Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:13
-

Milli Məclisin sədr müavini, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova yap.org.az-a müsahibə verib. Müsahibəni təqdim edirik:

- Bahar xanım, bugünlərdə keçirilən ATƏT-in Parlament Assambleyasının qış sessiyasında iştirak etmisiniz. Sessiyada müzakirə olunan məsələlər haqqında məlumat verməyinizi xahiş edirik...

- Bilirsiniz ki, təşkilatın qış sessiyası ənənəvi olaraq Avstriyanın paytaxtı Vyana şəhərində keçirilir. Bu dəfəki sessiyada da müxtəlif məsələlər müzakirə olundu. Belə ki, sessiya çərçivəsində ATƏT PA-nın Demokratiya, insan hüquqları və humanitar məsələlər, Təhlükəsizlik və siyasi məsələlər, İqtisadi məsələlər, elm, texnika və ətraf mühit üzrə ümumi komitələrinin iclasları keçirilib. Həmin iclaslarda ATƏT-in sülh siyasətinə, ATƏT regionunda və həmsərhəd rayonlarda əməkdaşlıq məsələlərinə dair məruzələr dinlənilib, kütləvi informasiya vasitələrinin – KİV-in azadlığı barədə diskussiyalar aparılıb. İclaslarda ATƏT PA-nın rəhbərliyi aktual məsələlərə toxunublar. Qurumun baş katibi Lamberto Zannier-in, milli azlıqların işləri üzrə Ali komissar Knut Vollebeak-ın, gender məsələləri üzrə ATƏT PA-nın xüsusi nümayəndəsi Hedy Fry-ın məruzələri dinlənilib və bu məruzələr ətrafında fikir mübadiləsi aparılıb. İclasda «Suriya, Saxara və Şimali Afrikadakı böhranlı vəziyyətə cavab olaraq ATƏT ölkələrində tənzimləmənin mümkün variantları» mövzusunda xüsusi müzakirələr də aparılıb.

Qurumun Daimi komitəsində isə seçkilərin müşahidəsinə, xüsusi komitələrin və xüsusi nümayəndələrin işlərinə həsr olunmuş məruzələr diqqət mərkəzində olub. Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri məsələlərin müzakirəsində fəal iştirak edərək öz rəy və təkliflərini bildiriblər.

- ATƏT PA-nın qış sessiyası Xocalı faciəsinin 21-ci ildönümü ərəfəsinə təsadüf edirdi. Sessiyada bu faciə nümayəndə heyəti tərəfindən gündəmə gətirildimi?

- Ümumiyyətlə, Ermənistan – Azərbaycan münaqişəsi və onun ağır nəticələri hər zaman tərəfimizdən beynəlxalq təşkilatların tribunasında səsləndirilir. Biz bu məsələyə toxunarkən, ölkəmizə qarşı hərbi təcavüzün nəticələrin aradan qaldırılmasını tələb edirik və bunun üçün bu münaqişə öz həllini tapmalıdır. Məlumdur ki, hazırda danışıqlar prosesi dalana dirənib və biz vəziyyətin bu həddə gəlib çatması, o cümlədən, Ermənistan tərəfindən törədilən provokasiyalar, son vaxtlar Xocalı hava limanı ilə bağlı təhdidlər və s. bağlı ATƏT rəsmilərinin münasibətini öyrənməyə çalışdıq. Siyasi komitənin yay sessiyası ilə əlaqədar hazırladığı məruzədə bu məsələlərin əksini tapması, o cümlədən ATƏT rəsmilərinin bu məsələyə töhfə verməsi üçün PA-nın daha nələr edə bilməsini öyrənmək məqsədilə suallar verdik. Əlbəttə ki, sualı ünvanlayarkən, bizi qane edən cavabı almayacağımızı əvvəlcədən bilirik. Amma bununla belə, məsələnin daim diqqətdə saxlanması üçün bu lazımdır.

Qeyd etdiyim kimi sessiyada Suriya məsələsinə həsr olunmuş xüsusi müzakirələr aparıldı. Və bu haqda məruzə təqdim olundu. Məruzədə bu bölgədə dinc insanların, qocaların, qadınların və uşaqların öldürülməsi vurğulanırdı. Bu da bizə öz çıxışlarımızda Xocalı faciəsini xatırlatmağa bir daha əsas verdi. Mən öz çıxışımızda Suriyada uşaqların öldürüldüyü kimi 21 il bundan öncə Xocalıda da belə halların baş verməsi və o zaman da dünya ictimaiyyətinin susqun mövqedə olduğunu bəyan etdim. O cümlədən, qeyd etdim ki, ATƏT bu problemlərin həllində hər hansı ciddi addımlar ata bilmir. Bu aspektdən Xocalıda 600-dən çox insanın öldürüldüyünü, onların arasında uşaqların çox olduğunu vurğuladım.

Eyni zamanda, ATƏT PA-nın həmin iclası üçün paylanmış hesabat xarakterli jurnalının 9-cu səhifəsində, konkret olaraq Suriyadan 29 ailədən ibarət olan 90 erməninin Laçın rayonuna yerləşdirilməsi ilə bağlı təsdiq olunmuş faktlar var idi. Biz buna istinad edərək Suriya ermənilərinin Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsinin yolverilməz olduğunu, Azərbaycandan köçkün düşmüş ailələrin evlərinə bu gün Suriyadan ermənilərin köçməsini daha sarsıdıcı olduğunu dedim. Və qeyd etdim ki, bu hərəkətlər bizim məcburi köçkünlərin öz torpaqlarına qayıdışının qarşısını alır. Belə köçürmələrin qeyri-qanuni olduğu üçün qarşısı alınmalıdır. Bütün bunlar göstərir ki, Ermənistan beynəlxalq hüquqa uyğun gəlməyən addımlar atır və təkcə Xocalı hava limanını istifadəyə verməklə təhdid etmir, həm də işğal olunmuş ərazilərimizdə qeyri-qanuni məskunlaşdırma ilə məşğul olur. Nümayəndə heyətimizin digər üzvləri də torpaqlarımızın işğalı, məcburi köçkünlərimizin vəziyyəti haqda dəyərli çıxışlar etdilər.

- Ermənistan nümayəndələri bu çıxışlara münasibət bildirdilərmi?

- Bəli, hər dəfə Ermənistan nümayəndə heyətinin üzvləri bizə cavab verməyə çalışırlar. Onların mövqeyindən asılı olmayaraq bu təşkilatda hər kəs həqiqətin harada olduğunu bilir. Ermənistanın təcavüzkar siyasət yeritməsini hətta onların özləri belə, etiraf edirlər. Məsələn, deyirlər ki, Xocalıda dinc əhali üçün koridor qoymuşduq, amma bu koridordan istifadə olunmadığına görə bu hadisə baş verib. Birincisi, bu fikir yalandı, ikincisi də, həmin koridordan istifadə olunmaması dinc əhalinin qətlə yetirilməsinə əsas vermir. Yəni gördüyünüz kimi bu qətliamı törətdiklərini dolayısı ilə boyunlarına alırlar və bunu inkar etməyə imkanları da yoxdur. Demək istəyirəm ki, ermənilər artıq beynəlxalq ictimaiyyəti aldada bilmirlər. Çünki onların bizi qətliamlarda ittiham edən çıxışlarını tədbir iştirakçıları gülüşlə qarşılayırlar və bir çoxları dinləmək istəmirlər.

Əlbəttə ki, bu müzakirələr hazırkı durumda, danışıqların indiki dövründə heç nəyi dəyişmir, prosesə ciddi təsiri yoxdur. Hər iki tərəf öz mövqeyində qalır və öz fikirlərini ifadə edirlər. Bu da bu təşkilatın Dağlıq Qarabağ problemi ilə məşğul olduğu imitasiyası yaratmaqdan başqa bir şey deyil.

- Bahar xanım, belə olan təqdirdə prosesi irəli aparmaq və müəyyən nəticələr əldə etmək üçün daha nələr etmək lazımdır?

- Hesab edirəm ki, biz digər istiqamətlərdə səylərimizi daha da genişləndirməliyik, Azərbaycanı ciddi inkişaf etdirməliyik, ikitərəfli münasibətlərdə, ayrı-ayrı ölkələrin parlamentləri ilə münasibətlərimizdə bu məsələyə hüquqi qiymətlərin verilməsinə nail olmalıyıq. İslam Əməkdaşlıq Təşkilatının qəbul etdiyi qərarlar və bu təşkilata daxil olan ölkələrin bir-birinin ardınca bu qərarları yerinə yetirməsinə nail olmalıyıq.

Son vaxtlar Avropa ölkələrinin bir neçəsində qəbul olunan qərarlar bizi ümidləndirir ki, ikitərəfli münasibətlərdə daha çox nailiyyət əldə etmək mümkündür, nəinki beynəlxalq təşkilatlar səviyyəsində. Amma bununla belə, təkcə ATƏT yox, digər beynəlxalq təşkilatlarda da bu məsələnin daim gündəlikdə olmasına çalışmaq lazımdır. Yəni imkan vermək olmaz ki, bu məsələ arxa plana keçsin. Çünki Ermənistanın və onu dəstəkləyən dairələrin də əsas istəyi odur ki, bu barədə mümkün qədər az danışılsın. Ona görə də, biz hər uyğun imkandan yaralanaraq məsələnin gündəmdən düşməsinə imkan verməməliyik. Əlbəttə ki, çox ciddi şəkildə digər variantların həyata keçirilməsinə hazırlaşmalıyıq.

- ATƏT PA-nın sədrinin və onun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin ölkəmizə səfəri nəzərdə tutulurmu?

- Bilirsiniz ki, təşkilatın sədri İtaliyadan olan Riccardo Migliori idi və bu sessiya onun rəhbərlik etdiyi toplantı idi. Ona görə yox ki, onun sədrlik müddəti başa çatıb, sadəcə, İtaliya keçirilən parlament seçkilərində uduzduğu üçün R. Migliori fəaliyyətini başa vurmalı oldu. Yay sessiyasına qədər təşkilata Xorvatiyadan olan sədr müavini rəhbərlik edəcək. Ona görə də, ATƏT PA-nın sədrinin bölgəyə, o cümlədən ölkəmizə səfəri haqda danışmaq tezdir.

Təşkilat sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Joao Soares isə bir neçə dəfə bölgəyə səfər etmək istəsə də, bu, müəyyən səbəblərdən alınmayıb. Danışıqlar prosesi elə bir vəziyyətdədir ki, hətta xüsusi nümayəndənin bölgəyə səfər edib-etməməsi belə, heç nəyi dəyişmir. Amma bu sessiya çərçivəsində onunla görüşüm oldu və səfər məsələlərini müzakirə etdik. J. Soares qrafikinə uyğun olaraq may ayında Cənubi Qafqaz bölgəsinin hər üç dövlətinə səfər edəcək. Səfər zamanı müvafiq görüşlər keçirəcək. Bu səfərin nəticəsi olaraq qurumun yay sessiyasında vəziyyətə dair hesabatla çıxış edəcək. Onlar hər sessiyada qısa hesabatlar təqdim edirlər. Yəni bu hesabatın keçmiş xüsusi nümayəndə Goran Lanmarker-in hazırladığı geniş məruzə kimi deyil. Xüsusi nümayəndənin təşkilatın yay sessiyasına müəyyən hazırlıqları olmalıdır. Ona görə də, belə bir səfər əhəmiyyətlidir.

- Vaxtaşırı olaraq ATƏT-in daxilində islahatların həyata keçirilməsinin zəruriliyi vurğulanır. Bu istiqamətdə yaxın gələcəkdə hər hansı addımların atılması gözlənilirmi?

- 2015-ci ildə Helsinki Yekun Aktının qəbul edilməsinin 40 illiyi tamam olacaq. ATƏT bu yubileyə çox ciddi hazırlaşır və 2015-ci ildə qurumun tədbirləri «Helsinki-40» devizi altında keçiriləcək. 40 illik yubiley ərəfəsində Helsinki Yekun Aktında qeyd olunmuş məsələlər və onların yerinə yetirilməsi, ATƏT-in bir təşkilatı kimi strukturu, onun müasir tələblərə nə dərəcədə uyğun gəlməsi, mövcud çağırışlara cavab vermək qabiliyyəti, mövcud problemlərin aradan qaldırılması yönündə fəaliyyəti yönündə xeyli müzakirələr gedir.

ATƏT-in daxili strukturlarında olan münasibətlər də bu sessiyada əsas müzakirə mövzusu oldu. Artıq bir neçə ildir ki, ATƏT PA ilə Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun arasında gedən daxili mübarizə bu dəfə də Daimi Komitənin iclasında xüsusi müzakirə edildi. Seçki müşahidə missiyaları ilə bağlı çox ciddi müzakirələr aparıldı. ATƏT PA büronun bu yöndəki fəaliyyətindən narazıdır. Çünki bu fəaliyyətlərin koordinasiya edilməsində problemlər var. Bu da ayrı-ayrı ölkələrdə seçkilərin müşahidə edilməsində ciddi əngəllər yaradır. Ayrı-ayrı hesabatlar verilir ki, bəzən bir-birindən çox fərqlənirlər. Belə hallar isə bütövlükdə qurumun özünə və seçki monitorinqinə inamı azaldır.

Ona görə də, 2015-ci ilə qədər bu məsələlər öz həllini tapmalıdır və bu baxımdan, qarşıda görüləcək böyük işlər var. Bu qurum özünü təsdiq etmək üçün ciddi tədbirlər görməlidir və struktur islahatlarına diqqət yetirməlidir. Öz daxilində problemləri çözə bilməyən qurumun Dağlıq Qarabağ kimi düyünə düşmüş bir problemi həll edəcəyini düşünmək sadəlövhlük olardı. Amma buna baxmayaraq, biz təşkilatın vasitəçiliyindən imtina etməməliyik. Çünki bu, böyük tribunadır və ondan istifadə etməliyik.

- Bahar xanım, faktdır ki, Ermənistana qarşı beynəlxalq birlik tərəfindən hər hansı sərt addımlar atılmır. Bu, onu göstərmirmi ki, problemlərin həllində artıq beynəlxalq hüquq normaları deyil, müəyyən beynəlxalq güclərin mövqeyi əsas rol oynayır?

- Bu, reallıqdır və bundan heç kəs qaça bilməz. Doğrudur, həmin dairələr çalışırlar ki, öz mövqelərini beynəlxalq hüququn çərçivələrinə salaraq ona qanuni don geyindirsinlər. Amma həm siyasi, həm hərbi, həm də iqtisadi gücün kimlərdə üstünlük təşkil etdiyini hər kəs bilir. Onlar məsələləri istədikləri istiqamətə yönəltmək və istədikləri qərarları almaq üçün çox geniş imkanlara malikdirlər. Bu, məsələnin subyektiv tərəfidir. Amma obyektiv olan budur ki, ATƏT-in timsalında 1975-ci ildən bu yana dünyada çox şey dəyişib. Görünür, o zamankı standartlar çərçivəsindən məsələlərə yanaşmaq bu gün yaramır. Amma beynəlxalq hüquqda dəyişməyən prinsiplər də olmalıdır. Ölkələrin ərazi bütövlüyü, suverenliyi, dövlətlərin bir-birinin daxili işinə qarışmaması və s. dəyişməz prinsiplər olaraq qalmalıdır.

«Helsinki-40»-a doğru gedən müzakirələrdə də səslənir ki, ATƏT-in prioritet prinsipləri qorunmalıdır. Amma bu prinsiplərin hazırkı şəraitdə necə həyata keçirilməsi yolları tapılmalıdır. Bu imkanlar var, amma sadəcə, siyasi iradə, konkret mövqe və cəsarət lazımdır ki, dünyanı təhdid edən təhlükələrdən vaxtında qurtulmaq mümkün olsun. Bizim də bir ölkə olaraq işimiz yalnız bu təşkilatları tənqid etmək yox, eyni zamanda bərabərhüquqlu üzv kimi onları içəridən dəyişməyə yönəlmiş fəaliyyətdə iştirak etmək olmalıdır və biz də buna çalışırıq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG