Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 18:48

Rasim Qaraca: "Əkrəm Əylislini cəzalandıran həmin o metafizikadır"


Rasim Qaraca

Rasim Qaraca

-

"Ədəbiyyatımızın yaxın tarixində Rafiq Tağı və Əkrəm Əylisli nümunəsinin olması bizim üçün böyük şansdır".


Yazar Rasim Qaracanın ann.az saytına müsahibəsi


- Rasim bəy, ötənlərdə “Alatoran” yayınlarından endirimli kitab satışı aksiyası təşkil etdiniz. Ümumiyyətlə, bu aksiyada məqsəd nə idi?

“Alatoran” yayınlarından dərc olunan kitabları satmaq, yoxsa sadəcə kitab satışına marağı artırmaq? Bu tipli aksiyalarınız davam edəcəkmi?

- Bu aksiyanın ideyası gənc AYO-çulara məxsus idi. Mən də bunu həvəslə dəstəklədim. Və effekti də gözlədiyimizdən artıq oldu. Qısa vaxt ərzində satışa çıxarılan kitabların hamısı satılıb qurtardı. Məqsəd oxuculara daha ucuz kitab təqdim etmək idi. Kitab oxuyan yoxdur söhbətlərini mənasız hesab edirəm, məlum oldu ki, oxuculara ucuz qiymətə kitab təqdim edəndə onlar bir neçə kitabı birdən ala bilirlər. Məncə naşirlər tamah barajını aşağı endirsələr, bundan həm özləri, həm də oxucular məmnun qalarlar. “Alatoran” bir çox yeniliklərə imza atıb, ucuz kitab ənənəsinin təməlini qoymaq istəyirik, inanıram davam edəcək.

- Ötənlərdə Əkrəm Əylislinin “Daş yuxular” romanına etiraz edən bir qrup adam Gəncədə yazıçının kitablarını yandırdı. Kitab yandıranların olduğu ölkədə kitab yazmağa, satmağa çalışmaq necə hissdir?

- Kitab yandırmaq çox böyük cahillikdir. Bu hadisə durumumuzun düşündüyümüzdən daha fəlakətli olduğunu göstərdi. Kitab yandıranları islah etmənin təkcə bir yolu var bəlkə də, o da yenə kitabdır. Cəhalətlə mübarizə aparmaq hər birimizin vəzifəsi olmalıdır. Aydınlanma mənim əsas şüarımdır.

- Yəqin ki, “Daş yuxuları” oxumusunuz. Ümumiyyətlə, bir ədəbiyyatçı kimi bu romanı bədii mənada necə qiymətləndirirsiniz? Bədii ədəbiyyat nümunəsi olaraq, “Daş yuxular” sizin üçün uğurlu nümunədirmi?

- Ümumiyyətlə, mən Əkrəm Əylislinin romantik-sentimental üslubunu bəyənmirəm. Hətta bu üslubu bir məktəb halına gətirdiyinə görə Ə.Əylislinin ədəbiyyatımızın inkişafına ziyan vurduğunu deyə bilərəm. Mistik Markesi bəh-bəhlə dəbə mindirən məhz odur, özüylə bərabər bu cərəyanın böyük dəstəsini meydana gətirib. Sovetlər dövründən Azərbaycan ədəbiyyatının, pis-yaxşı, qazanmış olduğu realizm məktəbi Əkrəmin sayəsində mistiklərlə və falabaxanlarala əvəzləndi, Vaqif Bayatlı, Ramiz Rövşən kimi qara pərdə şairləri, Mövlud Süleymanlı kimi metafizik nasirləri ədəbiyyata o gətirib, demək olar ki, ədəbi prosesin relsini işıqgələndən ithürənə o çevirib. Məcazi mənada, indi elə metafizika onu cəzalandırır, belə demək olarsa…

- Belə çıxır ki, Əkrəm Əylisli sizin yazıçınız deyil…

Əkrəm Əylisli

Əkrəm Əylisli

- “Daş yuxular”ın yalnız qısa məzmunu ilə tanış olmuşam. Əsəri oxumaq fikrim yoxdur… Lakin, bütün bunlara baxmayaraq, bir yazıçıya qarşı bu qədər təzyiqin göstərilməsi mənə görə, böyük ədalətsizlikdir. Əkrəm qələmlə yazıb və ona qarşı bütün iradlar yalnız qələmlə yazılaraq bildirilməli idi.

- Yəni, Əkrəm Əylislinin xalq yazıçısı titulu əlindən alınmamalıydı?

- Bizdə “xalq yazıçısı”nın əsl mənası “hakimiyyət yazıçısı” deməkdir. Əkrəm də əvvəlindən axıra kimi hakimiyyət yazıçısı olub (bəlkə buraya bir epitet də əlavə edib demək olar: vicdanlı olmağa çalışan hakimiyyət yazıçısı), indi həmin titul onun əlindən alınıb. Məncə, Əkrəm özünün yazıçı müstəqilliyinin qayğısına qalmalıydı. İkibaşlı oynamağın nəticəsi hər zaman belə olub.

Onu da deyim ki, bu hadisənin bədii-estetik cəhətdən ədəbiyatımızın boyartımına təsir edəcəyi mənasızdır. Fəqət yazıçı anlayışının, yazıçı sözünün aktuallaşması baxımından Əkrəm hadisəsi tarixi məna daşıyır. Cəsarət yazıçının əsas özəlliklərindən biridir. Bəzən bu cəsarət ona həyatı bahasına başa gələ bilər, lakin cəsarətli söz düşüncənin sərhədlərini genişləndirir, buna görə də tarixi məna daşıyır. Çağdaş ədəbiyyatımızın kabinet yazarlarını gözünüzün önünə gətirin: sözü piləyərək söyləyən, kölgəsindən qorxan bu cür yazarlar guya gələcəkdə əsl dəyərlərinin veriləcəyinə inanırlar. Bu günü olmayanın gələcəyi də olmayacaq, bu birmənalıdır. Ədəbiyyatımızın yaxın tarixində Rafiq Tağı və Əkrəm Əylisli nümunəsinin olması bizim üçün böyük şansdır. Bu ölkədə azad sözün tarixi ənənəsi var, bu ənənə davam edir və davam edəcək… Yazıçı sözü təsir etməlidir. Canlı həyatla, onun problemləriylə üzvi şəkildə bağlanmalıdır. Bunun ən yaxşı nümunəsini biz Rafiq Tağının yaradıcılığında görürdük. Rafiq periodik olaraq skandallar yaratmağı bacarırdı.

- Rasim bəy, siz uzun illərdir ki, Azərbaycanda ədəbi prosesi canlandırmağa çalışır, bu yöndə fəaliyyət göstərirsiniz. Necə düşünürsünüz, uzun illər gördüyünüz iş öz bəhrəsini verdimi və ya məqsədlərinizə nə dərəcədə nail olmusunuz?

- Hal-hazırda həm çoxlu əsərlər yazılır, həm çoxlu kitablar çap olunur, həm də oxucuların sayı artıb. 10 il əvvəl bu mənzərə ağlasığmaz görünürdü. Cəmiyyətdəki mənəvi böhranın arxada qaldığını hiss edirəm, çox gözəl, sağlam gənclik yetişib, oxumaq dəb halını almağa başlayıb, artıq Azərbaycan gəncliyi öz iradəsinə hakimdir. Bu prosesdə özümün hansısa xidmətlərimin olması haqqında danışmaq istəmirəm… Hər kəs azca da olsa öz ölkəsinin patriotu olmalıdır. Mən də bu cür olmağa çalışmışam. Hobbim olan işlə məşğul oluram, öz fərdi nümunəmdə “bax bu cür də yaşamaq olar” mesajını verirəm. Məncə bu önəmlidir.

- Rasim Qaraca Azərbaycan ədəbiyyat tarixində nəylə xatırlanacaq? Ümumiyyətlə, özünüzü bu mənada harda görürsünüz?

- Mənim ədəbiyyat tarixində qalmaq və ya əbədiyyətə düşmək kimi bir qayğım yoxdur, çünki əbədiyyət adlı bir zadın olmadığını başa düşürəm. İndiki zaman mənim üçün önəmlidir, keçmiş də, gələcək də buradadır, yaşamaqda olduğumuz anın içərisində.

ann.az

Günün bütün mövzuları

XS
SM
MD
LG