Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:44

Eldəniz Quliyev: ""Xoca" kimi filmləri xaricə az çıxarsaq yaxşıdı" Vahid Mustafayevin cavabı


soldan sağa: Mirşahin, proqramın prodüseri Cavid Zeynallı, Vahid Mustafayev, proqramın operatoru Cavanşir Ağamalıyev və aparıcı Şahnaz Bəylərqızı

soldan sağa: Mirşahin, proqramın prodüseri Cavid Zeynallı, Vahid Mustafayev, proqramın operatoru Cavanşir Ağamalıyev və aparıcı Şahnaz Bəylərqızı

Cəmil Quliyev: "Bu, Xocalı haqda professional filmdir".

-

Şahin Xəlil:

- Bu filmdə hadisələr 1992-ci ildə cərəyan edir. Amma leytenantların qolunda VMF saatı var. Hərbçilərin əynində NATO sisteminə aid geyimlər, bundan başqa Viola pendiri, şadlıq evində plazma televizor... Axı, bunlar həmin vaxt olmayıb.


Vahid Naxış:

- Azərbaycan xalqı Xocalıda nə baş verməsindən xəbərsiziydi. Bu filmə baxandan sonra insanlar başa düşdülər ki, Xocalıda nə baş verib.


Mirşahin Ağayev:

- Biz istənilən ölkədə bu filmin nümayişindən sonra kifayət qədər göz yaşları ilə rastlaşdıq. Bizi mükafat maraqlandırmırdı.



Xocalı qətliamı haqda “Xoca” filmi necə alınıb? (Filmi Youtube-da izlə) Azadlıq Radiosunun "Pen klub" proqramındakı debata filmin ssenari müəllifi və rejissoru, ANS Müstəqil Yayım və Media Şirkətinin prezidenti Vahid Mustafayev, baş prodüseri Mirşahin Ağayev, Azərbaycan Dövlət Film Fondunun direktoru, rejissor Cəmil Quliyev, “Ölməzdən öncə izləməli olduğunuz 111 film” kitabının müəllifi Şahin Xəlil və rejissor Eldəniz Quliyev qatıldılar.

“XOCA”NIN YEREVAN SƏFƏRİ

Şahnaz Bəylərqızı:

- “Xoca” filminin sonunda titrlərdə yazılır: “20 il gecikdiyimiz üçün üzrxahlığımızı qəbul edin”. Vahid müəllim, necə bilirsiz, üzrxahlığınız qəbul olundumu?

Vahid Mustafayev:

- Üzrxahlıq filmin keyfiyyətiylə bağlı deyildi. Onunla bağlıydı ki, bu film 20 il əvvəl çəkilməliydi. Mən də bir Azərbaycan vətəndaşı, bu sahədə çalışan adam kimi tamaşaçılardan üzr istədim. Şükr Allaha ki, bizim filmimiz öz yerini tuta bildi. Hətta Ermənistandan filmə etiraz olmayıb.

Ş.B:

- Eşitdiyimizə görə, bu filmi Yerevanda keçirilən kinofestivala da göndərmisiz.

V.M:

- Bəli. Məncə, bu film Ermənistan tamaşaçısı üçün maraq kəsb etməliydi. Mənə çox maraqlı olardı ki, Xocalı haqda erməni rejissorun filminə baxım.

Ş.B:

- Əkrəm Əylisli də deyir ki, Xocalı haqda erməni yazıçıları yazmalıdır.

V.M:

- Mən özümü kiminləsə müqayisə etmək istəmirəm. Mənə bir dəfə sual verdilər ki, niyə filmdə erməni vəhşiliklərini göstərməmisən? Həmin vəhşiliklər erməni xalqının faciəsidir. Onların faciəsi haqda öz rejissorları güc tapıb göstərməlidirlər. O ki qaldı, festivala filmi göstərməyə 2012-ci ildə ermənilərin gücü çatmadı. Ermənistan heç vaxt bizim filmləri qəbul etməyib. Bəxtimizdən bu dəfə Ermənistana Azərbaycanın deputat qrupu getdi, biz də filmi deputatımız Jalə xanıma verdik ki, şəxsən çatdırsın. Onda artıq deyə bilmədilər ki, almamışıq, rəsmi etiraz bildirdilər. (ardı aşağıda)

Cəmil Quliyev və Vahid Mustafayev

Cəmil Quliyev və Vahid Mustafayev



“SİYASİ FİLM ÇƏKMƏK ÜÇÜN GƏRƏK MÜƏLLİFİN HAQQI OLSUN”

Cəmil Quliyev:

- “Xoca” Azərbaycanda ilk siyasi filmdir. Xocalı hadisələrinə siyasi prizmadan ilk yanaşmadır. Filmin 20 il gecikməsinə görə üzr istəmək də cəsarət tələb edir. Mən hesab edirəm ki, bu film Azərbaycan kino tarixində mühüm yer tutacaq. Bu film haqda müəyyən insanlar fikirlər yaymağa çalışırlar və mən o fikirlərlə razı deyiləm. Bu, Xocalı haqda professional filmdir. Müəlliflər onu rəfdə saxlamır, ölkə-ölkə addımlayırlar. Xaricdə görürlər ki, erməni nasistləri Azərbaycanın başına nə oyun açıblar.

Ş.B:

- Cəmil müəllim, hansı nüanslara görə filmi cəsarətli sayırsız?

C.Q:

- Əvvəla, siyasi mövzuya toxunmağın özü cəsarət tələb edir. Siz elə bilirsiz, ermənilər bu insana təklikdə təcavüz etməzlər, erməni lobbisi onu öldürtməz?

Vahid M:

- Təhlükə bizim alnımıza yazılıb. Siyasi film çəkmək üçün gərək rejissorun mənəvi haqqı olsun.

“YARADICI İNSANLAR SONRAYA GÖRƏ MƏSULİYYƏT DAŞIMIRLAR”

Ş.B:

- Bəzi tənqidçilərə görə, “Xoca”da dövrün siyasi atmosferi tam əksini tapmayıb.

Vahid M:

- Mən film çəkəndə tarixi hadisəni stenoqram şəklində göstərmək istəmirdim. Mən rejissor kimi Almaniyanın ekspressionizm janrını seçdim. Bu janr XX əsrin əvvəlində meydana çıxıb. Almaniya da o zaman Azərbaycana oxşar vəziyyətdə idi. Ekpressionistlərin məqsədi Birinci Dünya Müharibəsini uduzan, torpaqlarını itirən və mənəvi baxımdan düşən alman xalqını qaldırmaq idi. Ekpressionistlər cəmiyyəti dəyişə bildilər.

Ş.B:

- Amma sonrası nə oldu?

V.M:

- Yaradıcı insanlar sonraya görə məsuliyyət daşımırlar. Sonraya görə mənfur siyasətçilər və bədbəxt adamlar cavabdehlik daşıyırlar.

Ş.B:

- Amma İran rejissorlarından birinin belə fikri vardı ki, faşizmin yaranmasında alman cəmiyyətinin və mədəniyyətinin də rolu var idi.

V.M:

- Doğrudur. Amma yaradıcı insan başqalarında vətənpərvərlik yaratmaq istərkən siyasətçilərin bunu hansı məcraya yönəltməsinə görə məsuliyyət daşıya bilməz. (ardı aşağıda)

Vahid Mustafayev

Vahid Mustafayev



“1992-Cİ İLDƏ VMF SAATI, VİOLA PENDİRİ, PLAZMA TELEVİZOR?”

Şahin Xəlil:

- Müharibə filmi tarixə əsaslanmalıdır. Bu filmdə hadisələr 1992-ci ildə cərəyan edir. Amma leytenantların qolunda VMF saatı var. Hərbçilərin əynində NATO sisteminə aid geyimlər, dizayn proqramı ilə işlənən kataloq, Viola pendiri, şadlıq evində plazma televizor... Axı, bunlar həmin vaxt olmayıb. İkincisi, filmdə humanizm yoxdur. Dünya kinosunda “Şindlerin siyahısı”, “Pianoçu” və “Sıravi Rayanı xilas etmək” kimi mükəmməl filmlər var. Bu filmlər ilk növbədə humanizminə görə uğur qazandılar. Vahid müəllimə sualım budur ki, sizin filmdə humanizm göstərmək olmazdımı?.. Bundan başqa, ssenaridə boşluqlar çoxdur. Ön xətdə sevgi gəlir, qadın-kişi münasibətləri. Bu münasibət üzərində müharibə filmi çəkmək absurddur. İki sözdən biri qeyrət-namus olan bir insan filmdə 3 dəfə sevgilisiylə öpüşür, hətta bir yerdə qızla oğlan dükanda çarpayının dözümlülüyünü yoxlamaq istəyirlər, deyirlər ki, bəlkə burda yoxlayaq? Bu zarafat da mənə əttökən gəlir...

“MƏHƏBBƏT SƏHNƏLƏRİNİ ÇƏKƏNDƏ MƏQSƏDİM KİMİNSƏ NAMUS-QEYRƏTİNİ YOXLAMAQ DEYİLDİ”

Vahid M:

- Birincisi, VMF şirkəti saat satır, onu istehsal etmir. İkincisi, filmdə plazma televizor görünmür. Qaldı, NATO formasına, o zaman bir neçə komandirdə türk NATO forması var idi. Mən də buna görə çəkdim. Məhəbbət səhnələri haqqında. Məsələn, yatağı yoxlamaq və öpüş səhnələri çəkəndə məqsədim kiminsə namusunu-qeyrətini göstərmək deyildi. Mənim məqsədim bu insanların bir-birini nə qədər sevdiyini göstərmək idi. Bunları mən pioner kimi, komsomol məsafəsində, bir-birinə “vozduşnıy potseluy” göndərən kimi göstərsəm sonda məhəbbət mahnısı da qırıla bilməzdi... “Humanizm niyə yoxdur” sualına gələndə, mən bilmirəm Şahin müəllimin terminologiyasında humanizm nə deməkdir. Mənim bütün filmim və bütün həyatım humanizm üzərində qurulub. Humanizm deyəndə siz nəyi nəzərdə tutursuz?

Şahin X:

- Humanizm nümunəsi kimi Azərbaycanda “Sarı gəlin” filmi var. Azərbaycanda çəkilən yeganə müharibə filmidir ki, orda humanizm var. Öz xalqını haqlı göstərməklə, digər tərəfi qıcıqlandırmaqla humanizmdən söhbət gedə bilməz. Yəni bu filmin mesajı nədir?

V.M:

- Ümumiyyətlə, bülbüldən soruşmazlar ki, sən nə haqqında oxuyursan? Mən bir film yaratmışam, siz də orda humanizm görməmisiz. Mənsə ora bacardığım qədər humanizm qoymaq istəmişəm.

Şahnaz B:

- Rüstəm İbrahimbəyov “Xoca” haqda danışanda deyib ki, bu film xaricə çıxarıla bilməz. O “Qarabağ hadisələri və Xocalı soyqırımından bəhs edən film çox keyfiyyətli və çox səviyyəli olmalıdır” söyləyib. Siz nə deyirsiz?

Mirşahin Ağayev:

- Rüstəm İbrahimbəyov peşəkar olduğu üçün peşəkar kino klassikinin diliylə cavab vermək istəyirəm. Biz bu günlərdə Bişkekdə filmin xüsusi nümayişində olduq. O filmdən ağlaya-ağlaya çıxanlardan biri də SSRİ xalq artisti Bolot Şamşiyev idi. O dedi ki, bu, böyük türk filmidir və bunu bütün türk ölkələrində göstərmək lazımdır. Filmin Altın Portağal Festivalında bir dəfə nümayiş edilməsi nəzərdə tutulsa da, bir neçə dəfə göstərildi, anşlaqla keçdi. “Xoca”nı Qahirə beynəlxalq film festivalında da nümayiş etdirdik. Ərəblər mitinqə, inqilaba qalxırmış kimi hamını Azərbaycanın haqqını tapdalayan dövlətə qarşı səsləyirdilər.

Ş.B:

- Film beynəlxalq mükafatlar alıb?

Mirşahin A:

- Dərdin, tabutun mükafatı göz yaşları olur. Biz istənilən ölkədə bu filmin nümayişindən sonra kifayət qədər göz yaşları ilə rastlaşdıq. Bizi mükafat maraqlandırmırdı. Biz dərdimizi dünyaya çıxarırdıq. Rüstəm İbrahimbəyovun dediklərinə gəlincə, o bir qədər sonra “Xoca” haqda dediklərinin düzgün şərh edilmədiyini bildirdi. O, böyük peşəkardır. Böyük insanların böyük səhvləri də olur. Mən həmişə “Həm ziyarət, həm ticarət” filminə baxanda belə qəbul edirəm ki, biz həmişə Rüstəm müəllimdən dünyanı gözləmişik. Amma onun qəhrəmanlarının qoltuğuna qlobus veriblər...

Ş.B:

- Xocalı haqda sıravi azərbaycanlı statistik məlumatları bilir, nə qədər insan qətlə yetirilib, neçə uşaq öldürülüb və ya ailəsini itirib. Bunlar öz yerində. Bəs bu film 20 ildən sonra həmin hadisələrə hansı yeni baxışı təqdim etdi?

M.A:

Eldəniz Quliyev

Eldəniz Quliyev

- Bu film mənim həm də ona görə xoşuma gəlir ki, burda Azərbaycanda mövcud olan stereotip kino üslubu tam fərqli şəkil alıb. Bu baxımdan filmdə çoxlu yeniliklər var. Ən böyük yenilik odur ki, biz Azərbaycanda Vahid Mustafayevin filminin sayəsində alman neoekspressionizm janrının ilk nümunəsini görmüşük, rənglərin, işıqların oyunun görmüşük.

“BU FİLMƏ BAXANDAN SONRA AZƏRBAYCAN XALQI BAŞA DÜŞDÜ Kİ, XOCALIDA NƏ BAŞ VERİB”

Vahid M:

- Siz dediniz ki, Azərbaycan xalqı Xocalı faicəsindən xəbərdardı və məlumatlıdır. Mən bu filmin ssenarisini 2010-cu ildə yazdım. Bir il sonra başa düşdüm ki, mən ümumiyyətlə, Xocalı haqda heç nə bilmirəm.

Ş.B:

- Amma bununla belə, siz bu filmdə sıravi azərbaycanlının bildiyindən artıq nə təqdim edə bildiz?

V.M:

- Azərbaycan xalqı Xocalıda nə baş verməsindən xəbərsiziydi. Bu filmə baxandan sonra insanlar başa düşdülər ki, Xocalıda nə baş verib.

“HÖRMƏTLİ VAHİD NAXIŞ DA BİLMƏLİDİR Kİ...”

Eldəniz Quliyev:

- Bayaq Mirşahin danışdı, o dedi ki, Rüstəm səhvini boynuna alıb, nə bilim nə, bu, həqiqətə uyğun olmayan söhbətdir. Rüstəm müəllim də mənim kimi demişdi ki, bu film Azərbaycandan kənarda uğur qazanmayacaq, necə ki, biz buna şahid oluruq. Əlbəttə filmi 100 ölkədə göstərmək olar, ancaq... Müharibə haqqında, ağrımız-acımız haqda çəkilən film yüksək peşəkarlıqla çəkilməlidir. Məhz belə olmadığı üçün çoxlu suallar var. Sadəcə, hörmətli Vahid Naxış da bilməlidir ki, belə filmləri sərhəddən kənara nə qədər az çıxarsaq, daha yaxşıdır. Mirşahin deyir ki, filmə baxanlar filan yerdə ağladılar. Film ağlamaq üçün deyil, o, katarsis yaratmalı, düşündürməlidir. Qətliamdan kino çəkirsənsə, məqsəd qətliamın özünü göstərmək yox, qətliam vasitəsilə söz demək olmalıdır. Digər tərəfdən filmdə işıq olmalıdır.

Vahid M:

- Eldəniz Quliyevin fikirləri bir adamın fikridir, onun haqqı var ki, nəsə xoşuna gəlməsin. Azərbaycanda o qədər insan var ki, Pikassoya nifrət edir. Salvador Dalinin əsərlərini namussuz sayır.

Mirşahin A:

- Mən Eldəniz müəllimi əvvəl tanımırdım. Onun bəzi işləriylə tanış oldum. Eldəniz Quliyevin bir filmi “Haray” idi, plakat janrında çəkilib. Guya ki kimsə meşədə Qarabağ şikəstəsi oxuyur, ermənilər onu məcbur edirlər ki, oxuma, amma o oxuyur... Bir də səhv etmirəmsə “Quqquluqu” filmi var. O da gələcəkdə daha yaxşı filmlər çəkmək üçün avansdır, ümid edirik ki, yaxın 10-15 ildə daha maraqlı işlər çəkər. O ki qaldı "Xoca"ya, son 10-15 ilin statistikasına, satılan disklərin sayına görə deyə bilərəm ki, bu, son 10-15 ilin ən çox baxılan filmidir. 50 minə yaxın disk buraxmışdıq, hamısı da satılıb. Respublika üzrə nümayişlərdə isə, kinoteatrlara 400-500 min tamaşaçı gəlib.

E.Q:

- Hörmətli Mirşahin müəllim yenə də həqiqəti təhrif edir. Mən “Quqqulu” adlı film çəkməmişəm, “Pirverdinin xoruzu”nu nəzərdə tutursa, o bir neçə beynəlxalq festivalda qızıl medal alıb. “Quqqulu” filmi çəksəydim, şübhəsiz ki, Mirşahini baş rola dəvət edərdim.

Cəmil Q:

- Xocalı hadqa sənədli şəkildə Azərbaycan xalqına harayı Çingiz Mustafayev çatdırdı, bədii şəkildə harayı Vahid Mustafayev. Mən bir azərbaycanlı kimi onlara dərin təşəkkürümü bildirmək istəyirəm.


Bu, proqramda söylənənlərin bir hissəsi idi. Debatı tam şəkildə izlə:

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG