Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:45

Sağlamlıq əleyhinə olan inzibati xətalar


-


"İnzibati Xətalar Məcəlləsi"ndən çıxarış.

Məcəlləni tam şəkildə buradan endir.
Bu sənəddə 2013-cü ilin yanvarına qədər olan düzəlişlər əksini tapıb. Bu tarixdən sonra edilmiş düzəlişlərlə birlikdə Məcəllənin yenilənmş mətnini Ədliyyə Nazirliyinin bu saytından əldə edə bilərsən.




Maddə 38-1. Döymə
Döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə —
beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş günədək müddətə inzibati həbs tətbiq olunur.
Qeyd:
1. Bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur.
2. Bu maddədə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərərçəkmiş şəxsin ərizəsi əsasında başlanılır.
3. Bu maddədə nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir.


Maddə 38-2. Məişət zorakılığının qarşısının alınması haqqında qanunvericiliyin pozulması
38-2.1. Məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqinə, yəni şəxs tərəfindən digər şəxsin onun mülkiyyətində, sərəncamında və ya istifadəsində olan əmlakdan, gəlirlərdən məhrum edilməsinə, iqtisadi asılılıq yaradılmasına, belə asılılığın saxlanılmasına və ya ondan sui-istifadə edilməsinə yönəlmiş hərəkətlərə görə —
yüz manatdan üç yüz manatadək miqdarda cərimə edilir.

38-2.2. Məişət zəminində psixi zorakılığa, yəni şəxs tərəfindən digər şəxsə qəsdən psixi təzyiq göstərilməsinə və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlərə görə —
üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir.

38-2.3. Məişət zorakılığından zərər çəkmiş şəxslərə qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiyadan keçmədən fəaliyyət göstərməsinə görə —
otuz beş manatdan əlli manatadək miqdarda cərimə edilir.
Qeyd:
1. Bu Məcəllənin 38-2.1-ci və 38-2.2-ci maddələrində «şəxs» dedikdə «Məişət zorakılığının qarşısının alınması haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsində nəzərdə tutulmuş şəxslər başa düşülür.
2. Bu Məcəllənin 38-2.1-ci və 38-2.2-ci maddələri həmin maddələrdə göstərilən əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. (200)


Maddə 38-3. Zöhrəvi xəstəliklərə yoluxmuş şəxslərin müalicədən boyun qaçırması
Zöhrəvi xəstəliklərə yoluxduğu barədə kifayət qədər məlumat olan şəxslərin səhiyyə orqanları tərəfindən xəbərdarlıq edildikdən sonra da müalicədən boyun qaçırmasına görə —
yüz manatdan yüz əlli manatadək miqdarda cərimə edilir.


Maddə 38-4. Zöhrəvi xəstəliklərə və ya insanın immunçatışmazlığı virusuna yoluxmuş şəxslə əlaqədə olmuş şəxslərin müayinədən boyun qaçırması
Zöhrəvi xəstəliklərə və ya insanın immunçatışmazlığı virusuna yoluxmuş şəxslə əlaqədə olmuş və müayinəyə ehtiyacı olan şəxslərin müayinədən səhiyyə orqanları tərəfindən xəbərdarlıq edildikdən sonra da boyun qaçırmasına görə —
səksən manatdan yüz iyirmi manatadək miqdarda cərimə edilir.


Maddə 38-5. Zöhrəvi xəstəliklərə və ya insanın immunçatışmazlığı virusuna yoluxma mənbəyinin gizlədilməsi
38-5.1. Zöhrəvi xəstəliyi olan şəxslər tərəfindən yoluxma mənbəyinin, habelə onlarla əlaqədə olub zöhrəvi xəstəliklərə yoluxma təhlükəsi yaradan şəxslərin adlarının gizlədilməsinə görə —
yüz manatdan iki yüz manatadək miqdarda cərimə edilir.

38-5.2. İnsanın immunçatışmazlığı virusuna yoluxmuş şəxslər tərəfindən yoluxma mənbəyinin, habelə onlarla əlaqədə olub insanın immunçatışmazlığı virusuna yoluxma təhlükəsi yaradan şəxslərin adlarının gizlədilməsinə görə —
iki yüz manatdan dörd yüz manatadək miqdarda cərimə edilir.


Maddə 38-6. Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında qanunvericiliyin pozulması
38-6.1. Donor olmaq istəyən şəxs tərəfindən əvvəllər keçirdiyi və hazırkı xəstəlikləri, həmçinin narkotik vasitələr və psixotrop maddələr qəbul edib-etməməsi barədə düzgün məlumatın verilməməsinə görə —
otuz manatdan otuz beş manatadək miqdarda cərimə edilir.

38-6.2. Tibbi müayinə keçirilmədən donordan qanın, qan komponentlərinin götürülməsinə görə —
fiziki şəxslər otuz beş manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər qırx manatdan altmış beş manatadək miqdarda, hüquqi şəxslər yüz manatdan yüz əlli manatadək miqdarda cərimə edilir.

38-6.3. Müalicə müəssisələri tərəfindən qanın, qan komponentlərinin resipiyentə köçürülməsi nəticəsində baş verən hər hansı ciddi əlavə təsirlər (posttransfuzion ağırlaşmalar) barədə köçürülən qanın, qan komponentlərinin tədarükünü edən qan xidməti müəssisəsinə (qan bankına) və müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsinə görə —
fiziki şəxslər otuz beş manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər qırx manatdan altmış beş manatadək miqdarda, hüquqi şəxslər yüz manatdan yüz əlli manatadək miqdarda cərimə edilir.
XS
SM
MD
LG