Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:07

Yol polisinə mahnı qoşan repçi həbs edildi (DYP-nin münasibəti)


Dado (Səid Əliyev) Foto: Baku.ws

Dado (Səid Əliyev) Foto: Baku.ws

-
Səid Əliyev (Dado) Yol Polislərini tənqid edən rep oxuyub. Ailəsi məhz bu ifanın Youtub-da yayıldıqdan sonra onun polis tərəfindən saxlandığını iddia edir.
Oxuduğu repdən sonra təziqlərlə üzləşdiyi iddia edilən repçi Dado (Səid Əliyev) Binəqədi təcridxanasında saxlanır.

Bu barədə repçinin qardaşı Əli Əliyev AzadlıqRadiosuna məlumat verib. Onun sözlərinə görə, sahə müvəkkili və mülki geyimli şəxslər onların yaşadığı evə gəliblər:

«Fevralın 25-də mülki geyimlilər bizə yaxında toy olacağını və Səidin həmin toyda iştirak etməsini istədiklərini dedilər. 2 gün sonra evimizə zəng oldu. Səidi Yol Polisinə çağırdılar. Səbəb kimi isə hansısa yol qəzasını göstərdilər. Daha sonra maşınına baxış keçirdilər. Səidin dediyinə görə, polis idarəsindən çıxanda mülki geyimli şəxs ona çiyni ilə vurub. Sonra da polisə müqavimət göstərməsi bəhanəsiylə qardaşımı mülki maşına oturdub aparıblar Nəsimi Rayon Polis İdarəsinə».

«2 GÜN SƏİDİ TAPA BİLMƏDİK»

Əli Əliyev deyir ki, 2 gün Səidin harda olması haqda heç bir məlumatları olmayıb:

«2 gün axtarıb tapa bilmədik. Heç kimdən məlumat ala bilmirdik... Çox gec bildik ki, əvvəlcə Nəsimi RPİ-də izahat verib, oradan 21-ci polis bölməsinə, sonra da Nəsimi Rayon Məhkəməsinə aparılıb. Sonra yenidən qaytarıblar Nəsimi RPİ-nə. Ancaq ordan qardaşım evlə əlaqə saxlaya bilib. Zəng etdi ki, nə edirsən et, Youtube-a yüklədiyim o mahnını tez sil».

Əli Əliyev bildirir ki, qardaşı hazırda, Binəqədi Rayon müvəqqəti saxlanma təcridxanasındadır.

Fevralın 28-də qardaşı ilə görüşə icazə verilib:

«Dado hər şeyi danışdı. Deyir onu Nəsimi RPİ-nə aparan maşın 4 gün əvvəl onların həyətinə gələn avtomobildir. Mənə təhqir olunduğunu, psixolji təzyiq aldığını da dedi. Bütün bunların səbəbi isə “Y.P.X avtoş” mahnısıdır. Dediyinə görə, təcridxanada 10 gün qalacaq».

Əli Əliyev qardaşına vəkil tutmaq fikirləri olduğunu, bundan əlavə, işlə bağlı əvvəlcə, Nəsimi Rayon Prokurorluğuna, sonra isə Baş Prokurorluğa şikayət edəcəklərini bildirir.

KAMRAN ƏLİYEV YOL POLİSİYLƏ BAĞLI REPİ PİSLƏYİR
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Dado ləqəbiylə tanınan reper Səid Əliyevin yol polisiylə bağlı repinə münasibət bildirib:

“Təkcə yol polisinin deyil, adi vətəndaşın da bu repə münasibəti müsbət ola bilməz. kimsə öz cavanlığından istifadə edib ağzına gələni yazmamalıdır. Məncə, bütün sürücülərin də həmin repə münasibəti xoş deyil. Repin əvvəlində yol polisinə sifəti qara olan insan deyilir. Günün, yağışın, qarın altında dayanmaqdan qaralır yol polisi. Reper getsin bircə gün günün altında qalsın görək rəngi qaralır, ya yox. Bu onun yol polisinin əməyinə, zəhmətinə verdiyi qiymətdir?!”

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG