Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:39

Əli Kərimlinin seçki planları [Video]


AXCP sədri Əli Kərimli seçkiöncəsi planlarından, müxalif siyasilərə edilən basqılardan danışdı, mətbuatda onun barəsində yazılanlara münasibət bildirdi.

-


Əli Kərimlinin verilişdə səsləndirdiyi fikirlərdən bəzilərini diqqətinizə çatdırırıq:

«Biz həm seçkilərlə bağlı fəaliyyətimizi, həm də ölkədə demokratik qüvvələrin təmərküzləşməsi istiqamətində məsləhətləşmələrimizi davam etdiririk. Eyni zamanda, kütləvi etiraz aksiyaları üçün də hazırlıqlarımızı davam etdiririk. Yanaşmamız belədir ki, Azərbaycanda normal seçki mühiti yoxdur. Mövcud seçki məcəlləsi, seçki komissiyaları, real şərait, Azərbaycan hökumətinin seçkilərə yanaşması heç bir təminat vermir ki, indiki qaydada hər şeyin davam edəcəyi təqdirdə ölkədə demokratik seçki olsun. Ona görə də xüsusi əlahiddə işlər görülməlidir. Biz hesab etmirik ki, Azərbaycanda seçkinin taleyi şablon qaydada həll olunmalıdır - bütün iddialılar namizədliyini irəli sürməli, müəyyən seçki kampaniyası aparmalı, obyektiv seçki komissiyaları da onların arasında arbitr olub, ən güclünü qalib elan etməlidir. Bu düstur Azərbaycanda işləmir. Biz hesab edirik ki, bütün səylər yönəlməlidir seçki mühitinin dəyişməsinə, demokratik seçki şəraitinin yaradılmasına, bu şəraitin hökumətin tam inhisarından çıxarılmasına. Bütövlükdə dəyişiklik istəyən demokratik cəbhə bir araya gəlib bir güc yaratmalıdır. Yalnız belə bir böyük birlik Azərbaycan xalqına o mesajı verə bilər ki, kütləvi şəkildə aktivləşmək və seçki mübarizəsinə qoşulmaq lazımdır...».

«Prezidentin çıxışından mənim dəyərləndirdiyim yeganə müsbət cəhət o idi ki, hökumət nəhayət xalqdan qorxdu. Özü də dedi ki, indiyə qədər bunların hamısını bilirmiş. Amma onu narahat etmirmiş ki, onun təyin etdiyi nazirlər, icra başçıları həddindən artıq dəbdəbəli həyat sürürlər, fironluq edirlər, kiçik padşah kimi davranırlar. O vaxta qədər ki, xalq özü qalxıb, özünə hörmət tələb etdi, o günə qədər İlham Əliyevi bunlar narahat etmirdi. Xalq fərqindədir ki, İlham Əliyev bu addımları məcburiyyətdən atdı. Ona görə yox ki, özünün dediyi kimi, bu, onun təbiətinə ziddir, ona görə ki, o, məcbur oldu. Artıq bu hadisənin digər rayonlara sıçramasından ehtiyatlandı. Bu hadisənin ölkə miqyasında təkrarlanmağından ehtiyatlandı...».

«Heydər Əliyev də avtoritar üsul idarə tərəfdarı idi. Amma o, haradasa müəyyən həddə qədər rəqabətə dözə bilirdi və özünə əmin idi. Amma İlham Əliyev hər hansı rəqabəti ləğv etmək istəyir. Müxalifəti tamamilə əzib, məhv etmək istəyir. Heydər Əliyev zəiflətmək istəyirdi, amma İlham Əliyev məhv etmək istəyir...».

«Mən namizəd olmağa tələsmirəm. Hesab edirəm ki, əvvəlcə o demokratik seçki şəraitinin təmin olunması və böyük birlik naminə daha böyük çalışmalar olmalıdır. Hamı öz namizədliyində israr edəndə, həmin o böyük birliyə nail olmaq istiqamətində problemlər yaranır. Eyni zamanda, həmin o böyük birlik yaranmadığı üçün demokratik mühitin formalaşmasında da problemlər yaranır. Mən öz namizədliyimin üstündə bu gün israrla dayanıb, gündəmi buna cəlb etmək istəmirəm, bunu yanlış sayıram. Demokratik seçki mühiti yaransın, o zaman situasiyaya görə baxacağıq. Ölkədəki böyük, əhəmiyyətli ictimai-siyasi qüvvələr məqsədəuyğun hesab etsələr ki, mən namizəd olum, Azərbaycan demokratiyası, xilası üçün bu, daha doğru yoldur, o zaman mən namizəd olacağam. Yox, yenə də o böyük birlikdə belə qənaət formalaşsa ki, mən yenə də güzəştə getməliyəm, mən bununla razılaşacağam...».

«Mən hesab edirəm ki, İctimai Palata, Ziyalılar Forumu, REAL hərəkatı, ölkənin İctimai Palatadan kənarda olan 4-5 böyük partiyası, gənc fəallar, ictimai fəalların hamısı bir araya gəlib, vahid bir müstəvidə birləşməlidirlər. Demokratik seçki mühitinə nail olmaq üçün ümumi plan qəbul olunmalıdır. Orada ümumi bir kollektivə çevriləndən sonra bütövlükdə Azərbaycan demokratiyası ilə bağlı çalışıb birlikdə qərar verməliyik...».

Şərhləri göstər

XS
SM
MD
LG