Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:50

Şamaxı şamaxılıların gözü ilə [Video]


Şamaxı ziyalıları Taliyət Əliyev, Vüqar Xasayev və Alim Qasımov Şamaxının hazırkı vəziyyətindən danışırlar.

-


«Əslində bu gün Şamaxıda baş verən bütün Azərbaycanda baş verir. Bu gün bütün Azərbaycan regionlarında işsizlik, yolsuzluq, torpaqların zəbt olunması problemi var. Camaat arasında belə bir şayiə gəzir ki, Şamaxının bu vəziyyətdə olmasını Kəmaləddin Heydərov istəyir, çünki Qəbələyə daha çox diqqət yetirilməsini istəyir. Şamaxının yolları bərbad haldadır».

Əslən Şamaxıdan olan hüquqşünas Taliyət Əliyev rayonun problemlərindən danışarkən belə deyib. Onun sözlərinə görə Azərbaycanda olan işsizlik problemi Şamaxıda da aktualdır.

«Şamaxıda cavan insanlara rast gəlmək çox çətindir, gənclər işləmək üçün xarici ölkələrə üz tutur. Bu da insanlarda haqlı narazılığa səbəb olur, bu narazılıqların sonu isə icra başçısının dəyişməsinə gətirib çıxardı».

ŞAMAXI VƏ GÜZDƏK…

Azərbaycanın xalq artisti, xanəndə Alim Qasımov öz dədə-baba yurdunun problemləri haqda danışarkən yerli məmurları qınayıb. Ancaq onun dediyinə görə, yaşadığı Güzdəkin problemləri Şamaxıdan daha çoxdur:

«Mənə elə gəlir ki, bütün rayonların öz problemi var, prezidentin tapşırığı ilə bütün bu problemlər sona çatacaq. Güzdəkdə də işıq, yol problemi var. Güzdəklilərin vəziyyəti şamaxılılardan daha çətindir. Tamahımız bizə normal işləməyə imkan vermir. Mən heç vaxt siyasətə qoşulmamışam, mən sənət adamıyam. Mənim dediyim odur ki, hər rayonun öz problemləri var, eləcə də Şamaxının».

Alim Qasımov deyib ki, o istəyər ki, regionların inkişafına diqqət artırılsın:

«Mənim iştirak etdiyim tədbirlərdə nə qədər pul xərcləndiyindən xəbərim yoxdur. Mən həmin pulların rayonların inkişafına da xərclənməyini istəyərəm. Bu pulların necə xərcləndiyini, kimlərin xərclədiyini isə mən deyə bilmərəm».

HAQSIZLIĞA QARŞI ÇIXMAĞA HƏMİŞƏ HAZIRAM, AMMA…

Alim Qasımov deyib ki, o bölgələr arasında ayrı-seçkiliyin əleyhinədir və bundan başqa həmişə haqsızlığa qarşı etiraza hazır olsa da, siyasətlə işi yoxdur.

«Şamaxı mənim vətənim olsa da, mən bölgələr arasında ayrıseçkilik eləmirəm, məni bütün dünyada sevirlər. Polis vətəndaşla pis davranarsa, polisdən xahiş edərəm belə hərəkətlər etməsinlər. Haqsızlığa qarşı çıxmağa həmişə hazıram, amma siyasi məsələlərə qarışmaq istəmirəm».

Hüquqşünas Taliyət Əliyev isə bildirib ki, Şamaxıda sahibkarlıqla, kiçik bizneslə məşğul olmaq üçün insanlara şərait yaradılmır.

«Kiçik bizneslə əsasən yay mövsümündə məşğul olmaq əlverişlidir, amma yolların bərbadlığı ucbatından buna da artıq imkan yoxdur. Fövqəladə hadisələr baş verəndə dövlət büdcəsindən milyonlarla pul ayrılır, ancaq bu pulların hara getdiyi məlum deyil. Pullar kimlərsə tərəfindən mənimsənilir. «Pirqulu» dövlət qoruğuna məxsus olan ərazidə məmurların bahalı mülkləri tikilib. Şamaxı camaatı suyu öz hesablarına alır, su xətləri isə ancaq məmurların evlərinə çəkilir. Hər hansı bir şəxs kiçik bizneslə məşğul olmaq istəyən zaman ondan elə məbləğdə rüşvət istənir ki, istər-istəməz fikrindən daşınır».

Taliyət Əliyev onu da deyib ki, onun sadaladıqlarını bütün rayonlara da aid etmək olar və problemlər ancaq o zaman həll olunar ki, ölkədə köklü islahatlar həyata keçirilsin.

ŞAMAXILILARI MÜDAFİƏ EDƏ BİLMİRƏM...

Əslən Şamaxıdan olan vəkil Vüqar Xasayev isə bildirib ki, Şamaxı sakinlərinin hüquqlarını müdafiə edə bilmir.

«Şamaxıda hər hansı bir dövlət rəsmisi ilə bağlı işlə məşğul olanda ailəmə və yaxınlarıma qarşı təzyiqlər olurdu, buna görə də, artıq Şamaxı şəhərində olan işlərdə vəkil olaraq iştirak etməkdən imtina edirəm».

Vüqar Xasayev Şamaxının icra başçısının dəyişdirilməsinə də münasibət bildirib.

«Şamaxıda rəhbərlik düzgün təyin olunmamışdı və Şamaxıya ögey münasibət bəslənirdi. Yeni icra başçısı insanlarla normal davranacaqsa, vəzifəsini düzgün yerinə yetirəcəksə vəziyyətin yaxşılaşacağına ümid etmək olar».

Vəkil deyib ki, Azərbaycanda kadr islahatı ya rüşvətlə, ya qohumluq, ya da tanışlıq prinsipi ilə həyata keçirilir. Onun sözlərinə görə, nə qədər ki, Azərbaycanda yeni sistem yaradılmayıb, vəziyyət bundan da pis vəziyyət alacaq.
XS
SM
MD
LG