Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:46
-
Azərbaycan Əfqanıstan və İrandan Avropa və Rusiyaya qanunsuz yolla keçirilən narkotik maddələr üçün əlverişli tranzit ölkədir. Azərbaycanda qanunsuz narkotik maddələrin istifadəsi və yetişdirilməsi sahəsində elə də ciddi problem yoxdur.

ABŞ Dövlət Departamentinin Konqresə təqdim etdiyi «Beynəlxalq Narkotiklərə Nəzarət Strategiyası» adlı hesabatda belə deyilir.

Hesabatda bildirilir ki, Azərbaycan ərazisindən hər il 11 tona qədər heroin keçirilir, bunun çox hissəsi İranla sərhəd vasitəsilə cənubdan daxil olur. Ölkə Gürcüstandan və Türkiyədən keçirilən narkotik üçün də əlverişli sayılır.

Hesabatda Azərbaycanın işğal altındakı Dağlıq Qarabağın sərhədlərini qoruya bilməməsindən də narahatlıq ifadə olunur.

Dövlət Departamentinin hesabatında Azərbaycana dair rəqəmlər 2011-ci ilə aiddir:

«Mərkəzi Asiya Regional İnformasiya və Əlaqələndirmə Mərkəzinin məlumatına görə, 2011-ci ildə hüquq-mühafizə orqanları 557 kiloqram narkotik maddə ələ keçirilib. Bunun 164,9 kiloqramı həşiş, 52,2 kiloqramı heroin, 298,9 kiloqramı marixuana, 14,1 kiloqramı tiryəkdir. 2011-ci ildə 2 min 341 nəfər narkotik qaçaqmalçılığında günahkar bilinərək həbs edilib. Narkotik maddələrin yetişdirilməsi genişmiqyaslı olmasa da, 2011-ci ildə məişət şəraitində yetişdirilən 20,6 kiloqram xaşxaş, 3,4 ton marixuana müsadirə edilib».

Hesabatda qeyd olunur ki, Azərbaycan hökuməti narkotikdən istifadənin azaldılmasına dair dövlət proqramını həyata keçirsə də, bu sahədə, hələ ki, irəliləyiş qeydə alınmayıb.

Hesabata münasibət

Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin rəhbəri Məzahir Əfəndiyev:

«Hesabatda narkotiklərin daşınması ilə bağlı Azərbaycanın əlverişli tranzit ölkə kimi göstərilməsi kökündən yanlışdır. Azərbaycanda hüquq-mühafizə orqanları tərəfindən kifayət qədər ciddi tədbirlər keçirilir ki, məhz o deyilən cənub marşrutu vasitəsi Azərbaycan üzərindən Avropa və digər qonşu dövlətlərə narkotik maddələrin daşınmasının qarşısı alınsın. Son 6-7 ildə transmilli cinayətkar qrupların ifşa olunması ilə bağlı ardıcıl uğurlar əldə edirlər. Bu baxımdan hesabatdakı fikirlə qətiyyən razı deyiləm».

Qaldı ki, müsadirə olunmuş narkotik maddələrin çoxluğu və narkomaniyaya aludə olanların statistikasındakı artıma Məzahir Əfəndiyev bunu aparılan mübarizənin effektli nəticəsi sayır:

«Bu onu göstərir ki, həyata keçirilən dövlət proqramları alqışlanmalıdır».

Məzahir Əfəndiyev hazırda Narkomaniyaya qarşı mübarizəni ehtiva edən 3-cü Dövlət Proqramı üzərində iş getdiyini deyir:

«Bu sahə üzrə indiyə qədər 2 dövlət proqramı hazırlanıb və hazırda 3-cü dövlət proqramı üzərində iş gedir. Mən onun tərəfdarıyam ki, bu proqram ictimaiyyətin iştirakı ilə hazırlansın. Çünki narkotiklərlə bağlı problemlər təkcə dövlətin deyil, həm də ictimaiyyətin problemidir. Üçüncü dövlət proqramı elə hazırlanmalıdır ki, bu narkomaniya problemlərinin məktəblərə doğru gedib çıxmasına “şərait” yaratmasın, müqavimət metodları daha mükəmməl olsun».

Günün bütün mövzuları

XS
SM
MD
LG