Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:56

Azərbaycanda yalnız markalanmış dini kitabları almaq mümkün olacaq


Milli Məclisin İnsan hüquqları komitəsi «Dini etiqad azadlığı haqqında» qanuna əlavə və dəyişiklikləri müzakirəyə çıxarıb.

Trend-in məlumatına görə, qanuna edilən dəyişikliklər dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarda), audio və video materiallar, mal və məlumatlar və dini məzmunlu başqa məlumat materialları ilə bağlıdır.

Komitə sədri Rəbiyyət Aslanova iclasda bildirib ki, dəyişikliyə əsasən vətəndaş və dini qurumlar istədikləri dildə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən nəzarət markası ilə markalanmış dini materialları əldə edə və onlardan istifadə edə bilərlər.

Dini qurumlar, dini qurum olmayan digər hüquqi və fiziki şəxslər müvafiq icra hakimiyyəti orqanının razılığı ilə həmin materialları istehsal, idxal, ixrac edə, habelə onları nəzarət markası ilə markalandıqdan sonra sərbəst yaya bilərlər. Eyni zamanda göstərilir ki, nəzarət markası ilə markalanmış qeyd olunan materialların satışı yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılmış ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə həyata keçirilməlidir.

İclasda deputat Cavanşir Paşazadə qanunda nəzərdə tutulan dəyişikliklərin çox qəliz olduğunu bildirib. Onun sözlərinə görə, indi dini ədəbiyyatı yaymaq istəyənlər bugünkü texnologiyaların vasitəsilə çap edib yaya bilərlər.

Paşazadə qeyd edib ki, bu da düzgün dəyişiklik deyil: «Əgər kimsə jest edib 200 manat yox, 500 manat ianə verirsə bunun nəyi qəbahətdir? Yaxud 200 manat verirsə, bunu köçürmə ilə etməlidir? Bunlara qarşı çıxmaq bir az çətin olacaq. Onsuz da ianə edənlər hansı yolla olursa olsun, missiyalarını davam etdirəcəklər».

Aslanova deputatlara cavab olaraq bildirib ki, bu milli təhlükəsizik məsələsidir: «Əgər bu gün nəşriyyatlar müxtəlif formada zərərli dini ədəbiyyatlar yayırlarsa, buna nəzarət olunmalıdır. Xüsusilə, xristian dininə aid mürtəce ədəbiyyatın yayılmasının əleyhinəyəm. Elə bu yaxınlarda transhumanizmə aid ədəbiyyat yayılmışdı ki, bu da çox təhlükəli tendensiyadır. Ona görə də dini ədəbiyyatların yayılmasına ciddi nəzarət olmalıdır».

İclasda, həmçinin «Dini etiqad azadlığı haqqında» qanuna digər əlavələr də müzakirə olunub. Qanuna əlavəyə görə, dini qurum qəbul etdiyi və ya vəd edilən ianə müqabilində ianə verən şəxsə və ya hər hansı digər şəxsə birbaşa, yaxud dolayı yolla maddi və sair nemət, hər hansı imtiyaz və ya güzəşt verə, belə təkliflə çıxış edə və ya vəd verə bilməz.

«Dinimizdən irəli gələn dəyərlərə görə ianə təmənnasız verilməlidir. Və bunun əvəzində hansısa imtiyazı istəmək düzgün deyil və bu məsələ artıq Azərbaycan qanunvericiliyi səviyyəsində də qəbul olunur», - Aslanova deyib.

Komitə sədri bildirib ki, «Dini etiqad azadlığı haqqında» qanuna təklif olunan dəyişiklik görə, dini quruma ianə verən şəxs verdiyi və verəcəyi ianə müqabilində özü və ya üçüncü şəxslər üçün birbaşa və yaxud dolayı yolla maddi və sair nemət, imtiyaz, güzəşt qəbul edə, təklifə razılıq verə bilməz.

Günün bütün mövzuları

XS
SM
MD
LG