Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:57

İctimai qaydalar əleyhinə xətalar və onların cərimələri


-

"İnzibati Xətalar Məcəlləsi"ndən çıxarış.

Məcəlləni tam şəkildə buradan endir.
Bu sənəddə 2013-cü ilin yanvarına qədər olan düzəlişlər əksini tapıb. Bu tarixdən sonra edilmiş düzəlişlərlə birlikdə Məcəllənin yenilənmş mətnini Ədliyyə Nazirliyinin bu saytından əldə edə bilərsən.


Maddə 301. Fövqəladə vəziyyət rejimi tələblərinin pozulması

301.0. Fövqəladə vəziyyət rejimi tələblərinin pozulmasına, yəni:

301.0.1. fövqəladə vəziyyət rejimi tətbiq edildiyi əraziyə gediş-gəlişin xüsusi rejiminin və bu ərazidə hərəkət sərbəstliyinin məhdudlaşdırılmasının pozulmasına;

301.0.2. yığıncaqlar, mitinqlər, küçə yürüşləri, piketlər və nümayişlər və digər kütləvi tədbirlər keçirilməsinin, müəssisə və təşkilatların fəaliyyətinin tətil və ya başqa üsullarla dayandırılmasının qadağan edilməsinin pozulmasına;

301.0.3. nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılmasının pozulmasına və onların yoxlanmasına maneçilik törədilməsinə;

301.0.4. xüsusi verilmiş icazə vərəqələri və şəxsiyyəti təsdiq edən sənədlər olmadan qadağan saatı vaxtında küçələrdə və başqa ictimai yerlərdə olmağın qadağan edilməsinin pozulmasına;

301.0.5. mətbuatın və digər kütləvi informasiya vasitələrinin azadlığının məhdudlaşdırılmasına, səs ucaldan texniki vasitələrin və surətçıxarma aparatlarının müvəqqəti alınmasına maneçilik törədilməsinə, jurnalistlərin akkreditə olunmasının xüsusi qaydasının pozulmasına;

301.0.6. sənədlərin yoxlanmasına, müstəsna hallarda isə, fiziki şəxslərdə silah olması barədə məlumat olduqda, şəxsi yoxlama aparılmasına, şəxsi əşyaların, nəqliyyat vasitələrinin və mənzillərin yoxlanmasına maneçilik törədilməsinə;

301.0.7. silah, zəhərləyici və ya partlayıcı maddələr, döyüş sursatı, xüsusi vasitələr, narkotik vasitələr, psixotrop maddələr və ya tərkibində güclü təsirə malik maddələr olan dərman preparatları, etil spirti, spirtli içkilər və tərkibində spirt olan məmulatların gəzdirilməsinin, əldə edilməsinin və satılmasının məhdudlaşdırılmasının və ya qadağan edilməsinin pozulmasına;

301.0.8. müstəsna hallarda fiziki şəxslərdan odlu və soyuq silahın, döyüş sursatının, zəhərləyici və partlayıcı maddələrin, müəssisələrdən, idarələrdən və təşkilatlardan isə həmçinin təlim hərbi texnikasının və radioaktiv maddələrin müvəqqəti alınmasına maneçilik törədilməsinə;

301.0.9. karantin tələblərinin, sanitariya-antiepidemiya, baytarlıq və bu kimi digər tədbirlərin, habelə qanunvericiliklə nəzərdə tutulmuş mülki müdafiə tədbirlərinin pozulmasına;

301.0.10. müstəsna hallarda, təxirəsalınmaz qəza-xilasetmə işləri aparmaq üçün əmək təhlükəsizliyini hökmən təmin etmək şərtilə, əmək qabiliyyətli əhalinin və fiziki şəxslərin nəqliyyat vasitələrinin səfərbərliyə alınmasına maneçilik törədilməsinə;

301.0.11. rabitədən istifadə üçün qoyulmuş xüsusi qaydaların pozulmasına;

301.0.12. ayrı-ayrı maliyyə-iqtisadi fəaliyyət növlərinin həyata keçirilməsinə, o cümlədən malların, xidmətlərin və maliyyə vəsaitlərinin yerdəyişməsinə qoyulmuş məhdudiyyətlərin pozulmasına;

301.0.13. gündəlik tələbat mallarının və ərzağın əldə olunmasında, satışında və bölüşdürülməsində müəyyən edilmiş xüsusi rejimin pozulmasına görə —

fiziki şəxslər iyirmi manatdan iyirmi beş manatadək miqdarda cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə on beş günədək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər əlli manatdan yetmiş manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir


Maddə 302. Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi

302.1. Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə —

fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar beş manatdan on manatadək miqdarda cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz beş manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir.

302.2. Yanğına qarşı xüsusi rejim şəraitində törədilmiş eyni hərəkətlərə görə —
fiziki şəxslər on beş manatdan iyirmi manatadək miqdarda, vəzifəli şəxslər iyirmi beş manatdan qırx beş manatadək miqdarda, hüquqi şəxslər iki yüz manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilir.

302.3. İnşaat işlərinin aparılması məqsədilə torpaq sahələrinin (trasların) ayrılması, layihələşdirilməsi, habelə ərazilərin, müəssisələrin, binaların və qurğuluarın tikintisi, yenidən qurulması, genişləndirilməsi, texniki cəhətdən dəyişdirilməsi və ya onların istismara verilməsi zamanı yanğına qarşı standartların, normaların və qaydaların tələblərinin yerinə yetirilməməsinə görə

fiziki şəxslər iyirmi beş manatdan otuz beş manatadək miqdarda, vəzifəli şəxslər əlli manatdan yetmiş manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir

Maddə 303. Yanğın təhlükəsizliyi sahəsində məhsulun və xidmətlərin sertifikatlaşdırılması, tədavülə buraxılması və saxlanılması, onların işlədilməsi qaydalarının pozulması
303.0. Yanğın təhlükəsizliyi sahəsində məhsulun və xidmətlərin sertifikatlaşdırılması, tədavülə buraxılması və saxlanılması, onların işlədilməsi qaydalarının pozulmasına, yəni:

303.0.1. sertifikatlaşdırılması məcburi olan, lakin sertifikatlaşdırılmamış malların buraxılmasına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə;

303.0.2. yanğın təhlükəsizliyinə dair qüvvədə olan standartların və digər normativ sənədlərin tələblərinə uyğun gəlməyən malların xaricdən gətirilməsinə və ya satılmasına görə —
fiziki şəxslər on beş manatdan iyirmi manatadək miqdarda, vəzifəli şəxslər əlli beş manatdan yetmiş manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir

Maddə 304. Yanğın təhlükəsizliyi sahəsində xidmətlərin və işlərin görülməsi üçün xüsusi razılıq (lisenziya) alınması tələb olunan fəaliyyətlə belə razılıq olmadan məşğul olma, yaxud lisenziyada müəyyən edilmiş şərtləri pozma
Yanğın təhlükəsizliyi sahəsində xidmətlərin və işlərin görülməsi üçün xüsusi razılıq (lisenziya) alınması tələb olunan fəaliyyətlə belə razılıq olmadan məşğul olmağa, yaxud lisenziyada müəyyən edilmiş şərtləri pozmağa görə —

otuz beş manatdan əlli manatadək miqdarda cərimə edilir

Maddə 305. Yaşayış məntəqələrində və xüsusi olaraq ayrılmamış yerlərdə, yaxud müəyyən edilmiş qaydanı pozmaqla odlu silahdan atəş açma

Yaşayış məntəqələrində və xüsusi olaraq ayrılmamış yerlərdə və ya xüsusi olaraq ayrılmış yerlərdə müəyyən edilmiş qaydanı pozmaqla odlu silahdan atəş açmağa görə —
silah və döyüş sursatı müsadirə edilməklə və ya edilməməklə on manatdan iyirmi manatadək miqdarda cərimə edilir

Maddə 306. Məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması
Mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 24-dən 7-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə —
xəbərdarlıq edilir və ya otuz manatdan əlli manatadək miqdarda cərimə edilir

Maddə 307. Yetkinlik yaşına çatmayanların sərxoşluq vəziyyətinə gətirilməsi
Yetkinlik yaşına çatmayanların öz valideynləri və ya başqa şəxslər tərəfindən sərxoşluq vəziyyətinə gətirilməsinə görə —

iyirmi manatdan otuz beş manatadək miqdarda cərimə edilir

Maddə 307-1. Avaralıqla məşğul olma
307-1.1. Avaralıqla məşğul olmağa görə —

vətəndaşlara xəbərdarlıq edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on günədək müddətə inzibati həbs tətbiq edilir, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan iyirmi beş manatadək miqdarda cərimə edilməklə və ya edilməməklə Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır.

307-1.2. Yetkinlik yaşına çatmayanların öz valideynləri və ya başqa şəxslər tərəfindən avaralığa cəlb edilməsinə görə —

on manatdan on beş manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq edilir.

Qeyd: Bu maddədə avaralıqla məşğul olan dedikdə — müəyyən yaşayış yeri və yaşamağa vəsaiti olmayan, hər hansı ictimai faydalı işlə və ya peşə fəaliyyəti ilə məşğul olmayan (qanunvericiliklə müəyyən edilmiş qaydada işsiz statusu almış şəxslər istisna olmaqla), mütəmadi olaraq xırda oğurluq və ya dilənçilik yolu ilə dolanan şəxslər başa düşülür

Maddə 307-2. Məişət zorakılığının qarşısının alınması haqqında qanunvericiliyin pozulması
307-2.1. Məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqinə, yəni şəxs tərəfindən digər şəxsin onun mülkiyyətində, sərəncamında və ya istifadəsində olan əmlakdan, gəlirlərdən məhrum edilməsinə, iqtisadi asılılıq yaradılmasına, belə asılılığın saxlanılmasına və ya ondan sui-istifadə edilməsinə yönəlmiş hərəkətlərə görə —

yüz manatdan üç yüz manatadək miqdarda cərimə edilir.
307-2.2. Məişət zəminində psixi zorakılığa, yəni şəxs tərəfindən digər şəxsə qəsdən psixi təzyiq göstərilməsi və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlərə görə —

üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir.

307-2.3. Məişət zorakılığından zərər çəkmiş şəxslərə qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiyadan keçmədən fəaliyyət göstərməsinə görə —

otuz beş manatdan əlli manatadək miqdarda cərimə edilir.

Qeyd:
1. Bu məcəllənin 307-2.1-ci və 307-2.2-ci maddələrində «şəxs» dedikdə «Məişət zorakılığının qarşısının alınması haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsində nəzərdə tutulmuş şəxslər başa düşülür.

2. Bu məcəllənin 307-2.1-ci və 307-2.2-ci maddələri həmin maddələrdə göstərilən əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir.

Maddə 308. Fahişəliklə məşğul olma
Fahişəliklə məşğul olmağa görə —

səksən manatdan yüz manatadək miqdarda cərimə edilir

Maddə 309. Qumar oyununda iştirak etmə
Qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə —

oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak müsadirə edilməklə dörd yüz manatdan altı yüz manatadək cərimə edilir.

Qeyd:
1. Bu maddədə «qumar oyunu» dedikdə, pul vəsaitləri, maddi və sair nemət (uduş) barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyun başa düşülür.

2. Qanunla müəyyən edilmiş qaydada keçirilən lotereyalara və idman mərc oyunlarına bu maddənin qüvvəsi şamil edilmir.
Maddə 310. Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama
310.1. Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə —

fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə on beş günədək müddətə inzibati həbs tətbiq olunur.

310.2. Hərbi qulluqçu dövlət sərhədini mühafizə vəzifələrini icra edərkən, onun qanuni tələblərinə qəsdən tabe olmamağa görə —

fiziki şəxslər iyirmi manatdan otuz manatadək miqdarda cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə on beş günədək müddətə inzibati həbs tətbiq olunur
Maddə 310-1. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) qanuni fəaliyyətinə mane olma

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) qanuni fəaliyyətini məhdudlaşdırma və ya fəaliyyətinə müdaxilə etməyə görə —
iyirmi manatdan qırx manatadək miqdarda cərimə edilir

Maddə 310-2. Əməliyyat-axtarış fəaliyyəti subyektlərinin, hərbi qulluqçuların və prokurorluq işçilərinin fərqlənmə nişanları olan hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşıma

Əməliyyat-axtarış fəaliyyəti subyektlərinin, hərbi qulluqçuların və prokurorluq işçilərinin fərqlənmə nişanları olan hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşımağa görə —

inzibati xətanın obyekti olmuş hərbi və xüsusi geyim forması müsadirə edilməklə, iyirmi beş manatdan qırx manatadək miqdarda cərimə edilir

Maddə 311. Məhkəməyə hörmətsizlik göstərilməsi
Məhkəmə iclası zamanı şahidin, zərərçəkən şəxsin, iddiaçının, cavabdehin və ya iş üzrə iştirak edən başqa fiziki şəxslərin sədrlik edənin sərəncamına tabe olmamasına görə —

on beş manatdan otuz manatadək miqdarda cərimə edilir

Maddə 312. Andlı iclasçının məhkəməyə gəlməsinə mane olma
Andlı iclasçıya tapşırılmış vəzifələrin yerinə yetirilməsi üçün onun məhkəməyə gəlməsinə vəzifəli şəxs tərəfindən hər hansı bəhanə ilə maneçilik törədilməsinə görə —

vəzifəli şəxslər əlli manatdan səksən manatadək miqdarda cərimə edilir

Maddə 313. Məhkəmənin xüsusi qərardadı (qərarı) və ya hakimin təqdimatı üzrə tədbirlər görülməməsi
Məhkəmənin xüsusi qərardadının (qərarının) və ya hakimin təqdimatının vəzifəli şəxs tərəfindən baxılmamasına, yaxud bunlarda göstərilmiş qanun pozuntularını aradan qaldırmaq üçün tədbirlər görülməməsinə, yaxud xüsusi qərardada (qərara) və ya təqdimata vaxtında cavab verilməməsinə görə —

vəzifəli şəxslər əlli manatdan səksən manatadək miqdarda cərimə edilir

Maddə 313-1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi

313-1.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə —
fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on günədək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər üç min manatdan beş min manatadək miqdarda cərimə edilir.

313-1.2. İcra üçün təqdim edilmiş icra sənədinin itirilməsinə, onun vaxtında göndərilməməsinə və ya borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə —
vəzifəli şəxslər min manatdan üç min manatadək miqdarda cərimə edilir.

313-1.3. Borclunun hesablarında tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli pul vəsaitlərinin olmasına baxmayaraq, təqdim olunmuş icra sənədinin borcludan pul vəsaitlərinin tutulmasına dair tələblərinin müəyyən edilmiş müddətdə icra edilməməsinə görə —

vəzifəli şəxslər min manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər dörd min manatdan altı min manatadək miqdarda cərimə edilir

Maddə 313–2. İnzibati cərimə və ictimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsi

313–2.1. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə —

yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur.

313–2.2. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə —

nəqliyyat vasitələrini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır.

313–2.3. İctimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırmağa görə —

on beş günədək inzibati həbs tətbiq olunur.

Qeyd:
1. Bu Məcəllənin 313–2.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 313–2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur.

2. Bu Məcəllənin 313–2.3-cü maddəsində «inzibati tənbehin çəkilməsindən boyun qaçırmaq» dedikdə aşağıdakılar başa düşülür:

2.1. üzrsüz səbəbdən həftədə iki dəfə və daha çox ictimai işə çıxmamaq;
2.2. həftədə iki dəfə və daha çox ictimai işlər növündə inzibati tənbehin icrası yerlərində əmək intizamını pozmaq;

2.3. ictimai işlər növündə inzibati tənbehi çəkməmək məqsədi ilə gizlənmək.

Maddə 314. Bilə-bilə yalan izahat və ya rəy vermə
İnzibati xətalar haqqında işlər üzrə icraat zamanı şahidin, zərər çəkmiş şəxsin, mütəxəssisin bilə-bilə yalan izahat verməsinə və ya ekspertin bilə-bilə yalan rəy verməsinə, yaxud tərcüməçinin bilə-bilə yanlış tərcümə etməsinə və ya məhkəmə və digər orqanların qərarlarının icrası üzrə icraat zamanı bilə-bilə səhv tərcümə etməsinə görə —

xəbərdarlıq edilir və ya on beş manatdan iyirmi manatadək miqdarda cərimə edilir

Maddə 314-1. İnzibati xətalar haqqında işlər üzrə sənədi qəbul etməkdən imtina və ya onu çatdırmama

314-1.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yaşadığı
yer üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının, yaxud onun işlədiyi yer üzrə müdiriyyətin vəzifəli şəxslərinin bu Məcəllədə müəyyən edilmiş hallarda bildirişi və ya inzibati xətalar haqqında işlər üzrə digər sənədləri ünvan sahibinə çatdırmaq üçün qəbul etməkdən imtina etməsinə görə —

iyirmi manatdan otuz manatadək miqdarda cərimə edilir.

314-1.2. Bu Məcəllədə müəyyən edilmiş hallarda bildirişin və ya inzibati xətalar haqqında işlər üzrə digər sənədlərin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yaşadığı yer üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının, yaxud onun işlədiyi yer üzrə müdiriyyətin vəzifəli şəxsləri və ya sənədin çatdırılması tapşırılmış digər şəxslər tərəfindən səhlənkarlıq nəticəsində ünvan sahibinə çatdırmamasına görə —

otuz manatdan qırx manatadək miqdarda cərimə edilir.

Maddə 315. Çağırış üzrə gəlməkdən qəsdən boyun qaçırma, izahat, yaxud rəy verməkdən imtina etmə

315.1. İnzibati xətalar haqqında işlər üzrə icraat zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən çağırılmış şahidin, zərər çəkmiş şəxsin, ekspertin, mütəxəssisin və ya tərcüməçinin gəlməkdən qəsdən boyun qaçırmasına görə —

xəbərdarlıq edilir və ya on manatdan on beş manatadək miqdarda cərimə edilir.

315.2. İnzibati xətalar haqqında işlər üzrə icraat zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən çağırılmış şəxslərin (şahidin, zərər çəkmiş şəxsin, mütəxəssisin) izahat verməkdən, ekspertin rəy verməkdən, tərcüməçinin tərcümə etməkdən imtina etməsinə görə —

xəbərdarlıq edilir və ya on beş manatdan iyirmi manatadək iqdarda cərimə edilir

Maddə 328. Bilə-bilə yalandan ixtisaslaşdırılmış xidmətləri çağırma
Bilə-bilə yalandan yanğından mühafizə və polis orqanlarını, təcili yardım və ya digər ixtisaslaşdırılmış xidmətləri çağırmağa görə —

yüz manat miqdarında cərimə edilir

Maddə 296. Xırda xuliqanlıq
Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan və ya fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə —

əlli manatdan yüz manatadək miqdarda cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur.

Maddə 296-1. Avtoxuliqanlıq

296-1.1. Avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə görə —

nəqliyyat vasitələrini idarə etmə hüququ bir il müddətinə məhdudlaşdırılmaqla dörd yüz manatdan altı yüz manatadək miqdarda cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla beş gündən on günədək inzibati həbs tətbiq olunur.

296-1.2. Eyni hərəkətlərin il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə —

nəqliyyat vasitələrini idarə etmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla altı yüz manatdan səkkiz yüz manatadək miqdarda cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on gündən on beş günədək inzibati həbs tətbiq olunur

Maddə 297. Yetkinlik yaşına çatmayanların xırda xuliqanlığına görə valideynlərinin və ya onları əvəz edən şəxslərin məsuliyyəti
On dörd yaşından on altı yaşınadək olan yetkinlik yaşına çatmayanların törətdikləri xırda xuliqanlığa görə —

valideynlər və ya onları əvəz edən şəxslər otuz manatdan qırx manatadək miqdarda cərimə edilir

Maddə 298. Toplantıların təşkili və keçirilməsi qaydasının pozulması

298.1. Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydasının toplantının təşkilatçısı tərəfindən pozulmasına görə —

fiziki şəxslər min beş yüz manatdan üç min manatadək miqdarda cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki yüz saatdan iki yüz qırx saatadək ictimai işlər və ya on beş günədək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər üç min manatdan altı min manatadək miqdarda, hüquqi şəxslər on beş min manatdan otuz min manatadək miqdarda cərimə edilir.

298.2. Qanunla müəyyən edilmiş qaydada təşkil edilməyən yığıncaq, mitinq, nümayiş, küçə yürüşü və ya piketdə iştirak etməyə görə —

üç yüz manatdan altı yüz manatadək miqdarda cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla yüz altmış saatdan iki yüz saatadək ictimai işlər və ya on beş günədək inzibati həbs tətbiq olunur.

Qeyd: Bu Məcəllənin 298.1-ci və 298.2-ci maddələrində nəzərdə tutulmuş əməllərdə cinayət tərkibinin əlamətləri olduqda, həmin əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur.
Maddə 130. Uçuş təhlükəsizliyi qaydalarının pozulması

130.1. Aerodrom rayonunda aerodromların tanınması üçün qəbul edilmiş işarələrə və nişanlı qurğulara oxşar hər hansı işarələr və qurğular yerləşdirilməsinə və ya müvafiq icazə olmadan pirotexnik məmulat yandırılmasına, yaxud hava gəmilərinin uçuşları üçün təhlükəli quşların kütləvi toplanmasına kömək edən obyektlər qurulmasına görə —

on manatdan otuz manatadək miqdarda cərimə edilir.

130.2. Lazımi icazə olmadan Azərbaycan Respublikasının hava sahəsində istifadə edilməsi ilə bağlı olub uçuş təhlükəsizliyi üçün qorxu yarada bilən hər cür atəşə, raketlərin buraxılmasına, partlayış işlərinə və digər işlərin görülməsinə görə —

on beş manatdan qırx manatadək miqdarda cərimə edilir.

130.3. Binalarda və tikililərdə gecə və gündüz işarələri və ya nişanlı qurğular yerləşdirmə qaydalarının yerinə yetirilməməsinə görə —

on manatdan əlli manatadək miqdarda cərimə edilir.

130.4. Aerodrom avadanlığının, aerodrom işarələrinin, hava gəmilərinin və onların avadanlığının zədələnməsinə görə —

on beş manatdan iyirmi manatadək miqdarda cərimə edilir.

130.5. Lazımi icazə olmadan aeroportların (aerovağzallardan başqa), aerodromların, uçuşların radio və işıq təminatı obyektlərinin ərazisindən piyada və ya nəqliyyat vasitəsi ilə keçməyə görə —

on beş manatdan iyirmi beş manatadək miqdarda cərimə edilir.

130.6. müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan Azərbaycan Respublikasının hava məkanında səsdən iti sürətlə uçuşa görə –

fiziki şəxslər iyirmi manatdan otuz manatadək miqdarda, vəzifəli şəxslər əlli manatdan yetmiş manatadək miqdarda cərimə edilir

Maddə 130-1. Aviasiya qəzasının baş verdiyi yerdə qəzaya uğramış hava gəmisinin hissələrinin və ya onun daşıdığı əşyaların (yüklərin, baqajın) qanunsuz götürülməsi

Aviasiya qəzasını araşdıran komissiyanın icazəsi olmadan aviasiya qəzasının baş verdiyi yerdə qəzaya uğramış hava gəmisinin hər hansı hissələrinin, yaxud onun daşıdığı əşyaların (yükün, baqajın) götürülməsinə görə –

fiziki şəxslər iyirmi manatdan otuz manatadək miqdarda, vəzifəli şəxslər əlli manatdan yetmiş manatadək miqdarda cərimə edilir.

Maddə 130-2. Aviasiya təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulması

130-2.1. Aeroportun ərazisində yerləşən müəssisə, idarə və təşkilatlar və onların işçiləri tərəfindən obyektdaxili rejimin təmin olunmamasına və buraxılış rejiminə riayət edilməməsinə görə -

vəzifəli şəxslər beş yüz manat miqdarında, hüquqi şəxslər min manat miqdarında cərimə edilir.

130-2.2. Hava gəmisinin istismarçısı tərəfindən hava gəmilərinin təhlükəsizliyinin təmin edilməməsinə görə -

vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir.

130-2.3. Aviasiya təhlükəsizliyi üzrə əməkdaş tərəfindən yerdə hava gəmisinin təhlükəsizliyinin təmin edilməməsinə görə -
vəzifəli şəxslər min manat miqdarında cərimə edilir.

130-2.4. Hava gəmilərinin yoxlanılması və onlara baxış keçirilməsi qaydasının pozulmasına görə -
vəzifəli şəxslər min manat miqdarında cərimə edilir.

130-2.5. Aviasiya təhlükəsizliyi üzrə əməkdaşın qanuni göstərişlərinə əməl etməməyə görə -

fiziki şəxslər əlli manat miqdarında, vəzifəli şəxslər beş yüz manat miqdarında, hüquqi şəxslər min manat miqdarında cərimə edilir.

Maddə 131. Hava yolu ilə sərnişin, baqaj, yük, poçt, təhlükəli maddələr və predmetlər daşınması və tarif qaydalarının pozulması

131.1. Hava yolu ilə sərnişin, baqaj, yük, poçt daşınması və tarif qaydalarının pozulmasına görə —
fiziki şəxslər on manatdan on beş manatadək miqdarda, vəzifəli qırx manatdan altmış manatadək miqdarda cərimə edilir.

131.2. Hava nəqliyyatında təhlükəli maddələr və predmetlər daşıma qaydalarının pozulmasına görə —
göstərilmiş maddələri və predmetləri ödənişlə almaqla və ya onları müsadirə etməklə və ya etməməklə fiziki şəxslər beş manatdan on manatadək miqdarda, vəzifəli şəxslər qırx manatdan altmış manatadək miqdarda cərimə edilir

Maddə 132. Hava nəqliyyatında yüklərin qorunması qaydalarının pozulması

132.1. Konteynerlərin plomblarının və kilidlərinin zədələnməsinə, plomblarının qırılmasına, ayrı-ayrı yüklərin və onların qutularının, paketlərinin, habelə hava nəqliyyatında yükdaşıma ilə əlaqədar işlər üçün istifadə edilən anbarların hasarlarının zədələnməsinə görə —

fiziki şəxslər mislinədək on manatdan on beş manatadək miqdarda, vəzifəli qırx manatdan altmış manatadək miqdarda cərimə edilir.

132.2. Hava nəqliyyatında yükdaşıma üçün nəzərdə tutulmuş konteynerlərin və nəqliyyat vasitələrinin zədələnməsinə görə —
fiziki şəxslər on beş manatdan iyirmi manatadək miqdarda, vəzifəli şəxslər əlli manatdan yetmiş manatadək miqdarda cərimə edilir

Maddə 133. Hava gəmisində davranış qaydalarının pozulması

133.1. Hava gəmisində intizamın qorunması, habelə hava gəmisinin, onun bortunda olan şəxslərin və əmlakın təhlükəsizliyinin təmin olunması məqsədi ilə gəmi kapitanının (yaxud onun adından digər heyət üzvünün) qanuni sərəncamlarının yerinə yetirilməməsinə görə —

yüz manat miqdarında cərimə edilir.

133.2. Hava gəmisində kompüter, foto və video çəkiliş, elektrik (elektromaqnit) rabitə vasitələrindən xüsusi istifadə qaydalarının pozulmasına görə —
yüz manat miqdarında cərimə edilir.

133.3. Hava gəmisinin bortunda tüstünün müəyyən edilməsi məqsədi ilə quraşdırılmış cihazların, habelə təhlükəsizliyi təmin edən digər qurğuların zədələnməsi və yaxud sıradan çıxarılmasına görə —
iki yüz manat miqdarındacərimə edilir.

Maddə 134. Hava nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkilməsi
Hava nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkilməsinə görə —

yüz manat miqdarında cərimə edilir.

Maddə 135. Dəmir yolu nəqliyyatında hərəkətin təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulması

135.1. Dəmir yolunun, qoruyucu meşəliklərin, qardan mühafizə çəpərlərinin və digər yol obyektlərinin, siqnalizasiya və rabitə qurğularının və avadanlığının zədələnməsinə görə —
fiziki şəxslər on manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər otuz beş manatdan əlli beş manatadək miqdarda cərimə edilir.

135.2. Yük vurulması və boşadılması zamanı müəyyən olunmuş qabaritlərə əməl edilməməsinə görə —
fiziki şəxslər on beş manatdan iyirmi manatadək miqdarda, vəzifəli şəxslər qırx beş manatdan altmış beş manatadək miqdarda cərimə edilir.

135.3. Dəmir yollarına qatarların hərəkətini poza bilən predmetlər qoyulmasına görə —
fiziki şəxslər iyirmi manatdan iyirmi beş manatadək miqdarda, vəzifəli şəxslər əlli

beş manatdan səksən manatadək miqdarda cərimə edilir

Maddə 136. Dəmir yolu nəqliyyatı vasitələrindən istifadə qaydalarının pozulması

136.1. Yük qatarlarında özbaşına getməyə, hərəkət edən qatara minməyə və ondan düşməyə, vaqonların pillələrində və damlarında getməyə, ehtiyac olmadan qatarı özbaşına dayandırmağa görə —
xəbərdarlıq edilir və ya on beş manatdan iyirmi manatadək miqdarda cərimə edilir.

136.2. Qatarların vaqonlarının pəncərələrindən və qapılarından zibil və ya başqa predmetlər atılmasına görə —
xəbərdarlıq edilir və ya on manatdan on beş manatadək miqdarda cərimə edilir

Maddə 137. Sərnişin vaqonlarının daxili avadanlığının, lokomotivlərin və dəmir yolu nəqliyyatı vaqonlarının şüşələrinin, daxili avadanlığının zədələnməsi
Sərnişin vaqonlarının şüşələrinin və ya daxili avadanlığının, lokomotivlərin, dəmir yolu nəqliyyatı vaqonlarının şüşələrinin və daxili avadanlığının zədələnməsinə görə —
on manatdan on beş manatadək miqdarda cərimə edilir

Maddə 138. Dəmir yolu nəqliyyatında təhlükəli maddələr və predmetlər aparma qaydalarının pozulması
Dəmir yolu nəqliyyatında təhlükəli maddələrin və predmetlərin əl yükündə aparılması qaydalarının pozulmasına görə —
xəbərdarlıq edilir və ya on beş manatdan iyirmi manatadək miqdarda cərimə edilir

Maddə 139. Dəmir yolu nəqliyyatında yüklərin qorunması qaydalarının pozulması

139.1. Yükdaşıma üçün nəzərdə tutulmuş dəmir yolu nəqliyyatı vasitələrinin, konteynerlərin, habelə daşıma mexanizmlərinin zədələnməsinə görə —

on manatdan otuz manatadək miqdarda cərimə edilir.

139.2. Yük vaqonlarının, konteynerlərin zədələnməsinə, plomblarının və kilidlərinin zədələnməsinə, plomblarının qırılmasına, ayrı-ayrı yükləri və onların qutularını, paketlərini, yük həyətlərinin, dəmir yolu stansiyalarının, konteyner məntəqələrinin (meydançalarının) və yük daşımaları ilə əlaqədar işlər üçün istifadə edilən anbarların hasarlarını zədələməyə görə —
on beş manatdan qırx manatadək miqdarda cərimə edilir

Maddə 140. Dəmir yol nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkilməsi
Dəmir yol nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkilməsinə görə —
xəbərdarlıq edilir və ya beş manatdan on beş manatadək miqdarda cərimə edilir

Maddə 140-1. Metropolitendən istifadə qaydalarının pozulması

140-1.1. Stansiyaların vestibüllərini, keçidlərini və platformalarını, habelə eskalatoru və vaqonların salonunu zibilləməyə və ya həmin obyektlərin üzərində hər hansı yazılar yazmağa, məhdudiyyət çəpərləri və girişi qadağan edən nişanlar quraşdırılmış yerlərdən stansiyaya daxil olmağa, zərurət olmadan «sərnişin-maşinist» rabitəsindən istifadə etməyə görə —
on manat miqdarında cərimə edilir.

140-1.2. Eskalatordan sürahinin üstünə əşya qoymağa görə —

on beş manat miqdarında cərimə edilir.

140-1.3. Dəmir yoluna hər hansı əşya atmağa görə —

otuz manat miqdarında cərimə edilir.

140-1.4. Eskalatorun sürahisini çıxarmağa, zərurət olmadan «Stop» açarından istifadə etməyə, stansiyaların vestibüllərində, keçidlərində və platformalarında, vaqonlarda siqaret çəkməyə, qatarın hərəkəti zamanı vaqonun qapılarını açmağa, qatarın yola düşməsini ləngitməyə, özbaşına dəmir yoluna düşməyə, qatarın idarəetmə kabinəsinə, xidməti-texniki otaqlara, ventilyasiya şaxtası köşklərinə, tunellərə və metropolitenin işçiləri üçün nəzərdə tutulan çəpərlənmiş ərazilərə daxil olmağa, açıq oddan, pirotexniki qurğulardan (fişəng, partlayıcı və sair) istifadə etməyə görə —

əlli manat miqdarında cərimə edilir.

140-1.5. Müvafiq icazə olmadan metropolitenin elektrik şəbəkəsinə elektrik işlədicilərini qoşmağa görə —

yetmiş manat miqdarında cərimə edilir.

140-1.6. Metropolitenin ventilyasiya şaxtası köşklərinə 25 metrdən yaxın məsafədə hər hansı əşya yandırmağa görə —
yüz manat miqdarında cərimə edilir.

Maddə 141. Dəniz və çay nəqliyyatında hərəkətin təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulması

141.1. Dəniz və çay nəqliyyatında gəmilərin limana daxil olmasının və limandan çıxmasının, liman sularında gəmilərin hərəkəti və dayanması qaydalarının pozulmasına görə —
fiziki şəxslər on manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər qırx manatdan əlli beş manatadək miqdarda cərimə edilir.

141.2. Lazımi icazə olmadan liman sularında dalğıclıq işləri görülməsinə və ya bu işlər zamanı siqnal vermə qaydalarına əməl edilməməsinə görə —

fiziki şəxslər on beş manatdan iyirmi manatadək miqdarda, vəzifəli şəxslər qırx beş manatdan yetmiş manatadək miqdarda cərimə edilir.

141.3. Gəminin suyaoturumu, uzunluğu, eni və tutumu barədə dəniz bələdçisinə dəqiq məlumatların elan edilməməsinə və ya yanlış məlumatların elan edilməsinə görə —

gəmi kapitanı əlli manatdan doxsan manatadək miqdarda cərimə edilir

Maddə 142. Dəniz və çay nəqliyyatı gəmilərində sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulması

142.1. Sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulmasına görə —
fiziki şəxslər on beş manatdan iyirmi beş manatadək miqdarda, vəzifəli şəxslər

otuz manatdan əlli manatadək miqdarda cərimə edilir.

142.2. Gəmilərdən zibil və başqa predmetlər atmağa görə —

on manatdan on beş manatadək miqdarda cərimə edilir

Maddə 143. Dəniz və çay nəqliyyatında siqnalizasiya və rabitə qurğuları və avadanlığının zədələnməsi
Dəniz və çay nəqliyyatında siqnalizasiya və rabitə qurğularının və avadanlığının zədələnməsinə görə —

on manatdan iyirmi manatadək miqdarda cərimə edilir

Maddə 144. Kiçik gəmilərin qeydə alınması, uçotu və istismar qaydalarının pozulması
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının nəzarəti altında olan kiçik gəmilərin qeydə alınması və uçotu qaydalarının və bu gəmilərdən, onların dayanması üçün bazalardan (qurğulardan) istifadə qaydalarının pozulmasına görə —

on manatdan otuz beş manatadək miqdarda cərimə edilir və ya kiçik gəmini idarəetmə hüququ altı aydan iki ilədək müddətə məhudlaşdırılır

Maddə 144-1. Gəmilərin qeydiyyata alınması qaydalarının pozulması
Gəminin məcburi olan qeydiyyata alınmasından boyun qaçırmağa, gəminin müəyyən edilmiş qaydanın pozulması ilə gəmi reyestrlərinin birində qeydiyyata alınmasına və ya gəmi reyestrlərinə daxil olan məlumatların dəyişdirilməsi barədə xəbər verilməməsinə görə —

iyirmi manatdan qırx manatadək miqdarda cərimə edilir

Maddə 145. Limanlarda yükvurma, yükləri boşaltma və yığma qaydalarının pozulması
Limanlarda yükvurma, yükləri boşaltma və yığma qaydalarının pozulmasına görə —
fiziki şəxslər on manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər şərti otuz beş manatdan əlli manatadək miqdarda cərimə edilir

Maddə 146. Dəniz və çay nəqliyyatında təhlükəli maddələr və predmetlər aparma qaydalarının pozulması

146.1. Dəniz və çay nəqliyyatında təhlükəli maddələrin və predmetlərin əl yükündə aparılması qaydalarının pozulmasına görə —

xəbərdarlıq edilir və ya on beş manatdan iyirmi manatadək miqdarda cərimə edilir.

146.2. Dəniz və çay nəqliyyatında təhlükəli maddələr və ya predmetlər aparılması qaydalarının pozulmasına görə —
xəbərdarlıq edilir və ya beş manatdan on manatadək miqdarda cərimə edilir

Maddə 147. Dəniz və çay nəqliyyatında yüklərin qorunması qaydalarının pozulması

147.1. Yükdaşıma üçün nəzərdə tutulmuş üzən nəqliyyat vasitələrinin, habelə daşıma mexanizmlərinin zədələnməsinə görə —
on manatdan otuz manatadək miqdarda cərimə edilir.

147.2. Konteynerlərin zədələnməsinə, plomblarının və kilidlərinin zədələnməsinə, plomblarının qırılmasına, ayrı-ayrı yükləri və onların qutularını, paketlərini, yük həyətlərinin, liman (körpü) yük rayonlarının (sahələrinin), şlüzlərin konteyner məntəqələrinin (meydançalarının) və yük daşımaları ilə əlaqədar işlər üçün istifadə edilən anbarların hasarlarını zədələməyə görə —

on beş manatdan otuz beş manatadək miqdarda cərimə edilir

Maddə 148. Dəniz və çay nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkilməsi
Dəniz və çay nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkilməsinə görə —

xəbərdarlıq edilir və ya yeddi manatdan on üç manatadək miqdarda cərimə edilir

Maddə 149. Nəqliyyatda biletsiz getmə

149.1. Trolleybusda, tramvayda şəhər və şəhərətrafı avtobusda marşrut taksisində sərnişinlərin biletsiz getməsinə görə —
üç manat cərimə edilir.

149.2. Şəhərlərarası marşrut üzrə hərəkət edən avtobusda sərnişinlərin biletsiz getməsinə görə —
on manat cərimə edilir.

149.3. Beynəlxalq marşrut üzrə hərəkət edən avtobusda sərnişinlərin biletsiz getməsinə görə-
iyirmi manat cərimə edilir.

149.4. Dəmir yolu nəqliyyatında sərnişinlərin biletsiz getmələrinə görə —

on beş manatdan otuz manatadək miqdarda cərimə edilir.

149.5. Dəniz və çay nəqliyyatında sərnişinlərin biletsiz getmələrinə görə —

otuz manatdan otuz beş manatadək miqdarda cərimə edilir.

149.6. Hava nəqliyyatında sərnişinlərin biletsiz getmələrinə görə —

otuz beş manatdan qırx manatadək miqdarda cərimə edilir

Maddə 150. Nəqliyyat vasitəsində biletsiz sərnişin aparılması

150.1. Trolleybusda, tramvayda şəhər və şəhərətrafı avtobusda marşrut taksisində sərnişinlərin biletsiz aparılmasına görə —

beş manatdan on beş manatadək miqdarda cərimə edilir.

150.2. Şəhərlərarası marşrut üzrə hərəkət edən avtobusda sərnişinlərin biletsiz aparılmasına görə-

on beş manat cərimə edilir.

150.3. Beynəlxalq marşrut üzrə hərəkət edən avtobusda sərnişinlərin biletsiz aparılmasına görə-

otuz manat cərimə edilir.

150.4. Dəmir yolu nəqliyyatında sərnişinlərin biletsiz aparılmasına görə —

beş manatdan on manatadək miqdarda cərimə edilir.

150.5. Dəniz və çay nəqliyyatında sərnişinlərin biletsiz aparılmasına görə —

on beş manatdan iyirmi beş manatadək miqdarda cərimə edilir.

150.6. Hava nəqliyyatında sərnişinlərin biletsiz aparılmasına görə —

iyirmi manatdan qırx manatadək miqdarda cərimə edilir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG