Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:53
-


Əli Əmirli


MEYDAN


(roman)


Arada xeyli məsafə olsa da, yolun qırağında dayanmış qızı gözü dərhal aldı, istədiyini tapdığından razı qalıb gülümsədi və ayağını yavaş-yavaş qazdan çəkdi, buna uyğun olaraq sürət də tədricən azaldı; hərəkətin yavaşıması ilə həmahəng sürətdən çıxan bədəni sudan çıxanda olduğu kimi ağırlaşdı. Onunla da bərabər canına isti gəldi. Həmişə maşının sürətindən alanda belə olurdu, bəlkə də elə buna görə maşını qovmağı xoşlayırdı. Atası dövlət avtomobil müfəttişliyində vəzifəli adam sayılsa da, sürət azarına görə tez-tez avtomobil müfəttişləri ilə söhbət eləməli olur, iş bərkiyəndə isə istəməsə də kişini nişan verib yaxasını qurtarırdı. Atasının DAM-da işlədiyini şəninə sığışdıra bilmədiyi vaxtlarda hərdən əlini cibinə salıb ondan, on beşdən tərləməli də olurdu. Atasının vəzifəsindən təzəlikcə utanmağa başlamışdı, bu da partiya aparatında məsul vəzifədə işləyən kişinin qızını aldığı vaxtla üst-üstə düşürdü. Təzə qohumluqla əlaqədar daha kübar dairələrdə gəzib-dolanırdı, o dairələrdə ki, onun kimi cavanların hərəsi şəhərdə yaxşı tanınan, seçilən vəzifəli adamların xələfləri idi. Belə yerdə atanın DAM-da, kapitan rütbəsində olsa belə, işlədiyini etiraf eləmək heç də yaxşı təəssürat oyatmırdı. Axı hər şey yalnız pulla ölçülmür. Bunu da təzə vaxtlarda anlamışdı. Ümumiyyətlə, evləndiyi bu ikicə il onu çox məsələlərdən agah eləmişdi ki, bunlardan birincisi elə puldan əlavə bəzi başqa şeylərin də lazımlığını dərk etməsi olmuşdu.
Məsafə azaldıqca yol qırağında dayanıb guya heç kəsi gözləməyən, ancaq altı-üstü yeddi rəngə çalan gözləri ilə sağı-solu yeyən, dırnağı ilə yer eşən qızın görkəminə qiymət qoydu və yaşını müəyyən etdi: iyirmi iki-iyirmi üç. Adi maşın qızlarından heç nə ilə seçilmirdi. Al qırmızı yanaqlar, qatı sürmə içində gizlənmiş gözlər, səliqəsiz «toyuqlələyi» deyilən alabəzək saç, uzaqdan müştəri çağıran tovuzquşu geyim. Yubkasının böyür yarığı dizdən iki qarış yuxarıyacan çatırdı və indi elə dayanmışdı ki, buduna çatan yarıq vəzifəsini layiqincə yerinə yetirə bilsin. Hiss olunurdu ki, çox işləyir, bəlkə də bu gün üçüncü müştərini gözləyirdi. Yaxşı bilirdi ki, maşın qızları bir gündə bir nöqtədə bir dəfədən artıq dayanmırlar, xüsusilə fəaliyyətin ilk illərində bu qanuna daha sədaqətlə əməl edirlər.
Ayağını qazdan tamam götürdü. Maşın bir qədər irəli çıxdı. Sürəti dəyişib geri verdi və maşını qızın lap bərabərində saxladı. Əyilib qabaq qapını içəridən açdı və heç nə demədən güzgüdən dalda qalmış avtobus dayanacağına baxdı. Hər iki əllərində dolu sellofan torba və çiyinlərində sumka asılmış iki zəhmətkeş qadın maraqla, eyni zamanda uzaqdan hiss olunan ikrahla hələ maşina oturmağa macal tapmamış qızı süzürdü. Görünür, hələ maşın ona yan almamışdan əl-ayağı yüksüz-torbasız, geyimli-kecimli, bəzəkli-düzəkli qıza göz qoyurmuşlar. Qız qadınlar tərəfə baxıb ləng və peşəkar bir vərdişlə maşına oturdu.
– Arabanı dala ver!
İki ay qabaqkı «İjkombi»si olsaydı «araba» sözü ona möhkəm dəyərdi, bəlkə də yerini rahatlamağa hələ macal tapmamış qızı qovardı, ancaq bənövşəyi rəngdə olan göyçək «09-un» sahibi ağayanalıq eləyib susdu və maşını necə dala verdisə, elə bil onu qabaqdan gicitkanla daladılar. Maşından çıxan dəli cıbrığı səs onları hələ də baxışları ilə izləyən qadınları diksindirdi və elə buradanca bu zəhmətkeş qadınların onun ünvanına dedikləri sözləri səhvsiz müəyyən elədi:
– Dəli qudurmuşa bax aaa...
Maşın qadınların bərabərinə çatanda qız «saxla» dedi və sumkasından çıxardığı əzik üçlüyü yumurlayıb onların üstünə atdı.
– Minin taksiyə, ay yazıqlar... Bir dəfə evə adam kimi gedin.
O güzgüdən belə qadınlara baxmağa xəcalət çəkib, başını sükana tərəf əydi, guya üzünü gizlətdi. Ayağını qaza necə basdısa maşın qabağa hoppandı. Qız qəhqəhə çəkdi.
– Alə sür də! Nə kərkinirsən?
Sürəti dəyişib hələ özünə gəlməyə macal tapmamış qadınlardan uzaqlaşdı. Qulağı «qəhbə» sözünü aldı və daha heç nə eşitmədi, xeyli aralanmışdılar.
– O nəydi elə?
– Yaxşı elədim. Xəbərin yoxdur ey, bayaqdan gözləri ilə gipnoz eləyiblər məni.
– Utanırdın?
– Allah vurmuşdu onları. Aparan olsa mənə macal verməzlər.
– Yaxşı deyil...
– Oy-oy-oy... Yaxşı deyil. Lap yaxşıdır, beş də artıq! Pis odur ki, üç manat artıq xərcə düşəcəksən.
– Mən niyə?
– Daprosu qurtardıq, keçək mətləbə.
– Mətləb hansıdır?
– Frayırsan, ya özünü tülkülüyə qoyursan?
– Frayıram, – mənalı gülümsədi.
– Nömrə gəlmə, maşın saxlamağından bildim ki, bu mətləblərdə naviçok deyilsən, bir xeyli stajın var, üzün də sürtülüb məndən betər.
– Sən də hərif deyilsən, mal sənindir, qiymətini de.
– Şikarnı bar, üstə gəl yetmiş beş.
– Yetmiş beş niyə? Qiymətlər qalxıb?
– Əzizim, buna deyərlər bazar iqtisadiyyatı. Həm də bir yadına sal gör, bu gün nə günüdür?
– Bu gün? Cümə axşamıdır.
– Cümə axşamı! Yox bir Lenin cümə günü. – Hırıldadı. – Konstitusiya günüdür, bayramdır, ba yramda da qiymət iyirmi beş faiz qalxır. – Qəhqəhə çəkdi. – Pulu bəri başdan...
– Bəlkə mal heç xoşumuza gəlmədi?
– Güzgünü çevir bura.
Güzgünü qızın üstünə yönəltdi.
– Bir az aşağı. – Yubkasının yarığını axıracan araladı.
– Necədir?
– Yaxşıdır.
– Pis olsa arabanı saxlamazdın. Əlin cibində olsun.
Əlini şalvarının cibinə saldı. İki əzik əllilik, bir dənə də onluq çıxdı.
– Bəlkə elə bunu verim qurtaraq? – Bir əlliliyi və onluğu göstərdi.
– Simic! Saxla arabavı.
– Yaxşı, zdaçın var, əllilikdən.
Qız əlliliyi qapıb sumkasını açdı və sevincək:
– Oy, ikicə də onluğum var. Ala, mən sənə beş borclu. Gələn dəfə hesablaşarıq.
Onluqları cibinə qoydu və güzgüdən qıza baxdı. Gözləri bir-birinə sataşdı.
– Bara getməyəcəyik.
– Ah-ha... evlisən.
– Onun sənə dəxli yoxdur. Yaxşı yerim var.
– Arvadın həkimdi, özü də növbətçidir, uşaq da qaynanangildə. – Qız təcrübəli falçı kimi birnəfəsə dedi.
– Dostumun evidir, bir aylığa açarını verib. Gecəni də qala bilərik.
– Mən gecə qalmağı xoşlamıram, yoruluram, amma səninlə qalaram. Xoşuma gəlirsən, sırtıq deyilsən. Qaldım! Bu şərtlə ki, onluğun birini qaytarırsan.
– Getdik... – Oğlan ayağını qaza getdikcə daha bərk basdı, eyni zamanda əlini cibinə salıb onluğun birini geri qaytardı.

Qız polad qapıdan içəri girən kimi ayaqlarını növbə ilə havaya çırpıb hündürdaban çəkmələrinin hərəsini döşəmənin bir tərəfinə atdı.
– Oy dincəldi ayaqlarım… – Sözünü bitirməyib heyrətlə mənzilin girəcəyini süzdü. – Pah! Hara düşmüşəm mən? Deyirəm axı... Bu şəkil nədir? – Divardakı lüt-üryan qız şəklini göstərdi: – Xanadır bura?
Oğlan ayaqqabılarını çıxarmadan otağa keçib maqnitofonun düyməsini basdı. Türk mahnısının həlim, intim səsi sızıldaya-sızıldaya qızın burnundan, ağzından, qulaqlarından girib içini, yorğun canını doldurdu. Ayaqları gizildədi, bu yanğılı musiqi cah-cəlallı evin gətirdiyi heyrət hissini kütləşdirdi və qız özünü yumşaq divana yaydı.
– Nəsə demək istəyirdin?..
– Heç! Niyə simic olduğunu bildim.
– Niyə? – Oğlan şalvarını aşağı sivirdi.
– Nə tez soyundun? – qız belə soruşsa da özü də soyunmağa başladı.
– Dəmiri isti-isti döyərlər. – Oğlan ciddi dedi.
– O da düzdür. Elə burda, divanda döyəcəksən?
– Divanda niyə, keçək yataq otağına, səni elə kravata uzadım ki, ağlın başından çıxsın?
– Mənim ağlım kravatdan çıxmır... – Güldü. – Gərək bara gedəydik, mənim əsl qiymətimi bilmək üçün əvvəl bara aparmaq lazımdır, özündən küs...
Oğlan onun qabağında dayandı, lap yaxında idi. Türk mahnısı qurtarmışdı və əvəzində nəsə ahlı-oflu bir mahnı oxunurdu, şəhvətli sızıltılar, ehtiraslı iniltilər qarışmışdı bir-birinə. Qız peşəkar tövrlə oğlanın belini qucaqlayıb onun dümdüz, şümal bədəninə sıxıldı, daha doğrusu sıvaşdı və eşitdiyi mahnı havasında pıçıldadı.
– Xoşum gəlir burdan, səndən də xoşum gəlir, yaman qəşəngsən. Sifətin elə təmizdir ki, adamın heyfi gəlir toxunmağa.
Oğlan özündən bir baş alçaq olan bu rəngli qızın üstünə əyildi.
– Dayan, qoy pamadamı silim.
– Silmə.
Oğlan onu örtülü qapıya tərəf çəkdi. Musiqinin ahəngi ilə yellənə-yellənə qapını ayağı ilə vurub açdı, qapıdan düşən işıqda çarpayının bir hissəsi göründü. Torşeri tapıb yandırdı, otaq isti, narıncı işığa boyandı.

Kişi ləng, könülsüz bir tövrlə ayağa qalxıb toz-torpağa batmış üstünün tozunu-torpağını çırpanda alnından qəfil axan qan nazik şırnaqla əlinin üstünə töküldü; üzündə uşaq təəccübü göründü, hətta deyəsən gülümsədi. Əlini alnına apardı, papağının dövrələmə yeri qalmış ağ, seyrək saçı birdən qızardı, qan biləyi, sonra dirsəyi boyu süzələndi və bircə andan sonra qan elə bil nazik şırnaqla krandan töküldü. Kişinin dizləri büküldü və o qəribə bir ləngliklə ikiqat olub yol qırağına yığılmış çınqıl topasının üstünə düşdü və yavaş-yavaş açıldı, elə bil ölmüş kirpi açılırdı. Altında qalmış ayaqlarını guya görünməz əllə dartıb düzləndirdilər, rəngi tozdan bozarmış köhnə uzunboğaz çəkmələri bir az aralıda arxası üstdə torpağa düşmüş xurmayı papağına dəydi. Yalnız bundan sonra oğlan gözünü çəkib ətrafa baxa bildi. Heç kəs yox idi. Qəribə bir səssizlik vardı, elə bil bütün yol-irz, sağ-solda boy sırası ilə düzülmüş palıd ağacları səksənib içini çəkmiş, nəticəni gözləyirdilər ki, hərəkətə gəlsinlər. Qulağı cingildədi və guya ki, bayaqdan bəri damarlarında donub hərəkətdən qalmış qanı istilənib durulaşdı. Əli öz-özünə hərəkətə gəldi. Açarı fırlatdı, motor işə düşdü, ancaq gözünü çınqıl topasının üstündə üzüqoylu qalmış kişidən çəkə bilmirdi. Qaza qoymaq istədiyi ayağını götürdü, bu vaxt qoca deyəsən tərpəndi. «Ölməyib!» Həm sevindi, həm də elə bil təəssüf elədi. Yaralı üzünü çətinliklə çevirib maşın səmtə baxdı. Gözləri bir-birinə tuş gəldi və deyəsən yanağına qan qarışıq qum-çınqıl yapışmış kişinin dodağında təbəssüm açıldı.
İlk andaca onu qarsıb qorxudan tutulmaq, həbsə düşmək təhlükəsini, kiminsə gəlib çıxa biləcəyini, şahid duracağını, maşının nömrəsini götürə biləcəyini unudub yerə düşdü.
Qorxa-qorxa yetim yolun sağına-soluna baxdı, ətrafı dinşədi, tırıltı səsi gəlmirdi, kimsəsizlik idi. Oğrun-oğrun artıq üzündə əməlli-başlı təbəssüm görünən qocaya yaxınlaşdı. Titrəyən ayaqları keyimişdi, dizlərində yandırıcı bir istilik vardı.
Kişinin üstünə əyiləndə burnuna təzə sidik qoxusu dəydi və elə bil qoxunun təsirilə də qocanın şalvarından ayrılan və hələ torpağa hopmağa macal tapmamış sarımtıl sidik şırnağını gördü. Əti ürpəşdi. İyrənsə də özünü əyilməyə məcbur elədi. Dizini yerə qoydu. Sifəti çınqıla dirənmiş kişini çətinliklə qaldırıb arxası üstdə çevirdi. Qocanın boğazından qopan xırıltılı inilti səsi ona qışqırıq kimi gəldi. Qalxıb qaçmaq, burdan uzaqlaşmaq istədi. Gözləri yumulu qoca birdən aydın səslə pıçıldadı:
– Qorxma. – Göz qapaqları yarpaq kimi titrədisə də açılmadı, amma elə bil oğlanın qorxu dolu sifətindəki ifadəni görən adam danışırdı. – Qorxma, bala, qorxma... apar kəndə... apar... qoyma quransız-kitabsız ölüm...
– Kəndə? Bu saat! İndi apararam...
– Qorxma, qorxub qaçma... – Qocanın titrəşən göz qapaqları qəfil dayandı. O gözlərini kişinin həyat əlamətini birdən itirən sifətindən ayırmadan dikəldi. Burdan qaçmaq, maşını yüz qırxla qovmaq lazımdır. Ləngimədən. İndicə gördü ki, sifəti daş kimi donub meyitdən seçilməyən qocanın sümüklü kələ-kötür əli onun nazik, ağ biləyindən yapışıb. Təlaşla əlini istisi hələ çəkilməmiş quru ovucdan çıxarmaq istədi, ancaq düyünlü uzun barmaqlar elə bil kilidlənmişdi.
– Burax!!!
Qocadan nə səs, nə hənirti çıxdı. Ancaq birdən soyuyub keyləşmiş barmaqlar elə bil bir xeyli boşaldı və o sevincək dartındı, ancaq əlini azad eləyə bilmədi. Onda təzədən diz üstə çınqıla oturub kişinin əlini biləyindən qolbaq kimi çıxarmağa çalışdı. Yığılıb lümək cücə kimi elədiyi sağ əli quru ovucdan qəfil sürüşüb qurtuldu. O qaça-qaça maşına tərəf götürüldü və qaça-qaça da göynəyən biləyini ovcaladı. Maşının qapısını açıb özünü içəri saldı, motor bayaqdan işləyirdi, ayağını qaza necə basdısa maşın qıjıldayıb təkərlərdən ətrafa çınqıl tüpürə-tüpürə asfalta çıxdı. Ayaqları pambığa dönmüşdü, pedalı basan pambıq ayağı çoxdan dirənmişdi, amma ona elə gəlirdi ki, sürət kifayət qədər deyil. Yol bu cür yetim olmasaydı, onun mütləq nədənsə, kimdənsə qaçdığı şəksiz bilinərdi. Yolu kəsən əsas şoseyə çatanda sürəti azaltdı və buradan aralandıqca əvvəl bir-bir, iki-bir artan və nəhayət xeyli çoxalan maşın axınına qarışdı...

Qız səssiz uzanmaqdan darıxıb çarpayıdan elə qalxdı ki, oğlanı oyatmasın, yatıb-yatmaması vecinə deyildi, ehtiyat eləyirdi ki, oyanıb bir də qalxar qazan üzəngiyə, bunu isə o bu saat istəmirdi. Müştərisi hər cəhətdən xoşuna gəlmişdisə də, bu axşam olanı bir də təkrar eləmək istəmirdi. İşi çox olmuşdu bu gün: dördüncü müştərisi idi. Əvvəlkiləri heç yaxşı xatırlaya bilmirdi, heç iz qoymamışdılar. Biri maşından da düşməmişdi, ikinci isə xeyli əlləşmiş, onu o ki var sıxcalamışdı, axırda da pulunu verib xudahafizləşmişdi. Qız özünü saxlaya bilməyib qəhqəhə çəkmiş və soruşmuşdu ki, masajistsən? Müştəri də qıpqırmızı olub hirslə demişdi ki, düş maşından, filan-filan... Qəhqəhə çəkə-çəkə düşüb maşının qapısını çırpmışdı və demişdi ki, varam sənin kimi müştəri ilə. Üçüncüsü...
Oğlanın köynəyini geyib pəncərəyə yaxınlaşdı. Ağır ipək pərdəni azca aralayıb küçəyə baxdı. Qaranlıq düşmüşdü. İşıqlar yanırdı. Küçədən keçən maşınların miqdarına görə vaxtı səhvsiz təyin eləyirdi. İndi saatın on olduğunu bildi. Bu vaxtı küçədə maşın azalırdısa da, «ovun» ən yaxşı vaxtı idi. Həm maşın sürənlər, həm də maşın qızları bir-birini bu vaxt asan tapırdılar. Buna baxmayaraq saat onda ova çıxmağı xoşlamırdı, ancaq peşəsindən zəhləsi gedəndə saat on ovuna çıxardı, bara getmək üçün. Belə vaxtda barda lotu-potuların atmosferində iri bakaldan əlləri və nəfəsi ilə isitdiyi konyakdan qurtum-qurtum içir, musiqiyə qulaq asır, içində şirin-şirin ağlayırdı, bu hal iki saat çəkirdi, qaranlıq barda onun bu minor halının şahidi olmurdu, al qırmızı pamadadan alışan dodaq kimi közərən adda-budda lampaların işığı öpüşənləri, ayaq üstə heç nədən, heç kəsdən utanmayıb dala-qabağa hərəkət eləyənləri də işıqlandıra bilmirdi, nəinki onun içini, ora tökülən isti göz yaşlarını. Ürəyinə damcı-damcı axan ilıq göz yaşları içinə damcı-damcı tökülən kişi məhəbbəti kimi idi, yanğısını yandırı-yandıra söndürürdü.
Maşınlar keçən küçənin o biri tərəfindəki evin pəncərələri işıqlı idi. Görünür, «qonaq evi» deyilən otaqların pəncərələri küçəyə açılırdı, ona görə kor pəncərə yox idi. Ümumiyyətlə, axşamlar evlərin pəncərələrinə baxanda dəliliyi tuturdu. Belə vaxtlarda üzünü həmin pəncərələrə tutub qışqırmaq, özü də vəhşi səslə qışqırmaq istəyirdi, bu pəncərə arxasında ər-arvad, ata-ana olanları, sevgililəri təhqir etmək, söymək, əcayib söyüşlərlə sıvamaq istəyirdi. Pərdəni qəfil örtdü, otaq qaranlıqlaşdı. Gözləri işıqdan sonra heç nə seçmədi. Ürəyi hövl elədi. Əl havasına torşerin ipini tapıb hikkə ilə dartdı. İşıq gözlədiyindən parlaq və güclü oldu. Torşerin narıncı papağından keçib portağal rəngi alan işıq oğlanın üstünə düşdü və onun tüksüz bədəni də işığın isti rəngini aldı. O, arxası üstə lüt-üryan uzanmışdı, gözləri də açıq idi. İşığın yandırılması halına təfavüt eləmədi.
– Üstünü örtməyəcəksən?
– Yox!
– Utanmırsan?
– Utanarlar eyibdən, mən də ki...
– Maşallah de.
– Ehtiyac yoxdur. – Belə desə də üzüüstə çöndü. Qız hiss elədi ki, ayaqları onu oğlana tərəf aparır. Köynəyi soyunmadan onun böyründə çarpayıda diz üstdə oturdu və şəhadət barmağını boynunun ardından aydın seçilən ən iri fəqərə sümüyünə qoydu və onurğa sütunu boyu aşağı sürüşdürdü, büzdümə çatanda əlini saxladı və dedi:
– Deyirlər neçə milyon illər qabaq burda quyruq olub... – Uşaq kimi güldü.
– Darvinizmdən də xəbərin var?
Qız bu istehzaya fikir vermədi. Onun zərif, amma mütənasib bədənini, enli kürəyini sığalladı və birdən ayağını atıb belində aşırma oturdu. Hər iki əlini onun çiyinlərinə qoyub əllərini aşağı sığadı və getdikcə daralan, incələşən belində saxladı.
– Yaxşıdı?
Oğlan cavab vermədisə də qız onun xoşallandığını və bədəninin tədricən istiləndiyini hiss elədi; əlləri daha səy və həvəslə işlədi.
– Bunu mənə bir masajist öyrədib.
Qız bu dəfə tərbiyəsiz güldü. Əlləri boşaldı. İstədi desin ki, elə bu gün səninlə tanışlıqdan iki-üç saat əvvəl. Əti ürpəşdi və «masajist»i fikrindən qovmaq üçün dizləri üstə dikəlib oğlanın kürəyini yeni həvəslə masaja girişdi və elə bu vaxt oğlan onun altında ilan kimi fırlanıb arxası üstə çöndü...
– Bu evdə yeməyə bir şey var?
– Əgər yeməyiblərsə... – Oğlan qalxıb otaqdan çıxda və bir azdan bir əlində konfet qutusu, o birində isə yarım şüşə konyakla qayıtdı.
– Olan budur.
– Maşallah! – Qız qutunu alıb açdı. – Fü! Üç dənə konfet qalıb. Eybi yox, ikisi mənim, biri sənin. Butulkadan içəcəyik?
– Necə istəyirsən?.. – Yenə də arxası qatda uzandı və bu dəfə üstünü örtdü.
Qız butulkadan bir qurtum alıb ağzında saxladı. «Iımm...» eləyib uddu. Üstündən konfet yedi və şüşəni oğlana uzatdı. O da bir qurtum içdi, amma konfet yemədi və qıza:
– Torşerin yanında siqaret var – dedi.
Qız siqareti ona uzadıb alışqanı yandırdı.
– İndi de görək adın nədir, gözəl oğlan?
– Nə fərqi var?
– Bilmək istəyirəm, qəşəng oğlan.
– Bu qədər adı yadda saxlaya bilməzsən.
Qız incimədi və inadla:
– Sənin adını saxlaram.
– Niyə? Otkuda takaya çest?
– Sənin kimi oğlana adam həmişə rast olmur ki.
– Pəh! – Oğlan siqaretin tüstüsünü qız tərəfə üfürdü, amma tərif xoşuna gəldi.
– Zəhləm gedir siqaret tüstüsündən.
– Bu da sənin professional nöqsanın.
Qız bir qurtum da içib oğlanın yanında uzandı və al qırmızı, uzun dırnaqlarını onun sinəsində, qarnında gəzdirdi.
– Adsız oğlan, elə iki atımlıq barıtın varmış?
Oğlan qızın sualını boş buraxıb qəfil dedi:
– Adam öldürmüşəm. – Sakit səslə adi bir şey deyirmiş kimi dedi və əlavə elədi: – Bu gün.
Qız o saat inandı, əli oğlanın qarnında dondu.
– Maşınla vurdum, – oğlan üzüqoylu çöndü və guya öz-özünə danışdı. – Adamsız, tamam maşınsız yolda vurdum yıxdım yerə.
– Görən oldu?
– Deyirəm boş, kimsəsiz yol idi, adamsız, maşınsız.
Qız dərindən nəfəs aldı. Sevindi, guya bu oğlan onun əri, ya qardaşı, atası idi.
– Bəs onda nəyin fikrini çəkirsən?
– Fikir? Fikir nədir, yox bir! O...
– Cavan idi?
– Yox, qoca idi, papağı da başından düşüb dığırlanmışdı hara. Ayaqlarına dəyirdi.
– Qoca olmağı yaxşıdır, onsuz da bu gün-sabah öləcəkdi.
Oğlan əlini uzadıb qızın çarpayının yanından yerə qoyduğu konyak şüşəsini götürdü və dalbadal iki qurtum içdi, boğazından qurtultu səsi eşidildi.
– Onun ölümü... Onsuz da ölü kimi bir şey idi, amma ürəyim titrəyir. Birdən üstü açılar.
Qız onun çiynini öpdü və dodaqlarını çiynindən tamam aralamadan dedi:
– Görən olmayıb, maşın salamat, kişi də ölüb, ta nə fikir? – yüngülcə oğlanın kürəyini dişlədi.
– Xaricə getdiyim yerdə... Qorxuram əngəl çıxa.
– Arvadın da gedir?
– Kim deyir mən evliyəm?
– Bunu bilmək üçün stajım kifayət qədərdir.
Oğlan qəfil qalxdı və geyinməyə başladı. Qız ona baxa-baxa istehza ilə gülümsədi, köynəyi soyunub üstünə atdı. Oğlan tamam hazır olub dayananda qız əlavə elədi.
– Bəs gecəni qalırdıq, nooldu?
– Dur geyin, qalmırıq, saat on birdi, tez elə.
Qız qalxdı, donunu sinəsinə sıxıb dedi:
– Üzünü çevir.
Üzünü çevirdi və pəncərəyə yaxınlaşdı.
– Haçan öldürmüsən qocanı?
Oğlanın diksindiyini görüb sözünü dəyişdi:
– Bu gün vurmusan?
– Sənə dəxli yoxdur. – Çönüb qızın geyimdə olduğunu gördü və daha kəskin dedi: – Qudbay!
– Bəs taksi pulu?
– Ondan danışmamışıq.
– Düzdür, simic oğlan. – Qapıya sarı yönəldi. – Gəl qapını aç!
Oğlan yaxınlaşıb qapının gözlüyündən bayıra baxdı, yavaşca açarı fırladıb açdı. Qız çıxanda dedi:
– Bir də istəsən həmin yerdə məni tapa bilərsən. Altıdan sonra. Qorxma, pul istəmiyəcəm.
Qaynanası bəzənib-düzənmiş vəziyyətdə gözləyirdi. Qırx ikidən çox yaşı olmazdı, özü də gözəl idi. Açıq kürən rəngə salınmış gur saçları onu xeyli cavan göstərirdi, yaşıl və sarı rənglərin qarışığından ibarət donunun sinəsi döşlərinin ayrıcına qədər açıq idi. Paltar mütənasib bədəninə çox yaraşsa da, əslində yaşına uyğun deyildi və qaynanasının daha da cavanlaşmaq meyli, buna çalışması ağlına həlləm-qəlləm fikirlər gətirirdi. Onu gah atletik formasını hələ saxlayan möhkəm bədənli qaynatası ilə bir yorğan-döşəkdə təsəvvür edir, gah da özündən-sözündən asılı olmayaraq özü ilə cürbəcür intim səhnələrdə görürdü.
Qadın onu görən kimi yerindən qalxıb sapsarı sumkasını götürdü.
– Hardasan, gecikdim. Saat beşə danışmışdıq axı.
İstədi desin ki, balaca bir işim vardı, amma necə oldusa tamam ayrı şey dedi:
– Təksən?
Qadının yanaqları qatı rumyana ilə örtülü olsa da sifətinin qızardığı göründü, o baxışlarını gizlətdi, cavab vermək əvəzinə öz-özünə dedi:
– Açarı hara qoydum?
– Açar əlindədir. – Oğlan sakitcə dedi və başa saldı ki, mənimlə təklikdən sıxılırsan, aşna.
– Hə, lap... yaxşı, getdik. – Qadın tələsik qapıya tərəf yönəldi. Əvvəl özü, sonra kürəkən çıxdı.
Açarı alıb qapını iki yerdən qıfıldadı. Pilləkənləri düşüb blokdan çıxdılar. İndi əsl qaynana və kürəkən idilər.
– Bəs maşın hanı?
– Tində saxlamışam, zibil maşını yolu kəsib... – Sözünün dalını deməyə hövsələsi çatmadı.
– Hara sürüm?
– Əvvəl parikmaxerskiyə, mən düşüm, sonra get qızı gətir.
– Onu niyə?
– Necə niyə? Manikür eləməlidir də.
– Mənə heç deməyib.
– Yavaş, belə sürmə maşını.
– Görmürsən dananın biri girib qabağa...
– Qorxuram sən maşın sürəndə, elə bilirəm ya vuracaqsan maşını, ya da adam basacaqsan.
– Qorxma, bir adamla dünya boş qalmayacaq. Beş milyard adam var yer üzündə.
Qaynana güldü.
– Sarsaq, beş milyardın bizə nə dəxli var, sən ki təksən, gedib düşərsən türməyə, bəs sonra... – Qadın həmişəki hökmlü halına qayıtmışdı.
– Hərif deyiləm ki, ona görə türməyə düşəm.
– Elə danışma.
Necə kəskin döndüsə maşının çarxları qıjıldadı, elə bil asfaltı qazdı.
– İndi desəm ki, maşın sürəndən beş-altı adam basmışam... inanmazsan.
– Danışma! – qadın bu dəfə əsəbiləşdi.
– Yaxşı, zarafatdır. – Qanı qaraldı. – Elə gərək qız da bu gün manikür eləsin?
– Aaa… bəs manikürsüz? Bilmirsən qonaq gedirik? O boyda kişinin yubileyidir də. Bizi də çağırıblar.
– Mən getməyəcəm, işim var.
– Nə danışırsan, elə sənə görə gedirik, kişi ilə danışacağıq, papa da gələcək.
– Özü dedi?
– A kak je? Aktivdən çıxıb gələcək. Bir də vsyo na urovne budet. Belə yerdən qalmazlar.
– Axı işim var, – zəif etiraz etdi.
– İş qaçmır, bir də sənin bizdən ayrı nə işin ola bilər? Sudba tvaya reşayetsya, a tı... Bilirik o işləri.
Mənalı gülümsədi.
Qaynana güzgüdə onun baxışlarını tutub barmağı ilə hədələdi.
– Ehtiyatlı ol aaa... qulağıma sözlər çatır.
– İnanmayın.
– Elə inanmıram da. Amma, kişinin nadincliyi evdə faş olmasın gərək. Əgər olursa deməli, özü istəyir bunu. Mən o sarsaq qadınlardan deyiləm ki, kişinin kristallığına inanım, amma mən bilən çox möhkəm bir qaydaya əməl eləmək lazımdır. Gərək inamı sındırmayasan. Heç vaxt heç bir şəraitdə xəyanəti boynuna almayasan. Ümumiyyətlə, giley-güzara, söz-söhbətə material vermək olmaz.
– Sizin kimi qaynananın başına dolanmaq lazımdır.
– Niyə?
– Hansı qaynana kürəkəninə belə ağıllı məsləhətlər verər?
Qaynana gülümsədi:
– Elə bilirsən sənə görə canfəşanlıq eləyirəm. Yox, oğlan, qızıma görə, istəmirəm havayı yerə əzab çəksin. Yaşınızın pis vaxtıdır, sən elə bilirsən səndən başqa kişi yoxdur dünyada, o da elə bilir ki, sən ondan başqa heç bir qadına baxmırsan, baxmamalısan. Ailə həyatının on ili belə gedir, sonra gəlir... burdan niyə döndün, genə protiv gedirsən, axı niyə, lazım deyil axı... Protiv gedərlər dəyərli məqsəd üçün.
– Heç nə olmaz, sözünüzü danışın, maraqlı deyirsiniz...
– Nə deyirdim ki?
– On ildən sonra nəsə gəlir dediniz.
– Hə, on ildən sonra müdriklik gəlir, əlbəttə ağıl varsa. Hər ikisi başa düşür ki, normal kişi bir qadınla kifayətlənə bilməz. Qadın haqqında isə susuram...
– Niyə?
– Qadınların sirrini açmağa ixtiyarım yoxdur.
– Belə yaşamaq olar?
– Olar, bu şərtlə ki, hər ikisi özünü ağıllı, tədbirli aparsın. Və hər ikisi ayrılıqda özünü inandırmalıdır ki, o xəyanət eləmir, buna özlüyündə hər ikisi möhkəm inanmalıdır.
– Əgər inanmırsansa...
– Onda Şeyx Nəsrullah demiş, burda məsələ uzundur.
– Hayıf çatdıq, maraqlı söhbət yarımçıq qaldı.
– Hayıfsılanma, get xanımını da gətir, burdayam mən.
Qadın səriştəli bir əda ilə maşından düşüb qapını ehmalca örtdü və özünə inamla, bir az da təkəbbürlə iri şüşə pəncərələri ağ ipək pərdə ilə tutulmuş və qabağına «qadın salonu» yazılmış bərbərxanaya girdi.

Maşını açıq darvazadan içəri salıb böyür-böyürə söykənmiş zil qara «Qaz-31»-lərin arasında saxladı. Şüşələri toran çalan bu ağayana görkəmli maşınların cərgəsində onun «09»-u əsilli-nəcabətli xanımlar arasına düşmüş bədəsil, yüngülməcaz və az qala ayağı sürüşkən gəlinə bənzədi. Və bu vaxt özündən çox sevdiyi «09»-u gözündən düşdü. Doğrudan «09» kimi maşın almaq çox kişinin işi idi. «AQA» nömrəli qara «Qaz-31»-in toran rəngli şüşəsinin arxasında oturub şəstlə sürücüyə göstəriş vermək, biganə baxışlarla avtobus, taksi, trolleybus gözləyən adamları soyuq-soyuq süzmək isə nər kişinin qisməti idi. Həmin maşın həmişə təzəliyini saxlasın deyə bir ildən bir dəyişdirilirsə, burda istər-istəməz xalqın mənafeyi keşiyində ayıq-sayıq dayanan nomenklaturaya əhsən deməmək olmur.
Abşeronda belə cənnət guşəsinin olduğuna inanmaq özü qəribə idi. Ancaq inanmırsan inanma, gördüyünə inanıb-inanmamaq hər kəsin öz ixtiyarındadır. Darvazadan evin pilləkənlərinə gedib çıxan mərmər tavalar döşənmiş çəhrayı cığırdan ayrılan bala cığırların ətrafında qızılgül kolları sıralanmışdı. Hamısının üstü pardaxlanmış ağ, qırmızı, sarı güllərlə dolu idi.
Onların gəlişini dərhal gördülər. Alda-güldə, bəzəkdə-düzəkdə tovuz quşundan geri qalmayan qaynanasından heç seçilməyən dolu qadın – ev sahibəsi pilləkənin başında dayanıb «xoş gəlmisiniz!» dedi və onların çıxıb yuxarı çatmalarını gözlədi.
Qaynanası əcaib tikilmiş nazik yaşıl yubkada, sapsarı koftada idi. Hava isti olduğundan plaşını maşında qoymuşdu. Böyük ədası ilə, ancaq kifayət qədər şuxluqla pillələri qalxırdı, dalca arvadı, onun dalınca da özü. Arxadan vuran yüngül sərin xəzri qaynanasının yaşıl ipək yubkasını yanlarına yapışdırdı. Qadının gözə girən əsas formasını görməmək üçün baxışlarını yayındırdı, ancaq bunu dərhal etmədiyindən qaynananın yaşına görə xeyli incə belinin boğmasından aşağı birdən-birə enlənən yanlarını və kifayət qədər ətli, yumru yançaqlarını guya ki, lüt gördü. Ürəyindən ikili hiss keçdi, bu cür hiss qaynanası ilə çox nadir hallarda baş verən ikilik məqamında əmələ gəlirdi və bu hissi xırdalamaqdan çəkinirdi, ona görə yox ki, qaynanası ilə özünü bir yataqda təsəvvür etməyi biqeyrətlik və ya ləyaqətsizlik sayırdı, əksinə onun üçün bu cür anlayışlar avam söhbəti idi, sadəcə olaraq qaynanası ondan xeyli böyük idi və aydındır ki, qoca idi, ümumiyyətlə, cavanlığının elə dövründə, elə yaşında idi ki, özündən beş-on yaş böyük adam onun üçün qarımış qoca misalında idi. Yaratdığı təəssüratdan xəbərsiz axırıncı pilləyə çatıb ev sahibəsi ilə ağız-ağıza gözəl bir əda ilə öpüşüb görüşən qaynanası ilə bağlı hiss onun yadına çox köhnə bir əhvalatı saldı.
İndi işlədiyi dövlət komitəsindən qabaq qəribə bir kontora müvəqqəti işə düzəltmişdilər onu, məqsəd də təyinatdan yaxa qurtarmaq idi. Əslində hələ indiyə qədər də həmin kontorun nə iş gördüyünü, nəyə lazım olduğunu bilmirdi, heç bilmək istəmirdi də. Ancaq yadında qalan bu idi ki, orada dar-düddək otaqda üz-üzə qoyulmuş iki stolun arxasında qabaq-qənşər iki qadın otururdu və işləri-gücləri də kişi-qadın münasibətlərinin qəliz yerlərindən danışmaq idi. Bir on-on beş gündən sonra qadınlar təzə işçiyə alışıb sevimli mövzuya keçdilər və o da istər-istəməz bu söhbətlərin əvvəl passiv dinləyicisinə, sonra isə fəal iştirakçısına çevrildi. Məlum oldu ki, on yaş fərqləri olan bu qadınların hər ikisinin yaxşı ərləri olsa da, ailə çərçivəsindən kənara çıxan həlləm-qəlləm işlərdə böyük təcrübələri, hətta dərin, hərtərəfli bilikləri var. Daha doğrusu, əlliyə çatmış qadının biliyi böyük təcrübəyə, kəmiyyətə söykənirsə, qırxı təzə tamam eləmiş yəhudi qadının biliyi daha çox keyfiyyətə, özünüanalizə və bir də qeyri-elmi kitablara əsaslanır. O vaxtlar iyirmi iki yaşında idi, sevgi işlərində kifayət qədər ekstensiv təcrübəsi vardı, daha dəqiqini desək, kolleksiyasında səkkiz millətin iyirmi iki nümayəndəsi vardı, ancaq cavanlıq çox vaxt keyfiyyətə deyil, kəmiyyətə fikir verdiyindən bu iki qadınla söhbətdə bəzən avam görünürdü. Qadınlar təcrübələrindən istifadə edib onu tez-tez pərt vəziyyətə salır, hətta cırnadırdılar. Deyir təsir əks təsirə bərabərdir və təbiətən özündən yaşlı qadınlara heç vaxt maraq göstərməsə də, onu tez-tez divara dirəyən bu qoşa qadına öz gücünü, çox kişi ilə müqayisədə bəzi təbii üstünlüklərini göstərmək istəyirdi. Kantorda altı ay idi işləyirdi, qadınlarla arası elə açılmışdı ki, artıq kişi-qadın əlaqəsinin bütün tərəflərini sərbəstcə təhlil edirdilər. Hətta yəhudi qadın dedi ki, yataqda hər şeyə icazə verilir, təcrübəli qadın tez əlavə eləyib dedi ki, bu şərtlə ki, hər iki tərəfin qarşılıqlı razılığı olsun. O, «hər şey»in nə demək olduğunu çox yaxşı bilirdisə də bu cür qəti hökmü qəbul eləmədi, daha doğrusu eləyə bilmirdi, axı ər-arvad da kişi-qadındır, axı burada «hər şey»ə yol vermək kişilikdən deyildi. O, kəskin, hətta etikadan kənar bir sual atdı gündəliyə və üzünü yəhudi qadına tutdu:
– «Hər şey»ə siz də razı olursunuz?
Yəhudi qadın dəhşətli dərəcədə qızardı, təbiətən daha rəhmdil olan yaşlı qadın dərhal söhbətə müdaxilə edib rəfiqəsinin köməyinə gəldi və zarafatla ona dedi:
– Əvvəla bu cür incə söhbətlər konkretlik sevmir, ikincisi, uşaqsan, yoxsa belə təəccüblənməzdin, evlənərsən, bir neçə il ailə həyatı sürərsən, ondan sonra hökm verərsən, evlənəndən bir beş il sonra. A paka, sluşay şto qavaryat vzroslıye.
Bu məsləhətdən çox pərt oldu və bu pərtlik qəribə şəkildə üzə çıxdı: qəfil yerindən qalxıb diz-dizə oturduğu yaşlı qadını qucaqlayıb stul qarışıq geriyə qanırdı və ağzını qəfil hücumdan qorxub cikkə çəkən qadının təzəcə çay içdiyindən pamadası xeyli getmiş dodaqlarına yapışdırdı. Qadın dartınıb onun əlindən qopmağa çalışsa da, oğlan buraxmadı və birdən gördü ki, şikarı təslim olub boşaldı və elə həmin andaca ağzında qadının yaş, ilıq dilini hiss elədi. Bədənindən, daha doğrusu, kürəyinin dərisindən qəribə bir titrəyiş keçdi və dərhal qadından aralandı.
Şahidi olduğu səhnədən özünü itirib çaş-baş qalmış yəhudi qadın gözlərinəcən qızarmışdı. Öpülən qadın isə uğunub getmişdi özündən. Yəhudi qadın təhqir olunmuş adam kimi nəfəsi kəsilə-kəsilə qışqırdı:
– Da vı şto? Da, eto je xuliqanstvo!
O, bu təəccüb nidalı sualı cavabsız və öpülmüş qadını uğunmuş vəziyyətdə qoyub kantordan çıxmış, daha doğrusu, qaçmışdı. Bir həftə işə getməyib xəstəlik kağızı almışdı. Sonra işə gəlib qızara-qızara otağa girəndə üçü də birdən qəhqəhə çəkmişdi. Kimin nəyə güldüyünü bilmək çətin idi, hər halda bu öpüş yaddan çıxmırdı, hər dəfə də gülürdülər və bir dəfə yəhudi qadınla ikilikdə qalanda qadın düz gözünün içinə baxıb utanıb-qızarmadan demişdi:
– Məni öpmək istəmirsən? Bəlkə xoşuna gəlmirəm?
Yaşlı qadınlara təbii ikrahı var idi və bu sual onu pis yerdə yaxalamışdı. Ancaq geriyə yol yox idi. Durub qadına tərəf meyilləndi ki, al qırmızı pamadadan alışıb-yanan dodaqlarından öpsün.
Qadın onu alnından geri itələdi və gülə-gülə:
– Burda yox, – dedi. – Evdə, axşam təkəm.
İlk görüşdəncə iki tərəfin razılığı ilə «hər şey»in öhdəsindən bir neçə dəfə müvəffəqiyyətlə gəlib arxası qatda uzanmışdılar. O gün oğlanın şappıltı ilə «hər şeyə» aid verdiyi sualdan qıpqırmızı olmuş qadının çoxbilmiş əli hələ yeniyetməlik zərifliyini tamam itirməmiş bədəninin bütün nöqtələrini öyrənir, gəzinir, sığallayırdı…

– Da kak ya rada, xoş gəlmisiniz. Kürəkənindir? Maşallah, on je krasaves.
Məclis əhlinə gülümsəyə-gülümsəyə onlar üçün ayrılmış üç yanaşı stulda oturdular. Qaynana hər üçünün əvəzinə danışırdı:
– Bizi bağışlayın, bir az gecikmişik.
Arvadı da anasının üzrxahlığına təbəssümlə bir əlavə elədi:
– İzvinite...
Stol arxasında oturanlardan biri – orta yaşlı, çox rəsmi geyimli bir qadın həyəcanla dedi:
– Xahiş olunur, öz dilinizdə danışasınız.
Qaynana hər şeyi tez başa düşən, özü də hər məclisin ovqatını dərhal duyan adam idi. Odur ki, dərhal razılıqla dedi:
– Elə onu deyin, evdə, işdə, küçədə o qədər rus dilində danışırıq ki, öz doğmaca dilimiz yadımızdan çıxır.
Rəsmi geyimli qadın təslim olmadı:
– Nahaq yerə, bizim öz dilimiz heç bir Avropa dilindən geri qalmır ki, irəlidədir, hələ on altıncı əsrdə bu dildə «Leyli-Məcnun» kimi şedevr yazılıb.
Qaynana bu yerdə görünür zəif və məlumatsız olduğunu aşkar etməkdən çəkinib söhbəti qırmağa meyl etdi və qadına gülümsəyib başını məmnuniyyətlə tərpətdi. Ev sahibəsinin sol qonşusu – ağayana görkəmli, saçına dən düşdüyündən üzü nurlu görünən kifayət qədər dolu kişi söhbətə qarışdı.
– Vapşe bu saat azərbaycanca danışmaq... trudno, oçen trudno...
Rəsmi qadın məsələni qılıcına qoydu:
– Çətindirsə, dəyişin pasportlarınızı, olun urus! Onda nə dildə istəyirsiniz danışın.
Məclis əhli ümumi bir qəhqəhə çəkdi, qadın sakitləşmədi və bu həmrəy gülüşdən pərt də olmadı. – Ancaq bir şeyi də bilin ki, onda sizi nə uruslar qəbul edəcək, nə də biz. – Ayağa qalxıb hökmlə dedi: – Təklif edirəm, bu badələri içək dilimizin, vətənimizin sağlığına, o meydanda xalqımızın oğulları o cür ki, qeyrət göstərirlər... – Qadın birdən oturub yaxasında qara bant olan uzunqol ağ koftasının döş cibindən dəsmalını çıxartdı və burnuna tutdu.
Qaynanasına tərəf əyildi və pıçıldadı:
– Məni hara gətirmisiniz? Bu kimdir?
Qaynana təsirlənmiş qadın tərəfə gülümsəyə-gülümsəyə dişlərinin arasında dedi:
– Patom...
Saçına dən düşmüş kişi konyakla dolu qədəhini qaldırıb:
– Mən həmişə demişəm ki, bizim qadınlarımız kişilərimizdən qeyrətlidirlər. İçək qadınlarımızın sağlığına!
– Xeyr! – Rəsmi qadın etiraz elədi. – Ancaq dilimizin sağlığına!
Bu inadkarlığa istər-istəməz hamı tabe oldu.
Konyakı içib arvadı tərəfə əyildi və pıçıldadı:
– İlk dəfədir siyasi sağlığa içirəm!
Arvadının gül ləçəyinə oxşayan dodaqları göyçək təbəssümdən aralandı, sədəf kimi ağ, parlaq dişləri göründü:
– İ savsem ne ploxo!
Məclisin görkəmli yerində iki əlvan geyimli, al yanaqlı qadının arasında oturmuş zəif cüssəli, ağbənizli, başı alnından dazlaşan nisbətən cavan kişi dedi:
– Təklifim var: kim bu gün rus dilində söz işlətsə hər söz üçün bir manat cərimə versin.
– Pryamo kak u Talstovo.
Təklif məclis əhlinə xoş və əyləncəli gəldi, hamı həvəslə razı oldu. O da söhbətə qoşulmaq, diqqəti cəlb etmək istədi və dedi:
– Mən əminəm ki, xeyli pul yığılacaq.
Ev sahibəsi süni sevinclə:
– Tem luçşe!
Hamı birdən güldü və təklifin müəllifi tələsik hesabladı:
– İki söz, iki manat. Cəriməni dərhal verməlisiniz.
– Öz evimdə məni aqrabit...
Gülüş səsi sözün dalını eşitməyə imkan vermədi və yenə də daz kişi dedi:
– Oldu üç manat!
Ev sahibəsi gülə-gülə içəri otağa keçib əlində iri bir vaza geri qayıtdı:
– Bu da pulları yığmaq üçün qab. – İçində yeganə üçlük olan büllur vazanı stoldan aralıdakı yemək arabacığının üstünə qoydu.
– Bəs yığılan pula nə edəcəyik?
– Ev yiyəsinə çatmalıdır.
– Xeyr! – Rəsmi qadının səsi bıçaq kimi kəsdi. – Yığılan pul mitinq iştirakçılarının nəfinə gedəcək.
Gümüşü saçlı kişi istehza ilə gülümsədi və işin içində olan adamlar kimi dedi:
– Orda qəpik-quruş götürmürlər, ora pullar gəlir ki, biz heç yuxumuzda da görməmişik.
Ağ köynəkli, qara kostyumlu, boynu qara kəpənəkli bir cüt cavan oğlan buludlarda buğlanan və özü ilə ətrafa ağızsuladan qoxu yayan kabab gətirdi. Şəhərin ən yaxşı restoranında işləyən bir cüt oğlanı xidmət üçün muzdla tutmuşdular.
Siyasi söhbətin hərarəti səngidi, hamı bir-birinə kabab təklif eləyir, dadlı-yumşaq tikələri boşqabdan-boşqaba ötürürdülər.
Rəsmi qadın dəsmalını qatlayıb döş cibinə qoydu. Onunla yanaşı oturmuş qulağı, biləyi, barmaqları brilyantlı kifayət qədər gözəl qadın qonşusunun boşqabına qara ciyərlə quyruq tikəsi qoyub dedi:
– Siz heç yemirsiniz?
– Hər o uşaqlar, meydan yadıma düşəndə boğazım tikilir...
– Ne perejivayte, vsyo budet xaraşo.
Qadın ona tənə ilə baxdı.
– İzvinite pajaluysta.
Qızın o biri tərəfində oturmuş qaraqabaq, qarayanız və tox əri dilləndi:
– Dedim danışma. Birdən-birə dörd manat. Bu sürətlə getsən bizdə pul qalmaz ki.
Daz kişi gülümsədi:
– Bəs nədi, icraiyyə komitəsinin sədri nəzarət komitəsinin sədri deyil ki, pulunun dibi olmasın.
Hamı güldü və gözlər ev sahibinə dikildi. Qadın guya incidi:
– Vı qluboko zablujdaetes, vremena trudnıe.
– Beş manat! – Daz kişi təntənə ilə elan elədi.
Qadın əlləri ilə üzünü tutdu:
– Vay, vay...
Qaynana oyuna girdi:
– İmeninnik gəlib görəcək ki, daça əldən çıxıb.
– Xanım, iki manat!
– Ooo... – Qaynana üzünü kürəkəninə tutdu. – Raskaşelivaysya... – Tez əlini ağzına tutub güldü: – Yox deyəsən... Malçu!
Hamı qəhqəhə çəkdi.
Qalxıb cibindən bir əllilik çıxartdı, vazaya atıb qaynanasına və arvadına:
– Nə qədər istəyirsiz danışın. Pulunuz çatıb.
Qadınlar vəcdlə əl çalıb bu cəngavərliyi alqışladılar.
Ev sahibəsi qaynananın qulağına pıçıldadı:
– Otliçnıy paren, kimin oğludur, tanımadım?
– Ne naşevo kruqa, no ne plaxoy, amma sizin köməyiniz lazımdır.
– Bilirəm, bilirəm, danışmışam, indi gələcək, tanış eləyərəm.
– Ya tak blaqodarna.
Ev sahibəsi:
– Pustyaki, a kak ana, davolna?
– O daa... Ürəyi gedir.
Ev sahibəsi gülümsədi, oğlana tərəf gözucu baxıb dedi:
– Sabah getsin yanına qəbul eləyəcək, danışmışam, qoy sıxılmasın.
Birdən səs düşdü. Rəsmi qadın gedirdi.
– Hara, niyə belə tez, axı gəlib sizi soruşacaq, bilirsiniz ki... Sizi görməyəndə dilxor olur, məxsusi tapşırıb ki, sizi tez buraxmayım.
Qadın sakitləşmədi:
– Yox, getməliyəm.
Ev sahibəsi doğrudan təşvişə düşdü:
– Heç yaxşı olmadı, bilirsiniz ki, bərk dilxor olacaq. On je... Oçen praşu, astantes.
Qadın elə dilxor olmuşdu ki, onun vazaya altı manat atmalı olduğunu deyən olmadı.
Qaynanasından soruşdu ki, kimdir bu qadın. Qaynanası bir də «sonra» deyib ayağa qalxdı və ev sahibəsi ilə birgə hirsindən siqaretini tez-tez sümürən rəsmi qadını saxlamağa təşəbbüs göstərdi:
– Qalın, bir yerdə gedərik, biz də bir azdan yola düşəcəyik.
Qadın qaynananın sözünü eyninə almadı və qəti dedi:
– Getməliyəm! – Heç kəslə sağollaşmadan pilləkənləri tələsik düşdü. Düşə-düşə də əlavə elədi: – Mən bü məclisdə qala bilmərəm.
Ev sahibəsi qaynananın müşayiəti ilə oturdu və dilxorluqla dedi:
– Həmişə belədir, o da məclisdə bunu görməyəndə dəli olur, elə bilir taqsir məndədir. Deyir kişinin qulağına çatar, xətrinə dəyər.
– Dev qurbağaya aşiq olub. – Qadınlardan biri Azərbaycan dilində çətinliklə olsa da dedi.
– Çoknutaya ona.
Ev sahibəsi başını yana-yana tərpətdi və təkrar elədi:
– Həmişə belədir, – üzünü birdən ona tutdu. – Ya tebya proşu, apar onu, indi gedib maşın axtaracaq. – Qaynanaya baxıb əlavə elədi: – Sizi sonra mən yola salaram.
Bu qaynananın xoşuna gəlmədisə də razılaşmalı oldu. Onunsa əksinə, bu təklifdən çiçəyi çırtdadı və tez yerindən qalxdı. Arvadı narazı baxdı və hiss olundu ki, ərinin getməsini istəmir, ancaq gedəcəkdi, fürsət düşmüşdü əlinə, həm də işi keçəcək adamın arvadına qulluq göstərmək, sözünü yerə salmamaq yadda qalacaq, elə qardaşa da çatdırılacaq ki, bacını filan məclisdən filankəsin kürəkəni apardı. Hər halda bunun ona xeyri olmalı idi, həm də sümüyü çalmışdı ki, bu hirsli-hikkəli, çox güman ki, qarımış qəribə xanım onun vazaya əllilik atmasından inciyib gedirdi, hər halda qadın onun bu hərəkətindən sonra partlamışdı beş qəpiklik şar kimi...

Metronun Əzizbəyov stansiyasına çatmışdılar, amma hələ bir kəlmə də kəsməmişdilər. Çox minnətdən, yalvar-yaxardan sonra maşına minmiş qadın elə bil ağzına su almışdı və başa düşdü ki, əgər özü söhbətə başlamasa sükutu sındıran olmayacaq. Bir tərəfdən də qadınla söz mübadiləsinin çətin başa gələcəyini hiss elədiyindən, onu tərpədə biləcək, söhbətə çəkəcək mövzu tapacağına da şübhə eləyirdi.
– Sizin məclisdən birdən çıxmağınızın səbəbini deyəsən bir mən bildim.
Qadın heç nə demədən təəccüblə qaşlarını alnına tərəf dartdı.
– Mənim vazaya əvvəlcədən pul atmağımdan hirsləndiniz?
Qadın açıqca maraqla baxdı ona. Baxışları güzgüdə qarşılaşdı və o inamsız şəkildə soruşdu:
– Nə xoşuma gəlmədi? Onu da deyə bilərsənmi? – Qadın sualını verib iti baxışlarını oğlandan çəkmədi.
– Boynuma alım ki, yox.
Bu etirafın edilməsi ilə qadının üzündə əmələ gəlmiş ümid yox oldu, o baxışlarını güzgüdən yayındırıb pəncərədən şütüyüb keçən, artıq işıqlarını yandırmış maşınlara baxdı.
Sükutla keçən bir neçə dəqiqədən sonra qadın dedi:
– Heç vaxt da bilməyəcəksən.
– Niyə?
– Niyə? – Qadın qara yumşaq sumkasından siqaret çıxarıb yandırdı və birinci qüllabdan sonra öskürdü. Çoxdanın papiros çəkəni kimi sinəsi xışıldadı. – Təsəvvür elə ki, sənin kimi cavan, göyçək, adamlı, pullu bir oğlan maşınla getdiyi yerdə adam basır, özü də heç bir iz qoymadan qaçıb aradan çıxır.
Oğlan tərpənmədən və güzgüyə baxmadan şübhə ilə soruşdu:
– Necə ki?
– Necəsi yoxdur, çıxır aradan, qaçır. Həmin oğlana bu işin çox pis bir şey, alçaqlıq olduğunu desən soruşacaq ki, yaxşı mən türməyə girsəydim, o adam diriləcəkdi? Yox, dirilməyəcəkdi, eləmi, bəs onda mənim gedib türməyə girməyim kimə lazımdır? Nəyə gərəkdir?
– Ağıllı fikirdir də.
Qadın siqaretinin külünü pəncərədən bayıra çırpıb dedi:
– Qurtardıq! – Sümürdü siqareti, ovurdları bir-birindən keçdi. – Sən heç vaxt o əllilik əhvalatının mahiyyətini başa düşməyəcəksən. – Birdən əmr elədi: – Sür meydana!
– Axı... – Oğlan tərəddüd elədi.
– Düşüm taksi tutum?
– Getdik, amma bilin ki, birinci dəfədir gedirəm ora.
Qadın hirsləndi:
– Niyə birinci dəfə? Xalqının haqqını tapdayanlara qarşı mübarizə eləmək istəmirsən?
Oğlan ürəksiz və həvəssiz dedi:
– Niyə istəmirəm, azərbaycanlı deyiləm? Ancaq mənası yoxdur axı. Heç nə dəyişməyəcək.
– Əlbəttə dəyişməyəcək, küçədə vurduğu həmmillətini yolda qoyub qaçan adam, qaynanasının, arvadının rusca da olsa danışığını asanlaşdırmaqdan ötəri vazaya əvvəlcədən əllilik atan, ən ali hissləri belə pulla ölçən adamın mitinqdə nə işi var, sənin kimi adam mitinqə, nümayişə getməz, çünki ondan şəxsi mənfəət götürməyəcək, deyəcək ki, o mitinq axı nə verir xalqa?
– Lap ürəyimdən keçənləri dediniz.
– Təəssüf ki, millətini vecinə almayan biqeyrətlərimiz çoxdur.
Oğlanın tükü də tərpənmədi, sükanı kəskin hərlədib qarşıdan gedən iki maşının arasından sivişib keçdi.
– Onda siz deyin görək nə xeyri var o mitinqin, o meydanı işğal eləmiş adamlar nə verirlər xalqa, hələ o aclıq elan eləyənləri demirəm?
Qadın siqaretini axırıncı dəfə sümürüb kötüyünü maşının külqabısına basdı:
– O mitinq göstərdi ki, bu xalqın ümumi mənafeyi hələ yaşayır, zülmlər, sürgünlər, məşəqqətlər görmüş, adı, yeri, torpağı, əlifbası dəfələrlə talan edilmiş, bir qılınc zərbəsi ilə qartal başı bədənindən ayrılmış, yüz ildən çox həm başı, həm bədəni qarət edilən gözü qorxudulmuş vətən birləşə bilər, hərəsi bir tərəfə baxan gözlər bir nöqtəyə də yönələ bilər.
Maşın meydana yaxınlaşdıqca qadının səsi daha da güclənir, mətinləşirdi. Oğlan ürəyində bu qəribə qadına gülmək istəyirdi, ancaq nədənsə ovurdları batıb, iri qara gözləri çuxura düşmüş, xırıltılı qalın səsi vücudu ilə heç cür uyuşmayan bu çəlimsiz, sinəsi xışıltılı qadına heç cür gülə bilmirdi, bəlkə də sabah güləcək, onun mənasız, heç kimə lazım olmayan sözlər dediyini lağa da qoyacaqdı, qaynanası, arvadı, iclasdan tez qurtarıb gəlsə qaynatasının kampaniyasında yamsılayıb onları güldürəcəkdi, indi isə gülə bilmir, əksinə təəccüblənirdi, elə bil bu sözlərə inanırdı.
– Saxla, daha qabağa yol yoxdur.
– Mən də gedirəm sizinlə.
– Yox, bizim yolumuz bir deyil.
Meydanın gurultusu bura gəlib çatırdı. Qadın tələsirdi. Oğlan gözucu saata baxdı. Onun yarısı idi.
– Sizi gözləyim, sonra evə apararam.
– Yox, mən evə piyada gedəcəm.
Qadın maşından aralanıb meydan səmtə yönəldi. Səs artıb gurladıqca onun addımları da sürətlənirdi. O, qadının az qala meydana sarı yüyürdüyünə baxa-baxa mat qalmışdı...

Bir uzun, bir qısa zəng şərti işarəsi idi. Qapı dərhal açılmalı idi. Açıldı da. Qızın üzündə narazı, bir az da qüssəli ifadə olsa da onun gəlişindən gözlərində yanmış işığı gizlədə bilmədi. İçəri girib qapını arxasınca örtdü və qızın yüngülcə pamada çəkilmiş sərin dodaqlarından öpdü. Bundan sonra qapı içəridən üç yerdən qıfıllanmalı idi. Bəlkə də yer üzündə onların arasındakı əlaqəni heç kəs bilmirdi, nə o bu əlaqə haqqında bir kimsəyə deyir, nə də qız bunu üçüncü adamın bilməsini istəyirdi. Səbəb adidən də adi idi. Qız ərdə olmamışdı, yaşı otuzu haqlamışdı və bu qeyri-qanuni əlaqəni ömrünün ən böyük ləkəsi hesab eləyirdi, eyni zamanda həftədə, on gündə baş tutan bu gizli, oğrun görüşlər onun maraqsız, solğun, adidən adi həyatının yeganə sevinci idi. Hər görüşdən sonra əzab, əziyyət çəksə də, özünü didib-töksə də öhdəsindən gələ bilmir, oğlan gedən kimi təzə, növbəti görüşü intizarla, həsrətlə gözləyirdi və onu son görüşdən ayıran hər növbəti gün həsrətini artırır, gücləndirir, dözülməz hala salırdı. Öz-özünə söz vermişdi ki, bu sirri üçüncü bir adam biləndə özünü öldürəcək. İşdə, qohumları arasında, onu tanıyan adamlar yanında elə reputasiyası var idi ki, doğrudan da bu bədnam sirr faş olub aşkara çıxsaydı, heç nəyi dəyişmədən əvvəlki qaydada yaşamaq çətin ki, mümkün olaydı. Bütün ehtiyat tədbirlərini həm oğlan, həm o özü görsə də, hər ayın başını qorxu ilə, bitib-tükənməyən həyəcanla gözləyirdi. Hər şeyin qaydasında olduğunu xəbər verən əlaməti görən an isə sevincinin həddi-hüdudu olmurdu, lap o qızlıq dövründəki kimi sinədolusu, can rahatlığı ilə nəfəs alırdı.
Həyatında bu qarımış qızın yeri heç yox idi və çoxdan məlum idi ki, heç olmayacaqdı, amma bununla belə həftədə, on gündə bir mütləq ona dəyirdi... Və özünü bu birotaqlı, kasıbyana, səliqəli mənzildə mütləqi-hakim hiss eləyirdi. Ömründə heç bir qadın ona bu dərəcədə itaət eləməmişdi, eləmirdi də, hətta pulla müvəqqəti, yəni bir neçə saatlığa satın aldığı küçə qadını belə ona tam itaət göstərmirdi. Bəlkə də belə qadınlar ona bir qadın kimi daha böyük həzz verirdilər, ancaq tam mənəvi üstünlüyü bütövləmə ona verən yox idi. Daha bir səbəb də var idi, bu qarımış qızın yer üzündə tanıdığı yeganə kişi o idi, düzdür arvadı da kişi cinsindən tək onu tanıyırdı, hər halda o belə hesab eləyirdi və buna inanırdı da, ancaq arvadı çətin məqamlarda, yəni sözlərinin çəp gəlib kürək-kürəyə yatdıqları vaxt dünyada başqa kişilərin olduğunu eyhamlarla da olsa başa salır və haradasa bir əlyeri də qoyurdu, sözünü dəyişmək üçün, bununla belə hər ikisi başa düşürdü ki, özünü əvəzedilməz hesab eləməkdə böyük səhv buraxa bilər.
Qatarın şəhərdən aralandığı yarım saat olardı. Kupedəki üç özü yaşda oğlanla sözü-söhbəti elə də tutmurdu, üçü də fəhlə idi, hələ desən biri də ləzgi idi və kupeyə girib rahatlanan kimi həm rusca, həm azərbaycanca çox qəliz danışan ləzgi qardaş (sonradan məlum oldu ki, ləzgi dilini heç bilmir) «Belomor» qutusunu çıxarıb yeləninə mavi saplarla «Kiyev» yazılmış kiçik süfrənin üstünə qoyanda qalan iki oğlanla baxışdı, yəni ki, ya nəşəxordur, ya da çiqan. İncəvara sonradan məlum oldu ki, heç bir dilə əməlli-başlı yiyələnə bilməmiş bu yoldaş əslində içlərində ən mərifətlisi, ən tərbiyəlisi və ayıb olmasın, qeyrətlisi imiş. «Belomor» çəkməyi də Orta Rusiya zonasında əsgəri xidmətdə olanda öyrənib, indi heç cür ata bilmir, deyəsən heç təşəbbüs də göstərmirdi. Səfərin axırına yaxın «Malboro» siqareti qurtarandan sonra o da keçmişdi ləzgi qardaşın «Belomor»una və çətinliklə da olsa başını qatmışdı. Əslində elə də papiros çəkən deyildi, amma iki gündən sonra «Belomor»u ləzzətlə sümürürdü.
Kupedən çıxıb pəncərə qarşısında dayandı və qatarın sürəti ilə həmahəng geriyə sürüşən və getdikcə seyrələn evlərə baxdı. Qatarın bu işindən xoşu gəlmirdi, elə bil hər şeyi görürsən, amma heç nəyi qavramırsan, yəqin sezmək elə belə olur. Birdən gördü qızı yanında, bir iki-üç addım aralıda dayanıb o da pəncərədən bayıra baxırdı. Profildən ona diqqət elədi. Üzdən göyçək deyildi, amma kifir də demək olmazdı. Çiyninə qədər açıq qolları şüşə kimi hamar idi, hətta dərisi işıldayırdı elə bil. İstər-istəməz baxışları aşağı endi; möhkəm, qəşəng ayaqları vardı. Yüngül donundan göbəyinin çuxuru bilinirdi. Qısa saçını iki yerə bölüb rezinlə bağlamışdı, ona görə də ilk baxışda on doqquz-iyirmi yaşlı qıza oxşatdı onu, ancaq qız üzərində baxışları hiss eləyib ona baxanda səhvsiz bildi ki, azı iyirmi beş yaşı var. Ürəyində «bəd deyil» deyib qıza yaxınlaşdı və elə-belə dedi:
– Bizim pəncərə açılmır, içəri də yaman istidir.
Qız açıq pəncərənin qabağında bir az aşağı sıxıldı ki, ona da yer olsun.
– Varam buraların havasına. Meşə belə şeydi. Oksigen püskürür.
– Qız başını tərpətdi.
– Təmiz havadır.
– Birinci dəfədir gedirsiniz xaricə?
Qız başını bulayıb dedi:
– Yox, üçüncü dəfədir.
Deməli, əri yoxdur, bir az da dərinə getsən qızdır. Beləsi bizə lazım deyil...
Qız fikrini qırdı:
– Ailənizlə gedirsiniz?
– Yox, tək gedirəm.
– Nə əcəb, hamı çalışır qoşa getsin ki, dəyişilən pul çox olsun.
– Pulun çox olması üçün ayrı yollar da var. – Oğlan çoxbilmiş kimi gülümsədi və nöqtəni yerinə qoymaq üçün dedi: – Arvadım hamilədir.
Qızın üzündəki marağın tamam söndüyünü gördü. Elə bil nöyüt lampasının işığından aldılar. Deməli, səhv eləməmişdi, vaxtı ötmüş qızdır...

Qız saata baxdı, on birin yarısı idi. Sevindi. Hələ bir saat da qalacaqdı. İkinci dəfədən sonra fələk də onu saxlaya bilməzdi, mütləq gedəcəkdi. Həmişə olduğu kimi üstünü örtmədən arxası qatda uzanıb gözlərini yummuşdu, danışmırdı. Bircə plafonu olan ucuz bra yanırdı. Tamam dünyadan, şəhərdən, hər ikisinin əsas həyatından təcrid olunmuş kimi idilər, əslində elə belə idi. Həyatı, ailəsi, körpəcə qızı, keçmişi, gələcəyi bu saat bu mübhəm görüşdən, otaqdan çox-çox uzaqda idi. Gözlərini yumub guya huşa getmişdi, əslində isə ayıq idi, bədəninə yayılmış həzin yorğunluq içində yırğalanırdı. Öz bədənindən, əzalarından başqa heç nə hiss etmirdi. Bu saat onu bu xumar vəziyyətdən ayırıb arvadına xəyanət etdiyini heç kəs boynuna qoya bilməzdi, bu görüşdə yalnız onun bədəni iştirak edirdi. Yanında uzanıb onun hər qımıltısını, hər tərpənişini, nəfəs alıb verməsini belə izləyən, onun hər bir arzusunu, əmrini yerinə yetirməyə hazır qızın heç nəyinin ona dəxli yox idi. Onun güzəranı, nə cür, nə səviyyədə yaşadığı, dolanışacağı belə vecinə deyildi, düşündürmürdü onu, narahat eləmirdi. İki illik tanışlıq müddətində bu qadına bir kibrit belə bağışlamamışdı. Və heç ağlına da gətirmirdi ki, tanıdığı yeganə kişidən onun nəsə bir umacağı, bir istəyi ola bilər, buna heç inanmazdı da, ancaq qız bu yataqdan başqa ayrı şey də istəyirdi, ona görə yox ki, ehtiyacı var idi, yox, o çox azla kifayətlənə bilirdi və buna öyrəşmişdi də, ancaq bu yataq görüşlərini pərdələmək, ona mənəvi rəng vermək ehtiyacı vardı içində və onu da bilirdi ki, heç vaxt belə şeyi dilinə gətirə bilməz. Bayramlar var idi, ad günü var idi, həmin günlər o elə bil tamam itirdi və həmin günlər ərəfəsində oğlan da itirdi, onlar həmişə bayrama bir həftə qalmış və bir həftə sonrayadək nə görüşür, nə zəngləşirdilər. Həmin vaxt arası qız onu gözləməməyə özünü məcbur eləyirdi. Bir-birinin həyatına tamam yad, özgə olduqlarından onlar söhbət də eləyə bilmirdilər, nə ümumi tanışlar, nə hadisələr var idi ki, söhbətə mövzu olsun, nə maraqları bir idi. Odur ki, görüş ancaq yataqla başlayıb, yataqla qurtarırdı, hətta hər görüşün sakit uzanıb gözləmə anlarında belə susurdular. İlk vaxtlar, hələ əlaqələri əsl həddinə çatmayanacan onları bir-birinə tuş eləmiş o xarici səfərdən danışır, ordakı adamları, az-çox yadda qalan hadisələri xatırlayırdılar, sonralar daha danışılası bir şey qalmadı.
– Yadındadı birinci dəfə...
Qız kövrək səslə, həm də ehtiyatla dilləndi. Oğlan gözünü açmadan və tövrünü dəyişmədən başını tərpətdi.
– Mən biləndə ki, sən evlisən, marağım itdi sənə. Dedim baxtım kordur, amma... o saat xoşuma gəldin, heyifsiləndim ki, məndən çox cavansan...
– Sənə nə olub ki?
– Mən qocayam, qocalmışam.
Oğlan darıxa-darıxa dedi:
– Otuz yaşında qoca? Haqq-hesab vaxtı bizə macal...
Qız əli ilə onun ağzını tutdu.
– Başlama biədəb danışmağa.
– Həqiqətdir də.
– O səni çox istədiyimdəndir.
Bu ona xoş gəldi və qızla ilk tanışlıq vaxtlarını xatırlayanda səfər vaxtı üç gün dincəldikləri termal sular şəhərciyi Haydusoboslonu xatırladı.
Axşam yeməyi qurtarmışdı. Şəhər kiçik, əyləncə yeri yox, daha doğrusu əyləncə yeri var idi, ancaq ciblərinə görə deyildi. Bir həftədən çox arvadsızlıq və ləzgi qardaşın satmağa gətirdiyi, ancaq çox ucuz getdiyindən saxladığı yeddi yüz əlli qramlıq «Pşeniçni» arağının yüz qramı mədəsini qıdıqlayır, onu fəaliyyətə itələyir. Turistlərin bekarlarından dörd-beş nəfəri otelin gözəl, rahat hollunda dərin yumşaq kreslolara yayxanıb televizorda gedən güləş yarışına baxırlar. Türkiyənin yığma komandası ilə macar güləşçiləri üz-üzə gəlirdi. Elə bil kimsə onu xeyli dostlaşıb mehribanlaşdığı fəhlə kompaniyasından ayırıb irəli itələyir. Gəlib düz hərdən uzaqdan da olsa ona baxan və tez də gözünü gizlədən qızın qabağında dayanır.
– Gedək bir az gəzək.
Qız hürkdü və yan-yörəsinə, daha çox otaq qonşusu olan qalın şüşə eynəkli qadına baxdı.
– Nə danışırsınız?
– Macar dilində demədim ki! Təmiz azəri dilində dedim gedək bir az gəzişək. Xəbərdarlıq edirəm getməsən qolundan tutub aparacağam, sən də bütün Haydusobosloda biabır olacaqsan.
Qızın sifəti əynindəki qırmızı donun rəngindən seçilmədi.
Qadın daha tədbirli tərpəndi:
– Dur get, yemiyəcək səni. Gəzişin bir az. Mən icazə verirəm.
– Axı bu vaxtı...
– Dur, dur, – qadın təkid elədi.
Qız tərəddüdlə ayağa qalxdı.
– Get, get, – qadın onun son tərəddüdünü qırdı və sözləri ilə elə bil arxadan itələdi. – Özümüzünküdür, macar ha deyil.
Küçədə qız əlləri ilə üzünü tutub onunla yanaşı gedirdi və danışmırdı.
– Yəqin deyirsən ki, bu nə heyvərə adamdı, hə?
Qız başını buladı və güclə eşidilən səslə dedi:
– Otuz yaşına çatıb ərsiz qalan, xaricə turist səfərinə gedən, özünü müdafiəyə gücü olmayan qarımış qıza nə istəsən demək olar.
– Nə qəliz cümlə dedin?
Xırda, çəpərə alınmış evlərin səliqə ilə düzüldüyü işıqsız küçə idi. Hətta bir an qıza elə gəldi ki, doğulub boya-başa çatdığı və düz on üç il əvvəl həmişəlik ayrıldığı xırda rayon mərkəzindədir. Həm bu məhrəm duyğu, həm də dediyi sözlərin təsirindən kövrəldi, özünü kimsəsiz, yiyəsiz hesab elədi. Ağladı.
Oğlan belə məqamda göz yaşlarının acizlik əlaməti olduğunu bilirdi, bu həm də qələbəyə ümid etməyə əsas verirdi, odur ki, qızın qabağına keçib ala-qaranlıqla ağaran çılpaq qollarından tutdu və tez də buraxdı. Qızın bütün bədənindən elə bir titrəyiş keçdi ki, oğlan diksindi və onu buraxmaya bilmədi, ancaq buraxdığına peşman da oldu, çünki bu qəribə titrəyiş onun bu qıza elə beləcə dilxoşluq xatirinə, əlacsızlıqdan diqqət yetirməsini daha ciddi səmtə yozdu və o başa düşdü ki, bu qızdan elə beləcə əl çəkməyəcək... Təzədən qızın sərin qollarından tutdu və onun tir-tir titrəyən bədənini qucaqladı.
– Qorxma...
– Burax, qurban olum, burax...
– Noolub, niyə qorxursan?
– Allah, məni öldür! – qız yalvardı. – Burax, qurban olum, burax, bax nəfəsim kəsilir, burax...
Oğlan doğrudan da qolları arasında tutduğu qızın birdən ağırlaşdığını hiss eləyib qollarını boşaltdı, onun azacıq dik, ortası çuxur qarnına söykədiyi bədənini geriyə çəkdi, amma qollarını buraxmadı.
– Qolumu da burax...
Qolunu da buraxdı.
– Apar məni qastinsaya.
Yol boyu danışmadılar və qabağı işıqlı-adamlı otel görünəndə dedi:
– Onsuz da əl çəkməyəcəm.
Qız onun xəbərdarlığını guya eşitmədi və dedi:
– Sən burda dayan, mən gedim, sən sonra...
Oğlandan razılıq almayıb qaça-qaça getdi və birdən onun tökmə bədəni qaranlıqdan işıq selinə düşdü...

Qız yavaşcadan güldü və pıçıldadı:
– Onda buraxmasaydın vallah ürəyim partlayacaqdı. – Bunu o iki ildə bəlkə də onuncu, on birinci dəfə idi deyirdi.
Oğlan canlandı və köhnə hadisənin yada salınması onun həvəsini qaytardı. Dirsəklənib qıza baxdı və gülə-gülə dedi:
– Küçə yox, otelin nömrəsi olsaydı yəqin ki, ölərdin, çünki buraxmayacaqdım.
– Yox bir! – Qız güldü. – Onda səni qorxutmaq üçün elə dedim.
– Sıxardım səni qucağımda, bax indiki kimi, ağzımı ağzına söykəyib kəsərdim nəfəsini...

Maşına oturub açarı fırladanda saat on ikiyə işləyirdi; on beş dəqiqəyə qənaət eləmişdi. Əzalarında xoş gizilti gəzirdi. Maşın altında guya çəkisizlik şəraitində uçurdu, sükanı əlləri yox, sükan əllərini hərəkətə gətirirdi. Bir neçə maşını ötüb qarşıdakı maşın topasının arasından sivişə-sivişə keçib lap qabaq cərgəyə çıxdı. Meydandakı hadisə nəqliyyatın işini şikəst eləmişdi. İndiki maşın tıxacı da elə meydandakı fasiləsiz mitinqlə bağlı idi. Ürəyində dedi ki, camaatın işi-gücü yoxdu, yekə-yekə adamlar bir-birinə söykənib ki, iş bilmişəm, mübarizə aparıram. Sonra fikirləşdi ki, bir gedim görüm bu saat orda neynirlər, kimə söyürlər. Maşını Bakı univermağına tərəf sürdü. «Həm də görüm nə var, nə yox, evdə də danışmağa material olsun. Deyəcəkdi ki, bacını meydana qoyandan sonra qalıb çıxışlara qulaq asdım. Doğruya oxşasın deyə, gərək gözü ilə gördüyü bir hadisəni danışsın, məşhur adamlardan kimə rast gəldiyini desin.
Maşını meydana yaxın bir yerdə saxladı, qapıları bağladı və yorğanla, qazanla yanından keçib meydana doğru gedən bir dəstəyə qoşuldu.
Meydanın hər yerində tonqallar yanırdı. Bura əvvəlki meydandan çox qoşun düşmüş istehkamı xatırladırdı. «Dəstgah varmış ki!» Tribunada heç kəs yox idi. Yuxarı hissədən bayram günləri yandırılan cərgə lampalar meydana və tribunaya işıq salırdı. Tribunanın hər iki əlində bayram nümayişlərində fəxri qonaqlar üçün nəzərdə tutulmuş pilləkənlər adyallara bürünüb oturmuş yeniyetmələrlə, cavanlarla, yəqin ki, çoxu tələbə idi, dolu idi. Bütün meydana hazırda döyüş, mübarizə ruhu verən də onlar idi. Hər iki tərəf növbə ilə «Qara-bağ, Qara-bağ» deyə-deyə qışqırır və birdən-birə digər müraciətə keçirdilər... «Ay camaat, getməyin, meydanı tərk etməyin!» Mahnı ahəngində tez-tez təkrar olunan bu nəqarat artıq gecənin yarı olduğunu görüb evə gedənləri saxlamaq, işğal etdikləri meydanı əldən verməmək üçün idi. Cavanların səs-küyündən təngə gəlib tribunadan aralandı və tonqallar ətrafında yeşiklərin, taxta oturacaqların, kətillərin üstündə oturmuş adamların, əsasən cavan qızların, oğlanların arasından keçə-keçə dəniz tərəfə irəlilədi. Və gördü ki, tonqallar arasında gəzişən xeyli orta yaşlı adamlar da var və hərdən onların arasında tanış üzlərə də rast gəlirdi. Qəzet və jurnal səhifələrindən, televiziya ekranından tanıdığı məşhur ziyalıların başına toplaşmış adamların nəsə danışdıqlarını görürdü və yavaş-yavaş başa düşürdü ki, minlərlə adamı qoynuna toplamış bu meydan canlı, inkişaf etməkdə olan nəhəng bir orqanizmdir ki, saatbasaat dəyişir. Bəlkə də meydanın əvvəlki istəyi, arzusu, məqsədi ilə indiki niyyəti arasında yerlə göy qədər fərq var.
Meydanın qənşərindəki iri fəvvarəli hovuzun ətrafında qurulmuş çadırlar, rəngbərəng turist alaçıqları, toy evinə oxşayan yaşıl brezentdən mağarlar nizamsız dincələn qoşunu xatırladırdı. Hər çadırın qabağında qazan qaynayır, samovar dızıldayır, tonqal yanırdı. Qabağına müxtəlif rayon, şəhər, kənd, müəssisə adları yazılmış yük maşınları, avtobuslar bu nizamsız qoşunun döyüş texnikası idi. O, heyrətlə baxırdı bütün bunlara və qəribə bir hiss keçirirdi. Bu hissin məzmunu ona çatmırdı, ancaq hiss edirdi ki, bu vaxtacan bura gəlmədiyinə təəssüf eləyir. Bu vaxt meydanda gurultu qopdu və ətraf bir xeyli işıqlandı. Kimsə dedi ki, mikrofon verdilər. O, bunun nə demək olduğunu hələ başa düşməmişdi ki, təmiz, uca səs meydanın hər tərəfindən eşidildi və bu səslə də meydana sükut çökdü.
– Qardaşlar, bacılar, haqq bizim tərəfimizdədir. Mən bilmirəm, biz bu günmü, sabahmı, birsigünmü qələbə çalacağıq, amma inanıram ki, çalacağıq, ölüm də olsa biz torpağımızın bütövlüyünü qorumalıyıq. Biz razı ola bilmərik ki, yaralı vətənimiz, iki yerə bölünmüş torpağımız bir də bölünsün. Azərbaycana murdar əllər toxunsun. Onda gərək biz yaşamayaq. Gəlin meydana çıxdığımız bu həftənin axırında da hər gün olduğu kimi and içək. Biz vətən yolunda, onun bütövlüyü uğrunda vuruşacağıq, mübarizə aparacağıq!
Meydan guruldadı, hamı bir ağızdan qışqırdı:
– Mübarizə aparacağıq!
– Bu yolda öldü var, döndü yoxdur, öldü var, döndü yoxdur!
Meydan xoru şüara qoşuldu.
– Öldü var, döndü yoxdur! Öldü var, döndü yoxdur!..
Bir də xəbər tutdu ki, o özü də qışqırır: «Öldü var, döndü yoxdur! Öldü var, döndü yoxdur!..»
Və bundan sonra tribunanın səsi təkləndi: xor susdu. Meydan nəfəsini içinə çəkib ehtirasla və qələbəyə inamla söylənən şerə qulaq kəsildi:
Çeynəndi, yetər, varlığımız cəhl ilə cəhrə,
Doğrandı mübarək Vətənin bağrı səbəbsiz.
Birlikdə bu gün tapmalıyıq dərdinə çarə,
Can qardaşı, qan qardaşı, şan qardaşıyıq biz…

Millət yoludur, haqq yoludur tutduğumuz yol,
Ey haqq,yaşa, ey sevgili millət, yaşa, var ol!..

Maşını qova-qova sürürdü. Küçələr bomboş idi, hərdən adam keçirdi, maşın da az-az gözə dəyirdi. Bütün yol boyu ilk dəfə meydanda eşitdiyi şerin musiqisi qulağında səslənir, əks-səda verirdi. Şerin ilişib yaddaşında qalmış ayrı-ayrı sözlərini, bütöv misralarını elə bil içində təzədən oxuyurdular, ancaq bu səsi yalnız özü eşidirdi...

– Şto nibud sluçilos? – arvadının arxasını ona çevirib susması, hətta nəfəs belə almaması inciklik əlaməti idi.
– Yox, – azərbaycanca cavab verdiyinə görə təəccübləndi, çünki Azərbaycan dilində ölüm-zülüm danışan arvadı ilə çox vaxt onun daha yaxşı başa düşdüyü dildə danışırdı.
– A v çyom delo?
– Niçeqo, – qadın kəskin dedi. – Mne vsyo yasno.
– Nə yasnadı? – Əl çəkmədi. – Açıq danış. Nə demək istəyirsən?
– Açıq, açıq... – Arvadı üzünü ona çevirmədən dedi. – Mən xəmişə açıq danışıram, a sən... – Görünür, lazım olan sözü tapmayıb susdu. Bəlkə də ağlamaqdan qorxub sözünü yarıda kəsdi.
Arxadan arvadının nazik bədənini qucaqladı. Qadın heç bir reaksiya göstərmədi və onun ehtiras nümayiş etdirmək cəhdini saxlamaq üçün buz kimi səslə dedi:
– Mne ne eto nado?
– A şto nado? – Oğlanın əlləri, qolları, ayaqları qızın bədəninin harasında idisə orada da qaldı, ancaq bircə an əvvəl ehtiras ifadə edən bu üzvlər birdən-birə adicə bədən üzvlərinə çevrildilər. Əl əl oldu, ayaq ayaq, qol qol...
Qız çevrilib onunla üz-üzə gəldi. Pəncərədən düşən ziya oğlanın ala gözlərini işıqlandırdı. Qız bu gözlərin içində nəsə axtardı. O əzab çəkən, içində özü ilə daima danışıb, mübarizə aparıb yorulan, çək-çevirdən ağlını itirən adam kimi dedi:
– Ne veryu tebe.
Oğlan onun nə demək istədiyini çox gözəl anladısa da özünü bilməməzliyə qoydu və soruşdu:
– Nə mənada, nəyimə inanmırsan?
– Mne kajetsya... – Kiçik bir dirənmədən sonra özünü sıxıb əsas sözü çıxartdı. – Tı mne izmenyayeş?! – Bu sualda həm də təsdiq var idi.
– Başa düşmədim, sən soruşursan, ya bilirsən, təsdiq eləyirsən?
– Bilirəm, amma əlimdə dakazatelstvam yoxdu.
– Onda sarsaqlama.
Qızın gözləri yaşardı, oğlan əlini onun yanağına çəkdi, barmaqları yaş oldu.
– Axmaqsan, heç nədən...
– Bəs xara qetdin? Ostavil nas, i damoy vernulsya v polnoç.
– Dedim də sənə, hər şeyi danışdım ki...
Qız oğlana sıxıldı, oğlanın burnu onun yaş yanaqlarına toxundu.
– Delay tak ştob ya paverila v tebya, umalyayu...
– Xaraşo, – qızı qucaqladı. – Postarayus... Lyublyu tebya, paver mne ni kakaya jenşina ne mojet dat mne takoe aqromnoye udavolstvie,kak tı. Ölürəm sənin hamar, məxmər kimi yumşaq bədənin üçün, – sürətlə qızın ipək gecə köynəyini soyundurdu, bədənini, sinəsini sürətli öpüşlərə qərq elədi və bundan sonra zərif sözləri qaba sözlərə qarışdırdı, elədiyi hər şeyi öz adı ilə deməyə, öz adı ilə eşitdirməyə başladı...

Gecənin bir yarısı yataq otağının qapısı döyüldü. Səksəkə içərisində oyandı, amma tərpənmədi, arvadı deyəsən ərinin sadiqliyinə inanıb dərin yuxuya getmişdi, içində ağ üzü qaranlıqda belə seçilən qıza ilıq bir hiss tərpəndi, bəlkə sevgi elə bu idi. Qapı bir də döyüldü və o bu dəfə təəccübləndi, axı evdə onlardan başqa heç kim yox idi, uşaq da qaynanasıgildə idi. Qorxdu. Qapı bu dəfə astadan, amma hövsələsizliklə, həm də təkidlə döyüldü.
Qapının döyülməsi həmişə ayıq yatan arvadının halına təfavüt eləmədi. Qadının mışıltısı elə bil daha da gücləndi.
Yorğanı üstündən atıb başmaqlarını geydi, lüt bədənindən titrəyiş keçdi. Yorğanın altına baxıb tumanını axtardı, tapmadı. Zolaq-zolaq qısa xalatı keçdi əlinə. Qapı döyülməsə də onun arxasından adam həniri gəlirdi. Ehtiyatla, qorxa-qorxa qapıya yaxınlaşdı və qaranlıqda zəifcə ağaran gümüşü dəstəkdən yapışıb yavaşca itələdi. Qapı elə bil nəyəsə dirənib açılmırdı. Güc elədi, bir də güc elədi. «Açılmır». Qapı bir də döyüldü və o diksindi. Var gücü ilə itələdi qapını, elə bil qapı açılanda nəyi isə basıb sürüşdürdü. Qapı kifayət qədər aralananda sivişib otaqdan çıxdı və qorxudan döşəməyə çökdü, alnından qan axan qoca dəhlizin ortasında uzanıb gözləri yumulu halda inildəyirdi. Qan döşəmədə göllənirdi. Gözləri yumulu olsa da, qoca yalvaran səslə dedi: – Apar məni, bala, apar kəndə. Qoyma ölüm burda quransız-kitabsız. Apar... Bu zülmü Allah da götürməz. Cavansan, yazığın gəlsin özünə...
Qışqırmaq istədi, ancaq arvadını duyuq salacağından qorxdu. Qocanın üstünə əyilib cana doymuş adam kimi pıçıldadı:
– Nə istəyirsən məndən? Hara aparım? Bu gecə vaxtı mən səni hara aparım?
Qoca gözlərini açmadan dikəlib oturdu, alnından axan qan üz-gözünə, çənəsinə, oradan da sinəsinə, üstünə-başına şoralandı, artıq döşəmənin üstündə qan cığırı əmələ gəlmişdi. Qoca qəfil xalatının ətəyindən yapışdı və bu dəfə əmrlə dedi:
– Apar məni! Eşidirsən, apar, apar məni kəndimə, apar!.. – Oğlan qulaqlarını əlləri ilə qapayıb dalı-dalı qapıya tərəf gerilədi və birdən çönüb qapını açdı, içəri dürtülüb qışqırdı:
– Pamagite, pamagite...

Telefon zəng çaldı. Oyaq olsa da tərpənmədi. Guya tərpənsəydi, bədəni sınıb çilik-çilik olacaqdı. Zəng beşinciyə çatanda arvadı oyandı, yuxulu gözlərini qırpa-qırpa gecədən çarpayının qabağına sərilmiş xalçanın üstündə qalmış aparatı əl havasına tapıb dəstəyi götürdü və guya öz-özünə dedi:
– Eto mama... – Sonra dəstəyə hay verdi. – Da, mama? A skolko vremya? Oy boje, a ya to... Qedər də, neçədi ki? – Saata baxdı. – Oy daa... Qedəcey, ladno, pazvanyu. – Heç nə görməyən baxışlarını tavana yönəltmiş ərinə dedi:
– Znayeş kotorıy ças?
– Ondur.
– A poçemu ne vstayoş, qecikmirsən?
– Dünən nəçənniyə bir cüt ağ naski vermişəm, işə getməyə də bilərəm.
Qız səbirsizliklə:
– İşə demirəm, tı je k nemu idyoş sevodnya. Mama paçemu zvanila...
Oğlan ehtiyatla bir ayağını, sonra o birisini tərpətdi. Sonra dikəlib hər ikisini tənbəl-tənbəl xalçanın üstünə salladı.
– Mütləq bu gün getməliyəm?
– A kak je? Papa qavoril s nim. Sən qorhma. Vsyo budet okey.
Qız dizin-dizin sürünüb onu arxadan qucaqladı; əllərini qarnında bir-birinə keçirtdi, üzünü kürəyinə söykəyib gecənin təəssüratı ilə dedi:
– Bılo vasxititelno...
Oğlan şaxlandı, qarnı üstündə bir-birinə keçirilmiş əlləri aşağı sürüşdürdü. Qız diksinib içini çəkdi və yenə də pıçıldadı:
– Do six por çuvstvuyu...
Mojet povtorit?
– Oy net!
Qız cəld aralanıb arxası üstə yerə düşdü və doğrudan da qorxub yorğana büründü:
– Splyu, sən də dur qet, i pataraplivaysya... – Gözlərini yumdu.
Qalxıb eynən yuxuda olduğu kimi tumanını axtardı, nəhayət tapıb iki nəfərlik çarpayıya tuşlanmış üç lay güzgünün qabağına keçdi. Lüt bədəninə baxdı, qamətinin şümallığından, təmizliyindən ləzzət ala-ala geyindi, əynində kip oturan nazik tumanda yataq otağından çıxdı. Yuyunub geri qayıdanda yorğanın altından ancaq üzü görünən arvadı gözünü açmadan ərindən razı qadının mehriban səsilə dedi:
– Nakormit tebya?
– Net, spi, abaydus.
– Soyuducuda (bu sözü məzə xatirinə həmişə azərbaycanca deyirdi) koe-şto est...
– Soyuducada nə olduğunu mən səndən pis bilmirəm.
– Umnitsa... – Sonra daha çox özü üçün pıçıldadı:
– Ya lyublyu tebya...

Kabinet çox böyük idi. İçərisindəki mebel də böyük idi. Hər şey diqqəti öz iriliyi, uzaqdan belə bilinən ağırlığı ilə cəlb edirdi. Uzun sarı pardaxlı məşvərət masasının ətrafına düzülmüş yumşaq dəri üzlü kürsülərin söykənəcəkləri o qədər hündür idi ki, guya bu kürsüdə əsas hissə onun söykənəcəyi idi. Kabinetin digər tərəfindəki küncə qoyulmuş üç dərin kreslo isə o qədər dərin idi ki, elə bil hər biri adamı boğmaq üçün qayrılmışdı. Əsas iş masasının arxasında oturub içəri indicə girmiş oğlanı diqqətlə süzən kişi özü də nəhəng idi, iri qarnı az qala yazı masasının üstünə çıxacaqdı, gözündəki eynəyinin sağanağı da çox iri və ağır idi. Və bundan sonra oğlan fikirləşdi ki, kişi ilə bu kabinet bir-biri ilə yaxşı tutur. Bütün bunları çox az bir vaxtda, lap bir baxışa gördü, həm də gördü ki, masa arxasında oturub ona göz qoyan kabinet sahibinin qalın dodaqlarında təbəssüm var. Elə bu təbəssümdən də onu tanıdı. Bu, qəzetlərdə, televiziya ekranlarında tez-tez gördüyü, hamının tanıdığı adam idi, onun tək görkəmi, boy-buxunu deyil, səsi də hamıya tanış idi, çünki çıxış eləmək fürsətini heç vaxt əldən vermirdi, mütləq danışırdı. Aforistik kəlamları çox xoşlayırdı, hər çıxışında mütləq elə bir aforizm işlədirdi ki, sonradan həmin ifadə dillərə düşür, onunkundan kiçik nitqlərə yol tapır, təzə çıxışa, yəni təzə aforizmə qədər işlədilirdi. Hətta gənc dilçilərdən biri həmin aforizmlərin bədii-fəlsəfi mündəricəsindən bəhs edən iri bir məqalə də yazmışdı, həmin məqalənin dilçilik elminə nə verdiyini deməkdə çətinlik çəksək də, gənc dilçiyə nə verdiyini yaxşı bilirik, elə hamı bilir. Qaynanası heç cür bürolardan, iclaslardan, gecə yığıncaqlarından qurtarıb evə gələ bilməyən qaynatasının tapşırığını ona yetirmişdi ki, mütləq kişinin son aforizmlərindən birini əzbərləsin, audiyensiya vaxtı, imkan düşsə, işlətsin. O da qaynanasına demişdi ki, hansı aforizmi, mən nə bilim o nə qırıldadıb. Qaynanasının son bir ayın qəzetlərini oxumaq lazımdır məsləhətinə gülüb demişdi ki, gül kimi vaxtımızı yalan-palanla dolu qəzetlərə sərf eləyək?
– İndi yalan-palan yazmırlar, ağlın zastoya getməsin, – Qaynanası incimişdi.
– Ola bilməz qəzet hər şeyi olduğu kimi yazsın.
– İnanmırsan, çünki oxumursan.
– Oxumayacam da, bax elə siz, partiya işçisinin arvadı, zastoyda yaxşı yaşayırdınız, indi də yaxşı yaşayırsınız, produktu xüsusi mağazadan evinizə gətirirdilər, indi də gətirirlər, hökumətin «Qaz-31»-də gəzirdiniz, indi də gəzirsiz, dişinizi leçkomissiyada çəkdirirdiniz, indi də çəkdirirsiniz. Qaynata Bakının ən böyük rayonunun yiyəsiydi, indi də yiyəsidir. İndi deyin görüm bunları qəzet yazır?
Qaynanası dedi:
– Əlbəttə yazır.
– Düzdür, hərdən yazır, amma heç nə ki dəyişmir. Deməli, bu nəyə oxşayır, «danış, deyin, ürəyin boşalsın». Vəssalam!
– Nə xoşuna gəlmir? – qaynanası yetikliklə soruşdu. – Bəlkə...
– Hər şey xoşuma gəlir, əladır. – Sidq-ürəkdən dedi. – Amma aforizm əzbərləməyəcəm, axtarmayacam, qəzetləri də oxumayacam.
– Yaxın gəl, – dəfələrlə televiziya və radio dalğalarında eşitdiyi tanış səs idi; o tələsik kabinetin sahibinə tərəf irəlilədi. – Dahilər uzaqda dayanar ki, nəhəng olduqları görünsün, sən ki, hələ dahi deyilsən.
O öz-özünə fikirləşməyə, danışmağa və hətta «bu da bir aforizm» belə deməyə cəsarət eləmədi. Uzun məşvərət masası boyu gümrah addımlarla yeriyib kişiyə çatdı. Elə ki, dayandı və oturmağa təklif gözlədi, kişi əvvəl yavaş, sonra bərkdən güldü. Gülə-gülə də əli ilə ona yer göstərdi. Oturub hələ də gülməkdə olan kişinin üzünə gülümsədi.
– Bacım səni dünən o ki var pisləyib.
Təbəssüm üzündə dondu, rəngi ağardı və ağzından bircə söz çıxdı:
– Məni?
– Səni. Dünən sən aparmamısan onu meydana?
– Bəli, mən.
– Axı mənim bacım lap körpəliyindən solçudur. Uşaqlıqda məhlədə harda dava olardı, ora qaçardı, mütləq döyülüb qayıdardı. Nəysə... Dünyada yeganə adamdır ki, hər şeyi ona bağışlaya bilirəm. Çox sağ ol ki, o gün yolda qoymamısan onu. Hikkəsindən ona təhkim elədiyim maşına minmir. – Kişi birdən dəyişdi və işgüzar görkəm aldı. – Qısası budur ki, xoşuma gəldin, sir-sifətdən, boy-buxundan, xasiyyətini də bacım deyib, – yenə gülümsədi və başını ləzzətlə buladı. – Onun dedikləri sənin xeyrinə oldu, bildim ki, bizim adamsan, başında sarsaq-sursaq ideyalar gəzmir, o mitinqdəkilərin gələcəyi məlumdur, həyatı başa düşən deyillər. Orda boğazın yırtıb danışanlar var ha hamısı hakimiyyət istəyir, hamısı yenidənqurmanın düşmənidirlər, amma hakimiyyət əvəzinə ayrı şey alacaqlar. Bax bunu! – Yumruğunu göstərdi. – Bizə onlar yox, sən, sənin kimi gələcəyini düşünən oğullar lazımdır. Bizi siz əvəz eləyəcəksiniz. «Vətən, xalq, millət» deyən adamlar nə vətənini sevir, nə millətini. Belə dar düşüncəli fanatiklərin axırı yoxdur. Biz internasionalistik! «Millətimi sevirəm!» deyənlər yenidənqurmanın düşmənləridir. Elə orda, – başı ilə yuxarını göstərdi, – bu qərara gəldik ki, cəmiyyətimizdə gedən müsbət dəyişiklikləri gözü götürməyənlərin işidir bunların hamısı. Demokratiyanı anarxiya bilirlər. Guya bu demokratiyanı biz verməmişik, onu geri ala bilmərik? Niyə dillənmirsən, bəlkə sən mənimlə razı deyilsən?
Tələsik dedi:
– Əlbəttə razıyam, mən də sizin kimi düşünürəm. Nə fərqi kim harda, hansı torpaqda yaşayır, təki yaxşı yaşasın, firavanlıq olsun!
Kişinin gözləri güldü, ətli dodaqlarının arasından iri sağlam dişləri bir də göründü. Gözləri qıyılıb itsə də sifəti bu təbəssümdən işıqlandı.
– Lap çoxdan bir cavanla söhbət eləmək, fikir döyüşdürmək istəyirdim. Respublikadakı əhval-ruhiyyənin necəliyi çox vaxt cavanlardan asılı olur. Görmüsən də, o meydanda nalə çəkənlərin çoxu cavanlardır, bir para ekstremist xuliqandır.
Demək istədi ki, yarım milyonu xuliqan adlandırsaq, onda elə bütöv respublika əhalisi xuliqandır ki, amma demədi, çünki bu saat onun məqsədi meydana qahmar durmaq deyil, öz işini düzəltmək idi. Cana doymuşdu atasının əlinə baxmaqdan, ondan pul gözləməkdən, xərci isə çoxalırdı gün-gündən, arvad tərəfdən olan qohumlarının durub oturduqları adamlarla ayaqlaşmaq getdikcə çətinləşirdi. Burda hamının geyindiyindən geymək, hamının yediyindən yemək adamı gözdən salırdı, bayramları, ailə məclislərini şəhərin ən yaxşı restoranında eləmək də adi həyati hadisə idi. Atasının əyri-doğru gətirdiyi pullar bəs eləmirdi. Geriyə ayaq qoymaq həm yaxşı deyildi, həm də istəmirdi. Bayram məclislərində gözəl arvadının qoluna girib restoranın gur işıqlı salonuna daxil olub əvvəlcədən qaynatasının sifariş etdirdiyi masaya yaxınlaşmaq, yetik baxışlar altında stul çəkib arvadını oturtmaq, sonra yerini rahatlayıb gizli-gizli camaatı sezmək, öyrənmək, gözəl, bəzəkli qızlarla ani baxış görüşləri, geyim-kecimdə qadınlardan, qızlardan geri qalmayan cavan oğlanları, özü kimi ərləri, nişanlıları müşahidə eləmək və yüksək partiya, hökumət dairələrinə birbaşa dəxli olan adamların sırasında olmaq xoşuna gəlirdi. İçində çox vaxt heç nəyə ehtiyacı olmayan, pula pul deməyən, əsgəri xidməti belə Bakıda keçirən, Əfqanıstanda partlayan bombaların tüstüsü burnuna dəyməmiş cavan-göyçək, geyimli-kecimli oğlanların paxıllığını çəkirdi, onu pulla təmin eləyən, xərci artdıqca haqq-nahaq soyulan sürücülərin sayını artıran atasına görə sınır-sıxılırdı, özünü partiya, hökumət, nazirlik, prokurorluq balalarının cərgəsində pis hiss eləyirdi. Nisbətən yaxınlaşıb isnişdiyi, son vaxtlar dost adlandırdığı həmin cavan-göyçək oğlanlardan biri demişdi ki, paxan ildə otuz beş min verib canını qurtarır. Bu şərtlə verir ki, pula görə bir il ona dəyməyim, zəhləsini tökməyim. Bundan sonra dostuna nifrət eləmişdi, daha doğrusu paxıllığından onun üzünə baxa bilmirdi.
– Hə, indi de görüm nə istəyirsən, qaynatan bir-iki şey deyib, amma özün yaxşısan, hara?.. De həvəsin haradır deyim mənzilini.
– Siz hara məsləhət bilsəniz, o mənə qəbuldur.
– İstəyirsən mən deyim hara istəyirsən, nə istəyirsən?
Oğlan susdu, yəni razı oldu.
Kişi gözlərindəki gülüş qığılcımının odunu aldı.
– Sən az işləyib, çox qazanmaq istəyirsən.
– Xeyr, mən...
– Gəl belə danışaq, – kişi onun sözünü kəsdi, yaxşı da ki, kəsdi, yoxsa deməyə sözü yox idi, çünki qarşısındakı hörmətli-izzətli, hamının tanıyıb saydığı, bir sözünə məəttəl olduğu adam onun ürəyindən keçəni yaxşı duymuşdu. Onun özündən tez anlamışdı. – Səni göndərək xaricə, məsələn, Əlcəzairə, ya Suriyaya, Dəməşqin özünə. İki-üç il işləyərsən, pulu pul, gəzməyi gəzmək, bir dilin də açılar, ərəb dilinə öyrəşər... – Selektorun sarı işığı yandı və zəif quş civiltisi eşidildi. Dəstəyi götürüb qulaq asdı. – İndi çağıracam. Hə, deməli, danışdıq, gedirsən mənim adımdan düz nazirin yanına, nə lazımdır eləyəcək. – Kişi birdən güldü. – Bacım düşdü yadıma...
Oğlan da güldü.
– Bilmirəm neynəmisənsə, yapışıb ki, maşınla adam vurub üstündən keçib gedib.
Oğlan qızardı və az qala hiddətlə:
– Nə danışırsınız?
– Bacımdır də, onda belə qəti hökmlər çox olur. Mən inanmaram ki, sən özün özünə quyu qazasan...
Heç cür özünü ələ ala bilmirdi. Nəfəsi kəsilə-kəsilə dedi:
– Mən dedim ki, əgər maşınla vurduğun adam ölübsə, özünü milisə təslim eləməyin mənası yoxdur, onsuz da ölən dirilməyəcək.
Kişinin təbəssümü üzündən çəkildi və bir qədər sərt dedi:
– Düzdür, ölən dirilməyəcək, amma bu haqda bərkdən danışmaq lazımdırmı? Mən bilmirəm sənin başına belə iş gəlib, ya yox...
Oğlan qəti və kifayət qədər kəskin dedi:
– Əlbəttə, yox! Bu hardan sizin ağlınıza gəlib? – Oğlanın səsi və bədəni titrədi. Və kabinetin qapısı açıldı, elə bil kimsə tappıltı ilə döşəməyə düşdü. O, diksinib dəli kimi yerində fırlandı. Alnından dupduru, al qırmızı qanı axan qoca onun ayaqlarına doğru sürünüb nəsə deyirdi. Kişinin səsini eşitməsə də, onun nə dediyini, yalvarıb nə xahiş etdiyini yaxşı bilirdi. Dəhşətdən iki addım geri çəkilib arxasına – kişinin dayandığı yerə baxdı, heç kəs yox idi, ucu-bucağı görünməyən, hər yeri iri, nəhəng masalarla, söykənəcəyi tavana dəyən kürsülərlə dolu kabinetdə ikisi idi, əlini qabağa uzadıb ona doğru sürünməyə cəhd edən yaralı qoca, bir də ondan qorxan, səsini eşitmədiyi, ancaq sözlərini əzbər bildiyi özü qocanın birdən dayandığını, daha ona sarı sürünə bilmədiyini görüb dəhşətlə qışqırdı. Səsini eşitmədi, əyilib onun döşəməyə düşmüş heysiz başını qaldırmaq, ölüb-ölmədiyini bilmək istədi... Qocanın qanlı alnına toxunmaqdan iyrənmədi, əlini qan gölməçəsinə batmış üzünün altından saldı, qan istisi onu çimçəşdirdi, əlini qeyri-ixtiyari çəkdi, üz şappıltı ilə qan gölməçəsinə düşdü və qırağı qırışlarla örtülü qana boyanmış göz qapaqları titrədi. Qan laxtalanmış dodaqlar aralandı və bu dəfə o çox aydınca eşitdi:
– Apar məni, apar evimə, apar kəndə, apar...
– Niyə birtəhərsən? Əvvəlki kimi zarafat-zad eləmirsən?..
Qız xaricdən gətirdiyi tiftikli xalatının qabağını düymələyə-düymələyə gəldi. Saçının bir-iki yerində su damcısı şeh kimi parıldayırdı, bilinirdi ki, indicə duşdan çıxıb.
Bayaqdan gözüaçıq uzanmışdı və hara baxırdı maşınla vurub qaçdığı qocanın qana bulaşmış sifətini görür, yalvaran səsini eşidirdi. Ürəyi o saat partlamaq dərəcəsinə gəlirdi.
– Səndən çıxmaz iş arxası qatdaca yatmışdın, istədim oyadım, yazığım gəldi, qıymadım, dedim yoruldun? – Axırıncı sözü deyəndə üzündən təbəssüm keçdi.
Nə bu təbəssümü görəcək, nə də onun sürüşkən mənasına vara biləcək halda idi.
– Gərək oyadaydın.
– Niyə, hələ səkkizə var ki.
– Ona görə demirəm. Pis yuxu görürdüm.
Qız onun yanında uzanıb boynunu sığalladı.
– Nə görürdün? Yəqin evdə xəbər tutmuşdular, – heç vaxt «arvadın» deməzdi və ya arvadının adını çəkməz, onun haqqında pis ya yaxşı bir şey deməzdi, çünki bütün bu başına gəlmiş sevgidə, məhəbbət oyununda yalnız özünü təqsirkar bilirdi və bütün bu münasibətlərdə ən pis rolu da özü üçün ayırmışdı. Elə buna görə də rəqib çıxdığı qadın haqqında danışmağa insafı yol vermirdi, bir tərəfdən də adını belə dilinə gətirməyə cəsarət etmədiyi qadına rəqib olmadığını yaxşı bilirdi, «sevgilisi» onu lap bu saat da birdəfəlik atıb gedə bilərdi, çünki çox tez bilmişdi ki, bu əlaqə onun üçün sırf fiziki yaxınlıqdan başqa bir şey deyil, bu turist sifətilə səyahətə getmiş adamın mədəniyyət abidələrinə, gözəl yerlərə olan ötəri marağından başqa bir şey deyildi. Hər halda oğlan tərəfdən elə bir mənəvi bağ yox idi ki, onların ittifaqının dözümlülüyünü təmin eləyə bilsin.
– Maşınla adam vurub öldürmüşəm.
Qız içini necə çəkdisə qışqırığa oxşadı. Hələ desən əlini üzünə də apardı, on yeddi il bir üzü kənd, bir üzü şəhər olan rayon mərkəzində yaşayıb çox şey götürmüşdü şəhər ədalı kənd arvadlarından; anasından, xalasından, bibisindən öyrəndiklərinin biri də çətin vaxtlarda əlini yanaqlarına aparması idi. Əslində isə onu kəndə, doğulub boya-başa çatdığı, suyu-havası ilə pərvəriş tapdığı elinə-obasına bağlayan heç nə yox idi. Bacı-qardaşları çoxdan ev-eşik, ailə-uşaq sahibi olmuşdular, o isə elə bil get-gedə evin, ailənin kiçiyinə dönürdü. Necə oldu bu, necə oldu ki, həmişə ona «bacı» deyib çağıran kiçik bacısı birdən-birə adı ilə səslədi onu, yox, bu birdən-birə olmadı, tədricən, elə ki, böyük bacısını gözləməkdən təngə gəlib ərə getdi, birinci uşağı doğdu, elə bil yekəldi, böyük bacısına yuxarıdan baxdı. Necə oldu ki, institutu bitirib geri qayıtmadı, qaldı şəhərdə, institut illərində kirələdiyi evdə yaşadı. Bunun da səbəbi çox sadə idi. Dördüncü kursda oxuyanda bacısı gəldi tibb institutuna daxil oldu, onu böyük şəhərdə tək, özbaşına qoyub rayona qayıtmağa nə ürəyi gəldi, nə də anası qoydu. Qaldı şəhərdə, tərs kimi təyinatını da verdilər şəhər müəssisələrindən birinə, deməli, qalmağa, bacısına həyan olmağa karlı bəhanə də var idi. Sonra hər şey avtomat qurğu kimi özü işlədi, kiçik bacı həkim diplomu ilə Gəncəyə göndərildi, heç yarım il keçmədi, ərə getdi, indi üç uşağı var, sonra daha kiçik bacı və ondan da iki il sonra yeganə qardaş gəldi, yenə də ilişib qaldı və bir də gözünü açdı ki, hamı ərə gedib, evlənib, ailə qurub, o isə qarıyıb qalıb kirayə ocaq başında. İlişib şəhərdə qalmış qız nə rayon oğlanlarının yadına düşdü, nə də şəhər oğlanları onu özlərinki bilib adını çəkdilər. Bir də gözünü açıb gördü ki, Bakıda ayda səksən manat verib kirələdiyi erməninin divar rəngləri qarışmış evində tək-tənha, yalqız qalıb, o evdə ki otuz yaşınacan birovuz yaşamışdı, nə ev şeyləri vardı, nə adam rahatlığı, hər şey müvəqqəti idi. Rayona da getmək çətinləşirdi, qonum-qonşunun, qohum-əqrabanın «Ay qızım, hələ evdəsən?», «Kim bağladı sənin baxtını?» sözlərini eşitməkdən bezmişdi. Xəcalət çəkirdi. Ürək-dirəklər, onun taleyinə oxşayan talelərdən nağıllar, axırı yaxşı bitən hadisələrdən yaxa qurtarmaq üçün getmirdi rayona. Ona görə də məzuniyyətə çıxmaqdan zəhləsi gedirdi, həmişə soyuq aylara salırdı istirahətini, sonralar isə çiyin-çiyinə işlədiyi yaşı ötmüş qızlardan biri ona xaricə turist səfərinə getməyi məsləhət gördü və öz təcrübəsindən danışdı. Hələ həm ziyarət, həm ticarət ifadəsini də işlətdi, bunun mənasını sonralar başa düşdü. Birinci dəfə elə həmin qızla getdi Çexoslovakiyaya, xoşuna gəldi və bundan sonra iki ildən bir turist səfərini təzələdi. Aylıq qazancından qənaət eləyib iki ilə pul yığmaq, xaricə turist sifəti ilə getmək həyatının ən ali məqsədinə çevrildi. Onun üçün dünyada az-maz əhəmiyyət kəsb eləyən yeganə şey xaricə turist səfəri oldu.

İki gündü qayıtdığı. Şöbəyə sığmırdı, nə səyahətlə bağlı suallara əməlli cavab verir, nə idarədə olmadığı vaxtlarda olmuş əhvalatlara, qeybətlərə qulaq asırdı. Bütün günü telefonun zəngini gözləyirdi, həm gözləyirdi, həm də qorxurdu. Hiss eləyirdi ki, bircə himə bənddir, zəng olunsa öhdəsindən gələ bilməyəcək. Nə yediyi nuş olurdu, nə içdiyi, bütün günü gözləyirdi. Hətta kirədə qaldığı evin telefonunun da zəng eləyəcəyini gözləyirdi, halbuki ev telefonunu verməmişdi. Bütün səyahət boyu oğlanı yaxına buraxmamışdı, buna gücü çatmışdı, elə bil az vaxt içərisində simsarlaşdığı iyirmi beş nəfərlik qrupun onu oğlanın təcavüzündən gah açıq, gah da üstüörtülü qorumaları, ümumiyyətlə onların varlığı qıza mətinlik, dözümlülük verirdi. Bəlkə də qız sadəcə olaraq bu iyirmi beş nəfərdən utanırdı, onların tənəsindən çəkinirdi. Görünür, elə bu səbəb daha güclü idi, çünki Kiyevə gəlib çatan kimi, qrupun bir hissəsi təyyarə ilə Bakıya, bir hissəsi başqa səmtə üz tutanda məlum oldu ki, qız qalıb tamam tək və əvvəlcədən alınmış biletin vaxtına da hələ bütöv gün var. Onda oğlan təşəbbüsü yenidən ələ aldı və ilk həmlədəncə onu yağışdan sonra Kiyevin qalın, yaşıl parklarının birində, günün günorta çağı öpdü, qız nə qədər dartındısa da bu uzun öpüşdən dodaqlarını qopara bilmədi. Elə bununla ondan qaçmağa, dəstədəki qadınlardan qatarla getməyə qalmış yeganə qadının yanından bir addım da aralanmamağa çalışdı. Kiyevdən Bakıya uzanan iki günlük yolda isə söhbətdən başqa heç nə mümkün deyildi. Vağzalda ayrılanda oğlan ona mütləq zəng eləyəcəyini demişdi. Qız da yalandan gülə-gülə cavab vermişdi ki, evə çatan kimi başın qarışacaq. Hələ cəsarətli bir söz də əlavə eləmişdi – odun sönən kimi biz yaddan çıxacağıq, deyəcəksən ki, o idbarın nəyinə yalmanırdım.
Telefonun quş cəhcəhinə oxşayan, amma beyinə işləyən səsi eşidildi. Necə diksindisə işlədiyi bölmənin böyüyü olan dərisinə sığmayan yaşlı rus qadını qorxdu və təəccüblə dedi:
– Da tı şto, sdurela?
Başqa birisi də əyilib dəstəyi götürəndə dedi ki, ordan gələndən heç özündə deyil, deyəsən möhkəm vurulub, qız qətiyyətlə etiraz etmək istəyirdi ki, daha tez tərpənib dəstəyi götürmüş gənc texnik onun tərəfinə dedi:
– Səni istəyirlər.
– Məni?
– Həri, çox priyatnı kişi səsidi.
Qan üzünə vurdu, sifətini gizləməyə yer axtardı.
– Da şto s taboy? – müdir xanım hövsələsizliklə soruşdu. – Vot trubka, boje moy...
Qız buz kimi olmuş əlini uzadıb dəstəyi götürdü, qulağına yaxınlaşdırıb az qala pıçıldadı:
– Alo!
– Demişdim zəng eləyəcəm.
– Noolsun? – Kobud dedi.
– Başa düşürəm.
– Nəyi başa düşürsən?
– Danışa bilmirsən, yanında adamlar var, onda özün zəng elə, nömrəmi bilirsən.
Saçının dibindən tər damcısı qarışqa kimi yeridi, keçib gicgahından çənəsinə tərəf axdı. Gözləri yaşla doldu və hamının gözü qabağında yaş daşlanıb kipriklərin maneəsini dəf etdi. O birdən otaqda özgə baxışlar altında tək-tənha qaldığını gördü və çox kobud tərzdə çəmkirdi:
– Nədi, adam görməmisiz?
Elə bu sualla da qaçıb dar-düddək otaqdan çıxdı.

– Nə danışırsan? Necə yəni öldürmüşəm?
– Necəsi yoxdur ki, – oğlan əsəbiliklə çiynini onun əlindən çıxartdı. – Qəfil girdi maşının altına, hardan çıxdı, bilmədim...
Qız ehtiyatla və qorxa-qorxa soruşdu:
– Bəs sonra?
– Ta nə sonra? – Oğlan onun üzünə baxmaqdan çəkindi.
– Xəstəxanaya aparmadın?
– Deyirəm ölmüşdü, ay müsəlman, ölünün xəstəxanada nə işi var, onun yeri...
– Danışma, özünə şər atma! – Qız əlləri ilə üzünü tutdu. – Sən can verən adamı yolda atıb getməzdin.
Oğlan dikəlib çarpayıda oturdu və əsəbi dedi:
– Gülməli şey danışırsan. – Doğrudan güldü. – Yiyəsiz yol, qoca kişi, özü də ölmüş, canını tapşırmış, neynəməliydim, frayır kimi maşına qoyub milisə getməliydim ki, alın ömrünü-gününü sürmüş adamı basdırın, məni də salın türməyə? Eşidən-bilən nə deyər, gülməzlər mənə?
Qızın əlləri üzündən sürüşüb düşdü, guya qollarını vurdular. Gözləri doldu və o az qala yalvara-yalvara dedi:
– Sən belə danışma, qorxuram, belə danışma, belə günahla yaşamaq olmaz, qorxuram səndən...
Oğlan bir xeyli dinmədi. Siqaret yandırdı.
– Yaxşı, nə deyirsən, gedim türməyə? Bu gün-sabah xaricə yola düşürəm, sən də deyirsən...
– Xaricə gedirsən? – Bu sualın dalınca «Bəs mən?» sualı gəlməli idi, ancaq onu saxlaya bildi; oğlan həmin sualı qız deməsə də eşitdi və dolayısı yolla başa saldı ki, heç bir təsadüfi ölüm, heç bir qadın onu gələcəyi, karyerası ilə bağlı bu səfərdən saxlaya bilməz.
Qız qalxıb pəncərəyə sarı getdi. Hava əməlli-başlı qaralmışdı. Pəncərədən görünən nazik çılpaq budaqdan xəzəl rəngli üç yarpaq asıla qalmışdı. Bu yarpaqların tutqunlaşmış rəngi atılmış, unudulmuş heç kəsə lazım olmayan insan, qadın hissini tərpətdi. Ağladı. Nə səsi çıxdı, nə səmiri.
Oğlan geyinə-geyinə dedi:
– Qoy, heç kəs sinəsinə döyməsin ki, təmizdir, çiçədir, vicdanı ləkəsizdir. Əslinə baxsan hamı bir-birinin qarşısında günahkardır, həyatın özü günahlar üzərində qurulmuş elə möhkəm sistemdir ki, ondan heç nəyi çıxara bilməzsən, heç nəyi təcrid edə bilməzsən.
Qız susurdu və onun gözündən yaş ara vermədən axırdı. O əslində oğlandan incik deyildi, çünki o hər şeydə özünü, öz taleyini taqsırlandırırdı, qabağına çıxmış haram qisməti lənətləyirdi. Qəribəsi bu idi ki, o otuz illik ömründə tutduğu bu ən böyük günaha görə peşman olub acı təəssüf hissi keçirsə də, Macarıstan səfərini, onun nəticəsini ömründən qoparıb atmaq istəməzdi, belə olsaydı o nəsə çox mühüm bir şey itirəcəyinə inanırdı.
– Heç tanış olmayan adamlar da bir-birlərinin qarşısında günahkardırlar. – Oğlan davam edirdi. – Bizim bu əlaqəmizi götürək. Bilirsənmi ki, mənim arvadımın qarşısında sən necə günahkarsan, amma mən səni taqsırlandırmıram. Çünki bu da o qanunauyğunluqla bağlıdır.
– Bilirəm. – Qız arxası oğlana sakitcə dedi və gözlərindən ara vermədən axan yaşı iki əlinin köməyi ilə silməkdə davam elədi. – Tək onun yox, bütün ailənizin, öz anamın, qardaş-bacılarımın yanında da günahım böyükdür. – Birdən hönkürdü və bir balaca toxdayanda dedi:
– Get, gecdir.
Qız pəncərənin qabağına gəlib küçəyə baxdı, bənövşəyi maşın bir azdan tərpəndi.

Maşını hara qovurdu özü də bilmirdi, elə bil ayaq adamı bəzən başından xəbərsiz gəzdirdiyi kimi təkərlər də iradəsindən və əllərindən asılı olmayaraq harasa baş alıb qaçır, bir-birini qovan yüzlərlə maşının arasından sivişə-sivişə, yer eləyə-eləyə gedirdi, yol açırdı. Özünü buraxmışdı təkərlərin ixtiyarına, bu ona ləzzət eləyirdi, içindəki naxoş, məzmunsuz ağırlığı bu biganə vəziyyət, dəli sürət elə bil yüngülləşdirirdi. Yan-yörəsindən ötən maşınlardan ona toxunub keçən narazı, hiddətli, söyüşü əvəz edən baxışları da görmür, hiss eləmirdi, daha doğrusu görürdü, vecinə almırdı, piyadaların üstündən sürətlə sürüşüb gedən qarğış və söyüş dolu baxışları da ona təsir eləmirdi. Qəribəsi o idi ki, bu hiddətli baxışlar onu sakitləşdirir, yay axşamı barmaqları arasından axıb keçən sərin qum kimi ləzzət gətirirdi ona. Tovuz geyimli, qırmızı yanaqlı, dodaqları işıldayan, saçı alabəzək tanış qızın yanında maşının əyləcini necə basdısa alnı az qaldı qarşı şüşəyə dəysin. Qız təklif gözləmədən maşının qapısını açıb arxada deyil, yanında oturdu.
– Sən hələ türmədə deyilsən? – Qız elə bil bu sualı vermək üçün burda dayanıb məhz onu gözləyirmiş.
Oğlan hiddətlə dedi:
– Sənin...
– Bilirəm, bilirəm, yadımdadır, gözəl sözlər bilirsən, amma yeri deyil, elə sözlər pasteldə ləzzət eləyir, burda yox. – Yorulmuşam.
– Müştəri yoxdur?
– Xoşuma gələn olmadı, görünür sənin gəlməyini gözləyirmişəm. Ürəyimə dammışdı.
– Yadından çıxmamışam?
Güzgüdə gözləri calaşdı və qız nazsız-ədasız və yalansız dedi:
– Səni unutmaq çətindir.
– Bildim nəyə görə.
– Ne umryoş ot skromnosti.
– Yaxşı, hara gedirik?
– Hara gedək? – Oğlan soruşdu.
– Heç nə eləməyək, həvəsim yoxdur.
– Elə bilirsən pul verməyəcəm?
– Axmaq! Sənin kimi oğlandan pul almaq günahdır, əslində sənə haqq vermək lazımdır.
– Onda ixtiyarın məndə.
– Hara istəsirsən apar, nə istəyirsən elə, cilovumu verirəm o qəşəng əlinə. Maşını da bərk sür, lap bərk. Ölürəm sürət üçün, nəfəsim kəsilir maşın yüzlə gedəndə.
Oğlan sol əli ilə sükanı tutub sağ əlini qızın dizinə qoydu. Gözlərini yumub özünü sürətin ixtiyarına vermiş qız gülümsədi və yubkasının ətəyini yuxarı çəkib, gözlərini açmadan dedi:
– Bərk sür.
Oğlan maşını yaşıl işığa sıçratdı. Qız silkələndi və gözünü açmadan sakitcə dedi:
– Çırp divara.
– Niyə?
– Belə ölmək daha yaxşıdır.
– Spiddən qorxursan?
– Axmaq! Dayan, dayan, hara gətirdin məni?
Oğlan maşını saxladı.
– Düş görək!
Qız cəld düşdü. Oğlan qapıları bağlayıb dedi:
– Getdik! Eşidirsən?
– Noolsun, mitinqdir də. Neçə gündür dəli olub düşüblər ortaya.
– Heç getmisən ora?
– Nə ölümüm var orda? Nəyim itib mitinqdə?
Qızın əlini qolundan çıxartdı.
– Ağ eləmə də! – Bir az qabağa keçdi.
Keçən dəfəkindən çox idi adam. Böyük meydan, onda kəsişən küçə boğazları adamla dolu idi. Tərpənməyə yer yox idi. İrəlilədikcə çıxış eləyənin səsi aydın eşidilirdi.
– Biz təmkinimizi qorumalıyıq, gərək biz heç bir şuluqluğa, xuliqanlığa yol verməyək, biz dinc mübarizə aparmalıyıq, mənə elə gəlir ki, biz mübarizənin yeni mərhələsinə, yeni formasına keçməliyik.
Natiqin çıxışı bu yerdə meydanı titrədən fit səsləri ilə, qışqırıqla kəsildi... «Rədd ol! Rədd ol!» deyən nəhəng xorun əzəməti, təzyiqi qarşısında dayanmaq çətin idi. Natiq isə görünür kütləni ram etmək fikrindən əl çəkmək istəmirdi. – Bir qulaq asın, bircə dəqiqə qulaq asın; istəməsəniz mən deyənə əməl eləməyin, amma bircə dəqiqəlik hövsələ eləyin, danışana qulaq asın.
Kütlə nisbətən sakitləşdi.
– Bizim işimiz haqq işidir, buna heç kəs şübhə edə bilməz, biz öz tələblərimizi, mitinqin tələblərini, yazıb lazımi yerlərə vermişik, onları yerinə yetirmək üçün vaxt lazımdır, burda dayanıb gözləməklə... – və meydan səs-küydən necə guruldadısa natiq daha ona qulaq asılmayacağını başa düşüb mikrofondan çəkildi.
Qız ayaqlarının ucuna qalxıb oğlanın qulağına sarı dedi:
– Niyə qoymurlar danışsın? Niyə qışqırırlar?
Oğlan cavab vermədi.
Və bu vaxt tribunada kim göründüsə alqış səsləri qulaq batırdı. Meydan nəhəng canlı kimi ləngər vurdu. Danışanın üzünü burdan seçmək mümkün deyildi. Ancaq bir nəfərin əlini yumruq eləyib qaldırdığını gördülər. Elə bu işarə ilə meydana elə bil daş atdın. İnanmaq çətin idi ki, bir nəfərin yuxarı qaldırdığı yumruq milyon adamı ram eləsin, nəhəng insan dənizinin səsini batırsın. Hamı susdu. Danışanı səsindən tanıdı, o gün danışan, şer oxuyan adam idi.
– Sizi mübarizədən çəkindirmək üçün çox güclü bir mexanizm hazırlanır, ayıq olun! Cürbəcür yollardan, namuslu və namussuz tədbirlərdən istifadə edilir. İnanmayın! Bizim hələ heç bir tələbimiz qəbul olunmayıb, radio, mətbuat sizi aldadır, yalan deyir, xainlər öz vəzifələrini itirməmək, beş-on il hakimiyyətdə qalmaq üçün Vətəni hər şeyi ilə satmağa hazırdırlar. Tarix boyu dəfələrlə satılmış bu yaralı, başı kəsik Vətəni indi partiya feodallarımız satmaq istəyirlər. Biz buna yol verə bilmərik.
Bura çox adamlar göndəriləcək, bu bir neçə gündə qeyrət göstərmiş məşhur oğullarımızı satqınlığa itələyəcəklər, inanmayın vəzifəli ziyalılarımıza, buradan vəzifə tramplini kimi istifadə edənlər də tapılacaq, tanıyın elələrini. Dostu tanımasaq da olar, amma düşməni hər birimiz tanımalıyıq. Onların əlində hakimiyyətini itirməkdən qorxub quduzlaşmış, hər vasitə ilə ömrünü uzatmaq istəyən, bu yolda xəyanətdən belə çəkinməyən xəbis dövlət aparatı var.
Zülmün topu var, gülləsi var, qələsi varsa,
Haqqın da bükülməz qolu, dönməz üzü vardır.
Abbasqulu ağa Kərbəlayıya deyəndə ki, Kərbəlayı sənin silahın, cəbbəxanan yoxdur axı, Kərbəlayı deyir ki, topumuz, tüfəngimiz olmasa da, qeyrətimiz, namusumuz var, bəy. Dünyanın işi belədir, birinin gücü-qüdrəti olub, o birinin də qeyrəti-namusu.
Alqış səsləri natiqin səsini batırdı...
Qız yenə də qoluna girmişdi. Oğlan necə təsirlənmişdisə bunun fərqinə varmırdı. Bu vəziyyətdən onu tanış qadın səsi ayırdı:
– Gün aydın, adamvuran oğlan!
Kişinin bacısı onunla üzbəüz dayanıb istehza ilə gülümsəyirdi.
Qoluna girmiş qızı göstərib dedi:
– Xanımınız iki-üç günə nə yaman dəyişib, lap tanınmaz olub.
Cəld qolunu qızın əlindən çıxartdı və kəskin dedi:
– Sağ olun, məni qardaşınıza yaman tərifləmisiniz.
– Mən bununla sənə yaxşılıq elədim, əgər tərifləsəydim o səni heç yaxına buraxmazdı, sənin istehlakçı təbiətin qardaşımın ürəyincə oldu. Onlara da öz məktəblərini yaşatmaq üçün təzə xələflər lazımdır, sən də ki, işə yatımlı xammalsan. Xanımınız əkildi.
Oğlan çönüb doğrudan da qızın yox olduğunu gördü və özünün də gözləmədiyi halda bu idbar qadına gülümsədi, elə bil onun xoşuna gəlmək istədi.
– Evə gedirsinizsə aparım sizi. Maşın burdadır.
Qadın ikrahla dedi:
– Bilirəm, siz maşınsız addım atmazsınız, meydan tamaşasına gələndə də gərək kayf bütöv olsun.
– Piyada gəlməyin nəyə xeyri var ki?
– Əlbəttə, hər şeyə istehlakçı nöqteyi-nəzərindən baxsaq piyada ya maşınla, fərqi yoxdur. Fikir verirdim, nə qışqırırdın, nə fit çalırdın, yəqin fikirləşirdin ki, nə fərqi var, çünki... – Qadın sözünü bitirməyib siqaret çıxartdı. Oğlan onun siqaretini yandırmaq istədi, ancaq gecikmişdi, kimsə daha tez tərpənmişdi.
Heç kəs eşitməsin deyə yavaşdan dedi:
– Siz nə haqla mənimlə belə danışırsınız?
Qadın tüstü arasından baxdı ona. Gözlərində təəccüb var idi.
– Bilmirsən, ya... Sən mənə heç vaxt cavab qaytarmağa cəsarət etməyəcəksən, çünki sən maşınla adam vurub qaçmısan. Mən də bunu bilirəm.
– Siz nə danışırsınız? – Oğlanın rəngi ağardı.
– Mən bilmədiyim şeyi demərəm.
Qadın arxasını ona çevirib kütləyə qarışdı. Qız elə bil yerdən çıxdı və qorxa-qorxa dedi:
– Bu ifritə kimdir?
Qıza cavab verməyib meydandan çıxmağa tələsdi.

Qaynanası qapını açıb içəri girdi, o da hər iki əlində zənbil onun dalınca evə keçdi. Qadın çəkmələrini çıxarıb, plaşını soyundu və mətbəxə adladı, sonra geri qayıdıb, zənbilləri mətbəxə aparmağı xahiş elədi.
– Qız evdən gedəndən suyu sovulmuş dəyirmandayıq elə bil. Qaynatan partiya deyib dad döyür, qız da yox, axşamlar sıxılıram! Sən də allaha şükür... Əvvəllər burdan çıxmazdınız, indi dəvət gözləyirsiniz.
– Baş qarışıqdır, – qadının qarşısında dayandı, – vaxt olmur, bu işim düzəlsəydi bir dincələrdik.
– İş düzəlib də, kişi qarışıb, ta nə istəyirsən? – Qadın bu ikilikdən elə bil sıxıldı, həm də kürəkənin ona baxan gözlərində qırx iki yaşına çatmış hər bir qadına yaxşı tanış olan parıltını görüb öz-özünə ağlına gələn qara fikirləri qovmağa çalışdı. Elə buna görə də onunla başlamaq istədiyi mühüm bir söhbəti saxlayıb televizoru yandırdı, sonra da «gedim bir çay gətirim» dedi və bu niyə çıxıb getmirsənə oxşadı. Mətbəxə tərəf yönəldi. Kürəkəni onun dirsəyəcən açıq ağ sərin biləyindən yapışdı və dedi:
– Lazım deyil, gedirəm.
Qadın təəccüb və bir az da qorxu ilə biləyini guya bu hərəkətə heç bir məna və əhəmiyyət vermədən oğlanın isti əlindən çıxardı. Kürəkən gülümsədi, gözlərindəki parıltı gücləndi, səsi kal çıxdı:
– Mənə nəsə demək istəyirdin?
– Mən? – Qadın həmişəki sərbəstliyini itirdi. – Nə söz? Həəə... indi yox, başım ağrıyır.
Oğlan gözünü qadının üzündən çəkmədən və səsinin ahəngini dəyişmədən dirəndi:
– Yox, indi! Onda sənin səsində hədə var idi, guya nəsə eyib bir işimin üstünü açmaq istəyirdin.
Qadın qızardı və bu qızartı ilə əhvalında əmələ gəlmiş dəyişiklik cəsarətini artırdı və o təxirə salmaq istədiyi söhbəti başlamaq qərarına gəldi.
– İndi ki belə səbirsizsən, deyəcəyəm. Səni bir əxlaqsız qızla görüblər. – Qadın ilk zərbənin şaşırdıcı gücünə bel bağlayırdı, ancaq birinci zərbənin alınmadığını və əslində bu ittihamsayağı informasiyanın zəif olduğunu gördü.
Oğlan istehza ilə gülümsədi:
– Qızın əxlaqsız olduğunu nə biliblər?
Qadın həmləyə pis başladığını görüb hirsləndi, səsini qaldırdı:
– Özü də bir dəfə yox, bir neçə dəfə, eyni binaya girib-çıxanda.
Oğlan stuldan qalxıb divanda oturmuş qaynanasının yanına keçdi və ləng bir hərəkətlə onunla yanaşı oturdu. Əlini qadının dizində qərar tutmuş ağ, sərin əlinin üstünə qoydu və başını döndərib onun qəşəng, hiddətdənmi, həyəcandanmı qızarmış gözəl üzünə baxdı və üzdə arvadını xatırladan tanış cizgilər gördü, qadının əlini yüngülcə, xüsusi məna ilə sıxdı. Qaynana əlini çəkməyə yüngül təşəbbüs göstərdi, kürəkən buraxmadı. O sakit səslə, məlahətli təbəssümlə dedi:
– Axı siz uşaq deyilsiniz, çox şeyi də qızınızdan, lap elə məndən də yaxşı bilirsiniz, yaxud da bilməlisiniz.
– Nəyi bilməliyəm, açıq danış.
Oğlan onun əlini buraxdı və yenə də sakit, təmkinli səslə davam elədi:
– Bilməlisiniz ki, mənim kimi kişi bircə qadınla kifayətlənə bilməz, hətta həmin qadın dünya gözəli olsa belə, hətta o qadının atası raykom katibi yox ey, respublikanın yiyəsi olsa belə.
Qadın kinayə ilə:
– Bunu bilməliyəm mən?
– Elə bunu da. Bir də bilməlisiniz ki, əgər kişi arvadına xəyanət etmirsə bu onun qəhrəmanlığından, təmizliyindən irəli gəlmir, o sədaqətli olmağa heç cür səy sərf eləmir, sadəcə olaraq belə kişilər bir qadınla kifayətlənir, o özünü bir qadınla da kişi hesab edir, xəyanət edən kişi isə həmişə axtarır, istədiyini tapa bilmir. Mən bilən ikinci daha çox əziyyət çəkir və heç vaxt qadından birincinin aldığı zövqü ala bilmir.
Qaynana bekara şey eşidirmiş kimi başını buladı və istehza ilə soruşdu:
– İndi sən o ikinci dəstəyə düşən bədbəxtlərdənsən, eləmi?
– Bəli, həmişə axtarışdayam.
– Ay mənim bədbəxt qızım!
– Burda səhv elədiniz, sizin qızınız bədbəxt deyil, mənim axtarışlarımdan o heç vaxt əziyyət çəkməyəcək, həmişə biləcək ki, mən ona sədaqətli deyiləm, amma sübut eləyə bilməyəcək, mən elə etməyəcəm ki, onun əlinə dəlil, sübut verim, amma şübhəsi olacaq.
Qadın maraqlandı:
– Bəlkə şübhəsi də olmasın.
Oğlan gülümsədi:
– Yox, şübhə vacibdir. Başdan-ayağa ərinin sədaqətli olduğuna qadın inanarsa kişi bundan uduzar, qadın gərək nigarançılıq çəksin, təsadüfi deyil ki, bütün kişilər Don Juanı sevmədikləri halda, qadınlar onu çox istəyir, onun halına yanırlar, gəzəyən kişi qadınların xoşuna gəlir.
– Səhv eləyirsən.
– Mən əksəriyyəti deyirəm. Bu qaydada istisna da ola bilər.
– Bu sadəlövh fəlsəfə sənin özünündür, ya kimdənsə əxz eləmisən?
Oğlan yenə də əlini qadının əlinin üstünə qoymaq istədi, ancaq qadının paltarının ətəyindən azca görünən ağ, yumru dizi boş idi və o tərəddüd etmədən əlini ora qoydu.
– Bu nə fəlsəfədi, nə nəzəriyyə, nə də fərziyyə, bu praktikanın ümumiləşdirilmiş nəticəsidir. Bir növ praktik müşavirənin nəticə və tövsiyələri kimi. Əsas nəticə budur ki, seks məsələlərində heç kəs özü-özünü idarə eləmir, burda ixtiyar temperamentin əlindədir. Ağlı olanlar iz qoymur, olmayanlar isə özündən çıxır, ailəsini dağıdır, uşaqlarını atır. Mən elə olmayacam. Mən ideal ər, ağıllı kürəkənəm.
– Amma mən ideal qaynana deyiləm, qızımı aldadanlara da qoşula bilmərəm. Gül kimi qız ver, ev ver, o cür mebel ver, adam arasına çıxart, axırı da belə. Mən buna dözə bilmərəm.
Oğlan qadının dizini sığalladı və mehriban səslə dedi:
– Siz mənə mane olmayacaqsınız, biz bir-birimizi yaxşı başa düşəcəyik. – Əli qadının buduna doğru sürüşdü.
Qadın daha abır gözləməyin yeri olmadığını başa düşüb hiddətlə oğlana baxdı.
– Sən neynirsən? Dəlisən? Yoxsa elə bilirsən...
Qadın təəccüblə və qəribə bir heyrətlə başa düşürdü ki, bu nazik, ağsifət, uzunboy, zərif oğlana dov gələ bilmir, elə bil etiraz etmək gücü, qətiyyəti zəifləyir, deyəsən oğlan da müqavimətin azlığını hiss edib daha da fəallaşır və ürəklənirdi...
Pilləkəni düşüb həyətə çıxanda, bənövşəyi maşının qapısını açanda, oturub motoru işə salanda, maşın alaqapıdan çıxıb həyətdən bir xeyli aralananda belə guya beyni yerində deyildi, nə fikirləşir, nə bir şey duyur, nə özü ilə danışırdı. Birdən hər şey geri qayıtdı. Maşının güzgüsündə yaxası xeyli açıq köynəyindən boynundakı təzə qırmızı ləkəni gördü və sifətində qəribə təbəssüm əmələ gəldi. Köynəyinin bir düyməsini bağladı ki, ləkə gözə girməsin, bununla kifayətlənməyib qara gödəkçəsinin yaxalığını da qaldırdı.
Maşını işə salanda elə bil qulağında qadının «Allah sənə lənət eləsin» sözlərini eşitdi və bilmədi qaynanasından ilk dəfə eşitdiyi bu mülayim qarğışda nə çoxdur, hiddət, nifrət, yoxsa heyrət, razılıq...

Həyətdə yiyəsizlikdi. Nə üzü blokun qapısına baxan qoşa skamyada, nə də həyətdəki su kranının yan-yörəsində adam var idi. Gizli agent kimi cəld və səssiz addımlarla divarın dibi ilə keçib bloka girdi və onun gəlməsi üçün əvvəlcədən açıq qoyulmuş qapını ürəklə itələyib içəri girdi və ardınca tələsik örtdü. Açarı fırladıb yuvasından çıxartmadı. Qız əli qoynunda elə dayanmışdı ki, guya bir il idi onu beləcə gözlədiyi. Üz-gözündə qəribə ümidsizlik, əlacsız dərd kölgəsi var idi. Yaxınlaşıb həmişə elədiyi kimi divara sıxıb öpmədi. Quru və biganə səslə soruşdu:
– Nə var, nə qəmə batmısan?
Qızın gözlərindən birdən yaş axdı, elə bil saxlayıb onun gəlməsini və bircə kəlmə söz deməsini gözləyirmiş. Hər şey ona məlum oldu və lap təzəcə yaxınlığa başladıqları vaxt qızın dediyi sözlər yadına düşdü. «Uşağa qalsam bil ki, özümü öldürrəm!» O vaxt qız dediyi sözə tamam inansa da oğlan itaətində olan bu qadının dediyini heç vaxt etməyəcəyinə şəksiz əmin idi.
Canını dişinə sıxıb qızın ağlayıb qurtarmasını gözlədi. Göz yaşları isə deyəsən qurtarmayacaqdı, deməli görüşə ayırdığı bir saat lazım olmayacaqdı, bunu içəri girən kimi başa düşmüşdü. Darıxdı. Göz yaşlarına, sızıltıya vaxt itirməyi özünə rəva bilmirdi. Dostu Bilgəhdəki bağlarında porno-qonaqlıq düzəltmişdi və onu da çağırmışdı. Hərə bir qız aparmalı idi. Videoda təzə kassetə baxacaqdılar. Hələ gedib həyatına əməlli-başlı daxil olub heç cür çıxmayan maşın qızını da tapmalı (bir neçə telefonunu bilirdi), Bilgəhə getməli idi. Təklifdən boyun qaçırmışdısa da birdən getmək, qəfil peyda olmaq daha təsirli çıxacaqdı. Proqram əvvəlcədən məlum idi. Kiçik bir qəlyanaltıdan sonra bədii proqram yəni pornofilmə baxa-baxa mübadilə təcrübəsi, gördüklərini dərhal təcrübəyə tətbiq etmək... Nəsə bu məsələdə kollektivçilik onu son vaxtlar bərk cəlb edirdi, pornofilmin təsir gücünə söz ola bilməzdi, özgə ehtirasından kötük də cuşə gələ bilirmiş.
– Bəlkə keçək mətləbə? – Qıza yaxınlaşmadan dedi və zəhləsi gedən iki dəmir yaylı çarpayının birində oturdu. Bu çarpayı qadınla yatmaqdan başqa nəyə desən yarayardı. Çarpayıdan zəhləsi getsə də qızla başqa yerdə yaxınlığı heç cür ağlına gətirə bilmirdi, onunla elə burda, nikeli çox yerdən tökülüb qaralmış, neçə tələbəni diplomlu eləyib xalq təsərrüfatının ən müxtəlif sahələrinə yola salmış, əzabkeş erməni xalqının nümayəndəsi Harsına iyirmi il dalbadal gəlir gətirmiş, yayı çoxdan boşalıb sabunu qurtarmış araba təkəri kimi cır-cır cırıldayan çarpayının üstündə yatmalı idi, hətta qızla ömründə heç bir yerə çıxmamışdısa da bir dəfə risk eləyib onu öz evinə aparmışdı, arvadı onda doğum evində idi, qızı da dördgünlük idi, söhbət onda deyil, söhbət ondadı ki, həm öz ev-eşiyini, rahatlığını ona göstərib təəccübləndirmək, həm də elə adam şəraitində necə yatmaq mümkün olduğunu göstərmək, əlbəttə daha çox ləzzət almaq istəmişdi.
Hər şey onun gözlədiyi kimi oldu, qız evə, xüsusilə yataq otağına girəndə əlləri ilə üzünü örtüb narıncı üzlüyü olan pufun üstündə oturdu.
– Nooldu?
Qız əlini üzündən götürmədən dedi:
– Nahaq gətirdin məni bura.
– Niyə xoşuna gəlmir?
– Heç nə soruşma.
Qız ağlamağını güclə saxladı, axşam günəşinin parlaq narıncı işığı həmin rəngdə olan ipək pərdədən süzülüb içərini isti rəngə boyamışdı. Burda, bütün bu parlaq rəng bayramında özgə, ögey görünən bir şey vardısa o da üzünü əlləri ilə bərk-bərk örtmüş qız idi. Və oğlan bunu daha yaxşı görürdü, əyalət geyimindən, hərəkətindən, manerasından heç vaxt silkinib çıxmayacaq bu qız həqiqətən burada təsadüfi görünürdü. Və bu kəşf oğlanın ona olan həvəsini azaldır, zəiflədirdi. Ehtirasın yerini mərhəmət hissi tuturdu. Əllərini üzündən heç cür çəkməyən qıza yazığı gəldi, yox bu təmizcə mərhəmət hissi deyildi, nəsə bərabərsizlik şəraitində olan iki adamın münasibəti idi bu. İndiki halda oğlan yuxarıda, qız aşağıda idi. Ancaq geri durmaq olmazdı, qabağa keçib uyğunsuzluğu yaradan pal-paltarı qızın əynindən çıxartmaq, yatağa tuşlanmış güzgü qabağına keçirmək lazım idi.
Qız ona tabe idi. İtaətlə dayanıb onu tələsə-tələsə soyunduran oğlanın üzünə baxmaqdan çəkinirdi. Elə bil özü burda deyildi, kənarda dayanıb bu yad adama, onun soyundurduğu qıza baxırdı və yaş onu boğurdu. Pəncərədən içəri süzülən portoğal işığı yox oldu, guya işığı səhnəyə düşən projektorun qabağına boz şüşə taxdılar. Həmin qızın güzgüyə düşən lüt şəklini, ona sarmaşıb dolaşıq düşmüş, ona qarışmış oğlanı da gördü. Həmin qız iki əli ilə başına vurub pıçıldadı: «Allah məni öldür». Həmişəki ləzzəti ala bilməyən oğlan deyəsən özünü qızışdırmaq üçün güzgüdə görülənlə kifayətlənməyib elədiklərini dilinə gətirir. Hər şeyi öz adı ilə deyir, hərəkətləri sözlərə, cümlələrə çevirirdi, hər belə sözdən sonra gözlərini bərk-bərk yummuş qız yumruqlarını astadan başına vururdu. Oğlan bu hərəkəti, öz özünə qarğışı ləzzətin gücündən ağlını itirən qadının reaksiyası bilib daha da qızışır və kişilik vəzifəsini ləyaqətlə yerinə yetirməyə çalışır və buna deyəsən nail olurdu. Bununla belə onun beyni yayı boşalmış, cırıltısından qulaq tutulan nikel çarpayını xatırlayırdı və o gözlərini yumub divarındakı kağızların gülləri çoxdan solmuş bir ağ-qara televizorlu, qoşa nikel çarpayılı, bir neçə yerdən süzülüb cırılmış çit pərdəli xırda otağı yadına saldı…
– Allah məni öldürsün, tanrı çəksin kamına... – Qız oturduğu yerdə iki qatlanıb tamam yaş olub qızarmış sifətini ətəyinə sildi.
Oğlan ikrahla baxdı ona və çarpayının başına atılmış məhrabanı götürüb üstünə atdı.
Qız dizinə düşüb, ordan da döşəməyə sürüşən dəsmalı qaldırdı və bir az toxtamış səslə dedi:
– Evim yıxılıb.
– İlişmisən? – Başqa söz deyə bilmədi; dilinə uşaq, hamilə sözü gətirə bilmədi. Bu söz daha yaxşı idi və vəziyyətə uyğun gəlirdi.
Qız qorxdu, iki əllərini qarnının üstündə çarpazlaşdırdı, elə bil bətnindəki naməlum həyat nişanəsini qorumaq, onu amansız hücumdan xilas etmək istədi. Arxadan həmişə həsrətində olduğu tanış həniri eşidib xoflandı, ona elə gəldi ki, dəmir kimi soyuq bir əl içinə uzanıb heç nədən xəbəri olmayan, üç ay bütün dünyadan gizli cücərən varlığı dartıb çıxaracaq dəmir barmaqlar onu xışdayıb əzəcək, murdar bir şey kimi ayaq altına atacaq; ona elə gəldi ki, həmin əl indicə çiynindən yapışdı. Qız dəli kimi kənara sıçradı və qışqırdı:
– Əl vurma! Dəymə mənə!
Oğlan diksindi və qızın şimşək çaxan gözlərindəki işıqdan qorxdu. O şübhə ilə dedi:
– Nooldu sənə? – Gülümsədi. – Niyə qorxdun?
Qızın qorxusu bu təbəssümdən əridi, içindəki qəribə, tanış olmadığı hisslərin yerində tək itaət qaldı, o oğlanın qabağında diz çöküb yalvardı:
– Dəymə mənə, get, heç nə istəmirəm, heç nə, amma mənə dəymə...
Oğlan təəccüb və çaşqınlıqla dayanıb qızın az qala iki qatlanıb formasını itirmiş dolu bədəninə baxdı, biganə, laqeyd səslə əmr elədi:
– Dur ayağa! – hayıf ki, əsl siqaret çəkən deyildi, bununla hətta fəxr edirdi, amma indi təəssüf etdi, nahaq çəkmir, siqaret çətin məqamlarda üçüncü adam kimi şeydir. – Otur burda. – İkinci kürsünü ona göstərdi. – Məni sən çağırmamısan?
Qız başını tərpətdi və dedi:
– Sonra peşman oldum.
– Bu sonrakı sözdür. De görüm mən deyəndi?
Qız başını tərpətdi:
– İki aydır. – Bir ayını nədənsə gizlətdi.
Qanı qaraldı.
– Belə deee... Mən də deyirəm son vaxtlar niyə belə həvəssiz... Yaxşı, yeri deyil, bəs niyə bu vaxtacan deməmisən, yoxsa... İşə düşdük də, indi gərək adam axtaraq...
Onu heç vaxt belə işə qatmamışdılar. O bunu qadının öz qayğısı bilirdi.
Qız yavaşca dedi:
– Qorxurdum.
– Abortdan? Ondan asan nə var ki, özü də SSRİ-də. – Güldü. – Birinci yeri tutur dünyada, bizdə praktika böyükdür.
– O barədə qorxmuram, xəcalət çəkirəm, ərsiz qadın da... – Qəhər xirtdəyinə dirəndi.
– Qorunmağı bacarmırsan, cəzasını çəkməlisən də... – Acıqla dedi: – Gərək öyrənim görüm kim evdə eləyir.
Qız yenə ağladı və iki əlini başına vurdu. Oğlan əsəbiləşdi:
– At bu sarsaq hərəkəti! Bir şey olmamış başına döyür.
Qız ikinci dəfə başına vurmaq istədiyi yumruqlarını saxladı.
– Deyirsən iki aydır? – Oğlan onun qarnına baxıb soruşdu.
Qız yalanının açılacağından qorxub onsuz da heç nə bilinməyən qarnını içəri yığdı, az qala pıçıldadı:
– Hə!
Oğlan bir az arxayınlaşdı:
– Hələ vaxt var, amma gecikmək olmaz. Niyə ağlayırsan?
Qız əllərinin arxası ilə gözlərini silməyə cəhd göstərdi.
– Ağlamıram.
– Bəlkə abort istəmirsən, doğmaq istəyirsən?
Qız dinmədi, nə hə, nə yox dedi, amma sövq-təbii əllərinin qarnının üstünə getdiyini hiss etdi, hətta ona elə gəldi ki, qarnının içi tərpəndi. Oğlan bu sükutdan elə bil nəsə başa düşdü və tələsik dedi:
– Atasız uşaq istəyirsən? Yoxsa ümid eləyirsən ki...
Qız əlləri ilə üzünü örtdü və oğlan hədəfə vurduğunu anladı.
– Yaxşı yadında saxla, mən razı ola bilmərəm ki, məndən olan uşağa atasız desinlər, bic desinlər.
Qız hönkürdü və qaça-qaça mətbəxə getdi.
Onun dalınca mətbəxə keçmədi və qapının ağzından dedi:
– Bir həftəyə rədd eləyərik. Bir tanışım var...
Qapının gözcüyündən baxıb heç kəsi görmədi, açarı yavaşca fırladıb yenə də gözcükdən baxdı. Üç qapının açıldığı meydança boş idi. Tələsik qapını açıb çıxdı.
Gedə-gedə özünü uzunmüddətli əlaqəyə görə danladı.

Qızın bədəninə sarmaşıq kimi elə dolaşmışdı ki, onun haçansa açılacağına inanmaq olmurdu. Qəribə vəziyyətdə idi. Dediyi hər söz elə bil ay işığından köynək geymişdi, sözlər, cümlələr qızıl halə içində idi. Qolları arasında partlayan, daşan qızın özü də elə bil halə içindəydi. Bax elə bu məqamda dedi ki, istəyirəm məndən doğasan, bilim ki, sənin içində mənim uşağım yetişir. Bu qəribə vəziyyətin içindən qızın çox adi, ayıq səsi eşidildi.
– Yox, yox, özümü öldürrəm, məni bədbəxt eləmə. Özümü quyuya ataram.
Harda eşitmişdi bu cür özünü qətlə yetirməyi, yoxsa heç eşitməmişdi.
– Özümü quyuya ataram.
Ayaqlarına ilişib sərinmiş mələfənin dolaşığını açıb qızın üstünü örtdü. Qız gözlərini açdı və hiss olundu ki, nəsə demək istəyir, amma cəsarət eləmir, çünki oğlanın ehtiras məqamında dedikləri sonradan çox böyük təbəddülata uğrayırdı. Buna baxmayaraq qız bir az əvvəl eşitdiklərinə, oğlanın uşaq haqqında dediklərinə qayıtmaq istəyirdi.
Oğlan özünə, işinin keyfiyyətinə inanan kişi ədası ilə dedi:
– Necə idi? – Gözucu qıza baxdı. – Deyəsən hələ özündə deyilsən?
– Sən bilərsən, – qız yavaş səslə deyib gülümsədi və oğlanın üzünə baxmadan: – Doğrudan uşaq istəyirsən? – dedi və qızardı.
– Nə uşaq? – Oğlan səmimi təəccübləndi.
– Bayaq demirdin... – Qız mütəəssir oldu.
Oğlan güldü.
– Bayaq çox şey deyə bilərdim... Dağı dağ üstünə qoyardım... – Yenə də güldü. – Uşaq-zad nədir, heç vaxt elə şeyi ağlına gətirmə.
Qızın sifəti pörtmüşdü. İncik səslə soruşdu:
– Niyə?
– Qəribə sualdır? Deyirsən mənim uşağım yetim olsun, atasız? Mən belə şeyə dözə bilərəm? Heç vaxt elə şeyi ağlına gətirmə. Üstdə olanda kişinin dedikləri yalnız həmin məqama aiddir. Vəssalam! Yalan deyil a, o məqam üçün yalan deyil, amma o sözlərin funksiyası, hökmü həmin vaxta aiddir. – Qızın gözlərinin dolduğunu görüb bir az yumşaldı. – Tək özümə görə demirəm. Heç sənə də atasız uşaq lazım deyil. O uşaq böyüyüb sənə «çox sağ ol» deməz.

Hava qaralmışdı. Maşını qova-qova, qarşısına keçənləri ötə-ötə, hər yerdə irəli soxula-soxula qıza rast gəldiyi yerə çatdı, sürəti azaltdı, yox idi, dilxor oldu və atı şahə qaldıran kimi maşının qarşı çarxlarını yuxarı qaldırıb irəli sıçramaq istədi və deyəsən məqsədinə nail oldu da. Mərkəzi bazar tərəfə sürdü, zabitlər bağının qarşısından keçən gur yolun qırağında da ona rast gəlmək olardı. Əlində olan nömrələrin hamısına zəng eləmişdi, boşa çıxmışdı. Ümidi bir bura idi. Yox idi. Öz-özünə etiraf eləməsə də bilirdi ki, haradasa kiməsə ilişib, bəlkə də bu saat kiminsə altında inildəyir, ona dediyi azğın sözləri növbəti müştərisinə pıçıldayır. Qəribədir ki, sinəsi hikkəsindən çatladı, bu hiss ona tanış deyildi, hər halda qısqanclıq deyildi, olmamalı idi. Hamının malı ola biləcək, bədənini satan, sevgisi ilə qarnına çörək, əyninə paltar qazanan, bunun üçün cavan, qoca, kifir, göyçək fərqi yoxdur, kişilərin heç birini rədd etməyən fahişəni, maşın qızını qısqanmaq? «Absurd!» Belə şey onun heç ağlına da gəlmir. Heç yaxına qoymaz bu sarsaqlığı, bununla belə maşını tanıdığı-bildiyi barlara sürdü, bir-bir onların bic dolu ala-qaranlıq, şübhəli bətnlərini ələk-vələk elədi, nəticəsi olmadı. Kor-peşman axırıncı dəfə maşına mindi. Başını sükanın üstündə çarpazlaşdırdığı əllərinin üstünə qoydu. Qızı müxtəlif vəziyyətlərdə tanımadığı kişilərin əhatəsində görürdü, təsəvvür edirdi. Əgər qız bu saat yanında olsaydı yəqin ki, onu vurardı.
Arxadan onu maşın siqnalladı. O üzünü əllərinin üstündən götürüb geriyə baxmadan maşını tərpətdi və sürəti qırxdan yuxarı qaldırmadan sürdü. Bir xeyli beləcə keçdi və bir də mitinqin səsini eşitdiyinin fərqinə vardı. Ümumi xor nəsə qışqırırdı. Saatına baxdı. Doqquz tamam idi. Bir saatdan sonra komendant vaxtı başlanacaqdı. Və bu vaxtdan sonra ya sən qızgın mitinqçilərlə meydanda qalıb tonqal başında səhəri açmalı və yaxud da əsgərlər vasitəsilə tutulub səhərəcən izolyatorların birində dustaq olmalıydın.
Maşını etibarlı bir yerdə saxlayıb meydana tərəf getdi. Böyür-başından meydana tələsən adamların çoxu özüylə adyal, tonqal üçün iri taxta qırıqları, odun aparırdılar. Qazanlarla yemək aparan qadınları, kişiləri görəndə əvvəlcə təəccübləndi, sonra yadına düşdü ki, neçə gün oğlu-qızı meydanda lövbər atmış valideynlərdəndir bunlar. Əsgərlər meydanı ikiqat dövrəyə almışdılar, uzaq yerlərdən mitinqçilər üçün maşınlarla göndərilmiş ərzağı içəri daşımaq çətinləşmişdi. Odur ki, xeyli aralıdan ərzağı maşınlardan boşaldıb meydana piyada daşıyırdılar. Əsgərlər buna mane olmurdular, görünür, mitinqin öz-özünə dağılmasına ümid eləyib gözləyirdilər, hələlik qəzəbi coşdurmaq istəmirdilər.
– Ay qardaş, meydana gedirsən? Sənnənəm!
Bildi ki, onu səsləyirlər. Çöndü geri.
– Sən canın bu torbanı da götür. Köpəyuşağı qoymurlar maşını sürək ora, elə hər gedən bir torba götürsə bəsdir.
Əvvəl sir-sifəti tüklü, pencəyin üstündən boynuna alabəzək maxer şərf dolamış özü yaşda oğlana etiraz eləmək istədi, ancaq üzü gəlmədi. Geri qayıdıb yük maşınının kuzovundan oğlanın uzatdığı dolu torbanı aldı.
– Qoymasalar, denən bazardan almışam, evə aparacam, özümündü.
Heç nə deməyib sıxıla-sıxıla meydanı dövrələmiş birinci əsgər zəncirini dəf etdi. Onu saxlayan, torbanı xəbər alan olmadı. İkinci zəncirin yalnız bir yerindən keçmək olardı. Burada adamların arasına düşdüyündən torbanı deyəsən görən olmadı, ya da əhəmiyyət vermədilər. Hər halda maneəsiz keçdi.
Meydan qaynayırdı. Çatılıb hələ yandırılmamış qurulu tonqalların yan-yörəsi taxta parçaları ilə, yarmaça kötüklərlə, yoğun tirlərlə, odun parçaları ilə dolu idi. Adamlar plaşının, paltosunun içində gətirdiyi taxta parçalarını odun topalarının üstünə atırdılar.
– Mikrofon! Mik-ro-fon, mik-ro-fon... – Əvvəlcə bir, sonra bir neçə adamın hecalara bölüb ritmlə dediyi bu sözü alanların sayı sürətlə çoxalırdı və bir neçə saniyədən sonra əlliminmi, yüzminmi adamın səsi birləşib əzəmətli xora çevrildi.
– Mik-ra-fon, mik-ra-fon!!!
Beləcə yəqin ki, beş dəqiqə keçdi və o birdən ayıldı ki, ərzaq dolu torba hələ qucağındadır, torba tutan qolu uyuşmasa idi, bəlkə də bunun fərqinə varmayacaqdı. Çünki o da hamı ilə birgə içində «mik-ro-fon» deyib qışqırırdı.
Torbanı qoymağa yer axtarırdı, özünü danladı ki, soruşmadı hara versin. Yükdən azad olmaq üçün dənizkənarı parkın meydana yaxın hissəsindəki alaçıq şəhərciyinə tərəf getdi.
Alaçıqların sayı birinci dəfə gördüyündən xeyli artmışdı, hamısından da işıq gəlirdi. Üzü tüklü yorğun-əzgin kişilər, cavan oğlanlar nəsə qurur, alaçığa nəsə əlavə edir, möhkəmlədirdilər. Yaxınlarda televizorda gördüyü «Koroğlu» filmindəki Çənlibel səhnəsi yadına düşdü. Ağaclara taxılıb tonqalda qızardılan bütöv qoyunlar, danalar, onları tonqalda aramla fırladan yoğun, qurşaqdan yuxarı lüt tərli kişiləri gördü. Lap öndə, yəni meydanın qurtarıb səkiyə dirəndiyi yerdəki böyürləri açıq, üstü örtülü çadırda ərzaq kisələri böyür-böyürə düzülmüşdü, bir-iki diri qoyun diz qatlayıb qazonların noyabr ayına yaraşmayan şirəli, yaşıl otlarını tənbəl-tənbəl qırpırdılar. Alaçığın yanında yerə basdırılmış payaya mıxlanmış lövhəyə «Ərzaq qəbulu» sözləri yazılmışdı. Sevinib torbanı uzun dəmir masanın üstünə qoydu.
– Eloğlu, hansı təşkilatdandır? – Ağ xalatlı kişi ona şübhə ilə baxdı.
– Bilmirəm, gələndə verdilər ki, əliboş getmə.
– Həəə... neynək, incimə ey, o qədər düşmən var, nə biləsən, tanımadığın adamdan yemək almaq olmaz, düşmən xəbisdir, kini, zəhəri bütün dünyaya bəs eləyər. Qoy ora, çox sağ ol. Allah mərdimazarın evini yıxsın.
Ərzaq alaçığından aralandı. Mikrofon xışıltısı eşidildi. Tribunada beş-altı adam göründü. Kimsə barmağını bir neçə dəfə mikrofona vurub işləməsini yoxladı.
Adamları tribuna maqnit kimi çəkdi, meydan nəhəng canlı kimi tərpəndi, bu canlı tribuna tərəfə dartındı. O da axına qoşulub irəlilədi.
– Qardaşlar, bacılar. – Qovuşmuş səs idi, görünür çox danışıb səsini gücə salmışdı. – Səsim də batıb... Qardaşlar, budu doqquz gündü, bax bu Azadlıq meydanındayıq. Nə qazanmışıq?.. Qulaq asın mənə...
Meydan tərpəndi, danışanın səsini batırmaq üçün adda-budda etirazlar eşidildi, səs-küy qalxdı, fit səsləri eşidildi.
– İmkan verin, ay qardaşlar, qulaq asın, xoşunuz gəlməsə fitə basın, incimərəm.
– Qoy danışsın!
– Ə bir susun! – Camaat bir-birinə təpindi. Bu səslər deyəsən təsir elədi.
– Düz doqquz gündür mən də burda gecə-gündüz sizinləyəm, lazım olsa lap bir il də qalaram, amma di gəlin görək lazımdırmı bu?
Səs-küy daha da gücləndi. Danışan boğazına güc verdi, mikrofonun köməyi ilə meydanın səsinə qalib gəlmək istədi və daha bərk xırıldadı.
– Axı belə olmaz, axı biz bir-birimizi eşitməliyik. Başa düşün ki, bizim meydanda oturmağımız düşmənlərimizi sevindirir, axı bizi provokasiyaya çəkməklə onlar bizi ləkələmək, hökümətin gözündən salmaq istəyirlər.
– Rədd ol! – Yanında dayanmış hündürboy, bığlı oğlan necə qışqırdısa diksindi və fikirləşdi ki, axı necə belə ürəkdən qışqırmaq olar. Ancaq heç təəccüblənmək lazım deyildi. Hündür, bığlı oğlanın səsinə səs verənlər, «Rədd ol» deyib natiqi tribunadan qovmaq istəyənlərin sayı bir göz qırpımında artdı, artdı və bütün meydanı sardı. Natiq geriləməli oldu. Kütləyə çevrilmiş ayrı-ayrı konkret adamlar bir nəfər kimi «Qara-bağ», «Qara-bağ» deyib qışqırmağa başladılar.
– Ey mənim xalqım!
Elə bu müraciətlə də meydanı alqış səsləri bürüdü. Danışmaq istəyən sifəti uzaqdan yaxşı seçilməyən, ancaq cavan olduğu buradan da bilinən təzə natiq sağ əlini yuxarı qaldırdı. Və qəribədir ki, səs-küy o andaca kəsildi.
– Ey mənim xalqım! Bu tribunadan çox adamlar danışıb, çox adamlar danışacaq. Hərənin bir məqsədi var, tanı onları. Pisi yaxşıdan, ağı qaradan seçməyi nəhayət, öyrən! Elə ziyalılarımız, alimlərimiz danışıb burdan ki, onların adını eşidəndə həmişə öyünmüsən, amma bu doqquz gündə gördün ki, onların çoxu, hayıf ki, lap çoxu neçə dəfə sözünü dəyişib, neçə dəfə özünə yox, sənə xəyanət edib, hamının gözü qabağında. Ey xalqım, məni sənin gözündən salmaq, məni tapdalamaq istəyənlər də, sən də gördün ki, bu doqquz gündə sözünü dəyişməyən, heç bir şirin vədə uymayan, heç bir hədədən çəkinməyən mən oldum, sənin fəhlə oğlun, əliqabarlı balan. – Meydan vəcdə gəldi. – Bax bu saat da məni dartışdırırlar sənin gözüyün qabağında, məni tribunadan qovurlar, amma nahaq, mən danışacam, mən deyəcəm sözümü. Mən səni bu meydana gətirib səni saymayanları sənə bax bu cür göstərmək istəyirəm.
Adamların arasından keçib irəlilədi ki, artıq bir dəfə səsini eşidib tanıdığı oğlanın üzünü yaxşı görsün, axı bu nə cür adamdır ki... Kimsə onu arxadan itələdi, müvazinətini saxlaya bilməyib, qabağında dayanıb bir-birinə sıxılmış oğlanla qıza dəydi, bircə anlıq fikri natiqin çıxışından elə bil aralandı, cavan oğlan isə danışırdı:
– Niyə mənim sözüm bu hərəkatın əvvəlində necə idisə indi də elədir, dəyişməzdir. Çünki mən həqiqəti olduğu kimi, axıracan deyirəm, onlar isə həqiqəti qəlibə salır, formalaşdırır, sonra deyirlər, düşdüyümüz faciəli vəziyyətdə günahkar olanların adını çəkmirlər, çəkməkdən qorxurlar. Deyə bilmirlər ki, bütün məhrumiyyətlərin səbəbkarı çoxdan öz inqilabi funksiyasını unutmuş partiyadır. Bilirlər bilməyinə, ancaq bunu kim tribunadan deyə bilər? Yalnız və yalnız mənim kimi itirməyə heç nəyi olmayanlar! Vətənə, xalqa xəyanət hesabına nəsə qazanmaq fikrində olmayanlar həqiqətin gözünə dik baxa bilərlər. Mən demirəm cəmiyyətimizdəki bütün fırıldaqların mexanizmini aça bilərəm, əyani surətdə göstərə bilərəm, qətiyyən, mən olsa-olsa hamının bildiyi həqiqətləri sizə danışmışam, ancaq bilin, vətənimizi bəlalardan ancaq özümüz qurtara bilərik. Vətənimizin milli sərvətləri vəhşicəsinə talan edilir, indi bizdə, Abşeronda nə qədər ölü neft quyusu var, neftə, mazuta bulaşmış, cəhənnəmin ən dərin guşəsinə oxşayan ölü torpaqlar, ölü buruqlar bizdən imdad istəyirlər. Hanı Azərbaycan nefti? Necə oldu? Səfası özgələrə qismət oldu, bəs bizə nə qaldı, onun qara rənginə boyanmış ölü torpaqlar... Qısır inək kimi bərəkətsiz, həyat suyu sorulmuş zavallı torpağımız.
Meydan susurdu, onun gözü qabağında hamının bildiyi ancaq dilinə gətirməyə qorxduğu sirrin üstündən qara pərdə götürülmüşdü, elə bil gecənin bir aləmi gizli fahişəxananın örtülü qapıları birdən açılmış, göz önündə bədnam bir mənzərə canlanmışdı, elə bil Kefli İskəndər təpiklə vurub Şeyx Nəsrullahın gecədə bir qızı xarab elədiyi murdar otağın qapısını taybatay eləmişdi və hamı birdən doqquz yaşlı üç-dörd qızın dərin bir küncə sığınıb xısın-xısın ağladığının şahidi olmuşdu.
– İndi gör satqın rəhbərlərin, əslən nökər hakimlərin köməyi ilə torpağını vəhşicəsinə istismar eləmiş belə bir dövlət çətin gündə sənə sidq-ürəkdən həyan durarmı? Torpağına göz dikmiş həyasız düşməndən səni qoruyarmı? Bu sualın cavabı hər bir azərbaycanlını düşündürməlidir.
Alqış səsləri ərşə dirəndi.
– Budur, dörd yanımızı düşmən qoşunu alıb, bizim başımızın üstündən qılınc asılıb, balaca bir bəhanə lazımdır ki, o qılınc işə düşsün, millətimizə xas olan ürəkaçıqlığı, mehribanlıqla gül-çiçək taxdığımız tankların lülələri bizə tərəf tuşlansın, o zaman o lülələrdən üstümüzə əlbət ki, gül-çiçək deyil qızıl güllə yağacaqdır. Ona görə də uymayın provokasiyaya, yoxsa bizim hərəkatımızı boğa bilərlər, axı böyük qardaş divan tutmaqda ustadır. İndi isə, mənim xalqım, Səttarxan nəvələri, Pişəvərinin övladları, təmkin və müdriklik göstərin, qoy hamı görsün ki, bizim xalqımız yatmayıb, o təmkinli və səbrli olsa da, qəzəblənməyi də bacarır, yarım milyonluq xalq gecə-gündüz bir meydanda tələfatsız, vuruşsuz, dava-dalaşsız, dinc mitinq keçirə bilirsə, o, dünyanın mədəni, sülhsevər, insanpərvər xalqıdır. Hələliksə mikrofonu söndürürəm, bu gecə daha bizə nitq, çıxış gərək deyil, qadınlar, bacılar, analar, yorulanlar, səbatsızlar getsinlər evlərinə, qalanlar isə meydanda əmin-amanlığa, sakitliyə riayət etsinlər. İndi də ənənəyə görə hərəkatımızın himnini oxuyaq:
Çeynəndi, yetər, varlığımız cəhl ilə cəhrə
Doğrandı mübarək vətənin bağrı səbəbsiz
Birlikdə bu gün tapmalıyıq dərdinə çarə,
Can qardaşı, qan qardaşı, şan qardaşıyıq biz.
Millət yoludur, haqq yoludur tutduğumuz yol.
Ey haqq yaşa, ey sevgili millət, yaşa, var ol!..
Mikrofon söndürüldü. Meydana sakitlik çökdü. Əksəriyyət tribunadan aralandı və bir azdan adama elə gəldi ki, meydan boşalır, camaat dəstə-dəstə gedir. Bu doğrudan da belə idi, gecələr meydanda yalnız gənclər, tələbələr, çadır qurmuş müəssisələrin fəhlələri, rayonlardan gəlmiş yük maşınları, hər rayonun nümayəndələri, təxminən on min, on beş min adam qalırdı.

Saat doqquz idi, bir saatdan sonra komendant vaxtı qüvvəyə minməli idi. Tələsmək lazım idi, hava quraq olsa da kifayət qədər soyuq idi. Meydanın maşını qoyduğu səmtinə tərəf yönəldi. Tribunanın sağ və sol böyrünü tutmuş yeniyetmələrdən və gənclərdən ibarət dəstələr xorla qışqırırdılar:
– Ay camaat getməyin,
Meydanı tərk etməyin!
Azlığın məğlubiyyət gətirəcəyindən qorxub narahat olan cavanların müraciəti bu dəfə onu daha da təsirləndirdi və o, istiqəmətini yüz səksən dərəcə dəyişdi, meydana gecələmək üçün gələn axırıncı dəstələrdən birinin axınına qoşuldu və qalmaq qərarına gəldi.
Beş-on dəqiqədən sonra, yəni gedənlər gedəndən, qalanlar qalandan sonra meydanın on gündən bəri təkrar olunan təzə həyatının gecə mərhələsi başlandı. Tribunadakı cərgə işıqlar söndürüldü və o saat da bir-birinin ardınca tonqallar yandırıldı. İlk tüstü burumları dənizdən əsən küləyin təsirilə dağıla-dağıla ətrafı tutur, gözləri qıcıqlayıb göynədirdi.
Bir azdan yüzdən yuxarı tonqal yandı, meydan süd işığına bələndi; tonqalların ətrafı adamla dolu idi, deyən-gülən, mübahisə edən, təzə xəbərlər söyləyən, məsələnin həlli variantlarını təklif edən... Burda hər cür sənət sahəsindən olan adam vardı: məşhur yazıçılar, respublikada hamının tanıyıb saydığı alimlər, aktyorlar, rəssamlar tonqaldan-tonqala adlayır, söhbət eləyir, təbliğat aparır və ən axırda da böyük ədası ilə təmkinli olmağı, mərifət göstərməyi məsləhət görürdülər.
Bir tonqalın xüsusilə adamlı olduğunu görüb ora yaxınlaşdı. Üzdən çox tanış, amma kim olduğunu müəyyən edə bilmədiyi ağsaçlı, ortaboylu, ağayana geyimli kişinin sözləri onu təəccübləndirirdi:
– Ağıllı olun, bilin ki, daxildə düşmənlərimiz çoxdur, ağacı qurd içindən yeyər, dünən televizorla o tələbənin çıxışını eşitdiniz, gördünüzmü sifətindən nəşəxorluq tökülən qurumsaq sizə nələr dedi, özü də çox kobud, naşı hazırlanmış o veriliş göstərdi ki, bizim hərəkatımız hakim dairələri həm qorxuzur, həm qəzəbləndirir, bu verilişlə onlar öz acizliklərini təzədən göstərdilər. Düşmən çoxdur. – Kişi siqaretini tonqaldan götürdüyü ucu qırmızı kösövlə yandırdı. Bir qüllab vurub davam elədi. – Hər cür üsula əl atacaqlar. Sayıq olun.
Elə bil kimsə içindən, özündən icazəsiz danışdı:
– Dedikləriniz aydındır, bir məni başa salın görüm, bu mitinq, tətil kimə lazımdır, axı xeyri nədir?
Bütün başlar ona tərəf döndü.
Neçə yerdən «Necə yəni xeyri nədir?», «Nə demək istəyirsən?», «Bu nə deyir?» kimi atmacalar eşidildi. Sual verib söhbətə qarışdığından tez peşman olsa da geri çəkilmədi, yəni heç çəkilmək olmazdı da. Odur ki, bir qədər kəskin dedi:
– Mən aydın soruşmadım?
Kişi daha heç kimin ondan qabaq dillənməsinə imkan vermədi və dedi:
– Mən də bu sualı hər gün burdan gedəndən sonra özümə verirəm, cavab da almıram.
Elə bil kişinin suala verdiyi bu cavab tonqalın istisindən qızışmış dəstənin üstünə soyuq su çilədi. Meydanın mübarizə atmosferinə qətiyyən uyğun gəlməyən, yaraşmayan bu bədbin, qeyri-müəyyən cavab əl-ayağını soyutdu. Bayaqdan tonqalı sönməyə qoymayan cavanlardan biri kinayə ilə kişiyə dedi:
– Əgər cavab ala bilmirsinizsə, onda niyə gəlirsiz bura, niyə burda gecələyirsiz?
Kişi müdrik təbəssümlə və təmkinlə, həm də inandırıcı səmimiyyətlə dedi:
– Xalqımın mübarizəsindən kənarda qalmağı özümə ar bilirəm.
– Bəs inamsız mübarizə olar? – Bunu deyən çiyninə zolaqlı adyal salmış qarabığ, qaragöz oğlana sığınmış qız dedi.
– Nə deyim qızım, əlbət olur.
Əvvəlki cavan bu bədbin söhbətlə razılaşmadı və götürdüyü yarmaçanı tonqala atıb bir qədər qeyzlə dedi:
– Mən istəməzdim ki, gecə-gündüz bu meydanda mübarizə aparan minlərlə adamın zəhmətini şübhə altına alasınız. Əgər bü möhtəşəm xalq hərəkatının mənası kiməsə çatmırsa, qoy gedib rahatca öz yorğan-döşəyində yatsın, xalqın gələcək xoşbəxt günlərini yuxuda görsün.
Qəribədir ki, ömründə xalq, mübarizə, millət, gələcək, keçəcək haqqında düşünməmiş onu elə bil kimsə danışmağa səslədi. O, bu havayı mübarizədən kənarda qalanların, bəlkə də birinci növbədə özünün, doğru yol tutduğunu bildirmək üçün içindəki səsin qaytanını buraxdı.
– Hər bir hərəkətin, mən hələ minlərlə adamı əhatə eləyən xalq hərəkatını, xalq mübarizəsini demirəm, nəticəsi olmalıdır. Bu məqsədin dalınca getmək lazımdır. Yoxsa...
Qızın yanında oturmuş qarabığ, qaragöz oğlan qəfil yerindən sıçradı və onun yaxasından yapışdı:
– Sürüş burdan!
Sözü yarımçıq qaldı, oğlanın dəmir barmaqları yaxasından necə yapışmışdısa boğuldu, nəfəsi çıxmadı.
– Sürüş! O saat oxudum səni, tapşırıqla gəlmisən.
Bir neçə oğlan yerindən sıçrayıb onu qarabığ, qaragöz oğlanın əlindən almaq istədilər, ancaq buna ehtiyac olmadı. Qızğın oğlan onu asanlıqla kukla kimi çevirib arxadan yüngülcə itələdi və dalınca nifrətlə dedi:
– Satqın! Kekebeşnik!
Xəcalətdən gözləri yaşardı. Qəhər qəribə höcətlə xirtdəyinə tıxanmışdı. Özünü müdafiə edə bilmədiyindən yerə girmək istəyirdi; tonqaldan aralanmağa, bədnamçılığının şahidi olmuş adamlardan uzaqlaşmağa tələsdi. Nə işi vardı onun bu dəli yığıncağında, nə istədiyini bilməyən fanatiklər arasında? Axı bu meydanı doldurmuş adamlar həyatda öz yerini tapa bilməyən, əl-ayağa dolaşan çör-çöplər, ömürləri boyu pis dolanışıqdan, dünyanın ədalətsizliyindən, hökumətin xalqın qayğısına qalmadığından, yemək-içməyin çatışmadığından sızıldayanlardır, ancaq ilk fürsətdən yuxarı – sosial pilləkənin qəlbi pilləsinə çıxmaq imkanı əmələ gələndə hər şeyə münasibətləri yüz səksən dərəcə dəyişənlərdir bu mübarizə meydanında. Onun yeri deyildi bura; çox fikirləşdi, çox danladı özünü, ancaq əhvalındakı ruhi tənasübü heç cür bərpa edə bilmədi; qəribə idi ki, həmişə özündən, şəxsiyyətindən razı olsa da, bu saat özünə nifrət edirdi; qorxaqlığını, daha doğrusu murdar bir şey kimi kənar edilməyini sakit, müti bir itaətlə qəbul etdiyini özünə bağışlaya bilmirdi.
Daha tonqallara yaxınlaşmırdı. Bütün meydana nifrət eləyirdi. Saat isə hələ on bir idi. Komendant saatının qurtarmağına bütün bir gecə qalırdı. Tonqallar arasında isə avaralanmaq, yalquzaq kimi gəzmək mümkün deyildi. Gecənin soyuğu çoxdan düşmüşdü. Tonqalların ətrafı adamla dolu idi, bu adamların hamısı üzü tonqala dayanmışdı, hamının arxası ona tərəf idi, bu tonqalların ətrafında dayanıb qızınmaq, söhbət eləmək, müzakirələrə qoşulmaq, siyasi sensasiyaları sinirmək üçün ən azı onlar kimi olmaq, onlar kimi düşünmək lazım idi. Arxası ona olan tonqalların arasında bir az gəzindi, heç birinə yan ala bilmədi, az-çox qulağına öz-özünə gəlib çatan söhbətlərin məzmunu göstərirdi ki, bu adamların hamısını birləşdirə bilən ümumi bir məqsəd var və bu məqsəd onlar üçün ali məqsəddir, bununla belə o, bu adamların səmimiyyətinə şübhə ilə yanaşırdı, qətiyyən inanmırdı ki, ictimai qayə şəxsi mənafedən qabağa keçə bilər, o qəti bilirdi ki, bu meydanda gecələyənlərin çoxu yersiz-yurdsuz, elə bir rahatlığı olmayan, həyatdan narazı düşən adamlardır. Dolanışığı yaxşı olan adam heç vaxt burda gecələməz, rahat evini-eşiyini, rəngli televizorunu, məxməri çayını qoyub burda acı tüstüdən gözlərini ova-ova tonqaldan kənarda qalmış kürəyi, arxası dona-dona vaxt keçirməz, ancaq burda hərdən tanış, məşhur və heç də maddi korluq çəkməyən ziyalıları, məşhur adamları görəndə çaşırdı, çox sonradan bildi ki, bu adamların çoxu bura özxoşuna yox, tapşırıqla gəlirlər ki, meydanın əsas özəyi olan gəncləri, mətin mübarizləri təbliğat yolu ilə dilə tutub sonu görünməyən mübarizədən çəkindirsinlər. Eşitmişdi ki, nomenklaturaya vaxtından çox-çox tez düşmüş cavan bir ziyalı mitinqi dağıtmaq üçün beşcə dəqiqəyə o qədər yalan informasiya verib ki, və bunu elə artistliklə edib ki, bütün meydan ən yuxarı idarənin adından danışan bu nomenklaturaçı oğlanı düz beş dəqiqədən çox alqışlayıb. Gənc nomenklaturaçının niyyəti baş tutmuşdu, adamların bir hissəsi hökumət rəhbərlərinin adından danışan cavan oğlana inanıb dağılmışdı və bəlkə də daha çox adam evinə gedəcək və həmin adam daha böyük vəzifəyə çatacaqdı, ancaq mitinqin fəhlə lideri olmasaydı.
Lider özünəməxsus kəskin dəlillərlə karyeristin «utka» buraxdığını və onun çox mahir yalançı olduğunu deyib ifşa edəndən sonra gedənlər də qayıtmışdılar. Və həmin cavan nomenklaturaçı səhərisi gün tribunaya çıxanda meydan onu qəti rədd eləmişdi: «Rədd ol!», «Satqın», «Alçaq», «Oğraş» sözləri gənc mənsəbpərəstin başına daş kimi yağmışdı. Bəlkə də Fransa, Amerika, İngiltərə kimi çürüməkdə olan imperialist ölkələri olsaydı, həmin adam bu biabırçılıqdan sonra karyeraya birdəfəlik son qoymalı olardı, bizdə isə... Əsla! Gənc mənsəbpərəst bu biabırçılıqdan sonra nəinki istefa verməyə məcbur oldu, əksinə çəkdiyi mənəvi əziyyətə görə hökumət ona təzminat verdi, yəni ki, vəzifəsini bir pillə, özü də yaxşı bir pillə qaldırdı. Bu adamın ideoloji biliyi, dözümlülüyü bir növ alqışlandı.
Birdən gördü onu, amma inanmadı gözünə, harda desən ona rast gələ biləcəyinə inanardı, burda isə... Gözü aldatmışdı onu? Yox, səhv eləyə bilməzdi. Özüdür ki, var...
Qız bulvara yaxın iri tonqalın ətrafındakı adamlardan aralanıb qəfil yox oldu, daha doğrusu qaranlıqda itdi. Lənət şeytana! Onu itirdiyi həmin yerə tələsdi, ancaq ki, əbəs idi çalışmağı, qız elə bil yerə girmişdi. Şübhə yox idi ki, saysız-hesabsız, səliqəsiz düzümlü alaçıqların birinə girmişdi. «Maşın gözləməkdən yorulub qəhbə». Fikrindən keçən bu cümlə onu içəridən coşdurdu, əlinə keçsəydi yaxşı bir şilləyə qonaq edərdi onu. Bir şeyi də bilirdi ki, gündə bir neçə adamın altına girib-çıxan bu qadına onun heç bir mənəvi ixtiyarı, hüququ yox idi, o özü də həmin müştərilərdən biri idi, özü də qız demişkən pulsuz müştərilərdən. Bircə dəfə pul almışdı, qalan görüşlərdə «qonağım ol» demişdi. O pul verməyə zəif bir təşəbbüs göstərmişdisə də, qız qəti etiraz eləyib demişdi ki, xoşum gələn çuvaklardan pul almıram. O da soruşmuşdu ki, belə müştərin çoxdurmu, qız da heç bir xəcalət hissi keçirmədən mərdi-mərdanə demişdi ki, sən ikincisən, birinci isə lap çoxdandır gözə dəymir, ya evlənib acgöz bir arvad əlinə düşüb, öhdəsindən güclə gəlir, ya da impotent olub, beli boşalıb, amma yaxşı oğul idi. Deməli, mən təkəm, onda çox zərərə düşməzsən. Hələ ki, rentabelli işləyirəm. Təsərrüfat hesabına keçə bilərəm. Bundan sonra o həmişəki tərbiyəsiz qəhqəhəsi ilə gülüb oğlanı soyundurmağa başlamışdı...

Qızı görüb də itirdiyi yerdən aralana bilmirdi, ancaq orda bu qədər fırlanmaq da olmazdı. Saata baxdı. On iki tamam idi. Vaxt indi onun üçün darıxdırıcı deyildi, fikrini məşğul eləyən intizar vaxtın gedişini elə bil sürətləndirmişdi. Deyəsən içərisindən zəif işıq gələn alaçıqdan səs eşidildi, özü də qadın səsiydi. Ətrafa baxdı, dinşədi, ona fikir verən yox idi. Ümumiyyətlə, alaçıqlar düşərgəsində seyrəklik idi, tək-tük adam dəyirdi gözə. Rəngbərəng alaçıqların ortasından hər iki tərəfinə şifer parçası bağlanmış borulardan tüstü çıxırdı. «Dəymə mənə!» Bu dəfə səsi aydın eşitdi və tamam əmin oldu ki, səs qızındır... Deməli, meydana dadanıb. Rayondan gəlmiş mübarizlərə seksual xidmət göstərir. «Dəymə mənə dedim». Deyəsən içəridə süpürləşmə oldu. Və birdən şappıltı səsi gəldi, deyəsən kimsə yıxıldı və birdən qızın səsi eşidildi: «İndi elə qışqırram ki!» «Buraxmıyajam səni, deyirsən kənddən gəlmişəm, aldatmaq olar, heyləmi?» Bu yerdə kişi səsi titrədi və hiss olundu ki, qıza həmləyə keçib. «Sən məni zorramaq, iznasilovat eləmək istəyirsən, burax, çuşqa, burax, iyrənirəm səndən». «Qəhbə, pulumu alanda irgənmirdin, indi... sənin ananı...» Şillə səsi gəldi. O bildi ki, bu qadın şilləsidir və bundan sonra baş verənləri görməmək üçün o gözlərini, qulaqlarını yummağa, burdan qaçıb getməyə hazır idi. Yaxası cırılmış, paltosuz qız içəridən çıxıb necə qışqırdısa bircə dəqiqənin içərisində çadırı yüzəcən adam dövrəyə aldı. Qız qışqırırdı:
– Kömək edin, pamagite, çuşqa məni zorramaq istəyir, pamagite...
Və bundan sonra qız alaçığın qapısından yapışıb dartdı.
– Dağıdacam buranı, bu qəhbəxananı...
Beş-altı qolu qırmızılı «Əfqan» deyilən oğlan içəri cumub üz-gözü cırmaqdan qan içində olan yekəpər bir kişini çölə çıxartdılar. Qız adamların içərisindən ox kimi çıxıb nəsə deyən, özünü təmizə çıxarmağa çalışan kişinin üstünə sıçradı və birdən iki dəstə əmələ gəldi və bu dəstə arasında yumruq davası başlandı. Davanı qızışdırmaq üçün qız daha bərk qışqırır, ədəbsiz sözləri havaya püskürürdü.
Qız onu birdən gördü. Gözləri bir-birinə sataşdı və o bu baxışlardan diksindi, çünki qızın gözlərində qəzəb adda heç nə görmədi. Şahidi olduğu qara-qışqırıqla bu gözlər arasında heç bir ümumi cəhət yox idi. Oğlan dalı-dalı çəkilib adamların arasında itməyə, tanış gözlərdən yayınmağa tələsdi, qət elədi ki, komendant saatını pozub tutulsa da, maşınına minib əkiləcək burdan. Az qala yüyürə-yüyürə hərəsi bir siyasi kluba çevrilmiş tonqalların arasında keçdi, gələnlərin əksinə olaraq gedənlərə əsgərlər mane olmurdular, əksinə elə bil məmnuniyyətlə buraxırdılar. Komendant saatı olsa da meydana yaxın evlərdən gəlib-gedənlər vardı, o isə maşınla getməli idi, üçotaqlı mənzili Nərimanov prospektində idi. Ev nənəsinin adına idi, bura yazılmaq, evə sahib olmaq üçün qaynatası çox əziyyət çəkmiş, amma məqsədə nail olmuşdu. Evi rəsmi surətdə ələ keçirəndən bir ay sonra nənəsi dünya ilə haqq-hesabı üzmüşdü. Bir yerdə işlədiyi qarımış qızlardan böyüyü əhvalatı eşidəndə demişdi ki, hamıya allah yetirir, sənə şeytan. Yaxşı kəlamları sevən müdir müəllimin bu rast ifadə çox xoşuna gəlmiş və can dəftərçəsinə yazmışdı. Qarasaç arvad da demişdi ki, müdir müəllim, neynirsiz yazıb, siz axı heç məsəl işlədən deyilsiniz. Müdir də demişdi ki, niyə, işlədirəm, amma harda bir mən özüm bilirəm. Sonra da görünür sinəsini deşən sirri axıracan saxlaya bilməyib demişdi ki, vəsiyyət eləmişəm ki, öləndən sonra mənim sandığımı açsınlar, görsünlər bu sinədən necə sözlər çıxıb.
– Camaat uşaqlarına pul, qızıl qoyub gedir, siz də quru söz? – Oğlan istehza eləmişdi. – Sözlə qarın doysaydı, indi bu şairlər milyoner idi.
– Hər şeyi milyonla ölçürsən, cavan oğlan, – müdir pərtlikdən qızarmışdı.
– Bəli, mən hər şeyi pulla ölçürəm, pul hər şeyin başıdır. Onu bəyənməyənlər, ona ağız büzənlər aciz-avara, fərasətsiz adamlardır.
Maşını işə salıb bir az gözlədi ki, motor qızsın, hələ də gördüyündən özünə gələ bilməmişdi. Bu nə idi? Onun axı orda, mitinqdə, meydanda nə işi var, o nə mərəkə idi, o nə konsert idi? Qadın həyasızlıq eləyəndə nə dəhşətli görünür. Beləsindən uzaq gəzmək lazımdır, ya da gərək həmişə quyruğu əlində ola, möhkəm saxlayasan ki, sənə zərər yetirə bilməsin.
Qapı qəfil açıldı və qız özünü maşına saldı. Tövşüyə-tövşüyə «sür» dedi.
– Tələs! Nə baxırsan, sür, dalımca gəlirlər, sür!
Oğlan çönüb arxaya baxdı və gördü ki, bir neçə qolu qırmızılı adam maşına sarı qaçır. O, cəld ayağını qaza basıb maşını durduğu yerdən çıxarmaq üçün irəli-geri verdi.
– Tez! Tez ol! – qız qışqırdı.
Elə açıq küçəyə çıxırdı ki, oğlanlar özlərini yetirdilər, biri əl atıb qız oturan tərəfdən qapının dəstəyindən yapışmaq istədi. İkinci qolu qırmızılı isə oğlanın qapısını açmağa səy göstərdi, ancaq o cəld tərpənib hər iki qapının düyməsini basmışdı.
– Düş yerə, erməni köpək qızı!
– Saxla, oğraş, erməni ananı...
Oğlan ayağını var gücü ilə qaza basıb maşını irəli sıçratdı. «Əfqanlar» ondan qopdular. Arxadan bir-iki kobud söyüş eşidildi...
Susurdu. Qız iki əli ilə üzünü tutub ağlayırdı. Heç nə soruşmurdu, it kimi zingildəyən qızın səsini eşitmək istəmirdi, ancaq görürdü ki, maşını xəlvət, əsgərlərin çətin ki, ola biləcəyi küçələrdə sürür və bir də başa düşürdü ki, maşın heç də Nərimanov prospektinə getmir. Qız birdən toxtamış səslə dedi:
– Hara aparırsan məni?
Cavab vermədi, maşını sürməkdə davam elədi. İnşaatçılar prospektinə çatmağa bir tin qalmış üç-dörd tankın hədələyici siluetini görüb sürəti artırdı və tankların yanından necə keçdisə deyəsən mürgü döyən əsgərlər tərpənib «stoy!» deməyə macal tapmadılar.
– Hara aparırsan məni?
Qızın bu sualından bilinirdi ki, o hara aparıldığından yaxşı xəbərdardır, buna baxmayaraq oğlan qızı hara və nəyə apardığını açıqca öz adı ilə dedi və qız hırıldadı.
– A smojeş?
– Görərsən.
– Oy mama!..
Oğlan açarı qapıya ehtiyatla salıb əvvəl özü içəri girdi, sonra qızı buraxdı. Ev isti idi. Küçənin soyuğundan, yorğunluğundan, heysiyyətinə toxunmuş iki mənəvi sarsıntıdan sonra divan onu dərin rahat qab kimi çəkdi, elə bil qatı maye idi, dərin qaba boşaldı. Evin istisi canındakı yorğunluğu artırırdı. Gözləri yumuldu, ancaq bu yuxu deyildi.
Qız bir-bir bütün paltarlarını soyundu, ayağında yalnız dizinə çatan sumağı uzunboğaz dikdaban çəkmələri qaldı və sonra oğlanın çiynindən tərpətdi və çox zəif, dəvət eləyən bir səslə:
– Ey! – dedi.
Oğlan inildədi, amma gözünü açmadı. Qız yenə də onu tərpətdi və eynilə əvvəlki kimi dedi:
– Ey! Sənnənəm...
Oğlan gözlərini açdı, qızı qarşısında lüt görüb gülümsədi. Qız diz üstə onun qarşısına çökdü və döşlərini üzünə sürtdü.
– Dur, hamamı yandır çimim.
– Yaxşı.
Qız sapoqlarını asanlıqla çıxarıb hamama keçdi. Sapsarı vanna, sarı kafel: elə bil gün işığına düşmüşdü. Asma şüşə tavanda qızılı rəngdə iri yarpaqlar var idi. Qız suyu açıb kalonkanı yandırdı, suyu vannaya buraxdı, sudan qalxan buxarın istiliyi bədənini isti əl kimi sığallayırdı. Qapı açıldı və qız bildi ki, gələn oğlandır. Dayandı və gözlədi ki, indi onu arxadan qucaqlayacaq, istidən xoşallanan bədəni xoş intizardan və istəkdən titrədi, ancaq heç kəs onu qucaqlamırdı, qapı isə örtülmüşdü, çünki açılanda bədənindən sürüşən nisbətən sərin hava yox idi. Canından qəribə bir qorxu keçdi, yavaş-yavaş, rapidlə çəkilmiş filmdə olduğu kimi çönüb arxaya baxdı, saysız-hesabsız başı, bir-birinə qarışmış əlləri, qolları, qıçları olan bu dəhşətli, əcayib varlıq yavaş-yavaş üstünə yeriyirdi, qız qışqırmaq, üstünə gələn yüzmü, iki yüzmü başlı, ondan da çox ayaqları, əlləri və... Qışqırdı. Qışqırığı divarları güzgüyə çönmüş hamamın künc-bucağından üstünə qayıdırdı, o qaçmaq, üstünə gəlməkdə davam edən bu qəribə, əcaib-qəraib məxluqdan yaxa qurtarmaq üçün gizlənmək, itmək istəyirdi, ancaq yer yox idi, elə bir qapı yox idi, heç olmasa örtülü bir qapı olaydı ki, açıb dalında qorunmağa ümid edəsən – yox idi, elə bir qapı yox idi. Burdan yeganə çıxış yüz başlı, yüz sifətli, yüz qıçlı əcayib adamın içəri girdiyi qapı idi ki, o da bu əcayib məxluqun arxasında görünməz olmuşdu. Qız dəhşətlə bu sifətlərə baxıb mərhəmət diləmək, özünə mərhəmət oyatmaq istədi, ancaq bilmədi hansına baxsın... İlahi bu üzlər o qədər tanış, eyni zamanda o qədər yad idi, özgə idi ki... ancaq hamısında bircə tanış ifadə var idi, şəhvət, tərbiyəsiz ehtiras, onun özünə, bədnam peşəsinə ikrah, biganəlik, istədiyini alıb sonra da ayağı ilə vurub kənara itələmək meyli. Yox, axı ola bilməz, qız üstünə gələn, gələn, ancaq çata bilməyən qəribə adamın saysız-hesabsız bədən üzvləri içərisində daha çox yadında qalanı tapmaq istədi və tapdı da və tapan kimi də yüz, iki yüz başlı, əlli-qollu, qıçlı, bədənli bu adam çönüb bir oldu, bu zərif və gözəl sifət, ucaboy, tüksüz, qəşəng bədən və onu vəcdə gətirən... ancaq bu dəfə qız qorxdu, bu gözlərdəki biganə ifadə, hissiz yeriş, qarşısına keçən nə varsa uzun, qəşəng biçimli ayaqları ilə tapdalamağa qadir bu adam, onun qəribə də olsa sevdiyi oğlan bu saat ona çatıb keçəcəkdi üstündən, çünki o heç nə görmürdü və görməyə çalışmırdı da...
Qız gerilədi və hər şeylə birgə böyümüş vannaya girmək, suyun içində gizlənmək, qorunmaq istədi və ayağının birini üstünə gələn oğlana baxa-baxa suya saldı, o birisini də qaldıranda elə bil vannanın içərisindən gözə görünməyən kimsə topuğundan yapışıb çəkdi içəri və qız heç qışqırmağa macal eləmədi, suya batdı; o boğulmaqdan qorxub çabaladı, çıxmaq, qurtulmaq, sinədolusu nəfəs almaq istədi, ancaq topuğundan yapışmış əl möhkəm idi, qız nə qədər dartındısa mümkün olmadı, o bir az da çabaladı, əlləşdi, balıq kimi açılıb yumuldu, ilan kimi qıvrıldı və axırda başa düşdü ki, bərk ilişib, topuğundan yapışan, onu buraxmayan ölümdür. Qız suyun içində ağlamaq, qışqırmaq istədi, ancaq bütün bunlar havayı əziyyət idi, o partlayan, hava üçün göynəyən sinəsini sərbəst buraxdı, guya hava udmaq üçün ağzını geniş açdı və yüngül, həyat gətirən hava əvəzinə içərisi ağır, ölüm gətirən isti su ilə doldu... ancaq o hiss edirdi ki, hələ ölməyib, çabalayır, bütün bədənini əzən ağırlıqdan qurtulmaq istəyir və tezliklə əzabdan çıxmaq, sivrilib onu sıxan, əzən dərisindən azad olmaq istəyir, ancaq...
...Qız ağlayırdı, ancaq ağlamaq onun üçün qeyri-adi hadisə deyildi. Tez-tez ağlayırdı, ən müxtəlif səbəblərdən, peşəsi elə idi ki, söyülmək, təhqir edilmək, döyülmək onun üçün adi hal idi. Olurdu ki, onun xidmətinin pulunu verməyib qaçanlara da rast gəlirdi və ya qiymət üstdə çənə-boğaz eləyib qiymət qoyub, sonra pulu kəsənlər də olurdu. Bütün bunlara görə ağlayırdı, düzdür, təcrübə çoxaldıqca həyasızlıq artdıqca, söyüşlərin, təhqirlərin təsiri azalırdı, özü söyməkdə heç kəsdən geri qalmırdı, iynə batırana qıyıq basırdı, yaxşı bilirdi kişiləri incitmək üsulunu və lazım gələndə bu üsullarını işə salıb hayıfını alırdı.
Qız ağlayırdı və bu həmişəki göz yaşlarından deyildi, elə bil ürəyi göz yaşlarına dönüb tikə-tikə, parça-parça yanaqları boyu axırdı. Niyə ağladığının səbəbini bilmirdi və heç vaxt bilməyəcəkdi də, ancaq kirimirdi və özünü ovutmaq da istəmirdi, həyatından yaxşı olan az-çox nə varsa onları da yadına salmaq istəmirdi ki, bəlkə ovuna, bəlkə bu göz yaşlarının axırına çıxa, ancaq niyə? Bu göz yaşları onu içəridən yuyub təmizləyirsə, ürəyi, içi axan hər göz yaşından boşalırsa niyə də ağlamasın?
Oğlan yatmışdı, ağzı da aralı qalmışdı. Yatmış kişidən zəhləsi gedirdi, illah da ağzı açıq yatan kişidən, bir də niyə sevməliydi yatan kişini, bütün bunlar onun üçün itirilmiş vaxt idi, özgə kişi, özgə adam, onun içərisində heç bir ilıq hiss, duyğu oyatmayan, ondan yalnız öz şəhvətini soyutmaq üçün istifadə edən bu kobud, heyvan kişiləri niyə istəməli idi? Ancaq zəhləsi gedən bu cürbəcür kişilərsiz də yaşaya bilməzdi. Əgər o, kişilər üçün əyləncə mənbəyi idisə, kişilər də onun üçün yaşamaq vasitəsi, pul mənbəyi idi.
Bu bir neçə illik təcrübəsində kimləri görməmişdi, necə kişilərə rast gəlməmişdi. İlahi... Birini heç yadından çıxara bilmir, əsl «anekdot» idi. Kefi kök olanda danışırdı.
Maşını saxlamağından bildi ki, hərifdir. Sevindi. Həriflərdən xoşu gəlirdi. Belələri ilə az işləyib çox pul qopartmaq mümkün idi. Hər müştəri üçün xüsusi maskası, xarakteri vardı. İndi hərif müştərini görüb bu yola təsadüfən, özü də təzəcə düşmüş qız maskasını taxdı.
– Çox sağ olun! – Qapını örtüb hərifin üzünə baxmadan utancaq səslə dedi: – Alatavaya sürün, zəhmət olmasa.
Hərif təəccübləndi, çünki qız dayanacaqda yox, adətən maşın qızlarının dayandığı elə yerdə durmuşdu ki, məqsəd gün kimi aydın idi və belə şeyi bilmək üçün heç bir təcrübə də lazım deyildi, quzu kimi ev-ailə kişisi də mətləbi baş sındırmadan qana bilərdi. Bununla belə hərif çaşqın qaldı və dedi ki, mən Alatavanı tanımıram. Qız başladı izah eləməyə, yəni əvvəl qalx respublika xəstəxanası tərəfə, ordan «Qələbə» kinoteatrına, sonra dalını deyərəm.
Hərif göstərilən istiqamətdə maşını sürə-sürə güzgüdən qıza baxdı və onun əyin-başından, ənnik-kirşanından yanılmadığına bir daha əmin oldu, lakin tərəddüdü tamam keçmədi və o, həyəcandan titrəyən səslə dedi:
– Bağışlayın, bəlkə...
Qız gülməyini güclə saxladı və yenə də utancaq, abırlı qız səsilə dedi:
– Nəsə demək istəyirsiniz?
Hərif qızardı və onun sükanı saxlayan əllərinin titrəyişi qızın nəzərindən qaçmadı.
– Deyirəm, əvvəlcə... bir dostum var, gedib ezamiyyətə... Tapşırıb hərdən evinə baş çəkim...
Qız onun sözünü kəsdi.
– Güllərə su verəsiniz...
Hərif lap özünü itirdi və az qaldı qarşıdan gələn maşını vursun. Qız məsələnin ciddiləşdiyini görüb bir az yerə endi və taleyin hökmünə baş əyən qadın ədası ilə köksünü ötürüb dedi:
– Özünüzü ələ alın, gedək güllərə su verək, mənim qismətim belə imiş.
– Siz allah, məni düzgün başa düşün. – Hərifin rəngi açıldı, məsələ aydın olmuşdu, səhv eləməmişdi. – Özüm də tərbiyəli adamam.
Qız üzünü qəfil örtüb hönkürdü.
– Mən sizi incitmək istəmirdim, həyatdır də.
Qız dəsmalını çıxarıb gözlərinə tutdu və gülməyini güclə saxlayıb ağlar səslə dedi ki, sürün gedək güllərə su verək. Təqsir sizdə deyil, bəxtim-taleyim belə imiş və yaxın vaxtlarda müştərilərinin birindən eşitdiyi və çox xoşuna gəlmiş fransız ifadəsini işlətdi:
– Se lya vi.
Hərif ifadəni başa düşdü və intellektual məsələlərdə hərif olmadığını göstərmək üçün ifadənin azərbaycancasını dedi:
– Elədir, həyatdır də.
Qız fikirləşdi ki, deyəsən hərif bir az özünə gəlib, amma onu da hiss eləyirdi ki, bunun nəsə elə bil bir gözükölgəliyi var, axı bu xəstə həyəcanın əsası olmalıdır və yanılmadığını on beş dəqiqədən sonra bildi. Gülləri həqiqətən sulayıb qurtarandan sonra (əlbəttə qız fikirləşdi ki, bunu sonra, yəni əsas işdən sonra da eləmək olardı) hərif qıza yaxınlaşdı və qəribə bir ehtirasla qucaqladı, qız fikirləşdi ki, bu ki belə başladı asanlıqla əl çəkməyəcək deyəsən, odur ki, abır-həya maskasını unudub tələsik soyundu ki, hər şey tez qurtarsın, ancaq deyir sən saydığını say, gör fələk nə sayır. Qız soyunub həmləni gözləyəndə hərif suyu süzülə-süzülə yarıçılpaq qızın yanında oturdu və hər şeyi əlindən alınmış adam kimi hüznlü və bədbəxt səslə dedi:
– Həmişə belə olur. – Bu dəfə səsində nə həyəcan, nə titrəyiş vardı.
Məsələ aydın idi. Əlbəttə bundan sonra daha nə utanmaq, nə həyəcan? Qızın yanında eyibini axıracan göstərmişdi, deyir təzədən tumanbağını bərkitməyin nə mənası? Qız təəccüblənmədi, belə şeylər olurdu, təzə qadınla yaxınlığın ilk həyəcanı kişi üçün həmişə müvəffəqiyyətlə qurtarmır, burada qəribə heç nə yox idi, bu məsələyə qız tamamilə fərdi yanaşırdı və bilirdi ki, bu cür kişi uğursuzluğu ötəridir, ancaq bu cür bədbin, ölgün səs, dünyadan əlini üzmüş adam kədəri... Qız maraqlandı:
– Nə olub axı, kişi deyilsən?
Hərif qızardı və şalvarını geyinə-geyinə dedi:
– Kişiyəm, özü də lap əlasından, arvadım əlimdən zinhara gəlib, hər gün, hər gün...
– Bəs indi noolub? Bəlkə mən xoşuna gəlmirəm? – Qız bir ovuca sığan yumru şux məməsini sığalladı.
– Yox, məsələ səndə deyil, – hərif buz kimi soyuq baxışlarını qızın lüt bədənində gəzdirdi. – Arvadımdan başqa ayrı qadınla yata bilmirəm, kişiliyimi göstərə bilmirəm.
Qız qəhqəhə çəkib güldü və döşəkağını üstünə çəkdi.
– Arvadın xoşbəxt adamdır.
– Arvadım xoşbəxtdir, bəs mən?
Qız gözlərini qıyıb istehza ilə dedi:
– Səni deyə bilmərəm. – Qalxdı ki, geyinsin. – Amma elə səhvin də ondadır ki, sən mütləq kişiliyini kiməsə göstərmək, döşünə döyüb fason eləmək istəyirsən.
Hərif birdən yerə yıxılıb qızın qıçlarını qucaqladı və onu da yerə yıxdı. Birnəfəsə dedi:
– Öyrət məni, öyrət qadan alım, nə qədər desən pul verəcəm sənə, amma öyrət! Boy-buxun var, gözəllik var məndə, pulum var, işdə-gücdə arvadlar sino gedirlər, bilirəm ki, istəyirlər... amma neynim, acizəm...
Qız onun əlindən çıxıb ayağa qalxdı və hökmlə dedi:
– Öyrədərəm, hər seansı bir yüzlük.
– Razıyam, lap çox verərəm, təki qurtar məni bu bəladan, mən əsl kişi olmaq istəyirəm. – Hərif yenə də yalvardı və qızın doğrudan da boylu-buxunlu, sifətdən gözəl kişidən zəhləsi getdi və o yenə də hökmlü səslə dedi:
– Dur ayağa, tryapka!..
Qız ağlayırdı və ağzı ayrıq yatmış oğlana nifrət yox, nəvazişlə baxırdı, bu yeganə müştəri idi ki, onda ikrah hissi oyatmırdı və yeganə müştəri idi ki, ondan havayı istifadə eləyirdi. Qız fikirləşdi ki, bundan uşaq istərdim, yaxşı bir oğlan uşağı; uşaq gərək istədiyin, heç olmasa yatanda iyrənmədiyin adamdan olsun. Bu vaxta qədər uşaq doğmaq, ana olmaq haqqında düşünməmişdi, iyirmi səkkiz yaşına gəlib çatmışdı və adi bir qadının ömrü boyu öyrənə biləcəyindən çox-çox işlərdən xəbərdar idi. Bütün bunları öz üzərində hiss etmiş, ömründən keçirmişdi, amma ana olmaq, doqquz ay boylu gəzib əsas həzz və gəlir mənbəyi olan kişilərlə əlaqəni kəsmək ağlına gəlməmişdi, indi isə birdən-birə ağzı ayrıq yatmış, onun xidmətindən pulsuz istifadə edən bu ucaboy, zərif, gözəl oğlandan uşaq istəyirdi və istəyirdi ki, dünyaya gələcək həmin uşağın familiyası, atasının adı onunku olsun. Qız bilirdi ki, bu xam xəyaldır, xaricə getmək istəyən, arvadı, ailəsi olan və çox qəlbidən qırıldadan bu ağzı ayrıq yatmış gözəl oğlan heç vaxt buna razı olmaz, amma qız bilirdi onu ram etməyin yolunu. Qız bilirdi onu razı salmağın çəmini və qız bilirdi ki, o istədiyini nəyin bahasına olursa-olsun həyata keçirəcək və bu onun bu gündən sonrakı həyatının məqsədinə, lap ali məqsədinə çevriləcək...
...Qana batmış sifətinə çınqıl yapışmış qoca əlini oğlana uzadıb sakit, əzabdan-ağrıdan azad səslə yalvardı:
– Apar məni, qurbanın olum, apar məni...
Oğlan titrəyə-titrəyə baxırdı qocaya, ona kömək etmək, çınqılın üstündən qaldırmaq istəyirdi, ancaq heç cür yerindən tərpədə bilmirdi. Qoca birdən qalxdı yerindən və qalxdıqca uzandı, uzandı və bir az aralıdakı palıd ağacı boyda oldu, uzun, qanlı əllərini dizinin dibində olan oğlana uzatdı və hədə ilə dedi:
– Apar məni, apar, qoyma yolda, apar, özün də qorxma, apar...
Oğlan ona sarı uzanmış iri qanlı əldən, kişinin səsindəki hökmlü sözlər arasındakı uyğunsuzluqdan qorxdu, tir-tir titrədi, ancaq tərs kimi lap uzaqda olan maşına tərəf qaça bilmədi, ayaqları yerə mıxlanmışdı, çönüb maşınına baxdı, maşın yavaş-yavaş gedir, uzaqlaşırdı, qoca gülə-gülə «apar məni, apar, başına dolanım» deyirdi...
Qız birdən ağzını yumub titrəyən, alnı qəfil soyuq tər gətirmiş oğlanı silkələdi.
Oğlan diksinib gözlərini açdı; üstünə meyillənmiş qızın hamamdan sonra rəngsiz sifətinə baxdı və həqiqətdə tanımadı onu. Hövllə «Kimsən, nə istəyirsən?» dedi.
– Vot umorra, mənəm də, tanımadın?
Demək olmazdı ki, qız marafetsiz həmişəkindən kifir görünürdü, yox, əksinə, qəşəngliyini itirsə də, məlahətli və daha gənc görünürdü.
– Yuxu görürdün? – Qız çox mehriban, sevən qadın səsilə soruşdu. – Tir-tir titrəyirdin, yəqin vurduğun o kaftar girmişdi yuxuna?
Oğlan çox kobud və qeyzli hərəkətlə qızı üstündən itələdi, az qala nifrətlə çəmkirdi:
– Dura!
Qız ayrı vaxt, ayrı müştərisi olsaydı yəqin ki, bir dava salar, şivən qoparardı ki, gəl görəsən, ancaq indi susdu və sahibindən təpik yemiş it kimi yerindən qalxıb pəncərəyə pənah apardı. Qarşıdakı çoxbloklu uzun evin pəncərələrinin çoxu kor gözü kimi qapqara idi. Ərli arvadlar evin qızın burdan təbii ki, görə bilmədiyi, o biri tərəfindəki yataq otaqlarında abırlı gecə köynəklərini geyinib yüngülvari bir işdən sonra xoruldaşırdılar yəqin. Qıza elə gəlirdi ki, ərlə arvad heç vaxt güclü ehtirasla, qızğınlıqla yata bilməzlər, bu ləzzət, «kayf» ancaq qeyri-qanuni münasibətdə olanların qismətinə düşən xoşbəxtlikdir. Ümumiyyətlə, ailəli qadınlara münasibəti müəyyən deyildi, onlara həm yazığı gəlirdi, həm də həsədlərini çəkirdi. Hansı çox idi, məlum deyildi, hansı taleyi seçərdi, onu da bilmirdi. Hər halda abırlı ərə gedib ev arvadı olmaq onun arzusu deyildi, olmamışdı, görünür, allah onu yaradanda vəfalı ailə qadını taleyi yazmayıb ona, yoxsa ki, əxlaqsızlıq girdabına düşməzdi, tərcümeyi-halını araşdıranda onu bu işə məcbur eləyən, itələyən heç bir səbəb görmürdü. O çox yaxşı bilirdi ki, maşın qızına çevrilməsində heç kəsi, nə cəmiyyəti, nə ayrı-ayrı adamları təqsirləndirmək insafdan olardı, əgər qadın yaxşı, bahalı, gözəl paltarlar geyinmək, restoranlarda, qaranlıq barlarda yeyib-içmək, əylənmək xatirinə əxlaqsızlıq yoluna qədəm qoyursa burda ancaq və ancaq onun özü günahkardır. Bu, qızın möhkəm qənaəti idi, ona görə də heç kəsi qınamırdı. Televiziyada, mətbuatda son vaxtlar fahişələrə bəraət qazandırmaq, bunun da günahını durğunluğun üzərinə yıxmaq cəhdi onu güldürür, əyləndirirdi. «Başa düşmək istəmirlər, qanmırlar ki, bu nəcib peşə» dünyanın özü qədər qədimdir. Bu peşə nə siyasi quruluşdan, nə iqtisadi səviyyədən, nə də sosializmin mahiyyətindən irəli gəlir.
Çünki necə deyərlər, anadan fahişə doğulan qadınlar var, belələri əgər müəyyən səbəblər üzündən fahişəlik eləməsələr də təbiətən fahişədirlər və bu keyfiyyətin açılması üçün ilk əlverişli şəraitin olması kifayətdir. Qız bütün bunları aydın izah edə bilmirdi, amma duyurdu, başa düşürdü. İndi işıqları sönmüş evin qara pəncərələrinə baxa-baxa abırlı ev-ailə qadınlarına nifrətinin anbaan artdığını hiss edirdi və aldığı «təpik» zərbəsinin düz ürəyinə düşdüyünü hiss eləyirdi.
Oğlan arxadan ona yaxınlaşıb dayandı. Qız tərpənmədi və bir azdan onun təmasını hiss elədi və bu yaxınlıq ona xoş gəlmədi, içindən axan paxıllıq, həsəd, nifrət hisslərinin qarışığından və getdikcə daha çox hiss olunan kişi təmasından ürəyi bulandı. Qaytarmaq istədi. Əlini ağzına tutub vanna otağına qaçdı...

– Qorxma, heç nə eləmiyəcəm, – müəllim onu qucaqlayıb çarpayıya tərəf çəkdi. Qız həm qorxur, həm də neçə gündən bəri yığılmayan çarpayıya uzanmaq istəyirdi. Bura gəlib məktəbli formasını soyunub lüt-üryan qaldığı birinci dəfə deyildi.
Müəllim ondan altı-yeddi yaş böyük olardı, sinfin qızlarının tən yarısı vurulmuşdu ona. Onunculara dərs deyən boz geyimli, boz görkəmli, daima pulsuzluqdan əzab-əziyyət çəkən bir neçə orta yaşlı, qoca kişi müəllimin içində son dəblə geyinən, sarışın, alagöz cavan müəllimin peyda olması qızlar bulağından çoxdan su içmiş məktəbli qızları dəli eləmişdi. Onun sakit, qalın səsi, yaxalıqsız köynəyindən görünən möhkəm, gündə qaralıb tutqun qızılı rəng almış əzələli boynu həmişə təmiz qırxılan azca çilli üzü qızların xoşuna gəlirdi. O da vurulanların cərgəsində idi, özü də ön cərgəsində. Məktəbin oğlanlarının çoxunun sevgi yetirib, eşq elan etdiyi qız müəllimin də diqqətini tez tutdu; günlərin bir günü müəllim biologiyanın çox çətin və mürəkkəb bəhslərindən birinə aid dərsi gözünü əvvəldən axıradək qızdan çəkmədən və bu baxışlar altında onun rəngdən-rəngə düşməsinə məhəl qoymadan izah etdi. Sonra zəngə qalmış ona yaxınlaşdı və dərsdən sonra filan küçədə, filan tində dayanıb gözləməsini dedi. Və həmin gün qız xüsusi maşına mindi. Bu onun maşın həyatının başlanğıcı oldu. Düzdür, maşın qızı olanacan hələ çox əllərdən, çox illərdən keçəcəkdi.
Xüsusi maşına minib ilk görüşə ürək çırpıntısı ilə getdi və bildi ki, təpədən dırnağa qabaq güzgüdən ona baxıb gülümsəyən müəllimin ixtiyarındadır və bu bilgi onun içinə yalav kimi yayılırdı. Elə də oldu. Ancaq müəllim səbrli, ehtiyatlı tərpəndi, dedi ki, qorxma, heç nə etməyəcəyəm, elə belə sevəcəyik bir-birimizi... Və qızı soyundurdu, öpdü, qucaqladı, sonra özü də soyundu, çox işlərdən çıxdı, məktəbdə biologiya elminin nəzəriyyəsindən üstüörtülü öyrətdiklərini praktikada açıq göstərdi.
– Qorxma, elə eliyəcəm ki, heç nə dəyişməyəcək.
– Axı niyə? – Qız təəccüblə soruşdu.
– Belə lazımdır, sonra əngəl olmasın, axı sən hələ uşaqsan.
– Mən? – Qız güldü və oğlanın boynundan sallanıb dedi: – Mən istəyirəm, necə lazımdır elə də olsun, amma uşaq olmasın, qorxuram.
– Heç kəs bilməyəcək?
– Yox! – Qız qəti dedi. – Heç kəs!
Müəllim ağrıdan, ağırlıqdan və naxoş hisslərdən gözlərini bərk-bərk yumub inildəyən, darıxan qızın üstündən qalxdı. Qızın ürəyi bulandı, cəld özünü tualetə yetirmək istədi, çatmadı və çarpayının qabağına sərilmiş xalçanın üstünə öyüdü. Bədəni, boynu, sarışın bığı və saçı tərdən işıldayan gözəl müəllimin ağzından küçə söyüşü çıxdı və qız içini çevirən ürəkbulanmasının arasından bu söyüşün ona aid olduğunu bilib dəli oldu, elə bil ağlını əlindən aldılar; o ağzından-burnundan su axa-axa lüt-üryan vəziyyətdə kənarda dayanıb sıfrağa batmış xalçaya təəssüflə baxan oğlanın üstünə sıçradı və dəli hirslə onu döyəcləməyə, üz-gözünü, bədənini cırmağa, dağıtmağa başladı. Oğlan qəfil zərbədən və gözləmədiyi həmlədən qorxub əllərini başının üstünə qaldırıb qorunmağa cəhd göstərdi. Bu məqamda müəllimin ağlından məlum bir fikir keçdi: «Məhəbbətlə nifrətin arası bir addımdır!» Qızın sakitləşmədiyini görüb onu qəfil qucaqlayıb əllərini tutmaq istədi. Qız: «Mənə əl vurma, bu saat qışqıraram» dedi və üstündə bir-iki təzə qan ləkəsi əmələ gəlmiş döşəkağını dartıb çarpayıdan götürdü, ağzını-burnunu silib xalçanın üstünə yayılmış sıfrağın üstünə atdı və tələsik geyinməyə başladı.
Torşerin isti işığında oğlanın yüngül qəhvəyi rəngə çalan bədəni birdən-birə onu hirsləndirdi və qız kinayə ilə soruşdu:
– Arvadının yanında da lüt gəzirsən?
– Onun sənə dəxli yoxdur.
– De bilək də. Bəlkə elə bilirsən ki, daha heç kəsdə yoxdur, yoxsa mənim «Oy mama» deməyim səni çaşdırıb. – Qız onu incitmək üçün istehza ilə gülümsədi. – Yox, əzizim, zərif, göyçək oğlan, o mənim peşə priyomumdur, kişini qızışdırmaq üçün elə deyirəm. O əmək qabaqcılları deyirlər a, müvəffəqiyyətin sirri, nə bilim nə, bu da mənim sirrimdir, qabaqcıl təcrübəmdir. Tak şto, gözəl arvaduvun bəxti elə də gətirməyib.
Oğlan sakitcə dedi:
– Arvadımla işin yoxdur. Çəkmə onu bu murdar evə.
– Hər halda murdar dediyin bu ev mənim yox, sənindir.
Oğlan gülümsədi.
– Həri mənimdir! Bu ev pulunu verənindir.
– Necə?
– Eşitmədin? Hər saatın qiyməti var. Bu gün bizik burda, sabah bir özgəsi.
Qız sakitcə gəlib çarpayının bir küncündə oturdu və dedi:
– Getmək istəyirəm, apar məni.
– Mümkün deyil, komendant saatıdır.
– Mənim üçün fərqi yoxdur.
– Amma mənim üçün fərqi var.
– Əlbəttə, arvadın xəbər tutar, dalıva bir təpik vurub qovar.
Oğlan susdu və yenə də arxası qatda çarpayıya uzanmaq istədi, ancaq özünü saxladı, qızın «Oy mama» ifadəsi yadına düşdü, axtarıb tumanını tapdı.
Qız gülümsədi və ürəyində «bax belə» dedi.
– Meydanda neynirdin?
– İnqilab eləyirdim.
– Ciddi sözümdür.
– Əxlaqsız qadın kişi çox olan yerdə neyniyər?
Oğlan yenə də içində qısqanclığın tərpəndiyini hiss elədi və bu hissin varlığından utandı, sifəti qızardı.
– Nədi, qısqanırsan?
Oğlanın qızartısı daha da qatılaşdı və o mümkün qədər biganə səslə dedi:
– Səni? Qısqanmaq?
– Nədi, məni qısqanmaq olmaz?
Oğlan susdu. Qız davam elədi:
– Mənim təcrübəm...
– Hansı təcrübən? – Oğlan hirslə soruşdu.
– Belə sualla məni sancmaq xam xəyaldı, keçib elə şeylərdən, özü də çoxdan. Hə, mənim kişi tanımaq təcrübəm göstərir ki, sən məni bir qadın kimi hamıdan çox istəyirsən.
– Düz demədin. Sən bir qadın kimi mənə daha çox kayf verirsən. Bu hələ istəmək deyil.
– Elə bu da mən deyəndir, həm də sən məndən nəsə soruşmaq istəyirsən.
– Soruşdum də. Meydanda neynirdin? – Oğlan təkrar soruşdu.
– Meydanda mən dövlət əhəmiyyətli iş görürdüm.
– Gördüm, gördüm.
– Xeyr, sən görən məsələnin üzüdür, astarı isə daha dərindir.
– Heç vaxt inanmazdım ki, sən belə qırıldada bilirsən.
– Ah, sən məni heç tanımırsan, mən elə kişilərin, vəzifəli yoldaşların məclisində olmuşam ki... Onlardan tək yatmağı yox, çox şey öyrənmişəm. Bir qoca ministr var idi, ayda bir dəfə məni bir oğraş onun yanına aparırdı...
– Sutenyor?
– Yox, bu pul almırdı, həmin ministrin vasitəsilə işlər düzəldirdi...
– Nə fərqi var, – oğlan siqaret yandırdı.
– Mənə də ver. – Siqaretin birini alıb acgözlüklə sümürdü, amma çəkən olmadığı o saat bilindi. – Zəhləm gedir papirosdan, amma hərdən çəkməli oluram, professiyam tələb eləyir. Əslində düz deyirsən, elə sutenyor idi. İş düzəltmək üçün bütün yollardan istifadə eləyirdi... Nə isə xalasına lənət, məni limon kimi sıxdı, amma elə onda kassada hesab açdım, pulu kəsən deyildi. Sözüm harda qaldı, hə, ministrdə, məni sığallaya-sığallaya deyərdi ki, qızım, bu dünya gör-götür dünyasıdır, öyrən, ağıllı sözlərə qulaq ver, bilmək olmaz sabah taleh səni hara atacaq. Yaxşı kişi idi, düzdür, rəhmətlik məni çox incidirdi, hala gəlincə, özü də əldən düşürdü, mən də... Üz-gözünü qırışdırma, sənin üçün nə fərqi...
– Meydanda neynirdin? – Oğlan siqaretini əsl çəkənlər kimi necə sümürdüsə ovurdları bir-birinə yapışdı və sifəti daha zərif, daha əsəbi göründü. Qız ona açıq vurğunluqla baxdı və dedi:
– Nahaq həmişə siqaret çəkmirsən, sənə yaraşır. – Gülümsədi. – Səni aldatmaq istəmirəm, aldada bilərəm, lap barmağıma dolayaram, başına oyun açaram, amma istəmirəm, ona görə yox ki, yaxşı oğlansan, yox, yox, sən adamı pis ayaqda elə atıb gedərsən ki... – Qız susdu və hiss elədi ki, tənəyə keçib... – Nəysə, adını bilmədiyim müştərim, bil ki, meydanda mən milisiyənin zəmanəti ilə bəzi orqanların tapşırığını yerinə yetirirəm. – Oğlanın yanında dayandı və onun sinəsindən öpdü. – Qoy bu səni qorxutmasın, səni heç vaxt onların əlinə vermərəm. – Və burda əlavə edib demək istədi ki, çünki sən mənim uşağımın atası olacaqsan.
– Başa düşmədim, – oğlan qalxıb bardaşqurma oturdu. – Sənin orqanlarla nə işin?
– Frayırsan? Bilmirsən ki, biz xüsusi uçotdayıq.
– Kim?
– Biz, yüngül əxlaqlı qadınlar... daha çox xoşumuza gələn müasir adımız da var: risq qrupuna daxil olan adamlar, risq də əslində nəcib işdir. Bu qrupa daxilik biz, homoseksualistlər, incimə, rastına çıxan hər qızı maşınına mindirən kişilər də, ancaq bu qrupun içində ən hörmətliləri, cəmiyyət tərəfindən təqib olunmayanları sizsiniz, yəni altına oğurluq-doğurluq pullarla maşın alıb qoyan, küçədə tək dayanmış qadınların hamısını fahişə hesab edənlər. Sizin bəxtiniz gətirib, sizi biz də sevirik, hökumət də, elə qomiklər də.
– Qomiklər?
– Həri, onların da öz müştəriləri var. Cəmiyyət də bizi yamanlayır, bizə nifrət edir, ancaq xidmətimizdən hamı, imkanı olanları deyirəm, məmnuniyyətlə istifadə eləyir. Qanun da bizi təqib edir, elə həmin qanun qorxusunun gücünə bizi hara desən sürürlər. Bu saat mənim vəzifəm meydanda dava salmaq, ayrı-ayrı cəbhələri vuruşdurmaqdır. Gördün ki, pis işləmirəm.
– Qorxmursan?
– Qorxuram, amma uzaqbaşı bilirəm ki, mənim milisim məni qoruyur. Keqebeyə daha arxayınam. İstədiyim vaxt meydana girib-çıxa bilirəm. Əlimdə sənəd var. Komendant saatına-zada baxmır. Düzdür, adi buraxılış vərəqələrindən seçilmir, amma nəsə bir qeydi var, mən özüm də bilmirəm harasındadır.
– Axı bunun nə mənası var?
– Necə, nə mənası var? Bəs şəhərdə gəzən söhbətləri eşitmirsən, camaat ölür belə şayiələr üçün. Ay nə bilim gecələr meydanda qızlar belə göbək rəqsi oynayır, lider dediyimiz videoda pornofilmə baxır, nəşə çəkir, xalqdan yığdıqları pulları sağa-sola xərcləyir...
– Yalandır bu söhbətlər?
– Dəxli yoxdur, yalandır, düzdür, fakt budur ki, camaat danışır, meydandakı mərəkə gözdən düşür, əhalinin çox hissəsi pis şeyə daha tez inanır.
– Göstər mənə propuskanı.
– Olmaz! – Şübhə ilə baxdı ona. – Neynirsən?
– Elə-belə...
– Yanımda deyil – qız yalandan dedi və yanıb filtrə çatmış siqareti külqabıya atdı. – Darıxdım, çox əngə verdik.
Oğlan uzanmış qızı qucaqladı, öz köynəyi onun əynində idi, yaxasının bir düyməsi bağlı idi, düyməni açıb onun xırda məməsini nəvazişlə sıxdı və dedi:
– Sənə bir işim düşüb.
– Mənə? – qız döşünü onun əlindən çıxarıb köynəklə sinəsini örtdü. – İşgüzar söhbət olan yerdə qalan şeylər artıqdı. Eşidirəm. – Yaxasını düymələdi.
– Çasnı abort eləyən lazımdır.
Qız yavaşdan güldü, sonra qalxıb dirsəkləndi və oğlanın çay rəngi almış və guya gündə qaralmış kimi görünən sifətinə, ala rəngi tündləşmiş kömək istəyən gözlərinə baxdı, qəhqəhə ilə güldü və birdən dayandı:
– Qız uşağı xarab eləmisən? On beş yaşında? – Əlini oğlanın qarnından bir az aşağı apardı və nəvazişlə soruşdu: – Yazığın gəlmədi?
– Qız idi, amma on beş yox, otuz yaşı var.
– Oy-oy... Qarımız qız? O günə qalmısan? Başa düşürəm, başa düşürəm, elələri özləri sarmaşır adama.
– Bəsdir, söz dedim sənə, demədim ki, çürüdəsən.
– Yaxşı, yaxşı hirslənmə. – Güldü. – Təsəvvür eləyirəm yazıq qız indi nə vəziyyətdədir, elə bilir ki, bütün şəhər onun qarnındakı... – Oğlanın narazı baxışlarını görüb sözü dəyişdi. – Yaxşı, susdum. Daha heç nə demiyəcəm, heç nə soruşmayacam. Amma qoy bir fikirləşim, mən heç vaxt abort eləməmişəm, amma... bir şey fikirləşərəm, soraqlaşaram. Semaşkada...
– Semaşka nədi, xəstəxanaya getməz, evdə eləyən lazımdır.
– Oy-oy-oy... lap uşaqdır ki, otuz yaşında... doğrudan qız idi?
– Bəsdir!
– Yaxşı, yaxşı... Sabah sənə deyərəm.
– Harda görəcəm səni, meydanda?
– Yox, nə danışırsan, sabah mən ora gedə bilmərəm. Ara vermək lazımdır. Gərək saçımın rəngini dəyişəm, marafeti təzələyəm. Axşam tərəfi zəng elə, ya da gəl məni tap.
– Taparam.
– Əlbəttə, könlü balıq istəyənin quyruğu suda gərək.

Qapının zəngini basıb gözlədi. Əvvəlcədən üzünə yuxulu, yorğun görkəm vermək üçün hələ maşında qaşqabağını töküb sifətini turşutmuşdu. Gecə evə gəlməməsi aydın məsələ idi ki, böyük hay-küyə səbəb olmalı idi, ancaq arxayın idi, meydan girəcəkdi qanının arasına. Qızın meydanda törətdiyi davanı danışacaqdı, gördüklərini və görməyib eşitdiklərini də nağıl eləyəcəkdi. Yerli-yataqlı söhbət arvadının, ən çoxu isə qaynanasının ildırım kimi çaxmasının qarşısını alacaqdı. Qaynanadan elə qorxusu yox idi, dilini dirbəfəlik bağlamışdı, ləkə hələ də boynunda idi; düzdür, həmin nişandan salamat çıxmaq üçün gecə qaranlıqda arvadını həmin yerdən öpməyə, bərk öpməyə məcbur eləmişdi. Vanna otağında yuyunub qayıdanda isə boynunu göstərib demişdi ki, «Tı straşnıy sled ostavila na şee». Arvadı bənövşəyi ləkəyə baxıb qıpqırmızı olmuş və oğlanın gözünə baxmaqdan utanıb demişdi ki, «Tı sam zastavil menya». Sonra da əlavə eləmişdi ki, evdə hələlik boynu açıq gəzmə, «mne stıdno».
Qapını qaynanası açdı, üzünə baxmadan geri çəkildi və içəri otağa dedi:
– Gəldi, uspakoysya... heç tükü də tərpənməyib.
Arvadı qaça-qaça özünü yetirdi, ərini sağ-salamat görəndə üzünü əlləri ilə örtüb hönkürdü və hönkürtüsü sızıltılı ağlamağa keçəndə yataq otağına yönəldi. Qaynana mətbəxə, oğlan arvadının dalınca yataq otağına keçdi və hələ də əllərini üzündən götürməmiş arvadını arxadan qucaqladı. Bilirdi ki, arxadan onu bütövcə qucaqlayanda daha tez ovunur.
– Ağlama, bir qulaq as gör...
– Ne nado!
– Bir soruş hardan gəlirəm də.
– Ne nado, ne xoçu. – Qız hönkürdü. – Vsyo konçeno, vsyo konçeno! – Daha bərk ağladı.
Belə anlarda onu həqiqətən sevirdi, qızın göz yaşları, bədbəxt vəziyyəti onda həmişə qarşısıalınmaz ehtiras, istək oyadırdı. İndi də qızı güclə özünə tərəf çevirib əllərini üzündən ayırdı. Göz yaşlarından islanıb qızarmış, əsl daxili əzabdan əyilib həmişəki gözəlliyini itirmiş sifətini öpməyə, harasından gəldi yalamağa başladı, tədricən müqavimətin zəiflədiyini görüb ayağı ilə qapını itələyib bağladı.
Qız onun məqsədini başa düşüb qəfil əlindən çıxdı və qətiyyətlə dedi:
– Net! Ne xoçu, ne xoçu... – Üstünə yeriyən oğlana yalvardı. – Ne xoçu, eto nevozmojno, nevınosimo.
Yalvarışa məhəl qoymayıb qızı qucaqladı, öpə-öpə enli çarpayıya yıxdı.
– Lyublyu tebya, bolşe vsex, ni kakaya jenşina, ni kakaya... ne dostavlyala mne stolko udovolstviy...
– Zamolçi... – Oğlana tabe olan qız onun ağzını qapadı... – Ne vri, ne nado. Zamolçi! Mama...
Anasını söymək istədi və bu söyüş heç də nifrətdən deyildi, özünü saxladı, söyüşü dilinə gətirməməyə gücü çatdı.
Ayağa qalxıb hələ də gözləri yumulu uzanıb qalmış arvadına qələbə hissi ilə baxdı və qaynatasının «tapşırığı» ilə bazadan aldığı «Adidas» idman formasını geyinəndə qaynanasının hər şeyi başa düşən səsi gəldi:
– Dəstəyi götürün.
Oğlan telefonun dəstəyini götürdü. Qaynatası idi:
– Gəlib çıxmısan?
– Meydanda idim.
– Necə? – o biri telefondan qaynanasının verdiyi sual daha tez oldu.
Qaynata zarafatla dedi:
– Nas podsluşivayut.
– Bəs nə bilmişdiniz, – qaynana ərkyana əsəbiliklə dedi. – Bütün gecəni evə gəlməyib, bir zəng də eləməyib ki, filan yerdəyəm.
Oğlan dəqiqləşdirdi:
– Meydanda.
– Olsun lap meydan, bəs evdə arvad, uşaq, biz...
– Sən dayan, – qaynatası arvadını sakitləşdirdi. – Qulaq as, kürəkən yoldaş, sən meydanda olanda mən sənin işinlə məşğul olmuşam. Bu gün saat dörddə get ora, bilirsən haranı deyirəm, deyəsən düzəlir.
– Doğrudan?
– Şübhən var, kürəkən yoldaş?
– Oldu, gedəcəm.
– Bax belə, xanım, sən dəstəyi qoy, kişi söhbətinə qarışma.
– Kişi söhbətləri bizsiz həll olunmur. – Qaynana ibarə ilə dedi və dəstəyi qoydu.
Qaynata xətdə ikisinin qaldığına əmin olduqdan sonra dedi:
– Meydanda gecələməyini ne odobryayu, özü də dünən gecə, yəqin ki, mənə çatdıracaqlar.
– Narahat olmayın, o qədər adam vardı ki, orda. Bir də mən təsadüfən düşmüşdüm ora, sluçayno, radi lyubopıtstvo...
– Bu başqa məsələ, ancaq axırıncı dəfə olsun, balaca bir səbəb kifayətdir ki, xaric məsələsi batsın, ağıllı ol. Qoy meydana uşaq-muşaq getsin, siyasi mübarizə həvəskarları, avantüristlər, sənin yerin deyil ora.
Qaynatası dəstəyi qoydu, o da dərindən nəfəs aldı və arvadının yanında uzanıb öyrənmək istədi görsün vəziyyət necədir, barışıq baş tutubmu.
Arvadı gözlərini açıb aydın baxışlarını ona yönəltdi və tənə ilə soruşdu:
– Kak tı moq? Ne skazav, ne preduprediv...
Oğlan onun yanağından öpdü və bu öpüşün səmimiyyətinə inanmamaq, ondakı zərifliyə biganə qalmaq mümkün deyildi. Qız gülümsədi, gecənin gərginliyini əritmiş bir az əvvəlki görüş, atası ilə ərinin telefon söhbəti, nəhayət, bu səmimi və zərif öpüş öz işini görmüşdü.
– Ağlıma nələr gəldi. Çeqo tolko ne predstavlyala sebe... – Qızın yenə də gözləri doldu, üzünü oğlanın sinəsinə söykədi və diksindi, burnuna heç vaxt işlətmədiyi fransız ətrinin iyi dəydi. Gerilədi, ancaq heç nə demədi, ürəyində şübhə yenidən tərpəndisə də daha söhbəti təzələməyə, hər şeyi təzədən başlamağa fəhmlə gələn qadın müdrikliyi kafayət elədi. Oğlan özündən razı halda qalxıb güzgü qabağına keçdi. Üst-başını səliqəyə sala-sala dedi ki, deyəsən iş düzəlir, papa onu deyirdi, bu gün gedəcəm kişinin yanına.
Qız məsələni bildiyi üçün heç nə demədi və bir onu əlavə elədi:
– Skoreye bı!
Səhər yeməyində qaynanası meydandan söhbət saldı və dedi ki, sən orda siyasi mübarizə ilə məşğul olanda mən burda evini, arvadını, qızını qoruyurdum.
Oğlan nomenklaturanın xüsusi mağazasından gələn qırmızı kürü və kərə yağı yaxılmış yaxmacı ötürüb mütləq hər səhər yediyi qayqanağa girişəndə meydan sərgüzəştlərindən danışdı və o qədər ətraflı, maraqlı nağıl elədi ki, deyəsən nəhayət qaynanası da onun həqiqətən gecəni meydanda keçirdiyinə inandı və hökmlə dedi:
– Meydana getməyin axırıncı dəfə olsun! Korlama reputasiyanı.
– Oldu! – Əlini gicgahına apardı və qaynanasına necə gülümsədisə, arvad gözünü aşağı salmalı oldu.

Ona dedilər ki, sənədlərini lazım olan yerə, yəni Moskvaya göndərmişik, bir aya qəti cavab olacaq, ya Suriyaya, ya da Əlcəzairə gedəcəksən.
– Suriyaya qətidir, – xüsusi tapşırıqla onu qəbul eləmiş şəxs dedi. – Oturacaqsan ştabda, gündəlik verilən materialları ərəb dilindən tərcümə edəcəksən rus dilinə, vəssalam. Nə get-gəl, nə mürəkkəblik. Buradakı kimi səkkiz saatlıq iş günü, pulu da ki pul. Qayıdanda «Qaz-24»-ün olacaq.
– Hər gün oturub tərcümə eləmək...
– Nədir, ağır olar?
– Doğrusu, oturaq iş sevmirəm, mən bir yerdə səkkiz saat otura bilərəm?
– Bəs camaat necə oturur? – Məsul şəxs təəccübləndi. – Bu yer üçün camaat sino gedir, kişi hər ehtiyat üçün saxlayıb, maaşı da yüksəkdir. Bəlkə dili yaxşı bilmirsən?
O nə çəkindi, nə utandı və ürəklə dedi:
– Yox, məsələ bilib-bilməməkdə deyil, mən səkkiz saat oturub tərcümə eləyə bilmərəm, partdaram.
– Özün bil, – məsul şəxs heç nə anlamadan dedi. – Dəməşqin özündə. Camaat gedir bədəvi səhranın düzündə tərcüməçilik eləyir, nə rahatlıq görür, nə şəhərə dəyir ayağı...
– Məni oturub tərcümə eləmək təmin eləmir. Əlcəzair yaxşıdır, göndərin tərcüməçi kimi, orda bir şey fikirləşərik.
– Neynək, onda bir ay gözləməli olacaqsan.
– Oldu! – Qalxıb məsul şəxsin otağından çıxdı və həşəmətli binanın saysız-hesabsız pilləkənlərini düşərkən fikirləşdi ki, bu bir ayda maşını satmalı, abortu yoluna qoymalı, yapon maqnitofonuna, videosuna müştəri tapıb əritməli, o şeyləri ki, xaricdən gətirə bilər, hamısını satıb pula çevirməli. Həm də elə etmək lazım idi ki, guya onu işə öz idarələri göndərir, maaşı hər nədi yığılsın. Bu onun xaricə axırıncı gedişi idi və bu gedişdə xeyli pul eləmək lazım idi.
Və bu yerdə yenə də abort düşdü yadına, ən azı yüz manat verməli idi. Qızı ürəyində söydü ki, axıra yaxın yaxşı hədiyyə elədi. Nahaq belə uzun əlaqəyə yol verdi, amma səbəb də məlum idi, hər şey qalsın bir tərəfə, bu qıza bir qəpik də olsun xərci çıxmırdı, qız ondan heç nə tələb eləmirdi, qorxusuz-ürküsüz əlaqə idi. Hələ bir dəfə də maşınına mindirməmişdi, bir dəfə də olsun yanaşı bir yerə getməmişdilər, onların əlaqəsinə şahid olan üçüncü bir adam yox idi. Bunun özü də ləzzət eləyirdi. İndi isə bu abort məsələsi onu dilxor elədi. Özü də macalın bu dar vaxtında həm də qız özünü nəsə bir az laübalı aparır, nəsə sözlü adama oxşayırdı. Nahaq yerə! Burada heç bir söz ola bilməz, qoy sevinsin ki, onun bakirə həyatına müdaxilə eləyən oğul var, özü də «necə oğlan!» «Necə oğlan» ifadəsini guya istehza ilə deyirdi, ancaq həqiqətən belə düşünürdü. Hardan ilişdi, niyə ilişdi, niyə axı qoruna bilmir, nəyə görə eyni ləzzəti alsınlar, əziyyəti isə təkcə o çəksin, həkim tapsın, pul versin, həyəcanlansın...
Birdən yadına düşdü ki, qızı tapıb həkim məsələsini öyrənməlidir. Bir tərəfdən də onun milisdə uçotda olması xoşuna gəlməmişdi, daha doğrusu, artıq bu əlaqədən qorxurdu, yaxşı ki, zəiflik eləyib koordinatlarını ona verməmişdi. Heç adını da deməmişdi. İstəyəndə axtarıb özü tapırdı.
– İndi fikirləşirsən ki, yaxşı hərif düşüb əlimə, eləmi?
– Hərif sənsən?
– Bəs necə? İstəyəndə gəlib tapırsan, havayı çapırsan əldən düşənəcən.
– Puldan özün imtina eləməmisən?
– Dura ya.
– Niyə? İstəyirsən pul verim?
– Lazım deyil, öz xoşuma istəmirəm də. İstəsəm pul nədir, canıvı da alaram!
– Canımı?
– Lap canıvı.
– Onda pul verməli olacaqsan, özü də çox.
– Sən də elə bir cür sutenyorsan. Nə əcəb sən də məni vəzifəli adamların birinə təklif eləmirsən?
– Sarsaqlama. Sən məni qətiyyən tanımırsan. Heç adımı bilmirsən.
– Oy-oy-oy... Mən səni tanımıram? – Qız əzilib-büzüldü və birdən ciddi: – Uşaqsan, frayırsan. İstəyirsən, adını, ünvanını, hörmətli qaynatovun, qəhbə qaynanovun adlarını da deyim?
– Necə? Nə dedin? – Ürəyindən keçdi ki, ona bir şillə vursun, saxladı özünü, ancaq deyə bildi ki, sən agent, stukaç deyilsən ki?
Qız pis güldü və dedi ki, xeyr mən adicə maşın qızıyam, amma elə adamlarla olmuşam ki, elə oluram da... Yuxarılarda əxlaqsız kişilər daha çoxdur. İstəyirsən adlarını çəkim, kimin nəyin həvəskarı olduğunu da deyim.
– Yox, demə!..
Xatirində birdən oyanan bu söhbətə onda ciddi yanaşmamışdı, ancaq o gecəki görüşdən sonra qorxurdu bu qızdan və fikirləşirdi ki, abortdan sonra daha onunla görüşməyəcək. Belə fikirləşib qərar qəbul eləsə də, bilirdi ki, bu əlaqəni qəsdən, özü kəsə bilməyəcək, bəlkə xaricə getsə hər şeyə nöqtə qoyula, öz-özünə.
İşə də getməmişdi. Yenə də müdir müəllim deyinəcək, onu danlamağa təşəbbüs göstərəcəkdi. Gərək susub qulaq asaydı onun zəvzəməsinə. Aha, birdən yadına düşdü ki, meydanda gecələməyini desə müdir keçəcək hər şeyin üstündən, bəs necə, kişi meydanın azarkeşi idi və bunu milli qeyrətin təzahürü, əsas əlaməti hesab eləyirdi. Getdikcə milli çərçivəni, milli sədləri adlayıb siyasi rəng alan bu hərəkata ləkə vuranları lənətləyirdi. Respublika mətbuatını söyürdü. «Satqın, yaltaq, nökər mətbuat» adlandırırdı...
Qızı tapa bilmədi, elə bil yağlı əppəyə dönmüşdü. Ürəyində qəliz bir söyüş söydü onun ünvanına, maşını tankların, beteerlərin, son iki gündə xeyli fəallaşmış əsgərlərin dayandığı küçələrdən qova-qova yenə də meydan tərəfə sürdü. Ümid eləyirdi ki, bəlkə itiyini orda tapa.
Bu dəfə maşını meydandan xeyli aralıda saxlamalı oldu. Əsgərlər meydanı əhatə edən boş zonanı xeyli genişləndirmişdilər. Dünəndən rayonlardan tətilçilərə, mitinq iştirakçılarına göndərilən maddi köməyin qarşısı alınmışdı. Şəhərə gələn yolları əsgərlər bağlamışdılar. Mübarizlər, meydanın daimi «sakinləri» yalnız şəhər əhalisinin ümidinə qalmışdılar. Kömək eləyənlər çox idi, lakin köməyin meydana daxil olmasına mane olan qüvvələr də güclənmişdi. Bu gün çıxan qəzetlərin əksəriyyəti mitinqin mübarizə yolu olmadığını yazır, camaatı işləməyə, qalan məsələlərin həllini isə dövlətin özünə həvalə etməyi təbliğ edirdilər. Liderin ünvanına hələ açıq-aydın hücum olmasa da, dolayısı ilə onun avantüra ilə məşğul olduğunu deyir, xalqla ziyalılar, ziyalılarla hökumət arasında ayrılıq, nifaq salmaqda təqsirləndirirdilər. Son günlər mitinqdəki çıxışların məzmunu da bu ruhda idi.
İki cərgədə dayanmış qalxanlı, dəyənəkli, zirehli əsgərlər hamısı bir-birinə oxşayırdılar, adama elə gəlirdi ki, gül-çiçəklə, qərənfillə qarşılanmış, ilk günlər sözün əsl mənasında meydandan qidalanan, cənub nemətlərini iştaha ilə təpişdirən və nəticədə gülləbatmaz jiletlərinə sığmayan bu əsgərləri elə bil birdən-birə götürüb üzü üstə qoymuşdular. Meydana gedən canlı dar keçiddən əlində bağlancaq, bükülü olan adamları sərt əmrlə saxlayır, yoxlamamış buraxmırdılar, müqavimət göstərənləri sinəsindən basıb geri itələyirdilər. Paltosunun, plaşının altında tonqal üçün taxta, odun parçası aparmaq istəyənləri elə bil uzaqdan tanıyır, dayandırırdılar. Giriş də bircə yerdən idi. Həmin yerin ağzında əsgərlərdən uzun və dar dəhliz düzəltmişdilər ki, yoxlama ciddi, etibarlı olsun. İçəri girmək növbəsi yaxınlaşanda qışqırıq qopdu, ara qarışdı və bu qışqırığın arasından çox tanış səs gəldi qulağına. Boylandı, hamı kimi irəli dartındı ki, nə baş verdiyini öz gözü ilə görə bilsin. Tanış səsin yiyəsini birdən gördü və əsgərlərlə əlbəyaxa olan qadını dərhal tanıdı. Əlindəki bükülüdən az qala sallaşmışdı və heç vəchlə buraxmaq istəmirdi.
– Ni za şto ne otdam, lap gözüvü çıxardaram, sarı köpəkoğlu! Tam deti moi, sınovya moi.
– Ne polojeno! – Cavan, üzünə tük çıxmamış sarı əsgər qadını geri itələməyə təşəbbüs göstərdi. Qadın hikkə ilə özünü birinci əsgərə köməyə gəlmiş daha iki sarı əsgərə toxudu.
– Propustite menya, köpək uşağı, əclaflar, başkəsənlər! Okkupantı! Vı ne imeete prava. Propustite!!!
Qarışıqlıqdan istifadə edən camaat arxadan güc gəlib qadını və onunla birlikdə əsgərləri itələyib canlı zənciri yarmağa təşəbbüs göstərdi.
– Nazad!
Bir göz qırpımında ətrafı əsgərlər aldı, bir neçə zabit də hadisə yerinə qaçıb gəldi. Kimsə əlini pistoletin qoburuna aparıb qışqırdı:
– Opomnis jenşina!
Müvəqqəti olaraq meydana giriş kəsildi.
– Yesli ne budete soblyudat poryadka ne propustim ni koqo!
– Sən öləsən! – Qadının qalın, xırıltılı səsi eşidildi.
– Uşaqlar, itələyin, qorxmayın, itələyin! Hələ güllə atmağa icazələri yoxdur. İrəli! İrəli!!!
Dəstə birdən gücə gəldi və bu dəfəki həmlə həlledici oldu. Kütlə onsuz da zəif olan əsgər zəncirini yarıb sel kimi içəri axdı. Kütlə güclü axın kimi ayaqlarını yerdən qaldırıb onu irəli apardı. Bu elə sürətlə oldu ki, tribunaya necə çatdığını hiss eləmədi. Bir də ayıldı ki, qadınla üz-üzə yapışıb; qadın tövşüyə-tövşüyə gülürdü:
– Gördün? El gücü, sel gücü deyərlər buna! – Papiros çıxartdı. – Tez-tez görürəm səni burda. Nə əcəb! Bura axı sənin yerin deyil, yoxsa səni keqebeyə düzəldiblər, sınaq təcrübəsi keçirsən? Dinmirsən, deməli, səhv eləməmişəm.
– Təəssüf ki, səhv eləyirsiniz?
– Təəssüf? Utanım yerinə! Zarafatdı elədim, bilirəm ki, sən keqebedə də işləməzsən, çünki orda da əziyyət çəkmək lazımdır. Sən isə potrebitelsən, eşitmisən potrebitel zümrəsi haqqında?
– Eşitməmişəm, amma potrebitel nədir bilirəm, yeyən, içən, geyən, kef çəkən...
– Elədir, indi bizim inkişaf etmiş sosializm cəmiyyətində, düzdür sonradan məlum oldu ki, nəinki inkişaf etmiş sosializm, heç sosializm də deyilmiş bu qurduğumuz, adsız, eybəcər bir şey imiş, nəysə, bizim həyatımız havayı gedib. Sözüm onda deyil, həmin eybəcər sosializm qəribə bir zümrə yetişdirib, adını da mən qoymuşam: potrebitel zümrəsi. Cəmiyyətin hər şeyinin yaxşısından, onun nemətlərinin ən dadlısından istifadə edir, özü də zəhmət çəkmədən, baş işlətmədən, sənin kimi. Buna mən potrebitel zümrəsi deyirəm. Bu zümrəyə daxil olanlar da təəssüf ki, bürokratik idarə aparatı rəhbərlərinin oğul-uşaqlarıdır, böyüyüb ərsəyə çatanda onları rahat, havayı yemək olan yerə yıxırlar, belə yer də bizdə allaha şükür, çoxdur. Təki işləməsinlər, zəhmət çəkməsinlər, amma yaxşı yesinlər. Görürsən tribunadakı o oğlanı, cəmi iyirmi altı yaşı var, canım qurban ona, vətənə o cür oğullar lazımdır, sənin kimilər yox, təəssüf ki, siz çoxsunuz. Sən heç mənə etiraz da eləyə bilmirsən, qorxursan qardaşımdan, istəsəm səni xaricə getməyə də qoymaram, istəsəm səni tutdura da bilərəm.
Qızardı və hiss elədi ki, səsi papiros çəkməkdən xırıldayan, sinəsi taxta kimi qupquru, vaxtından qabaq ağarmış saçına zil qara rəng yaxmış bu qadından həqiqətən qorxur, ona görə yox ki, bu qadın ona nəsə bir pislik eləyər, xaricdən saxlayar, yox, səbəb bu deyildi, səbəb o idi ki, bu qadın onun içini kitab kimi oxuyur, onu rentgenə salıb fikrindən keçənləri görür. Keçmişini və gələcəyini bilir.
– Qardaşımı da qınayıram, o da xalqını sevən adam deyil, yox sevir, amma özünü, ailəsini, şəxsi mənafeyini daha yuxarıda tutur, vəzifəsinin quluna çevrilib, halbuki vəzifə, lap elə həyatın özü də müvəqqətidir, xalq isə əbədidir, xalq, millət yaşamalıdır, onu içəridən yemək, yaxasını yırtıb, sorub hayıf eləmək olmaz.
Qadına etiraz eləyə bilmirdi, dediklərini də heç cür başa düşmür, qəbul eləyə bilmirdi. Əgər insan onun üçün buraxılmış altmış-yetmiş ildən sonra ölüb gedəcəksə və bu dünya onun üçün qurtaracaqsa özünü öldürməyin, xalq, torpaq uğrunda mübarizə aparmağın mənası nədir?
– Sən o tribunadakı oğlanı axmaq hesab eləyirsən, ürəyində ona gülürsən, amma nahaq, min dəfə nahaq, o oğlan xalqın qəlbində yaşayacaq, onun adı tarixə düşmüş qəhrəmanlarımızın adı kimi xalqın yaddaşında həmişəlik qalacaq. Bu əbədi həyatdır.
Oğlan özünü saxlaya bilmədi və dedi:
– Ölüb gedəndən sonra nə biləcək ki, onun adı yaşayır?
– Necə? – Qadın dinozavra baxan kimi baxdı ona, təəccübdən ağzı açıla qaldı. – Nə dedin?
– Əgər öləndən sonra adam bircə dəfə dünyaya baxıb özünün yaddan çıxmadığını görə bilsəydi, xəbəri olsaydı yenə bir yeri vardı, yoxsa ki...
– Yox, sən düzəlməz potrebitelsən, sən elə dəhşətli materialistsən ki, Marks yanında toya getməlidir. Ruhi həyat, mənəvi dünya sənə o qədər yaddır ki... – Qadın siqaretini necə sordusa ovurdları görüşdü. – Dünyanı xarab eləyən elə materialist filosoflar oldu. İnsanın ikinci həyatının əfsanə olduğunu deyən filosoflar. Əgər belə olmasaydı, sən maşınla vurduğun adamı yolda qoyub qaçmazdın.
– Siz nə danışırsınız? – Oğlan qeyzlə dilləndi, özünü təhqir olunmuş adam kimi göstərmək istədi, ancaq çox süni alındı.
– Bəli, bəli, heç özünü tülkülüyə vurma, sən ikinci həyatın, qıl körpünün varlığına inansaydın o cür günaha yol verməzdin, bəlkə də sən bir dəfə yox, lap on dəfə adam vurub qaçmısan. Elədirmi, boynuna al, hələ bu fərasətinlə öyünmüsən də.
– Axı olmayan şeyi mən niyə boynuma alım? – Oğlan qadının gözlərinə baxmaqdan qorxdu.
– Yalan danışdığını görmək üçün elə də həssas olmaq lazım deyil. Dünən televizorda QAİ işçisi deyəndə ki, Xaçmaz yolunda vurulmuş adamın canisi tapılıb, mən dedim indi sənin adını çəkib şəklini göstərəcəklər.
Oğlanın rəngi ağardı və o qeyri-ixtiyari soruşdu:
– Xaçmaz yolunda?
– Nədi, tanış gəlir?
– Ölüb qoca?
– Qoca niyə? – Qadın təəccübləndi.
– Bəs kim? Siz qoca dediniz?
– Xeyr, qoca yox, qadın dedim mən, yox, yox, «adamın» dedim.
Oğlan sakitləşdi və özünü gülümsəməyə məcbur elədi.
– Dedilər mən vurmuşam?
– Yox, sən vuran qoca kişidir.
Qadın onun cavabını gözləməyib sərt çöndü və camaatın gur yerində itdi.

Qapının zəngi çalındı. Təlaşla qaynanasının dodaqlarını boynundan qoparmağa çalışdı, arvad buraxmadı və onun zərif, şümal bədənini qolları arasında sıxdı. Çabaladı ki, arvadın sıvaşqan əllərindən qopsun. Gücü çatmadı. Qapının zəngi bir də çalındı və ona elə gəldi ki, bu zəng səsində kimsə dil açıb danışır və qapını tez açmağa çağırır.
– Burax məni, burax...
Qaynana onu buraxmırdı və hiss eləyirdi ki, boynundan dodaqları ilə yapışmış arvad qanını zəli kimi sorur və udduqca su içən kimi qurtuldadır. Oğlan qopmaq, aralanmaq, nəfəsini darıxdıran bu vampir qadından qurtulmaq istəyirdi. Özünü söyürdü ki, niyə onda bu qadına əl atdı, niyə bu sarsaq, şərəfsiz yola qədəm qoydu, nəyin xatirinə?
– Burax, qapının zəngi çalınır, gələn var...
Gözlərini açanda gördü ki, boynunu soran qaynanası deyil, maşın qızıdır, ürəkləndi və hirslə itələyib onu yerə yıxdı, qız üzüqoylu döşəməyə sərələndi və oğlan boynundan qan axa-axa qapıya sarı getdi. Gözlükdən bayıra baxmadan qapını açdı və yerində quruyub qaldı. Alnından şarhaşar qan axan qoca kandarda dayanmışdı. Gözləri yumulu idi:
– Apar məni, başına dolanım, apar məni, qorxma apar, apar kəndimə.

Utana-utana içəri girdi. Müdir guya işlə məşğul idi və onun salamını çox soyuq aldı. Keçib cəsarətsiz bir tövrlə oturdu.
– Yəqin məndən narazısınız?
– Narazıyam.
İndi başlayacaqdı həmişəki söhbət, yarıdanlaq, yarınəsihət. Elə buna hövsələsi çatmırdı, ümumiyyətlə zəhləsi gedirdi bu haqq-hesabdan, odur ki, tez mətləbə keçdi:
– Gecəni mitinqdə, meydanda keçirmişəm.
Müdir müəllimin eyni birdən açıldı.
– Sən? Sən meydanda?
– Təsəvvür eləyin ki, mən bütün gecəni meydanda olmuşam. Nələr gördüm, nələr öyrəndim.
– Danış, danış, mən heç cür qala bilmirəm, ha deyirəm bir gecə qalım, alınmır.
Bundan sonra bildiklərini, gördüklərini danışdı. Müdir müəllim xeyli dilxor oldu.
– Yox, qurtarmaq lazımdır bu mitinqi, olmaz, yaxşı başlayıb yaxşı da qurtarmaq lazımdır. – Həyəcanla siqaret yandırdı. – Hər şeyin bir sonu olmalıdır, bu işdə isə şərəfli sonluq vacib məsələdir.
– Bəs mən nə deyirəm, axı nə xeyri var o mitinqin?
– Gəl xeyrindən danışmayaq, xeyri var, özü də çox böyük, xalq bu on gündə yüz illik mübarizə yolu keçdi elə bil, ancaq hər bir xalq hərəkatının inkişafı, zirvəsi və enişi olur. Hazırda enmə mərhələsidir. Gərək özümüz qurtaraq, mitinqi zorla dağıtsalar xalqın gözü qorxar, mübarizəyə inam qırılar, sonra ta bu xalqı birləşdirmək mümkün olmaz, kütləvi hərəkat baş tutmaz.
Telefon zəng çaldı. Müdir narazı baxdı telefona.
– O liderlə görüşə bilsəydim, bir-iki məsləhət verərdim ona.
Telefon susmadı, müdir cavab verməli oldu.
– Bəli, mənəm, calaşdır. – Oğlana dedi. – Direktordur. Bəli, sabahınız xeyir, hər şey qaydasındadır. Yox, nə tətil, hamı işləyir, yox, heç narahat olmayın. Nə danışırsınız? Oldu, sağ olun.
İstehza ilə güldü:
– Qorxub direktor, deyir tətildə deyilsiniz, elə bilir işləmirik. Deyir gözdən uzaqsınız, elə olmasın ki, cavab verək orda-burda.
– Çox idarə tətildədir, bizə noolub, patriot deyilik?
– Tətil bizsiz də keçinər. Onsuz da elə ordayıq da. Səhər gedirəm, günorta qayıdıram.
– Yeməyə?
– Elə yeməyə də.
Yenə də telefon zəng çaldı. Müdir götürdü.
– Bəli, bu saat, elə burdadır. Səni istəyirlər.
Müdir dəstəyi ona uzadaraq yarızarafat, yarıgerçək dedi:
– Gəlmirsən, gələndə də... Səndən işçi olmaz.
Oğlan ərköyün bicliklə gülümsəyib peysərini qaşıdı və dəstəyi götürdü.
– Alo!
– İndi səsimi eşidib yıxılacaqsan. – Doğrudan da yıxılmamaq üçün masanın qırağından yapışdı. – Nədi, yıxıldın, uje? Gördün ki, iş telefonunu bilirəm. Quyruğun əlimdədir. Hələ qaynatanı da yaxından tanıyıram, amma bu barədə sonra.
– Bə-bə...
– Dilin də tutuldu? Utanım yerinə, bəs sonra neyləyəcəksən?
– Sonra nə olasıdır ki? – Daha dəhşətli bir oyun gözləyən adam kimi qorxa-qorxa soruşdu.
– Sonra da bilərsən. İndi isə keçək işgüzar söhbətə, sevindirim səni, həkim tapmışam, evdə eləyir, amma əri olmayan qızlardan yüz əlli manat alır, bu qarımış qızlara da aiddir. – Qız necə qəhqəhə çəkdisə telefona yaxın oturmuş müdir də eşitdi bu gülüşü və özünü saxlaya bilməyib qeyd elədi:
– Deyəsən bərk ilişmisən?
Oğlan müdirin qeydini boş buraxıb söhbəti kəsmək üçün bir qədər sərt dedi:
– Gödək elə!
Qız inciyib səsini qaldırdı:
– Elə bilmə ki, qarımış qızla danışırsan, əzizim, bu mənəm, mənimlə zarafat olmaz. Sənə həkim tapmışam, sudan quru çıxarıram, hələ bir təpik də atırsan?
– Yaxşı də. – Oğlan hovundan aldı. – Ərk eləyirəm, axı bir yerdə xoş saatlar, xoş dəqiqələr keçirmişik.
Müdir:
– Həsdədin a...
Dəstəkdən qızın səsi gəldi:
– Bu başqa məsələ, xoşum gəldi səndən. Yaxşı, simicsən axı, gərək şərti şumda kəsək də...
– Razıyam.
– Yüz əlliyə razısan?
– Dedim də, razıyam.
– Afərin, deməli, məsələ ciddidir, bura bax, elə adam özünü öldürə də bilər a, muğayat ol. Hə! Düz on beş gündən sonra qəbul edəcək. Gec deyil ki?
– Voobşe to... yox, ancaq tez olsa yaxşıdı.
– Neçə aylıqdır ki? – Qızın kinayəli və əsəbi səsi eşidildi.
– İki.
– Eybi yoxdur, dözər. On beş yaşında deyil ha...
– Bəs səni necə tapım?
– Məni necə tapmağı təxminən bilirsən. Düzdür, indi iş başdan aşır, bilirsən də payızdır, sezondur, işdir görüşməsək, özüm sənə zəng eliyəcəm. Çao!
Sifətindəki şaşqın ifadə müdirin gözündən yayınmadı. Və kişi bir qədər sevinclə dedi:
– Hər şey həmişə yağ kimi getmir, oğlan, bəzən quymaq da diş sındırır, allahın rəyi olanda.
– Elədir, – oğlan dilxor dedi və öz-özünə «Bir aborta yüz əlli manat pul» dedi. Bu yüz əlli manata çiçəyi burnunda olan iki-üç qız tovlamaq olardı. İndi hardan çıxarsın bu yüz əlli manatı ki, abort üstünə havayı düşsün. Və tez də tapdı, dostlarından biri ona demişdi ki, «Abşeron» mehmanxanasına bir dəstə ərəb gəlib gəzməyə, yaxşı da mal gətiriblər, geyim-keçim. Tələsik dostuna zəng elədi.
Yarım saatdan sonra yenə də müdirin kabinetində idi.
– Bir bunlara baxın.
Müdirin ağzını açmasına imkan verməyib iri, üstü xarici dildə yazılarla dolu sellofan paketdən cürbəcür koftaları, şalvarları, bir sıra xırda-xuruş qadın bəzək şeylərini tökdü masanın üstünə.
– Bu nədir? – Müdir məsələnin nə yerdə olduğunu bilsə də soruşdu. – Arşın malçısan?
– Ərəblər gəlib bura, satırlar, özü də ucuz qiymətə, istədiyinizi götürün də.
Müdirin biri on altı, o biri səkkiz yaşında iki qızı və bir arvadı var idi, özü də işi-gücü onlara pal-paltar tapşırmaq, az-çox tanıdığı alverçilərə sifariş vermək idi. İndi də bu alabəzək, dəbdə olan pal-paltarı görəndə kişinin rəngi qızardı. Şeyləri bircə-bircə nəzərdən keçirdi və qızına bir kofta, arvadına bərk dəbdə olan, əldə iki yüz əlliyə satılan üstü parlaq dabanı açıq başmaq götürdü.
– Qiymətləri nədi?
– Kofta yüz, bezzadniklər... onlar da yüzə... Ucuz verirlər, lap havayıdır.
– Yox bir pulsuzdur. Hər halda... Yaxşı, sən get şöbəyə, bilirəm ki, arvadlara da göstərəcəksən, mən də bir evə zəng eləyim.
Oğlan şeyləri necə gəldi sumkaya basıb çıxdı ki, müdir arvad-uşağı ilə sərbəst danışa bilsin.
Boş otaqlardan birinə keçib qızın nömrəsini yığdı:
– Mənəm.
Qız sevindi və sevincini gizlətmədən kiçik bir tənə ilə dedi:
– Niyə gəlmirsən, zəng eləmirsən?
Oğlan əsəbiləşməsə də narazı qaldığını bildirmək üçün dedi:
– Mənim elə bir vəzifəm də var?
– Yox, sənin mənə aid heç bir vəzifən yoxdur. Elə-belə dedim. – Sonra elə bil cəsarətə gəldi. – Dedim bəlkə qorxdun?
– Yox, mən elə şeylərdən qorxan deyiləm, amma qadına aid işlərlə məşğul olmaqdan zəhləm gedir.
Qız susdu və dəstəkdən belə onun ağlamağını güclə saxladığı hiss olundu və oğlanın içindən nəsə rəhmə oxşar bir hiss keçdi.
– Həkim tapmışam, evdə eləyir, amma bir on beş gün gözləməli olacaqsan. Burda deyil, on beş günə qayıdacaq.
– Nə yaman gec?
– Niyə gec, hələ iki aylıq deyil?
Qız güclə dedi:
– Elədir.
– Onda qorxusu yoxdur, camaat üç aylıq elətdirir.
Qız heç nə demədi, dəstəyi də qoymurdu. Oğlan bildi ki, ağlayır və bu ağlamağı heç nəyə yoza bilmədi. Hər halda qorxuya daha oxşayırdı.
– Niyə susdun? Yoxsa ağlayırsan?
– Yox ağlamıram. – Amma ağlayırdı və oğlan buna daha şübhə eləmirdi.
– Yaxşı həkimdir, əlində su içmək kimi şeydir. Ona görə də baha eləyir. İki yüz manata.
– Pulum var. – Palto almağa yığmışdım.
– O sənin işin deyil. Mən verəcəm. – Güldü. – Za udovolstvie nado platit.
Qız heç nə demədi və bayaqdan bəri göz yaşlarını sildiyi yaş əlini qarnının üstün qoydu və titrəyən içini, bətnini guya sakitləşdirmək istədi.
– Niyə danışmırsan?
– Nə danışım, allah məni öldürsün. Allah mənim ayıbımı örtsün, qara yer məni kamına çəksin.
– Başlandı nənəmin qarğışları, sən belə danışanda elə bilirəm yüz yaşın var.
Qız dəstəyi qoydu və tez də peşman olub yenidən qaldırdı, ancaq «du-du-du» səsləri onları ayırmışdı.
«Bu da belə, bu işi də yoluna qoyduq!» Qalırdı partiya məsələsi, namizədlik müddəti qurtarmışdı, bu bir ayın içində üzvlük biletini də alıb cibə qoymaq lazım idi. Partkomun otağına getdi. Qapını ürəklə açıb içəri girdi, bilirdi ki, raykomdan tapşırıblar, o da öz növbəsində çalışıb məsələni tez çürütməliydi. Lazımi sənədləri bir həftə idi hazırlamışdı. Qapını açıb içəri girəndə müdiri burda gördü və güya şikayət kimi dedi:
– Görürsüz də, məni partiyaya götürmək istəmirlər.
– Nə deyib götürmürlər? Əvvələ baxma ey, rüşvətlə girirdilər partiyaya, indi vəziyyət dəyişib. Yalvarırlar.
Partkom da gülümsədi:
– Nu, nu, nu... Sənin işini ləngitmək olar? Bir də gördün sekadan zəng elədilər.
– Onda tələsin də... Axı mən bir aya gedirəm.
Müdir az qala göyə baxıb o gözə görünməz kişiyə şükür edəcəkdi, amma üzdə başqa cür dedi:
– Həə, gedir, yoldaş partkom, gedir. Bu cür oğlanı dəstəmizdə saxlaya bilmirik.
– Eybi yoxdur, – partkom dedi. – Qoy gedib bir az bərkə-boşa düşsün, çətinlik görsün, xeyri var.
– Məni bağışlayın, – oğlan yarıciddi, yarızarafat dedi. – Niyə siz yaşlı adamlar çətinliyi, bərki-boşu belə sevirsiniz? Axı bu nə deməkdir? Nəyə görə adam əziyyət çəkməlidir? Yəni ömrü boyu əziyyətsiz yaşamaq olmaz?
– Ağıllı sözə nə deyəsən? – Partkom çal bığlarını sığallayıb qovluqlardan birini götürdü və onu vərəqlədi. Sonra da direktora zəng elədi:
– Yoldaş direktor, bu gün büro keçirsək necə olar? Vaxtınız var? – Görünür razılıq cavabı aldı və gülümsəyib oğlana göz vurdu. – Olar, olar, niyə olmur, nizam-intizamın elə bizə dəxli var. – Dəstəyi qoydu. – İşin düzəldi, aşna, bu gün bürodur, sənin qəbul işinə da baxacağıq. Hazırsanmı?
Fikirləşmədən dedi:
– Hazıram, lap çoxdan hazıram.
Müdir gülümsədi və dedi:
– Nizamnaməni əzbərlə, bir də müasir dünyanın vəziyyətindən xəbər tut.
– Bəs ölkənin daxilindəki hadisələr?
– Onlar heç kimə lazım deyil. Bizi xaricin vəziyyəti daha çox narahat edir, – müdir partkomun əvəzinə cavab verdi. – Elə olmasaydı...
Partkom narahat oldu və kişinin qulağına nəsə pıçıldadı. Müdir buna fikir verməyib sözünə davam elədi:
– Azərbaycan az qala səksən ildir parçalanıb, ayrı düşüb, oğul anaya, bacı qardaşa həsrət qalıb. Vətən yarası qövr eləyir, amma biz parçalanmış Koreyanın, Almaniyanın, nə bilim Kompuçiyanın dərdini çəkirik, hələ şairlərimiz onların dərdindən poema quraşdırır, göz yaşı axıdırlar. Öz dərdimizdən danışmağa ixtiyarımız da yoxdur.
– Müdir müəllim, sol gedirsiniz aaa... – Partkom xəbərdarlıq elədi.
Müdir hirslənmişdi və partkomun bu xəbərdarlığı onu lap qeyzləndirdi:
– Elə ki, danışmaq, demək istəyirik, bax elə sən bu saat mənə təpinən kimi siyasi cəhətdən sayıq bir yoldaş qaytanımızı çəkir, qulaq asmayanda yuxarı xəbər verir, az qala danos yazır. Özgələr yox e, elə özümüzünkü. Bəxtiyarın bir şeri var, yadımda deyil, amma məzmununu heç vaxt unutmaram.
Partkomla oğlan baxışdılar və bu baxışmada o qədər dərin həmrəylik vardı ki, müdir əlini yellətdi və şeri demədən durub otaqdan çıxdı.
Müdir gedəndən sonra partkom hər ehtimala qarşı qaynatası tanınan-seçilən partiya işçisi olan bu cavan oğlanın yanında özünü təmizə çıxarmaq, indicə eşitdikləri ilə şərik olmadığını bildirməyə tələsdi.
– Belədir də aləmi bir-birinə qatanlar, elə o meydana yığılan avaralar da bunun kimilərdir, tovlanan, təbliğata uyan uşaq-muşaqdır. Qoymurlar görək hara haradır.
Partkomun raykoma təlimatçı aparılmaq söhbəti var idi və məsələ bu yaxın günlərdə həll olunmalı idi, gəlib girmişdi araya bu mitinq, şəhərin bütün həyatı pozulmuşdu, gəl ki, onun təlimatçılığa keçirilməsi ola. Odur ki, partkomun azad fikirlilərlə qətiyyən arası yox idi.
Partkom oğlanın rəğbətini daha çox qazanmaq üçün dedi:
– Sənə sual verəcəm ki, bu namizədlik vaxtı həyatında hansı əlamətdar hadisələr baş verib? Cavab verərsən. Bir-iki də asan sual təşkil eləyərik. Kim partiyanın üzvü ola bilər, perestroykada sənin rolun və sair.
Oğlan gülümsədi və utanmadan dedi:
– Nə deyim sizin sualın cavabında?
– Ala, burda hazır cavabı var məndə, bir-iki dəfə oxusan yadında qalacaq. Di get hazırlaş.
Cavab yazılmış kağızı alıb işlədiyi şöbəyə getdi ki, hazırlaşsın.

Buraxılış vərəqəsini göstərib içəri keçdi. Başqa dəlləkxanalardan fərqli olaraq buradakı ustaların çoxu qadın idi, özləri də gözəl-göyçək, görünür partiya işçilərinin başını-üzünü gözəl qızlar qırxmalı imiş ki, Sov. İKP-nin nizamnaməsində yazılmış «Sov.İKP sovet xalqının avanqardıdır» sözləri özlərini doğrultsun. Hər halda o görürdü ki, yaxşı nə varsa hamısı partiya rəhbərlərinə qismət olur. Qaynatasının danışdıqlarına görə (elə qaynatası özü göz qabağında idi) ən yaxşı nemətlər, ən yaxşı kurortlar, ən yaxşı evlər, teatrlarda, gəlmə artistlərin konsertlərində ən yaxşı yerlər belə mərkəzi komitə işçilərinin idi, onlardan bir az aşağı şəhər partiya komitəsi aparatının, bir az aşağı rayon partiya komitələrinin, onların işçilərinin və bu minvalla ranqlar üzrə gəlib çıxırdı sıravi partiya üzvlərinə. Onlar əlbəttə partiya işçilərindən çox-çox uzaqda və geridə idilər, yəni onların imtiyazları rəhbərlərlə müqayisədə simvolik idi, ancaq sıravi sovet adamları ilə, yəni bitərəflərlə müqayisədə partiya üzvlərinin də öz üstünlükləri var idi. Belə olan halda cəmiyyətin nemətlərinin bölüşdürülməsindəki bu qaydaya (onun ədalətli olub-olmaması başqa söhbətin mövzusudur, hər halda əgər sovet xalqının avanqardı olan Sov.İKP bu günə qədər də, yəni yenidənqurma dövründə də hər vasitə ilə bu qaydanı saxlayırsa deməli burda bir hikmət var də) o dərəcədə ciddi əməl edilirdi ki, hamı məhz partiyanın rəhbər orqanlarına düşmək (seçilmək demirik, çünki bu sözün heç yeri deyil) üçün dəridən-qabıqdan çıxır, bacarıqlılar bütün vasitələrdən istifadə edir, təki həmin imtiyazlı zümrəyə daxil ola bilsinlər. Həmin zümrənin yaradıcıları, həmin zümrənin imtiyazlarını getdikcə artıranlar, genişləndirənlər əslində bu imtiyazlardan bir elə də geninə-boluna istifadə eləyə bilmirlər, çünki əslində bu imtiyazlar növbələrdə üzülən, əsəbiləşən, təhqirlərə dözən, hər maaş gününü ürək çırpıntısı və nigaranlıqla gözləyən (amanın günüdür birdən maaş iki-üç gün gecikər), mənzil-istismar idarələrindən talon alanların qanı-canı, əzabları bahasına əldə edilən imtiyazlar bir növ oğurluqdur, oğurluq pulları isə açıq-aydın xərcləmək, göz görəti yemək çətindir, bəzən də mümkün deyil (rüşvətxorluğu qoyuruq qıraqda, o qeyri-qanunidir). Bu oğurluq qanuniləşdirilmiş oğurluq olsa da, yenə də oğurluqdur. Belə halda zəhmətkeşlərin mənafeyini qorumalı olan həmkarlar ittifaqları nə edirlər? Bu sual da qalsın özgə bir tərəfdə və bir onu deyək ki, həmkarlar ittifaqlarında da imtiyazlı qruplar var və orada da partiya imtiyazlarının bölünməz strukturundan müvəffəqiyyətlə istifadə edilir. Deməli, Sovet İttifaqında sovet xalqının mənafeyini müdafiə edən heç bir təşkilat, heç bir rəsmi orqan yoxdur, daha doğrusu bu işi görməli olanların başı öz mənafelərinə qarışıb. Bir də nə orqan ey? Sovet xalqının mənafeyi kimdən müdafiə olunmalıdır? Yəni partiya fəhlə və kəndlilərin mənafeyini güdən, onun üçün çalışıb-vuruşan təşkilat deyil? Yaxşı tapılıb bu düstur. Dahiyanə kəşfdir. Bu elə bir qapalı dairədir ki, onu ancaq dahi riyakar icad eləyə bilərdi.
Qaynatası rəhbər partiya işçisi olduğundan bu münasibətləri daha yaxşı bilirdi və saysız-hesabsız iclaslardan, bürolardan azad olanda bu barədə saatlarla danışmağı sevirdi. Bundan sonra qaynatası bir ildən bəri yazmağa başladığı «Traktatın» (özü belə adlandırırdı) məzmununu danışır və deyirdi ki, həmin traktat imtiyazlı partiya, dövlət orqanlarındakı rəhbər işçilərin yaratdığı bir sinif haqqındadır. Həmin sinfə daxil olanlar rəhbər partiya işçilərinin ailə üzvləri, uşaqları, yaxın qohumlarıdır. Bunlar sovet cəmiyyətini çürüdən, üfunət yuvasına çevirən parazitar sinifdir, təbəqədir. Əgər rəhbər partiya işçisi oğurladığı imtiyazlardan gen-bol istifadə eləyə bilmirsə, əvəzində balaları, arvadı, yaxın qohumları yağ içində böyrək kimi şellənirlər. Əziyyət çəkmədən, işləmədən, baş sındırmadan sovet cəmiyyətinin ən gözəl nemətlərindən istifadə edirlər. Ən yaxşı musiqi kollektivlərinin konsertinə konservatoriyanın professoru amfiteatrdan baxırsa, həmin musiqini həzm eləyə bilməyən raykom katibinin qızı litr lojada, ən pis halda isə parterin ən yaxşı yerində oturur. Həmin balalar ən varlı mal bazalarının anbarına aparılır, baxır, istədiyini seçir, bəyənir, öz qiymətinə alır, o malları ki, heç vaxt mağazalara buraxmırlar, bazalar bir növ su dəhnəsi kimidir və qabağı heç vaxt açılmayan bu dəhnəni də elə bil qəsdən fikirləşiblər ki, imtiyazlılar yüzlərlə mağazaya baş çəkməkdənsə elə bir bazaya girsinlər. Bütün hər şey partiya rəhbərlərinin yaratdıqları parazitar təbəqənin rahatlığına xidmət etməyə yönəldilib. Yalnız bu cəmiyyətdə, yəni bütün idarə düymələrinin bir əldə – partokratiyanın əlində toplanması və ona nəzarət edə biləcək ikinci bir qüvvənin yoxluğu şəraitində parazitar təbəqənin və onu təşkil edən potrebitellərin (bu sözü qaynatası məhz rus dilində deyirdi, çünki onun fikrincə «potrebitel», istehlakçı sözünə nisbətən bu məfhumu daha doğru və aydın səciyyələndirir) əl-qol açması üçün yaxşı şərait var. «İşləməyən-dişləməz» sözünə, qaynatası deyirdi ki, xaricdə rast gəlməzsən, çünki orda bunu deməyə, gözə kül üfürməyə ehtiyac yoxdur, bu öz-özünə aydındır, bizdə isə bu məsəli tez-tez işlədirik, hər yerə yazırıq, çünki çox gözəl bilirik ki, bizdə bu əzəli-əbədi qanun çox tez-tez pozulur, işləməyənlər daha yaxşı yeyirlər, görünür işləyənlərin yeməyə vaxtı çatmır və yaxud da onların başı işə qarışanda ən dadlı tikəni bekarlar ötürürlər içəri. Qaynatası deyirdi ki, mənim traktatımın adı «Rəhbər partiya işçisinin etirafı» olacaq, gələcək nəsillər bəlkə də onu oxuyub şəxsən mənim günahlarımı bağışladılar. Onu da deyək ki, qaynatası bütün bunları yalnız öz evində, ailə üzvləri arasında yüz əlli qram «Göy göl» konyakından sonra danışırdı. Özə də qəribə bir ilhamla, misilsiz kəşf etmiş adam ehtirası ilə. Qaynanası xoşlamırdı bu etirafı və deyirdi ki, boş-boş şeyləri yazıb gələcək nəsillərə saxlamaqdansa bir-iki aktual məqalə yaz partiya həyatından çap elətdir qəzetdə, qoy təzə katib görsün, yerin möhkəmlənsin; kürəkənin əli hələ bir yerə ilişməyib, qızın dissertasiyası yarımçıqdır, kiçik elmi işçidir. Özümüz də cavanıq. Cavanıq deyəndə qaynanası nəzərə çarpmayacaq bir hərəkətlə dolu əndamını oturduğu yerdə dikəldib şaxladır və sifətinə xoş, məlahətli ifadə verirdi, o da dərhal qadını mütləq qaynatası ilə intim münasibətdə təsəvvür edirdi, elə bil qaynanası kürəkənin fikrindən keçəni oxuyurdu və yanaqlarına qəribə bir qızartı gəlirdi, kürəkən də heç cürə inanmırdı ki, bu qızartı utanmaqdandır. O vaxtlar hələ qaynanasını bir qadın kimi tanımırdı, elə indi də tanımırdı, o yeganə təsadüfi yaxınlıq və boynundan hələ tamam getməmiş ləkə qaynanasını bütün imkanları ilə açmırdı, çox güman ki, açmayacaqdı da, bu qadın onun üçün həmişə bir qadın kimi öyrənilməmiş, yaşanmamış ada kimi qalacaqdı, hər halda onların arasında axıracan bir-birinə açılan münasibət ola bilməzdi. Bu nə qadına, nə də ona lazım idi. O yeganə görüş isə manevr idi, özünü müdafiə üçün fənd idi. Bu evdə, ailədə iti görən, hər şeyi rentgen şüası kimi işıqlandıran bir göz var idisə o da qaynanasınınkı idi. Qaynata da az aşın duzu deyildi, ancaq xoşbəxtlikdən belə xırda işlərə baş qoşan deyildi. Bircə dəfə qadın-qız məsələsindən söhbət düşəndə kürəkəninə demişdi ki, ağıllı ol, sirrini içində saxla.
– Birinci dəfədir bizdəsiniz?
– Həri, birinci dəfədir.
– Qaynatanızı tanıyıram.
Onun bura qaynatasına görə gəldiyini bilmələri xoşuna gəlmədi. Odur ki, bayaqdan bəri ağappaq sifətinə, sürməli göy gözlərinə, saraldılmış və toyuq lələyi kimi ordan-burdan qaldırılmış gur saçlarına, başına dolandıqca təsadüfənmi, qəsdənmi çiyninə, dirsəyinə toxunan dik döşlərinə, fəslə uyğun olmayan ağ yaxalıqlı mavi xalatının açıq qollarından çıxmış gözəl biçimli ağappaq qollarına, uzun dırnaqlı barmaqlarına göz qoyduğu qadını incitmək üçün dedi:
– Necə tanıyırsınız?
– Ya abslujila evo neskolko raz.
– V kakom smısle? – Oğlan qızın gözlərinə deyil, pamadalı ətli dodaqlarına baxdı.
Qız sualdakı sürüşkənliyi eyninə almayıb dedi:
– Üzünü qırxmışam, saçını vurmuşam, oçen predstavitelnıy mujçina.
– Bəs kürəkəni necə?
– Niçevo ne skajeş, volosı xoroşie, strijke paddayutsya leqko, i koja litsa myaqkaya, qladkaya. Dlya nas eto oçen vajno.
– No ne vsyo u menya myaqkaya i ne leqko poddaetsya. – Yenə də gözünü qadının dodaqlarından çəkmədi.
Dəllək gülümsədi, sədəf parıltılı ağappaq dişləri göründü. Fikirləşdi ki, qaynatanın zövqü pis deyil. Qadın da nəsə fikirləşdi və guya sözgəlişi dedi:
– Eto eşyo nado bı proverit, – və tez də əlavə elədi. – Qotovo!
Qalxıb üzünü sığalladı, köynəyinin boyun-boğazını düzəltdi və bir onluq çıxarıb qadının cibinə saldı.
– Növbəni haçan qurtarırsan?
– Saat dörddə? Necə bəyəm?
Qadının onun dalınca necə mat-mat baxdığını təsəvvür edib özündən razı halda gülümsədi. Ancaq yanılırdı, qadın heç halını da pozmadan iş yerini yığışdırıb növbəti müştərinin, yəni partiya aparatında çalışan, əli çox yerə girən müştərilərdən birini gözləyirdi, amma saat dörd görüşünü də unutmadı. Bu dəlləkxanada respublikanın ən vəzifəli kişilərinin, kiminin evdə, kiminin burda, kiminin də lap ən yaxşı, ancaq məxsusi və haradasa məxfi kabinetində (vəzifənin dərəcəsinə baxırdı) başını qırxmış və onca ilin içində şəhərin içərisində (mərkəz olmasa da nə mikrorayon, nə də allah göstərməsin, Günəşli deyildi) üçotaqlı mənzil almış, ölkənin ən yaxşı kurortlarını ilin ən isti aylarında gəzmiş, atasız oğlunu atalı eləmiş, hələ yalan-gerçək aliment də düzəltmiş, elə həmin oğlunu iki dəfə Artekə göndərmiş və adi zəhmətkeşlərin başını qırxan başqa dəlləklərin yuxusuna belə girməyən işlər görmüşdü. Həmin rəhbər müştərilər içərisində xoşuna gələn, az qala aşıq olduğu kişilər də yox deyildi, amma təmənna əsl hisslərin də üstünə kölgə salıb soldurmuşdu, hərdən hələ əlində sən deyən heç bir ixtiyarı olmayan, amma dədələrinə görə daha ürəklə və cəsarətlə, səxavətlə xərcləyən imtiyazlı cavanlardan da istifadə etməyi bacarırdı, özü də yaşı iyirmi beşdən çox olmayanlara qanı daha çox qaynayırdı. Odur ki, iş yerini yığışdıra-yığışdıra bu zərif, ucaboy, qız kimi göyçək oğlana qanı qaynadı. Həm də oğlanın özünə inamlı danışığı və təcrübəli qadın gözündən yayınmayan bəzi cəhətləri təklifin razılıqla qarşılanmasına səbəb oldu.

Arvadı onunla videonun arasında dayandı.
– Nu kak?
O pivə bankasını dodağından aralayıb televizorun qabağını kəsmiş arvadına narazı-narazı baxdı.
– Ne ponyal.
– Koftu qovoryu. Novaya. – Arvadı sinəsi əcayib-qərayib parlaq şəkilli koftasını göstərdi. – Mama kupila, privaznoydu. Bütün Bakidə yoxdur.
– Əladır, – laqeyd dedi.
– Heç baxmadın, voobşe poslednyeye vremya so mnoy daje qovorit ne xoçeş.
– Qluposti.
– Bolşe neçeqo skazat mne?
– Poka net. Sən allah çəkil ekranın qabağından. Meşaeş.
Qız çönüb videonun ekranına baxdı və əsəbiliklə düyməni basıb televizoru söndürdü.
– Eto otvratitelno kontse-kontsov. Doma poçti ne bıvaeş, a koqda ideş spat i to smotriş parnoqrafiyu. Neujeli tebe ne nadoyel smotret kak druqie spyat.
– Predstav sebe çto net, – oğlan acıqla dedi və sonra da əlavə elədi. – Gərək həmişə ovqatımızı xarab eliyəsən də, görmürsən təzə kasetdir.
– Görmürəm, görmək də istəmirəm.
– Nahaq yerə, bunun xeyri var, sənə məsləhət görürəm.
Qız qıpqırmızı oldu və acıqla dedi:
– Neujeli tebe priyatno koqda tvoya jena smotrit na çujie... – Qız dediyindən utanıb əlləri ilə üzünü tutdu və «Qadko! Qadko!» deyə-deyə yataq otağına getdi.
Telefon zəng vurdu. Qalxıb cavab verdi.
– Da!
– Qorxma, mənəm. Heç nə demə, qulaq as, sonra de ki, cavab vermədilər. Bu axşam mənə lazımsan. Həmişəki yerdə dayanacam, bir saatdan sonra, deməli səkkizdə. Danışma. Orda nə istəsən deyərsən. Gəlməsən özündən küs. Du-du-du...
Bir saatdan sonra evdən çıxsaydı gec olardı, hava tez qaralır, şübhə oyada bilərdi, ona görə də durub indidən getməli idi. Yaxşı ki, arvadı ilə sözləşdilər, gedəndə izahat vermək lazım gəlməyəcəkdi.
Qalxıb hirslə yataq otağına keçdi, şkafdan paltarını götürdü və guya hirslə, acıqla geyinməyə başladı.
– Evdə mənə dinclik yoxdur, arvadım, o tərəfdən anası, atası, hərəsi bir yerdən mənə ağalıq eləyir. Koqda tvoi roditeli sidyat do utra smotryat seksfilmı u sebya, toqda tı ne vozmuşaeşsya, a koqda ya, molodoy mujçina smotryu tebe ne nravitsya.
Arvadı onun geyindiyini və harasa getmək istədiyini görüb daha da kövrəldi və hönkürdü.
– Başa düş, mne obidno, ponimaeş obidno, koqda... tı je ne impotent. Zaçem tebe...
«Vot dura» sözünü güclə geri qaytardı və azərbaycanca daha ərkli alınan tərcüməsini dedi:
– Axmaqsan, vallah, axmaqsan. Sən məni o kinolara qısqanırsan?
– Dovolno, ne seplyaysya za slovom i ne pridiraysya. – Qız birdən dəyişdi mövzunu. – Xara gedirsən?
– Kakaya tebe raznitsa.
Qız onun şalvarını aşağı dartdı və bir qədər hökmlə, bir qədər ərköyünlüklə əmr elədi.
– Bu saat soyun, xeç yerə qetmə... Slışiş? Ne poydyoş, slışiş? Ne poydyoş!
– Burax, gedəcəm, meydana gedəcəm. Yaxşı deyil axı, bütün şəhər orda, biz də çəkilmişik qınımıza, vallah, əsl potrebitelik.
Qız şalvarı buraxıb gerilədi və təəccüblə baxdı ərinə.
– Nə var, niyə elə baxırsan, düz demirəm?
– No eto je opasno, – qız düşündüyünü saxlayıb ikinci, bəlkə də üçüncü dərəcəli səbəbi dedi. Və bu qeyri-səmimilik onun gözlərindən yayınmadı.
– Qorxulu heç nə yoxdur. Mən ki sekada işləmirəm.
Qız yenə də əsas sözünü demədi:
– Sevodnya zavtra reşayetsya tvoy partiynıy vopros, zaqranku yedem, esli çto i papa ne smojet pomoç. Eto takoye delo...
– Heç nə olmaz, anan gəlib səninlə qalar.
– Net, ne za çto mame ne skaju. Mne stıdno. Hələ bilirsən o gyun mama inandı? Ona ne poverila, çto tı vsyu noç provel v meydane. – Qızın səsi titrədi, yanaqları qızardı.
– Anan öz arşını ilə ölçür.
Qız ifadəni anlamadı və şübhə ilə soruşdu:
– Nə dedin? Qovori po pusski.
– Tərcüməsi yoxdur. – Dedi və dublyonkasını götürdü ki, qız onun meydana gedəcəyinə inansın. – Soyuq olur orda, külək hər tərəfdən vurur.
– Mən də qedirəm. – Qız şkafa cumdu.
– Nə danışırsan. Bəs uşaq?
Oğlan başı ilə uşaq otağına işarə elədi.
– Mamu pozovu, ona posidit s ney.
– Net! – Oğlan qəti dedi. – Roditeli ne doljnı znat. Otsu ne ponravitsya. Ya skoro vernus, – yaxınlaşıb qızı qucaqladı. – Ağıllı ol. Kişini əli-qolu bağlı evdə saxlamaq olmaz. Qadının müdrikliyi ondadır ki, ərinə bir qədər sərbəstlik verir, daha qısqanclıqla gününü göy əskiyə düymür, özü də əsassız yerə.
Qızı ehtirasla öpdü və «poka» deyib çıxdı.

Meydana çatanda görüş vaxtına yarım saatdan çox qalırdı. Maşını lap uzaqda saxladı. Meydana o günkünə nisbətən asan girdi. Seyrəklikdi. Adam az olduğundan beş-altı minlik dəstə meydana səpələnmiş kimi göründü. Hava tamam qaralmamışdı. İşıqlar yandırılmamış, tonqallar qalanmamışdı. Nəhəng meydanın tonqal yerlərindən əmələ gəlmiş saysız-hesabsız qara ləkələri görünürdü. İsti dəyib ərimiş asfaltda qara kül topaları, ocaq yerləri qaralırdı. Nədənsə meydanın bugünkü görkəmində bir sınıqlıq, natamamlıq var idi. Tribuna da boş idi. Dəstənin başı yox idi. Hərə bir söz danışırdı. İçəri odun gətirmək, yemək ötürmək iki gün idi qəti qadağan edilmişdi. Əsgərlər meydana gələn adamlardan hansını istəsələr tutub saxlayır, üst-başını yoxlayırdılar. Söz çıxmışdı ki, guya meydana partlayıcı maddə, silah keçirmək istəyənlər olub. Guya provokasiya etmək, əsgərlərlə mitinqçilər arasında dava salmaq istəyən bir neçə qadın tutulub, əslində erməni olan bu qadınlar ermənilərin azərbaycanlıların başlarına gətirdikləri dəhşətli oyunlardan danışıb bir dəstə dəliqanlını şəhərin ermənilərin daha çox yaşadığı rayona aparmaq, Sumqayıt hadisəsini orada da törətmək istəyiblər. «Əfqanlar» deyilən Əfqanıstan müharibəsi veteranlarının meydanda asayişi mühafizə dəstəsi həmin qadınları ifşa edən dəliqanlıların qarşısını kəsib, yeni faciənin baş verməsinin qarşısını alıblar. Ümumiyyətlə, meydanda «əfqanların» kişiliyindən, qeyrətli oğul olmalarından, əlbirliklərindən, bu meydanda onların göstərdikləri xidmətlərdən çox danışırdılar. Gecə-gündüz meydandan əl çəkməyən xüsusi geyim formaları ilə seçilən bu oğlanlara təəccüblə baxır, nəyin xatirinə bu əziyyətə, əzaba qatlaşdıqlarını dərk eləyə bilmirdi. Çox dərinə gedəndə isə onları fanatik hesab eləyirdi, bir az da dərinə gedəndə ürəyinin mübhəm bir guşəsində elə bil onların paxıllığını çəkirdi, hamıdan, lap elə özündən də gizlətdiyi bu hissin reallığına inanmırdı, çünki paxıllığa, həsəd hissinə bais olacaq heç nələri yoxdu onların. Görünür, içində gizlənib paxıllığa çalan bu hiss aldanış, hisslərin yanlışlığı idi.
Mikrofon nəfəs aldı. Kimsə barmağını bir neçə dəfə vurub onu taqqıldatdı, ancaq bununla kifayətlənməyib «Raz-dva-tri», «Raz-dva-tri» dedi. Rəqəmlərin rusca deyilməsi hər şeyi xüsusi həssaslıqla qəbul edən meydanın narazılığına səbəb oldu. Əvvəlki günlərə nisbətən öz əzəmətini xeyli itirmiş meydan tribunaya tərəf yönəldi. Məlum oldu ki, adam elə də az deyil və gəlməkdə davam edir. Şəhər üçüncü həftə idi ki, meydanla yaşayır, meydanla nəfəs alırdı, bu iki həftədə işdən çıxan meydana tələsirdi, küçədə rastlaşanların, görüşənlərin söhbəti meydandan idi, orada baş verən hadisələr evdar qadınların, qeybətcil qarıların, saatlarla telefonlardan asılan rəfiqələrin, hətta sevgililərin əsas söhbət mövzusu idi. Meydan üç həftə idi, camaatın görüş yerinə çevrilmişdi. İki milyona yaxın əhalisi olan şəhərin ürəyi meydanda vururdu. Milliyyətindən, dinindən, qayəsindən, mövqeyindən, təhsilindən asılı olmayaraq şəhərdə yaşayan hər bir kəsin taleyində meydan müəyyən rol oynayırdı, mövqelər aydınlaşırdı, görüşlər toqquşurdu. Respublika miqyasında adı-sanı, şöhrəti-şanı, hörməti-izzəti olan çox adam bir çıxışla, bəlkə də bir cümlə ilə biabır olmuş, hörmətdən düşmüş heç bir mövqeyi olmayan, heç kəsin bu vaxtacan tanımadığı başqa bir adam isə bütün xalqın ümid yerinə çevrilmişdi. Respublikanın hər yerində meydanın övladları əmələ gəlmişdi, bala meydanlar çıxmışdı ortaya. Gəncədə, Naxçıvanda, Əli-Bayramlıda, Mingəçevirdə, Şəkidə də meydanlar var idi, onlar da öz tələblərini irəli sürürdü, ancaq bala meydanların ömrü çox çəkmirdi, gücü bir neçə günə çatırdı, ana meydansa dururdu, yaşayırdı, nəfəs alırdı, ancaq çox şeydən görünürdü ki, meydan son günlərini yaşayan nəhəng kimi axır nəfəsindədir. Meydan can verirdi. Onun son nəfəsini tez verib birdəfəlik məhv olması üçün respublikanın səlahiyyətli təşkilatları, orqanları, fürsətdən istifadə edib mənsəb pilləsində bir addım da olsa irəli sıçramaq istəyən satqın, riyakar ziyalıları əllərindən gələni edir, radio, televiziya, mətbuat çarxları qırmızı pas atmış təbliğat maşınını işə salır və millətlərapası münasibətdən başlayıb çərçivəni getdikcə genişləndirən, siyasi rəng alan, Cənubi və Şimali Azərbaycanın birləşməsini, Azərbaycanın severenliyinin əldə edilməsini, onun yetmiş illik qarətinə son qoyulmasını tələb edən oğulları gözdən salır, bu işdə stalinizm dövründə, durğunluq illərində mənəvi iflasa uğramış, yenidənqurmanın nala-mıxa vuran siyasətindən çaşmış obıvatellərə arxalanır, rusdilli əhalini qarşıdurmaya həvəsləndirir, onların təcavüzkar biganəliyindən istifadə etmək üçün dəridən-qabıqdan çıxırdılar. Azərbaycanın birləşməsinin xam xəyal, sayıqlama olmasına əhalini inandırıb, bunun ümumiyyətlə mümkün olmadığını xalqın beyninə yeridirdilər.
Televiziyada nəşəxor bir cavanın əsas lider haqqında çıxışını isə yada salanda adamın tükləri qabarır. Həmin çıxışı təşkil edənlərin mənəvi simasını, vətən və xalq xainlərini hansı sözlərlə «vəsf» edəsən? Əgər bu səylərin, vuruşların əsasında partiyaya sədaqətli xidmət amalı dayansaydı onları bəlkə də başa düşmək olardı, onları Elxana qarşı çıxan Aqşinlə, düşmən cəbhəsinə keçmiş, lakin ləyaqətini saxlaya bilmiş ərəb sərkərdəsi ilə, islamı qılınc gücünə qəbul edib onu qılıncla da yayan müsəlmanla müqayisə etmək, başa düşmək olardı, məsələ burasında idi ki, meydana qarşı çıxanların yeganə məqsədi nəyin bahasına olursa-olsun vəzifədə qalmaq, hakimiyyət gücünə daha yaxşı yemək-içmək, geymək, gəzmək, bir sözlə, bioloji ehtiyaclarını daha dolğun ödəməkdən başqa bir şey deyildi.
Mikrofon xırıldadı və artıq neçə min səsin içindən səhvsiz tanıya biləcəyi tanış səsi eşitdi və diqqətlə qulaq asdı ki, görsün lider on səkkiz günün tamamında nə deyəcək, çünki cürbəcür havalarda oxumuş, liderlik iddiasında olan çox natiqlər, tribunaya çıxmağa cəsarət edənlər neçə dəfə çağırışlarını, mübarizə konsepsiyasını, mövqelərini dəyişmişdilər, çoxu partiya və hökumət tərəfə meyl edib, rəhbər işçilərin gözündən düşməkdənsə bütün xalqın gözündən düşməyi üstün tutmuşdular.
Hərəkatın getdikcə zəifləməsi və hökumət orqanlarının təşəbbüsü əllərinə alması, komendant saatı rejiminin tətbiq edilməsi və bu rejimin öz tələblərini yeritməsi meyli açıq-aşkar sürətlənmişdi. Cəmi bircə həftə bundan əvvəl, hərəkatın yuxarı qalxan xətt istiqamətində inkişaf etdiyi bir vaxtda hissə qapılıb bəzi səhvlərə yol vermiş, ehtiyatı əldən buraxıb indiki şərait üçün çox cəsarətli, heç vaxt senzuradan keçə bilməyəcək nitqlər irad eləmiş bəzi ziyalılar ya tamamilə meydandan çəkilib kölgədə gizlənməyi üstün tutmuş, yavaş-yavaş əvvəlki çıxışlarını daha dərin desək, günahlarını səlahiyyətli orqanlar qarşısında yumağa çalışırdılar, onların yeni məzmunlu çıxışları meydanın etirazına səbəb olub qəbul olunmasa da, yəni fitə basılsa da, onlar inad və ya həyasızlıq nümayiş etdirməkdən çəkinmirdilər, sonradan belə ikiüzlü liderlərdən biri hətta hakimiyyət orqanlarının bir növ məsləhətçisinə, hərəkatı yatırmaq yolları təklif edən «sovetnikinə» çevrilmişdi, hətta meydanı yavaş-yavaş gizli yollar, bic vasitələrlə qeyri-leqal idarə edən partiya orqanlarının əlində vasitəyə dönmüşdülər, yəni partiya orqanlarının, partiya liderlərinin fikirləri məhz onların dilindən eşidilirdi. İngilis detektivlərində cinayəti rəsmi mühafizə orqanlarına məxsus olmayan bitərəf adamların açdığı kimi.
Liderin səsi yorğun və bir qədər ehtirassız gəldi ona, belə çıxırdı ki, yuxusuz keçən gərgin günlər və gecələr əslində görkəmcə çəlimsiz olan gəncin fiziki qüvvəsini tükəndirməkdə idi.
– Qardaşlar, bacılar, məni qınayırlar, təqsirləndirirlər ki, mən xalqın sevdiyi, çox hörmət etdiyi məşhur, hörmətli ziyalılarla xalqın, yəni sizin aranızda uçurum yaradır, nifaq salıram, sizi onların əleyhinə qaldırıram, guya mən tribunanı zəbt eləmişəm, yeri gəlmişkən deyim ki, əslində tribuna mənim əlimdə olsa da mikrofon mənim ixtiyarımda deyil, onu açıb bağlamaq səlahiyyətlərindən dişlə-dırnaqla möhkəm yapışmış adamların əlindədir. Bütün gün ərzində mikrofon birinci dəfədir açılır, indi biləcəksiniz niyə? Mən demiyəcəm. Gəlin sözü verək bizim ziyalılarımıza, səbrlə qulaq asaq görək onlar nə deyirlər, fit çalmayın, hay-küy salmayın, təvəqqe edirəm sizdən.
Meydan razılaşdı: bura gəlib getdiyi bir neçə dəfədə o meydanın dilini, hənirtisini başa düşürdü.
– Sözü verirəm, – lider davam elədi, – bizim gözəl ziyalılarımıza.
Saatına baxdı. Görüş vaxtına az qalırdı, cəmi iyirmi dəqiqə. İndi meydandan çıxsa idi, gedib vaxtında çatardı, ancaq gedə bilmədi, qəribə bir maraq onu tutub saxlayırdı.
Liderin təqdim etdiyi ziyalılardan birinin səsi meydanı doldurdu. Xalqa şirin, yağlı təriflər yağdırandan, bu üç həftəlik mübarizəni görkəmli xalq hərəkatı adlandırandan sonra camaatdan soruşdu ki, biz bura niyə yığışmışdıq, yəni məqsəd Azərbaycanımızın dilbər guşələrindən birinin erməni ekstremistləri tərəfindən vəhşicəsinə dağıdılmasına qarşı deyildi? Əsas səbəb bu idi də?
Yer-yerdən qışqırdılar ki, xeyr, o bəhanə idi, səbəblər çoxdur, dərindir, bizim milli heysiyyətimiz təhqir olunub və sair. Natiq çaşdı deyəsən və birdən-birə dedi ki, hadisələrin gedişi lazım olan həddi keçib, bizim tədbirsiz hərəkətimiz şəhəri «xüsusi rayona» çevirdi, komendant saatı elan edildi, bizim gözəl Bakımızın dilbər gecələrini seyr etmək səadətindən məhrum olduq. Kimsə qışqırdı ki, əgər qeyrətin olsa, meydanda gecələsən, gözəlliyi yenə də görə bilərsən, yoxsa gündüz burda danışıb gecələr başını nazbalışa qoyub yatmazsan. Biri də qışqırdı ki, arvaduyun dalını qucaqlayıb xoruldayırsan gecələr. Bu atmacalar çox güman ki, natiqə gedib çatmırdı, amma böyür-başdakı adamların, xüsusən cavanların daha da qızışmasına, səs-küy salıb, fitə güc vermələrinə səbəb olurdu.
Natiqin sonrakı sözlərini, yəni «dağılaq evimizə-eşiyimizə, biz öz nümunəvi davranışımızla, təmkinimizlə qalib gələcəyik» çağırışını başa düşmək çətin idi, çünki etiraz səs-küyü, onun ünvanına deyilən söyüşlər səsini batırmışdı. Təəssüf elədi ki, natiqin sifətini yaxşı görmür, yəqin kötək yemiş köpək kimidir, ancaq yanılırdı, natiq çıxışından razı idi, bu çıxış onu maraqlandıran adamlara mütləq çatacaqdı. Həmişə axırıncı söz, axırıncı çıxış yadda qalır.
Liderin səsi eşidildi:
– Axı ay, qardaşlar, ay əzizlərim, biz danışdıq ki, hamıya səbrlə qulaq asacayıq. Sizdən xahiş edirəm, yalvarıram sizə...
Liderin səsinin əks-sədası meydandan kəsilməmiş təmkinli, çox danışmaqdan, bəlkə də soyuqdan səsi kallaşmış bir nəfər sözə başladı və o bu səsi də tanıdı, populyarlıqda liderdən geri qalan deyildi, amma Azərbaycanın ittifaq daxilindəki siyasi və iqtisadi vəziyyəti haqqında hər iki liderin mövqeləri əvvəldən-axıra, yəni mitinq başlayan birinci gündən ikinci həftənin tamamınadək eyni olub dəyişilməz qalsa da mübarizə taktikasında haçalaşma var idi, əgər lider qəti mübarizəyə, imperiyaya qarşı üsyana çağırıb Azərbaycanın tam müstəqilliyini, hər iki vətəni birləşdirməyi tələb edir, mübarizəni bu istiqamətdə aparmaq istəyirdisə, ikinci lider, bu mübarizəyə xalqın hələ hazır olmadığını, tarixi şəraitin yetişmədiyini deyirdi və bu gün üçün mümkün məqsədləri həyata keçirməyi hökumətdən tələb etməyi təklif edirdi. Və hər dəfə çıxışının axırında ikinci lider mitinqin verdiyi tələbləri yerinə yetirmək üçün respublika hökumətinə vaxt verməyi təklif edir, mitinqin xoşluqla dağılmasını istəyirdi, bununla belə ikinci lider də gecə-gündüz meydanda idi. Müəyyən dərəcədə ikinci liderin rəyi, məqsədi hələlik hökumət rəhbərlərini təmin edirdi, çünki bir nömrəli məqsəd bu saat, necə olursa-olsun meydanı boşaltmaq, bu nifaq ocağını söndürmək idi. Elə hökumətin mövqeyi ilə müvəqqəti yaranmış bu yaxınlıq ikinci lideri bir balaca meydanın təcavüzkar hissəsinin gözündən salmışdı. Ancaq onun məhz ürəyinin səsinə qulaq asdığı çox əksəriyyətə məlum idi. Və indi, bu çətin vaxtda da onun soyuqdan, yorğunluqdan kallaşıb dəyişmiş səsinin eşidilməsi gurultulu alqışlara səbəb oldu.
– Qardaşlar, bacılar, bu üç həftədə mən sizə xəyanət etməmişəm, mən bunu cəsarətlə sizin – meydanın gözünün içinə dik baxıb deyirəm. Bizim bu müqəddəs mübarizəmizin birinci həftəsindən sonra hər çıxışımda, sizinlə tonqal başında keçirdiyim o müqəddəs gecələrdə, ömrümün ən mənalı, ən məzmunlu günlərində dediyim kimi dağılmağı, öz rəyimizlə mübarizənin birinci mərhələsini bitirməyi təklif eləmişəm, ancaq mənə qulaq asmamısınız, bununla belə mən bəzi ziyalılarımız kimi inciyib, küsüb getməmişəm, bu minnət deyil, buna mənim ixtiyarım yox idi. Əgər mübarizəni yarımçıq qoyub getsəydim bilin ki, özümü öldürərdim, amma bu gün, bu gecə dağılmağımız məsləhətdir, düşmən alıb başımızın üstünü deyərdim, demirəm, ancaq bilirəm, bunu mən sizə deyirəm, bu mübarizə pis qurtara bilər, xalqımızın gözünü bir də qorxutmayaq, onun mübarizə əzmini qırmayaq, onun qələbəyə olan inamını öldürməyək, qoy o meydana, bu azadlıq meydanına inansın. Demirəm bu saat dağılın, – natiqin səsi titrədi, hiss olundu ki, qəhər tıxanıb xirtdəyinə, – yarım saatdan, bir saatdan sonra...
Meydan tərpəşdi. Etiraz səsləri bir-bir, iki-iki, on-on, yüz-yüz artdı. Hay-küy düşdü. Natiq təslim olmadı.
– Nahaq yerə cavanlarımızı qırğına verməyək, əgər elə bir şey olsa, bir də kim çıxacaq mübarizəyə? Gəlin qalib kimi dağılaq, müvəqqəti də olsa, silahı yerə qoymadan geri çəkilək, məsləhət belədir. Ağıl, idrak bunu tələb edir. Böyük bir hərəkata, müqəddəs bir mübarizəyə ləkə vurulmasına razı olmayaq. Mən sözümü bitirirəm, bu axşam daha danışmayacam, sizi ağılın, idrakın səsinə qulaq asmağa səsləyirəm.
İkinci liderdən sonra daha bir-iki çıxış oldu, onlara meydan qulaq asmırdı, səs-küy var idi, heç o da qulaq asmadı, görüş vaxtından yarım saat keçmişdi, ancaq getmirdi, liderin nə deyəcəyini, bu çıxışlara necə yekun vurulacağını gözləyirdi.
Meydan növbəti çıxış edənlərdən birinin səsini qəti bir etirazla, möhkəm bir yekdilliklə batırdı və daha çox özünü nədəsə təmizə çıxarmaq istəyən natiqin tribunanı tərk etməsini tələb etdi. Meydan bir adam kimi «Rədd ol!», «Rədd ol!» deyib qışqırır, nifrət püskürürdü. Meydanın öz qanunları var idi və bu qanunlara əməl etməyinin taleyi yaxşı qurtarmaya da bilərdi. O da «Rədd ol» deyən meydana qoşuldu. Natiq isə əl çəkmir, bir də bu tribunaya qalxa bilməyəcəyini, əlinə mikrofonun verilməyəcəyini başa düşdüyündən qışqıra-qışqıra, yəni meydanın səsini batırmağa çalışaraq öz tərcümeyi-halından igidliklərlə dolu epizodlar danışırdı. Meydan səsini batırmaq istəyən adamı dartıb tribunadan aşağı salmalı idi. O, ön cərgədə, lap qabaqda basa-bas salıb, özünü dağıdan cavanları, tribunaya uzanmış yüzlərlə əli görürdü. Bu əllər bir əl kimi uzanıb xalqın təhlükəsiz gələcəyini təmin etmək iştiyaqında olan natiqi dartıb yerə salmaq, ayaq altında xışlamaq, yerlə-yeksan etmək istəyirdi. O da məmnuniyyətlə arxası işığa üzü meydana olan natiqi dartıb yerə salmaq, hələ bir təpik də vurmaq istəyirdi və bu istəyinə özü də təəccüb eləyirdi.
Natiq görünür təhlükənin reallığını başa düşüb nəhayət geri çəkildi. Lider irəlilədi. Onun mikrofon qabağına keçdiyini görən meydan tərpəndi, fit, çapan, ura, qışqırıq və vəcdi, həyəcanı, məhəbbəti ifadə edə biləcək bütün vasitələr meydanı lərzəyə gətirdi. Lider hər iki əlini yuxarı qaldırıb kütləni sakitliyə dəvət eləsə də, meydan susmadı, gurultu daha da artdı, bütün bu cürbəcür vəcdi ifadə vasitələri birləşdi və küll halında liderin adını bir adam kimi deməyə başladı. Bu bir neçə dəqiqə çəkdi. Nəhayət meydan susdu və liderin hələ də gümrahlığını, cingiltisini saxlamış səsi eşidildi:
– Alqış vaxtı deyil, camaat! Mən mərkəzi komitənin baş katibi deyiləm ki, mənə bu qədər əl çalırsınız, mən fəhləyəm, demirəm fəhlə sinfinin, kəndli sinfinin nümayəndəsiyəm, yox demirəm, çünki bu yetmiş ildə onların adından, onların öz əleyhinə saysız-hesabsız insafsız işlər görülüb, cinayətlər törədilib... mən demirəm fəhlə sinfinin nümayəndəsiyəm, mən sadəcə bir fəhləyəm, evi-eşiyi, malı-dövləti, ailəsi belə olmayan fəhləyəm, ona görə də mənə alqış lazım deyil!
Meydan sözə qulaq asmadı və lideri alqışlamaqda davam elədi. O, mikrofona güldü və dedi:
– Yaxşı, bildim ki, alqışlamaq vərdişini unutmaq başqa adətləri, vərdişləri yadırğamaqdan çətindir, qulaq asın mənə. İndicə məndən qat-qat savadlı, ağıllı adamlar danışdı, onların hamısı hökumətin ssenarisi ilə danışanlar idi, bir mənim qardaşımdan başqa, – deyəsən ikinci lideri nəzərdə tuturdu. – Yalnız o, ürəyindən gələnləri, həqiqətdə istədiklərini deyirdi. Mənim ona böyük hörmətim var, amma onun fikri ilə qətiyyən razı deyiləm. Bizim mübarizəmiz xalq mübarizəsidir, biz Azərbaycanın istiqlaliyyəti uğrunda başlayan, bəlkə də bir il, iki il, on il deyil, daha çox çəkəcək bir mübarizənin başlanğıcındayıq, biz Azərbaycanın tarixində təməli qoyulan yeni mübarizə hərəkatının sarvanıyıq. Sarvan isə karvanı yol nə qədər əzablı, nə qədər qorxulu və təhlükəli olsa da yarıda qoya bilməz, o irəli getməli, mənzil başına çatmalıdır. Biz gələcək nəslə, bizim mübarizəmizi sabah davam etdirəcək uşaqlarımıza, övladlarımıza əsl məqsədi düzgün göstərməliyik, biz düşmənə dost deyəriksə çaşdırarıq onları, onların azadlıq istəyini korşaldarıq. – Meydan alqış səslərindən lərzəyə gəldi. Elə bildi ki, bu vəcd dolu alqışların sonu olmayacaq, ancaq belə olmadı, liderin əlini bir balaca yuxarı qaldırması onu ram elədi. – Bugünkü hadisələr göstərir ki, torpağımıza qəsd edən, xalqımıza olmazın ləkələrini vuran mənfur düşməndən bizi qoruya biləcək real qüvvəmiz belə yoxdur. Rusiya bu işdə bizə kömək eləmir və ondan kömək gözləmək avamlıqdır, nakişilikdir. – Meydan guruldadı, alqış səsləri bomboz görünən göyə ucaldı. Fikirləşdi ki, qurd ürəyi yeyib bu, sonra da fikirləşdi ki, nədən qorxacaq ey, nəyi var, nəyini itirə, fəhlə adamdır, heç evi də yoxdur bədbəxtin, amma bir tərəfdən də fikirləşdi ki, necə yəni... bəs ömür, bəs həyat, məgər ən böyük var-dövlət insanın həyatı deyil?
– Bizi inandırmaq istəyirlər ki, biz suveren respublikayıq. Neynək? Bəlkə də elədir. Bayrağımız var, himnimiz, gerbimiz var, amma di gəl ki Birləşmiş Millətlər Təşkilatında otuz milyonluq Azərbaycan xalqının nümayəndəsi yoxdur, deməli xalqımın xalqlar siyahısında adı yoxdur.
İmzasını qoymuş miləl övraqi həyatə,
Yox millətimin xətti bu imzalar içində!
Ədəbiyyatının min ildən çox yaşı olan otuz milyonluq xalqın millətlər təşkilatında adı yoxdur. Mən bu on səkkiz gündə çox danışmışam. Bu tribunadan çox dərdlərimizi sadalamışam, bildiyim qədər, qandığım qədər, ona görə sizin vaxtınızı çox almayacam, çox danışmayacam, bayaq qardaşım deyən kimi üzümüzə gələn hər təzə gecədə bizi imtahan, kişilik sınağı gözləyir, bu gecə bəlkə də o sınağın vaxtı çatmışdır, çünki bircə gün belə işləməyən Azərbaycan ölkə üçün, dəqiq desək Rusiya üçün böyük zərbədir, o da zərbə götürən deyil, əsgərlər bizi üzük qaşı kimi dövrəyə alıb, bu dairə günbəgün daralır, bir himə bənddir ki, xirtdəyimizə keçsin. O himi əmin olun ki, bu gün taxtda oturan oyuncaq Azərbaycan hökuməti eləyəcək, bəlkə də artıq eləyib, məqam gözləyirlər. (Meydan qışqırdı: – Ar olsun!) Qardaşlar, bacılar, bir hökumət ki, əli yalın, silahsız adamların üstünə tank yeridə, çiyni avtomatlı, sinəsi qalxanlı, başı dəbilqəli əsgər göndərə... Heç bir mədəni ölkədə görünməyib... (Ar olsun!) Biz bu meydandan öz xoşumuzla dağılmamalıyıq, qoy bizə hücum eləsinlər, qoy bizi silah gücünə qovsunlar, sinəmizdən polad tırtıllı tanklar keçsin, qoy Azərbaycan xalqı bilsin ki, 17 noyabr 1988-ci ildə başlamış xalq hərəkatını 5 dekabra keçən gecə qan çanağında boğdular. Qoy xalqımız öz düşmənini tanısın. Bizim əsas xidmətimiz də elə bu olacaq. Bizə yüz cür ad verəcəklər: ekstremist, xuliqan, nəşəxor, oğru, rüşvətxor. Təzə adlar da fikirləşəcəklər, ancaq siz sabah, elə bu gün də bu sözləri eşidəndə dilxor olmayın, bu gün başımızın üstündə heykəli ucalan Leninə də vaxtı ilə Almaniyanın casusu deyirdilər, bir vaxt göylərə qaldırılan Stalinin günahsız qurbanlarına da vaxtı ilə qudurmuş itlər deyirdilər, «Mənim tanrım gözəllikdir, sevgidir» deyən Cavidə də kontrrevolyusioner yapışdırırdılar. Sözləri təzə olsa da hava köhnə havadır. Bütün rejimlərdə işləyir. Mən sizi bu meydandan özxoşuna getməməyə çağırıram. Öldü var, döndü yoxdur, öldü var, döndü yoxdur!
Meydan da liderə qoşuldu: «Öldü var, döndü yoxdur! Öldü var, döndü yoxdur!». Və lider yenə də əlini qaldırıb camaatı ram elədi.
– Hər gecə sizinlə xüdahafizləşib sağollaşdığım kimi bu gün də sağollaşıram. Mən özümü qurban demişəm bu xalqa.
Çeynəndi, yetər, varlığımız cəhl ilə cəhrə,
Doğrandı, mübarək Vətənin bağrı səbəbsiz
Birlikdə bu gün tapmalıyıq dərdinə çarə,
Can qardaşı, qan qardaşı, şan qardaşıyıq biz.
Millət yoludur, haqq yoludur tutduğumuz yol,
Ey haqq yaşa, ey sevgili millət, yaşa, var ol!

Maşını yavaş sürürdü. İçinə qəm-qüssəyə bənzəyən qəribə bir ağırlıq çökmüşdü, uğuldayan beynində, cingildəyən qulağında liderin «Mən özümü qurban demişəm bu xalqa» andı əks-səda verirdi. Bu doğrudan da tutduğu yoldan bilmərrə dönməyəcək, bu yolda işgəncəli ölümü belə qəbul edəcək adamın son sözlərinə bənzəyirdi. Sükanı tənbəl-tənbəl hərlədən əlləri axırının nə ilə bitəcəyi məlum olmayan böyük, ciddi imtahan qarşısında olduğu kimi titrəyir, əsirdi. Dirsəkləri və dizləri büküşlərindən sızıldayır, bədəninə zəhlətökən züy səsi dolurdu. Bütün hüceyrələrinə hopmuş bu nigarançılığın mənbəyi nə idi, hardan gəlirdi ürək bulandırıb iştah küsdürən bu ürək döyüntüsü? Yaxın günlərdə olmuş hadisələri, keçmiş üç-dörd günün görüşlərini, söhbətlərini yadına saldı, kim nə deyib, kimdən nə eşidib? Hər şey qaydasında idi, meydan həyatda uğursuzluqla qarşılaşmış, ondan yaxşı heç nə gözləməyən ümidsiz, heçnəsiz adamlarındır. Qoy qışqırsınlar, qoy öldürsünlər özlərini, ona nə dəxli bütün bu mərəkənin? Onun işləri yağ kimi gedir. Çətinlik nə olduğunu bilmir, xahişsiz-minnətsiz o qədər köməkçi çıxır ki, adam bəzən bezir, hirslənir, lap hiddətlənir. O nağıldakı kimi ürəyindən nə keçirsə, hazır olur. Taleyi elə gətirib ki, bütün işlərinin yağ kimi getməsinə səbəb olan arvadı belə üstünə ayaq ala bilmir, ümumiyyətlə, kişinin üstü ilə yerimək xasiyyətində yoxdur, təbiətinə yaddır; düzdür, qaynanası çox mənəm-mənəm deyib içinə soğan doğramışdı, ancaq onun da dilini tez öyrənib fürsət gözləyirdi, gözlədi də, o haqq-hesabdan sonra arvad quzuya dönüb, görünür xoşu gəlib, özü bilər, qadağan etmək olmaz, ancaq daha görməyəcəkdi, elə bir dəfə də qələbə üçün kifayətdir. Amma aləmə car çəkmək də yaramaz, müvəffəqiyyətdən baş gicəllənməsi kişi işi deyil, bir də qaynata var axı arada, hələ arvadını demir, yəqin ki öldürər özünü, rəftarı elə olmalıdır ki, guya aralarında belə bir şey olmayıb, elə qaynanasının son vaxtlar qabağından qaçması da qələbə idi. Ümumiyyətlə az-az görüşmək hər ikisini təmin edirdi.
Hər təsadüf üçün gəldiyi görüş yerinə çatmağa az qalmış saata baxdı. Bir saat keçmişdi və görüşün baş tutacağına daha ümid eləmirdi. Doğrusu sevindi, içindəki ağırlıq bir qədər azaldı deyəsən. Nə yaxşı! Amma maşını nəyə sürürdü ora, özü də bilmirdi. Qızı görəndə çox tez sevindiyini bildi. Qız müştəri gözləyəndə olduğu kimi, avtobus dayanacağından bir az aralıda deyil, dayanacağın lap özündə idi və bütün abırlı sərnişinlər kimi guya səbrlə avtobus gözləyirdi.
Oğlan ürəyində «bərəkallah» deyib, bərabərinə çatanda maşını saxladı. Qız yerini rahatlayıb dedi:
– Moskva vaxtı ilə deməmişdim mən. İzahat da lazım deyil. O gözəl evə sür, birinci dəfə məni aparmışdın aaa... ora. Özün də de ki, doğrudan da o ev xaricə işləməyə getmiş dostunundu.
– İstəyirsən deyim, razıyam, amma bu gün heç nəyə həvəsim yoxdur.
– Bəs nəyə gəlirdin?
– Sən çağırdın, mən də gəldim. Dedim yəqin nəsə bir xəbər var, ciddi söhbət eləyəcəyik.
– Mən söhbət adamıyam? – Qız pis baxdı ona. – Amma... sür ora, açar cibində deyil?
– Cibimdədir, di gəl ki... Yaxşı, ancaq söhbətə, gecəni də qaldı yoxdu, təzə qurtarmışam skandaldan...

Qız uzanmaqdan bezib ayağa durdu. Pəncərəyə yaxınlaşıb işıqlar söndüyündən cansız görünən binaya baxdı və birdən üşüdüyünü hiss elədi, oğlanın köynəyini axtardı.
– Hara tulladın köynəyini? Budey genə yerə atmısan, qızışanda dəli olursan, az qalırsan paltarlarını cırıb çıxasan meydana. Hələ deyirdin həvəsim yoxdur. – Köynəyi havaya çırpıb geydi. – İncimirsən köynəyini geyəndə?
– Yox, niyə inciyirəm?
– Nə bilim, başqa qadın iyini arvadlar tez tanıyırlar.
– Mənimki elə təcrübəli deyil, amma... bir dəfə təzə evlənmişdim, mən də hələ elə bilirdim ki, var-yox elə odur...
– Kim?
– Arvadımı deyirəm də, amma bir dəfə elə oldu ki, bir qadın naxalnım obrazom apardı məni evinə, bir-iki saatdan sonra buraxdı.
– Sonra?
– Elə ki, gəldim evə, onda hər evdən gedəndə, evə gələndə öpüşürdük...
– Oy, umru... – Qız guya gülməyini güclə saxladı, amma bu təbii alınmadı.
– Qulaq as də... – Oğlan onun köynəkdən çıxan qəşəng biçimli ayağına yüngül bir şillə vurdu. Qış qışqırdı. – Özüm də göyün yeddinci qatında. Ümumiyyətlə birinci izmena qadınla ilk tanışlığa bənzəyir, guya qəhrəmanlıq eləmisən, özünü əsl kişi bilirsən. Hə, elə ki oxuya-oxuya içəri girdim, həmişə olduğu kimi, ayaqlarının ucuna qalxıb boynumdan öpdü və birdən dondu, sonra şübhə ilə geriləyib dünyanın ən bədbəxt adamı kimi dedi: «Səndən rus iyi gəlir». Onda hələ təcrübəm yox idi, qızın da birdən-birə sözü üzümə belə şappıltı ilə vurması səksəndirdi məni. O, çox həssasdır, görünür, üzümdəki dəyişikliyi dərhal hiss elədi və sözünü bir də təkrar elədi. «Səndən rus iyi gəlir». Sonra da qəribə bir kədərlə dedi: «Tı mne izmenyal».
– Doğrudan arvad rus idi?
– Özü də xalisindən. Beş ay idi Bakıya köçdüyü, əri ofitser idi.
– Maraqlıdır.
– Dedi ki, qafqazlılar haqqında o qədər eşitmişəm, ay belədirlər, ay elədirlər, yüz dəfə eşitməkdənsə bir dəfə görmək yaxşıdır.
– Maraqlıdır... – Qız yenə fikirlə dedi, elə dedi ki, oğlanın danışmaq həvəsi sovuşdu və yenə də evdə gecələmədiyinin peşmançılığını çəkdi. Başlanacaqdı sorğu-sual, çək-çevir. Amma yaxşı ki, zəng eləyib gecəni meydanda qalacağını demişdi. Bilirdi ki, qaynatası narazı qalacaq, qaynanası deyinəcək... Cəhənnəmə ki!
– Bilirsən, neçə yaşım var mənim?
Oğlan təəccüblə, həm də istehza ilə baxdı qıza və yekəxanalıqla dedi:
– Mən yatdığım qadınların yaşı ilə maraqlanmıram.
– Maraqlanmasan da deyəcəyəm. – Sifəti ciddiləşdiyindən xeyli fikirləşdi, yaşlı göründü. – İyirmi səkkiz yaş necədir?
Oğlan uzun bir fit çaldı və zarafatla dedi:
– Amma yaxşı qalmısan.
– İyirmi səkkiz yaşlı prostitutka bilirsən nə deməkdir?
– Düzünü deyim ki, yox.
– Onda mətbuatı oxumursan, necə deyərlər, niyə mütaliə eləmirsən? Bilmirsən ki, sovet xalqı ən çox oxuyan xalqdır.
– Neynəsin sovet xalqı? Hər şeyi kitabda görür də. Mağazalar boş, cibdə bir şey yox, yediyi iyirmi-otuz il soyuducularda buzlamış qıpqırmızı ət, özü də talonla. Bu sovet adamı bədbəxt oxumasın neyləsin? Ya gərək çaxır içib alkoqolik olsun, ya da kitab oxusun, birinciyə gücü çatmayanlar ikinciyə qurşanırlar. Görmürsən o istirahət günləri makulatura daşıyanları, vallah dünyanın ən bədbəxt adamlarıdı onlar.
– Bura bax, – qız yandırdığı siqareti sordu. – Səndən uşaq istəyirəm.
Oğlan diksindi və qalxıb çarpayıda bardaşqurma oturdu. Elə bil qızın dediyini o saat başa düşmədi.
– Nədir, gözlərini niyə bərəldirsən? – Qız kobud dedi. – Başa düşmədinsə bir də deyim: səndən uşaq istəyirəm, özüm də bura meçiddən gəlirəm.
Oğlan deyə bilərdi ki, nə gicləyirsən? Ağlın çaşıb? Başına hava gəlib? Amma qızın üzündəki qəti ifadədən bildi ki, bunları demək sarsaqlıqdan başqa bir şey deyil, ona görə də min yaşlı bu qəliblənmiş sözləri uddu və o da qız kimi tamam ciddiləşdi, döşəkağı ilə qurşaqdan aşağısını örtdü, amma uzanmadı.
– Məndən nə tələb olunur? Arvadımı boşayıb səni almalıyam?
Qız onun üzünə baxmadan dedi:
– Belə sözlər, tənəli, ibarəli suallar lazım deyil, evini-ailəni dağıtmaq da havayı söhbətdir. Mən öz yerimi yaxşı bilirəm. Atam da raykom katibi deyil.
– Bəs onda məndən nə istəyirsən?
– Mən istədiyimi səndən almışam, – əlini qarnına vurdu.
– Bəs məndən qabaqkılar, axı mən...
– Uşaq sənindi.
– Sübut! – Oğlan sübut üçün əlini irəli uzatdı.
Qız onun açıq ovcunu yumub buz kimi soyuq əli ilə geri elədi və bir-birinə dəyib tıqqıldayan dişlərini sıxıb çətinliklə dedi:
– Mənə sənin adın, familiyan lazım olacaq, vəssalam, daha heç nə!
– Bir də aliment?
– Dedim axı heç nə! Sən heç bilməyəcəksən ki, uşaq olub, qızdır ya oğlandır.
– Axı bu... heç mümkün deyil. – Yadına düşdü ki, qızına yaş kağızı alanda kəbin haqqında şəhadətnamə tələb elədilər.
– Evlənmə kağızı, zaqs olmasa yazmazlar.
– O sənin işin deyil.
Bir müddət susdular. Qız özündə idi, oğlan da öz aləminə qapıldı və fikirləşdi ki, onun fahişədən, küçədə maşın saxlayan, bədəni ilə dolanan qadından uşağı olacaq. Canından ürpərti keçdi. Qeyri-qanuni doğulmuş bic! Ömrü-boyu gözükölgəli yaşayacaq, başıaşağı gəzəcək adi bic!

On dörd yaşı təzə tamam olub. Ata nənəsinin yanında yay tətilindədir. Şəhərdən gəlib, geyim-kecimi qəşəng, əynində o vaxtlar təzə-təzə dəbə düşən cins şalvar, özü də firma, xalisindən, boynunda qızıl zəncir, özü də rayonun QAİ-sində işləyən babasının tanka oxşayan «Qaz-21»-ni səyirdir, cibi də pulla dolu. Çox tez məşhurlaşdı. Məhlə uşaqlarının, özündən böyük oğlanların da hörmətini qazandı. Hamı şəhərdən gəlmiş ərköyün oğlana qulluq göstərməyə çalışır, ona yarınmağa fürsət axtarırdı. Bakıda oynamadığı, bilmədiyi oyunlara həvəslə qoşulurdu. Ənzəli daha çox xoşuna gəlirdi. Şərtə görə oyunçulardan biri dizlərini əllərinə dayaq verib belini əyir, qalanları isə oyunun sözlərini deyə-deyə onun üstündən hoppanır: «Ənzəli, ay ənzəli»... Sonra necə idi sözlər? Hə! «Əl dəysin, ətək dəyməsin». Hayıf ki, ərköyün oğlan çox vaxt bu yerdə ilişirdi. Deməli yatmalı idi ki, indi də onun üstündən hoppansınlar. Bax elə belə vaxtlarda ona güzəşt eləyir, yatmağa qoymurdular. Səbəbini yaxşı bilirdi: cibində pul, altında tank boyda «Volqa». Uşaqları da mindirirdi maşına. Babası da ki, dövlət avtomobil müfəttişliyinin rəisi. Adı rayonla bir idi. Elə gün olmazdı ki, yanına cürbəcür adamlar gəlməsin. Həmişə bu adamların gözlərində yaltaqlıq, qorxaqlıq görürdü. Hətta bir dəfə cavan, yaraşıqlı bir kişi qəfil onun boynunu qucaqlayıb ağlaya-ağlaya babasına dedi ki, qurban olum bu madar nəvənə, çevir məni onun başına, balalarımı yetim qoyma. Babası cumub nəvəsini cavan kişinin əlindən alıb hökmlə demişdi:
– Yığ burnuvun suyunu, yeri get evinə! Qurban olasan...
Evlərinin dalı iri alma bağı idi. Uzanıb gedirdi dərədəki gicitkanlığa. Hasarın o üzündə boy-boya vermiş gövdəsi, yarpaqları ağımsov tüklə örtülü qart kollara baxanda adamın bədəni göynəyib qaşınırdı. Gicitkanlıq çayın üstündə qurtarıb dərin yarğanla kəsilirdi. Yarğanın dibi çayın yatağı idi və onun ikinci sahilini hündür sarı qaya əvəz eləyirdi. Qayanın üstündəki televiziya qülləsinə də gedib çıxmışdılar. «Volqa»nı qayaya qalxan dikdir yolla qovanda özündən böyük oğlanların heyran baxışlarını hiss eləmək necə ləzzət verirdi. Bəlkə də o yayı elə həmin heyran baxışlara görə unutmurdu. Yox, tək o baxışlar deyildi, o yayı xatirədə yaşadan çox şey olmuşdu. Yanaqlarına bir neçə sızaq çıxmışdı qəfildən bir-iki günün içində, babası mənalı gülüb demişdi ki, kişiləşirsən ha... Kişiləşdiyini babasından qabaq özü bilirdi. Səsi də həmin yay çatallaşdı. Hər gün Bakıdan zəng eləyən atası bir gün səsini tanımadı və sonra fərəhlə dedi ki, birdən evlənərsən ha orda.
Gecələr yuxuya getmək çətin olurdu. Hiss eləyirdi ki, içində nəsə qəribə bir qüvvə yığılır və çıxmağa yer axtarır. Bədəni gərilir, tumanı əyninə daralır. Belə vaxtlarda çox sevdiyi çayın gecə uğultusu da fikrini özündən, bədənindən ayıra bilmirdi. Belə gecələrin birində babası ilə nənəsinin yatdığı otaqdan gah artan, gah azalan çarpayı cırıltısı gəldi. Nəfəsini içinə çəkib qulaq kəsildi. İndi qonşu otaqda milçək də uçsaydı eşidərdi. Eşitdi də: «Yavaş, uşaq oyanar» nənəsinin boğulmuş səsi idi. Arvad elə bil yük altından danışırdı. «Qorxma yatıb». Babası kəhildədi. Və bundan sonra çarpayı daha bərk və sürətlə cırıldadı. Deyəsən babası inildədi və ağrı, əzab ifadə etməyən bu inilti ilə də bir anlığa sükut çökdü ətrafa. Sonra çarpayı bir də möhkəm cırıldadı və bu cırıltı əvvəlkindən deyildi. Kişi bir-iki ağız öskürdü. Alışqanın səsindən bildi ki, siqaret yandırdı. Bundan sonrakı səslər, nənəsinin deyəsən durub otaqdan çıxması, sonra qayıtması və «qapını yaxşı bağlamısanmı» sualı onu maraqlandırmadı. Bir neçə dəqiqə çəkən gərginlikdən bədəni azad olmuşdu və birdən hiss elədi ki, tumanının qabağı yaşdır, əlini vurdu. Barmaqları yapışqana batdı elə bil, əvvəl başa düşmədi, sonra... Qəribə bir rahatlıq yayılmışdı canına. Budları gizildəyirdi. Çayın səsi yuxu gətirirdi, şirin, rahat bir yuxu. Və bundan sonra hər gecə belə yuxuya gedəcəkdi. Ancaq daha qonşu otaqdan gələn səslərə ehtiyacı yox idi. Əlləri ona kömək eləyirdi. Bundan sonra açıq pəncərədən yay gecəsinin səsinə və alma bağının ətrinə qarışmış çayın həniri onu uzaqlara, görmədiyi, bilmədiyi yerlərə aparırdı. Xoşbəxt idi. Yaxşı ata-anası vardı. Hələ qocalmamış babası-nənəsi onu əzizləməkdən yorulmurdular. Qəşəng idi. Onu birinci dəfə görən böyüklərin, yəni babasının saysız-hesabsız dostlarının ilk sözü bu olurdu ki, maşallah nə qəşəng, nə göyçək nəvən var. Hətta biri demişdi ki, elə bil Yusifi-Kənandır durub. Nazik, uzun, şümal oğlan. Məhlə uşaqları onsuz heç nə eləmir, heç yerə getmirdilər; ancaq ona, onların dəstəsinə yaxın düşməyən sarısaç, göygöz bir oğlan var idi, həmişə qıraqda gəzir, aralıda dolanır, amma tamam uzaqlaşmazdı. Aralıdan da olsa onları müşahidə edirdi, görünür, bununla da kifayətlənirdi. Ancaq bu yovuşmazlıqda nəsə bir təkəbbür var idi, elə ona da bu əsassız təkəbbür yer eləyirdi. Bir neçə gün idi gəldiyi ki, artıq xeyli dostlaşdığı oğlanların birindən soruşdu ki, niyə o həmişə qıraqda dayanır, bizə yaxın gəlmir. Oğlan da dedi ki, kimdi onu yaxına qoyan? Anası qəhbə, özü bic? Bic? O nə deməkdi? Bic də, ta bunun necəsi yoxdur ki! O vaxtacan bic sözünün bir mənasını bilirdi, ikinci mənasını isə həmin yay öyrəndi və bildi ki, atası naməlum uşağa bic deyirlər; sarısaç, göygöz oğlan da bic olduğundan məhlə uşaqlarından gen gəzirdi. Görünür, hər gün bic olduğunu yadına salan tay-tuşlardan gen gəzmək daha məsləhət idi. Bic oğlana yazığı gəlməsə də, ona marağı daha da artdı. Çox istəyirdi ki, o da gəlib dəstəyə qoşulsun. Heç olmasa onu tək görəndə yaxınlaşsın, ancaq bic onu elə bil heç görmürdü, vecinə almırdı və təbii ki, biganəlik şəhərli oğlanı qəzəbləndirirdi.
Bir dəfə beş oğlan, hərəsinin on dörd-on beş yaşı, birinin isə on altı yaşı vardı, elə təşkilatçı da o idi, yendilər gicitkanlığa və on altı yaşlı oğlan gözdən xəlvət bir yer tapıb oturdu, dedi ki, indi olar, bura heç kəs gəlmir.
– Hamınız dövrələmə oturun, elə yox, diz üstdə.
Oğlanın dediyi kimi də elədilər. Şalvarı çəkdilər aşağı. O, ömründə kiminsə yanında, kiminləsə üz-üzə, göz-gözə belə iş görməmişdi, indi isə dörd adamın, nə olsun ki, yaşıdları idi, qabağında oyun çıxartmaq? Ancaq geri çəkilmək olmazdı, çünki tamam hörmətdən düşə bilərdi, bir də təzə qazandığı dostları elə bilərdilər ki, onun belə şeylərdən heç xəbəri yoxdur, ya da utanır.
– İndi gözlərinizi yumun, fikrinizə istədiyiniz qızı gətirin, guya soyunub lüt dayanıb.
Heç kəsi gözünün qabağına gətirə bilmədi, diqqəti özündən tamam yayındı, qalan oğlanlar isə işləyirdilər, özü də deyəsən müvəffəqiyyətlə. Hər halda gözünü açıb baxanda səhv eləmədiyini bildi. Bir də onu bildi ki, biabır olacaq uşaqların yanında, nüfuzdan düşəcək, çünki heç nə, hətta yoldaşlarının müvəffəqiyyətlə işləmələri də ona təsir eləmədi. Xəcalətindən yerə girmək, bu gicitkanlar arasında itmək, lap heç kimə demədən yox olub Bakıya yola düşmək istəyirdi ki, zəif bir şıqqıltı eşitdi, gözünü açanda gicitkanların arasında bir üz göründü və elə bu məqamda da onun zavallı gözləri bicin gömgöy gözləri ilə tuşlaşdı. Səhv eləyə bilməzdi, həmin göy gözlərdə o açıq-aydın rişxənd gördü və bu rişxənd məhz onun özünə, nahaq yerə aşağı çəkdiyi şalvarının qabağına aid idi. Bic gizlin gəldiyi kimi, gizlin də əkilmək istəyi ilə araladığı kolları buraxdı və onun rişxəndli gözləri itdi. Birdən qandı ki, çətin vəziyyətdən qurtardı. Qışqırdı:
– Uşaqlar, bizi pusan var! Uşaqlar! – və tələsik şalvarını yuxarı çəkib indicə bici gördüyü tərəfi göstərdi. Dilxor olmuş uşaqlar işi yarımçıq qoyub göstərilən tərəfə götürüldülər. Qorxdu ki, birdən onu tapa bilməzlər, sözü yalan çıxar, ancaq narahat olmağa dəyməzdi, uşaqlar bici tez tutdular. Onlara çatanda artıq bicin burnundan qan axırdı, açıq əl-ayağı gicitkan zərbələrindən qabar-qabar olmuşdu. Dəstənin başçısı onun dalına axırıncı təpiyi vurub anasını söydü və dedi:
– Bic oğraş! Anası qəhbə oğraş!
Bundan sonra onlar burnunun qanını saxlaya bilməyən oğlan gözdən itənəcən «Bic, bic, bic!» deyib xorla qışqırdılar. Bu işdə o hamıdan çox canfəşanlıq edirdi.
Bu hadisəni xatırlamağı heç xoşlamırdı. Rayona da getməyi sevmirdi. Həm də babasıgil onun üçün maraqlı deyildi. Bic oğlanla rast gəlmək, üz-üzə çıxmaqdan da çəkinirdi, çünki həmin oğlan onun ilk acizliyinin şahidi olmuşdu, eyni zamanda oğlanın o vaxt gicitkanlıq arasından xəlvəti baxması onu biabırçılıqdan qurtarmışdı, onun xilası həmin oğlanın döyülməsi ilə nəticələnmişdi. Yaxşı ki, ertəsi günü təcili Bakıya qayıtmalı oldu. O da bir daha həmin bicə rast gəlmədi.
– Bilirsən yadıma nə düşdü? – O siqareti siqaretin oduna calayan qıza baxmadan dedi. – Uşaqlıqda atasız bir oğlan tanıyırdım, elə mən yaşda idi, məhlədə hamı ona bic deyirdi, bilirsən bu nə deməkdir?
Qız tüstünü üfürüb sakitcə dedi:
– Mən hər şeyi nəzərə almışam, düşünmüşəm, götür-qoy eləmişəm. Mənim uşağımın atası olacaq, sənədləri lüks, evimi də dəyişəcəm. – Siqareti sümürdü və səsi titrəyə-titrəyə əlavə elədi. – Bütün bunların sənə dəxli olmayacaq.
– Heç vaxt! Heç vaxt! Buna mən razı ola bilmərəm, mənim uşağım…
– Sən razı olmalısan! – Qızın səsindəki hökmdə tələbdən başqa hədələyici ahəng var idi.
Oğlan sarsıldı, bildi ki, qarşısındakı adamdan nə desən gözləmək olar, onun meydandakı konserti hələ gözlərinin qabağında idi. Özünü ələ almağa çalışıb mümkün qədər sakit dedi:
– Məni hədələyirsən? Hərif bilirsən məni?
– Yox, məsələ başqadır, ürəyim sənə qızır, yox qızır yox, az-çox səni tanıyıram, axı hər adamdan uşaq tutmaq olmaz. Bir saatlıq kayf üçün sənə pul verən, səni satın alan adamdan uşaq doğmaq günahdır, mən… Allaha inanan adamam, baxma ki… Səndən pul almıram, səninlə haqq-hesabım təmizdir. Gülmə! Gülsən üzünü cırıq-cırıq eliyərəm. Uşaq gərək… – Susdu. Qəribədir ki, qız bu sözləri utana-utana, çəkinə-çəkinə deyirdi: – Vaxt keçir, axı mən yalquzaq deyiləm, mən də adamam, mən də uşaq istəyirəm, bu dünyada mənim də bir nişanəm olmalıdır.
– Mən səni başa düşməyə çalışıram, amma… Axı bu peşə ilə analıq tutmur. Vacib deyil hamı nişan qoysun özündən sonra.
– İşləyəcəm, istədiyim vaxt satıcı düzələ bilərəm… mağazada.
– Satıcı? – İstehza ilə, həm də ikibaşlı dedi. – Satıcılıq… – dalını uddu. Demək istəyirdi ki, satmaq sənin peşəndir də, alnına yazılıb.
– Bir də bunların sənə dəxli yoxdur. – Qız hiddətlə dedi. – Mən axırıncı şansı əldən buraxmayacam, ya səndən uşağım olmalıdır, ya da öldürəcəm özümü.
– Əvvəlki hansı şans idi? – Oğlan vaxt udmaq, nəsə fikirləşib etiraz etmək üçün möhkəm, təkzibedilməz bir səbəb axtarmaq niyyətilə soruşdu.
Qız cavab verməyib təzə siqaret yandırdı.

Dilxorluqdan rəngi qaralmış kişi tələsik geyindi. Bıçaq vursan, qanı çıxmazdı. Qız altdan-altdan şalvarını heç cür geyib qurtara bilməyən bu fərsizə göz qoyurdu. Kişi nəhayət şalvarın axırıncı düyməsini bərkidib əlini cibinə saldı, iki yüzlük çıxarıb şərtləşdikləri kimi çarpayının üstünə atdı. Bu onların dördüncü görüşü idi. Həftədə bir dəfə. Vaxtı qız belə təyin eləmişdi. Əlbəttə, qazanc xatirinə müalicə seanslarının sayını artıra da bilərdi, ancaq müştərini hürkütmək istəmirdi, bir də insafdan deyildi havayı pul qırasan, zəhmətsiz qazancı allah da haram buyurub. Pulu çarpayının üstünə atanda kişinin sifətindəki hüzn dolu bədbəxt ifadə qızı kövrəltdi; əslində zəhləsi gedən bu kişiyə ürəyində qəribə bir mərhəmət oyandı. O, doğrudan da ehtirassız, ürəksiz, həvəssiz, özünü məcbur eləyib sığalladığı, ən müxtəlif yollarla cuşa gətirmək istədiyi kişiyə özündə heç bir həvəs hiss eləmirdi və peşə ustalığından doğan fəhmlə başa düşdü ki, uğursuzluğun əsas səbəbi elə məhəbbətsizlikdir.
– Nahaq tez geyindin, getmə, bu gecəni qal yanımda.
Kişi həmişə tələsən, açıqca onunla darıxan qıza təəccüblə baxdı və onun dediklərində səmimiyyət, istilik axtardı və tapdı da. Onu təzədən soyunduran bu həssas əllər, usta barmaqlar bədəninə toxunduqca, hətta paltar üstündən sinəsinə, qollarına dəydikcə canına istilik gəldiyini, ayaqlarının, budlarının qızışdığını, bədənində getdikcə həvəs dalğasının gücləndiyini hiss eləyirdi. Şəhvət addım-addım irəliləyirdi.
Qız onu soyundurduqca tüklü sinəsini, təzə-təzə piylənən qarnını, güclü, ağır qollarını öpürdü; bədəninə toxunan dodaqların kəpənək təması kişinin həvəsini sürətlə artırdı, ancaq o özü tələsik soyunub qurtarmağa, kişi kimi təşəbbüsü əlinə almağa qorxurdu. Qorxurdu ki, bədənini doldurmuş, tarıma çəkmiş həvəs itər, yox olar, onunla birgə əmələ gəlmiş kövrək özünəinamı uçurda bilər. Odur ki, o özünü aldadır, ürəyində heç nə eləməyəcəyini fasiləsiz təkrar eləyirdi…
Üzünü töyşüyən qızın tez-tez qalxıb-enən qarnına söykəyib hönkür-hönkür ağlayırdı. Qız yorğun əli ilə onun başını sığallayır, cod saçını barmaqlayır və özünü həqiqətən qəhrəman hesab eləyirdi. Həm də əvvəlcədən ehtiyat görmədiyini düşünürdü ki, ilişməsə yaxşıdır.
– Uşaqdan-zaddan nəyin var?
– Mənim?
– Yox, mənim.
– Ta niyə hirslənirsən? – Kişi üz-gözünü, burnunu döşəkağıya silib gülümsəyə-gülümsəyə dedi: – Sağlığına pəhlivan kimi üç oğlum var. Niyə soruşursan ki?
– Heç, yavnı ilişdim.
– Başa düşmədim.
– Səni uzadıb başa salmaq lazımdır.
Kişi hırtıldadı və üstü qırışmış çarpayını göstərdi:
– Bayaqkı kimi?
Qız da güldü.
– Deyirəm, ay dilbilməz, uşağa qalacam.
– Niyə?
– Niyəsi yoxdur ki, heç bir hazırlıq görməmişdim.
– Bə niyə heylə?
– Genə niyə? Nə bilim, elə bildim həmişəki kimi fıstrınka çıxacaqsan.
Kişi ləzzətlə güldü və dedi:
– Gördün papaq altda nətəər oğlanlar var?
– Niyə demirsən ustadına bərəkallah?
– Qurban olum, az, saa.
Bundan sonra daha əl çəkmədi ondan. İlk vaxtlar hər gün, sonralar günaşırı, həftədə bir dəfə… Axırda onu qovmaq qərarına gəldi, amma yox, elə də asan deyilmiş, bir tərəfdən məlum oldu ki, həqiqətən uşağa qalıb və bununla da birdən-birə qərara gəldi ki, uşağı saxlasın, həm də kişi kifayət qədər səxavətli idi, cibi də pis deyildi, görünür, yaxşı qazanırdı. Növbəti görüşlərin birindən sonra kişi oxuya-oxuya, fit çala-çala geyinəndə və tez-tez qızdan razı qalıb-qalmadığını soruşanda qız dedi:
– Yoldaş, mən doğrudan da ilişmişəm.
– Mən ölüm, düz sözündü?
– Düz sözümdür, özü də iki aydır.
– De sən öl!
– Sən öl!
Kişinin gözlərinə qəfil işıq gəldi və sevindiyindən:
– Bə niyə demirsən az bunu maa?
– Deyirəm dayna əyə…
– Canım dilinə qurban, sən bilirsən maa nətəər yaxşılıx eləmisən, dünyanı vermisən maa. Elə bil ölmüşdüm yerdən götürmüsən. – Əlini cibinə salıb üç dənə yüzlük çıxartdı. – İkisi muştuluq, biri abort.
Qız pulu çırtma ilə vurub stolun üstündən yerə saldı və dedi:
– Mən sənə xoşbəxtlik vermişəm, sən də mənə ver.
– Nətəər yanı?
– Uşağıma adını, familiyanı ver.
Kişi elə bil diksindi, bayram ovqatı birdən turşaldı.
– Axı bu birəz birtəər olur.
– Nətəər olur dayna?
– Ağzımı əyirsənmi?
– Ya mən deyən olmalıdır, ya da bu qapını tanımırsan!
Kişi qorxdu. Təşvişlə:
– Axı bilirsənmi… – dedi. – Az, mən buna nətəər razı olum ki, mənim uşağımın anası…
Qız qəfil yerindən qalxdı, qapını açıb yolu göstərdi:
– Rədd ol!!!
– Dayan ey…
– Dedim rədd ol, oğraş! Bu saat… Bir də mənə yaxın dur, gör… Rədd ol!
Ertəsi gün kişi gəldi. Dedi ki, razıyam, nə lazımdır eləyəcəm, amma gizli olsun, qadan alım, bir sən bil, bir də mən…
Hamiləliyin beşinci ayına keçəndə kişi yox oldu, elə bil yağlı əppəy idi, yedilər. Bir gün, on gün, səs çıxmadı. Evini də tanıyırdı, telefonunu da bilirdi. Getmədi dalınca, nə istəsə eləyə bilərdi, başına it oyunu açardı, qabağında dizin-dizin süründürərdi, amma yox, onun hələ əriyib qurtarmamış qüruru bunu götürə bilmədi. «Heylə nakişidən olan uşaq da nakişi olmalıdır» – dedi. Amma bir dəfə zəng elədi ki, bəlkə nəsə olub, bir fəlakətə uğrayıb, başına qəza gəlib, maşın altda qalıb, adamdır da: heç biri deyildi. Dəstəkdə kişinin gümrah səsini eşidəndə bircə söz dedi:
– Oğraş!
Hirsindən elə həmin gün gedib artıq beş ayı tamam olmuş uşağı xərc elətdirdi və dərhal da peşman oldu.
Oğlan qıza şübhə ilə və haradasa ümidlə baxdı. Dedi:
– Birinci abortdan sonra uşaq olmur axı!
Qız ona qarşı yönəldilmiş bütün ittihamların əsassız olduğunu asanlıqla sübut edən müttəhim sakitliyi ilə dedi:
– Bu, birinci abort deyildi. Birincini müəllim eləmişdi.
– Müəllim? – Yaxşı eşitmədiyini və ya qızın səhvən «müəllim» dediyini güman elədi.
– Müəllim! Dünyanın əbədi sirrini ilk dəfə mənə başa salan müəllim.
– Həkimliyi də bacarırdı?
– Bacarırdı… – Qız pis gülümsədi.
Səhər-səhər məktəbə deyil, müəllimin evinə gəldi. Tir-tir titrəyirdi, ürəyi də bulanırdı. Aybaşının gecikməsi onu elə də təşvişə salmamışdı, çünki tamam arxayın idi ki, müəllim uşaq olmasın deyə nə lazımdırsa, özü eləyir, ancaq ürəyi bulanmağa başlayanda və anası şübhə ilə baxıb, «Ürəyin niyə bulanır?» deyəndə qorxmuşdu və ağlına gəlmişdi ki, yəqin nəsə olub və bu fikirdən necə dəhşətə gəldisə ürəyi xarab oldu, az qaldı huşunu itirsin. Bu dəm qapının dəstəyindən yapışmasaydı yəqin yıxılacaqdı. Anası təlaşla:
– Bıy, başıma xeyir, nooldu aaz sənə? – dedi.
– Heç! Nəsə başım gicəlləndi. – Əlini soyuq tər basmış alnına çəkdi. – Burax məni, keçdi…
Anasının şübhəli baxışlarından yayınmaq üçün gözlərini yumdu. Qadın əl çəkmədi:
– Gecikməyib? Bəlkə…
– Yox! – Qız kəskin dedi. – Təzə qurtarmışam. – Və elə o saat hesablayıb bildi ki, vaxtından xeyli keçib. Həmin gün müəllimə dedi. Müəllimin rəngi ağardı, qız bunu gördü, təşvişi daha da artdı. Uşaq kimi zığıldaya-zığıldaya ağladı.
– Ağlama! – Müəllim əmr elədi. – Fikirləşməyə mane olursan.
Qız özünü ələ almağa çalışıb, anasının da şübhələndiyini dedi. Bu müəllimi daha qorxutdu.
– Bax, heç kəsə demə ha, boynuna alma, səni biabırçılıqla məktəbdən qovarlar. Bir şey eliyərik, mütləq eliyərik…
Qız qorxa-qorxa dəmir ləyənçədə qaynayan və getdikcə rəngini dəyişib tündləşən bala baxırdı. Müəllim balla necə kompres eləməyi ona başa salıb dərsə getdi. Qaynar balda islatdığı piltəni tez-tez dəyişməli idi. Ta müəllim dərsini deyib qayıdanacan, yəni günortayacan.
Qız iyrənə-iyrənə, çimçəşə-çimçəşə müəllimin tapşırığını necə lazımdır yerinə yetirdi və vaxtın necə keçdiyini də hiss eləmədi.
Müəllim qayıdıb verdiyi «ev tapşırığını» tamam-kamal yoxlayandan sonra soyundu və gülə-gülə dedi:
– Əməliyyatın ikinci hissəsinə başlayaq.
– Yox, yox, – qız qorxub dartındı, ürəyinin bulandığını bəhanə gətirdi, ancaq müəllim onu heç eşitmirdi.
Qız dartınıb onu incitməyindən getdikcə daha çox ləzzət alan, qızışan adamın qaba, kobud əllərindən çıxmağa çalışırdı. On altı yaşında həyatın qəribə üzlərini gördüyü bu otaqdan, öz istəyi, öz həvəsi ilə gəldiyi bu yuvadan qaçmaq, onu ağrıtmaq, bətnindən nəyisə çıxarmağa çalışan adamdan, sifəti birdən-birə kifirləşib eybəcərləşmiş müəllimdən azad olmaq istəyirdi. Son bir həftədə sevdiyi, istədiyi nə vardısa hamısından iyrəndiyi, ən gözəl iylərdən, qoxulardan qaçdığı, çimçəşdiyi bir vaxtda, ürəkbulanmasını heç cür yadından çıxara bilmədiyindən gic kimi dolanan, özündə-sözündə olmayan qızın ürəyi müəllimin cəngində sivrilib sinəsindən çıxmaq, yerə düşmək, özü ilə birgə içalatını da bayıra tökmək istəyirdi: nəsə onun içindən çıxmalı idi və qız bilirdi ki, müəllim də bunun üçün əlləşir.
– Deyirsən, daha abort lazım deyl? – Qız ümidlə soruşdu.
– Elədik də abortu, dünyada heç bir həkim belə ləzzətli, həzz verən abort eləmir, həm ticarət, həm ziyarət.
Onun bu qədər sevinməsi qızın acığına gəldi, amma acığını gizlətdi, çünki bu hirsin, narazılığın səbəbini özü də bilmirdi.
– Axşamacan ürəkbulanman keçəcək, sabah olacaqsan lap anadangəlmə. Heç kəs bilməsin aaa… Anan şübhələnib eləsə, de ki, elə ciddi bir şey yoxdur, bir az belim ağrıyır, vəssalam.
Evdən çıxmağa hazırlaşanda müəllim qapının ağzında onu saxladı, üstünə əyilib hələ də yanmış bal iyi verən dodağından öpdü və dedi ki, ağıllı ol, bir on gündən sonra görüşərik, görsən nəsə yaxşı hiss eləmirsən özünü, xəbər elə, zapiska yaz ver, amma heç kəs görməsin. – Qapının gözcüyündən bayıra baxdı. – Heç kəs yoxdur, get. – Qız çıxan kimi qapını örtdü.
Pilləkənləri tələsik düşdü. Qarnında hələ ağrı olsa da sevinirdi, qorxudan, təhlükədən azad olmuşdu. Həm də o bildi ki, bir də bu evə ayaq basmayacaq.

Qalxıb şalvarını geyindi, torşerin altına düşən kresloda oturdu, elə bil səhnədə idi və üstünə narıncı projektor işığı salmışdılar. Nəsə yadına düşmüş kimi qalxıb otaqdan çıxdı. Mətbəxdəki şkaflardan birinin alt gözünü açdı və haçansa boş butulkaların arxasında gizlətdiyi konyak şüşəsini əl havasına axtardı və tapdı. Şüşə yarımçıq idi.
– Tapıblar, sizin…
Şüşənin üstünə pomada ilə «Bravo!» yazılmışdı. «Heç olmasa qanan adamdır» dedi öz-özünə və iki qədəh götürüb tozunu cib dəsmalı ilə sildi.
– Bir qurtum konyakla necəsən?
Qız başını razılıqla tərpədib dolu qədəhi aldı və bir qurtuma içdi. Oğlan da içdi və «Fu!» eləyib spirtin yanğısını bayıra üfürdü. Boş mədəsindən içinə ləzzətli isti yayıldı; əslində nə içən idi, nə də çəkən, hər ikisi məzə xatirinə idi. Odur ki, iyirmi beş qramdan çox olmayan konyakın təsiri dərhal beyninə dəydi. Birdən-birə hiss elədi ki, bayaqdan bəri ona az qala faciə kimi təsir eləyən uşaq söhbəti, qızın bəyanatı adi həyati məsələdir. Hətta beynindən keçirdi ki, bu vaxtacan neçə arvadla olmuşam (dəqiq sayını bilirdi, hər yeni əlaqəni «İntimnaya knijka» dediyi gizli cib dəftərçəsinə qeyd eləyirdi), nə bilirəm məndən neçəsi doğub, üzündən razı təbəssüm keçdi. Uşaq o zaman sənindir ki, onu sənin halalca arvadın doğur, onun hamiləliyini elə bil sən özün də keçirirsən, doğum evinə gedirsən, muştuluq üçün həkimlərə, mamalara, xidmətçilərə, göbəkkəsənə, qapıçıya pul verirsən, uşağa süd axtarırsan, təzə «Malış», «Malyutka» tapırsan, qaynatanın «tapşıyla» səni bazaya buraxırlar, körpəyə pal-paltar seçirsən, qaynanan ilk və yeganə nəvəsi üçün gündə əndrəbadə bir şey alıb gətirir, hər gəlib-gedənin əriyə-əriyə, böyük müşahidəçiliklə «Necə atasına oxşayır, elə bil burnundan düşüb» (Niyə burnundan?) demələrini dinləyəsən və sifətinə qəşəng, mülayim ifadə verəsən ki, göyçək görünəsən, bu müşahidə uşaq üçün söyüş yox, kompliment olsun və sair və sair. Atalığın şərtləri çoxdur. Yoxsa bir dəfə kayf üçün arvadla yatıb qırağa durasan və vicdan əzabı çəkəsən ki, ey dadi-bidad, ey əhli-qafqaz mənim uşağım bicdir, ya atası naməlumun biridir, şəstinə toxuna ki, bu uşağın anası qəhbədir, ya nə bilim, küçə qadınıdır. Sarsaqlıqdan başqa bir şey deyil bu fikirlər, sağlam ağıla, bu dünyadan yaxşı nə var qoparmaq istəyən ağıllı adama yaraşmaz, kişi gərək xırdaçılıqla, qurtdanquşluqla məşğul olmasın, başını yormasın. Xoşuna gəlirdi ağlından keçənlər; konyakdan bir qədəh də, yəni bir qurtum də içdi. Bilirdi ki, bu yatımlı, bir-birinə uyarlı sözləri yan-yanaşı düzən, onlara sığal verən içini qıdıqlayıb qızdıran içkidir, üstünə al qırmızı pomada ilə «Bravo» yazılmış şüşədən tökdüyü konyakdır. Bəlkə sabah başqa cür düşünəcək. Deməli, onu qorxu ilə almaq istəyən, başına corab hörmək iştiyağına düşən, bu çəlimsiz qızcığazdır və bilirdi ki, incə beli qoşa əlinə rahatca sığışan, yanlardan ensiz, çəlimsiz bədəninə görə döşləri xeyli iri olan bu qızın, küçə… (dili gəlmədi desin) əlində sirri çox idi. Qocanı maşınla vurub qaçdığını da demişdi ona. Niyə demişdi, kim idi ondan soruşan, niyə dilini saxlamırdı, axı ilk dəfə gördüyü, küçədə maşın gözləyən… (yenə də o sözü deməyə dili gəlmədi) birinə ürəyini niyə açırdı? Tez də səbəbi tapdı; nə biləydi ki, onunla bir də görüşəcək, nə biləydi ki, bu küçə qızından belə bərk yapışacaq, ona məhəbbət yetirib ağlını itirəcək, başının tükü sayda kişinin artığını qısqanacaq, boynuna almasa da, dilinə gətirməsə də, qısqanacaq. Fikirləşəndə ki, başqa bir lüt kişiyə baxıb «oy ma-ma» deyir, sinəsi az qalırdı çatlaya hirsindən, belə vaxtda onu nöyüt iyi verənəcən döymək, təhqir etməkdən özünü güclə saxlayırdı. Bu saat, üzüqoylu uzanıb ondan uşaq istəyən, razı olmasa şantaja əl atacağı ilə hədələyən qıza ürəyi yanırdı, mənliyi, heysiyyəti əzilirdi, elə bil əskiyə dönürdü… Gözündən yaş axdı, həm özünə, həm də üzüqoylu düşüb qalmış, onun içində qalxan qasırğadan xəbəri olmayan qıza yazığı gəldi. Əllərinin arxası ilə göz yaşlarını silirdi. Yavaşca qızın yanında uzandı və nəvazişlə onun bir-birinə qarışmış toyuq lələyi saçını sığalladı. Layla oxuyurmuş kimi az qala musiqi ilə dedi ki, razıyam, qoy sən deyən olsun, mən istəmirəm ki, sən şantaja əl atasan, üzüdönüklük eləyəsən, günahlarının üstünə bir günah da qoyasan, axı sən bu boyda günahla o dünyaya gedə bilməzsən. Burda o özü öz dediyinə təəccüb elədi. Gör nə deyirdi, gör nə danışırdı, günahdan, o dünyadan dəm vururdu. Halbuki o nə allaha, nə o dünyaya, nə axirətə inanırdı, bu dünyadan başqa dünya ola bilməzdi, əgər sən bir şeyi görmədin, onun təmasını hiss eləmədin, yemədin, geymədin necə inana bilərsən? Yoxa necə var deyə bilərsən, bir halda ki, sən onun varlığını hiss eləmirsən, yoxluğunu isə görürsən…
– Sən oğlan doğacaqsan məndən, baxma arvadım qız doğub, o mənim taqsırım deyil, zəifdir o, heç əməlli-başlı dözə bilmir… – Qızın boynunun dalından öpür, hərdən yüngülcə dişləyirdi. – Qəşəng bir oğlan olacaq, mənim kimi uzunboy, gözəl, gözləri sənin ala gözlərinə oxşayacaq, saçı qara mənimki kimi, gözləri ala səninki kimi…
Qız ağlayırdı. Üzünü yastıqdan ayırmadan zülüm-zülüm ağlayırdı.
– Sən mağazaya işə girəcəksən, satıcı… – Burda duruxdu, bu söz onün yadına nəsə xoşagəlməyən və bu lap yaxınlarda (ancaq haçan) keçirdiyi naxoş hissi saldı, tələsik «satıcı» sözünün üstündən adladı. – Yaxşı bir ad seçərik ona, həm müasir olsun, həm də rusca yaxşı səslənsin, axı gələcəkdə hamı rusca danışacaq, qaynatam deyir ki, rus dilini bilməyən mədəni adam deyil, rus dilində yazıb-pozmayan bisavaddır, amma bunu düz deyir, yuxarılarda hamı rusca danışır, yaxşı ki, mən də rusca oxumuşam…
Qız ağlamaqda davam eləyirdi, hərdən uşaq kimi içini çəkirdi. Bu oğlanın xoşuna gəlirdi. O da kövrəlirdi, gözləri yaşarırdı. Başı hərlənirdi. Amma bu kədərli, qüssəli, həzin vəziyyət ləzzət gətirirdi.
O bu ləzzət gətirən qüssə arasından hey danışırdı, gələcəkdən deyirdi. Eyni zamanda yaxşı bilirdi ki, o gözəl gələcəyin bu ağlayan qıza qətiyyən dəxli yoxdur, uzağı bir aya gedəcək ya Suriyaya, ya da Əlcəzairə. Hər halda gedəcəkdi və hamilə qoyub getdiyi bu qız nə onun üzünü görəcək o vaxt, nə pasportunu, çünki bir də qayıdıb gələndə o uşaq bəlkə də üç yaşına çatacaqdı. Yəqin ki, yaş kağızı da cibində olacaqdı, daha durub onu gözləməyəcəkdilər ki, hər halda ərzaq talonu almaq üçün yaş kağızı lazımdır, ev dəftərinə yazılmaq gərəkdir. Bunlar isə yaş kağızı olmadan mümkün deyildi. Hər şey bu dünyada bir-biri ilə bağlıdır, hər şey! Nəticə səbəbə, səbəb nəticəyə möhtacdır…

Əsgərlərin dəbilqəsinin şiş ucundan at quyruğu sallanırdı, əllərindəki nizələrin ucu projektorların gözdağıdan işığında alov kimi işıq saçır, göz kəsirdi. Polad qalxanları bir-birinə söykəyib keçilməz divar yaratmışdı, hamısının gözündən qan damırdı, çiyinlərindəki paqonlarda qızıl ulduzlar sayrışırdı.
– Döyüş təbillərini vurun! – Mikrofondan gələn səs meydanda əks-səda verdi. Təbillərin səsi elə çıxırdı ki, guya bir ilxı at çaparaq gəlirdi.
– Axırıncı dəfə xəbərdarlıq edirəm. Təslim olun, meydanı boşaldın! Siz bu qədər nizami qoşunun qabağında tab gətirə bilməzsiniz, biz istəmirik qan tökülsün, axı siz hələ bizə lazım olacaqsınız. Sizi zavodlar, fabriklər gözləyir. Pambıq tarlaları, neft buruqları, zəhmət meydanı darıxıb sizsiz.
Gur-gur guruldayan bu səsin arasından başqa bir səs gəlirdi və o səhvsiz-şübhəsiz bildi ki, bu liderin səsidir, ancaq bu səs həmişəki kimi üsyankar, qüvvətli deyildi, bu səsdə hüzn vardı, qarşısıalınmaz məşəqqəti özxoşuna qəbul edən adam qətiyyəti vardı.
Zülmün topu var, gülləsi var, qələsi varsa,
Haqqın da bükülməz qolu, dönməz üzü vardır.
Göz yumma günəşdən, nə qədər nuru qaralsa,
Sönməz əbədi, hər gecənin gündüzü vardır…
– Camaat, siz məni eşidin, siz mənə inanın, mən sizin xoşbəxtliyinizi istəyirəm, mən öz xalqımı sizdən az istəmirəm ki, çox istəyirəm. Amma bilin onu, bu nizami qoşun qarşısında, əli qılınclı, başı dəbilqəli, sinəsi zirehli əsgərlər qarşısında əli-ayağı yalınıq, biz siz deyən mübarizə üçün bərkiməmişik, hazır deyilik. İnad eləməyin, boşaldın meydanı, heç kəs sizi tutmayacaq, komendant saatı olmasına baxmayaraq dəyməyəcəklər sizə, toxunmayacaqlar. Əlahəzrət sərkərdə söz verib ki, bir adama qılınc endirilməyəcək, mənə inanın.
Liderin səsi gəldi:
Gəl, qardaş, anan, xalq sənə möhtac, onu qurtar,
Yardım ona, qurtarmaq o bədbəxti vəzifən
Qarşında anan, bağrı açıq, xəstə zarıldar,
Görmək bunu, durmaq, bizə bədtərdir ölümdən!
Təzə bir səs bütün səslərdən aydın eşidildi:
– Qulaq asmayın ona, o sizi ölümə aparır, faciəyə sürükləyir. O, özünü qurban deyib, bəlkə ölmək istəyir, bəs siz? Siz ki, yaşamaq, əmək xarüqələri yaratmaq istəyirsiniz.
Canlanır hər qarış yer Sumqayıtda
Xarüqə yaradır el Sumqayıtda…
– Öldü var, döndü yoxdur, öldü var, döndü yoxdur! – Meydanın səsi, meydanın cavabı idi bu.
Gavahınla deşilmiş boğazdan çıxan bədheybət səs yenə də xəbərdarlıq elədi:
– Təbillər susan kimi meydanı yerlə-yeksan edəcəyik. Tonqallara atacağıq sizi, qanınızı su yerinə axıdacağıq, ocağınızı su ilə yox, qanımızla söndürəcəyik. Eşidin bizi, gedin beşillik planı doldurun, işləyin, tikin, yaradın, bu gün bizim, gələcək sizindir…
Liderin səsi aydınca eşidildi:
Hər rəng ilə haqsızlığı gördün… bumu qanun?
Ən qəmli səfalətlərə düşdün… bumu dövlət?
Dövlətsə də, qanunsa da, artıq yetər olsun,
Artıq yetər olsun, bu dəxi zülmü cəhalət…
Meydan liderin səsinə səs verdi:
Millət yoludur, haqq yoludur, tutduğumuz yol,
Ey haqq, yaşa, ey sevgili millət, yaşa var ol!
– Qoşun irəli!!! – mikrofondan gələn div səsi əmr elədi. – Dayanmadan irəli! Lideri tutub dar ağacına çəkin! Qalanını qovun, qılıncla qovun, atlılar, süvarilər qabağa keçsin. İrəli!
Topuğuna qədər qan içində idi. Çəkmələrinin içinə qan dolmuşdu, yeridikcə laq-luq eləyir, ətrafa qan sıçrayırdı. Əsgərlər ona dəymirdilər, hətta biri dedi ki, «Propustite, on naş». Bu söz ona şillə kimi dəydi. Necə yəni «On naş»? Ayaq saxlayıb bu sözü deyəni tapmaq, cavabını vermək istədi, ancaq kimsə onu kürəyindən itələyib əmr elədi: «Proxodi, proxodi!» «Da kak vı smeyete?» Onun bu sualına cavab verən olmadı, deyəsən saya salmadılar.

Birdən gördü lideri. Dar ağacından asmışdılar. Cansız meyit yavaş-yavaş yellənirdi. Kəndir taxtaya sürtülüb xırıldayırdı. Liderin sifəti dəyişməmişdi. Gözləri də açıq idi, ancaq bu açıq gözlər dəyişməmiş sakit sifət heç nə ifadə etmirdi, amma dodaqları tərpənir, məlum şeri oxuyurdu, daha doğrusu pıçıldayırdı:
Hər rəng ilə haqsızlığı gördün… bumu qanun?
Ən qəmli səfalətlərə düşdün… bumu dövlət?
Dövlətsə də, qanunsa da, artıq yetər olsun,
Artıq yetər olsun, bu dəxi zülmü cəhalət…
Millət yoludur, haqq yoludur, tutduğumuz yol,
Ey haqq, yaşa, ey sevgili millət, yaşa var ol!...
Dəfələrlə meydanda liderin dilindən eşitdiyi bu himnmi, şermi ona birinci dəfə idi belə təsir edirdi. Heç vaxt başa düşə bilmirdi ovurdları batıq bu cavan oğlanı, elə indinin özündə də. Nəyin xatirinə o belə riskə gedir, həyatını təhlükəyə məruz qoyurdu? Axı nə istəyirdi, yəni vətən sevgisi, adamların özündən uydurduğu vətənpərvərlik həyatdan şirindir? Məgər sən fəhlə bu vətənin səfasını çoxmu görmüsən? Niyə vətənin var-dövlətindən geninə-boluna istifadə edənlər asılmayıb bu dar ağacından? Axı əslində vətəni qoruyanlar onun varına sahib duranlar olmalıdır. Hər iki əli ilə yanaqları boyu axan göz yaşlarını sildi və bir az da irəlilədi ki, liderin cansız üzünü yaxından görsün, həmişəlik yadında saxlasın bu qorxmaz cavanın surətini. Və birdən, lap birdən gördü ki, ağacdan asılan lider deyil, qocadır, maşınla vurub yıxdığı, ona yalvarıb «Apar məni, başına dönüm, apar məni» deyən qocadır. Günün günorta çağı, şahidsiz-filansız öldürüb yolda qoyduğu qoca! Əlləri ilə başını tutub qışqırdı, nalə çəkdi:
– Mən istəmirdim, mən istəmirdim, mən öldürmək istəmirdim…

Arvadı onu biganə qarşıladı, nə ağladı, nə harada olduğunu soruşdu, nə niyə meydana getdiyinin səbəbini bilmək istədi. Bildi ki, bu cür biganə, soyuq münasibət daha ciddidir, əgər ağlamırsa, əgər danlamırsa, dalaşıb dava salmırsa, bərk inciyib, bunun nəticəsi pis də qurtara bilər.
Qaynanası uşaq otağında idi. Körpə ilə danışırdı, onu sevir, oynadırdı. Qapının zənginə çıxıb kürəkənini qapı ağzında görən kimi salamsız-kalamsız çəkilmişdi uşaq otağına. Ümumiyyətlə, onların evinə gələndə çox vaxt nəvəsi ilə əylənir, vaxtını ona sərf edirdi, bu isə çox az-az baş verirdi, çünki daha çox gedən cavan ailə idi. Doğma ata evi arvadını daha çox çəkirdi, tez-tez orda, onlar üçün ayrılmış otaqda qalmağı xoşlayırdı.
Özünü o yerə qoymayıb soyundu və hamamxanaya keçdi. Ləzzətlə yuyundu. İstədi üzünü qırxsın, qırxmadı, arvadının xoşuna gəlirdi üzü tüklü olanda. «Adidas»ını geyinib mətbəxə keçdi, arvadı onun mətbəxə gəldiyini görüb bəhanə ilə ordan çıxdı. Qaynanasının girəcəkdən səsi gəldi.
– Papa maşını göndərir dalımca, nəsə deyir gecəni yatmamışam, gedim görüm nə olub, uşağı da aparıram. Bu mitinqdən rahatlığımız yoxdur. Papanın günü qara olub.
– Mən də gedirəm.
İstədi qışqırsın ki, «Necə yəni gedirəm, özbaşınasan, ərin yoxdur?», amma ehtiyac olmadı, qaynanası tez tərpəndi.
– Yox, qızım, sən hələ getmə, sonra… Dedim yox, uşağı geyindir… – Pıçıldadı. – Özünü ələ al, evdə-ailədə hər şey olar, kişini divara qısnamazlar, bütöy şəhər ordadır, noolar. Tumanından tutub qalmayacaq ki…
Arxayınlaşdı ki, ikilikdə hər şeyi asan yoluna qoya bilər. Acından ölürdü, başı ağrıyırdı, mədəsi bomboş idi. Stolun üstündə çox xoşladığı yumşaq, kömbə bulka var idi, yarıb arasına qalın yağ çəkdi. İri xallı fincana iki qaşıq qəhvə, dörd qaşıq şəkər töküb üstünə dağ su aldı. Qəhvə köpükləndi. Bulkanı beş-altı dişdəmə yeyib qəhvəni içdi. Gözlərinə işıq gəldi, ovqatı düzəldi, indi danışmaq olardı. Narahat gecənin, qarışıq yuxuların ağırlığını çiynindən, içindən, üstündən atmaq üçün bu saat ipəkli-xaralı yumyumşaq yerinə girib yatardı, ancaq olmazdı, gərək arvadının könlünü ala, hələ desən… Əti ürpəşdi, nə qədər olar? Yox, kənar əlaqələri kəsmək lazımdır, təcili! Gör neçə qadına cavab verməlidir, hamısı da gözləyir, iki gün birinə yaxınlaşmayanda ikibaşlı danışır, tənə eləyir və mütləq «Məni ta sevmirsən» hökmü ilə girirlər qabırğasına.
Arvadı yataq otağındakı güzgünün qabağında oturub sifətinin səhər bəzəyi ilə məşğul idi. İçəri girəndə heç üzünə də baxmadı, ancaq güclə əldə olunan bu zahiri sakitlik arxasında kükrəməyə xırdaca bir bəhanə axtaran hikkə gizlənmişdi və bu hikkə bir az gec çıxacaqdı üzə.
– Yaman yorulmuşam – dedi və finkasını soyundu. Guya heç nə olmamışdı, qızın pusquda durmuş hikkəsini hiss eləmirdi. – Bütün gecəni bu tonqaldan o tonqala, o alaçıqdan bu alaçığa… Elə yerdə gərək kampaniyan ola ki, darıxmayasan. Yəqin his iyi verirəm. Yaman da soyuq idi. Açıq yerdir də, külək hər tərəfdən vurur… Nəysə, mənasız işdir, yaxşı rəhbər yoxdur.
Çarpayıya oturdu. Qız dillənmirdi, səylə kirpiklərini qaraldır, diqqətlə baxır, yenə çəkirdi.
– Şer oxumaqla yara sağalar? Bütün gecəni çert znayet çem zanimayutsya.
Telefon zəng çaldı. Qız otaqdan çıxmağa bəhanə düşdüyündən sevincək qalxdı. Səsi eşidildi:
– Alo! Lap yaxçi. Ne plaçet? Xaraşo… Ne znayu (bildi ki, ona aiddir)… Bir müddət səsi gəlmədi, görünür, qaynanası nəsə növbəti təlimatını verirdi.
– Eto toçno? – Qızın batıq, titrək səsi gəldi. – Da? Toqda… Xaraşo… Patom, mama, patom paqavarim… Da, yaxçi, da, mama. Ne budu, abeşayu. Paka!
İçəri gəldi. Sifəti ağappaq olmuşdu. Bu onun gözündən yayınmadı. Soruşdu:
– Nəsə olub?
– Net! – yenə də güzgünün qabağında oturdu və o biri gözünə keçdi.
– Bilirsən kimi gördüm? Bacını. Başı xarab olub. Yaşlı qadındır, bütün gecəni… Denən sənin nə işin var meydanda, ora heç sənin yerindir? O boyda kişini niyə abırdan salırsan?
Qız dinmədi və oğlan yavaş-yavaş həmləyə keçmək məqamının çatdığını bildi.
– Mənimlə danışmırsan?
– Danışıram.
– Bəs niyə susursan?
– Nə danışım? – Qız tövrünü pozmadan boz səslə dedi. – Sən qedib gördün, danışırsan, rasskazıvaeş, a ya şto? Siju doma, sluşayu…
– Axı niyə belə? – oğlan qəti həmləyə keçməyi qərara aldı. – Mənim ixtiyarım yoxdur evdən bayırda bir gecə qalmağa? Axı mən kişiyəm, səni, ananı, qohumlarını maşında gəzdirməkdən bezmişəm. Onu al, bunu ver, onu tapdan başqa bir ayrı işim olmamalıdır? İndi evlənmişəm deyə mən dustağam? O meydanda neçə min adam gecələyir, bir-birini əvəz eləyir, bəs onların ailəsi, arvadı, uşağı yoxdur, yoxsa elə bir mənəm… Niyə dillənmirsən?
– Mne neçevo skazat…
– Bütün gecəni o soyuqda olmuşam, ac-susuz, qapını açanda üzümə gülümsəmədin; halımı soruşmaq, yemək vermək əvəzinə qaşqabaq eləyirsən, hələ anan… Guya məni tanımır, guya… – İstədi desin ki, öpüş yeri hələ boynumdadır, deyəsən, zəhrimar elə ömürlük qalacaq günahımızın izi kimi.
Qız yavaşca oturduğu yerdə fırlanıb onunla üz-üzə dayandı. Aralarında heç bir artıq məsafə yox idi.
– Dlya svedeniya skaju tebe, çto meydana bolşe net, soldatı noçyu razoqnali vsex.
– Necə? – Solğun sifətinə qan gəldi. Gözlərini qızdan gizlətdi və sözlərini dəyişmək üçün ona bəlkə də iki-üç saniyə lazım oldu. – Bəs mən nə deyirəm, mən…
– Davolno! – Qız sərt dedi. – Skazala dlya tovo, ştobı prekratil lqat, a ne soçinyat novuyu.
Qız yenə üzünü güzgü tərəfə çevirib ikinci gözünün yarımçıq qalmış bəzəyinə davam elədi və xasiyyətinə yad olan qəribə bir təmkinlə dedi:
– Luçşe lojis, otospis, navernoye noçyu silno barolsya za svabodu naroda, da tolko v pastele…
Qızın sözünə qulaq asıb yerinə girdi və dərhal yuxuya getdi…
Gözünü açanda fikri, hissi bütün varlığı o qədər təmiz, aydın və dincəlmiş idi ki, öz-özünə gülümsədi, hətta dirsəklənib dikəldi və çarpayıya tuşlanmış güzgüdə razı üzünə, təbəssümünə baxdı, guya beyni körpə beyni kimi yazılmamış ağappaq kağız idi, hələ ora bircə dənə olsun ləkə düşməmişdi. Son vaxtlar belə rahat, yuxusuz-röyasız, qarabasmasız yatdığı olmamışdı, onu yuxularında izləyən qocadan, qarmaqarışıq meydan adamlarından, elə yuxuda da yadından çıxan, amma ağır təəssüratı xeyli çəkən hadisələrdən azad yatmışdı; qulağına sıxılmış, amma yataq otağına, rahat çarpayısına gəlib çatan pıçıltı səsləri dəydi və elə buradaca yadına müdhiş ifşası düşdü, içərisindəki aydınlığa, ləkə düşmüş kağız kimi ağappaq beyninə elə bil mürəkkəbə batırılmış qələm çırpdılar.
İlahi, qarşıda onu necə dəhşətli, üzüntülü, çək-çevirli, fırtılıqlı, göz yaşılı sorğu-suallar, andlar, qoşacağı əcaib yalanlar gözləyirdi, arvadının könlünü almaq, xəyanət etmək nədir, bunun heç ağlına gəlmədiyinə onu inandırmaq, ilan dili çıxarmaq, dizin-dizin sürünmək… Bu nə işgəncədir!
Niyə o kiməsə hesabat verməli, özünü təmizə çıxarmalıdır! Axı niyə evlənən adam, kişi əl-qolu bağlı qula çevrilməlidir? Axı kişinin ölənəcən bir qadınla yatması qeyri-təbiidir. Niyə heyvanlar bizdən ağıllıdırlar, niyə onlar bizdən müdrikdirlər? Heç gör toyuq xoruzu qısqanır, heç ağlına gələr xoruza görə başqa toyuqla döyüşmək. İndi gəl başa sal, başa sal ki, kişi qadın deyil, məhəbbət məsələlərində qadının hissləri dərin, daha uzunömürlü və davamlı olur, yəni bu vəfalı olmaq qadının şəxsi nailiyyəti deyil, təbiəti elədir. Kişi isə zəifdir, fəal tərəf kimi o özünə inanmalı, inam tərbiyə etməlidir. Sonra da bu inamı tez-tez təcrübədən keçirmək, sınamaq lazımdır. Həm də hissləri təzələmək kişinin cinsi iqtidarını gücləndirir. Gəl indi bütün bunları başa sal görüm. Ay saldın ay! Yox, necə olursa-olsun onu öz təmizliyinə inandırmalı idi, başqa cür mümkün deyildi. Arvadı ağıllı, müdrik qadınlar kimi nəinki əsl xəyanətə, heç xırda bir flirtə də göz yuman, bekara mazağı belə bağışlayan deyildi. Bu saat xəyanəti, sübuta yetirilmişsə də, etiraf etmək, ailəni şəksiz dağıtmaq demək olardı, qız onda otura bilməyəcəkdi, bu onun özündən asılı deyildi, onu idarə edən təəssüf ki, ağlı yox, hissləri idi. Hisslər isə heç vaxt xəyanəti qəbul eləyə bilməz, ərinin təmizliyinə, sədaqətinə inanmasaydı, qız ona heç vaxt əl verə bilməzdi. Bunu yaxşı bilirdi, ona görə də nəyin bahasına olursa-olsun, onu inandırmalıydı. Bütün bunlar onun ağlından çox qısa bir vaxtda, bəlkə də bircə saniyədə keçdi, çünki bütün bunları o fikirləşmədən, düşünmədən əlinin içi kimi bilirdi.
– Ne maqu, ne maqu, paymi menya, ne maqu…
Arvadının qısılmış, əzabkeş səsi idi. Bu səsdə elə böyük ağrı, işgəncə vardı ki, kövrəldi, hiss elədi ki, gözləri istilənir. Bu sözləri deyən su kimi təmiz qadını o həqiqətdə sevirdi, ona isti, məhrəm hisslər bəsləyir, hətta bu saat, bu dəqiqə onu istəyirdi. İkilikdə olsaydılar, yəqin ki, əl çəkməzdi.
– Ağlını yığ başına, – qaynanası idi. – Adam özünü tox tutar, qde tvaya qordost? İ kto tebe skazal çto on tebe izmenyaet, şto za vzdor? – qadın səsini qaldırdı. – Bəlkə bir dostugildə imiş, yorulub səhəri gözləməyib, utanır boynuna almağa, elə meydana yaxın evlərdə neçə tanış-bilişi var, hələ demirəm ki, komendant saatına düşüb tutub saxlayıblar, utanır boynuna almağa. – Burda qaynanasının səsi itdi, deyəsən dərin pıçıltıya keçdi. Ancaq elə bu da bəs idi, arvad darda qalmış kürəkəninə «pas» vermişdi. Afərin, qaynana! Deməli, saat birdə dözə bilməyib evə gəlmək istəyib, əsgərlər tutub saxlayıb, o saat boynuna almağa üzü gəlməyib. Hə, bu variant daha ağıla batandır.
Qız deyəsən toxtamışdı. Nisbətən sakit səsi gəldi:
– Poçemu tı vernulas?
– Qorxdum də, – qaynana dedi. – Sən axı dəlisən bir az, qısqanclıq öldürəcək səni.
– Ya ne revnuyu, ya…
– Yaxşı qurtardıq, hər şey yaxşı olacaq, uzağı bir aya gedirsiniz, uşaq üçün darıxacam. Elə sənsiz də… Sən də durub… Razvod nədir, razvod iş-peşədir (buranı qaynanası bərkdən dedi, eşitdirdi, bu həm də hədə idi. Yəni bərkə düşsə, çox qudursan, razvod da ola bilər. Onda qırıq təknə dalında oturmuş qarının gününə düşərsən). Razvod, yox bir…
– Mama! – Qızın səsi idi. – Ne udobno…
– Oçen daje udobno! Şofer məni gözləyir aşağıda, bax, ağlını yığ başına… – yenə də pıçıltıya keçdi və o daha heç nə eşitmədi. – Ladno, ya paşla, dediklərimi yadından çıxartma?
Qaynanası ilə arvadının dialoqunu eşitdikdən sonra üçotaqlı mənzil ona dar gəlirdi, hara üz tuturdu arvadını görür, onunla üz-üzə gəlirdi, halbuki həm özü, həm də arvadı (bunu görmək elə də çətin deyildi) bir-birindən qaçır, rast gəlməməyə çalışırdılar, səhərkindən sonra danışmamışdılar, lakin hiss edirdi ki, qızın əvvəlki əzilmiş, tamam məhv olub, hər şeyi itirmiş adam görkəmində, xəstə biganəliyində azacıq da olsa bir dəyişiklik var və bu dəyişiklik münasibətin haçansa, bəlkə də tezliklə düzələcəyinə inam verir. Görünür, qaynanasının təbliğatı, öyüd-nəsihəti güclü etiraza, qəti müqavimətə rast gəlsə də təsirini göstərə bilmişdi. Hər halda dəyişiklik var idi və bunu görmək, duymaq elə də çətin deyildi. Üçüncü adamın gəlişi həmişə iki adamın böhranlı münasibətini yumşaldır, hər iki tərəfi əzən pərtliyi zəiflədir. Telefonun zəngi də üçüncü adamın gəlişinə oxşadı. Qız aparata daha yaxın olduğu üçün dəstəyi götürdü.
– Alo, da, mənəm. Niçeqo, vse xaraşo.
Bildi ki, atası ilə danışır. Həmişə atası ilə ərkyana incikliklə danışırdı, bir növ minnətlə, ancaq bu onu az sevdiyindən deyildi, əksinə, atasını daha çox istəyirdi.
– Evdədir…
Dəstəyi yerə qoyub kənara çəkildi və ağızucu dedi: – Tebya!
Qaynatası hal-əhvaldan sonra dedi ki, çıxıram, gəl, məni götür. Maşını gözləməyə hövsələm çatmır.
– On beş-iyirmi dəqiqəyə ordayam.
Şəhərin mərkəzinə yaxınlaşdıqca küçələrdə, tinlərdə topa-topa adamların yığışdığını gördü. Tankların, beteerlərin sayı iki-üç dəfə artmışdı. Onların lülələrindən, asfaltı əzib-qazıb qarışdıran tırtıllarından qırmızı qərənfillər yox olmuşdu. Əjdahaya oxşayan maşınlar indi əsl tank, ölüm gəzdirən ağır silah idi və bu silahın çiçəksiz lülələri xalqın özünə sarı tuşlanmışdı. Düzdür, bu ağır, əjdaha rəngli tünd yaşıl maşınların kiminsə həyatına qəsd edəcəyinə adam inanmırdı, daha doğrusu, inana bilmirdi. Halbuki bu belə idi və buna şübhə eləmək sadəlövhlükdən başqa bir şey deyildi. Elə asfalt üzərindəki dərin izlər bütün gecəni ağır, tırtıllı tankların küçələrdə şütüdüyündən, bəlkə də piyada, əliyalın bir adamın, bir neçə gəncin dalınca düşüb onları bağrıdalaq olana qədər qovduqlarından xəbər verirdi. Birdən o özünü irəlidə bu asfaltla qaçıb canını ölümdən qurtarmaq istəyən və qəfil tırtıllar altında qalıb xışdanan təsəvvür etdi. Tükləri biz-biz oldu, göz-gözə gəldiyi güllədeşməz jiletlə altdan geyinib üstdən qıfıllanmış sarı əsgəri nifrətlə süzdü. Əsgərin soyuqdan qızarmış əli istər-istəməz sinəsində saxladığı avtomatın dəstəyinə endi. Bildi ki, bu saat nə əsgərlər camaatdan çiçək gözləyir, nə də camaat əsgərlərdən dostluq, məhəbbət, ya da mərhəmət umur. İndi hər kəs – bir-birinə qoşulub həyəcanlı o yan-bu yana çapan cavan oğlanlar da, onların hər bir hərəkətini quş sayıqlığı ilə izləyən əsgərlər də öz cəbhəsində idi. Dünənə qədər mitinqdə çoxunun «balalarımız», «qardaşlarımız» adlandırdığı ala-bula geyimli, dəbilqəli, dəyənəkli on səkkiz-iyirmi yaşlı oğlanlar, bir neçə gün qabaq onları təbiətinə xas mehribanlıqla, sülhlə qarşılamış xalqa qarşı döyüş mövqeyində dayanmışdılar. O xalqa ki, öz haqq işinə görə mübarizə aparır, ədalətin bərqərar olunmasını tələb edirdi. Hiss eləyirdi ki, sinəsində nəsə göynəyir, içərisində qəribə bir diskamfort yaranıb, guya qəzəblənir, ürəyindən keçir ki, başını maşının pəncərəsindən çıxarıb avtomat silahlı, dəyənəkli, zirehli əsgərləri söysün, onlara nifrətini bildirsin. Bir də gördü ki, maşını meydan tərəfə sürür. Telefonlu deyilən küçəyə çatanda Qara şəhərdən böyük bir dəstənin üzüyuxarı gəldiyini gördü. Maşını saxladı, alnına qırmızı əvəzinə qara lent bağlamış üzü tüklü, gözləri yuxusuzluqdanmı, qəzəbdənmi qızarmış, rəngi avazımış qəzəbli cavanları görəndə par-par parıldayan maşınından, tərtəmiz qırxılmış sifətindən, səliqəli geyimindən sıxıldı. Bir tərəfdən də harasa qəzəblə, pozunuq dəstə ilə gedən bu adamların yanında özünü yad, özgə bildi və həqiqətdə də elə yad idi bu adamlara. Hamı kimi meydana gedib o hadisələrin passiv, təsadüfi iştirakçısı olsa da orada sərasər gecə-gündüz qışqıran, tələblər irəli sürən kütlə, xalq ona yovuşmurdu, daha doğrusu, hiss edir, başa düşürdü ki, həmin xalqın, millətin bir nümayəndəsi olsa da, onların istəklərinə ürəkdən qoşula bilmir, bütün bu cidd-cəhdləri, mübarizəni gərəksiz, lazımsız hesab edir və onların nəyəsə nail olacaqlarına heç cür inanmır, bu mübarizəni qəbul eləyə bilmir, onlar kimi ədalətsizliyə qarşı hiddətlənmirdi; hər halda daxili müvazinətinə nə nəhəng meydan, nə də onun üç həftəlik daimi sakinləri təsir eləyə bilirdi. O, bu hadisələrin təsadüfi seyrçisi idi, amma indi, bu saat şəhərin asfaltının ağır, yöndəmsiz tankların tırtılları altında əriştə kimi doğranması, zirehli jiletlərlə qıfıllanmış əsgərlərin qalib görkəmləri onu təhqir edir, qəzəbləndirir, qarşısından dəstə ilə keçib gedən cavanların avazımış sifətlri onu kövrəldirdi. O, həm də xəcalət çəkir, baxışlarını maşının qarşısından keçənlərdən gizlədirdi ki, onlarla göz-gözə gəlməsin; utanmasaydı, büzüşüb, yığışıb maşının içərisində gizlənərdi… Dəstə «Ölüm! Ölüm! Ölüm!» deyib qışqıranda o belə də elədi. Maşının içində yumağa döndü, yalnız səs uzaqlaşanda açıldı, başını qaldırıb küçəyə baxdı və alnına qara lent bağlayıb, əlində qara bayraq tutmuş və küçə ilə təkcə addımlayan on səkkiz-on doqquz yaşlı oğlanla göz-gözə gəldi. Gözlərindən nifrət qığılcımları töküldü oğlanın, bərkdən nəsə dedi və bildi ki, bu dəhşətli bir söyüş idi, özü də ünvan sahibi o idi. Sifəti qıpqırmızı oldu və qəribədir ki, bu dəm onun içində söyüş söyən cavana qarşı heç bir etiraz, təhqirə təhqirlə cavab istəyi olmadı. Arxadan verilən maşın siqnalını eşitməsəydi hələ bir müddət tərpənməyəcək, maşını irəli sürə bilməyəcəkdi.
Meydana gedən bütün yollar əli avtomatlı əsgərlərlə kəsilmişdi. Bir-birinin dalınca düzülmüş zirehli maşınlar, birinci maneə, ən etibarlı sədd idi. Mümkün olan ən yaxın yerdə maşından düşdü. Meydana yaxın düşmək mümkün deyildi. Bulvara keçib oradan meydana yaxınlaşmaq istədi və birdən elə bil kimsə ona dedi ki, nə var axı meydanda, meydanı meydan eləyən, ona can verən, gecəsini gündüzünü bir-birinə calayıb oranı özünə istehkama çevirmiş oğullar idi, indi bomboş yurd yerinə dönmüş meydanda, kimsəsiz yerdə nə tapacaqsan? Elə bu sual onun meydana getmək, oranı öz gözləri ilə görmək istəyini daha da gücləndirdi.
Əsgər qabağa yeridi:
– Kuda?
– Na rabotu, – kifayət qədər biganə və saymazyana dedi, yəni buraxmazsan, daha yaxşı.
– Udostoverenie!
Əlini cibinə salıb vəsiqəni çıxartdı.
Əsgər vəsiqəni o üz-bu üzə çevirdi, əvvəl ona, sonra şəklə diqqətlə baxdı, qaytarıb:
– Proxodite! – dedi.
Ürəyində əsgərin anasını söydü, elə rusların özü kimi, amma ürəyi soyumadı, Azərbaycan dilində daha təsirli alınırdı bu söyüş.
Daha iki yerdə onu saxlayıb şəkillə üzünü tutuşdurandan sonra axırıncı «Proxodite»ni dedilər.
– Maşınçın gəlmisən?
– Necə? – Təəccüblə soruşdu.
– Deyirəm, za kolesami prişel?
– Yox, maşın vaxtıdır? – Başı ilə eyvana açılan qapını göstərdi. – Aləm dağılır.
Dostu heyrətlə baxdı ona:
– Sən də ekstremistsən?
– Ekstremist niyə?
Dostu əlini əlinə vurub şaqqıltı ilə güldü. Nifrətlə baxdı iyirmi səkkiz yaşında iri göbək bağlamış, firavan ömür-günlü ağbuxaq dostuna və gözlədi ki, haçan gülməyini qurtaracaq. Əlbəttə, hisslərini gizlədə bilməməsindən pərt olurdu və onun meydan haqq-hesablarına görə belə pərt olması elə bu dostunun sayəsində tay-tuş içində gülüş hədəfi, lətifə mövzusu olacaqdı; onu da sarsaqlar cərgəsinə sala bilərdilər, ancaq bu saat göbəkli dostuna qoşulmağı, onun kimi qəhqəhə çəkməyi bacarmırdı. Hələ bu iki daşın arasında bura gəlib meydana baxmaq istəməsini desəydi, yəqin ki, daha onun ciddi adam olduğuna çətin inanan tapılaydı. Dostu gülüb səngiyəndən, özünə gələndən sonra dedi:
– Mən ölüm, çıx balkona bir gör o cür meydanı nə günə qoyublar. Hamısı o ac tələbələrin, çuşqaların işidir.
Telefon zəng çaldı. Dostu yaşıl dəstəyi götürüb necə səs çıxardısa, o inanmadı ki, bu indicə az qala bas səslə gülən, şuxluq eləyən adamdır, hətta dostu birdən-birə yaşa doldu, qocaldı.
– Sluşayu! Obyazatelno sdelayu, k veçeru budet qotovo. Baş üstə, baş üstə… Seyças, siyu minutu. – Dəstəyi qoyub, – Şefdir, – dedi. – Bu saat qayıdıram. – Bir-iki kağızı qırmızı qovluğa qoyub çıxdı.
Hökumət evinin bu dar-düddək otağından meydan əl içi kimi görünürdü. Bir neçə gün əvvəl ölkənin döyünən ürəyi olmuş meydan susmuş, yetim qalmışdı. Birdən-birə, bir gecənin içində bir bölük balasını həmişəlik itirmiş ana kimi şaşırmış, yiyəsiz, kimsəsiz olmuşdu. Əsgərlər adətən bayram nümayişlərində qumaş üzərinə yazılmış şüarlar, şəkil-şükül, transparantlar asılan dəmir dirəklərdən, nərdivanlardan meydan şüarlarını, meydan şəkillərini çıxarır, cırır, yerlə-yeksan edirdilər. Bir dəstə də alaçıqların qalıqlarını sökür, taxtaları bir tərəfə yığırdılar. Lakin ən görməlisi tonqal yerləri idi. Yüzlərlə tonqal geniş meydanın hamar asfaltını yaman günə qoymuşdu, qapqara qaralıb kor qalmış ocaq yerlərində dərin bir hüzn, qüssə var idi. Bir neçə yanğınsöndürən maşın süpürülən meydanı yumağa hazırlaşırdı. Görünür, üç həftəlik hərəkatın izi-tozu belə qalmamalı idi burda. İçəri keçib eyvanın qapısını örtdü və dostunu gözləmədən çıxdı…
Maşında saatına baxdı. Qaynatasına dediyi vaxtdan xeyli keçmişdi, nəsə tələsmirdi, elə bil kişinin gözləyib hirslənməsini, onu danlamasını istəyirdi, amma elə olmadı, qaynatası maşını görüb təmkinlə səkidən düşdü, arxada oturub ədəb-ərkanla salam verdi.
– Deyəsən çox gözləmisiz. – Üzrxahlıqla dedi və hiss elədi ki, kişinin təmkini, hövsələsi qarşısında özü də sakitləşir, yumşalır.
Qaynata etiraz elədi:
– Yox, indicə düşmüşəm, hava da yaxşıdır, çiskin ləzzət verir. Evə sürürsənmi?
– Həri. Bəlkə…
– Evə! Yorulmuşam, elə bil məni döyüblər, iş zəhləmi töküb. Vəzifədən iyrənirəm.
Bilirdi ki, qaynatası yalan deyir, özü də ağ yalan, divin canı şüşədə olduğu kimi onunku da vəzifəsində idi. Əlli illik ömründə indiki mərtəbəyə çatıb, ordan aşağı baxmaq və daha yuxarı yaxın olmaq üçün nələr eləməmişdi və bu «nələr» deyəndə o hələ qaynatasının özündən eşitdiklərini nəzərdə tuturdu və sevinirdi ki, həmin o səviyyəyə çatmaq istəsə onun qarşısında bu qədər çətinliklər, keçilməz sədlər olmayacaq, çünki həmin çətinlikləri artıq qaynatası onun əvəzinə çəkmişdi və qazandıqlarını bir növ kürəkəninə miras kimi qoyacaqdı. Qaynatası hər şeyə quru yerdən başlamışdı. Özünün dediyi kimi, kənddən lüt-lütqom gəlmişdi şəhərə, on yeddi yaşında, cibində də (bunu onu tanıyanların hamısı bilirdi) iyirmi səkkiz manat olub, əynində də ögey anasının düymələri sağdan sola köçürülmüş, köhnəliyindən bozarmış çəhrayı plaş. Zavodda fəhləliyə girmiş, yataqxanada yer almışdı və bundan sonra «bir köpəkoğlu, bir köpəkqızı» ona bir manat da olsun pul göndərməmişdi. İşdə birinci ay qırx beş manat şagird pulu alıb və düz bir ay sərasər yataqxananın yanındakı dükandan aldığı bulka ilə dolanıb. İndi qaynatasının hər gün dəyişdiyi ağappaq köynəyinə, seyrək cızıqlı Avstriya kostyumuna, enli ağ biləklərinə, tərtəmiz çəhrayı dırnaqlarına, ömürdən-gündən razı ağayana sifətinə baxanda inanmırsan onun Bakıya gəlmə hekayətinə; elə bilirsən ki, qaynata heç özünün də yaxşı tanımadığı özgə bir adamdan danışır; əynində köhnə arvad plaşı, cibində iyirmi səkkiz manat pul, əlində əllinci illərdə dəbdə olan və hamının hamama götürdüyü kiçik çamadan Bakı avtobusunda bu şəhərə yola düşən özgə bir adamdan. Deyəsən, elə qaynatası da özgə adamdan, özgə taledən danışdığına daha çox inanırdı, çünki başına gələnləri nağıl kimi, hekayət kimi söyləyirdi. Onun hekayətinə evdə həmişə həvəslə qulaq asardılar, guya çox maraqlı bir əhvalat eşidirdilər və maraqlıdır ki, bu illər ərzində qaynata heç bir əhvalatı, epizodu təkrar etmir, hər dəfə nəsə təzə bir əhvalatmı, ya xırda bir detalımı yada salırdı, ona görə də bu gənclik xatirələri səmimi maraqla dinlənirdi, hər halda hekayət xoşlamasa da, o da məmnuniyyətlə qulaq asırdı qaynatasına. İllah da yüz-yüz əlli qram «Göy göl» konyakından sonra kişi daha böyük həvəslə, ləzzətlə danışırdı, söhbət əsnasında gözləri tez-tez dolur, səsi qəhərdən titrəyirdi. Ata-anasından, bir sürü bacı-qardaşından tez aralı düşmüşdü, yəni ki, dayısı onu səkkiz yaşında oğulluğa götürmüşdü, özü də bircə günün içində. Dayısı növbəti dəfə evlənmişdi (deyəsən, səkkizinci arvadı idi), amma uşağı olmurdu. Rəvayət və macəralarla zəngin keçmişi olan, kişidən düz iyirmi beş yaş kiçik ərköyün qadının qəribə şıltaqlıqlarından biri o vaxt səkkiz yaşını təzəcə tamam eləmiş qaynatanın başında çatlamışdı. Gözünə xoş gəlmiş göyçək kənd uşağını oğulluğa götürmək istəmişdi. Bacının qardaşa gözüyumulu qurban getdiyi bu kənddə oğlunu madar və ərköyün qardaşa peşkəş eləmək baş ucalığı hesab olunurdu və bacı demişdi ki, «Ə, üç oğlum, üç qızım var, hamısı da qurban olsun sənin bir qaraltına, ay dəli!» Qaynata səkkiz yaşında olsa da, yəni bu yaşda evdən, örgəşdiyin ailədən, doğma yurddan aralanmaq çətin başa gəlsə də «Bizə gedib mənim oğlum olarsanmı?» sualına başını tərpədib «Bəli» demişdi. Həmişə deyirdi ki, görünür, allah dilimi-ağzımı bağlayıbmış ki, mən etiraz eləmədim onda. Ayağımı yerə döyüb şəhərə getmək istəmədiyimi demədim, nəsə saxladı məni. Görünür, qismətimin əmri belə imiş, mənim uşaq çağlarım tamam ögey evdə, ögey valideynlər arasında keçməliymiş. Mən səkkiz yaşından başlayaraq dayım olsa da, özgə adama ata, onun iyirmi beş yaşlı arvadına ana deməliymişəm. Bu yerdə qaynata titrəyən səsini səhmanlamaq, özünü ələ almaq üçün ara verirdi söhbətinə və deyirdi ki, evimiz üçün, kənd üçün burnumun ucu göynəyirdi, kəndə getmək, orda qalmaq istəyi neçə ildən sonra da içimi qovururdu, ata-anamın həftədə bir dəfə şəhərə bazarlığa gəlməsi, bizə baş çəkməsi, hərdən anamın gecəni bizdə qalması ömrümün ən xoşbəxt günləri idi. İndi də xatırlayanda gözlərim yaşarır. Dayım, arvadı məni ata-anama bərk qısqanırdılar, onlara ata-ana deməyim davaya səbəb olurdu, anamın məni öpməyə ixtiyarı yox idi. Qəribə burası idi ki, mən də özümü elə aparırdım ki, guya ata-anamı istəmirdim, onlarla maraqlanmırdım, vəziyyət məni ikiüzlü olmağa məcbur edirdi. Özüm də bilmirəm nəydi məni dayımın evində saxlayan, axı bircə dəfə kəndə getmək istədiyimi, həmişəlik evimizdə yaşamaq həsrətində olduğumu dilimə gətirsəydim, ümumiyyətlə, çox ərköyün və yalnız özünü sevən adam olan dayım (hələ onun arvadını demirəm) məni qovardı, üzümə baxmazdı. Susurdum, bütün nisgilimi, həsrətimi içimdə saxlayırdım. Kənddən çıxıb şəhərdə – rayon mərkəzində yaşamağım, sosial mövqeyinə, səviyyəsinə görə bir neçə pillə yuxarıda olan bu ailədəki, sistemsiz və kortəbii olsa da, tərbiyə mənə çox şey vermişdi və çox keçmədi ki, mən səviyyəcə öz qardaş-bacılarımdan yüksəkdə olduğumu hiss elədim, bəlkə də az vaxt içərisində əmələ gəlmiş bu fərq, içimdəki seçilmək, yuxarı qalxmaq istəyi, arzusu məni susmağa, dözməyə, ikiüzlülüyə məcbur eləyirdi. Kənardan baxanlar mənə qibtə hissi ilə baxa bilərdilər, çoxuna elə gəlirdi ki, dayım da, arvadı da məni çox istəyir, məni ərköyün saxlayırlar. Əslində belə deyildi, dayım dediyim kimi özündən başqa heç kimi sevmirdi, bir də özünə lazım olan adamları xoşlayırdı. Demirəm ki, məni bir oğul kimi, övlad kimi istəmir, qayğıma qalmırdı, yox, belə demək insafsızlıq olardı, ancaq bir şey məlum idi ki, mən ona bir ata kimi ərk eləmir, ona bel bağlaya bilmirdim. Mən hiss edirdim ki, sözə qulaq asan olmasaydım, özümü istətmək üçün ən müxtəlif ev işlərini görməsəydim, bir dəstə keşniş üçün kolxoz bazarına uzanan iki kilometr yolu öz xahişimlə qaça-qaça getməsəydim, məni o evdə bir həftədən çox saxlamazdılar. Əsl ata-ana isə pis övladı da saxlayır və onun cəfasını istədi-istəmədi çəkir. Analığıma gəldikdə isə məsələ aydın idi. Şıltaqlıq etmiş, özündən cəmi on yeddi yaş kiçik oğlan uşağını övladlığa götürmüş keçmişi şübhəli qadında nə övlad məhəbbəti? Özü də yad uşağa, özgə uşağına. Mən bilirdim ki, o məni gətirdiyi birinci həftədən sonra peşman olmuşdu, axı uşaq kukla deyil ki, oynadıb, əylənib qoyasan bir tərəfə, onun qayğısına qalmaq, əynini-başını yumaq lazım idi. Bütün bunun əvəzində «anam» məni əl buyruqçusuna çevirdi. Bircə öz doğma atam və anam bilirdi mənim əzabımı, bir onlar. Xüsusilə atam böyük səhv elədiyini tez başa düşmüşdü, ancaq gec idi. Anam isə təbiətən daha şən, qayğısız, bir az da unutqan adam idi. Tez ağlayıb, tez gülən idi. İllər keçəndən sonra tez-tez danışardı ki, rəhmətlik kişi, bir dəfə dedi ki, az, biz nə insafsız iş tutduq. Dedim noolub ə, niyə tanrına təpik atırsan? Dedi, az biz gül kimi uşağı niyə o insafsızların əlinə verdik… Burda anam həmişə ağlayırdı və yaşmağı ilə üzünü gizlədib deyərdi ki, beçara zülüm-zülüm ağladı, dedi ki, az biz hər onlardan çıxanda, uşaq xəlvətə salıb dalımızca qaçıb özünü bizə yetirəndə ürəyimdən elə bil qaynar yağ axır, az, biz nətəər nainsaf adamıq, az allah bu günahı bizə çox görmüyəjək? Az biz gül kimi uşağı niyə gözüqıpıq elədik? Dedim ə, allah ağlını alsın sənin, nə danışdığındı? Görmürsən gədəni bəy balası kimi saxlayırlar. Deyirdim, amma öfkəm sökülürdü, axı, bilirdim ki, anası ölmüş qapı süpürür, bol yuyur… az qalırdım geri qanrılıb tutam uşağın əlindən deyəm, ə anan ölsün sənin, bu gədə işidir, sən görürsən? Elə deyirdim də, o lotu da deyirdi ki, dəymə, uşağı belə tərbiyə eləyərlər. Susurdum, az qalırdım ortamnan çatdıyım, neyniyim, dinmirdim qardaşıma görə. Sonra anam tez toxtayıb deyərdi ki, o bir allaha şükür ki, axırı yaxşı oldu, indi başımızın yiyəsidi, elə irəhmətlik qardaşım deyərdi ki, gördün nətəər oğul yekəltdim, o qotur kənddən çıxan uşağın axırın görürsənmi? Bu yerdə qaynatam axırıncı qədəhinə baxıb nisgilli xatirələrindən sıxılıb gözündə soyumuş yaşı əlinin arxası ilə silirdi:
– İçək o sağlığa ki, pis nə işimiz olsa, axırı yaxşı qurtarsın. O vaxtdan qırx il keçib, nə atam qalıb, nə anam, nə dayım, allah hamısına rəhmət eləsin. Amma o qadın durur, sağdır, altmışdan yuxarı yaşı var, axırıncı dəfə Bakıda gördüm, onda mən institutda oxuyurdum. Görmədi məni, görsə də tanımazdı. Qəribə hiss keçirdim onda. Yəni mənim üçün bu saat tamam yad olan bu qadına (mən səkkizdə oxuyanda dayımdan boşanıb getdi) mən altı il «mama» demişəm, altı il onun buyruqlarını yerinə yetirmişəm? «Qəribə həyatdır!» qaynata deyərdi və bu ifadə ilə də susardı, həmin axşam nə qədər uzansa da, o daha danışmaz, ancaq qulaq asardı, çox vaxt da yatmağa gedərdi.
İki tank maşının yanından sürətlə ötüb qırmızı işığı keçdi və qırıcı səs çıxara-çıxara uzaqlaşdı.
– Günümüzə bax də, – Qaynata dərindən nəfəs aldı. Son vaxtlar pencəkdən belə bilinən qarnı qalxıb endi. – Bu yolunu azmış gədə-güdə nə bizi top-tüfəngə tuş elədi.
– Gədə-güdə çağırıb bunları?
Qaynata təəccüblə kürəkəninin güzgüdən görünən gözlərinə baxdı və dedi:
– Bəs neyniyəydik, deyəydik buyurun, respublikanı xaraba qoyun, iflic eləyin iqtisadiyyatı?
– Sizi narahat eləyən ancaq bunlardı?
Qaynata daha böyük təəccüblə baxdı ona və birbaşa dedi:
– Nədi, yoxsa meydanda səni yoldan çıxarıblar? Təbliğata uymusan?
Kürəkən güldü və başını buladı:
– Yox, mən təbliğata uyan deyiləm, xeyirsiz işə də baş qoşmaram!
– Bax, indi sənsən danışan, bizim adamsan, adam gərək ayağını yorğanına görə uzatsın.
– Əgər yorğan qısadırsa?
Qaynata gülümsədi və dedi:
– Yorğanı yekəltmək, uzatmaq lazımdır ki, ayaqlarımızı qəşəng uzadaq, gözəl, qəşəng…
Hər ikisi söhbətin hara vurduğunu bilib bərkdən güldələr. Qaynata davam elədi:
– Hamamda çimib, novruz bayramının qozundan-fındığından yeyəsən, girəsən yekə yorğanın altına… – Gülüşlə boğulduğundan sözünü axıra çatdıra bilmədi. Kürəkəni köməyə çatdı:
– Ayaqlarını uzadasan qəşəng, oxuyasan internasional…
Elə ki, gülüb qurtardılar, qaynatası ciddiləşdi və oğlanın güzgüdə görünən gözlərinə baxmadan dedi:
– Bir tərəfdən yaxşıdır ki, gecə meydanda olmamısan…
Oğlan dinmədi və qaynata bildi ki, kürəkənin deməyə sözü yoxdur. Yalan uydurmaması kişini razı saldı, kürəkən daha səmimi görünmək və qaynatasının rəğbətini qazanmaq üçün günahkarcasına dedi:
– Ehtiyatsızlıq eləmişəm.
– Bəs neynəmək fikrindəsən? Axı bu vəziyyətdə, məsələni azdırmadan… Bilirsən qızın xasiyyətini, belə işdə kompromisə gedən deyil.
– Bilirəm, heç yaxın düşmək olmur.
– Yaxın düşmək üçün əvvəlcə bircə gecəyə ucaltdığın Çin səddini uçurmalısan.
Atanın öz qızına xəyanətdə iştirakı, kürəkənlə, başqa sözlə yad oğlu ilə bir cəbhədə birləşib fənd fikirləşməsi onu bu ağayana görkəmli adama nə qədər yaxınlaşdırsa da, sıxılmaya bilmirdi. Məlum idi ki, qaynata onunla sazişə girib, öz qızını aldatmaq, onun zənnini azdırıb arxayınlaşdırmaqla yeganə balasının hələ möhkəmlənməmiş ailəsində əmin-amanlıq bərqərar eləyirdi. Məqsəd nəcib idi. Nəcib məqsədə xidmət edən yalanın özü də bir növ nəcibləşir, gözəlləşirdi.
– Elə bilmə ki, qızımın dalınca qurğu qururam, yainki sənin hərəkətini təqdir eləyirəm, qətiyyən elə deyil. Mən gözümün ağı-qarası bir qızım üçün canımı da qurban verərəm, amma sən məni elə çətin vəziyyətə salmısan ki, iki yolum qalır: ya səni kürəkənlikdən çıxarmalıyam, ya da barışdırmalıyam. Hələlik ikinci yolu seçirəm. Bu o deməkdir ki, qızı aldatmalıyıq.
Kürəkən qızardı və müəllim qarşısında sıxılan, bildiyini də itirən şagird kimi mızıldandı:
– Axırıncı dəfə olsun.
– Sən gecəni orda-burda veyillən, əziyyətini də biz çəkək.
Qaynata bir müddət susandan sonra gülümsədi və dünyanın keçmişini, gələcəyini cikinə-bikinəcən bilən adam ədası ilə dedi:
– İzmena bir dəfə olmur, ona görə də sənin sözünə inana bilmərəm. Amma izmenanı hamı bilsə də arvad gərək xəbər tutmasın… yaxşı olar ki, heç kəs bilməsin. – Qaynata yenə maşının yanından ötüb keçən tanklara narazılıqla baxdı. – Elə bil üstümdən keçib gedirlər. Sənin vəziyyətin ciddiləşib, indi hər addımına evdə şübhə ilə baxacaqlar, nədi, quyruğun batıb… Düşmürsən?
Kürəkən başını buladı və qaynatasının üzünə baxdı.
– Sözlü adama oxşayırsan?
– Yox, sözüm yoxdur.
– Bağla qapıları, qalxaq yuxarı, qız da bizdədir. Qorxma, hər şeyi yoluna qoyub qaynanan.
Qaynanası ürəklənmişdi. Və qəribəsi bu idi ki, indi o özü də elə bil arvadla göz-gözə gəlməkdən çəkinirdi, bu dəyişikliyi qaynana da hiss eləyirdi. Elə ona görə də kürəkənlə münasibətdə ürəklənmişdi. O, revanş götürdüyünü nümayiş etdirmək üçün tez-tez oğlana müraciət eləyir, ikibaşlı sözlər işlədir, onu qıcıqlandırmağa, hələ desən hayıf almağa çalışırdı, hətta onun boşqabına kiminsə bişirib hazırca göndərdiyi, ətri adamı uzaqdan vuran fisincan çəkəndə əlini yüngülcə çiyninə vurub:
– Fikir eləmə, – dedi. – Pis olardı ki, səni də meydandan dəyənək gücünə çıxaraydılar, hələ Bayıl türməsini demirəm.
Qaynata güldü:
– Yaman inqilab eləyib «Qələbə» kinoteatrında, bit-sirkə içində. Gərək gələn kimi onu itələyib salaydız hamama.
– Belə qəhrəmandan danışın, – Qaynana yalandan güldü.
Qız ağzına aparmaq istədiyi tikəni qaytarıb boşqaba qoydu və əsəbiliklə dedi:
– Mama, perestan!
– Mən incimirəm, – o, sakit səslə dedi və daha böyük iştahla yeməyə davam elədi.
– Yeşşo bı… – Qız kağız salfeti gözlərinə sıxdı.
– Nu, nu…, axı səni başa saldıq…
– Ne maqu, – qız güclə dedi bu sözləri, – ne maqu vladet saboyu, ne maqu… – Yerindən qopub otaqdan çıxdı.
Qaşığını boşqabın qırağına qoyub yerindən qalxdı və arvadının dalınca getdi.
Qaynana da qalxdı. Kişi arvadın biləyindən tutub saxladı.
– Sən hara? İşin yoxdur, özləri barışacaqlar, get uşağı gətir, üç gündür görmürəm onu.
– Yatıb, – Qaynana stula çökdü.
– Bu uşağın bir ayıq vaxtı olmayacaq?
– Neyniyək, sən nəinki uşaqlar, böyüklər də yatandan sonra gəlirsən.
Arvad sarı simə vurmuşdu, kişi alındı və yadına düşdü ki, on gündən çoxdur əli yəhərdən hələ düşməyə nəinki hazırlaşmayan, bunu heç ağlına belə gətirməyən bu yaraşıqlı qadına dəyməyib. Gülümsədi və dedi:
– Aşkarlıqdır də, deyin, tənqid eləyin, səhvimizi düzəldək.
– Səhvləri sadalamaq, boyuna almaq indi dəbdir, düzəltmək isə yox, hələ ki, dörd ildir səhvləri muncuq kimi sapa düzüb boynumuzdan asırsınız, adını da qoyursunuz yenidənqurma…
– Rəhbər partiya işçisinin arvadı gərək belə danışmasın.
– Aşkarlıq dediyin, demokratiya bağırdığın partiya liderlərinə aid deyil?
Qaynata ağzını silib qalxdı və yataq otağına yönəldi, gedə-gedə dedi:
– Bir saat uzanım, allah bilir saat neçədə qayıdacam. Çox yoruluram. Qızı bir neçə vaxt gözdən qoyma, ona bu saat mənəvi dayaq lazımdır, həm də təbliğat, öyüd-nəsihət. Sabaha bilet almışam sizə türk artistlərinin konsertinə.
Qaynana xəbəri sakit qarşıladı:
– Gedərik də, görək… – Qulağına güclə eşidilən batıq səslər gəldi. Qadın yerində dondu, kişi qapını arxasınca çəkib örtəndən sonra həmin səslər deyəsən gücləndi. Qadın bir müddət tərpənmədi və hiss elədi ki, bütün içi titrəyir, həyəcan bədənini qıdıq kimi dolanır. Ağlına gəlməyə başlayan və beynində sözlərə çevrilən intim səslərdən uzaqlaşmaq üçün tələsik hamamxanaya keçdi, qapını bağlayıb suyu açdı, ancaq bu yolla onu həyəcanlandıran, tir-tir titrədən səslərin qarşısını ala bildi…
Qolu, qulağı, boynu-boğazı brilyantdan, əlvan daş-qaşdan alışıb yanan, əyni-başı bəzəkli qadınlar, tox yerişli, tox duruşlu kişilər şəhərin ən təzə və dəbdə olan restoranının Avropasayağı dəstgahı, yır-yığışı olan ən zəngin zalının nəfis interyerli hollunda iki-bir, üç-bir gəzişir, var-gəl edir, söhbətləşir, bir-birlərinin pal-paltarına, geyim-keciminə baxır, bəyənir, bəyənmir, tənqid atəşinə tutur, istehza edir, ələ salır və darıxmadan bəylə gəlinin təşrif gətirməsini arxayın-arxayın gözləyirdilər. Bu məclis zadəganlar zümrəsini əvəz edən və sosializm aləmində nomenklatura adlanan kübar cəmiyyətin iki ən yüksək rütbəlisinin övladlarının toyu idi. Oğlan hökumət rəhbərlərindən birinin varisi, qız partiya liderlərindən birinin yetirməsi idi. Toya dəvət olunanların hamısı həmin nomenklatura dediyimiz zümrəyə daxil olanların xoşbəxt övladları, yaxın qohum-əqrabaları idi. Yeri gəlmişkən deyək ki, möhkəm dairə ilə qapalı olan nomenklaturaya sirayət etmək, ora daxil olmaq mürəkkəb və çoxları üçün ümidsiz arzu idi, bir də onu deyək ki, burada da bərabərlik yoxdu, nomenklatura daxilində hərə öz vəzifəsinə, mövqeyinə uyğun da yer tuturdu, ancaq bu pillə fərqinə elə də ciddi fikir verilmirdi, çünki, bu gün nomenklaturanın birinci pilləsində olan adam, bir də gördün, elə bir sıçrayışla yuxarı qalxdı ki, ara qarışıb məzhəb itdi, burda taleyin də rolu var idi. Bizə məlum olmayan başqa, daha böyük səbəblər də var idi, onların tədricən öyrənmək lazım gəlirdi.
Bəli, zərli parçalara, qeyri-adi «privaznoy» paltarlara, təkəbbürə, müştəbehliyə, xudbinliyə bürünmüş nomenklatura hollda var-gəl eləyirdi.
Qaynananın bir tərəfində qızı, o biri tərəfindən kürəkəni dayanmışdı. Daha böyük nomenklatura stajı olduğundan holla daxil olan hər təzə adamı, ər-arvadı tərpənmədən, tövrünü pozmdan qızına və kürəkəninə elan eləyir, onların kiçik xarakteristikasını verir, bioqrafiyasından hamıya məlum olan diqqətəlayiq hadisələri danışırdı.
Kök tösmərək, amma özündən razı kişi ilə qızılı paltarlı hündür gənc qadını görən kimi qaynana dedi:
– O şpankənin çox yaxşı perspektivası var. Yaxın günlərdə irəli çəkəcəklər. – Sonra qaynana əyilib qızının qulağına nəsə pıçıldadı.
– Ne mojet bıt! – Qızı anasının dediyi səmtə baxdı. Hündürboy, qarabığ cavan kişi qızıl donlu qadını gözü ilə yeyirdi.
– Gör necə baxır? Guya burda ta özgə arvad-zad yoxdur.
Qız başını tərpətdi və ərinə baxdı. Gözləri görüşdü və oğlan gülümsədi. Arvadı gözlərini tez çəkdisə də, bu baxışlardan narazı qalmadığını göyçək təbəssümü ilə bildirdi. Ağappaq dişləri yasəməni dodaqlarının arasından necə gözəl göründüsə, oğlan dodaqlarının asta tərpənişi ilə ona öpüş göndərdi və bununla kifayətlənməyib qızın sağ tərəfinə keçdi, əyilib qulağına pıçıldadı:
– Xaçu.
Qız nə tərpəndi, nə reaksiya verdi, uzun, nazik boğazından görünən, azacıq dik hulqumu həyəcanla titrədi. Ona da elə bu lazım idi. Meydan hadisəsindən üç gün keçsə də və bu üç gündə neçə dəfə yaxın olmuşdularsa da, araya düşmüş kölgə hələ qalırdı. Hələ də onlar bir-birinin gözünün içinə dik baxa bilmirdilər.
– Çox baxacayıq bu geyim-kecim yarışına?
– Sən baxmaya bilərsən. – Qaynana qızını yanladı. – Ora bax! – Qara, uzun don geyinmiş və bir çiyninə bütöv tülkü dərisi salmış ucaboy, sarışın qızı göstərdi. – Necədir? Qoymadın sənə alım o mexi, dedin mod deyil. – Qaynana açıq paxıllıqla baxırdı təzə gəlmiş qonağa.
Qız anasına fikir verməyib ərinin qoluna girdi.
– Xoşuva qəldi? – Səsində güclə bilinən qısqanclıq vardı.
– Boynuma alım ki, qeldi, amma səndən gözəl deyil.
– Mne straşno koqda tı tak leqko vryoş.
Qız onun qolunu buraxıb yenə də anasına yaxın dayandı, yəni söhbət eləməsək yaxşıdır. Vağzalının səsi köməyə gəldi və nomenklaturanın əhli-əyalı canlandı, hamı pilləkənin başına baxdı. Musiqi səsi getdikcə yaxınlaşırdı, əvvəlcə gecikmiş bir neçə gənc tələsik çıxıb qonaqlara qarışdı, sonra gəlinin dalınca getmiş bəy evinin adamları, yaxın qohum-qardaş və nəhayət, qol-qola girmiş bəylə-gəlin göründü. Hollda dayananların hamısı əl çaldı və bundan sonra qonaqlar bəylə gəlinin dalınca «Avropa zalı» deyilən salona girdilər. Göz qamaşdıran işıqda, könül oxşayan musiqidə zövq və səxavətlə bəzədilmiş masaların hələ pozulmamış səliqəsində həqiqi bir təntənə var idi. Pisi o idi ki, bu gözəl məclis çox tez qurtarmalı idi, yəni həmişəki kimi saat on ikidə, birdə deyil, düz on tamamda başa çatmalı idi. Səbəb komendant saatı idi. Qaynanası danışırdı ki, toyu bu günə salmaq üçün nə qədər çalışmalı olub qızın atası, söhbət lap yuxarıyacan gedib çatıb, nəysə, hər şey razılıqla qurtarıb komendant da adamdır, özü də bizimkilərdən pis yemir.
Elə birinci sağlığı deyən toy sahiblərindən biri bu məsələyə toxundu və sözünə belə başladı:
– Məhəbbət güclü olanda, iki qəlb bir-birinin həsrətilə alışıb-yananda heç bir xüsusi vəziyyət, heç bir komendant saatı onun qabağında sədd ola bilməz. Gəlin, içək bu badələrimizi bütün sədləri vurub dağıdan, maneələri dəf edən xoşbəxt gənclərin sağlığına! Qoy onların xoşbəxtliyi hədd-hüdud, sərhəd tanımasın, böyük qardaş demişkən priznavat eleməsin. – Möhkəm əl çalındı və büllur qədəhlərin cingiltisi eşidildi.
Qaynana ikisinin arasında oturmuşdu. Əyilib oğlana dedi kir, maneəni dəf eləyən onların məhəbbəti yox, dədələrinin pullarıdır.
Oğlan heç nə demədi və dizini guya təsadüfən qaynanasının dizinə toxundurdu və geri çəkmədi də. Qadın boşaltdığı qədəhi yerə qoyub yanakı oğlana baxdı, heç nə demədi, amma ayağını çəkdi. Oğlan dizini qaynanasının dizinə məqsədsiz vurmuşdu, yoxsa bir fikri, istəyi vardı? Bilmədi, hər halda niyə belə elədiyinin cavabını bilmirdi. Öz-özünə, amma qaynanasının eşidə biləcəyi qədər bərkdən dedi:
– Darıxıram, ürəyim partlayır.
Qaynana yenə də ona yanakı baxdı və dedi:
– Adam biləndə ki, yaxın vaxtlarda bir yerə gedəcək, həyatında dəyişikliklər olacaq darıxır.
Qızına dedi:
– Niyə yemirsən, üzülüb gedirsən.
Qız heç nə deməyib kələm yarpağı kimi nazik kəsilmiş qırmızı rənglənmiş ağ turpun ortasına qoyulmuş dörd-beş zeytundan birini götürdü və iki barmağı ilə tutub dişlədi, həvəssiz çeynədi.
– Nədi, sən də darıxırsan? Bu musiqini, çalıb-oxuyanı, oynayanları görmürsən?
– Mama…
– Hardasan ey, harda? Dünya bir bunun üstündə qərar tutub, kişi yoxdur bu dünyada… Bir gözünü aç, ətrafa bax…
– Mama, perestan…
Arvad səsini sıxdı, həm də üzünə təbəssüm verdi ki, üzbəüz oturanları şübhəyə salmasın.
– Axı hər şey məlum oldu, özün də inandın, başa düşdün.
– Net! Men inanmadim. Vı vse menya obmanıvaete, vı vse ljete!
– Bərəkallah! Biz hamımız yalançıyıq də? Papa da? Sənin ağlın lap çaşıb deyəsən?
Qız anasının dediklərini eşitmirdi, bütün içi titrəyirdi.
– Serdtse mne padskazıvaet. Vı predali menya. İ papa, i tı. Vı poşli na sdelku s nim protiv menya, akazali mne podluyu usluqu. Vı ubili vo mne veru. Ya vas vsex nenaviju.
Qız bunları elə sakit, lakin qəti nifrətlə dedi ki, anası həqiqətdə qorxdu. Arvadın sifətinə qatı qızartı gəldi və o güclə gülümsədi: – Ladno, özüvü ələ al, camaat bizə baxır. Evdə danışarıq, indi yeri deyil… Aaa… bacı çıxdı, deyəsən tost deyəcək. Yaxşı, posluşay, ne pozor nas. Qulaq as gör nə deyir, bu bacı.
Oğlan çoxdan görmüşdü bacını. Başdan ayağa qara geyinmişdi. Heç kəsin üzünə baxmırdı. Ancaq çox adam baxırdı ona, diqqət yetirirdi, qadınsa bu diqqətlərin hamısını cavabsız qoyurdu. Bəlkə də bu məclisdə o yeganə adam idi ki, yas paltarında olan bu qadının mütləq məclisi pozacağına əmin idi. Bilirdi ki, hamının, elə onun özünün də tük saldığı bu qadın elə-belə sakit oturub, sakit də bu məclisdən gedən deyil, o mütləq nəsə eləməli idi və deyəsən gümanında yanılmamışdı. Qadın iri və qəti addımlarla musiqiçilərin yanına çatıb dayandı və mikrofonu götürdü:
– Camaat, siz bəzənib-düzənib, toya gəlmisiniz, şənlənməyə, çalıb-çağırmağa, oynayıb-gülməyə. – Qadının dizdən xeyli aşağı sadə, uzunqol qara donu, hamar daranıb peysərində sancaqladığı zil qara rənglənmiş saçı, ənlik-kirşansız sifəti, ümumiyyətlə, bütün görkəmi yasda olan adamın geyimi, görkəmi idi. – Siz bayram eləyib iki qəlbi bir-birinə qovuşdurursunuz, amma heç birinizin ağlına gəlmir ki, bugünkü gündə xoşbəxt ailə qurmaq mümkün deyil. Bu gün Azərbaycan xalqı yas içindədir. İki gün qabaq əyilmiş mənliyimiz, dəyənəklə döyülmüş Azərbaycan xalqının yarası qan verir, bizim qəhrəman oğullarımız qazamatlara doldurulublar, bəs siz nə edirsiniz? Xüsusi vəziyyət, komendant saatı, bütöv xalqın üzünə vurulmuş şapalaq sizi sarsıtmayıbmı? Axı necə ürəyinizdən gəldi ki, toya yığışdınız? Axı xalqımızın qəhrəman oğlunu adi cinayətkar, uqalovnik kimi tutublar, döyüblər. Sizin qeyrətiniz varsa, bunu necə götürür? Fəxr eləyirsiniz ki, iki gəncin məhəbbəti həddi-hüdudu aşıb, sındırıb. Yalandır! Niyə onları indidən yalana öyrədirsiniz, bilmirsinizmi ki, bu hədd-hüdudu dağıdan satqın nomenklaturadır? Fikir verin, bütün ixtiyarat əlində olan nomenklatura, vəzifəli yoldaşlar hamısı burdadır, o faciə sizin vecinizə deyilsə, bu əzilmiş, dizi yerə qoyulmuş vətənin qolundan kim tutacaq? Əgər əlində ixtiyarı olanlar vəzifələrini itirməkdən qorxub əsə-əsə yuxarıların, böyük qardaşın buyruğunu gözləyəcəksə, hansı azad vətəndən, hansı bərabər hüquqdan danışmaq olar? – Qadın paltarının qolundan çıxardığı qırağı ağ krujevalı qara dəsmalı ilə dolmuş gözlərini sildi, amma səsi mətin idi, titrəsə də, kövrəlsə də, möhkəm danışırdı. – Bilirəm, ürəyində məni ağlını itirmiş hesab eləyənlər də çoxdur, neynək, mənim bu stress vəziyyətim gülməli də görünə bilər, vətən qeyrəti çəkməyən adama. Gül, gül, a biqeyrət, a vətən satqını, a ölkə xaini, gül! Canı stolunda olan biqeyrətlər! – Qadın ölü sükuta dalmış məclisə göz qoyub gülümsədi. – Qorxursunuz məndən, qardaşımdan çəkinirsiniz, heç biriniz durub əleyhimə bir kəlmə də deməyəcəksiniz.
Məclis susurdu. Heç kəs birinci danışmağa cəsarət eləmirdi. Qadının papiros çəkməkdən qalınlaşmış səsi yenidən eşidildi:
– Birinizdə cəsarət çatmır ki, durub etiraz eləsin, desin ki, get qardaşına de bu sözləri. Axı vəzifəni itirə bilərsiniz. Sizin üçün vətən nədir? Vətən yaxşı yeyib-içmək, geyinib-kecinməkdir. Halbuki vətən… vətən…
Hanı məni gül qoynunda doğuran,
Xamırımı göz yaşıyla yoğuran,
Beşiyimdə laylay balam çağıran,
Azərbaycan, mənim baxtsız anam, oy!
Neçə bir il həsrətində yanam, oy!

Salam desəm rüzgar alıb götürsə
Ağrı dağdan Alagözə ötürsə,
Gur səsimi göy Xəzərə yetirsə
Xəzər coşub zəncirini qırsa, oy!
Hikmətsə bu sərsəm gediş dursa, oy!

Xəbər alsam Muğanımdan, Milimdən,
Nazlı Bakım o neft qoxan gülümdən,
Kim demiş ki, düşmüş adı dilimdən,
Azərbaycan, mənim dostsuz yurdum, oy!
Ölməz eşqim, içimdəki dərdim oy!

Könlümə tək Kəbə yapdım səni mən,
Sənsiz neyləm qürbət eldə günü mən,
Sənsiz neyləm Allahı mən, dini mən,
Azərbaycan mənim tacım, taxtım, oy!
Oyanmazmı kor olası baxtım, oy!

Məclis əl çaldı. Bunun dalınca çalğıçılar məşhur üverturanı səsləndirdilər. Qadınsa susmurdu:
– Əl vurursunuz? İndi də çəpik çalmaqla batırırsınız səsimizi? Öz doğma himnimizlə boğmaq istəyirsiniz bizi? İndi deyirsiniz ki, niyə öz qardaşından demirsən, ən böyük ixtiyar onun əlindədir, cilovumuzu çəkən də odur. İndi qulaq asın deyəcəm: mənim elə qardaşım yoxdur! Mən ona da, sizin haram, rüşvət pullarla qurulan məclislərinizə də əlvida deyirəm. Məhv olsun xalqını ayaqlar altına atan millətsiz, vətənsiz nomenklatura! Yaşasın xalqın qeyrətli oğullarını bir yerə yığıb səfərbər edən Azərbaycan Xalq Cəbhəsi! Yaşasın Cənubi Azərbaycanla Şimali Azərbaycanın gələcək birliyi! Yaşasın müstəqil Azərbaycan!
Qadın qəti və möhkəm addımlarla lal sükut içərisindən keçib getdi. O zaldan çıxıb görünməz olandan sonra da ölü sükut dirilmədi…

Qanı qara idi. Hər dəfə o qadına rast gələndə halı-əhvalı pozulurdu, bir neçə gün maşınla vurub çınqıl topası üstdə qoyduğu can verən qocanı yadından çıxara bilmirdi, xüsusilə gecələr, yuxuda qanlı üzünə xırda çınqıllar yapışmış və gözləri ilə yalvaran kişinin zəif səsini eşidirdi. Bu vaxt az qalırdı qışqırsın, başını divara vursun. Sirrini açıb hamıya, tanış-bilişə, dost-qardaşa danışmaqdan özünü güclə saxlayırdı. Əlbəttə, bu ona yüngüllük gətirmirdi, əksinə tutduğu işi, cinayəti daha kiməsə, daha ciddi bir adama danışmaq və bununla da ürəyindəki ağırlığın bir hissəsini sirrini açdığı adamın üstünə qoymaq istəyirdi.
İşdə heç yarım saat da otura bilmədi, arvadların atmacasına, üç-dörd günün içində, yəni mitinq dağılandan sonra şəhərdə əmələ gəlmiş çaşqınlıqdan özünü itirmiş, mübarizə günlərində özünü arxalı hesab eləyib artıq-əskik danışmış, mitinqlərin hamısında hər gün iştirak eləmiş şöbə müdirinin sorğularına da cavab verməmişdi. Bərk qorxduğu, harasa sual-cavaba çağırılacağından, sorğu-suala çəkiləcəyindən ehtiyat etdiyi açıqca bilinən müdir ondan, daha doğrusu onun qaynatasından görüləcək repressiya tədbirləri barədə səhih xəbər bilmək istəyirdi. Odur ki, dolayısı söhbətlərlə bu mövzu üstünə gəlməyə can atan müdirə birbaşa dedi ki, siz nahaq əl-ayağa düşürsünüz, tətildə iştirak etməmisiniz, şöbəni bağlamamısınız, narahat olmağa əsas yoxdur. Bir də cəza verilsə liderlərə veriləcək, qıraqda dayanıb azarkeşlik edənlərə yox. Tamam sakit işləyib elm və texnikanın nailiyyətlərini həmişəki kimi yaya bilərsiniz. Müdir onun etinasız, haradasa istehza dolu sözlərindən incisə də, özünü o yerə qoymadı və guya yarıciddi, yarızarafatla dedi ki, sənin kimi işçisi olan müdir nədən qorxacaq? Sonra da açıqca dedi ki, bizim o cür qaynatamız var ki, bir kəlməsi ilə adamı cəhənnəmin içindən də çıxara bilər.
– Arxayın olun, – dedi və qonşu şöbəyə gedib neçə gündən bəri görüşmədiyi, hətta telefonla belə danışmadığı qıza zəng vurdu. Dedilər ki, xəstədir, işə çıxmır. Sevindi. Bəlkə öz-özünə düşüb. Bu ümidlə yanına getdi. Maşını həmişəki kimi evdən xeyli aralıda saxlayıb dolanbac yolla bloka girdi. Qapının zəngini basıb ikinci mərtəbənin pilləkənində gizləndi ki, qonşulardan çıxan olsa onu görməsin. Qapı açıldı və tələsik düşüb içəri girdi. Qız onu həmişəki kimi sakitcə qarşıladı. Sifətindəki ifadədən bildi ki, ümidi doğrulmayıb.
– Necəsən? Nə var, nə yox?
Qız çiyinlərini çəkib dedi:
– Təzə heç nə yoxdur.
– Bəs niyə işə getməmisən?
– Ürəyim elə bulanır ki, adam içində otura bilmirəm. – Gözləri doldu, stulda oturub əlini alnına günlük kimi qoyub gözlərini örtdü.
– Nə tez bulanır ürəyin?
Qız günahkar kimi baxdı ona və dedi ki, tez deyil… bir də… Nə bilim ey, bulanır də…
Diqqətlə baxdı qıza və gülümsədi:
– Bilirsən… bir sposob var…
Qız ümidsiz əlini yellədi:
– Sposobdan keçib, mənə həkim lazımdır. Özü də təcili.
Oğlan hirsləndi və bir az səsini qaldırdı.
– Niyə belə… Bir qulaq as də…
Müəllimin üsulunu ehtiyatla ona başa saldı və dedi ki, vaxtı itirmədən sınaqdan keçirmək lazımdır.
Qız yanağına indicə diyirlənən yaşı əlinin dalı ilə sildi.
– Gecdir, elə şey kömək eləməz.
– Səndən nə gedir ey, prob eliyək də. Hələ heç iki ay tamam olmayıb, mən də ki… – Yenə də güldü.
Qız qalxıb üzünü pəncərəyə tərəf çevirdi və faciəli xəbər verirmiş kimi dedi:
– Vaxtımdan üç ay keçib.
– Necə? Nə dedin? – Qız cavab vermədi. – Axı sən demişdin ki… Sən məni aldatmısan? – Qızın qolundan tutub sıxdı. – Soruşuram, sən məni aldatmısan?
Qız əllərilə üzünü örtdü və ağlaya-ağlaya:
– Qorxurdum deməyə. Qorxurdum qaçarsan, məni atıb gedərsən.
– Bəs indi? – Oğlan kobud hərəkətlə onu özünə tərəf çevirib əllərini sifətindən qopartmaq istədi. – Bəs indi atıb gedə bilmərəm?
Qız hönkürdü.
– Yox, keçməz bu nömrə. Məni hərifləyə bilməzsən. Sən qanmırsan ki, mənim ailəm var, bilmirsən ki, sən mənim…
– Bilirəm, mən sənin lyubovnitsanam, bilirəm. Mən qarımış qızam, mən… sənin tayın deyiləm. – Daha bərk hönkürdü. – Mən günah içindəyəm. Çirkaba batmışam. Allah məni öldürsün! Öldür məni, zəhər gətir mənə, ölmək istəyirəm, o kişini maşınla vurub öldürdüyün kimi məni də öldür, məni də…
Şapalağı qızın yaş sifətinə dəydi, sonra o biri yanağına, bir də, bir də… Yalnız qızın üzündə, ağzında qan görəndə dayandı…
Titrəyən əlləri sükanı saxlaya bilmirdi. Maşını saxladı. Qıpqırmızı olmuş əllərinin içi gizildəyirdi. Tək otaqda tənha qalmış, ürəyi bulanan, təhqir olunmuş, əzilmiş, yerlə-yeksan olunmuş qızı təsəvvürünə gətirdi. Yumşalmadı, əksinə daha da hiddətləndi. Ölmək istəyir, yox, əzizim, mənim əlimlə ölməyəcəksən, ölmək istəyirsən, as özünü, at beşinci mərtəbədən. Kaş öldürəydi özünü, kaş yox olaydı… Əti bu fikirdən ürpəşdisə də peşmançılıq çəkmədi. Bu da şantaja əl atmaq istəyir, indi gəl qəhbəyə bel bağla, adamı keçi qiymətinə satarlar. Guya bunları məcbur eləmişəm, yoldan çıxartmışam, bəkarətini zorla pozmuşam, guya özü girmədi altıma, guya özü demirdi ki, ölüm ayağının altında, sən mənim gözümü açdın, sən mənə qadın həyatı verdin, məni sən qadın elədin. Guya mənim taqsırımdır ki, bu uşağa qalıb. Mal kimi uzanır altımda. Guya huşu çıxır başından. Tfu! Tez qurtarmaq lazımdır bu haqq-hesabı, bir söz də çıxsa bağlandı kitabım, ta qaynata da dayanmayacaq.
Onsuz da hələ sınmış şüşəni calaya bilməmişdi. Özü də bilirdi ki, bu meydan məsələsi ona baha başa gələcək, bu xamır hələ çox su aparacaqdı, arvadının inamını qazanmaq, aralarındakı əvvəlki münasibəti tam bərpa eləmək hələ böyük bir sual altında idi. Bunu yataqda daha yaxşı hiss eləyirdi, arvadı əvvəlki kimi təslim olmurdu ona, əvvəlki nəvazişləri, heyrətləri yoxa çıxmışdı. Arada elə soyuqluq yaranmışdı ki, kişilik iqtidarı ilə özlüyündə həmişə öyünsə də bəzən arvadının qarşısında aciz qalırdı və təbiidir ki, arvadı bunu istədiyi kimi yozurdu, yəni haradasa sönüb gəlib, indi həvəsi qalmayıb. Meydan onların arasına girmişdi və hərəsi onun bir tərəfində qalmışdı. Onları yadlaşdıran, soyudan məsafə heç cür azalmırdı ki, artırdı; həmişə onların incikliklərini, xırda-xuruş ailə narazılıqlarını dərhal ləğv edən yataq indi əks təsirini göstərir, hər növbəti görüş onları bir-birinə yaxınlaşdırmaq əvəzinə uzaqlaşdırırdı. Gecənin düşməsini xəstə həyəcanla gözləyirdilər. Gah qız yatmağa tez gedir, gah da o qəsdən yataq otağına gecikir, televizora baxır, qəzet oxuyur, yuxulamasını gözləyirdi. Hər halda gecə onları bir-birindən daha da uzaqlaşdırmağa xidmət edirdi. İş o yerə çatmışdı ki, o birdəfəlik məsələni açıb-ağartmaq, xəyanət elədiyini, özü də bir dəfə, on dəfə yox, lap çox-çox xəyanət elədiyini demək istəyirdi. Ona elə gəlirdi ki, yalnız günahını etiraf eləmək yolu ilə yenidən arvadının məhəbbətini qazana bilər, ancaq cəsarət eləmirdi, özünü saxlayırdı, aradakı yadlaşmanı vaxtla əritmək istəyirdi. Səhər açılanda isə gecə hər şeyi açıb arvadına danışmaq, etiraf etmək istədiyinə görə özünü danlayır, şükür eləyirdi ki, nə yaxşı sarsaqlıq etməyib, haqq-hesabı açıb tökməyib. Gündüz daha sakit, soyuqqanlı olurdu və ağlı deyirdi ki, xamlama, etirafla bu boyda günahı, taqsırı yuyub təmizləmək olmaz.
Hiss eləyirdi ki, gələcəyi bir tükdən asılıdır, hər tərəfdən onun rahat, qayğısız həyatına təcavüz gözlənirdi, bir vaxtlar əhəmiyyət vermədiyi, tum çırtlamaq kimi adi şey hesab elədiyi xəyanətləri üst-üstə yığılıb ağırlaşır, əsl xəyanətə çevrilirdi.
Tələsmək, işləri səhmana salıb əkilmək, xaricə getmək lazım idi. Əlaqəni müvəqqəti də olsa buralarla, indiki həyatı ilə kəsmək xilas yolu idi.
Qapını arvadı açdı. Üzündə heç bir dəyişiklik görmədi; son vaxtlar bu zərif üzü bircə şəkildə görürdü, hər halda bu üz ona bircə şəklini göstərirdi və o hiss edirdi ki, bu üzdə ona aid heç nə tapa bilmir.
– Heç olmasa dalaş, kobud bir şey de.
Qızın üzündə dəyişiklik olmadı.
– Eşitmirsən?
– Slışu.
– Uşaq hardadır?
– U mamı.
– Mama rodila ee?
Cavab verməyib mətbəxə keçdi. Soyuducudan qazanı çıxarıb qazın üstünə qoydu və üzünü pəncərəyə çevirib dayandı, guya həyətdə top qovan uşaqlara baxırdı.
– Sən məni dəli eləmək istəyirsən? Eşidirsən nə deyirəm?
Qız qəfil dönüb düz gözlərinin içinə baxdı və sakit, kədərli səslə soruşdu:
– Xardan qəlirsən?
– Mən? Mmm… Necə bəyəm?
– Spraşivayu otkuda idyoş… – Qız ağlamağını güclə saxlayıb tez-tez dedi: – Net, net, ne qovori, eto slabost, slabost…
Hiss elədi ki, gözləri yaşarır, ağlamaq istəyir, neçə gündən bəri gərilmiş əsəbləri boşalır, narahat ürəyi gəzdirdiyi yükdən, hər tərəfdən onu sıxan təhlükələrdən qurtulmaq, sivişib çıxmaq istəyir, əynindəki paltarları cırıb atmaq istəyir, əlacsızlıqdan şaşırmış, iki yol ayrıcında qalmış «Ne maqu, ne maqu» deyən arvadını qucaqlamaq, onunla bir yerdə hönkürmək istəyir. Ona maşınla vurub öldürdüyü qocadan demək istəyir. İstəyir erməninin kirayə evində özünü gizlədən, ölümlə həyat arasında çabalayan və indicə qəddarcasına döydüyü hamilə qızdan danışsın. Söz verib aldatdığı maşın qızını yada salsın… Bu nə qəribə istək idi… Bu nə ehtirasdı belə?..

– Uverena şto ya obmanuta, tı mne izmenyayeş, i vseqda izmenyal…
Qızın səsi lap uzaqdan gəlirdi, sözlər də bir-birindən aralı idi, o etiraz eləmir, heç nə demirdi, öpürdü qızın qəşəng nazik boynunun ardından, qıvırcıq tüklər dodaqlarını qıdıqlayırdı və bu zərif təmas ona xoş gəlirdi. Bir az əvvəlki dəli ehtirasdan heç nə qalmamışdı, ancaq hələ də o ehtirasın cazibə sahəsindən çıxmamışdı, çıxmaq istəmirdi.
– Ya ne payedu s taboy zaqranitsu. – Qızın səsi yenə də uzaqdan gəldi. İndi onun dediklərinə inanmırdı. On dəqiqə qabaq desəydi, inanardı, qorxuya düşərdi, çünki bu ayrılmaq, boşanmaq demək idi, indi isə bu onu güldürdü. Qızın boynunu öpməkdə davam elədi.
– Poçemu molçiş?
– Mne xaraşo…
– Neujeli… – Qız sözünün dalını gətirmədi, amma demək istədiyini yarımçıq qoymadı, ürəyində bitirdi: «…mojno bıt sçastlivım koqda tolko tebe xaraşo?» Əri axırıncı dəfə çiynindən öpüb ayağa qalxanda və ötəri güzgüdə lüt bədəninə baxıb otaqdan çıxanda axırıncı sözləri ürəyində dediyindən razı qaldı və o, elə-beləcə üzünü yastığa basdı.
Hamamxananın güzgü divarının qarşısında dayandı. Özünü başdan-ayağa diqqətlə süzdü. Şümal, dümdüz gənc bədəninə baxmaq xoşuna gəlirdi. Bədəninin bütün cizgilərini əzbər bilirdi; sevirdi uzun, möhkəm qıçlarını, düz biçimli qollarını, üzükdən keçən belini, zərif gövdəsinə nisbətən xeyli enli çiyinlərini, tüksüz sinəsini. Ümumiyyətlə, soyunmağı xoşlayırdı. İsti su axan duşu əvvəl sağ, sonra sol çiyninə tutdu və sonra duşu sinəsində, qarnında gəzdirdi. Fiziki ləzzətlə mənəvi rahatlıq, arxayınlıq birləşəndə nə yaxşı olurmuş. Arvadının «Ya ne payedu s toboy zaqranitsu» deməyini xatırlayıb gülümsündü, indi bütün dünya da tökülüb desəydi ki, arvadın getməyəcək inanmazdı. Özünü kişiyə o cür, son damlasınadək təslim eləyən qadın çətin ki, belə iş tutsun. «Hər şey yaxşıdır, hər şey, bircə…» Bir az əvvəl döydüyü qadını yadına saldı, əslində heç çıxmırdı yadından…

Nəhayət, xaricə getmək üçün son iş də görüldü, daha doğrusu, getmək günü, yola düşmək vaxtı müəyyənləşdi. Hər gün qaynatasıgildə olurdular. Yır-yığış ştabı orda idi və ştabın rəisi qaynanası idi. Qaynatası da axşamlar evə həmişəkindən nisbətən tez qayıdırdı. Şəhər olmuşdu xüsusi rayon və gecələr komendant saatı hökm sürürdü. Axşamdan küçələrdən əl-ayaq çəkilirdi, maşınlar sürü naxırdan gün batanda qayıdan kimi bir-birinin dalınca siqnal verə-verə pullu dayanacaqlara axırdılar. Şəhər dərin sükuta dalırdı, məğlubiyyətlə bitmiş mübarizənin dərdini içində çəkirdi, ancaq hamı, mübarizə aparıb müvəqqəti məğlub olanlar da, ordunun köməyi ilə yalançı biovuz qələbə çalanlar da bilirdilər ki, bu sükutda elə bir gərginlik var ki, özündən böyük gücə tab gətirə bilməyib qırılan kəndir kimi partlayacaq. Elə bundan qorxaraq respublikanın rəhbərləri təbliğatçı çıxışlar edir, nomenklaturanı kiçik bir zala yığıb qarşılarında danışır, iğtişaş salanları cəza ilə qorxudurdular. Əsgərlərin arxasında dayanıb barmaqla camaatı hədələyirdilər. Respublikanın, şəhərin idarəsində hərbçilər, şəhər komendantı fəallıq göstərirdi. Odur ki, partiya işçiləri bir xeyli sakitləşib dərindən nəfəs ala bilir, ev-eşiyə daha çox vaxt sərf edirdilər. Qaynata da bu səbəbdən evə həmişəkindən tez gəlirdi, həm deyəsən yeri laxlamışdı, partiya aparatında gedən ixtisarlara əməl etmək üçün perspektivi olmayan kadrları yola salırdılar. Deyəsən bu külək qaynatanı da yıxacaqdı, hər halda kişinin eyni heç açılmırdı. Elə günlərin birində qaynata ona dedi:
– Təbrikimi al görüm.
– Nə təbrik? – qaynana kürəkəndən tez tərpəndi.
– İşin düzəldi də, on gündən sonra uça bilərsiniz Əlcəzairə.
– Ura! – arvadı sevincini gizlətməyib əlini bir-birinə vurdu. – Ya tak meçtala ob Aljire.
Sevincini gizlədib soruşdu ki, nə iş görəcəm orda.
– Tikintidə tərcüməçi olacaqsan, amma qorxuram sən elə tərcümə eləyəsən ki, o bina qurtaranda uçub tökulə. – Qaynatanın dediyinə hamısı güldü.
– Mən qayıdandan sonra lap dağılsın.
– Əsl zəmanə adamısan. – Qaynata bir balaca dilxor oldu.
Qaynana dedi:
– Təki gedib çıxsınlar sağ-salamat, qalanı asandır. – Sonra da gözlərini parıldada-parıldada əlavə elədi: – Ordan hamı yaxşı qayıdır.
Bundan sonra hazırlıq işlərindən danışdılar və gedəndə nələr aparmaq lazım olduğundan məsləhət-məşvərət başlandı, axırda da qaynana bu barədə bütün qayğıları öz üzərinə götürməyə söz verdi.

Maşını evdən xeyli aralıda saxlayıb qızın gəlməsini gözləyirdi. Axırıncı görüşdən keçən bir həftə ərzində nə zəng eləmişdi ona, nə də yanına getmişdi, özünə söz vermişdi ki, əlaqəni birdəfəlik kəssin, aborta aparacaq, evə qaytaracaq və deyəcəkdi ki, «Əlvida, daha bizimki qurtardı». İndi bir azdan qız gələcəkdi və şəhərin köhnə mərkəzi küçəsindəki mamaçanın evinə gedəcəkdilər. Heç tanımadığı bir arvadın adından gəldiklərini deyəcəkdi, vəssalam. Qapı üzlərinə açılacaqdı, hər halda maşın qızı belə demişdi, bundan başqa qız hırıldaya-hırıldaya demişdi ki, «Vse v poryadke, kajetsya, ya paluçila ot tebya to çevo xatela». Bu xəbər təbii ki, onu sevindirməmişdi, ancaq narahat da etməmişdi. Hər halda iş yerinə çatanda Bakıdan, bu sırtıq qadından çox-çox uzaqlarda olacaqdı, sonra nə olur-olsun, amma bu xəbəri laqeyd qarşılamaq da olmazdı, odur ki, dedi: «Staralsya dlya tebya».
Qızı uzaqdan gördü, əlində üstü al rəngli sellofan torba var idi. «Nə yaxşı ağlına gəlib pal-paltar götürmək» – istehza ilə düşündü. Qız arxa qapını açdı və ilk dəfə onun maşınına mindi. Sifəti ağappaq idi və bunun qorxudan olduğunu bilmək çətin deyildi. Salam vermədi və o bildi ki, bu saat bircə kəlməyə bənddir ki, gözündən yaş sel kimi axsın. Odur ki, o dinmədi, bir də dinib nə deyəcəkdi. Maşını tərpədəndə bir az öyüd, bir az da əmr ahəngində, lakin bir qədər biganə və yad səslə dedi:
– Arvada heç bir izahat-zad vermə. Kim onu bizə nişan verib, niyə saxlamırsan, niyə xəstəxanada elətdirmirsən, ərin kimdir… Lazım deyil. On-on beş dəqiqəlik işdir, qurtaran kimi aparacam səni evə, vəssalam! Pulu arvada özüm verəcəm.
Qız özünü ağlamaqdan güclə saxlayırdı; arxa oturacaqda büzüşüb oturmuşdu və aşağı, harasa qeyri-müəyyən bir nöqtəyə baxırdı. Əlindəki torbanı dizlərinin üstündə tutub qarnına sıxmışdı. Heç nə soruşmurdu, heç nə demirdi maşını inamla və səriştə ilə sürən bu gözəl oğlana. Bilirdi ki, güzgüdən ona baxır, çox ucuz qiymətə aldığı qurbanını süzür. Gözlərini həmin güzgüyə qaldırmasa da, oğlanın baxışlarını hiss edir, daha da sıxılır, daha da büzüşür və balacalaşırdı. Ürəyində bircə şey deyirdi: «Bədbəxt canım». Yox, onu aldatmamışdılar, özxoşuna yumalanmışdı çirkaba, allahın altında günah işi özü tutmuşdu, cəzasını da aldı. Özgənin evində, özgənin ərilə günaha batırdı özünü, bətnindəki həyat rüşeymini, onu içəridən isidən, lap indicə təcavüzə məruz qalacağından bilmərrə xəbəri olmayan günahsız varlığı da ondan qoparacaqdılar yad evdə. Kirpiyindən sallanan yaş qopub qarnına sıxdığı sellofan torbanın üstünə düşdü və tappıldadı.
Oğlan səsi eşitdi və bildi ki, qız ağlayır. Əsəbiləşdi. Maşını saxladı.
– İndi nə deyirsən? Ağlaşma quracağıq?
Qız dinmədi və titrəyən, sözünə baxmayan əlləri ilə bürmələyib ovcunda saxladığı dəsmalla gözlərini möhkəmcə sildi. Göz qapaqları qızardı.
Oğlan siqaret yandırdı və elə bil birdən ayıldı. Maşını küçənin gedər-gəlli yerində saxlamışdı. Hər an onu görən ola bilərdi. Gethagetdə təzə haqq-hesab açmaq, çəngi-cidala çıxmaq nəyə lazım idi, təzə-təzə arvadının könlünü almışdı və qəribə idi ki, elə bil təzədən vurulmuşdu ona.
Siqareti tullayıb, maşını tərpətdi.
Köhnə, tozlu pəncərələri birbaşa küçəyə açılan birmərtəbəli, əyri evin qabağında əyləci basdı və nə fikirləşdisə təzədən irəli sürdü.
– Bir az aralıda saxlayacam maşını. – Qız heç nə demədi. – Burda gözləyəcəm səni. Düşdük!
Pəncərəni şərtə görə dörd dəfə tıqqıldatdı. Bir-iki dəqiqədən sonra, çit pərdə aralandı və yumyumru sifəti yağdan işıldayan, saçı xınadan alışıb-yanan yaşlı qadın şübhə ilə oğlanı süzdü və nəfəsliyi açıb dedi:
– Nə istəyirsən?
Oğlan qəddini əyib, qadına tərəf meyilləndi və nəsə pıçıldadı:
– Həri? Gəlin içəri. Həyət qapısından.
Qızı həyət qapısından içəri buraxanda onun tir-tir titrədiyini gördü. Yazığı gəldi və xeyli məhrəm səslə dedi:
– Qorxma, yaxşı qurtaracaq.
Kiçik dar həyət idi, girəcəkdə iki paslı zibil yeşiyi qoyulmuşdu. Aşıb-daşırdı. Kəskin üfunət iyi vurdu onları. Qız dəsmalla burnunu tutdu, onları qarşılamağa çıxmış qadının yanından keçib tələsik açıq qapıdan içəri keçdi, dalınca da oğlan.
– Neçə aylıqdı – Qadın birbaşa mətləbə keçdi.
Oğlan qızın dillənməsini gözləməyib tələsik cavab verdi:
– İki ay yarımdır.
– Arvadındır?
Qəfil sual hər ikisini diksindirdi və qadın cavabsız da məsələnin nə yerdə olduğunu başa düşdü və onları çətin vəziyyətdən qurtarmaq üçün əlavə elədi:
– Həə… Neynək, işdir də. Elə eliyəcəm ki, ruhun da inciməyəcək. Vnutrivenni iynə, vəssalam, ayılanda görəcəksən ki, hər şey qurtarıb. Keç o biri otağa, tamam soyun, naçnoy gətirməmisənsə, mən verərəm. Belədir də, kef çəkmək istəyirsən, gərək əziyyətini də görəsən.
Qızın qıpqırmızı olduğunu görüb gülümsədi və onun kürəyindən yarı hörmət, yarı saymazlıqla itələyə-itələyə açıq qapıdan içəri saldı. Tamam pəncərəsiz otaqdı. Yeganə işıq mənbəyi büllur çilçıraq idi. Sumağı məxmər pərdələr haçansa pəncərə olmuş, sonradan hörülmüş divarları tutmuşdu.
– Sən soyun, mən adamıvı yola salım.
Qız «adamıvı» sözünü şillə kimi yedi və ürəyində «Allah varsansa, öldür məni» dedi.
Qadın səbirsizliklə kiçik otaqda o yan-bu yana gəzişən, var-gəl eləyən oğlana gülümsəyib dedi:
– Sən allah, bağışdaginən, lap yadımdan çıxıb ki… A-a-a-a… Gör necə…
Oğlan səbirsizlik göstərdi:
– Haçan gəlim?
– Bircə saatdan sonra. – İri divar saatına baxdı. – On bir tamamda gəl apar. Pəncərəni hələ o qaydada tıqqıldadarsan.
Oğlan çıxmaq istədi.
– Dayan, oğlum, bəs mənim…
– Hə-hə! Lap… Nə qədər verəcəm?
– Yüz əlli, qadon alım.
Oğlan inamsızlıqla baxdı arvada.
– Mənə demişdilər ki…
– Arvadın olsaydı, sən deyəndi…
– Nə fərqi olur, arvadın abortu asan olur, lyubovnitsanınkı çətin?
Qadın halını pozmadan gülümsədi və mülayim səslə dedi:
– Görürəm, qanan oğlansan, amma simiclik eləyirsən, gör necə bəladan qurtarıram səni, nə dil biləcək, nə dodaq…
Oğlan qadının yüz əllisini verib «Bir saata qayıdıram» dedi və çıxdı.
Qadın üç əlliliyi çoxdan içini boşaltdırıb daxıla çevirdiyi «Yunost» televizorunun hamının görə bilməyəcəyi yarığından içəri saldı. Qapını arxadan bağlayıb içəri keçdi. Qızın oturub əlləri ilə üzünü tutduğunu görəndə həqiqətdə hirsləndi.
– Ağəz, oturmağa gəlmisən? Dur ayağa, axı dedim soyun. – Şkafdan kiçik sarı gülləri olan enli gecə köynəyini çıxarıb üstünə atdı. – Tez soyun, geyin, vaxtımız azdır.
İndicə qaynatdığı iynəni gətirib içinə dərman yığınca qız artıq soyunub gecə köynəyini geyinmişdi.
– Arxası qatda uzan. Hara, hara? Stolun üstünə uzan. Ayaqlarını da qoy bura. Elə eliyəcəm heç ruhun da inciməyəcək. Maşallah, bədənin… Uzan, boşal, boşal… Harda tanış olmusan bu dələduzla? Qolunu ver. – Rezini dirsəkdən yuxarı dartıb bağladı. – Yumruğunu işlət, aç-bağla, ay sağ ol. Niyə belə titrəyirsən? Yoxsa birinci dəfədir?
Qız boş əli ilə gözlərindən gicgahlarına axan yaşı silib başını tərpətdi. Arvadın əlləri sustaldı.
– Bəs demirsən sonra uşağın olmaz?
Qız başını buladı və tamam aydın, hər şeyi qət eləmiş adam kimi dedi:
– Ölmək istəyirəm.
– Ölmək? Kül ağlıva! Sənin yerində olsam… Elə oğul taparam sənə, kişi deyirəm ey… Bu pijonu neynirsən, nərmənaziyin biridir, qıza oxşayır.
Qız qolunu tərpətdi və qadının gözləmədiyi halda hökmlə və acıqla əmr elədi:
– İynəni vur!
Qadın təzədən işə girişdi və:
– Özün bilərsən – dedi. – Mən sənin yaxçılığınçın deyirəm.
İynənin küt ucunu damara ilişdirdi və asanlıqla venaya düşdü. Dərmanı yeridə-yeridə dedi:
– İndi elə bil uçub gedəcəksən ey, lap uzağa. Bədənin ağırlaşacaq, dilin-dodağın təpiyəcək…
Qız hiss edirdi ki, keyiyir, əl-ayağı sözünə baxmır. Lap uzaqdan, qırx arşınlıq quyunun dibindən qadının səsi gəldi:
– Ətəyini çırmala sinənə tərəf, eşitmirsən, ayaqlarını qaldır, qoy bura, arala dizlərini, sənin…
Qız onun dediklərini başa düşsə də, yerinə yetirə bilmirdi, ayaqları sözünə baxmırdı, özünün deyildi elə bil.
– Qaldır, bax belə. Utanma, yad kişinin qabağında qıçlarıvı aralayanda heç utanmırdın…
Deyəsən, ayaqlarına, budlarına şapalaqlar dəydi və bundan sonra bədəni ağırlaşdı, ağırlaşdı və daş kimi qatı qətranın içinə düşdü, nə şappıldadı, nə dairələr əmələ gəldi, qətran onu rahatca uddu…
Bir saatlıq vaxtını udmaq üçün neçə mağazaya baş çəkmiş, qaynanasının tərtib etdiyi siyahıdakı şeylərin bir hissəsini almışdı. Yarım saatlıq vaxtını isə evə – atasıgilə getməli, onlara yola düşəcəyi günü, vaxtı bildirməliydi. Bir şəhərdə yaşasalar da, son vaxtlar valideynlərinin yanına getməyə vaxtı olmurdu, yaxşı ki, telefon vardı, hərdən zəngləşirdilər və bir qayda olaraq zəng eləyən anası olurdu.
Dördüncü mikrorayonun köhnə beşmərtəbəli binalarının birində üçotaqlı dar-düddək mənzildə yaşayırdılar. Anası onu qapı ağzında görüb, boynunu qucaqladı və dedi ki, bu nə vəfasızlıqdır? Niyə bizi yad eləmirsən, gəlmirsən, getmirsən?
Bu gileylərə çoxdan alışmışdı, yəni evləndiyi gündən cəmi bir həftə sonra anası giley-güzara başlamışdı.
– İş çoxdur, mama, özüm də gedirəm.
– Düzəldi? – anası sevindi və təzədən oğlunun üzündən öpdü. – Haçan gedirsiz, hara düşdün?
– Lap əla yerə, hər cəhətdən yaxşıdır. Elə yır-yığış eləyirik. Bir on günə gedirik.
– Bilet almısınız?
– Əlbəttə!
İlk sevincin havası keçən kimi anası ağladı:
– Düz iki il görməyəcəyik səni.
– İki yox, üç il, amma çalışıb, ildə bir dəfə məzuniyyətə gələcəyik.
Arvad gözlərinin yaşını silib gülümsəməyə çalışdı:
– Papan sevinəcək. O gün deyir ki, oğul nədir ey, böyüt, saxla, oxut, evləndir, sonra da sənə dal çevirsin, səni bəyənməsin, heç bir soruşmasın ki, ay ata, ay papa nə təhərsən, necəsən?
Anasını çiynindən qucaqladı.
– Hər şey yaxşı olacaq. Gedənəcən görüşərik. – Qapıya yönəldi.
– Necə! Gedirsən? Sənə sözüm vardı.
– Sonra mama, vacib işim var. Vay, saat on birdi, getməliyəm.
Pilləkəni qaça-qaça düşdü. Maşina minəndə başını yuxarı qaldırdı və eyvanda dayanıb onun dalınca baxan anasına əl elədi…
Bayaq maşını saxladığı yerdə əyləci basdı və o saat da qapının ağzında dayanıb, küçənin o başına-bu başına təlaşla baxan mamaçanı gördü, arvadın görkəmi, uzaqdan belə gözə çarpan təlaşı xoşuna gəlmədi. Nə olub görəsən, yoxsa… Yəqin qız arvadı yaxına buraxmır, dəlidir axı, vəhşi kimi bir şeydir. Hirslə qadına tərəf yeridi, yəni ki, gör gəlib indi nə oyun çıxardıram, ancaq qadına bir on beş-iyirmi addım qalmış çıxardığı tələsik nəticədən şübhələndi: arvadı yaxın qoymasaydı durub gedərdi də, daha bu arvad niyə küçəni ölçsün? Çox güman ki, onu axtarır. Özü də belə təlaşla, əlimyandıda. Ürəyi qırıldı: «Ola bilməz!» və bu hökmün ardınca beynindən belə bir fikir də keçdi: «Bəlkə getməyim?» Dayandı, ancaq gec idi, arvad görmüşdü onu və düz üstünə gəlirdi.
– Evim yıxıldı!
Bu sözlərin mənasını dərhal anladı və asfalta yapışmış kimi yerindən tərpənə bilmədi.
– Evim yıxıldı… – Arvad bu dəfə pıçıldadı və ayaqları sözünə baxmayan oğlanı dalınca çəkə-çəkə aparıb qapıdan içəri saldı, kiçik həyətdə ürəklənib, səsini qaldırdı:
– Allah evini yıxsın, evimi yıxdın!
O heç nə soruşmadan, kurtkasının qolundan tutub dartan qoca mamaçaya müqavimət göstərmədən gedirdi. Evə girən kimi arvad birdən ikiəlli yaxasından yapışıb gözlərini ağartdı:
– Bu saat götür apar, apar zibilini, yoxsa öldürrəm özümü, qanımı üstüvə tökərəm…
– Axı nə olub? – Axır ki, dili açıldı.
– Gəl içəri! – Qadın qəribə güclə dartıb onu qırmızı pərdəli otağa saldı və dəli kimi yüyürüb masanın üstünə uzadılmış qızın üstündən neçə yerdən qana batmış döşəkağını götürdü.
Oğlan qışqırıb, üzünü əlləri ilə örtdü və boğulan səslə soruşdu:
– Noolub ona?
Arvad əllərini başına, sinəsinə, dizlərinə çırpdı.
– Evim yıxıldı! – Birdən yenə də oğlanın üstünə atılıb yaxasından yapışdı. – Bu saat aparmasan, milisəyə zəng edəcəyəm, tutduracağam səni. Mən nə bilim. – Qadın quru-quru hönkürdü. – Mən nə bilim bunun ürəyi sapdan asılı imiş. Nə bilim… Demə iynəni vuran kimi ölüb, xəbərim yox. Mən də burdan eşələyirəm onu… Allah, allah, keç günahımdan, qurtar məni bu ütüdən. – Hələ də ağac kimi quruyub qalmış, əlini üzündən götürüb gözlərini açmağa cəsarət eləməyən oğlanı hədələdi. – Apar, apar, apar… – Həqiqətən ağladı və sözünü bitirə bilmədi.
– Bu saat! – Oğlan tərpəndi. – Bu saat! Ört onun üstünü! – səsi titrədi. Sirli-sirli pıçıldadı: – Bu saat gedib maşını verəcəm qapıya, sən də… sən də onu geyindir… – Dalı-dalı qapıya tərəf çəkildi… – Bu saat maşını verirəm qapıya.
– Tez ol, tez elə, yoxsa partdaram.
– Bu saat gəlirəm. – Pərdəli otaqdan çıxsa da oğlan təkrar elədi və qapıdan çıxıb küçə ilə maşina tərəf qaçdı. Motoru işə saldı, yavaş sürətlə dalı-dalı qapıya verdi. Maşının səsinə arvad, bir saat əvvəl qızla gəlib şüşəni tıqqıldadanda olduğu kimi pəncərəni araladı və batmış səslə dedi:
– Hazırdır, gəl içəri.
Pəncərə tarappıltı ilə örtüldü və oğlan birdən ayağını qaza basdı. Maşın irəli sıçrayıb dartıldı və sonra bircə göz qırpımında qarşıdakı döngəyə buruldu, qıjıltı sala-sala gözdən itdi…
…Qaçmaq, qaçmaq, baş götürüb bu küçədən itmək, bu şəhərdən uzaqlaşmaq… Tələsməli, sürəti artırmalı, dalınca qovan, hər döngədə qabağına çıxan kök, ağappaq, hamar ayaqları aşağı qan axan, ortası dərin çuxurlu şirmayı qarnı dikəlmiş meyitdən canını qurtarmalı! Partlayan ürəyinin döyüntüsü motorun səsini batırırdı. Sürəti nə qədər artırırdısa onu təqib edən qadın meyidindən azad ola bilmirdi. Arxası üstə yemək masasının üstünə düşüb qalmış, başı stoldan aşağı sallanmış, boş gözləri alnına dirənmiş, ayaqları dizlərinin qatlanacağından nikel halqalardan asılmış qız onunla birgə gedirdi, elə bil onun şəklini maşının ön şüşəsinə yapışdırmışdılar. Gözlərini doldurmuş yaş ona küçəni görməyə mane olurdu; başını sükanın üstünə qoyub ağlamaq, hönkürmək, nəsə qəribə, heybətli səslər çıxarmaq, ürəyini doldurmuş dəhşətdən, boğazını yırtan boğucu qorxudan azad olmaq istəyirdi, ancaq mümkün deyildi, onu təqib edən meyitdən azad olmaq üçün əksinə o sürəti artırmalı, qaçmalı və qaçmalı idi.

– Genə qaçırsan?
Diksinib qışqırdı. Yanında oturmuş qara paltarlı tanış qadını gördü. Qara əlcəkli, qara örpəkli qadının çuxura düşmüş qapqara gözlərindən qorxdu, birdən-birə yazıqlaşdı.
– Sən adamları çoxmu öldürüb qaçacaqsan? – qadının səsi qəzəbdən titrəyir, xırıldayırdı.
– Əl çəkin məndən! – Özünün də gözləmədiyi hökmlə qışqırdı. – Əl çəkin! Bu saat vurram maşını divara, eşidirsiniz, çırparam divara maşını!
– Bilirəm, sən qocaları və qadınları öldürməyə ustasan, uşaqları isə elə bətndəcə doğrayırsan.
Oğlan dəhşətlə qışqırdı və maşın doğrudan da divarı yalayıb keçdi.
– Uşaq nədir, mən uşaq vurmamışam.
– Bəs o biçarənin qarnındakı uşaq deyildi? – Qadın nifrətlə baxdı ona. – Öz balasına əl qaldıran adam bütün qatillərdən qorxuludur. Sən necə yaşayırsan? Sən necə nəfəs alırsan? O meydanın məğlubiyyətində də sənin barmağın var, birbaşa təqsirkarsan!
Bu yerdə, bu ittihamdan o həqiqətən qəzəbləndi və ürəyindən keçdi ki, sağ əlinin arxası ilə qadını vurub susdursun, qapını açıb onu sürətlə uçan maşından bayıra itələsin, cəzasını alsın bu azğın qadın, ancaq maraq üstün gəldi. Meydan hara, o hara, bəlkə nəsə çatıb bu qara qarğanın qulağına, bəlkə məni də satqın biliblər.
– Kim deyib sizə ki, mən satqınam?
– Heç kim, mən özüm bilirəm. Sən, sənin kimi biqeyrətlər, küncə-bucağa çəkilib tıxanlar, gödən üçün yaşayanlar, istehlak eləyənlər, biganələr, millətsizlər, əsilsiz-köksüzlər olmasaydı, meydan təklənməzdi, ona batmaq olmazdı, millətin birliyinə paz vurub onu parçalayanlar, zəif salanlar sizsiniz! Millətsizlər! İstehlakçılar! Potrebiteli!
Yenə də ürəyindən keçdi ki, qadını əlinin arxası ilə vurub maşından yerə atsın, asfaltın üstünə, sürüsün onu yüz iyirmi sürətlə…
– Kişiliyin çatmaz, heç hıqqanma! Sən birbaşa adam öldürən, adamvuran deyilsən, səndə o ürək yoxdur. Sür maşını ora!
Oğlan qorxdu.
– Hara?
– Meyiti qoyub gəldiyin yerə. Dəli dərdinə saldığın o arvadın evinə.
– Yox!!! – oğlan qışqırdı. – Getmərəm ora!
– Sürəcəksən ora, meyiti götürüb gedəcəyik maşınla vurub öldürdüyün…
Maşının qabağına çıxan qocanı qəfil gördü. Alnından qanı üzüaşağı süzülən qoca sakitcə dayanıb elə bil yüz iyirmi ilə gələn maşının onu vurmasını gözləyirdi. Oğlan maşınla qoca arasındakı məsafənin sürətlə azaldığını görüb qışqırdı, sükan çıxdı əlindən və maşın qocanın üstündən keçib səssiz zərbə ilə qarşı divara çırpıldı…

Axşam düşmüşdü, pəncərədən rəngi qaralmağa doğru gedən hava açıq bənövşəyi rəngdə idi. Saata baxdı, altının yarısını göstərirdi. Dörd saat yatmışdı, daha doğrusu, səksəkəli, yarıyuxu, yarıhəqiqət bir vəziyyətdə bir-birinin ardınca dörd saat yuxulamışdı, ona görə də başı daş kimi ağırdı, meyiti özgə evində atıb qaçdığı vaxtı hiss etmədən ötürmək üçün yatmağa çalışmışdı, yəni bir üç-dörd saatdan sonra mamaça qadın nəsə tədbir görməli idi. Oturub əlində ölmüş adamın qarovulunu çəkməyəcəkdi ki, gəlib tutub aparsınlar, desinlər, adamı öldürüb, oturub baxırsan. Və birdən yerini-yurdunu, adını-familiyasını, adamını tanımadığı meyitin əlində aciz qalmış qadının vəziyyətini təsəvvür elədi. Üzündən qəribə bir təbəssüm keçdi. Və ən qəribəsi bu idi ki, həmin təbəssümdən qadının nələr çəkdiyini, onun çox yaxşı bildiyi məlum oldu. Dikəlib üzbəüz güzgüyə baxdı. Alatoran gəlmiş otaqda sifətini aydın görmədi, elə bil sifətinin yerinə güzgüyə boz ləkə düşmüşdü. Arxadan qapını cırmaqladılar və elə bil kimsə qapıdan sürüşüb düşdü və yavaşca döşəməyə yıxıldı. Qorxdu, sövq-təbii yerinə uzandı və yalnız uşaq səsi eşidəndə nəfəsini buraxdı. Yenə də qapı tərpəndi və açıldı. Qızı güclə yeridi içəri, elə gəlirdi ki, deyirsən bu saat şappıltı ilə dəyəcəkdi yerə. İkicə gün idi uşaq ayağa qalxıb yeriyirdi və bu münasibətlə qaynanası qonaqlıq düzəltmişdi evində, ən yaxın dostları çağırmışdı. Və həmin qonaqlıq axşamı o elə nədən danışırdısa danışsın, abort üçün həkimi səbrsizliklə, daha doğrusu, qorxu ilə gözləyən qızı, onun bir balaca dikəlmiş qarnını xatırlayırdı, istəməsə də düşünürdü ki, orda, o qızın bətnində onun ikinci övladı uyuyur, saatbasaat böyüyür və heç xəbəri yoxdur ki, bir neçə gündən sonra, qəfildən onu zorla qoparıb çıxaracaqlar, yaranmaqda olan həyatını əzib-əzişdirəcəklər. O bu haqda az qalırdı durub qonaqlara desin, ürəyini açsın, elə bil şeytan qıdıqlayır, yoldan çıxarırdı onu. Bir neçə qədəhdən sonra isə bu arzu daha güclü, az qala qarşısıalınmaz oldu. Və birdən yadına düşdü ki, o biri qız da nəsə axırıncı dəfə ilişdiyindən, arzusuna çatdığından deyirdi. Və bu yerdə onu gülmək tutdu. Əvvəl gülməyini elə doğulduğu andaca boğmaq, yox etmək istədi, ancaq bir şey alınmadı və gülüş ağzını yummuş əlinin altından, barmaqlarının arasından pırtlayıb çıxdı. Hamının diqqətini cəlb etdiyini, hamının əl saxlayıb ona baxdığını gördü, əlini ağzından çəkib gülüşünü azad buraxdı.
Qaynatası təəccüblə baxdı ona, məclis əhli də əl saxlayıb getdikcə daha bərk gülən, qəhqəhəsi genişlənən kürəkənə baxdı. Qaynanası əhvali-ruhiyyəni yumşaltmaq üçün zarafatla:
– Fikir verməyin, onun bir belə gic gülməyi var. – dedi və pıçıltı ilə əlavə elədi: – Yeməyi artıq düşəndə…
Qaynana oğlana yaxın oturduğundan və iradının ikinci hissəsini yavaşdan dediyindən yalnız oğlan eşitdi və o da əvəzində pıçıldadı:
– Onda siz razı qalmadınız?
Qaynana qıpqırmızı oldu və tələsik nəyinsə dalınca mətbəxə getdi. Arvadı azərbaycanca gedən mükaliməni o saat başa düşmədi, ancaq ərinin göynən getdiyini görüb ona təpindi:
– Perestan!
O, arvadına heç nə deməyib, əlini yellətdi və yeməyə girişdi…
– Gəl, gəl, idi k pape…
Uşaq altdan-üstdən qoşa dişli qəşəng ağzını geniş açıb atasına doğru yeridi, o əyilib körpəni yerdən götürdü və arxası qatda uzanıb onu yuxarı qaldırdı, uşaq hıçqıra-hıçqıra güldü və onun ağzından su axıb, düz atasının alnına düşdü. Üzünü körpənin açılmış qarnına sürtdü.
Arvadı içəri girdi və gülə-gülə uşağa tərəf gəldi.
– Ax bicişka, a ya işu yeyo. – Qızı oğlanın üstündən hop götürdü. – Seyças ya nakormlyu tebya, bilir ona yemək verəndə, tut je qaçır. – Və çıxa-çıxa sözgəlişi oğlana dedi: – Sən nöşün yatmısan, vstavay. Skoro v qosti idem.
– Hara, nə qonaq?
– Bilmirəm, mamagil aparacaqlar…
Heç səbəbini də bilmədən «Mən getməyəcəm» dedi. Qızın əhvalı dərhal dəyişdi, sifətinə qızartı gəldi.
– Necə yəni qetmiyəcəm?
– Necəsi yoxdur ki, getməyəcəm, vəssalam!
Qız daha heç nə deməyib uşaqla çıxdı. Bir azdan onun səsi eşidildi:
– Alo, mama, kaqda padyedeş? Xaraşo, adevayus. Net, on ne poydyot, ne xoçet. Niçevo straşnovo. Qoy nə istəyirlər bilsinlər. Ladno, yaxçı…

Hava qaralmışdı. Həmişə həyətdə, açıq havada saxladığı maşınının yanından keçdi və evin dövrələdiyi həyətdən çıxdı. Maşınsız gəzmək, harasa piyada getmək ona qəribə gəldi, guya ayaqyalın gəzirdi. Vaxt da uzanırdı, sürətdən düşmüş maşın kimi idi. Hər yeri yaxın eləyən, uzaq məsafələri qısaldan təkərlərin qədrini bilmək üçün şəhərə piyada çıxmaq lazımmış. Həmişə piyada gedən, avtobusların basabaslarında əzilən, qapılardan sallanan adamlara, xüsusilə kişilərə həqarətlə baxırdı, maşını olmayan kişi, oğlan, tay-tuş onun üçün nəsə tam adam, tam insan deyildi. Hər halda maşınsız adam gözündən tez düşürdü. Avtobusun dal şüşəsinə sıxılmağa məcbur olmuş sərnişinləri, öz maşınından görəndə onlara yazığı gəlirdi, şükür eləyirdi ki, nə yaxşı ona portfel, diplomat, bazar zənbili daşımaq qismət olmayıb. Onun zənbili maşının baqajı, oradakı bir-iki torba idi. Dolu zənbillə avtobusdan, trolleybusdan düşüb, bir əlli-yüz addım ləhləyə-ləhləyə getmək, özünü evə yetirmək həyat deyil, yaşamaq deyil, iynə ilə gor qazmaqdır.
Əl eləyib bir taksi saxlatdırdı. Getmək istədiyi yerin ünvanını dedi.
Bilirdi ki, bu gün mütləq o yerə qayıdacaqdı, tutduğu işin nə qədər təhlükəli olduğunu, ağılsızlığını bilsə də getməliydi, bu istək onun özündən asılı deyildi, onu qəribə qüvvə idarə eləyrdi və bu saat özünü bu qüvvənin ixtiyarına buraxmışdı. Maşını qapının ağzından sürdürüb keçmək istəyirdi. Öz gözləri ilə səhər-səhər sağ-salamat gətirdiyi adamın qəfil öldüyü yeri uzaqdan da olsa, görmək istəyirdi, həm də bilmək istəyirdi ki, görsün nə var, nə yox, necə oldu?
Maşın dönüb lazım olan küçəyə çıxdı və xeyli aralıdan oğlan gördü ki, bir dəstə adam yığışıb köhnə, dar küçəyə. Gözü təcili yardım maşınını dərhal aldı.
– Saxla burda.
Maşından düşüb adam topasına yaxınlaşdı və indicə milis maşınını gördü. «Bu vaxtacan arvad gözləyib». Qorxu elə bil sinəsindən basıb geri itələdi, ancaq onu bura çəkən hiss daha güclü idi. Guya elə burdan keçən təsadüfi adam kimi həyəcanlı, bir-birinin sözünü kəsən, nağıl eləyən adamların yanından ötmək istədi.
– Çıxardırlar, çıxardırlar…
– Allah sən saxla…
Ayaqları qurudu. Yəqin bu saat… Dayandı, qarşıdakı adamlardan biri dönüb ona baxdı və dedi:
– Bədbəxtin heç kəsi yoxdur ey, nə yeri bilinir, nə yurdu.
– Nə olub, niyə yığışıb bu camaat?
– Kimsə gətirib qızı aborta, yazıq ölüb. Özü də qaçıb, çıxıb aradan.
– Kim, həkim?
– Həkim niyə? Ölənin adamuşkası.
Yoldan ötən başını tərpətdi və maraqla:
– Hə, hə… Allah, allah… nə qansız adamdı ə… Bə həkim hanı, tutublar?
– Əşi həkim yazıq…
– Yazıq ilan vursun onu – Məhlə qadınlarından biri kişinin sözünü kəsdi. – Öldürüb xalxın qızını, özü də altı saatdır.
– Nə bilsin ey öləcək əlində, yazıq dəli olub, yaşamaz o.
– Çıxardırlar, geri durun.
Camaat geri çəkilib yol vermək əvəzinə qabağa, alçaq qapıya tərəf irəlilədi. Kiminsə cır səsi eşidildi:
– Geriyə, geriyə çəkilin! Alə, eşitmirsiz, dedim axı…
Camaat aralandı, yol açıldı. Özünü adamların içində gizlətməyə çalışdı, ancaq nə qədər gizlənmək istəyirdisə bir elə də qabağa düşürdü. İki ağ xalatlı kişinin çətinliklə dar qapıdan keçirdiyi xərəkdə üçtü ağ mələfə ilə örtülü meyiti çıxartdılar. Nazik mələfədə qızın bədəninin şəkli alınmışdı və bunu görəndə boğazı göynədi, gözləri qəribə sürətlə doldu və bircə anlığa özünü gizlətmək istəyi, mamaçanın onu görə biləcəyi təhlükəsi yadından çıxdı. Elə bil xərəyə uzadılmış meyitin üstündən mələfəni götürdülər, qızı axırıncı dəfə ölümün onu eybəcər, qorxulu hala saldığı şəkildə yenidən gördü, bədəni titrədi, dişləri bir-birinə dəydi və bu vəziyyətin axırının necə olacağı məlum deyildi ki, nalə səsi eşidildi. Bu səs ona tanış idi:
– Evin yıxılsın evimi yıxan! Belin qırılsın belimi qıran, balan ölsün balamı yetim qoyan!
Ağlı birdən qayıtdı üstünə, bu qarğış onun soyuqqanlığını qaytardı özünə. Dalı-dalı geri çəkildi və tamaşadan yorulmuş bu qədər adamın biri kimi yoluna düzəlib uzaqlaşmağa və uzaqlaşdıqca da sürətini artırmağa çalışdı. Ölümə çarə yoxdur, əcəli burda tamam imiş, qismət bu imiş. Kimin ağlına gələrdi ki, kiçicik bir mazağın, flirtin axırı belə qurtaracaq. Heç kəs bilə bilməzdi. Taleyin yazdığını pozmaq olmazmış… Qəribə idi, təəccüblü idi… Bu qart fikirlər hardan gəlirdi başına, yəqin doğrudan da ölüm adamı dinə gətirir, ölüm adamın bu dünya ilə əlaqəsini kəsəndə başqa dünyanı xəyalında canlandırır, insanı yeni, haqqında eşidib görmədiyi dünyaya hazırlayır? Axirətin varlığını bəlkə ölüm özü bildirir. Bəlkə bu ona görədir ki, insan birdəfəlik yox olmasına inanmasın, bəlkə elə bu axirət dünyasına güclü inamın özüdür ölməzlik. Əgər sən gözlərini dünya işığına əbədi yumanda ikinci, daha kamil, daha gözəl dünyanın varlığına son nəfəsədək inanırsansa, deməli, ölmürsən, həyatla haqq-hesabı çürütmürsən, axı ölüm yalnız ölənəcən qorxuludur, dəhşətlidir.
Qəribədir, çox qəribədir ki, onun ağlından möhkəm səfi, düzülüşü, ardıcıllığı və axıradək məntiqi olmayan fikirlər keçirdi. Heç bir ölüm onu bu qədər məşğul eləməmişdi. Bu bədbəxt qızın qəfil, faciəli ölümü gözlənilməz zərbə kimi idi. Bir ara istəmişdi onun ölümünü, hətta bir dəfə ağlına gəlmişdi ki, kaş ataydı özünü pəncərədən, ancaq bu qeyzli dəqiqələrində, qəzəbli anlarında olmuşdu və əlbəttə o fikirlərin ciddiliyinə inanmamışdı. Hələ onu bu gün aborta gətirəndə də bu naxoş, xəstə fikirmi, gizli arzumu gəlmişdi ürəyinə, yəni abort vaxtı ölsə, görəsən nə olar, nə edər, hara aparar onun meyitini? Qızın kirədə qaldığı erməninin evinəmi, bəlkə öz evinə (suma mojno sayti!), bəs hara, kimə desin ki, mənim heç kəsin tanımadığı aşnamdır, lyubovnitsamdır, xərc elətdirmək istədiyi uşaq da məndəndi? Bəs sonrası, bəyanat verməyə nə var, gərək onun dalında durmağı bacarasan, izahatın, güclü arqumentlərin ola ki, özünü təmizə çıxara biləsən. Bəs nə edərdi o? Meyiti həkimin evində qoya bilməzdi ki (niyə?), tez qovdu özündən qəribə, qorxulu fikirləri ki, niyə ölür, bir abort nədir ki, ondan belə sağlam qadın ölə, heç vaxt canından da şikayət etməyib, bəs birdən, lap elə tutaq ki… olur də, birdən öldü. Yox, təsəvvür etmək çətindir, o qədər çıxılmaz vəziyyətdir ki, adam heç bir qram da inanmaq istəmir və özünü danlayır ki, nə sarsaq fikirdir gəlir ağlıma və tələsik bu fikri qovmaq istəyir, ancaq alınmır. Sən ondan qaçıb uzaqlaşmaq istəyirsən, o daha bərk yapışır yaxandan, elə bil qucağında oturur, qoynuna girir. Sırtıq uşaq kimi üzünə hırıldayır, danladıqca şitənir, dişlərini ağardıb, hələ desən, ağzını da əyir. Yox də, bir də gördün öldü, azmı olur, quymaq da diş sındırır. Yenə də başladı uzatmağa, cavabdan qaçmaq üçün bir-birinin dalınca məzmunu eyni olan şəkilləri, müxtəlif sualları düzəcək bir-birinin dalınca. Birdən öldü? Maşina qoyub gəzdirəcək, sonra da xəlvəti yerlərin birinə atıb qaçacaq, qocanı maşınla xurdxəşil eləyib tək-tənha yolun ümidinə qoyub maşının sürətini artıran kimi? Sən elə ömrün boyu qıra-qıra gedəcəksən, sənin bir ömrünün var olması üçün hələ neçə ömür qurban verilməlidir ki, doydum deyəsən? İlk baxışda orkestrin törətdiyi qarışıq səslər içərisindən əvvəl zəif, sonra getdikcə güc yığan, formalaşan əsas melodiya özünə yol açdığı kimi, cavab da birdən deyil, yavaş-yavaş, torpağı yeyib-yeyib qaynayan çeşmə kimi gəldi: həkimin yanında qalar! Necə?
Nə danışır bu, o arvadın günahı nədir ki, onu bu cür görünməmiş bəlanın əlində qoyub gedəsən, öz canını qurtarıb, özgəsini oda salasan, axı o camaatı zorla, güclə aborta çəkmir, əksinə, tanışlıqla, min cür minnət-sünnətlə qəbul eləyir, məsələn bu həkimə düçar olmaq üçün azı beş nəfər bir-birinə tapşırıb, axırda da arvada axırıncı bu xahişi kim yetirmişdi, heç məlum deyildi. Hətta qız dedi ki, simicin birisən, birdən pula görə o yazıq oveçkanı qoyub qaçarsan ha… Arvad buraxmaz yaxasını, pulu qəpiyinəcən almasa evdən buraxmaz. Həm də adamsatandır, babatdırsa, oveçkanı əlindən alıb sata bilər, yaman arvaddır. «Sarsaqlama» demişdi qıza və onu sancmaq üçün əlavə eləyib demişdi ki, ağlın özünə getməsin. «Ey-ey ehtiyatlı ol» qız gülüşünü güclə boğa-boğa demişdi: Bir həftədir ki, sənin oğlunun, ya da qızının anasıyam, bəlkə də hər ikisinin birdən, əkiz də ola bilər, özün də o gün elə canfəşanlıqla işləyirdin, na vısate bıl, əla uşaq olmalıdır, o hansı şairdir, Şekspirdi, Şillerdi, deyir ki, bic doğulan uşaqlar daha ağıllı, istedadlı olurlar, çünki onlar əsl ehtirasdan doğulanlardır. Şto skajeş?
– Skaju şto breşeş…
– To yest?
– Sarsaqlayırsan.
Qız qəhqəhə çəkib gülmüşdü və gülüşü səngiyəndə demişdi ki, verdiyin söz yadından çıxmasın…
Boş-boşuna dolaşdı şəhəri, avara-avara gəzdi, maşın girməyən kuçələrdə oldu, şəhər də qəribə idi, adamlar da, hamı səkilərdə rahat, asudə yeriyirdi, bir o idi camaata toxuna-toxuna, sürtülə-sürtülə keçən və camaat da ona narazı-narazı baxırdı və yəqin ki, yaxşı geyiminə-keciminə, yaraşığına görə heç nə demir, irad tutmurdular. Özünü adamların gur yerinə verməyə çalışırdı. Xoş payız havasına oxşayan günəşli qış günü idi. Həm də camaatın işdən sonra mağazalara baş çəkən vaxtı idi, hamı da tələsirdi. Hiss olunurdu ki, adamları ev çəkir, rahatlanıb bir qədər asudə olmaq arzusu evə tələsdirir. Deyəsən bir o tələsmirdi evə, bəzəkli-düzəkli, hər bir rahatlığı olan mənzili, gözəl arvadı, hətta gül parçası kimi qızı da çəkmirdi onu. Sinəsi qubar bağlamış, ürəyi daşa dönmüşdü; boşalmağın, yüngülləşməyin bircə yolu vardı. Ürəyini açsın kiməsə, içində gəzdirdiyi ağır sirrini açsın onu tanıyan bir adama, elə bir adama ki, ona təskinlik verə bilsin, ona günahkar olmadığını sübut eləyə bilsin, ağlı başında olan hər bir kişinin məhz onun kimi hərəkət edəcəyinə inandırsın. Yalnız bu onun daxili rahatlığını təmin edə bilərdi. Kimə desin, kimi var? Atasının işi-gücü QAİ-dəkilərlə mübarizədir, haqq-nahaq pul qopartmaqdır. Anası yəqin ki, dəli olardı və yaxud da əxlaqdan, vicdandan moizə oxuyardı. Buna isə onun qətiyyən ehtiyacı yoxdu. Bəs kimə, kimə boşaltsın ürəyini? Heç kimə, heç kimə… Birdən gördü ki, gəlib çıxıb mərkəzi univermağa, ora-bura dürtülən, soxulan, bir-birinə çəmkirən, bir-birini itələyən adamların içində dolaşır. Bölmələr, şöbələr arasında gəzən, vurnuxan bu xırda adamların ona qətiyyən dəxli yox idi. Əslində adi vaxtında da dörd-beş mərtəbəli bu nataraz mağazadan nə özünə, nə evinə, nə də ailəsinə uyğun bir şey tapa bilməzdi ki, alsın. Bütün bu mallar, əcayib geyimlər, daş dövründən qalma məişət avadanlıqları qara camaat üçündü. Darıxdı, burdan çıxmağa tələsdi. Aman!
Birdən gördü onu! Olub keçmiş dəhşətli hadisə birdən keçdi gözlərinin qabağından və indicə qanlı üz-gözünə xırda çınqıl-qum yapışmış qocanı elə bil gətirib göz önündə qoydular, amma yox, həmin qoca olsa da üz-gözü tərtəmiz idi; iki dərin qırış kəsmiş dişsiz, boş ovurdları, bir həftəlik ağ tükdən nurlu görünən sifəti də həmin sifət idi, qocalıqdan ucu xeyli sivriləşmiş dəhrə burun, boz, işıqlı gözlər onun idi. Sevindiyindən yanaqlarından göz yaşının sel-su kimi axdığından xəbəri olmadı, o heç kəsi vecinə almayıb (bu vaxt heç kəsi düşünmürdü də) qocanın üstünə yüyürdü, sarılıb boynunu qucaqladı.
– Sən sağsan? Sən sağsan? – deyə-deyə çaşıb devikmiş qocanın arıq, sümükləri çıxmış çiynini-kürəyini əlləyib yoxlayırdı ki, görsün, həqiqətdəmi maşınla vurub əzdiyi, xurd-xəşil elədiyi, sonra da ölümün əlində, dilində yalvarış qoyub qaçdığı qocadır. Əllərinə-gözlərinə inanmayıb o hey təkrar eləyirdi.
– Bu sənsən? Sən ölməmisən?
Qoca onun əlindən dartınıb çıxmaq istəyirdi bir əvvəl, sonra bu qəribə, dəli sevinc qarşısında deyəsən şaşırdı, elə bil özünü bu gözəl, nazik-uzun, geyimli-kecimli şəhərli oğlanın yerinə qoydu və onun qolları arasından çıxmağa elə də cəhd göstərmədən dedi:
– Mənəm, bala, gördüyün kimi mənəm, ölməmişəm.
– Nə yaxşı! – Oğlan bu dəfə hönkürdü və bilindi ki, bu hönkürtü əslində ağlayan adamın qəfil gülüşü idi.
– Gəl çıxaq burdan, oğlum, çıxaq danışaq. Başıma gələnləri nağıl eləyim, indi camaat tamaşaya yığılıb bizə baxır. Çıxaq…
Oğlan elə bil birdən özünə gəldi. Ətrafa toplaşmış adamlara baxdı, bütün univermaq onları dövrəyə almışdı. Tamaşaçılardan bir qismi artıq əmin idi ki, bu qoca oğlanın çoxdan görmədiyi, ölmüş bildiyi babasıdır, bir qisim tamaşaçı isə iddia edirdi ki, xeyr, qoca Stalin repressiyasından sonra itkin düşüb indi qayıdıb gəlib. Bir kişi də dedi ki, artıq söz lazım deyil, «Dalğa» verlişində göstərəcəklər, hər şeyi yerli-yataqlı biləcəksiniz.
Oğlan camaatı görsə də, eşitsə də nə sevincini gizlətdi, nə də utandı. – Qocanın qoluna girib dördüncü mərtəbədən yavaş-yavaş aşağı düşürdü. Düşə-düşə də hey o qəzadan danışırdı.
– Əgər bilsəydim ki, ölməmisiniz, heç qoyub gedərdim? Elə bildim… Dedim nə mənası, gedim girim… – Kişinin qəfil soyuq baxışını görüb sözünü dəyişdi. – Yox, tutaq ki… – Demədi sözünün dalını və hiss elədi ki, içərisini bayaq qəfildən doldurub onu sərxoş etmiş sevinci uçub gedir və onun yerini peşmançılıq tutur. «O nə idi?» öz-özünə dedi. «Hissini içində saxlaya bilmirsən? Konsert verirsən?»
Küçəyə çıxanda kişiyə nə deyəcəyini, ondan necə ayrılacağını bilmirdi. Kişinin yandan sifətinə və nazik yalın boynuna baxıb fikirləşdi: «Canı möhkəm imiş». Ancaq hiss eləyirdi ki, içində qəribə bir rahatlıq əmələ gəlib, demə qocanın ölümü onu qurd kimi aram-aram, xımır-xımır yeyirmiş. Küçəyə çıxdılar, qürub edən axşam günəşinin çəpinə şüaları rastına düşən binaları öz işığı ilə kəsirdi. Qocanın alnı və onunla birgə boz gözləri də narıncı işığa düşmüşdü. O bu gözlərdə heç vaxt başa düşə bilməyəcəyi, qəribə bir ifadə gördü; onun mənasını sinirə bilməsə də fikirləşdi ki, bu arıq, tazı, kəççi qocadakı gözlərə bax, baxışındakı fasona bax. Qoca elə bil onun təəccübünü gördü.
– Mən sən deyən qoja deyiləm, bala. Mən elə qoja deyiləm ki, sən məni öldürə biləsən…
Oğlanın rəngi ağardı və o qeyzlə dedi:
– Bəs indicə demədin ki…
– Yazığım gəldi saa, bir heylə maxluğun içində verdiyin qansertə hayıfım gəldi.
– Sən Xaçmaz yolunda…
– Dedim yox, oğul, mən sən deyən deyiləm, onu ayrı yerdə axtar. – Qoca çönüb getmək istədi, nə fikirləşdisə ayaq saxladı və əlavə elədi: – Belə günah altda dövran sürmək hasand başa gəlməz, bala…
Necə keçdi bu bir həftə? Necə yaşadı qızın qəfil, gözlənilməz ölümünü? Heç vaxt inana bilməzdi ki, əslində başqasının (həkimi nəzərdə tuturdu) bais olduğu bu ölüm onun belə çətin anlar, məqamlar yaşamağına, belə gərgin günlər keçirməyinə səbəb ola bilərmiş, hətta onu xariclə, başqa bir diyarla ayıran bircə həftə bu qədər ləng, tənbəl bir gərginliklə əriyəcək, bu şəhərdən, onu əzib-tökən son hadisədən çıxmaq, ayrılmaq belə əzabla qurtaracaqmış. Hara, nəyə baxırdısa stol üzərində arxası qatda uzanılı qalmış meyiti görürdü, bu meyit onu gecələr yuxularında, gündüzlər söhbətlərində, arvadı ilə yaxın münasibətdə olarkən izləyirdi. Qocanın yerini qız tutmuşdu. Onunla son görüşlərini, daha doğrusu hirsli söhbətlərini, ona çəmkirməsini xatırlayır, qızın peşman, qorxan, eyni zamanda əlacsızlıqdan acizləşən vücudunu bütövcə görürdü. Sıxılmış, balacalaşmış, əlləri ilə qarnını gizlətməyə çalışan, bətnindəkini müdafiə etmək istəyən və bütün görkəmindən bədbəxtlik ayrılan qızın «Allah, məni öldür» deyən səsini eşidir və bu səsdən iyrəndiyi halda, onu bir daha eşitmək üçün bir növ içəridən özünü buna hazırlayırdı.
– Axır ki, tapdım səni. – Qızın kinayəli səsini eşitdi. – Nə görükürsən, nə telefona yaxınlaşırsan. Guya evində yaşamırsan. Arvadının əlindən macal olmur bəlkə?
– Nə istəyirsən? – Hövsələsizliklə soruşdu.
– Biz səni görmək istəyirik.
– Mən qruppavoy işə qoşulmuram.
– Bilirəm, sən pusquya yatıb, qarımış, ya da qarımağa başlayan qızları gözaltı eləyirsən, sonra da həmləyə keçirsən. Bilirsən ki, ərə getmək vaxtı keçmiş qızın müqavimətini qırıb məqsədə çatmaq asan olur. Heç bir təhlükə-zad da gəlmir elələrindən. Amma sən yanılırsan.
– İndi nə deyirsən, məni əxlaqsız adam kimi məhkəməyə verəcəksən?
– Yox, yox, nə danışırsan, sən indi mənim təkcə kliyentim yox, həm də gələcək oğlumun atasısan. Niyə səksənirsən, yoxsa şərtimiz, verdiyin söz yadından çıxıb?
Özünü ələ almağa çalışdı ki, əsəbiləşib qızı acılamasın, getməyə, bu lənətə gəlmiş şəhərlə xudahafizləşməyə qalmış üç-dörd günü birtəhər başa vursun, heç bir fəsada yer qalmasın. İndi xəttin o biri başından onunla hədəyə oxşayan eyhamla danışan, üzü üzlər görmüş bu şortu o bədbəxtin tayı deyil, bunu ovuca yığıb sıxmaq elə də asan başa gəlməz. Bunu ram etmək üçün tədbir və hiylə lazımdır.
– Mən sözü lax çıxan oğlan deyiləm. – Guya güldü. – Ağlın o impotentə getməsin.
– Kişi oğlanlara can qurbandır, ancaq incimişəm səndən.
– Niyə, pis eləmişəm?
– Nə bilim, yadımda qalıb ki? Gör haçan olub. Gəl dəy də bizə. Yoxsa hamilə qadınlardan iyrənirsən? Kstati, nə oldu sənin oveçkan?
Gözlərinə qaranlıq çökdü; hörülmüş pəncərələrinə sumağı pərdələr tutulmuş kiçik otaq düşdü yadına. Başı stoldan aşağı sallanmış, gözləri dirənmiş meyiti gördü. İçindən qəribə bir göynərti keçdi, gözləri isti yaşla doldu.
– Nə oldu, eşitmirsən? Deyirəm o oveçkanın abortu necə keçdi?
O, «yaxşı» sözünü zülmlə sıxıb çıxartdı.
– Bez aslojneniy?
– Bilmirəm! – O acıqla dedi. – Başım ağrıyır, sözünü de, ne kruti.
– Ladno! Şənbə günü apar məni bir yerə.
– Bara?
– Bar nədir? Mənə alkoqol olmaz. Həmişəki sakit yerə apar, səni görmək, doyunca öpmək istəyirəm.
– Şənbə günü gələ bilmərəm.
– Niyə?
Deyə bilmədi ki, şənbə günü yola düşürəm.
– İşim var, vacib işdir.
– Bəs bazar günü?
– Yox, beşinci gün axşam yaxşıdır. Həmin gün boşam.
– Eybi yox, qoy olsun, beşinci gün. Necə deyərlər, bəy verən atın dişinə baxmazlar.
Evdən çıxanda arvadının şübhəli baxışları arxasınca süründü, bildi ki, axşama yaxın bu qəfil gedişi tək arvadını yox, belə işlərdə xüsusi fəhmi olan qaynanasını da şübhəyə salacaq, ancaq bunun əhəmiyyəti yox idi bu dəm, qaynanasının şübhəsi, atmacalı sözü də onun vecinə deyildi, bilirdi ki, bərkə çəkən deyil, kişi şıltaqlığına təbii şey kimi baxırdı və onu faciəyə, müsibətə çevirməyi xoşlamırdı, qızına da həmişə bunu təlqin etməyə çalışırdı, ancaq onun bu sahədəki səyləri boşa çıxır, səmərə vermirdi, əksinə qızının ürəyinə daha ağır şübhələr çökürdü və o anasının gözlərinin içinə baxıb yalvaran səslə deyirdi:
– Tı navernoe şto-to znayeş.
– Bayaqdan bir quranlıq söz deyirəm, öyüd verirəm, sən elə tutduğunu buraxmırsan. Duroçka, yesli xoçeş ştobı on ne otoşel ot tebya ni na şaq, podnimi u nevo revnost, pust on dumaet şto u tebya kto-to yest.
– Mama, tı s uma soşla!
Anası kinayəsini gizlədə bilmədi:
– Fil qulağında yatmısan.
– Şto? Şto tı skazala? – Qız başa düşmədiyi ifadədən pərt oldu. – Pri çem slon, kak eto ya splyu, qde tı skazala splyu? Şto eto znaçit?
Arvadı dərhal soruşdu ki, hara gedirsən, «mı je zavtra uezjaem». Qaynana artıq söz-söhbət olmasın deyə, araya girməyi lazım bildi:
– Qoy getsin, şəhərlə xudahafizləşsin, bəlkə dost-tanışdan kiməsə «çao» deyəcək.
– Kakie «dost-tanış», mama?
– Nu xvatit! – Anası çox kəskin dedi və qapını kürəkənin dalınca bağlayan kimi hirslə qızına baxdı. – Nədi, tumanıva bağlayacaqsan? İxtiyarı yoxdur küçəyə çıxsın? Qde tvoya qordost?
– Da pri çem tut qordost? – Sonra elə bil öz-özünə danışdı. – Zaçem on mne ne skazal kuda idyot? Zaçem?
– Uspokoysya, bütöv üç ili yanından bir addım da aralanmayacaq. Orda bizim sovet kişiləri nümunəvi ər olurlar. Druqovo vıxoda net. Tak şto yeşşyo uspeete nadoyedat druq druqu…

Maşını mamaçanın küçəsindən sürdü və evin yanından keçəndə yola açılan pəncərənin qapılarının örtülü olduğunu gördü, deməli, zavallı arvad həbsdə idi. Bunu çox sakit fikirləşdi və onu da fikirləşdi ki, səhər-axşam yəqin ki, o qadının qarğışları, lənətləri altındadır. Heç vecinə də almadı, səhər yola düşüb bu şəhərdən getməyini, elə bil bu dünyadan həmişəlik köçüb getmək bilirdi, guya bura ilə birdəfəlik üzülüşəndə burdakı müsibətləri də qoyub gedirdi. Sumağı məxmər pərdəli evdəki stol üstündə canını əzrayıla təslim etmiş qızın, heç gözləmədiyi, bilmədiyi halda həbsxanaya düşmüş yaşlı mamaçanın da ona deyil, tamam özgə bir adama, az tanış olan adama dəxli var idi. Bütün bunlar ona aid deyildi.
Şüşələri qara işıqsız pəncərənin yanından keçəndə maşının sürətini azaltdı. Soyuq külək əsdiyindən küçə bomboş, adamsız idi, elə bu vaxt yaxşı tanıdığı qapıdan bir kişi çıxdı və yerlə sürünən maşını görüb ayaq saxladı və şübhəli-şübhəli soruşdu:
– Kim lazımdır?
– Heç kim! – Dedi və sürəti qəfil artırdı. Maşın irəli şığıdı.
– Dayan, alə! Dayan, əclaf! – Hədə dolu bu səs onu sümüklərinəcən üşütdü və geriyə baxmadan maşını sürətlə irəli qovdu. – Yəqin nömrəmi yazdı, yaman şübhəli baxdı, elə bil bu saat deyəcəkdi ki, «niyə zibilini özgəsinin boynuna yıxdın?» Bu sual onun öz sualı idi və qızın ölümündən sonra çox düşündürmüşdü onu və hər dəfə də qeyzlənib özünə deyirdi ki, «Mənə niyə lazım olmalı idi, mən öldürmüşdüm? Mən niyə onun ölümünü istəməliydim, lap elə belə götürsək havayı ləzzət çəkirdim, bu ölümdə bir uduzan varsa, o da mənəm».
Qız dayanacaqda idi, iki-üç nəfərin əhatəsində dayanmışdı, həmişəki kimi alışıb-yanırdı, amma sifətinin bəzək-düzəyi xeyli mülayimləşmişdi.
Maşını yanında saxladı. Qız tələsik qapını açıb oturdu və maşın dayanacaqdan aralanandan sonra dilləndi:
– Məni görməyinə sevinirsənmi?
– Sevinirsən də sözdür, lap ürəyim gedir.
– Gülərsən də, yükləmisən məni… Çox dəyişmişəm?
– Onu pasteldə deyəcəm.
– Mənə olmaz. Birinci iki ayı ehtiyatla dolanmalıyam. Ən qorxulu vaxtıdır hamiləliyin.
– Bəs onda sənin işin necə olsun? Axı professiyan…
– Qorxma, səndən pul istəmiyəcəm. – Qız yalandan güldü. – Bir də məni belə sözlərlə incitmək olmaz, gecdir. Çoxdan keçmişəm o mərhələlərdən. Ələyim ələnib, xəlbirim də, necə deyərlər, göydə fırr eləyir.
– Sualıma cavab vermədin.
– Dedim axı, qorxma, səndən pul istəmiyəcəm. Bütün ehtiyatı çoxdan görmüşəm. Düz bir il işləməyə bilərəm. – Qız düz qabağa baxan oğlanın zərif, gözəl profilini heyran-heyran süzüb dedi:
– Gözəlsən! Kaş mənə yox, sənə oxşayaydı oğlumuz.
Oğlan cavab vermədi, amma qanı nə qədər qara olsa da, qızın sözləri xoşuna gəldi. Gözəl, saymazyana bir əda ilə sükanı sağa burdu və maşının çarxları asfalta sürtülüb ətürpədən səs çıxartdı. İri-uzun binanın ikinci tağından içəri keçdi.
– Çatdıq!
– Maşını burda saxlayırsan?
– Həri, tez çıxacam, içəri keçirtsəm ilişərəm.
Qız sumkasını götürüb maşından düşdü və gülümsədi:
– Əvvəl sən qalx qapını aç, mən də gələcəm.
– Niyə? Yəni…
– Sənlik iş deyil! – Qız acıqla dedi. – Tək gələcəm.
Qapını açıb içəri girdi, işığı yandırdı. Burnuna spirt, ətir, siqaret iyi qarışmış nufus qoxu dəydi, görünür, möhkəm bir kef məclisindən sonra bura gələn birinci adam idi. Otağa girdi, aləm qarışmışdı bir-birinə, stulların birinin başında qara qadın corabı nəfəsliyi açanda yelləndi. Alçaq, kiçik masanın üstündə bir-iki boş şüşə, bir-iki qədəh var idi. Külqabı siqaret kötüyü ilə dolu idi. Divanın üstündəki qəzetlərdən birini açıb masanın üstünə sərdi. Corabı kağızla tutub divanın altına atdı. Sonra yataq otağına keçdi. Qəribə idi ki, burda nisbətən səliqə-səhman var idi; hətta təəccübləndi. Görünür, gedəndə bura əl gəzdirmişdilər, inanmaq çətin olsa da, deyəsən elə idi.
Qapının səsinə çöndü və mənzilin girəcəyinə keçdi ki, qızı içəri buraxandan sonra qapını özü bağlayıb xatircəm olsun. Qız otaqdakı vəziyyəti görüb «puf!!!» elədi; burnunu tutub tıntın səslə dedi:
– Eto şto za kaşmar? – Və üstü qəzetlə örtülü masanın yanından keçib yataq otağına adladı.
Heç nə istəmirdi bu saat, qadınla qol-boyun olub, nəfəs-nəfəsə dayanmaq, üz-üzə, qabaq-qabağa söykənmək fikri onu çiyrindirirdi, özü də kiminlə. Hamiləlik söhbəti ortaya çıxandan qıza nəinki həvəsi qalmamış, əksinə, hələ desən iyrənirdi də. Arvadı yeganə qadın idi ki, onu hamilə olduğu dövrdə özündən iyrəndirməmişdi.
– Nəyin fikrini eləyirsən?
Diksindi və diksindiyi üçün utandı. Solğun sifətinə qəfil, yüngül qızartı gəldi.
– Heç nəyin. Fikir nədir?
Qız sumkasından siqaret çıxartdı.
– Çəkirsən?
Başını tərpətdi və qızın uzatdığı açıq qutudan siqaret götürdü.
– Hamilə olandan mən çəkmirəm, atmışam, – qız dedi və alışqanla onun siqaretini yandırdı. – Nə çəkirəm, nə içirəm, nə də…
– Ne pit, ne kurit, ne lyubit?
– Net, lyubit to lyublyu. Tebya lyublyu, abajayu tebya. Nəyə görə, niyə belə sevirəm səni? Heç vaxt inanmazdım ki, bütün bu haqq-hesablardan sonra mən kimisə sevə bilərəm.
Oğlan istehza ilə gülümsədi, dodaqlarında saxladığı siqaret titrədi, külü onunla üz-üzə dayanmış qızın yaxasına düşdü. Qız isti külün açıq boynunu yandırdığını hiss eləsə də tərpənmədi.
– Görürəm ki, sən məni istəmirsən, sevgi demirəm, gülməli olar. Heç istəmirsən də, ancaq mən… Niyə dillənmirsən? Sənin mənə deməyə sözün yoxdur? – Oğlanın qollarından tutdu. Başını onun kurtkasının açıq yaxasından sinəsinə söykədi. – Bu uşaq boynuma düşəndən bəri lap ölürəm səndən ötəri, amma sən…
Oğlan şübhələndi, bəlkə bilir, bəlkə abortun nəticəsindən xəbəri var? Başı gicəlləndi. «Siqaretdəndir». Kravatın bir küncündə oturdu və kurtkasını soyundu. Bədəninə qəribə soyuq tər gəldi, ürəyi yüngülcə bulandı, bir neçə dəfə siqaretdən belə hal keçirmişdi.
– Nooldu?
– Heç, başım fırlandı, sənin sevgin məni sərxoş elədi.
– İstehzanı saxla arvadına. – Qız acıqla, kəskin dedi.
İstədi desin ki, arvadımla işin yoxdur, ancaq demədi, özünü saxladı. Tamam özgə bir şey dedi:
– Dünən bulvarda, dəniz qırağında gəzişirdim. Birdən hardansa uzaqdan qulağıma liderin səsi gəldi.
– Lider kimdir?
– Mitinqdəki liderin, üç həftə çıxış eləmirdi sərasər?
– O hardan gəldi ağlına?
– Tez-tez düşür yadıma.
– Bəs sonra?
– Dedim hardandır bu səs, bəlkə qulağım cingildəyir. Gördüm yox, səs daha da güclənir.
– Türmədə deyil o?
– Elə deyirlər. Hə, gördüm dörd-beş cavan oğlandır gəlir, əllərində maqnitofon. Səs də maqnitofondan gəlir:
Zülmün topu var, gülləsi var, qələsi varsa,
Haqqın da bükülməz qolu, dönməz üzü vardır.
Göz yumma Günəşdən, nə qədər nuru qaralsa,
Sönməz əbədi, hər gecənin gündüzü vardır.
Sonra necədir… hə…
İnsanlığı pamal edən alçaqlığı yıx, əz!
Billah, yaşamaq, yerdə sürüklənməyə dəyməz!
Hər rəng ilə haqsızlığı gördün… bumu qanun?
Ən qəmli səfalətlərə düşdün… bumu dövlət?

Dövlətsə də, qanunsa da, artıq yetər olsun,
Artıq yetər olsun, bu dəxi zülmü cəhalət…
Millət yoludur, haqq yoludur tutduğumuz yol,
Ey haqq yaşa, ey sevgili millət yaşa, var ol!
– Nə olsun? – Qız təəccüblə baxırdı ona.
– Heç nə, elə birdən gəldi ağlıma.
Qız onu oturduğu yerdə yüngülcə itələdi və o təsirə tabe olub arxası qatda uzandı. Qız onunla yanaşı dirsəkləndi və lap yaxından üzünə, gözləri yumulu olduğundan yanaqlarına çatan sıx kirpiklərinə tamaşa elədi, köynəyinin üçüncü düyməsini açıb sinəsindən bir neçə dəfə öpdü…

Bir azdan o qızın azca tərləmiş bədənindən ayrıldı, xeyli eyni açılmış halda gülümsədi və qıza dedi:
– Bə nə oldu sənin zapretin, elə bir əl vurmağa bəndsən, o saat tabe olursan?
– Səni bura bəs nəyə çağırmışdım?
– Nə bilim, dedim…
– Yalan danışma, özün yaxşı bilirsən. – Qız sərtləşdi və dedi: – Axırıncı dəfədir, əlvida vüsalı idi bu.
– Yox a? – O yenə də qızardı.
– Bəli, gözəl oğlan, qarnımdakı uşağın əziz atası.
Qız ayağa qalxıb döşəkağıya büründü və onu xarici filmlərdə dəfələrlə gördüyü kimi sinəsində bərkitdi:
– Bir əlli qram da konyak vuraq və səninlə qudbaylaşaq. – Sumkasından yastı şüşə çıxartdı. Oğlan şübhə ilə baxdı qızın işıqda bərq vuran gözlərinə, əsəbilikdənmi, pərtlikdənmi qırmızı ləkələrlə örtülmüş boynuna, sinəsinə və şübhəli-şübhəli dedi:
– Bu nə qudbaylaşmaqdır? Hara gedirik ki?
– Mən heç hara, haram var ki? Gedən sənsən.
Oğlanın sifəti ağardı.
– Tı şto breşeş? – Gülümsəməyə çalışdı, ancaq təbəssüm əvəzinə sifəti əyildi. – Mən… Heç düzəlir ki?
Qız konyakı qədəhlərə tökdü və əlləri kimi titrəyən səsi ilə dedi:
– Onsuz da mən səndən heç nə istəmirəm, istədiyimi almışam, – əlini qarnına vurdu. – Burdadır, hara getsən, hara qaçsan ipinin bir ucu əlimdədir.
– Da tı s uma soşla? Nə ip, nə bağ, nə getmək? – Ona qəribə həyasızlıq gəlirdi və hiss edirdi ki, bu saat kimi desən aldada bilər, elə bil ilhamı aşıb-daşırdı. – Kim deyir mən gedirəm? Qələt eləyir onu deyən! – Getdikcə ürəklənirdi. «Qoy bacarır sübut eləsin». Qızın doldurduğu qədəhlərdən birini götürdü. – Kim deyib sənə ki, mən gedirəm. Yəqin deyiblər xaricə gedirəm, özü də Əlcəzairə.
Qızın sifəti sərtləşirdi, elə bil gicgahına kimi barmaq enində çəpinə qızartdığı yanaqları daşlaşırdı. Gözlərinin bəbəkləri kiçilir, yığılır, onlardakı işıq iynə ulduzu kimi işıldayırdı.
– O aveçkanı abort stolunun üstündə qoyub qaçmısan?
Bu sual artıq onun üçün gözlənilməz deyildi, artıq bu sualın veriləcəyini bilirdi və əmin idi ki, qız bundan da xəbərdardır. Odur ki, halında dəyişiklik olmadı.
– Abortu mən eləməmişəm, kim eləyib, kim onu öldürüb, o da cavab versin.
– Sən… sən…
– Bəli, mən nə ömrünü görüb, gününü sürmüş yarımcan qocaya, nə də altıma uzanmaq üçün hər şeyini vermək istəyən qarımış qıza görə türməyə girənəm. Onsuz da o mamaça gec-tez cəzasını almalı idi, aldı da. Mən qaçdım, qaçmadım fərqi yoxdur.
– Bəs mənə nə deyəcəksən?
– Sənə… Gəl bunu sənə həvalə eləyək, sənə uşaq lazım idi, vermişəm. Şantaja da sən gedirsən, mən yox… Sənin rolun bu saat daha şərəfsizdir.
Qız birdən əlləri ilə üzünü örtüb ağladı. O buna fikir verməyib, qədəhi dolabın üstünə qoydu və yuyunmaq üçün vanna otağına keçdi. Bir azdan suyun şırıltısı gəldi və qız yerindən qalxıb qətiyyətlə sumkasını götürdü. Əlləri əsə-əsə, tələsmədən açıb sumkasının lap dibindən kağıza bükülü bir həb çıxartdı və onu oğlanın qədəhinə atdı. Həb dərhal əridi və konyakın qızıl rəngini bir balaca bulandırdı və ikinci qədəhlə müqayisədə dərhal nəzərə çarpırdı, hər halda qız bu fərqi gördü. Müqayisə olmasın deyə öz qədəhini götürdü. Arxadan oğlanın səsi gəldi:
– Tək içirsən?
Qız çeçədi, konyak burnuna vurdu və onu xeyli öskürtdü.
– Gördün, tək içməyin axırı belə olur. – Qızın kürəyinə bir-iki yüngül yumruq vurdu. – Hamısı sənin.
Qız yaşarıb qızarmış gözlərini silmək üçün bədəninə səridiyi mələfənin bir ətəyini qaldırdı. Ayağının biri buduna qədər açıldı. Oğlan əyilib onun hamar buduna əl çəkdi.
– Nə yaman titrəyirsən?
– Özün titrəyirsən.
Oğlan onu arxadan qucaqladı. Belinə fitə kimi bağladığı üstü iri tutuquşulu qətfə açılıb döşəməyə düşdü.
– İcazə versəydin, əlvida vüsalını bir də təkrar edərdim.
– İcazə vermirəm, evə gedirəm.
– Heç elə şey yoxdur. Sabahacan qalacayıq burda.
– Təyyarəyə gecikərsən.
Qızı buraxdı və guya bərk dilxor oldu.
– Yenə başladın? Hanı o konyak?
Qız diksindi və üzünü oğlana çevirmədən pəncərəyə yaxınlaşdı. Elə bil küçədən gedən maşınlar dayandı. Harasa tələsən adamlar dondu, bərk küləkdən əyilib qalxan ağaclar qurudu və küçə urbanist rəssamın çəkdiyi şəklə bənzədi. Qulaqlarını əlləri ilə qapayıb, gözlərini bərk-bərk yumdu. Beləcə bir müddət dayandı. O qədər dayandı ki, qulaqlarını tutmuş əlləri keyidi, yumulu gözlərini tutmuş zil qaranlıq qızardı və o birdən əllərini qulaqlarından çəkib dəli səslə qışqırdı:
– İçmə! – və heç bir səs eşitməyib qorxa-qorxa, ehtiyatla çöndü…

1989-1990

Günün bütün mövzuları

XS
SM
MD
LG