Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:23

Nazirliyin əməkdaşı korrupsiya faktına görə həbs edilib


Şabran rayon sakininin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 14 saylı Tibbi Sosial Ekspert Komissiyasının sədri İmran Məmmədovun əlillik dərəcəsinin təyin edilməsi üçün rayon sakinlərindən rüşvət alması barədə müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə,
əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş materiallarla vətəndaşın müraciətində göstərdiyi xüsusatlar öz təsdiqini tapıb.

Müəyyən edilib ki, fevralın 20-də TSEK-in sədri İ. Məmmədov xidməti vəzifəsinin icrası ilə əlaqədar xidməti otağında Şabran şəhər sakini Mircabbar Hüseynovdan bacısı Yeganə Abdullayevaya ömürlük əlillik dərəcəsinin təyini üçün 1.500 manat məbləğində pul tələb edib, M. Hüseynov da öz növbəsində həmin məbləği ona rüşvət kimi verib.

Cinayətkar fəaliyyətini davam etdirən İ. Məmmədov eyni məqsədlə ona müraciət edən M. Hüseynovun digər bacısı Qərənfil Abdullayevadan da 1.000 manat məbləğində pulu təkrarən rüşvət kimi alıb.

Baxış zamanı İ. Məmmədovun xidməti otağından 3.600 manat pul, müxtəlif şəxslərin adına olan müayinə işləri və digər sənədlər, yaşadığı evdən isə 31 ədəd bankomat kartları və 15.340 manat məbləğində pul aşkar edilərək maddi sübut kimi götürülüb.

Törətdiyi cinayət əməlinə görə İ. Məmmədov Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. M. Hüseynov isə həmin məcəllənin 312.1-ci (rüşvət vermə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Hazırda hər iki cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG