Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 09:13

Sosial Müdafiə Fondu məhkəməyə üz tutur



Dövlət Sosial Müdafiə Fondu əmək pensiyalarının təyin olunması sahəsində yaranan mübahisələrin aydınlaşdırılması üçün Konstitusiya Məhkəməsinə müraciət edəcək. «Media forum» saytının məlumatına görə, DSMF sədri Səlim Müslümov jurnalistlərə belə deyib.

Fond sədri bildirib ki, yaranan problem hərbi qulluqçuların əmək pensiyalarının təyin olunması ilə bağlıdır:

««Hərbi qulluqçuların pensiya təminatı haqqında» qanuna əsasən, 20 xidmət ilini toplamış hərbi qulluqçu pensiyaya çıxa bilirdi. 2004-cü ilin yanvarından qanuna dəyişiklik edildi və 20 xidmət ili 20 təqvim ilinə dəyişdirildi. 20 xidməti ili ilə təqvim ili arasında fərq böyükdür. Xidmət ili dedikdə, daha az müddətdə 20 ili toplamaq mümkün olur. Məsələn, döyüş bölgəsində xidmətin bir günü üç gün hesablanır. Döyüş bölgəsində 6 il 7 ay xidmət edən hərbçi 20 xidmət ilini yığır və pensiya almaq hüququ əldə edir. Təqvim ili isə günə gün 20 ili yığmaqdır. O zaman elə insanlar olub ki, 2004-cü ildə xidmət ili ilə götürdükdə 20 xidmət ilini yığıb və bu hüququ əldə edib. Amma hüququndan istifadə etməyib, pensiyaya çıxmayaraq xidmətini davam etdirib. İndi müraciət edir ki, o hüquqdan istifadə etmək istəyir».

Səlim Müslümov deyib ki, 2011 və 2012-ci illərdə müraciət edən bu insanların o hüquqdan istifadə etməsi hazırkı qanunvericiliklə mümkün deyil. Bu da hüquqi problemlər yaradır. Həmin qanunda qeyd olunub ki, bu hüquqdan 12 ay ərzində istifadə oluna bilər. Bu müddət keçəndən sonra bundan istifadə etmək mümkün deyil.

«Deputatlar isə deyirlər ki, konstitusiyaya görə, yaxşılaşdırıcı hallarda qanunun geriyə şamil olunmasını nəzərə alaraq həmin adamlara pensiya vermək mümkündür və biz bunu etməliyik. Belə bir vəziyyət yarandığına görə bu məsələyə tam aydınlıq gətirilməsi, qanunvericiliyin şərh olunması üçün Konstitusiya Məhkəməsinə müraciət etmək qərarına gəlmişik».

Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov hazırda sənədlər hazırlandığını və Nazirlər Kabineti vasitəsilə Konstitusiya Məhkəməsinə göndəriləcəyini deyib.
XS
SM
MD
LG