Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:51
-
«Vaxtilə kitabxana, laboratoriya müdiri çalışmışam. 1996-cı ildən işsizəm. Prezident Administrasiyasına, Milli Məclisə, yerli icra hakimiyyətinə yüzlərlə məktub yazmışam. Uzun illər yazışmalardan sonra keçən həftə, nəhayət ki, məni rayon icra hakimiyyətinə çağırdılar. Sevinə-sevinə getdim, elə bilirdim yazdıqlarımdan nəticə çıxarıblar, iş verəcəklər. Qələm-kağızı qoydular stolun üstünə, dedilər, otur izahat yaz görək, niyə bu qədər şikayət edirsən?».

Cəlilabad sakini Vaqif Əliyevin 44 yaşı var. Deyir, stabil işi ilə 16 il əvvəl, müdiri olduğu kitabxana sökülüb yerində şəxsi obyekt tikiləndə vidalaşıb. O gündən bu günə, çörəkpulu üçün gah Rusiyaya üz tutub, gah da vətənin tikintilərində fəhləlik edib. Daimi iş sahibi olmaq üçün yazıb-pozsa da, yaşadığı ərazinin icra hakimiyyətindən ona ən yaxşı halda küçə süpürmək təklif olunub:

YAŞI 40-I KEÇƏN...

«Deyirlər 44 yaşın var, sənlik iş yoxdur. Get, küçə süpür. Bu nə siyasətdir, anlamıram. Belə çıxır ki, bu ölkədə yaşı 40-ı keçən əl-ayağını uzadıb ölməlidir. Ailədə 3 nəfərik, üstəlik, xəstə anamla bacımı da mən saxlayıram. Yaşım təqaüdə də düşmür. Bir ara istədim kiçik bir dükan açıb işlədim, başımı saxlayım. Sonra gördüm dükanı olanlar borc içində üzür – vergiyə ver, fövqəladəyə ver, sahə müvəkkilinə, işıq idarəsinə, «sanepidemstansiya»ya ver... Bir sözlə, aylıq çıxarı gəlirindən çoxdur. O işə də girişməyə qorxdum».

Vaqif Əliyev deyir ki, uzunmüddətli yazışmalarından sonra onu Cəlilabad rayon İcra Hakimiyyətinə çağırıblar. Ancaq gözlədiyi kimi, onu iş təklifi ilə bağlı yox, indiyədək yazdıqlarına görə tənbeh etmək üçün çağırıblarmış:

«Dedilər izahat yaz ki, niyə bu qədər ora-bura yazırsan. Mən də yazdım ki, acından qırılırıq, iş yoxdur, insanlığa qiymət verən yoxdur. Yazmışam ki, heykəllərə, yollara tökdükləri milyonları versinlər bizə, dolanaq, acından ölməyək. Dedilər, küçə süpürə bilərsən? Elə bil, adamı ələ salırlar, elə münasibət göstərirlər ki, şəxsən mən bundan sonra acından ölsəm də, o binanın qapısından keçmərəm».

«AİLƏMİN DAĞILMASI DA BU HÖKUMƏTİN CİNAYƏTİDİR»

Gədəbəyin Qurudərə kənd sakini Yaşar Abdullayev də eyni dərddədir. İşsizlik üzündən ailəsini itirib. İndi də aliment ödəmək məsələsi ortaya çıxıb. İş tapa bilmir ki, məhkəmənin ona kəsdiyi aylıq 90 manatı keçmiş ailəsinə ödəsin. Hər dəfə Gədəbəyin icra hakimiyyətinə üz tutur ki, bəlkə ona haradasa iş təklif edilə. Ancaq hər dəfə də əliboş geri qayıdır:

«Deyirlər get məşğulluq idarəsinə, ora da gedirəm, deyirlər get icra hakimiyyətinə. Bir sözlə, başıma ip salıb oynadırlar. Sonra da deyirlər oğurluq artıb, cinayət artıb. Mənim ailəmin dağılması da bu hökumətin cinayətidir. Kişi ailəsinə nə qədər soğan-çörək yedirdər? Şəhərdə tikinti çoxdur, başını götürüb gedən subaylar özlərinə iş tapıb, birtəhər dolanırlar. Evli və işsiz adama kənd yerində yaşamaq çox çətindir. Burda tikinti də yoxdur ki, gedib daş daşıyasan. Rayonun mərkəzində küçə süpürməkdir, o işə də yüzlərlə işsiz namizəddir».

Gədəbəy rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, Yaşar Abdullayev orta təhsilli olduğuna görə ona nə icra hakimiyyətində, nə də rayondakı dövlət qurumlarında iş var. Rayonun məşğulluq idarəsi də ona orta təhsilli olduğuna görə dəfələrlə fəhlə kateqoriyasına aid işlər təklif edib. Ancaq Yaşar Abdullayev bu iş təkliflərini qəbul etməyib.

Cəlilabad rayon İcra Hakimiyyətindən isə Vaqif Əliyevin işsizlik problemi ilə bağlı münasibət öyrənmək mümkün olmadı.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG