Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:43
-

Onu ilk dəfə İmişlidə yaşayıb-yaradan İlyas Arranın «Sabahın astanasında» şeir kitabının təqdimat mərasimində görmüşdüm. Səliqəli geyinmiş, göyçək görünüşlü balaca bir uşaq məlahətli səsi ilə bütün məclis əhlini riqqətə gətirdi.

Üstündən illər keçmişdi. Bu yaxınlarda təsadüfən onunla İmişli şəhər mədəniyyət sarayında üz-üzə gəldik. Əslində sarayda yerləşən rəsm qalereyasına baş çəkməli idim. Bir-birinə yanaşı otaqlardan qaranlıq dəhlizə süzülən qarışıq musiqi səslərini eşidib ayaq saxladım. Yaxınlaşıb qulaq verdim. Otaqlardan birində tar məşqi gedirdi. O birindəsə... Yanıqlı zəngulə sarayın daş divarlarını, tavanını «sökürdü»...

O səs mənə şirin gəldi. Zənnimdə yanılmamışdım - oxuyan Vüsal Qasımov idi.

«QONAQ GƏL BİZƏ»

Vüsal Qasımov hələ yetkinlik yaşına çatmadığından onunla müsahibə və çəkiliş üçün valideynlərindən razılıq alınmalıydı. Ertəsi gün o, məni evlərinə dəvət etdi. «Evləri» dedim, əslində soraqlayıb qapısını döydüyüm mənzili Vüsal Qasımovun ailəsi kirayə tutub.

V. Qasımovun diplomu

V. Qasımovun diplomu

Sadə ailədə böyüyür Vüsal Qasımov. Atası avtomobil ehtiyat hissələri satılan mağazada işləyir, ana evdə 3 uşağın qayğısına qalır. Qardaşı Rəşad boks məşğələsinə gedir, yarışlarda iştirak edir, evlərinə bir qucaq diplom və medal gətirib. Bacısı Lamiyə fikrini dərslərinə yönəldib, gələcəkdə həkim olmaq istəyir. Qonşuluqda yaşadığından,

BABA VƏ NƏNƏSİ

onlara tez-tez baş çəkir.

Vüsalın babası Yusif Qasımov deyir ki, ifaçılıq sənəti onlara gendən gəlmədir: «Mən də xanəndə olmuşam, Vüsalın atasının da yaxşı səsi olub. Biz bir yerə çıxa bilmədik, ona görə bütün ümidimizi bu əl boyda uşağa bağlamışıq».

Yusif kişi nəvəsinin yola tək çıxmağına etibar etmir. Rayon musiqi məktəbindəki məşğələyə də özü aparır, uzaq səfərlərə də. Hərdən nəvəsinə qarşı haqsızlıq görəndə, babanın münsiflərlə mübahisəsi də olur.

Nənəsi isə deyir ki, «mən Vüsalın həm nənəsiyəm, həm də 1-ci sinifdə parta yoldaşı olmuşam».

Demə qəhrəmanımız məktəbə getdiyi ilk günlər yaxınlarından ayrı düşməyə qorxurmuş.

Nənəsi Səriyyə Qasımova: «İndi geniş salonların səhnələrində şəstlə dayanır. Hər dəfə mahnısını bitirib, qavalını sonuncu dəfə döyəcləyəndən sonra alqışlar qopanda ürəyim dağa dönür, gözlərim dolur».

RƏVAYƏTLƏ ÖZÜNÜ TANIDIB

Vüsalın parlamasında həzin səsiylə yanaşı, hafizəsi də rol oynayıb. İbtidai sinif müəllimi Mətanət Məmmədova xatırlayır ki, o, hələ 1-ci sinifdə oxuyarkən uzun bir rəvayəti əzbər deməklə onu təəccübləndirib.

Musiqi müəllimi Baxış Babaşov isə deyir ki, onun ilk ifasını toyda eşidib. Maraq üçün həmin məclisdə 9 yaşlı uşağa mikrofon verilib və o, öz potensialını ortaya qoyub: «Onu dinləyən kimi dərhal valideynlərinə müraciət etdim, dedim bu uşağa musiqi təhsili lazımdır».

Vüsal Qasımov

Vüsal Qasımov

Vüsal Qasımov tez-tez Bakıda və Respublikanın müxtəlif bölgələrində keçirilən tədbirlərə dəvət alır. İndiyədək «İstedadlı uşaqlar» yarışmasının, muğam ifaçılarının V respublika müsabiqəsinin iştirakçısı olub. Məhəmməd Füzulinin, Əliağa Vahidin qəzəllərinin, Üzeyir Hacıbəyovun, Səid Rüstəmovun bəstələrinin, Yaqub Məmmədovun, Hacıbaba Hüseynovun, Mənsum İbrahimovun ifalarının vurğunudur. Sevdiyi muğam «Şahnaz», mahnılarsa «Uca dağlar», «Tellərin»dir. İllərdir əlindən düşməyən qavalını ona babasının dostu bağışlayıb.

ƏT YEMƏKLƏRİNDƏN İMTİNA EDİB...

Onunçün nəyin yaxşı, nəyin pis olduğunu soruşuram. Ailəsindən də, müəllimlərindən də, məktəb yoldaşlarından da razılıq edir. Elə kirayə qaldıqları evlərindən də. Deyir, səkilərin bərbad olmağı, yol kənarındakı ağacların kəsilməsi, bu boyda rayonda bircə dənə təbii gül satılan köşkün olmamağı pisdir. Söhbət etdiyimiz vaxt qəfil işıq sönür. Gülərək, əvvəlki dediklərinə daha birini əlavə edir: «Qaranlıqda qalmaq da pisdir».

Hazırda Vüsal Qasımov İmişli şəhərindəki Aslan Eminov adına 7 saylı tam orta məktəbin 8-ci sinfində oxuyur. O, yaşıdlarından çox fərqlənir. Namaz qılır. Ət xörəklərinin hamısından imtina edir. Yoldaşları arasında daha çox barışdırıcılıq missiyası yerinə yetirdiyindən də fəxrlə danışır.
XS
SM
MD
LG