Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:09

Zaqatalalılar nə istəyir? [Video]


Zaqatala rayonundan olan fəallar Arif Hacılı, Əfqan Muxtarlı və Kamran Məmmədov rayonun problemlərindən danışırlar.

-


Jurnalist Əfqan Muxtarlı deyir ki, Zaqatala rayonunda baş vermiş zəlzələdən bir ildən çox vaxt keçməsinə baxmayaraq, evləri yararsız hala düşmüş rayon əhalisinin əksəriyyəti hələ də çadırlarda yaşayır:

«Büdcədən zəlzələdən əziyyət çəkən insanlar üçün 320 milyon ayrılmasına baxmayaraq, hələ də lazımi tədbirlər görülməyib. Zaqatalada tikildiyi iddia edilən 2500 ev hələ də tikilməyib. Hətta evlərin tikilməsi üçün cəlb olunan fəhlələrdən biri pulunu ala bilmədiyi üçün intihar edib. Zaqatalada insanların fəallığı digər bölgələrə nisbətən daha artıqdır, ancaq son 20 ildə zaqatalalılar səslərini çıxara bilmirlər».

Əfqan Muxtarlının fikrincə, rayon əhalisinin əksəriyyəti işsizlikdən və kasıblıqdan əziyyət çəkir:

«İnsanların əsas gəlir mənbəyi olan fındıqçılıq, şabalıdçılıq çöküş içindədir, artıq minlərlə ailə lazımi yardımlar göstərilmədiyi üçün çörəksiz qalıb. Eləcə də, SSRİ-nin tütünçülük mərkəzlərindən olan Zaqatalada artıq tütünçülük məhv olub».

İSMAYILLI HADİSƏLƏRİ DİGƏR RAYONLARDA DA BAŞ VERƏ BİLƏR

İstiqlalçı deputat, əslən Zaqataladan olan siyasətçi Arif Hacılı da bildirib ki, Zaqatala rayonu da digər regionlar kimi bir çox problemlərlə üz-üzə qalıb:

«Xüsusilə də, zəlzələdən sonra zaqatalalıların səbri tükənib, onlara verilən vədlər yerinə yetirilməyib. Evləri sökülən insanların bir çoxu hələ də çadırlarda yaşamağa məcburdur. Dağıntılardan əziyyət çəkən evlərin yenidən tikilməsi ilə bağlı verilən qərarlar icra edilmir, bölgəyə ekspertlər gələrək həmin evlərin əslində təmirə ehtiyacı olmadığını bildirirlər. Bu isə, zənnimcə, büdcədən ayrılan vəsaitin kimlərsə tərəfindən mənimsənilməsinə görə edilir».

Arif Hacılının fikrincə, hökumətin yeritdiyi siyasət düzgün olmadığı üçün Quba və İsmayıllı rayonlarında olan üsyanlar digər rayonlarda da baş verə bilər:

«Mən əminəm ki, yaxın zamanlarda bütün Azərbaycan xalqı ayağa qalxacaq, Quba, İsmayıllı kimi bütün bölgələrin insanları artıq haqlarını tələb etməyə başlayacaq. Azərbaycan hakimiyyətinin regionların inkişafı adlandırdığı siyasət düzgün siyasət deyil, yalnız müəyyən görüntülər yaratmaqla məşğuldurlar. Regionlarda yaradılmış olimpiya kompleksləri məmurların istirahət, əyləncə və biznes yeridir, xalqa heç bir aidiyyəti olmayan komplekslərdir».

İNSANLAR VAXTINDA XƏSTƏXANAYA ÇATDIRILMIR

Arif Hacılının qənaətincə, Zaqatalada sakinlərin fermerliklə məşğul olması üçün heç bir şərait yoxdur. Bundan başqa rayona ayrılan vəsaitlər məmurlar tərəfindən mənimsənilir:

«Xalqa məxsus olan pullar onlardan oğurlanır. Dövlət nümayəndələri insanların yaşayışı haqqında heç bir narahatçılıq keçirmirlər. Azərbaycan xalqı səbirli, təvazökar və qane olan xalqdır, amma bu o demək deyil ki, məmurlar bundan istifadə edib insanlardan oğurluq etməlidirlər».

Zaqataladan olan ziyalı Kamran Məmmədov bildirib ki, rayonda zəlzələ ilə bağlı aparılan tikinti işləri çox gülünc görsənir:

«İşin gedişatına baxanda, oradakı qanunsuzluqlar, sistemsizlik diqqəti cəlb edir. Xalq ciddi islahatların aparılmasını tələb edir».

DOMİNO ÇEMPİONATI KEÇİRSƏLƏR, ZAQATALILAR ÇEMPİON OLAR

İxtisasca həkim olan Kamran Məmmədov rayonun səhiyyə problemlərinə də toxunub:

«Zaqatalada insanlar tibbi xidmətlərdən kifayət qədər yararlana bilmir. Xalqa normal xidmət etmək lazımdır. Kəndlərdə yaşayan insanların tibbi məntəqələrə çıxışı barədə isə danışmağa dəyməz, təcili tibbi yardım isə sıfıra bərabərdir. İnsanların vaxtında xəstəxanaya çatdırılması qeyri-mümkün məsələdir».

Efirə zəng vuran bir Zaqatala sakini bildirib ki, domino oyunları adlı yarış keçirilsəydi, zaqatalılar mütləq birinci yeri tutardı. O, bunu rayonda iş yerlərinin olmaması və rayon sakinlərinin çoxunun vaxtını çayxanalarda domino oyunu ilə keçirməsi əsaslandırıb:

«Zaqatalada olan əsas problemlərdən biri işsizlikdir. İnsanlar çayxanalarda günlərini keçirirlər. İlham Əliyev təkcə Zaqatalada deyil, bütün Azərbaycanda insanları mükəmməl domino oynamağı öyrədib. İnsanların işi-gücü elə çayxanalarda oturub domino oynamaqdır. Xalqlar arasında domino çempionatı keçirsələr, zaqatalılar çempion olar».
XS
SM
MD
LG