Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 21:52

Ədliyyə rəsmisi: «Cərimələri orta maaşa görə hesablamaq düzgün deyil»


Faiq Qurbanov

Faiq Qurbanov

-

Ədliyyə Nazirliyinin insan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Faiq Qurbanov etiraz aksiyalarında iştiraka görə cərimələrin icrası ilə bağlı AzadlıqRadiosunun suallarına cavab verib. Müsahibəni ixtisarla təqdim edirik:

- Cərimə cəzalarının məcburi icrası başlanıb. İcra məmurları etiraz aksiyalarında iştiraka görə cərimələnmiş şəxslərin evlərinə gedir, onların adına olmayan əmlakı müsadirə edirlər. Əksər müşahidəçilər bu fikirdədir ki, icranın belə tezləşdirilməsi siyasi amillərlə bağlıdır. Axı hazırda icrasını gözləyən yüzlərlə iş var. Doğrudanmı Azərbaycanda məhkəmə qərarları siyasi sifarişlə icra olunur?

- Qətiyyən razı deyiləm bu fikirlə. Bütövlükdə məhkəmə qərarlarının icrasına nail olunmalıdır. Bu, cərimələrə də aiddir. Müxtəlif qərarlar, heç bir kateqoriyaya bölmədən icra olunmalıdır. Bu, bir vəzifə kimi bizim icra xidmətinin qarşısında qoyulur. Bu, yeni müəyyən olunmayıb. Yaradılandan bəri icra xidmətinin əsas vəzifəsi məhkəmə qərarlarının yerinə yetirilməsidir. İcra haqqında, icra məmurları haqqında qanun da təkmilləşdirilib. Könüllü icra müddəti əvvəl 5 gün idisə, indi 10 gündür. Vətəndaş bu müddətdə qərarı icra etməzsə, təbii ki, məcburi icra tədbirləri həyata keçirilir. Bu məsələni belə bir çərçivəyə mindirmək düzgün yanaşma deyil.

- Yəni bu icra siyasi amillərlə bağlı deyil?

- İcra məmurları öz işləri ilə məşğuldurlar. İstər cərimə olsun, istər başqa məhkəmə qərarı, icra etməlidirlər. Bu elə prosesdir ki, hər kəs narazılığını bildirə bilər. Hər kəsin qərardan şikayət hüququ var. Ancaq məhkəmə qərarı qüvvəyə minirsə, icra olunmalıdır.

- Ancaq bu halda müsadirə olunan əmlak borcluların adına deyil, valideynlərinin, ya başqasının adınadır. Bu, nə dərəcədə qanunidir?

- Qanuni prosedurla belə müəyyənləşib ki, onların adına olan əmlakdan söhbət getməlidir. Şəxsin əmlakı varsa, onunla bağlı hərəkətlər həyata keçirilə bilər, başqa vətəndaşın əmlakına yönləndirilə bilməz. Bunlar qanunla müəyyən olunan qaydada həyata keçirilməlidir.

- Bəs dediyiniz qanuni prosedurlar niyə bütün məhkəmə qərarlarının icrasına aid edilmir?

- Cərimənin ödənməsi birdəfəlik aktdır. Məhkəmə müəyyən cəriməni təyin edib, icra olunandan sonra nə icra məmurunun, nə də başqasının o vətəndaşla işi olur.

- Onda belə düşünməyə əsas varmı ki, ancaq cərimələrlə bağlı qərarlar dərhal icra olunur, digərlərinin icra müddəti isə bilinmir?

- Yox, belə deyil. Statistikaya baxsaq, cərimələr məhkəmə qərarlarının əksər hissəsini təşkil etmir. Dərhal icra olunan başqa qərarlar da var.

- Varmı belə statistika? Hüquqşünaslar son illər məhkəmə qərarlarının neçə faizinin icra olunduğuna dair statistikanın açıqlanmadığını deyirlər.

- Bu, qapalı məlumat deyil. Kütləvi informasiya vasitələrində, bizim rəhbərliyin, cənab nazirin məqalələrində həmin rəqəmlər göstərilir. Əlbəttə, ağır sahədir, problemlər də var. Qərarların 100 faiz icra olunduğunu deyə bilmərik, ancaq irəliləyiş də var. «Bütün qərarlar qalıb kənarda, ancaq cərimələr icra olunur» demək çox qeyri-obyektiv və birtərəfli mövqedir.

- Belə düşünənlər də var ki, məhz insanları aksiyalardan çəkindirmək üçün cərimələrin məcburi icrası başlanıb.

- Bu məsələdə mən bir az ehtiyatlı olardım. İnsanları aksiyalardan çəkindirmək üçün cərimələr tətbiq olunması barədə fikirləri eşitmişik. Beynəlxalq təcrübəyə baxın. Bəziləri deyir Rusiya təcrübəsi ilə gedilib. Avropaya baxaq. Məsələn, İsveçrədə 40 min avroyadək cərimə var.

- Ancaq həmin ölkələrdə nə orta əməkhaqqı, nə də minimum maaş Azərbaycanla müqayisəyə gəlmir...

- Cərimələrə görə orta maaşı hesablamaq düzgün deyil. Bu, cərimədir, birdəfəlik aktdır. Bu, vergi deyil ki, orta maaşı hesablayasan. Qanunla üst-üstə düşməyən hərəkətin görülməsinə görədir. Burada beynəlxalq təcrübə nəzərə alınıb və təsirli mexanizm müəyyən olunub. Niyə heç kəs demir ki, yol hərəkəti qaydalarının pozulmasına görə də cərimələr qaldırılıb? Bu da o qəbildən olan məsələdir. Aksiyaya görə cərimələrin tətbiqinə qanunvericiliyə edilən dəyişikliklər kontekstində yanaşılmalıdır. Biz də bilirik, siz də bilirsiniz ki, qanunsuz aksiya keçirməyə meylli olan, onu keçirəcək. Son təcrübə də göstərdi ki, qanuna hörmətlə yanaşmayan bəzi insanlar yenə də bu hərəkətlərdən çəkinmirlər. Aksiya keçirməyin də sivil yolları var – razılaşdırılmış qaydada, müəyyən olunmuş yerlərdə keçirilsə, buna görə heç kəs cərimələnməz, digər tənbeh görməz.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG