Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:41
-
«Prezidentin sərəncamı, məhkəmənin qərarı sayılmayan ölkədə yaşayırıq. Bizi zorla evimizdən çıxarmaq istəyirlər. Qalmağa yerimiz yoxdur. Zakir Fərəcovun yeznəsi deyir «buranın yiyəsi mənəm». Prezident deyir «camaatı incitməyin», iki dəqiqə sonra işığımızı kəsirlər. Ölkənin yiyəsi İlham Əliyevdir, yoxsa Zakir Fərəcov?».

Bu, Xırdalan sakini Qədim Quliyevin sözləridir.

Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 236 saylı ev. Bu ünvanda yaşayanlar evlərini itirmək qorxusu ilə üzləşiblər. Ərazi «AAAF Park» Tikinti Şirkətinə satıldığından burada göydələn ucaldılır və mənzil sahibləri evlərindən çıxarılır.

Sakinlərin çoxu «Azərnəqliyyatyoltikinti» Açıq Səhmdar Cəmiyyətinin 835 saylı tikinti idarəsinin işçiləridir. Yaşadıqları evi 1984-cü ildə çalışdıqları idarə verib. Bir başqa qismi də burada 1993-cü ildən məskunlaşan məcburi köçkünlərdir.

Prezidentin 2010-cu tarixli sərəncamı ilə «Azərnəqliyyatyoltikinti» ASC-nin dövlət mülkiyyətində olan səhmlərinin özəlləşdirilməsi Dövlət Əmlak Komitəsinə tapşırılıb.

SƏHMDAR CƏMİYYƏT ÖZƏLLƏŞDİRİLƏRKƏN SAKİNLƏR NƏZƏRƏ ALINIBMI?

Xırdalan sakini Q.Quliyev ərazini kimin aldığından xəbərsiz olduqlarını deyir:

«Əmlak Komitəsi ilə əlbir olub, biz də içində olmaqla, evimizi İlham Cavadov adlı bir nəfərə satıblar. Sakinləri də veriblər məhkəməyə. Məhkəmə onların xeyrinə qərar qəbul etsə də, işin icraatını dayandırıb. Ancaq onların yox, bizim işimiz dayanıb. Bütün günü iş-gücü atıb oturmuşuq evdə ki, birdən biz olmayanda gəlib sökərlər. Tez-tez sökməyə cəhd göstərirlər, qarşısını alırıq».

«AAAF Park» Tikinti Şirkətinin ərazidə olan nümayəndəsi Xalid Məmmədov sakinlərin dediyini yalanlayır:

Çiçək Quliyeva

Çiçək Quliyeva

«Tikinti ilə bağlı qazıntı aparırdıq. Burada yaşayanlar imkan vermədi. Biz də çəkildik».

ŞİRKƏT SAKİNLƏRDƏN ƏRAZİNİ BOŞALTMAĞI TƏLƏB EDİR

«AAAF Park» Tikinti Şirkəti sakinlərdən tələb edir ki, ərazini boşaltsınlar. Sakinlərdən Çiçək Quliyeva bununla razı deyil və evlə təmin edilməyincə, buradan çıxmamaqda israrlıdır:

«Abid Şərifov (baş nazirin müavini nəzərdə tutulur – G.M.) verib bu evləri bizə. İndi də alırlar. Bəs bizim əməyimiz? Əziyyətlə özümüzə şərait qurmuşuq. Elə bu səhər tikinti şirkətinin əməkdaşları üstümüzə traktorlar, ağır tikinti texnikası ilə gəlmişdilər. Toplaşıb güclə qovduq. Günü-gündən vəziyyətimiz ağırlaşır. Bir tərəfdən tikinti şirkəti, digər tərəfdən icra hakimiyyəti. Fiziki şəxs alıbsa ərazini, məsələyə icra hakimiyyəti niyə qarışır?».

Abşeron rayon İcra Hakimiyyətinin hüquqşünası Rəşad Qubadov ərazidə baş verənlərdən xəbərdardır. O, sözügedən yerdə heç vaxt yataqxana olmadığını söyləyir:

«Ərazi fiziki şəxs tərəfindən özəlləşdirilib. Oradakı vətəndaşlar illər əvvəl gəlib özbaşına məskunlaşıblar. O yer yataqxana-filan olmayıb. Fiziki şəxs vətəndaşlara Xırdalan ərazisində ev təklif etsə də, vətəndaşlar bununla razılaşmır. Hazırda iş məhkəmədədir».

Sakinlərdən Nadir Hüseynovun dediyinə görə, «AAAF Park» Tikinti Şirkəti ərazini alanda onlara yeni evlə təmin edəcəyinə dair müqavilə imzaladıb, amma sonra fikrindən daşınıb: Abşeron rayon İcra Hakimiyyəti

Abşeron rayon İcra Hakimiyyəti


«Müqavilədə yazılıb ki, 8 ay müddətində evlə təmin olunacağıq. 8 aydan da artıq vaxt keçib. Hələ ki, ortada heç nə yoxdur. Mən belə başa düşdüm ki, onlar tikintiyə başlamaq üçün bizi aldatdılar».

KİM DOĞRU DANIŞIR?

Abşeron rayon İcra Hakimiyyəti sakinlərin bu ərazini özbaşına zəbt etdiyini, sakinlərsə çalışdıqları idarədən öz əməkləri hesabına ev aldıqlarını deyir. Onları yataqxana ilə təmin edən «Azərnəqliyyatyoltikinti»nin 835 saylı tikinti idarəsinin direktoru Ağa Ağayev evləri illər öncə işdə fərqləndiklərinə görə həmin insanlara şəxsən verdiklərini söyləyir:

«İndi onları qanunsuz şəkildə 30-40 il yaşadıqları evlərdən çıxarmaq istəyirlər. Bu nə insanlığa sığır, nə də qanuna uyğun gəlir. Düzdür, oradakı torpağı üstündəki tikililərlə birgə alıblar, ancaq biz satmamışıq. Dövlət Əmlak Komitəsi torpağı, üzərindəki əmlakı bizim baş idarə satdı. O şərtlə ki, ərazidə yaşayan insanlar evlə təmin olunub köçürüləndən sonra tikintiyə başlansın. Şərtlər düzgün yetirilmədi yerinə. İndi o qədər ailəni çölə atmaq istəyirlər».

Sakinlər böyük iddialarının olmadığını, heç ərazinin satılmasına da qarşı çıxmadıqlarını deyirlər. Köçürüləndən sonra tikinti şirkətinin nəyi söküb nə tikməsi də onları maraqlandırmır. Tək istədikləri illərcə yaşayıb, öyrəşdikləri yerin yaxınlığında ev sahibi olmaqdır. Uşaqlar oxuduqları məktəbdən, böyüklər iş yerindən uzaq düşməsin deyə...

Şərhləri göstər

XS
SM
MD
LG