Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:49

Rebecca Vincent Bakıya buraxılmır


Rebecca Vincent
Rebecca Vincent
-
Əcnəbi hüquq müdafiəçisinin Bakıdakı ailəsinə qoşulmasına icazə verilmir. Hökumət onun Azərbaycanda yaşamaq iznini ləğv edib.

ABŞ/Britaniya vətəndaşı olan Rebecca Vincent-in özünün özünün facebook səhifəsində yazdığına görə, daha Azərbaycanda arzuolunan şəxs deyil: «İnsan haqları fəaliyyətimə görə ölkədən çıxarılmışam, özəlliklə dekabrda başlatdığımız «Demokratiya naminə İncəsənət kampaniyası»ndakı işimə görə».

«Milad bayramı üçün Böyük Britaniyaya yola düşməyimdən bir neçə gün sonra mənə bildirildi ki, immiqrasiya vizam ləğv olunub. Oğlumun, həyat yoldaşımın deyil, məhz mənimki – heç bir izah verilmədən. Bu o deməkdir ki, 20 aylıq oğlum və mən üç aydır evimizə qayıda bilmirik. Həyat yoldaşım iki ay əvvəl işinə görə Bakıya qayıdandan sonra ailəmiz ayrı düşüb».

SÖVDƏLƏŞMƏ BAŞ TUTMAYIB

Rebecca Vincent yazır ki, Azərbaycana mümkün qədər tez qayıtmaqda maraqlı olduğundan sakitcə məsələnin həllini gözləyib. ABŞ səfirliyi də Azərbaycan hakimiyyəti ilə birlikdə çözüm tapmağa çalışıb. Nəhayət ona sövdələşmə təklif olunub – fəaliyyətini kəsəcəyi halda ölkəyə qayıda bilər. «Könülsüz razılaşdım, ailəmə qovuşmağın ən yaxşı yolu olduğuna inanırdım və düşünürdüm ki, ölkə içində sakit yardım yolları tapa biləcəyəm. Ancaq sonradan bu sövdələşmə baş tutmadı. Görünür yüksək rütbəli hökumət rəsmiləri arasında fikir ayrılığı yaranmışdı. Görünür bəziləri mənim fəaliyyətimi dayandıracağıma inanmırdı... Mən həmin şərtlər altında yaşaya bilməyəcəkdim».

ABŞ səfirliyi də Rebecca Vincent-in 2012-13 bayramlarından sonra Azərbaycanda yaşamaq izninin ləğvindən xəbərdardır. Bu barədə AzadlıqRadiosuna səfirliyin mətbuat xidmətindən məlumat veriblər:

ABŞ bayrağı
ABŞ bayrağı
«Səfirlik problemin həlli üçün Azərbaycan hökuməti və xanım Vincent-lə çox gərgin işləyib. Bu cəhdlərin nəticəsiz qalmasından və xanım Vincent-in Azərbaycandakı ailəsinə qoşula bilməməsindən təəssüflənirik».

Rebecca Vincent daha sonra yazır ki, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcək. Ancaq o, bir gün daha azad Azərbaycana qayıdacağına ümid edir. «Mən artıq hadisələrin dəyişməyə başladığını hiss edirəm, çünki adamlar korrupsiya və zülmdən bezməyə başlayıblar. Məncə, hakimiyyət də bunu hiss edir və hazırkı qəddar təzyiqlərin səbəbi də budur».

«HAKİMİYYƏT ANLAYIR Kİ...»

Martın 7-də «Demokratiya naminə İncəsənət» kampaniyası üzvlərinə olan təzyiqlərlə bağlı bəyanat yayıb. Bəyanatda deyilir ki, üzvləri hədəf götürülüb, kampaniyanı koordinasiya edən İnsan Hüquqları Klubunu dövlət qeydiyyatına almaqdan imtina edilib.

Kampaniyanın layihə koordinatoru Rəsul Cəfərov AzadlıqRadiosuna müsahibəsində deyir ki, hakimiyyətin əndişəsi indiki fəaliyyətin «Demokratiya naminə Oxu» («Sing for democracy») kampaniyasının bazasında yaradılması və sonuncunun ötən il Avropa mediasında xeyli populyarlıq qazanması, tənqidi məqalələrin dərci ilə bağlıdır.

«İkinci səbəb məncə, o ola bilər ki, hakimiyyət də anlayır ki, insan haqlarının incəsənət vasitəsilə təşviqi, müqayisəsi, incəsənət məhsulları yaradaraq demokratik islahatlara çağırış, demokratiyanın təbliği daha effektivdir, nəinki ənənəvi hüquq-müdafiə vasitələri. Ona görə dərhal belə reaksiya verilir ki, bəlkə «dərs çıxarıb» fəaliyyətimizi məhdudlaşdırarıq».

Rəsul Cəfərov
Rəsul Cəfərov
Ancaq Rəsul Cəfərov kampaniyanın dayanmadığını, musiqi yarışmasının artıq elan edildiyini bildirir.

İnsan Haqları Klubu beynəlxalq ictimaiyyəti bu cür hallara qarşı tədbirlər görməyə və Azərbaycanda müstəqil vətəndaş cəmiyyətini müdafiə etməyə çağırır. Hökumətin insan hüquqları ilə bağlı götürdüyü beynəlxalq öhdəliklərinə əməl etməsi tələb olunmalıdır.

RƏSMİ MÖVQE

Azərbaycan XİN-nin mətbuat katibi Elman Abdullayev Rebecca Vincent-in yazdıqları ilə tanış olduğunu və bu barədə mövqe hazırladığını bildirdi. Ancaq gün boyu AzadlıqRadiosunun telefon zəngləri və mesajlarını cavablandıran tapılmadı.

«Yeni Azərbaycan» qəzeti isə hələ ötən dekabrda «Demokratiya Naminə İncəsənət» kampaniyası başlayandan sonra yazırdı ki, «bu layihənin də məqsədi «Eurovision-2012» mahnı müsabiqəsi zamanı keçirilmiş «Demokratiya naminə oxu» kampaniyasının təcrübəsindən istifadə etməklə guya Azərbaycanda demokratikləşmə prosesinin genişləndirilməsində incəsənətin bütün növlərindən yararlanmaq, bu vasitə ilə beynəlxalq diqqəti Azərbaycanda insan hüquqlarının vəziyyətinə yönəltmək və s.
göstərilir. Əslində isə, bu layihə xarici anti-azərbaycançı və islamafob dairələrin Azərbaycana qarşı həyata keçirdiyi qarayaxma kampaniyasının növbəti həlqəsi idi».

BEYNƏLXALQ NƏZARƏT AZALDIQCA...

Əlcəzirə tv
Əlcəzirə tv
Martın 6-da Rebecca Vincent-in aljazeera.com-da «Beynəlxalq nəzarət azaldıqca, Azərbaycan tənqidçiləri susdurmaqda davam edir» başlıqlı məqaləsi də çıxıb.
«Azərbaycanın demokratiya görüntüsü getdikcə daha çox nazilir. Bu hücumlara son qoyulması və çox gec olmadan beynəlxalq insan hüquqları öhdəliklərinə əməl olunması üçün beynəlxalq təzyiqin artırılmasına təcili ehtiyac var», məqalədə belə deyilir.

Article 19 təşkilatı da «Demokratiya naminə incəsənət kampaniyası»na hücumlardan narahatlığını bildirir və bu təzyiqləri prezident seçkisi ilə bağlayır. Qurum Azərbaycanda dediklərinə, siyasi mövqeyinə görə adamların hədəfə alınmasından dərin narahatlığını bildirir və beynəlxalq qurumları buradakı hadisələri diqqətlə izləməyə çağırır.
XS
SM
MD
LG