Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:38
-

Bu şeirlər son həftələrdə "Oxu zalı"na göndərilmiş əsərlər arasından seçilərək çap olunur. Bütün əsərlər imzası göstərilmədən Münsifə göndərilb.


Aygül Qurbanova


***

Bəlkə, bəlkə torpaq üstündəki
Bir dirilikdir unutmaq
Çoxaldar bitkiləri
Və bəslər həyatı
Ormanın qaranlıq sükutu kimi..
Bəlkə, bəlkə qaçar gələr insan
Bir dəmirçi kimi
Odun dəmirlə, dəmirin dəmirlə
Olan savaşına
Dalar kömürün qaranlığına
Baxıb duran gözlərini
Qapamadan düşər bəlkə,
Uçurumlara, sulara, minerallara..
Fəqət başqadır mənim emalım
Işim nə dəmirlədir,
Nə də kömürlə..
Gözlərim gəldi unutmağı gəmirməyə..
Dodaqlarım toxunar
Hər zamana və hər zaman
Yalnızca bir parçası
deyildir həyatın əllərimdə aşınan.
Bu səbəbdən danışacağam sənə
Çəkmək istədiyim acılar haqqında
Məcbur edəcəyəm səni

Yenidən yaşamağa
Yanğın yaraları arasında..



***


Bizim ölkədə, sevgidən əzab çəkənlər
Yoxdu, əzizim..
Buralarda sevgi axmır damarda,
əksinə atanın qulağını,
ananın döşünü tapa bilərsən
bir laxta qanda..
Adi və dəhşətli bir şeyə çevrilib,
Facilər də, qan da..
Burda fərdi kədər yoxdu,
Hamı ictimai kədər lojasında..
Bizim ölkədə müharibədi, əzizim..
Bağışla səni başqa kişilərə
Qısqana bilmirəm deyə,
Mən qısqanıram başqa ölkələrdəki sülhü..
Nəfəsini hiss edə bilmirəm,
Çünki daha yaxında hiss edirəm ölümü..
Mən indi sənə nə vəd edim, əzizim..
Sənə əlimlə, ya ürəyimlə
Nə verə bilərəm ki..
Mənim və ölkəmin
Göydən düşərkən tutduğu
Ərzaqlar da, mərhəmət də sizin ölkəninki..
Ürəyin səni sevmərəm deyə partlamasın
Inan daha dəhşətlidi
Burda partlayan bombalar..
Ürəyində indi sevgi bombası var,
Burda partlayan bombalar..
Məndən heç nə umma, gözəl..
Qəlb ölkənin qan içində üzməyinə
Dözə bilirsə əgər
Sevgi ağrısına da dözər..
Yaşayırıq da, birtəhər..
Amma, inan sevgin elə dəyərlidir,
Burda hər şey zəhərlidir,
Bircə sənin sevgin təmiz,
Bəlkə sevgili olmarıq,
Amma, əzizsən ki, əziz..
Bilirəm ki, hər sözümdən
Qəlbinə bir güllə dəyir..
Amma, inan, indi elə bu vaxtlarda
Burda gör neçə adama
Eyni vaxtda güllə dəyir..
Gözlərinə kədər düşməsin, əzizim..
Get ölkənin küçələrində dolaş,
Adamlarına aşiq ol,
Buralarda rahat sevgi yaşamağa
Küçəmiz də yoxdu bizim...


***


Həmin şəhər..

Sevdamız da davamız da
Yalanlarımıza və qalanlarımıza
doğru ayaq alanda
Qalmamışdı bu üsyanı
Söndürəcək bir duyğu
Sənin o vaxtlar
Mənim doğum günlərimi
Belə unutduğun olurdu..
Bax o zamanlar bu zamanlardır,
Günlərin pendir çörəklə yeyildiyi
Və kiçik balıqların
Böyük balıqları yediyi zamanlar..
Mən üstümdən böyük
Bir şəhəri atdım...
Amma, yenə də çiyinlərimdə
Daşıyacam zamanı gəlincə..
Heç bir içki, heç bir təzə çörək,
Heç bir yorğun sevgi,
Ətirli gecə götürə bilməyəcək
Bu şəhəri üstümdən..
Zamanı gəlincə..
Bütün içkilər
Yığılanda döş qəfəsimdə
Sən və sənin kimilər
Boğulacaqsınızı nəfəsimdə..
Bu ölümdü, bilirsən, ölümdü?
Mən yük daşımağın
Altında əzilmədim,
Çiynimdə daşıdıqlarım
O qədər böyük idi ki,
Altından görünmədim..

Günün bütün mövzuları

XS
SM
MD
LG