Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:16

Amerikalı hüquq müdafiəçisini Azərbaycana niyə buraxmırlar? [Video]


Hüquq müdafiəçiləri Rəşid Hacılı, Anar Məmmədli və Rəsul Cəfərov ABŞ/Britaniya vətəndaşı - Rebecca Vincent-in ölkəyə buraxılmaması haqda fikirlərini bölüşürlər.

-


Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılı Rebecca Vincent-in Azərbaycana buraxılmamasını onun Azərbaycanda fəaliyyəti ilə əlaqələndirib:

«Rebecca-nın fəaliyyəti uzun müddətdir Azərbaycanla sıx bağlıdır, o, ABŞ səfirliyində işləyirdi və insan haqları ilə bağlı bütün məsələlərlə yaxından məşğul olurdu. Azərbaycanda insan haqları, ifadə azadlığının pozulması ilə bağlı bir çox hesabatların hazırlanmasında yaxından iştirak etmişdir. Son olaraq isə, o, «Demokratiya naminə incəsənət» kampaniyasına qoşularaq kampaniyada yaxından iştirak edirdi. Məhz bu kampaniyanın ərsəyə gəlməsindən sonra onun Azərbaycana girişinə qeyri-qanuni olaraq qadağa qoyuldu».

Rəşid Hacılı

Rəşid Hacılı

Rəşid Hacılının fikrincə, ölkənin yuxarı vəzifəli şəxsləri ilə aparılan dialoqlara baxmayaraq, ona olan qadağa aradan götürülməyib və o, hələ də ailəsindən ayrı qalır:

«ABŞ səfirliyi Azərbaycanda olan bu işlə əlaqəli qurumlarla danışıqlar aparmasına baxmayaraq, Rebecca Vincent-in Azərbaycana girişinə olan qadağa götürülmədi. Mənim fikrimcə, səfirliyin reaksiyası da zəif oldu, Rebecca sadə amerikan vətəndaşı deyil axı, səfirliyin işçisi olmuş şəxsdir».

Hüquq müdafiəçisi onu da qeyd edib ki, Azərbaycanda hüquq müdafiəçisi olmaq hər zaman çox ciddi risk altında yaşamaq, rəsmi qəzetlər tərəfindən tənqid olunmaq deməkdir:

«Biz bu vəziyyətə öyrəşdiyimizə görə bizə adi gəlir, ancaq qıraqdan baxanda, bu, faciəvi görüntüdür».

«ABŞ ADMİNİSTRASİYASINA MÜRACİƏT EDƏCƏYİK»

«Art for Democracy» kampaniyasının təşkilatçılarından biri - hüquq müdafiəçisi Rəsul Cəfərov da Rebecca-nın Azərbaycana buraxılmamasını onun Azərbaycandakı fəaliyyəti ilə bağlayıb:

«Rebecca 2012-ci ilin oktyabr ayında Azərbaycana gəlib, amma o vaxta kimi də Azərbaycan üzrə çox aktiv olan əməkdaşlıq qrupunun koordinatoru olub. Noyabr ayından etibarən isə «Demokratiya naminə incəsənət» kampaniyasına könüllü əsaslarla yardım etməyə başladı. Bu kampaniya isə ölkədə kifayət qədər səs-küy yaratdı. Dekabrın 16-da Rebecca Azərbaycanı bir müddətlik tərk edib. Dekabrın 18-də isə onun həyat yoldaşının çalışdığı ofisə e-mail gəlib ki, Rebecca artıq ölkəyə buraxılmayacaq».
Rəsul Cəfərov

Rəsul Cəfərov


Rəsul Cəfərovun fikrincə, ABŞ səfirliyinin səyləri nəticəsində məlum olub ki, Rebecca «Art for democracy» kampaniyasına görə cəzalandırılıb. Hüquq müdafiəçisi deyir ki, hətta onun özünə xəbərdarlıq edilib ki, kampaniyadan əl çəkərsə, ölkəyə girişində problem yaradılmayacaq:

«Biz hüquq müdafiəçiləri olaraq ABŞ administrasiyasına müraciət edəcəyik ki, bu məsələ ilə yaxından məşğul olsunlar. Bu hadisə birbaşa insan haqlarının pozulmasıdır və insan haqlarına hörmət prinsipi tamamilə ayaq altına atılıb».

Rəsul Cəfərov qeyd edib ki, onlar Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı rəsmi mövqeyini bilmək istəyirlər, daha sonra hüquqi hərəkətə keçəcəklər:

«Bizə XİN-in açıqlamasını öyrənmək lazımdır və biz hələ də səbirsizliklə XİN-dən bir açıqlama gözləyirik. Bizə rəsmi səbəb kimi nə göstərəcəkləri maraqlıdır, daha sonra isə lazımi tədbirləri görəcəyik».

«PROBLEMLƏRDƏN DANIŞANLAR QARA SİYAHIYA DÜŞÜRLƏR»

Hüquq müdafiəçisi Anar Məmmədlinin dediyinə görə isə, bu hadisə Azərbaycan hakimiyyətinin gerçək mahiyyətini üzə çıxardı: Anar Məmmədli

Anar Məmmədli


«Bu hadisə göstərdi ki, Azərbaycan hakimiyyəti fədakar insanlara qarşı - istər yerli, istər xarici olsun - barışmazdır. Rebecca xanımın üzləşdiyi hadisə ilk deyil, dəfələrlə olub ki, Azərbaycana gələn jurnalistlərə reportaj hazırlamağa icazə verilməyib».

Anar Məmmədlinin fikrincə, bu hadisə iki ölkə arasında olan münasibətlərə də təsir göstərə bilər:

«Amerika-Azərbaycan münasibətləri insan hüquq və azadlıqları ilə bağlı məsələlərdə onsuz da ürəkaçan deyildi. Bu hadisə isə münasibətləri daha da gərginləşdirəcək».

Hüquq müdafiəçisinin fikrincə, Azərbaycan hakimiyyəti demokratiya naminə çalışan hər bir kəsə qarşı amansız davranmaqda qərarlıdır :

«Azərbaycan dövlətinin belə bir xətti var ki, ölkədə hüquq və azadlıqlarla bağlı problemləri dilinə gətirən insanlar onların qara siyahısına düşür. İstənilən zaman, istənilən yerdə həmin insanlara problem yaradırlar. Rebecca Vincent-in timsalında biz bunu görürük…».
XS
SM
MD
LG