Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:16

Yadınızdan çıxıbmı Sabirin ilk kitabı üçün pulu kim yığırdı?


Əşhədü-billahi Əliyyül-əzim, Sahibi-imanəm a şirvanlılar...

Əşhədü-billahi Əliyyül-əzim, Sahibi-imanəm a şirvanlılar...

-

Bəli, biz indi M.Cəlili, M.Ə.Sabiri millətin ağrıyan vicdanı, millət fədaisi hesab edirik.

Amma onların müasirləri də belə düşünübmü? Əsla. Bu adamlar vaxtilə hətta fiziki cəhətdən məhv edilmək təhlükəsilə yaşayıblar...



Hüseynbala Səlimov


İLAHİ KOMEDİYA

Hakimiyyətlə ədəbiyyatın, siyasətlə ədəbiyyatın və bəzən də hətta ədəbiyyatla cəmiyyətin münasibətləri çox vaxt qəliz olub.

Bilmirəm, hansı şairin sözüdür, amma çox yaxşı deyib ki, krallar şairləri başa düşəndə onları dar ağacına göndərirlər.

Bu münasibətlər bizə bəlli olan nümunədən – Nizami ilə dövrünün hökmdarları arasındakı münasibətlərdən, ümumiyyətlə Şərq şairləri ilə hökmdarların təmasından çox fərqlənib.

Qərb ədəbiyyatında mənə cəmi bir nümunə bəllidir ki, Napoleon J.W.Goethe (Göte) ilə görüşəndən sonra heyranlıqla deyib ki, bax, bu, İnsandır.

Hərçənd ki, hətta dövrünün bəzi adamları Goethe-ni «lakey» xarakterli bir şəxs hesab edirdilər. Bu paradiqma özünün ən qəliz həllini rus ədəbiyyatında tapıb.

«Ziyalının missiyası hakimiyyətin əleyhinə olmaqdır»-deyən Rusiya ziyalıları öz dövrünün hökmdarları ilə dramatik münasibətdə olublar.

İndi çarla Puşkinin, çarla Lermontovun münasibətlərini bir-bir çözməyəcəm və hətta F.Dostoyevsky-nin (F.Dostoyevski) sözün əsl mənasında dramatik siyasi evolyusiyasını–onun terrorçu-sosialistdən monarxistə çevrilməsini burada yada salmayacam. Qərb ədəbiyyatında iki nümunə var ki, onlar mənə daha yaxındır.

Biri Voltaire-dir (Volter), digəri isə Dante və bunların arasında bir neçə yüz illik vaxt var. Voltaire həm sevilmiş, himayə olunmuşdu, həm də təqiblərə məruz qalmışdı. Dante isə bütün ömrünü öz vətənindən kənarda yaşmağa məcbur olmuşdu. Sonuncunun uğursuz siyasi karyerası çox dolaşıq və qəlizdi.

Əvvəlcə «Komediya», sonradan isə «İlahi komediya» adlanan əsərin müəllifi yazıçı üçün ən ağır bir aqibəti yaşmalı olur – vətənindən uzaqda, Ravennada ölür. Amma situasiyanın komikliyi nədədir? Sonradan onun məzarını vətəninə köçürməyə çox cəhd edirlər, fəqət, bu, baş tutmur.

Beləliklə, Dantenin arzuladığı hadisə–öz vətəninə qayıtmaq məsələsi alınmır. Amma bilirsiniz ən qəribəsi nədir?

Dantenin müasirləri olan hökmdarlar məhz onun müasiri olduğuna və şairin həyatında müəyyən rol oynadıqlarına görə xatırlanırlar. Bu, çox fəlsəfi məqamdır. Hökmdarlar öz dövrlərində at oynadırlar, tarixə hökmranlıq etmək isə yazıçılara və şairlərə nəsib olur.

Artıq qeyd etdiyim kimi, ədəbiyyat adamının yaşadığı cəmiyyətlə, siyasi mühitlə ziddiyətdə olması halları çoxdur.

Belə nümunələr bizim öz ədəbiyyatımızda da var, xüsusən də 19-cü əsrin sonu və 20–ci əsrin əvvəlinə təsadüf edən ədəbiyyatda. Bunu bir az da irəli davam etdirmək və M.F.Axundovu, onun ruhanilərlə münasibətlərini yada salmaq olardı.

ƏSLİNDƏ HƏR ŞEY BAŞQA CÜR OLUB…

Son vaxtların polemikaları bizi bir daha düşünməyə vadar etdi. Bəli, biz indi M.Cəlili, M.Ə.Sabiri millətin ağrıyan vicdanı, millət fədaisi hesab edirik.

Amma onların müasirləri də belə düşünübmü? Əsla. Bu adamlar vaxtilə hətta fiziki cəhətdən məhv edilmək təhlükəsilə yaşayıblar, daim onunla üz-üzə dayanıblar. Bəli, indi Sabirin poeziyasını «göz yaşları içində gülüş» adlandıra bilərik. Amma mən ilk dəfə Sabirin birinci kitabının çapı üçün kimlərin vəsait topladığını eşidəndə çox təəccübləndim.

Hətta qulaqlarıma inanmadım, amma bunu televiziya ilə elə bir mötəbər alim və jurnalist dedi ki, inanmamağa yer qalmadı… İndi M.Cəlilin həyatını «qəm pəncərəsi» adlandıra bilərik və həqiqətdə də bu həyat çox qəmli olub. Amma müasirləri yazıçının yazdıqlarını həqarət hesab edir və onu təqib edirdilər.

Ən maraqlısı isə budur ki, M.Cəlilin və onun məsləkdaşlarının «səhv» yolda olduğunu təkcə mövhumatçı dindarlar və yaxud da bəylər, xanlar düşünmürdü, hətta çox sanballı ziyalılar da belə düşünür və bu yola alternativ yaratmaq istəyirdilər. Sabirin və Cəlilin yaradıcılığında elə məqamlar var ki, onları bəzi adamlar hələ də bağışlamaq istəmirlər.

Biz isə elə danışırıq ki, sanki bu adamlar milləti yalnız «tərənnüm» etməklə məşğul olublar. Amma kefli İsgəndər nə edir? Əsərin finalında o, mövhumatçı insanlara tüpürür! Bəlkə yazıçının digər əsərlərində bundan fərqli münasibət sərgilənmişdi? Əsla yox.

Bunun özü elə «İlahi komediya» deyilmi? Deyim ki, o dövrün bütün ədiblərinin stili belə idi, yox, bir qədər «yumşaq» yazanlar da vardı. Deyirlər ki, Sabirdə və Cəlildə öz millətinə qarşı böyük sevgi var.

Əlbəttə ki, belədir. Amma onların müasirləri belə düşünürdümü? Bir də ki, M.Cəlil müasirlərinə necə sübut edəydi ki, «Ölülər» sevgidən yoğrulmuş bir əsərdi?

Və yaxud da necə sübut edəsən ki, başqa yazıçılarda bu sevgi yoxdur? Çətin məsələdir. «Bütün yaraların dərmanı zamandır»- deyiblər. Bəlkə ədəbiyyata da ən böyük qiyməti elə o, özü – əlahəzrət zaman verir?..

KİÇİK SÖZARDI

Qədim yunanlar komediya ilə tragediyanı ayıranda bir qədər tələsiblər. Ən böyük ağrı gülüşlə gəlir.

Ona görə də mən bilmirəm, komediya ilə tragediya arasındakı sərhədi haradadır?

Bəlkə də heç bu sərhəd yoxdur, onu yalnız biz uydurmuşuq?..

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG