Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:18

Əmək münasibətlərində inzibati xətalar və onların cəzaları


-


"İnzibati Xətalar Məcəlləsi"ndən çıxarış.

Məcəlləni tam şəkildə buradan endir.

Bu sənəddə 2013-cü ilin yanvarına qədər olan düzəlişlər əksini tapıb. Bu tarixdən sonra edilmiş düzəlişlərlə birlikdə Məcəllənin yenilənmş mətnini Ədliyyə Nazirliyinin bu saytından əldə edə bilərsən.


Maddə 52-1. Əmək pensiyaları haqqında qanunvericiliyin pozulması
52-1.1. Əmək pensiyasını təyin edən orqan tərəfindən əmək pensiyasının ödənilməsi barədə qərarın qanunvericiliklə müəyyən edilmiş müddətdə qəbul edilməməsinə, əmək pensiyasının təyin olunmasından imtina edilməsi barədə qərarda pensiya təyin olunmasından imtinanın səbəblərinin göstərilməməsinə və əmək pensiyasının təyin olunmasından imtina edilməsi barədə qərarın qanunvericiliklə müəyyən olunmuş müddətdə müraciət edənə göndərilməməsinə görə —

vəzifəli şəxslər otuz beş manatdan səksən manatadək miqdarda cərimə edilir.

52-1.2. Əmək pensiyaçısı və işəgötürən tərəfindən əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb olan hallar barədə məlumatın əmək pensiyasını təyin edən orqana verilməməsinə görə —
otuz manatdan qırx manatadək miqdarda cərimə edilir

Maddə 53. Əmək qanunvericiliyinin pozulması

53.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsini (kontraktı) bağlamadan işəgötürənlər tərəfindən fiziki şəxin hər hansı işin (xidmətin) yerinə yetirilməsinə cəlb edilməsinə görə —

vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda cərimə edilir.

53.2. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisələrin, idarələrin və ya təşkilatların işəgötürənləri tərəfindən işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi qaydalarının pozulmasına görə —

yeddi yüz manatdan min iki yüz manatadək miqdarda cərimə edilir.

53.3 İşçiyə qanunvericiliklə müəyyən edilmiş minimum əmək haqqından aşağı məbləğdə əmək haqqı verilməsinə görə —

vəzifəli şəxslər min manatdan min beş yüz manatadək miqdarda cərimə edilir.

53.4. İşçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə —

vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək miqdarda cərimə edilir.

53.5. İşçinin məzuniyyət hüquqlarının pozulmasına, işçiyə əmək məzuniyyətinin verilməməsinə, habelə istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsinə görə —

vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək miqdarda cərimə edilir.

53.6. İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə —

vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək miqdarda cərimə edilir.

53.7. İşəgötürən tərəfindən əmək qanunvericiliyində müəyyən edilmiş müddətdə işçiyə əmək kitabçasının açılmamasına görə —

vəzifəli şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir.

53.9. İşəgötürən tərəfindən 15 yaşına çatmamış şəxslərin işə cəlb edilməsinə görə —

vəzifəli şəxslər min manatdan min beş yüz manatadək miqdarda, hüquqi şəxslər üç min manatdan beş min manatadək miqdarda cərimə edilir.

53.10. İşəgötürən tərəfindən uşaqların onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edilməsinə görə —

vəzifəli şəxslər üç min manatdan dörd min manatadək miqdarda, hüquqi şəxslər on min manatdan on üç min manatadək miqdarda cərimə edilir.

53.11. İnsanın immunçatışmazlığı virusu ilə yaşayan şəxsləri, işləməsinə yol verilməyən peşə növləri və vəzifələr istisna olmaqla, insanın immunçatışmazlığı virusuna yoluxması səbəbinə görə işə qəbul etməkdən, işdə irəli çəkməkdən imtina edilməsinə və ya həmin səbəbdən onların işdən azad edilməsinə görə —

vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək miqdarda cərimə edilir.

53.12. Şəxsin dağınıq skleroz xəstə olması səbəbinə görə əmək müqaviləsinin bağlanmasından imtina edilməsinə və ya əmək müqaviləsinə xitam verilməsinə (işəgötürənin müvafiq işi (vəzifəsi) olmadığı, habelə belə şəxslərin əməyindən istifadə olunmasına yol verilməyən iş yerlərinə işə götürməkdən imtina olunan hallar istisna olmaqla) görə —

vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək miqdarda cərimə edilir.

Maddə 53-1. Məcburi əmək
Əmək müqaviləsinə xitam veriləcəyi və ya kollektiv müqavilədə müəyyən edilmiş güzəşt və imtiyazlardan məhrum ediləcəyi hədə-qorxusu ilə işçinin əmək funksiyasına daxil olmayan işin (xidmətin) yerinə yetirilməsinə məcbur edilməsinə görə —
min manatdan iki min manatadək miqdarda cərimə edilir

Maddə 53-2. Kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul etməmə
Müvafiq icra hakimiyyəti orqanı tərəfindən göndərilmiş əlillərin, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin və sosial müdafiəyə xüsusi ehtiyacı olan digər şəxslərin onlar üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul edilməməsinə, habelə dövlət büdcəsinə vəsait köçürülməməsinə görə —

əlli manatdan doxsan manatadək miqdarda cərimə edilir

Maddə 53-4. Sosial müavinətlər haqqında qanunvericiliyin pozulması

53-4.1. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən sosial müavinətlərin təyin edilməsi barədə qərarın qanunvericiliklə müəyyən edilmiş müddətdə çıxarılmamasına, müavinətin təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildikdə imtinanın səbəbləri göstərilməklə müraciət edən şəxsə qanunvericiliklə müəyyən edilmiş müddətdə rəsmi məlumatın verilməməsinə və ya imtinanın səbəbləri göstərilməməklə verilməsinə görə –

otuz beş manatdan səksən manatadək miqdarda cərimə edilir.

53-4.2. Müavinət alan şəxs (onun ailə üzvləri) tərəfindən müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar barədə məlumatın müvafiq icra hakimiyyəti orqanlarına verilməməsinə görə –

otuz manatdan qırx manatadək miqdarda cərimə edilir

Maddə 53-5. Həmkarlar ittifaqları təşkilatlarının xüsusi hesabına üzvlük haqqı köçürməmə

Mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlarda çalışan işçilərin əmək haqlarından tutulmuş üzvlük haqlarının həmin idarə, müəssisə və təşkilatların həmkarlar ittifaqları təşkilatlarının xüsusi hesabına köçürülməməsinə görə —
vəzifəli şəxslər min manatdan min beş yüz manatadək miqdarda cərimə edilirlər.

Maddə 54. Əməyin mühafizəsi qaydalarının pozulması

54.0. Əməyin mühafizəsi qaydalarının pozulmasına, yəni:

54.0.1. Əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların tələblərinə əməl edilməməsinə;

54.0.2. binaların, qurğuların, avadanlığın və texnoloji proseslərin təhlükəsizliyinə riayət edilməməsinə;

54.0.3. bilavasitə iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılmamasına;

54.0.4. işçilərə lazımi sanitariya-məişət və müalicə-profilaktik xidmətinin təşkil edilməməsinə;

54.0.5. normal əmək və istirahət rejiminə riayət edilməməsinə;

54.0.6. işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməməsinə;

54.0.7. işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkil edilməsinin və əməyin mühafizəsinin təbliğ edilməsinin təmin edilməməsinə;

54.0.8. kollektiv müqaviləyə əməyin mühafizəsi üzrə qaydaların daxil edilməməsinə və ya onlarda nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməməsinə;

54.0.9. Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi müddətdə və formada əməyin mühafizəsi, əmək şəraiti və onların qüvvədə olan normalara uyğunlaşdırılması üçün görülən tədbirlərin nəticələri haqqında statistik hesabatın verilməməsinə;

54.0.10. maşın və avadanlıqların fırlanan və ötürücü hissələrinin istehsalçı tərəfindən təchiz edilmiş mühafizə qurğuları olmadan istismar edilməsinə görə —
min manatdan iki min manatadək miqdarda cərimə edilir

Maddə 55. Sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməməsi
İşəgötürən tərəfindən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməməsinə və ya kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməməsinə görə —

yeddi yüz manatdan min beş yüz manatadək miqdarda cərimə edilir

Maddə 56. Əməyin mühafizəsi xidmətinin rəhbərinin və mütəxəssislərinin başqa işlərin yerinə yetirilməsinə cəlb edilməsi
İşəgötürən tərəfindən əməyin mühafizəsi rəhbərinin və mütəxəssislərinin öz vəzifələrinə aid olmayan işlərin yerinə yetirilməsinə cəlb olunmasına görə —

səkkiz yüz manatdan min altı yüz manatadək miqdarda cərimə edilir

Maddə 57. Kollektiv müqavilənin (sazişin) bağlanmasından əsassız olaraq imtina edilməsi
Kollektiv müqavilənin (sazişin) bağlanmasından əsassız olaraq imtina edilməsinə görə —
min manatdan iki min manatadək miqdarda cərimə edilir

Maddə 58. Kollektiv müqavilənin (sazişin) yerinə yetirilməməsi və ya pozulması
Kollektiv müqavilədən (sazişdən) irəli gələn öhdəliklərin işəgötürən tərəfindən yerinə yetirilməməsinə və ya pozulmasına görə —
min manatdan min beş yüz manatadək miqdarda cərimə edilir

Maddə 59. Kollektiv danışıqların aparılması və kollektiv müqavilənin (sazişin) yerinə yetirilməsinə nəzarəti həyata keçirmək üçün lazım olan məlumatların təqdim edilməməsi
Kollektiv danışıqların aparılması və ya kollektiv müqavilənin (sazişin) yerinə yetirilməsinə nəzarəti həyata keçirmək üçün lazım olan məlumatların təqdim edilməməsinə görə —

yeddi yüz manatdan min beş yüz manatadək miqdarda cərimə edilir

Maddə 60. Tətillərdə iştirak etməyə və ya iştirakdan imtina etməyə məcbur etmə
Zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə qorxutmaqla və ya şəxsin maddi cəhətdən asılı olmasından istifadə etməklə onu tətillərdə iştirak etməyə, yaxud iştirakdan imtina etməyə məcbur etməyə görə —

on manatdan otuz beş manatadək miqdarda cərimə edilir

Maddə 60-1. Seksual qısnamaya məruz qalmış işçilərə qarşı təzyiqin göstərilməsi
Seksual qısnamaya görə işəgötürəndən və ya rəhbərindən şikayət etmiş işçiyə qarşı təzyiqin göstərilməsinə və ya işçinin təqib olunmasına görə —

vəzifəli şəxslər yetmiş manatdan doxsan manatadək miqdarda cərimə edilirlər

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG