Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:34

Necə geyinək ki, gülüş obyekti olmayaq?


Cavid Ramazanlı
Cavid Ramazanlı

Türkiyənin satirik-yumoristik saytlarının birində Azərbaycan türklərinin geyimi gülüş hədəfinə çevrilib. Cavab çox gecikməyib. Azərbaycanın bənzər saytlarının biri yazıya həmin üslubda cavab göndərib

-
«Bizim insanlar, bizim gənclər yaxşı geyinə bilmirlər, zövqsüzdürlər»

Bu sözləri AzadlıqRadiosunun «İz» proqramının «Azərbaycan türkləri necə geyinirlər» mövzusunda açdığı müzakirəyə qoşulan jurnalist Cavid Ramazanlı söylədi.

NƏ QƏDƏR BOZSANSA, SƏNİ QARALAR İDARƏ EDƏR!

Onun fikrincə, nə qədər rəngarəngsənsə, səni idarə eləmək bir o qədər çətin olacaq:

«Nə qədər boz olarsansa, səni qaralar idarə edər. Geyim həm də insanın dünyagörüşü, savadının göstəricisidir. Mən yazmışdım ki, insanı geyiminə görə deyil, intellektinə, ağlına görə qəbul edərlər. Bəyəm biz intellektli cəmiyyətik? Deyilik axı! Bu yaxınlarda TQDK açıqlama verdi ki, 57 ölkə arasında 56-cı yerdəyik... Təhsilimiz bərbaddır. Səhiyyəmiz bərbaddır. Mütaliə səviyyəmiz çox aşağıdır. Kitab dükanları azdır. Zövqlü filmlərə baxan yoxdur. Yaxşı, sizin mükəmməl savadınız varsa, geyimi güzəştə gedərik. Axı nə savadla, nə geyimlə sən ətrafdakılarda xoş təəssürat yaratmırsan... Yaratmırsansa, təbii ki, tənqid olunmalısan».

BİZ BREND GEYMƏYİ SEVƏN XALQIQ

Geyim rəssamı Mehriban Əfəndi isə fərqli düşünür. Onun fikrincə, Azərbaycan gəncləri çox zövqlü geyinirlər:

«Hətta Avropadan fərqlənmirlər, bəlkə də daha maraqlıdırlar... Çünki xalqımızda tarixən rənglərə, gözəl geyimə maraq olub. Bu istək indi də qalıb. Biz brend geyməyi sevən xalqıq. Hər sezonda mağazalara üz tutsaq, buna şahid ola bilərik. Rəssam kimi həyata keçirdiyim layihələrdə reklam üçün ən dəbli geyim axtaranda, çox vaxt gecikirik, tapa bilmirik. Hamısı alınır. Çünki ölkədə hər sezona, hər dəbə uyğun, hər ilin tendensiyaları ilə maraqlanan gənclər var».

KƏNARDAN NECƏ GÖRÜNÜRÜK-RƏNGARƏNG, YA BOZ?

Mehriban Əfəndinin fikrincə, biz başqalarından çox fərqlənirik:

«Bizim öz çalarlarımız, öz torpağımız, günəşdən qazandığımız rəngimiz var. Ünlü modaçı Paco Rabanne Bakıya mistik bir şəhər kimi baxır. O deyir ki, bura günəş altında olan bir məmləkətdir, millətdir. Düz tutub, biz rənglərdə, geyimlərdə çox fərqlənirik. Bəziləri düşünür ki, Avropada, xaricdə gözəl geyinirlər. Yox, mən özüm də xaricdə oluram, çoxlarımız da dünyanı gəzir. Onlar daha çox cins stilində geyinən insanlardır. Rəngləri bizim kimi duya bilmirlər. Rəssamlıqda da belədir. Bizim rəssamlar isti rənglərdən istifadə edirlər, onlar soyuq... Biz günəş altındayıq—rəngarəngik... Bəlkə də, biz bəzilərini qıcıqlandırırıq? Mən özüm şahid olmuşam ki, xaricdən gələnlər bizim şəhəri, adamları çəkib öz ölkələrində göstərirdilər ki, baxın, necə qeyri-adidirlər. Bir də ki, bizə qara rəng də yaraşır. Biz sadəcə gözəl görünməyi sevirik».

Mehriban Əfəndi
Mehriban Əfəndi
YAXŞI ZÖVQ SƏVİYYƏ TƏLƏB EDİR!

Cavid Ramazanlı «günəş altındakı şəhərin» günəşin rənglərinə bələnməsini qəbul etmir:

«Bizim nə üstünlüyümüz var ki, dünya ölkələri paxıllıq etsin? Azərbaycan üçüncü dünya ölkəsidir. Çoxlu sosial problemləri olan, bir çox şeyləri həll edə bilməyən və əhalisinin əksəriyyətinin sosial rifahı aşağı olan ölkədir. Bu da özünü həm geyimdə, həm təhsildə, həm də başqa sahələrdə göstərir. Düzdür, şəhərdə brend mağazalar var. Ora gedənlərin əksəriyyəti də zövqsüz paltarlar seçir... Pulu olan da yaxşı paltar almır. Çünki, bayaq dediyim kimi, yaxşı zövq savad, səviyyə tələb edir. Mən görməmişəm ki, aşağı səviyyəli adam mükəmməl geyinsin. Bizim qızlar dükana düşəndə də, universitetə gedəndə də dekolte geyinirlər...».

AVROPA İLƏ MÜQAYİSƏ? BU, GÜLMƏLİDİR!

Cavid Ramazanlı bizim Avropa ilə müqayisəmizi gülməli sayır:

«Bizim Avropa ilə müqayisəmiz gülməlidir. Bizi italyanlarla, fransızlarla müqayisə etmək yersizdir. Biz özümüzü gürcülərlə müqayisə edə bilərik. Gürcü gənclər bizə örnək ola bilərlər. Onlar bizdən daha kasıbdırlar. Amma əlinə pul düşəndə, necə görünəcəyinin qayğısına qalır. Özünə brend mağazalardan endirimlər olanda rahat paltar alır. Bizdə isə ələ pul düşəndə girib hamısını paltara xərcləyirlər...».

GÜRCÜLƏRİN GEYİM ÜSLUBUNU BƏYƏNMİRƏM!

Mehriban xanım nə Cavidin fikirlərinə qoşulur, nə də gürcülərin stilini bəyənir:

«Gürcüstandan gələn çəkiliş qruplarını tez-tez görürəm və onların geyim üslubunu bəyənmirəm... Onlar bizə həsəd aparırlar. Özü də deyim ki, onlar qara rəngi bizdən çox sevirlər. Odur ki, mən Cavid bəyin dedikləriylə razı deyiləm. Özü bozdan-qaradan narazılıq edir, həm də gürcüləri tərifləyir. Bizim dövlətimiz çox inkişaf edir. Bütün dünyadan gələnlər də bizim xanımlarımızın gözəlliyindən, zövqündən danışır. Mən Azərbaycan qızlarını, qadınlarını dünyanın bir çox ölkələrindəkindən artıq hesab edirəm. Xarici qadınların bizim aramızda yaşayandan sonra özlərinə fikir verdiklərini dəfələrlə görmüşəm. Onlar hətta məndən məsləhət də alıblar...
Fəxriyyə Xələfova
Fəxriyyə Xələfova
Bir də ki, biz yenicə müstəqillik qazanmış ölkə kimi gözəl bir səviyyədəyik və kifayət qədər inkişaf edirik».

FƏXRİYYƏ XƏLƏFOVA NƏ FİKİRDƏDİR?

Ünlü modelyer Fəxriyyə Xələfovanın fikrincə, geyim biznesi indi dünyada ən əlverişli biznes sayılır:

«Ölkəyə idxal olunan geyimlər rəqabətə davamlı olmalıdır. Mən müxtəlif sərgilərə, biznes-forumlara qatılıram. Görürəm ki, iş adamları, firmalar çalışırlar ki, Azərbaycanda keyfiyyətli, rəqabətədavamlı kolleksiyalar təqdim etsin. Bu gün biz ölkəyə ixrac olunan geyimlərə baxsaq, bir neçə ticarət mərkəzində dünya brendlərinin satıldığını görərik. Onlar hər zaman son kolleksiyanı satışa çıxarırlar. Ölkədə bir çox məşhur brendlərin butikləri var. Orada da son kolleksiyalar təqdim olunur. Böyük topdansatış mərkəzləri var—«Binə», «Sədərək»—orada da Türkiyədən ixrac olunan mallar satılır».

BELƏ FİKİRLƏRİ OBYEKTİV SAYMIRAM!

Fəxriyyə xanımın bildirdiyinə görə, hər kəs çalışır ki, rəqabətdə yaxşı, keyfiyyətli, dəbə uyğun geyim təqdim etsin:

«Bu gün Azərbaycanda dəbli geyimlər satılır və istifadəçilər də ordan geyinirlər. Başqa geyim satılmır. Heç bir işadamı dəbdən düşmüş, modası keçmiş geyimi Azərbaycana gətirməyəcək, çünki əhali istəyir ki, son kolleksiyalar olsun. Ölkədə satılan geyimlər budursa, demək, adamlar da onu geyinirlər. Türkiyə mediasında göstərilən geyimlər ölkədə heç yoxdur. Bu obyektiv fikir ola bilməz. Ona görə ki, belə dəbdən düşmüş geyim yoxdur! Çünki geyim biznesdir! Odur ki, belə fikirləri obyektiv saymıram».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG