Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:23

Yol polisi pərdə və plyonkalarla bağlı reydlərə başlayıb


Fevralın 12-dən başlayaraq Dövlət Yol Polisi Bakı və bölgələrdə nəqliyyat vasitələrinə vurulan pərdə və plyonkalarla bağlı reydlərə başlayıb.

Bu barədə AzadlıqRadiosuna Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev məlumat verib.

Şöbə rəisinin dediyinə görə, son tədbirlər prezidentin fevralın 12-də etdiyi çıxışdan sonra başlayıb.

Kamran Əliyevin sözlərinə görə, yol polisinin xəbərdarlığına yerində əməl etməyən sürücülər 50 manat cərimə edilir və avtomobili cərimə meydanına aparılır.

«İradlar aradan qaldırılandan sonra avtomobil sahibinə verilir. Qaydalara görə avtomobillərin arxa şüşələrin tündləşdirilməsinə ümumiyyətlə icazə verilmir. Avtomobilin alın şüşəsində tündlük 25 faizdən, qabaq qapının yan şüşələrin tündlüyü 30 faizdən, arxa qapı şüşələrinin tündlüyü isə 40 faizdən artıq olmamalıdır. Özü də həmin şüşələr sənaye üsulu ilə hazırlanmış şüşələr olmalıdır».

Şöbə rəisinin dediyinə görə, ötən il aparılan reydlər zamanı 24 min sürücü nəqliyyat vasitəsinə pərdə və plyonka vurduğu üçün məsuliyyətə cəlb olunub.

Fevralın 12-də regionların sosial-iqtisadi inkişafı problemlərinə dair konfransda danışan prezident İlham Əliyev avtomobillərdə pərdə və plyonkalar məsələsinə bir daha toxunub. O bir neçə il əvvəl maşınların hamısının plyonkalarının sökülməsinə göstəriş verdiyini xatırladıb:

«Özüm demişəm ki, mən prezidentəm, mənim maşınımda plyonka yoxdur. Hansısa üçüncü, dördüncü dərəcəli məmurun maşınını plyonka ilə bağlayırlar. Kimdən gizlənirlər?! Ya qorxurlar ki, kimsə onları görəcək?! İndi camaat onları görsə nə olar? Əriyərlər onlar?! Nə olacaq?!

Mən demişəm, o vaxt tədbirlər görüldü, söküldü. Mənə, bu gün səhər buraya gəlməzdən əvvəl maraqlanırdım, daxili işlər naziri deyir ki, təkcə keçən il 24 min plyonka sökülüb. Bu 24 min adamın qulağı yoxdur?! Onlar eşitmir ki, mən nə deyirəm?! Yaxud da ki, onların yadından çıxır?! Bu bəlkə də o qədər də böyük məsələ deyil. Amma bir göstəricidir. Bu nə ayrı-seçkilikdir cəmiyyətdə?! Sənin vəzifən var, pulun var, sən özünü fərqləndirirsən?! Sən get özünü öz işinlə, öz əməlinlə, ağlınla, ölkəyə verilən töhfə ilə fərqləndir, plyonka ilə, bahalı əşyalarla yox! Ona görə mən deyirəm, - bu gün də daxili işlər nazirinə dedim, - bir də eşitsəm, bilsəm ki, plyonkalı maşın var, o maşın müsadirə edilməlidir. İndi bilmirəm, burada, qanunvericilikdə hansı düzəlişlər etmək lazımdır, onu edərik. Belə olmaz! Harınlayırlar, qudururlar, heç kimi saymırlar!», deyə prezident bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG