? Kimə üz tutum, kimə sübut eləyim ki, mən işıq kimi təmiz, su kimi safam? Kim inanacaq mənim yalana bənzər həqiqətimə? O! Hamısı o! O, mənim qaranlıq fəzalarda ulduzlara çırpınan qanadlarımı qırdı, məni məhv etdi, məhv! İndi mənim bir yolum qalır və mən o qurtuluş yoluna doğru qətiyyətlə gedəcəyəm. (Stulun üstünə çıxıb başı üzərindən sallanmış ipin ucunu ilgəyə çevirir. Qoca onun hərəkətini birdən görüb yeməyini saxlayır) Bir qırpımda bir-birinə sarılan zaman və əbədiyyət! İndi mənim bir yolum qalır. Ardımca həyat zindanını bağlayıb əbədi gecələr qapısını açan müdhiş açar - ölüm! Ey bilinməz diyar, sənin nə büsatın varsa, qoy olsun! Fəqət mənim mənliyim məndən ayrılmasın, mənimlə o dünyaya getsin. Qoy iztirablar mənim təmiz adım qarşısında geri çəkilib təslim olsunlar.
Q o c a. Quqquluquuu...
İ ş ı q. (Diksinir) İlahi, bunların günü mənsiz necə olacaq? Bağışla məni, Hamlet! (Ağlayır) Mama qurban sənə... Bağışla qırx üç yaşında ağlını itirmiş ananı, Ofa! Ər evinə səni kim yola salacaq, kim səni urvatlı eləyəcək, qızım? Dərdini-sərini kimə deyəcəksən, anasız balam? Sən də bağışla məni, Otello, keç olmayan günahımdan, mən səni xoşbəxt eləyə bilmədim, zəif çıxdım, sənin kimi dəyanətli ola bilmədim, iyirmi yaşlı məhəbbətimi qoruya bilmədim... (İlgəyi boğazına keçirir)
Q o c a. (Həyəcanla banlayır) Quqquluquuu...quqquluquuu...
İ ş ı q. Əlvida, Qoca. Yolunu azmış vəfasız gəlinini bağışla... Kim sənin qayğına qalacaq, kim almanı soyacaq, kim?.. (Hönkürür)
Q o c a. (Əlindəki alma boşqabını atıb fasiləsiz banlayır) Quqquluquuu...
İ ş ı q. Qışqırma, kəs səsini... İndi aləmi yığacaq bura... Sus, kəs! Xarabada adam kimi ölməyə də qoymurlar.
Q o c a. (Banlamaqda davam edir) Quqquluquuu...
İ ş ı q. Sus dedim sənə! İndi düşüb şirmanı çəkərəm qabağına.
O t e l l o. (Səsi gəlir) Papa! Gəldim, papa, nə olub? Gəldim...
İ ş ı q. Dincəldin? (İlgəyi boğazından çıxarıb stuldan düşür)
Q o c a. (Təqdir edir) Quqquluquuu...
O t e l l o. (Gəlir) Yenə niyə banladırsız bunu? Axı dili yoxdu, ürəyi partlayar, günahdı? (Su verir) İç, papa, özün də bir az hövsələli ol.

İşıq süpürgəni götürüb sürətlə, hikkə ilə döşəməni süpürür. Bu onu sakitləşdirmir, bu dəfə döşəməni silməyə başlayır və Qocanı kolyaska qarışıq o yana-bu yana itələyir. Otello bütün bunlara, saçı-başı qarışmış İşığa göz qoyur. İşıq birdən sustalıb dayanır və oturub ağlayır. Otello ona yaxınlaşıb əlini çiyninə qoyur.

O t e l l o. Axı nə oldu sənə, İşıq? Niyə belə? Sən... Sən özün boyda işığıydın. Evimin, həyatımın solmayan gülü, sönməyən işığı. Mən səni göylər qədər uca, su kimi təmiz bilirdim.
İ ş ı q. (Qulaqlarını tutur) İlahi, yenə də monoloq, yenə də özgəsinin sözləri.
O t e l l o. Monoloq deyil bu, İşıq. Bu sözlər mənim ürəyimin səsidir. Görmürsənmi, bütün bədənim əsir.
İ ş ı q. O qədər monoloq eşitmişəm ki, özümü öldürmək istəyəndə mən də monoloq deyirdim, özümü faciə qəhrəmanı hesab eləyirdim.
O t e l l o. Əgər dediyin sözlər sənin hisslərini, fikirlərini ifadə eləyirsə, nə fərqi var müəllif kimdir?
İ ş ı q. Biri hisslərini banlamaqla bildirir, biri mələməklə, o biri də... Bu evdə heç kəs adam dilində danışmır. Bir sözlə, teatr! (Gedir)
O t e l l o. Eşitdin, papa? Aldınmı payını, onda çağır Əhməd dayını... (Qəhqəhə ilə gülür) Çağır, çağır Əhməd dayını... Ufff! Nə oynardım bu saat bütün hisslərimi, coşğun duyğularımı çarmıxa çəkən bir rolda! Boşaldardım içimdəki dərd xıltını. Vəhşi hayqırtılarla, odlu, şaqraq qəhqəhələrlə... Ha-ha-ha... (Qəhqəhələrlə gülür)
Q o c a. (Otellonun qəhqəhələri ilə həmahəng banlayır) Quqquluquuu...

İşıq sönür.

Küçə. Alaqaranlıqdır. Səfir gözündə qara eynək üstünə işıq düşən skamyada oturub. Kimisə gözlədiyi hiss olunur, həyəcanlıdır. Əlində bir dəstə gül var. Həzin musiqi eşidilir.

İ ş ı q. (Tələsik gəlir. Gözündə qara eynək var. Gülün üstündə oturur) Vallah, mən dəli olmuşam, başıma at təpib. (Eynəyi çıxarır)
S ə f i r. Niyə belə həyəcanlısan? (İşığın altından gül dəstəsini çıxarmaq istəyir)
İ ş ı q. (Səksənir) Neynirsən?
S ə f i r. (Gülümsəyir) Gülün üstündə oturmusuz.
İ ş ı q. Mən də deyirəm yerim niyə narahatdır? (Gülü çıxarır)
S ə f i r. Gül gülə yaraşır.
İ ş ı q. Mənə gül yox, ölüm yaraşır.
S ə f i r. Siz nə danışırsız, İşıq, ölüm nədir?
İ ş ı q. Mən nə dediyimi yaxşı bilirəm. (Gülü bilmir hara qoysun və özgə yer tapmayıb yenə də altına qoyur)
S ə f i r. İşıq, siz məni qorxudursuz.
İ ş ı q. Elə mən də özümdən qorxuram. Bu gün özümü asmaq istəyirdim, qoca necə banladısa, ölüm də düşdü gözümdən, ölümdən də iyrəndim.
S ə f i r. Bəs o məqamda məni düşünmədiniz, İşıq?
İ ş ı q. Bunun sənə nə dəxli var?
S ə f i r. Siz məni ürəksiz bilirsiz, İşıq? Axı mən sizsiz yaşaya bilmərəm.
İ ş ı q. (Təəccüblə baxır ona) Bəs bu qırx beş ili necə yaşamısan?
S ə f i r. Mən yaşamamışam, İşıq. Bu qırx beş ili mən sizə doğru irəliləmişəm - dərəli-təpəli, daşlı-kəsəkli yollar keçmişəm.
İ ş ı q. Heç piyada gəzənə oxşamırsan.
S ə f i r. Xarici görkəmim sizi aldatmasın, İşıq, siz yarın mənim qəlbimə baxın.
İ ş ı q. Ay Allah, bu da monoloq deyir.
S ə f i r. Onda görərsiz ki, mən bu iyirmi illik məcburi ayrılığı yalnız bircə ümidlə yaşamışam: sizə qovuşmaq ümidi ilə. Sizin sorağınızı almaq, uzaqdan da olsa, sizi görmək eşqi ilə Otellonun oynadığı bütün tamaşaların premyeralarına baxmışam. Əfsus!
İ ş ı q. Mən heç vaxt premyeraya getmirəm, ikinci tamaşaya baxıram.
S ə f i r. İnanmazsan ki, elə Otellonu görmək də təsəlli idi mənimçün. Elə bil sənin iyini alırdım ondan, uzaqdan-uzağa, ona baxanda elə bilirdim səni görürəm.
İ ş ı q. Əcəb!
S ə f i r. Nəhayət, o xoşbəxt “İyirmi ildən sonra” görüşündə mən qəti bildim ki, tale üzümə gülür.
İ ş ı q. Qılçım sınaydı ora gəldiyim yerdə, özü də iki yerdən.
S ə f i r. Elə deməyin, işıq, yalvarıram, elə deməyin.
İ ş ı q. O gündən sonra elə bil mənə qurd yağı sürtüblər: iyirmi il yaşadığım evimdən, ailəmdən iyrənmişəm. Bilmirəm hardayam mən. Bu günsə daha dəhşətli bir şey kəşf elədim özümdə - başa düşdüm ki, o evdən çıxmasam özümü öldürə bilərəm. İkiüzlü həyat mənimçün deyil.
S ə f i r. Sən mənim yanıma qayıdırsan, İşıq?
İ ş ı q. Apar, apar məni o qəribə adı olan ölkəyə, apar və heç nə soruşma.
S ə f i r. İlahi, mən necə xoşbəxtəm! (Musiqi güclənir) Eşidirsən, İşıq? Bu melodiya sənə heç nə demir? (İşığın qarşısında dayanıb onu rəqsə dəvət edir)
İ ş ı q. (Çaşqındır) Elə burda? Küçədə?
S ə f i r. Bəli, elə burda, bu saat! (Rəqs edirlər) İyirmi il öncə. Buraxılış gecəsi, “Abşeron” kafesi...
İ ş ı q. Aaaa... İnstitutu bitirdiyimiz günü deyirsən?
S ə f i r. Elədir, İşıq! Bu bizim gəncliyimizin melodiyasıdır. Onda sən mənimlə çox qəddar rəftar elədin, mənimlə rəqsdən imtina elədin.
İ ş ı q. O vaxt mən Otellodan başqa heç kəsi görmürdüm.
S ə f i r. Mən bu rəqsi düz iyirmi il gözləmişəm. Bu mənim həyatımın melodiyası, mənim rəqsimdir. Onu məndən oğurlamışdılar.
İ ş ı q. Sənin niyə? Bu melodiyanı Otello məxsusi mənim üçün sifariş eləmişdi.
S ə f i r. O gecə mən evə qayıdıb hönkür-hönkür ağladım və and içdim ki, səni qaytaracam.
İ ş ı q. (Səfirin başını sığallayır) Onda mən çox qəddar idim, ərköyün idim - Araz aşığımdan, Kür topuğumdan idi. Necə deyərlər, xodila po trupam molodıx lyudey.
S ə f i r. O truplardan biri bu gün yenidən həyata qayıdır, İşıq. Bu həyatı mənə sən bağışlayırsan, İşıq. (Əlindən öpür)
İ ş ı q. (Qəfil aralanır ondan) Koroçe!
S ə f i r. Bir həftəliyə uçuram ora, ofisi təşkil etməyə, artıq hər şey hazırdır, fərman da əlimdədir.
İ ş ı q. Necə? Bir həftəliyə? Sən qayıdıb gələndə məni ölmüş görəcəksən.
S ə f i r. Yox! Min dəfə yox!!! Səni də aparıram, sabah bir yerdə yola düşürük, bir yerdə uçacağıq! Sabah axşam, saat doqquzda hazır ol, zəngimi gözlə. Sabah, İşıq, doqquzda. İşıq... İşıq... Mən ağlayıram, İşıq... (Hönkürür)
İ ş ı q. Vot tebe raz!
S ə f i r. (Toxtamağa çalışır) Heç nə götürmə özünlə, heç nə! Bizim yeni həyatımızda hər şey təzə olmalıdır, İşıq... (Qadının qolundan yapışıb əlindən, qolundan öpür)
İ ş ı q. (Təlaşla) Yox, yox... İndi yox! Mən getməliyəm, gecdir, evdə hara getdiyimi deməmişəm... (Qaçıb getmək istəyir)
S ə f i r. Bəs bu güllər? Bizim məhəbbətimizin rəmzi olan bu çiçəklər?
İ ş ı q. Təzəsini alarıq, təzəsini... (Qaçaraq gedir)
S ə f i r. (Gülləri iyləyir) İlahi, səadət gəlir həyatıma, işıq gəlir qaranlıq çökmüş ömrümə, nur səpələnir gözlərimə, şəfəq çilənir taleyimə... (Gülür və tədricən gülüşü qəhqəhələrə və daha sonra hönkürtüyə çevrilir)

İşıq sönür.

Qoca yerindədir. İşıq harasa getməyə hazırlaşan adam kimi geyinib, amma qabağında önlük var. Süfrəyə yemək düzür. Stolun üstündə şam var.

İ ş ı q. Ofeliya! Ofa! Ofeliya!
O f e l i y a. (Başını daraya-daraya gəlir) Nədi, mama, nə olub?
İ ş ı q. Zəhrimar olub! Gör o kişinin üstü-başı nə gündədir? Səhər demədim dəyişdir onun köynəyini? Gör nəyə oxşayır?
O f e l i y a. Sabah dəyişərəm də, indi nə vacib olub? Teatra gedir? Oturub da yerində.
İ ş ı q. Sən yenə mənimlə söz güləşdirirsən? Özün də heç yerə gedib eləmə, bir yerdə şam eləyəcəyik. Dəyişdir kişinin köynəyini.
O f e l i y a. Mən getməliyəm, ey mama, nə ujinbazlıqdır? Nə olub ki, bir yerdə yeyirik?
İ ş ı q. (Mümkün qədər sakit) Heç nə olmayıb, qızım. Həmişə bir yerdə yemirik?
O f e l i y a. Mənim yadımdan çıxıb bizim bir yerdə çörək yeməyimiz. Sən ordan gələni...
İ ş ı q. (Qaşığı stola çırpır) Sus! Oranın da adını çəkmə!!!
O f e l i y a. Ta niyə hirslənirsən? Bu saat nə deyirsən hamısını eləyərəm. (Gedir)
H a m l e t. (Gəlir və İşığı öpür) Məni soruşan olmayıb? Nə qəşəng geyinmisən, harasa gedirsən? (Qocaya) Quqqulu!
Q o c a. (Gülür) Quqquluquuu...
H a m l e t. Mama, niyə birtəhərsən? (Telefona cumur) Bu Elçin gicdi də! Alə, Elçin! Elçin deyil? Bəs kimdi? Səni neynirəm, alə?
İ ş ı q. (Telefonu onun əlindən alıb yerinə qoyur) Heç yerə getməyəcəksən.
H a m l e t. İndi bu nə deməkdi, mama?
İ ş ı q. Bu o deməkdi ki, hamımız bir yerdə şam edəcəyik.
H a m l e t. Şam nədi ey? (Şama baxır) Aaaa... Şam yandıracağıq?
O f e l i y a. (Gəlir) Həri, şam yandırıb üstündən atdanacağıq. Aynurəni də çağır, o yaxşı hoppanar, ayaqları metrəyarımdı.
H a m l e t. Sən axırda mənim əlimdə öləcəksən. (Qıza cumur)
O f e l i y a. (Cikkə çəkir) Mama!!!
İ ş ı q. Zəhrimar mama. (Hamleti saxlayır) Mənim xətrimə.
H a m l e t. Qurban olsun sənə! Mama, qısa elə də bu şamı, axı mənim delavoy görüşüm var.
İ ş ı q. Dedim axı, mənim xətrimə bu gün evdə ol.
H a m l e t. Yaxşı də, kimin ad günüdü?
İ ş ı q. Ad günü-zad deyil, elə beləcə, hamınızı bir yerdə, bir süfrə arxasında görmək istəyirəm, darıxmışam sizin üçün.
O f e l i y a. (Köynəyi göstərir) Mama, bu necədir, geyindirim?
İ ş ı q. Yaxşıdı, dünən ütüləmişəm.
O f e l i y a. (Qocanı geyindirir) Qaldır də qolunu, qolun da qurumayıb ki! Bax belə. (Hamletə) Sən də əynini dəyiş, şalvarının rəngindən adam iyrənir.
H a m l e t. Aha, bildim. Bu sarsağa elçi gəlir.
O f e l i y a. Sevinmə, heç yerə gedib-eləyən deyiləm.
İ ş ı q. Ürəyimi partlatmayın! Yəni bizim bir yerdə oturmağımız qadağandır? Bəlkə sizə bir sözüm var?
O f e l i y a. (Maraqla) Nə söz, mama? Nəsə olub? Bəlkə...
İ ş ı q. Zəhrimar olub, Ofa, əl çək mənim yaxamdan! Hara da istəyirsiniz rədd olub gedin!
O f e l i y a. (Hamletə susmaq işarəsi verir) Sevaya zəng eləyim məni gözləməsin.
İ ş ı q. (Qışqırır) Dəymə telefona!

Hamlet və Ofeliya təəccüblə baxırlar ona. Otello əlində bir dəstə gül və bir bükülü gəlir.

O t e l l o. Atəşin salamlar! Nə yaxşı hamınız bir yerə yığışmısınız? (Stola baxır) Pahooo... Qiyamətdir ki! Qaynanam məni çox istəyirmiş, xəbərim olmayıb, qədrini bilməmişəm. Nədi ki?
İ ş ı q. Heç nə! Dedik biz də bir dəfə yığışaq bir yerə, adam kimi bir süfrədən çörək yeyək.
O t e l l o. Gözəl təşəbbüsdür. Mən də bu gün birdən hiss elədim ki, sizin hamınız üçün darıxmışam. Hər gün bir-birimizi görürük, amma görüşmürük, danışmırıq, dərdləşmirik. Bu yaxşı əlamətdir. (Gülləri bilmir kimə versin)
O f e l i y a. (İşığın tərpənmədiyini görüb gülü alır) Nə qəşəng güllərdi. Nə münasibətlədir? Bilmək olarmı?
H a m l e t. Qızlar verib? Pərəstişkarlar?
O t e l l o. (Çaşqındır) Bilmirsiniz? Elə bildim... (Stolu göstərir) Onda sürprizdi bu?
H a m l e t. Deyəsən hərə bir sürpriz hazırlayıb, bizə detektiv lazımdır.
O f e l i y a. Hər şey çox müəmmalıdır.
O t e l l o. Çexovun pyeslərində ən ciddi söhbətlər, gözlənilməz gedişlər süfrə arxasında baş verir.
İ ş ı q. Yenə də teatr! (Gedir)
Q o c a. Quqquluquuu...
O t e l l o. Ooo... bağışla şanlı sənətkar. Quqqulu! (Kolyaskanı stolun baş tərəfinə çəkir) Nə yaxşı geyinmisən? Ənənəyə görə yuxarı baş evin böyüyünündür. Di gəlin oturaq.

İşıq plov gətirir. Hamı onu vəcdlə qarşılayır, hər kəs yerini tutur. İşıq önlüyünü çıxarır.

O f e l i y a. Çətin iqtisadi şəraitdə plov daha çox mənəvi ləzzət gətirir.
H a m l e t. Şampan da olsaydı!
O f e l i y a. Bəzi adamların uzun məhəbbətini qeyd edərdik.
İ ş ı q. Nə demək istəyirsən, Ofeliya?
O f e l i y a. Hamletlə Aynurənin məhəbbətini deyirəm. Axı uzun adamın məhəbbəti də uzun olmalıdır.
H a m l e t. İndi qaşıq gələr başına, dalınca da qazmaq.
İ ş ı q. Bəsdirin!
O t e l l o. Mən bir filfilo eləsəm şampan da olar. Ya filfilo! (Şampan şüşəsini çıxardır) Bu da şampan!
O f e l i y a. Urrraaa...
H a m l e t. Bomba!
Q o c a. Quqquluquuu...
İ ş ı q. Axı, nə münasibətlə?
O t e l l o. (Pərtdir) Necə yəni nə münasibətlə? Doğrudan bilmirsən? Bəs onda bu nə bayram süfrəsidir?
O f e l i y a. Necə partladırlar ürəyimizi! Deyin də nə olub, niyə bizim xəbərimiz yoxdu?
H a m l e t. Deyəsən hərənin öz səbəbi var.
O t e l l o. Bir kadar hövsələ! Bəs qədəhlər hanı?
İ ş ı q. İndi gətirərəm.
O t e l l o. Ən gözəl fujerləri gətir, sənin cehizindən olanları deyirəm.
İ ş ı q. (Fujerləri gətirir) Sındırmayın a, qızın cehizidi.
H a m l e t. Nəyə əl vurursan, deyirlər amandır, qızın cehizidi. Bəs mənə heç nə qalmayacaq?
İ ş ı q. Sənə Aynurə gətirəcək.
O f e l i y a. Ürəklə işlədin, bir saatlığa prokata verirəm.
O t e l l o. Xamuş! Bağlayın söz körüyünüzün ağzını. (Ayağa qalxır) Polkovnik Kuliyev demişkən, bu içki ki var, tost tələb eləyir.
Q o c a. Quqquluquuu...
O t e l l o. Elədir, ağsaqqal.
O f e l i y a. Plov soyudu.
H a m l e t. Şampan da oldu sirkə.
İ ş ı q. (Tərəfə) İndi bir monoloq desin ki!
O t e l l o. Sizə qədim bir nağıl danışacam.
U ş a q l a r. Uuuu...
O t e l l o. Elə bir nağıl ki, onda bizim bu hövsələsiz gənclərin heç izi-tozu da yoxuydu.
O f e l i y a. Bu maraqlıdır.
O t e l l o. Biri vardı, biri yoxdu, erkən şöhrətlənmiş bir gənc vardı. Hamı onun parlaq gələcəyindən danışır, kitabı əldən-ələ gəzir, özü isə kino ekranlarından düşmürdü. Gənc həqiqətən xoşbəxt idi, amma bu xoşbəxtlik tam olmazdı, şəhərin, yox-yox, dünyanın ən gözəl qızı məhəbbətini ona bəxş etməsəydi. Qız ətrafında zəhlətökən milçək kimi vızıldaşan bütün pərəstişkarlarını rədd eləyib həmin xoşbəxt oğlanı seçdi.
H a m l e t. “Bir gəncin manifesti”ni danışır?
O f e l i y a. Yox, “Ağ atlı oğlan”ı.
O t e l l o. Kimdi o xoşbəxt oğlan? Əlbəttə, sizin atanız Otello! Bəs o gözəl qız kimi idi? Sözsüz ki, sizin indi də dünyanın ən gözəl qadını olan ananız İşıq!
H a m l e t. Urrraaa... (Əl çalırlar)
O f e l i y a. Urrraaa... (Əl çalırlar)
O t e l l o. Əsas məsələ qalıb, mən sözümü bitirməmişəm. Bu gün düz iyirmi ildir ki, həmin gözəl qız sizin zavallı atanızı xoşbəxt edir.
O f e l i y a. Vot eto sürpriz! Mama, sən bilmirdin?
İ ş ı q. Yox, bilmirdim! (Göz yaşlarını əsəbiliklə silir)
Q o c a. Quqquluquuu...
O t e l l o. (İnamsızlıqla) Ola bilməz... Axı, sən bu tarixi heç vaxt unutmazdın?
O f e l i y a. Mama, doğrudan bilmirdin, yoxsa acığa?
H a m l e t. Hardan bilsin ey? Başı kompüterdi?
İ ş ı q. Lap bilirdim, nə olsun? Bəlkə təzədən toy eləyək, nağara vurduraq?

Hamı pərtdir. Uzun çəkən pauza.
H a m l e t. Bəs içmirik? Heç şüşəni də açmamışıq. Özüm açacam. Özünü gözlə, Ofa, birinci dəfədir...
O f e l i y a. (Qulaqlarını tutub qışqırır) Mama!
H a m l e t. Dəlidi ey! Qorxma açmışam... (Fujerləri doldurur) Yaxşı, qaldırın görək, qazı qaçdı.
O f e l i y a. Mama...
İ ş ı q. Nə var, nə mama?
O f e l i y a. Papa...
Q o c a. (Qədəhi qaldırır) Quqquluqu!
H a m l e t. Can ey! Bomba!
O t e l l o. Birdən-birə hər şey dəyişdi, istedadlı aktyorun şöhrəti qəlp pul kimi mənasızlaşdı, axı, hər bir inqilab, hər bir çevriliş ilk zərbəsini sənətkara vurur. Bəli, sınaq dövrü yetişdi. Şöhrət qlafından çıxmış aktyor əla libasını soyunub lüt-üryan qalmış qocaya bənzədi. Təbiidir ki, həmin zavallı qocanın məhəbbət, sədaqət tələb etməyə haqqı yoxdur.
H a m l e t. Sən bir şey başa düşdün?
O t e l l o. Mənə bütün ömrümə çata biləcək səadət gətirmiş qadını qınamağa insafım yol vermir, ancaq bir mətləb var ki, onu deməkdən özümü saxlaya bilmirəm. İyirmi il bir orbitdə qoşa fırlanan, şərikli bir cüt övlad böyüdən kişi ilə qadın ayrılıqda heç vaxt xoşbəxt ola bilməzlər. Harda olsalar, həmişə köhnə orbitlərinin xiffətini eləyəcəklər və hökmən ora qayıtmağa çalışacaqlar. Amma köhnə, doğma orbitə təzədən qayıtmaq heç vaxt mümkün olmur.
Q o c a. Quqquluquuu...
O t e l l o. Doğrudur, ağsaqqal, həqiqət şərab şüşəsinin dibindədir, içək! İçək gözəl anamızın sağlığına!
İ ş ı q. Yox, içməyək!
O f e l i y a. Niyə yox, mama?
İ ş ı q. Dedim yox, vəssalam!
O t e l l o. (İçir) Mən içdim.

Telefon zəng vurur. İşıq diksinir və yerindən qalxıb telefona sarı yüyürür. Dəstəyi götürüb yerinə qoyur.

O f e l i y a. Mama, niyə cavab vermədin? Mənə zəng eləməlidirlər.
İ ş ı q. Ölməzsiz bir gün telefonsuz. (Yerinə keçir)

Telefon yenə də zəng vurur. Ofeliya cəld qalxıb dəstəyi götürür.

İ ş ı q. Ofa!!!
O f e l i y a. Alo! Bəli... Mama, səni...
İ ş ı q. Zəhrimar, mama! Demədim mən yoxam?
O f e l i y a. Mama, priyatnı kişi səsidi.
İ ş ı q. İstəyir lap Müslüm Maqomayev olsun!
O f e l i y a. Mama, deyəsən...
İ ş ı q. (İsterika ilə) Yoxam, yoxam, ölmüşəm! Yox, de ki, anam səadət verməkdə davam eləyir, ölməsə, bir iyirmi il də verəcək! (Yüyürüb dəstəyi qızın əlindən qapır və aparatın üstünə çırpır) Vəssalam! (Stolun üstündən qədəhini götürür) İçək! İçək deyilən sağlığa! Çıxmayaq kosmosumuzdan, fırlanaq ölənəcən! (İçir və qədəhi yerə çırpır) Bu da aydınlıq!

İşıqlar sönür.

O f e l i y a. Yenə də işıqlar söndü.
Q o c a. Quqquluquuu...
H a m l e t. Elə bilir səhər açılır ey.
O t e l l o. Şamı yandırmaq lazımdır.
H a m l e t. Mama, şamı yandır, sənə yaxındır.
O f e l i y a. Mama, yandır də, ürəyim partladı.
İ ş ı q. Kibrit verin.
O t e l l o. Ala, məndə var.

İşıq şamı yandırır. Hamı yanan şamın başına yığışır.
İşıq sönür

P ə r d ə

İyul, 1994-cü il

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG