Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:08

Nilufər Muğantürk. Bir şəkil saxlayaydın...


Nilufər Muğantürk

Nilufər Muğantürk

-

Bu şeirlər son həftələrdə "Oxu zalı"na göndərilmiş əsərlər arasından seçilərək çap olunur. Bütün əsərlər imzası göstərilmədən Münsifə göndərilb.


Nilufər Muğantürk


Belə adam unutmazlar...

Belə adam unutmazlar, bir dənəm.
Ən azından bir şəkil saxlayaydın,
hirslənəndə kitab içindən çıxarıb,
qaralayıb üz-gözünü yazmağa.
Darıxanda yandırmağa,
cırıb-cırıb atmağa...

Belə adam unutmazlar, bir dənəm.
Sən gərək, səhər-axşam, məscidə pirə gedib,
məni unutmaq üçün
min cür dua edəydin.
Şaxtalı Noyabrda,
hirslə tez-tez siləydin,
otağın isindikcə, dumanlı pəncərəndən,
boylanan adımızı.

Belə adam unutmazlar, bir dənəm.
Məni unutmaq üçün,
sən gərək, özünü də
götürüb yavaş-yavaş
bu şəhərdən gedəydin...

Tarix: 10-13.11.12


Bu gün ildönümüdü…


Hisslərimdə əqrəbi qırılmış saatın,

ölən ümidlərin içimdə,

ürəyimdə boğulan arzuların,

Bu gün ildönümüdü...


Yarımçıq qalmış baharın,

deyilməmiş sözlərin,

qurulmamış cümlələrin,

Bu gün ildönümüdü...


Bu gün ildönümüdü,

yaşanmamış sabahların...

Əlimdə, ovucumda təptəzə,

bir günü də düz-əməlli yaşanmamış

23 illik köhnə ömür...


Insan axmaq varlıqdı, vallah,

tutub birini sevmək yerinə,

“bu qədər yalnız varkən, niyə bu qədər yalnız var?!”

düşünə-düşünə əfsanə məhəbbət axtarır,

içini içinə gömür...


Götürüb başını getmək olmur, dost,

qoyub, getdiyin yerdə ürəyini...

Bu gün ildönümüdü,

öləzimiş gerçəklərin.


Ürəyim yanır, bağışla amma

göz yaşımla söndürməli olacam

dəli sevdalıların

gerçəkləşməyəcək diləyini...


Bu gün ildönümüdü,

qala-qala getməklərin.

Bu gün ildönümüdü,

sevilmədən sevməklərin.


Susmaq ən gözəl,

amma ən çətin cavabdı axmaqlara.

Amma getmək ən ağrılı yoldu yolsuzlara...

Bu gün ildönümüdü,

diriykən gömülü insanların.


Bu gün ildönümüdü,

susaraq yaşamağa məhkum bütün sevdaların.

Qayıtmağa yolları olmayanda anladı gedənlər,

getmək heç də qurtulmaq deyil,

çəkə bilmədiyin yüklərdən...

Getmək, əslində özünnən götürməkdi bütün yerdə qalanları!

Getmək daha çox yapışıb qalmaqdı

yaşaya bilmədiyin yerlərdən...

Bu gün ildönümüdü,

TANRInı buraxıb ÖZÜNƏ sitayiş edənlərin.

Bu gün ildönümüdü,

sevməyi ömürlük peşə seçənlərin...


Tarix: 13.07.2012 saat: 22:00



“Gözlədiyimdən tünd oldu bu ayrılıq...”

Hələ də içimi yandırır yoxluğun.
Illənmiş həsrətləri başıma çəkə-çəkə,
illərcə yolunu gözlədim.
Və bir də ayıldım ki,
sən demə, çoxdan getmisən...
Sən demə,
gedişin gəlişindən öncəymiş, sevgili.

P.S. “Gözlədiyimdən tünd oldu bu ayrılıq...” (c) Pərviz Cəbrayıl

Tarix: 14.11.12


Hardasa çox uzaqlarda...

Hardasa çox uzaqlarda,
Birisi yaman darıxır.
Dişi kəsir dodağını,
Gah dinir, gah da karıxır.

Tez soyunur sevincini,
Qalın-qalın kədər geyir.
Əlli-əlli dərdən vurub,
Boşqab-boşqab həsrət yeyir.

Sonu vüsal olacaqsa,
Deyir, həsrət dadlı olur.
Bir boşqab da mənə saxla,
Yazığam, məni də doyur.

Tarix: 23.08.12 saat: 20:25

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG