Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:26
-
«Bir il əvvəl «Qələbə» Kənd Təsərrüfatı Məhsulları İstehsal-İstehlak Kooperativi yaradıb qeydiyyatdan keçirtdim. Pilot layihə həyata keçirmək üçün həmkəndlilərimlə müqavilələr bağladım. Ancaq Oğuz rayon İcra Hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini, hazırda icra hakimiyyəti başçısının vəzifəsini müvəqqəti icra edən Azad Əliyev mənə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa imkan vermədi. Bu adam torpaqları zəbt edib, kooperativ tərəfindən müqavilə ilə pilot layihəyə cəlb olunmuş torpaqların şumlanmasına imkan vermir».

Oğuzun Kərimli kəndində yaşayan Nadir İsmayılov «Qaynar xətt»ə sahibkarlıq fəaliyyətinə məmur əngəlləri yaradılmasından şikayət edib. O deyir ki, rayonun icra başçısının vəzifəsini müvəqqəti icra edən Azad Əliyev 1 ildir ki, müqavilələr əsasında birləşdirdiyi əkin sahələrini şumlamağa və toxum səpməyə imkan vermir:

«Kooperativi qeydiyyatdan keçirdikdən sonra torpaqların könüllü birləşdirilməsi yolu ilə təsərrüfatımızı yaratmağa başladıq. Kəndimizdə 64 hektarlıq alma bağı var, torpaq islahatları aparılandan sonra həmin bağ kəndlilər arasında bölünüb, hazırda orda 674 təsərrüfat var. Bu təsərrüfatların hər birinin payına 3-14 sot arası torpaq sahəsi düşür. Bu torpaqlar əkilmədiyinə görə itirilmiş torpaq sahələri hesab olunur. Həmin torpaqlara görə kəndlilər vergi ödəsələr də, əkib-biçmədiklərinə görə xeyir götürə bilmirdilər. Məqsədimiz həmin torpaqları dirçəltmək və həm sahiblərinə, həm də kooperativimizə xeyir gətirmək idi. Torpaq yiyələri ilə müqavilələr bağlayıb şumlama işlərinə başlayanda, icra hakimiyyətinin başçı əvəzi Azad Əliyev təzyiqlərə başladı. Özümə birbaşa söz deməsə də, sahəyə gələn traktorçuya təzyiq göstərib ordan uzaqlaşdırırdı. İş o yerə çatmışdı ki, Oğuzda heç bir traktorçu qorxusundan sahəyə yaxın gəlmirdi. Məcbur olub Şəkidən traktorçu gətirdik. Sahənin 15 hektarı şumlandı. Ancaq traktorçu elə bircə gün işlədi. Sabahı gün Azad Əliyev zəng vurub onu necə hədələdisə, pulunu da almadı, qaçıb getdi».

Nadir İsmayılov deyir ki, təzyiqlərə baxmayaraq, şumlanmış 15 hektardan 10 hektarına toxum səpə bilib. Ancaq keçən ilin noyabr ayında Azad Əliyev toxum səpilmiş torpaqları şəxsi traktoru ilə şumlatdıraraq yararsız vəziyyətə salıb. Nadir Əliyev də onun hərəkətlərindən polisə və prokurorluğa şikayət edib. Ancaq Azad Əliyevin əməllərinin araşdırılmasına və hüquqi qiymət verilməsinə nail ola bilməyib. Çünki hər iki qurum ona mülki qaydada məhkəməyə müraciət etməyi tövsiyə edib. Nadir İsmayılov isə hesab edir ki, icra hakimiyyəti başçısını əvəz edən Azad Əliyevin hərəkətləri cinayətdir.

«O QƏDƏR ADAMIN TORPAĞINI ZƏBT ETSƏYDİM...»

Oğuz rayon İcra Hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini, hazırda icra hakimiyyəti başçısının vəzifəsini müvəqqəti icra edən Azad Əliyev isə başqa söz deyir. O bildirir ki, Nadir İsmayılov Kərimli kəndində doğulsa da, uzun illər Türkmənistanda yaşayıb və həmin ölkənin vətəndaşıdır. Foto: Arxiv

Foto: Arxiv

1 ildən artıqdır ki, Kərimliyə gəlib, kəndlilərin torpaqlarını zəbt edərək şumlama işləri aparıb. Kəndlilər də bunun qarşısını alıblar:

- Keçmiş alma bağı var. Həmin bağın sahəsi kəndlilər arasında bölüşdürülüb. Nadir İsmayılov bir kooperativ yaradıb, başlayıb həmin bağın ərazisini müqaviləsiz, razılıqsız şumlamağa. 64 hektar sahəsi olan bağın 8 hektarını şumlayıb. Əlində isə yalnız 64 sot torpağın müqaviləsi var. Araşdırılanda məlum olub ki, müqavilə bağlanmış həmin torpaqlar heç şumladığı sahəyə düşmür. Torpaq sahibləri görüblər ki, bu adam razılıqsız, icazəsiz onların torpaqlarını şumlayıb, onlar da girib öz paylarına düşən sahələrə toxum səpiblər. Mənim bu işlərə qarışacağım yoxdur. Hətta qardaşımın da həmin ərazidəki sahəsini şumlamışdı.

- Nadir İsmayılov iddia edir ki, keçmiş alma bağlarındakı 674 təsərrüfatlıq torpaq sahələrini zəbt etmisiniz. Həmin torpaqlarda əkinçiliklə məşğul olmağa da Siz əngəl yaradırsınız.

- Mən kiməm ki. O torpaqların sahibləri var. 674 təsərrüfat 674 nəfər payçı deməkdir. O qədər adamın torpağını zəbt etsəydim, heç olmasa, biri məndən şikayət edərdi.

Sahibkarlıq fəaliyyətinə məmur əngəlləri yaradıldığını iddia edən Nadir İsmayılov isə məhkəməyə müraciət edəcəyini deyir.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG