Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:18
-
İçərişəhər tüstüdən azad olacaq – siqaret tüstüsündən. Daha doğrusu, burdakı bəzi kafe və restoranlarda siqaretə məhdudiyyət, ya da qadağa qoyulur. Həmin yerlərdə siqaret çəkilməyəcək.

İçəri şəhər Dövlət Tarix Memarlıq Qoruğunda indilik 8 kafe və restoranın buna əməl etdiyini bildirdilər. Qoruğun mətbuat katibi Rahib Azəri deyir ki, təklif həmin kafe və restoranların özündən gəlib, qoruq da bu təklifi dəstəkləyib:

«Hələlik, bu, 8 restoranda tətbiq olunur. Restoranda bir yemək zalı varsa, orda siqaret çəkmək tam qadağan olunur. Amma iki və daha artıq zal varsa, müştərilərə yalnız zallardan birinin müəyyən yerində siqaret çəkməyə icazə verilir. Bu haqda məlumat müştərilərin əvvəlcədən diqqətinə çatdırılır. Başqa restoranlar da bənzər təşəbbüs irəli sürsə, ya da təklifimizlə razılaşsa, biz buna ancaq şad olarıq».

«İÇƏRİDƏ SİQARET ÇƏKƏNDƏ, ÖZÜM DƏ BAŞQALARINDAN UTANIRDIM»

Cavid Əliyev Kiçik Qala küçəsindəki kiçik restoranlardan birinin önündə siqaret çəkir. Deyir ki, içəridə siqaret çəkmək yasaqlandığından dışarı çıxıb:

«Elə belə yaxşıdır. Yoxsa içəridə siqaret çəkəndə, özüm də başqalarından utanırdım. Özümdən başqa digərlərini də zəhərləyirdim. Hamı qaydaya tabe olmalıdır. Belə yaxşıdır».

İçərişəhərdə restoran

İçərişəhərdə restoran

İçərişəhərin tüstüsüz məkanlarından birinin meneceri Fəqan Əliyev deyir ki, onlar lap əvvəldən siqaret çəkilməsinə qadağa qoyublar. Onun fikrincə, qadağa müştərilərin sayını azaltmayıb:

«Alverə də heç bir ziyanı yoxdur. Müştərilərimiz gəlir. Olub ki, görmüşük kimsə çəkir, onu xəbərdar etmişik, o da çıxıb bayırda çəkib qayıdıb. Bura əcnəbi müştərilərin, ailəlikcə nahar edənlərin daha çox xoşlarına gəlir. Bizdə siqaret çəkilmədiyi üçün olur ki, başqa restoranlardan da buraya gəlirlər».

Siqaret çəkilməsinə məhdudiyyət qoyan, amma bu barədə məlumatı yerləşdirib açıqlamayan restoranlar da var.

PARKDA DA SİQARET ÇƏKMƏK YASAQDIR

İçərişəhərin 8 kafe və restoranıyla yanaşı, bir parkında da siqaret çəkmək qadağandır. Qadağa işarəsi arxeoloji parkın qapısına vurulub. Park iki il öncə açılıb. İçərişəhərin 8 kafe və restoranıyla yanaşı, bir parkında da siqaret çəkmək qadağandır

İçərişəhərin 8 kafe və restoranıyla yanaşı, bir parkında da siqaret çəkmək qadağandır

Burada 1982-85-ci və 2010-cu illərdə arxeoloji qazıntılar aparılıb. X-XIII əsrə aid olan arxeoloji yadigarlar üzə çıxarılaraq, əvvəlki görkəminə qaytarılıb.

«Siqaret çəkmək qadağandır!» xəbərdarlığı gözə dəysə də, zibilqabı bir yana, parkın künc-bucağı siqaret kötükləri ilə doludur. Tələbə Bəhruz Dadaşzadə də parkda oturub siqaret çəkənlərdəndir:

«Görməmişəm. Görsəm, çəkməzdim. Qaydaya əməl edən adamam. Mən siqaret çəkməyə təzə başlamışam. Bir il olar ki, siqaret çəkirəm. Adama heç nə vermir. Yüngülvarı fikrimi dağıdır. Başqa heç nə. Ancaq insanı zəhərləyir. Düzdür, mən çəkirəm, ancaq heç kimə məsləhət görmürəm».

Rahib Azəri

Rahib Azəri

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun mətbuat katibi Rahib Azəri həmin parkda siqaret çəkənlər üçün heç bir cərimə nəzərdə tutulmadığını söylədi:

«İnsanlar bunu başa düşməlidirlər ki, nişan varsa, siqaret çəkmək olmaz. Bura ictimai yerdir. Parklardır, digər ictimai yerlərdir – bu, həm də uşaqların olduqları yerlərdir. Onlara yaxşı nümunə göstərmək lazımdır».

Bu park tək Bakıda deyil, bütün ölkə ərazisində siqaret çəkilməsi qadağan olunan tək parkdır.

Azərbaycanda ictimai yerlərdə siqaret çəkilməsi qanunla qadağan deyil. «İctimai yerlərdə siqaret çəkilməsinin qadağan edilməsi haqqında» qanun layihəsindən çox danışılsa da, parlamentin müzakirəsinə çıxarılmır. «Reklam haqqında» qanun uşaq, təhsil və idman müəssisələrində, onların 100 metrlik həndəvərində tütün məmulatının reklamına yol vermir.

Şərhləri göstər

XS
SM
MD
LG