Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:12

Penitensiar Xidmətin keçmiş nəzarətçisi: «Bu əmək kitabçası ilə hara gedim?»


Arxiv foto

Arxiv foto

-
«Günahım odur ki, dəfələrlə Penitensiar Xidmətin rəhbərliyinə müraciət etmişəm ki, iş yerimi yaşadığım əraziyə yaxın cəzaçəkmə müəssisələrindən birinə dəyişsinlər. Ancaq hər şey əksinə oldu. Məni işdən çıxartdılar, özü də elə bir maddə ilə işdən çıxartdılar ki, indi heç yerdə işə götürmürlər».

«Qaynar xətt»ə şikayət edən Zahid Əliyev Bakıdakı cəzaçəkmə müəssisələrində nəzarətçi işləyib. 2010-cu ildə ədliyyə orqanlarından xaric edilib. Deyir, yeganə təqsiri rəhbərlikdən yaşadığı əraziyə yaxın müəssisələrdən birinə keçirilməsini istəməyi olub. O, hər dəfə rəhbərliyə belə məzmunda raportla müraciət etdikcə, hər dəfə iş yeri dəyişdirilib. Ancaq bunların heç birində onu raportlarındakı xahişlərinə uyğun əraziyə işə göndərməyiblər. Əksinə, o, rəhbərliyə yazdıqca, xidmət yeri yaşadığı ərazidən bir qədər də uzaq düşüb. Sonra Penitensiar Xidmətdə çalışanlardan birinə rüşvət vermək qərarına gəlib ki, onun istəyini gerçəkləşdirsin. Ancaq bu dəfə də Zahid Əliyevi gah Xətai rayonu ərazisindəki 4 saylı, gah da Köhnə Əhmədlidəki 7 saylı müəssisələrə göndəriblər. Bu qədər yerdəyişmə sonda onu işsiz qoyub:

«Mən Binədə yaşayıram. Binədə 3 müəssisə yerləşir. Raportumda da yazmışam ki, yaşadığım Binə qəsəbəsindəki müəssisələrdən birinə nəzarətçi keçirilməyimi xahiş edirəm. Mən yazmamışam ki, Əhmədliyə 7 saylıya, yaxud qadınların 4 saylı müəssisəsinə keçirin. Hər dəfə sanki bilərəkdən məni daha uzaq yerlərə göndərəsiniz. İndi də işim təhqiqatdadır. Dəfələrlə Mədət Quliyevin qəbuluna düşmək istəmişəm. İmkan verilmir ki, ona başıma gələnləri danışım. Bilirəm ki, o, məni başa düşər».

3 DƏFƏ ŞİDDƏTLİ TÖHMƏT ALIB

Penitensiar Xidmətdən bildirilib ki, Zahid Əliyev 2006-cı ilin aprelində Penitensiar Xidmətdə kiçik rəis heyəti qismində qulluğa qəbul edilib. Qulluq müddətində müxtəlif səbəblərdən iş yerini tez-tez dəyişərək ixtisaslaşdırılmış müalicə müəssisəsi, həbsxana, 7 və 12 saylı cəzaçəkmə müəssisələrinin nəzarətçisi, 2 dəfə Mühafizə Alayı atıcısı vəzifəsinə təyin olunub. Qulluq müddətində xidməti intizamın tələblərini pozduğuna görə 3 dəfə şiddətli töhmət alıb. Sonuncu iş yeri Qaradağdakı 12 saylı cəzaçəkmə müəssisəsi olub. Zahid Əliyev orda nəzarətçisi vəzifəsində işləyərkən 2010-cu ilin aprel ayında, ədliyyə orqanlarında qulluq keçmə haqqında qanunun 31-ci maddəsinə əsasən, ədliyyə orqanlarından xaric olunub.

Bundan sonra Zahid Əliyev dəfələrlə Penitensiar Xidmətə müraciət edib ki, işdən çıxarılmasının səbəbləri dərindən araşdırılsın və işdən qovulma maddəsi üzərindən götürülsün. Hazırda Zahid Əliyevin məsələsi Penitensiar Xidmətin təhqiqat şöbəsində araşdırılır.

Zahid Əliyevsə deyir ki, əmək kitabçasına yazılmış maddə ona başqa yerdə işə düzəlməyə əngəllər yaradır:

«Bu yaxınlarda iş təklifi aldım. Ancaq əmək kitabçamda maddəni görüb işə götürmədilər. Bu əmək kitabçası ilə hara gedim?».

Zahid Əliyev Penitensiar Xidmətin təhqiqat idarəsində aparılan araşdırılmanın nəticələrinə ümid edir və işsiz qalmasına böyük səbəb olmuş maddənin üzərindən götürülməsini istəyir.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG