Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:59
-

Oğlu gedib təzədən əliboş qayıtdı. Nəbi kişinin tərs damarı tutdu.

Arvad-uşağa qoşulub özü də axtardı. Bütün yırtıq-deşiyə baxsalar da balta tapılmadı ki, tapılmadı.

- Kirvə, sezonu başa vurub evə qayıtdığın məqamda bu heç yaxşı əlamət deyil. - Nəbi kişinin elə bil nitqinə nəsə dolmuşdu. - Yaxşı-yaxşı fikirləş, yadına sal görək axırıncı dəfə baltanı hara qoymusan? Axı balta sənin çörək ağacındı. Onu elə belə qoyub gedə bilməzsən...



Eyvaz Zeynalov


İLAN BALASI

Ermənilər xəyanət nəticəsində ələ keçirdikləri şəhəri neçə gündü dağıdır, yandırır, daşını, dəmirini, təpili-tıxalı evlərini, var-dövlətini talan edib maşın karvanları ilə Ermənistana daşıyırdılar.

Həm də yaman tələsirdilər. Çox duruş gətirəcəklərinə inanmırdılar. Əslində Qarabağın bu dilbər guşəsinə ayaq basa bildiklərinə bir möcüzə, yuxu kimi baxırdılar. Ermənilər bir zaman Ağdamın elə təkcə adını eşidəndə zağ-zağ əsirdilər...

Erməni dığası Aşotun qəribə fəallığı, artıq-əskik hərəkətləri əsgər yoldaşlarını əməlli-başlı çaşdırmışdı. Elə bil həminki Aşot deyildi. Başqaları əl-qapa girişdiyi halda o, təpili-tıxalı saraylara, sahibsiz bahalı, qəşəng maşınlara gözünün ucuyla da baxmırdı.

Onu ən çox maraqlandıran şəhərin Sarıtəpə adlanan yerində əlli-altmış il öncə tikilmiş ikimərtəbəli, yaraşıqlı həyət evləriydi. Bir-bir onların başına dolanır, nəyisə ölçüb-biçir, götür-qoy edir, sonra rus balası tankçı İvanı haraylayırdı:

- Ey, İvan, o əjdahanın ağzını bəri döndər! - Doğrudan da, bu tank şəhərə girən gündən neçə-neçə yaraşıqlı binanı əjdaha kimi udmuşdu.

- Yenə nə xəbərdi, Aşot?..

Aşot barmağını evə tuşlayıb vəhşi bir səslə bağırırdı:

- Uçurt, anasını ağlat bu evin!..

- Bəlkə daha bəsdi, heyifdi, Aşot?.. - İvan yalançı canıyananlıqla ona sataşırdı. Halbuki əl-ayağı gicişən uşaq kimi bekar dayana bilmir, uçurub-dağıtmaqdan həzz alırdı.

- Ara, bəs olanda özüm deyəcəyəm!.. - Aşot avtomatı göyə qaldırıb amiranə yellədirdi. Yəni söz güləşdirmə.

Yoldaşları onu məsxərəyə qoyurdular:

- Yoxsa qulağına səs dəyib, qızıl küpəsi axtarırsan, Aşot?..

- Bizə də bir şey çatacaqmı?..

Toz dumanı seyrəlib ətraf aydınlaşan kimi Aşot irəli cumurdu. Goreşən kimi viranəlikdə saatlarla eşələnir, daşın-qumun arasında nəsə axtarırdı. Tapmayanda balası ölmüş kimi burnunu sallayaraq dinməz-söyləməz, qaş-qabaqlı halda ordan aralanırdı. Bir müddət kimsəyə qarışmır, hüznlü, fikirli gəzib-dolanırdı. Elə ki, növbəti ikimərtəbəli evi gördü, göygöz kosa kimi gözləri təzədən alışıb-yanır, pər-pər çalırdı...

Üçüncü gün Aşot arzusuna çatdı. İkimərtəbəli evlərdən birinin xarabalığından istədiyini tapdı. Bu, adi daşçapan, bənna baltasıydı. Ağac saplı-zadlı...

Arxasınca sürünən dığalar onu dövrəyə aldılar. Təəccüblə soruşdular:

- Bu nədi, ara?..

Aşot baltanı xüsusi vasvasılıqla, səylə silib-təmizlədi. Əziz balası kimi bağrına basdı.

- Siz bunun qədir-qiymətini bilməzsiniz, - dedi. Sonra onlara baltanın küpündə erməni əlifbası ilə yazılmış yazını göstərdi. - Baxın, oxuyun, Qabrielyan Samvel! - Özü də onlarla birlikdə oxudu. - Hə, necədi sizinçün?..

Nə rus balası İvan, nə də əli avtomatlı erməni dığaları bir şey başa düşdülər. Mat-məəttəl çiyinlərini çəkdilər.

- Samvel kimdi, ara?..

- Mənim babam!.. - Aşot yumruğunu fəxrlə arıq, taxta sinəsinə döydü.

- Yox, ara?.. - Yenə inanmadılar. - Bizi barmağına dolama, - dedilər.

- Məzhəb haqqı!.. - Bu saat Aşot erməni dığalarını dediklərinə inandırmaq üçün bacısından belə keçməyə hazırdı.

- Ara, cüvəllağı, bəs burda, türkün torpağında nə gəzir?.. - Erməni dığaları qarğa-quzğun kimi qarıldaşdılar.

Aşot bic-bic güldü.

- Bu ev mənim babamın evidi!..

- Bahoo!.. Ara, bu olmadı də!.. - Dığalar cırradılar. - Yoxsa yenə xəlvətə salıb o zəhrimar tut arağından düt deyincə vurmusan, kepin yuxarıdı?..

- Məzhəb haqqı, dilimə də dəyməyib! - Aşot ağzını qulağınacan ayırıb dığalara sarı hovxurdu. - Gördünüz?.. – Dığalar bir az sakitləşdilər. - Bunu mən sizə deyirəm, bura qədim erməni şəhəridi. - Aşot ciddi şəkildə bəyan etdi. - Atam danışırdı ki, babamgil müharibəyəcən bu evdə yaşayıb. Müharibədən sonra türklər biz erməniləri bu yerlərdən, isti yurd-yuvalarından güclə qovmuşlar...

- Sən hansı müharibədən danışırsan, Aşot? - Kimsə dilini dinc saxlamadı.

- Ara, hansı olacaq, Böyük Vətən müharibəsindən...

- Ara, bəs nə əcəb indiyəcən bunlar bizim tarix kitablarında yazılmayıb?.. - Başqa biri şübhəylə soruşdu.

- Sovetin, kommunistlərin dövründə belə şeyləri üzə çıxartmaq, yazmaq qadağandı, ay tupoy...

- Bəs bunları sən hardan bilirsən?.. Baban danışıb?..

- Heyf ki, babamın üzünü görməmişəm, - Aşot təəssüfləndi. - Dedim axı, uşaq vaxtı atam danışıb...

Dığalar elə bil yanlarındakı İvanı birdən görüb ayıldılar. Göz-qaşla onu bir-birinə göstərərək:

- Olar, olar... - deyib təsdiqlədilər.

- Olar nədi, ara?.. - Aşot hirsləndi. - Mən faktla, sübutalnı-dakumentalnı danışaıram.

- Aşot, o biri evlərdən də bəzilərinin xarabalıqlarında xaç işarələri vardı, bəs bu nə deməkdi?.. - Dığalardan biri maraqlandı.

Aşot lovğa-lovğa özünü dartdı.

- Ara, nə başı boş adamsınız? Bütün bunlar hamısı onu göstərir ki, Ağdam erməni şəhəridi də! - Əslində Aşotun başı babasının baltasını axtarmağa qarışdığından başqa şeylərə fikir verməmişdi.

- Bəs onda babanın evini uçurtmağa niyə razı olurdun, ay gicbəsər?.. - Məsələni ucundan-qulağından anlayan İvan soruşdu.

- Gic özünsən! Başqa cür dediklərimi sizə necə sübut edəydim? İnanmayacaqdınız axı...

- Yaxşı, indi bu baltanı neyniyəcəksən? Muzeyə təhvil verəcəksən?..

- Bu balta bir yox ey, on evdən də qiymətlidi! - Aşot dedi. - Onu Ermənistana atama göndərəcəyəm. Yataqda xəstə yatır, gözü yoldadı. Gələndə söz vermişəm ki, babamın evini axtarıb tapacağam. Babam baltanı görməsə, Ağdamı aldığımıza heç cür inanmayacaq.

Bir yana baxanda Aşotda günah az idi. Atası qəsdən, bilə-bilə hər şeyi dolaşdırmışdı. Əslində isə məsələ tamam başqa cürdü.

* * *

Nəbi kişi nəsilli-nəcabətli, bu ətrafda sayılıb-seçilən kişilərdəndi. Haçansa Ermənistandan Samvel adlı bir erməni ilə çörək kəsmiş, oğlunun kirvəsi eləmişdi.

Samvel bu tərəflərə aclıq illərində, müharibədən sonra dadanmışdı. Sənəti bənnalıqdı. İsti aylarda köçünü bu tərəflərə salır, gecə-gündüz yoruldum demədən işləyir, hörgü hörür, ev tikir, puldan-paradan toplayıb qışa çönəndə öz yerinə-yurduna qayıdırdı. Axır vaxtlar gələndə Qaragen adlı balaca oğlunu da yanınca gətirirdi.

İnsafən, Samvel öz sənətini sevən mahir bənna idi. Axırıncı dəfə bu ətrafda Nəbi kişinin ikimərtəbəlisini ucaltmışdı. Ona xüsusi can yandırmış, çox zəhmət çəkmişdi. Odu ki, həddən ziyadə yaraşıqlı alınmışdı.

Hörgünü tamam-kamal axıra çatdırıb qurtaranda Nəbi kişi həyətdə, tut ağacının altında yaxşı bir stol açmış, üstünə can dərmanı düzdürmüşdü.

Samvel tut, zoğal arağından içib əməlli-başlı hallanmışdı. Hətərən-pətərən danışır, özünü-sözünü bilmirdi. Nəbi kişi kirvəsini hələ bu cür görməmişdi.

Samvel arabir çəngəl-bıçağı yerə qoyur, araqla dolu badəni yuxarı qaldıraraq bərkdən:

- Nəbi kişi, - deyirdi, - sən elə bilirsən bu ev sənin evindi? Sənə tikmişəm? Yox, yanılırsan. - Başını bulayırdı. - Bu evi mən məxsusi özüm üçün tikmişəm. Mənim evimdi. İnanmırsan oğlum Qaragendən soruş. - Oğlunu göstərirdi. - Düz demirəm, Qaragen?.. - Guya oğlu nəsə qanırdı.

Qaragenin isə ləziz yemək-içməkdən, buz kimi ev kompotundan, cürbəcür meyvələrdən başqa gözünə heç nə görünmür, qulağına heç nə girmirdi.

Nəbi kişi də kirvəsinin nə qırıldatdığını düz-əməlli kəsdirmirdi. Daha doğrusu, milçək vızıltısı kimi saya-hesaba almırdı. Onun da kefi tamam özgə bir ala buluddaydı. Gülümsəyə-gülümsəyə başını tərpədir, kirvəsinin sözünü təsdiqləyirdi. Hərdən də fikirləşirdi ki, kopoolun tut arağı, sən yamanca şeysən, lap siçanı pişiyin üstünə qaldıransan.

- Əlbəttə, öz evindi, a kirvə! Haçan ayağın bu tərəflərə düşdü, qapım üzünə taybatay açıqdı...

Uzun sözün gödəyi, lap axırda, halallaşıb darvazadan çıxmağa hazırlaşanda Nəbi kişi Samvelin qolundan yapışaraq saxladı:

- Kirvə, bəs həcəmətlərin hanı? Qoyub gedirsən?..

Samvel oğurluq üstündə yaxalanmış adam kimi özünü itirdi. Əl-ayağı əsdi, dil-dodağı təpidi.

- Ara, nə həcəmət, nə zad?..

Nəbi kişi yenə fərqinə varmadı. Zarafata yozdu.

- A kirvə, dedim, axırıncını içmə də. - Sonra çönüb uşaqlarını harayladı. - Ay uşaq, baxın görün kirvənin həcəmətləri orda hardadı? Tapın gətirin.

Böyük oğlu oranı-buranı çox axtarandan sonra Samvelin köhnə torbasını tapıb gətirdi. İçində xırda-xuruş şeylərdi.

- Daşçapan baltasını tapmadım, ata...

- Ara, ver bəri... - Samvel torbasını qapıb tez aradan çıxmaq istədi.

- Kirvə, tələsmə. - Nəbi buraxmadı. - Ayə, oralarda olacaq. İynə deyil ki, itsin! Yaxşı axtarın. Bizim evdə heç nə itməz...

Oğlu gedib təzədən əliboş qayıtdı. Nəbi kişinin tərs damarı tutdu. Arvad-uşağa qoşulub özü də axtardı. Bütün yırtıq-deşiyə baxsalar da balta tapılmadı ki, tapılmadı.

- Kirvə, sezonu başa vurub evə qayıtdığın məqamda bu heç yaxşı əlamət deyil. - Nəbi kişinin elə bil nitqinə nəsə dolmuşdu. - Yaxşı-yaxşı fikirləş, yadına sal görək axırıncı dəfə baltanı hara qoymusan? Axı balta sənin çörək ağacındı. Onu elə belə qoyub gedə bilməzsən...

Samvelin cavab verməyə halı qalmamışdı. Qoyun kimi durub gözünü döyürdü. Rəngi-ruhu avazımışdı. Bu halı Nəbi kişini yavaş-yavaş şübhələndirirdi.

Allahdan olan kimi oğlu Qaragen birdən böyürdən dilləndi:

- Nəbi əmi, mən bilirəm atam daşçapanı hara qoyub...

- Hara qoyub, a bala?.. - Nəbi kişi sevincək soruşdu.

- Divara hördü... - Uşaq bir gözü atasında qorxa-qorxa kəkələdi.

- Necə?.. - Nəbi kişi heyrətləndi.

Ara-sıra erməni ustalarının kənd-kəsəkdə, şəhərdə yüz oyundan çıxdıqlarını, küçə və meydanlarda, böyük, nəzəri cəlb etməyən hökumət tikililərində qəribə, cürbəcür nişanə, rəmz, iz qoyduqlarını eşitmişdi. Ancaq yatsa yuxusuna da girməzdi ki, belə bir iş onun da başına gələ bilər...

Kişinin gözləri bircə anda qan çanağına döndü. Qızıl quş kimi şığıyıb Samveli boğazladı. Çatı ilə əl-ayağını çataqladı. İt ölüsü kimi sürüyüb tut ağacının altına atdı.

- Köpəyoğlu, de görüm bu nə deməkdi?..

Samvel ağlayıb qan-yaş tökdü. Yalvarıb-yaxardı, ağlaya-ağlaya tikdiyi evlərə xaç işarəsi, ermənicə yazılmış cürbəcür lövhələr, rəmzlər qoyduğunu boynuna aldı. Guya bunlar hamısı hansısa erməni təşkilatının gizli tapşırıqlarıydı. Onu məcbur edirdilər...

- Ə, qurumsaq, buna görə pul-para alırdın?.. - Nəbi kişi Samvelin sifətinə tərs bir şapalaq ilişdirdi.

- Məzhəb haqqı yox!.. - Samvel and içdi.

- Tfu, sənin....!.. - Nəbi kişi murdar ətə tüpürürmüş kimi tüpürdü. - Bu nə azardı, ə, siz milləti tutub?..

Samvel söylədi ki, bu nişanlar gələcək nəsillərə ötürülən işarələr, kodlardı. Neçə illər keçəndən sonra əvəzsiz dəlil-sübuta çevriləcəkdi. Ermənilərin bu torpaqlarda yaşadığını, hətta bu torpaqların ermənilərə məxsus olduğunu sübuta yetirəcəkdi.

Samvelin sayıqlamalarını eşidən Nəbi kişini birdən-birə dəli bir gülmək tutdu. Şaqqanağına qonşular tökülüb gəldilər.

- A bədbaxt, - dedi, - elə bilirsiniz gələcəyin tarixçiləri də indikilər kimi manqurt olacaqlar? Əksinə, bu əşyaları tapanda bir daha inanacaqlar ki, ermənilər həqiqətən türklərin nökəri, fəhləsi, biçinçisi, bənnası, bir sözlə, qab dibi yalayanları olublar.

Nəbi kişi sonra oğluna dedi:

- Ordan lapatkanı bura gətir, ə. - Samvelə sarı döndü. - Hə, kirvə, demək, sizin o murdar gələcək nəsillərə dəlil-sübut lazımdı. Neynək, mən bu saat təzə bir bünövrə qazacağam, səni də diri-diri ora hördürəcəyəm. Düşünürəm ki, erməni cəsədi gələcəkdə daha qiymətli əşyayi-dəlil sayılar.

Beli əlinə alıb bir təpkeş vuranda Qaragen cikkə çəkib özünü atasının üstünə atdı. Onu bərk-bərk qucaqladı.

Nəbi kişinin xasiyyətinə bələd olan qonşular yaxınlaşmır, kirimişcə bir tərəfdə durub həngamənin nə ilə qurtaracağını gözləyirdilər. Bilirdilər ki, qatışmağın, qabağına durmağın xeyri yoxdu. Sözləri sözündən ötkəm deyildi, zorları, gücləri də gücündən. Dediyi dedikdi.

Handan-hana yenə arvadı dözmədi, irəli yeriyib yaylığını ərinin qabağına atdı.

- Nəbi, bir qələtdi ata-babasıynan eləyib, çörək tutmuşu körpəsinə bağışla.
Nəbi kişinin əl-qolu boşalıb yanına düşdü.

- Gərək sən qarışmayaydın, arvad, - dedi. - İlanın ağına da lənət, qarasına da. - Qəzəblə tüpürdü. - İlan balasından törəyən ilan olar. - Əyilib arvadının yaylığını yerdən qaldırdı. - Qurban olsun bu camaata! - Böyür-başdakılara çöndü. - Əl-ayağını açın, it kimi qovun getsin. Bir də bu tərəflərə hərlənsə, tikəsini qulağı boyda eləyəcəyəm!..

Samvel üç gün yorğan-döşəkdə titrədib-qızdırdı. Dördüncü gün dərdini dilinə gətirmədən canını tapşırdı...

Şərhləri göstər

XS
SM
MD
LG