Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:57

Pullu təhsildə ƏDV ləğv edildi


Foto: Arxiv
Foto: Arxiv
-
Vergilər Məcəlləsinə edilən əlavə dəyişikliyə görə, bütün ödənişli təhsil müəssisələri Əlavə Dəyər Vergisindən (ƏDV) azad olunub.

Bu o deməkdir ki, pullu təhsil müəssisələrinin indiyə qədər büdcəyə ödədiyi 18 faizlik vergi məbləği onların özünə qalacaq.

ƏDV-nin ləğvi illik təhsil haqqının azalmasına və müəllimlərin maaşının artırılmasına gətirib çıxara bilərmi?

«MÜƏLLİMLƏRİN MAAŞI ARTIRILA, TƏHSİL HAQQI AŞAĞI SALINA BİLƏR»

Vergilər nazirinin müşaviri Ələkbər Məmmədov bunu mümkün sayır. Deyir, ƏDV-nin ləğvi həm pullu təhsil müəssisələrinin texniki bazasının möhkəmlənməsinə, həm təhsil haqqının aşağı salınmasına, həm də müəllimlərin maaşının artırılmasına imkan verəcək:

«18 faizlik verginin götürülməsi təhsil müəssisələrinə əlavə resurs qazandıracaq. Onlar həmin vəsait hesabına təhsil haqqını aşağı sala, müəllimlərin maaşını qaldıra, həm də texniki bazanı möhkəmləndirə bilərlər».

QƏRB UNİVERSİTETİ TƏHSİL HAQQINI 18 FAİZ AŞAĞI SALIB

Ödənişli təhsil müəssisələrindən yalnız Qərb Universiteti illik təhsil haqqının 18 faiz azaldılması haqqında qərar qəbul edib.

Avrasiya Universiteti, hələ ki, belə bir addım atmağa tələsmir. Universitetin rektor köməkçisi Şəfayət Əliyev bunu digər özəl təhsil müəssisələri ilə birgə müzakirədən sonra mümkün sayır:

«Təhsil haqqını aşağı salacağıqsa, yəqin, ƏDV-dən azad olunmuş universitetlər məsələ ilə bağlı bir məşvərət məclisi keçirəcək. Yaxınlarda bu barədə məlumat eşidəcəksiniz. Biz onsuz da tələbələrimizə güzəşt edirik. Qaçqın tələbələrə, statuslulara, yüksək balla gələn tələbələrə 50 faiz güzəşt olunur. Hər iki valideynindən məhrum tələbələr də bizdə güzəştlə oxuyurlar».

Təhsil eksperti Əjdər Ağayevə görə, bu məsələdə özəl təhsil müəssisələrini nəyəsə məcbur etmək mümkün deyil:

«Buna göstəriş vermək olmaz. Belə bir təlimat da yoxdur. Ola bilər ki, vergidən qalan vəsait hesabına universitet hansısa layihə həyata keçirsin».

ƏDV-İN LƏĞVİNİN UNİVERSİTET MÜƏLLİMİNİN MAAŞINA TƏSİRİ

İqtisadçı Rövşən Ağayev 18 faiz vergidən azad olunmanı təhsil müəssisələri üçün böyük məbləğ sayır. Onun dediyinə görə, Azərbaycanda elə özəl universitetlər var ki, orda illik təhsil haqqı 3500-4000 manatdır:
Rövşən Ağayev
Rövşən Ağayev

«Misal üçün, Xəzər Universitetində elə ixtisaslar var ki, 3500-4000 manat illik təhsil haqqı tələb edir. Bu vəsaitin 18 faizi 720 manat edir. Bu, az məbləğ deyil».

Qaldı ki, vergi güzəştlərindən dövlət büdcəsinin itirəcəklərinə, Rövşən Ağayev bu məbləğin 15 milyon manatdan çox olmadığını bildirir:

«Dövlət ödənişli təhsil sistemində il ərzində təxminən 60-65 milyon manat vəsait yığılır. Buna görə büdcəyə 10 milyon manat ƏDV ödənilir. Bura özəl universitetləri də gəlsək, onda büdcənin ildə vergidən itirəcəyi 13 milyon manata yaxındır».

Azərbaycanda 15 özəl ali təhsil müəssisəsinin fəaliyyət göstərdiyini nəzərə alıb, təxmini hesablamalar apardıq.

Hər təhsil müəssisəsində təxminən 200 müəllimin çalışdığını nəzərə alıb, ƏDV-nin ləğvindən təhsil müəssisələrinə qalan məbləği müəllimlərin sayına böldük.

Beləcə aydın oldu ki, ƏDV-in ləğvindən sonra qənaət edilən məbləğdən hər müəllimə bir ildə indi aldığından 4333 manat çox əlavə vəsait verilə bilər.
XS
SM
MD
LG