Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:40

Şahvələd Çobanoğlu. Əkrəm Əylislinin əsərində erməni sevgisi – öz xalqını sevdirmək cəhdidir


Şahvələd Çobanoğlu

Şahvələd Çobanoğlu

-

Əkrəm Əylisli azərbaycanlıları ermənilərə sevdirmək istəyir – bax əsərdəki həmin erməni sevgisi ilə.

Təəssüf ki, əsərdəki erməni sevgisinin Azərbaycan naminə edildiyini hətta özü erməni siyasətçisi ilə görüşəndə bunu Azərbaycan naminə etdiyini deyən İsa Qəmbər qəbul etmir.


Şahvələd Çobanoğlu


BOŞ YUXULAR

“Daş yuxular” romanı və Əkrəm Əylisli ilə bağlı son qovğalarda az qala hamı bir şeyi soruşurdu. Əkrəm Əylisli bu əsəri niyə yazdı? Onu “ermənisən” deyə söysələr də, hamı gözəl bilir ki, bu yazıçı erməni deyil. Ona görə də çoxları anlaya bilmir ki, bir azərbaycanlı müəllifin əsərindəki erməni sevgisi haradandır? Təəssüf ki, indi heç kimi bunu anlamaq da istəmir...
Belə bir deyim var: sevdirməyin ən yaxşı yolu elə sevgidir. Bu deyimin dərin dini, fəlsəfi kökləri və ədəbi ənənələri var. Islamdan, Isa Məsihdən, Buddadan, miflərdən, yaxud müxtəlif ədəbi əsərlərdən iqtibaslar gətirib sizi yormaq istəmirəm. Sevgi, bağışlamaq, hətta düşməni sevmək təzə doktrinlər deyil. Onların günə və həyata ən asan yansıyanı, ən effektlisi isə elə sevgini sevgi ilə qazanmaq inamıdır. Məsələ bu qədər sadədir. Əkrəm Əylisli azərbaycanlıları ermənilərə sevdirmək istəyir - bax, əsərdəki həmin erməni sevgisi ilə.
Təəssüf ki, romandakı erməni sevgisinin Azərbaycan naminə edildiyini hətta özü erməni siyasətçisi ilə görüşəndə bunu Azərbaycan naminə etdiyini deyən Isa Qəmbər də qəbul etmir. Bilmirəm “düşməni sev” deyən Isa peyğəmbər bizim zamanda yaşasaydı, heç olmasa, o, yazıçını başa düşərdimi?!
Əsərdəki detallarla, kəlmələrlə özünüzü yormayın, bu, bədii əsərdir. Orda həqiqət və fakt axtarmayın - bədii əsərdə həqiqət və fakt axtarmaq nağıl obrazını məhkəməyə verməyə bənzəyir. Amma heç kim oradakı erməniyə sevginin tərənnümünü danmır. Heç yazıçının özü də. Əsərdə hamıya toxunan da budur. Amma yanlış təbliğat imkan vermir ki, insanlar anlasın: erməniyə bu sevgi azərbaycanlılara nifrətdən doğmur, onları sevdirmək üçündür. Müəllif olduqca radikal yol tutub bu sevgini təsdiqləmək üçün. Bu sevginin xüsusiyyətidir, onu göstərmək üçün özünü Qız qalasından atanlar da olur.
Əsərdə məqsəd yalnız sevgini göstərməkdir, elə bu səbəbdən roman olduqca sxematikdir - yazıçının əvvəlki yaradıcılığındakı bədii xüsusiyyətləri özündə əks etdirmir.

Əkrəm Əylisli

Əkrəm Əylisli

Bəli, əsərdəki erməni sevgisi danılmazdır, amma son niyyət öz xalqına sülh və düzənli yaşam, ona yüksək imic qazandırmaqdır. Yəni öz xalqına sevgidir. Bu, əsərdən də görünür. Eyni zamanda müəllifdən də görünür. Qaçıb getməyib, uzaqdan yazıb bizi ifşa etmir. Son vaxtlaracan hər gün “bu ölkədə qarışıqlıq olmasından qorxuram, xalqımız çox acı çəkər” deyə narahat olan bir yazıçıdır bu. Həmişə də sülhü, barışı tərənnüm edib. O öz xalqına niyə nifrət etsin? Nifrət etsəydi, indi burda nə işi vardı onun? Onu da deyə bilərsiniz ki, lazım idimi bu sevgini bildirmək? Bu ən yaxşı yol idimi? Öz xalqını incitmək doğrumu yoldur? Gözləmək olmazdımı, ayrı vaxt yazmaq olardımı və s.? Ümumiyyətlə, ermənilərin bizə sevgisi lazımdırmı?
Məncə, burada “Daş yuxular”ı buraxıb “Boş yuxuları” düşünmək lazımdır. Azərbaycan hakimiyyətinin 20 ildir öz xalqını Boş Yuxulara verməsini düşünmək gərəkdir. Ilk gündən deyirdilər Qarabağı alacaqlar. Guya Vətən sevgisi ilə alışıb yanırlar, gecə-gündüz Qarabağ dərdi çəkmək bunları üzüb. Siz Əkrəm Əylislini ittiham edən hakimiyyət adamlarına baxın. Ölkəni talamırlarmı? Onların haqsızlıqları başına götürməyibmi vətənimizi? Saxta mandat, saxta vədlər və saxta sözlər. Daim körüklənən saxta vətənpərvərlik! Qarabağı alacağıq vədləri və erməniyə nifrət dalğasında isə bizə zülm edilir, kimlərsə də varlanır.
Reallıq budur ki, 20 il keçib, yenə sadəcə deyirlər ki, Qarabağı güc ilə alacağıq. Hamı da bunun sadəcə söz olduğunu bilir. Bax belə bir şəraitdə Əkrəm Əylisli bu əsəri yazır. Görür ki, yalançı və çox vaxtda ziyanlı hay-küydən başqa ortada heç nə yoxdur, deyilənlərin əksi olaraq Qarabağ problemini həll etmək üçün o tərəfə top-zad atan da yoxdur, o da birdən durub ora bir sevgi romanı atır. Sevdirmək üçün, barış və birgə yaşayış üçün. Tanınmış şair və yazıçılar, alim və siyasətçilər indi mürəkkəb bir vəziyyətə düşmüş kimi, bu əsər barədə susub dayanıblar. Amma məsələ bu qədər sadədir.
Gəlin düşünək, Əkrəm Əylisli 20 ildə əlində dövlətin geniş resursları və səlahiyyətləri olan, 10 milyardlarla pula, milyonlarla insana sərəncam verənlərə mane oldumu Qarabağ problemini həll etməyə. Bəlkə bizi Boş Yuxulara verən, bizə boş vədlər verən hakimiyyətin qarşısını o kəsdi problemi həll edərkən. Problem həll olunmadı və bu halda da o öz üsulu ilə meydana çıxdı: sevgi ilə sevdirmək, sevgi ilə barışdırmaq.
Bir neçə gün öncə məşhur erməni jurnalisti Aleksey Manvelyan BBC-nin saytında Əkrəm Əylisli olayı barədə yazmışdı ki, Ermənistanda bu cür, yəni azərbaycanlıların xeyrinə əsərlər yazmaq, asan deyil, amma bundan sonra kimlərsə cəsarətlənə bilər.

Yaralı yatan prezidentliyə namizəd Paruyr Ayrikyan isə elə bu günlərdə deyib ki, Sumqayıt hadisələrini azərbaycanlılar yox, KQB təşkil etmişdi.ÿBu kövrək səmərələrə baxmayaraq, biz inanmaya bilərik Əkrəm Əylislinin tutduğu yolun effektinə. Amma o özü bu üsula inanır.
O deyir ki, Azərbaycan naminə ermənini də sevər. Amma Azərbaycan naminə azərbaycanlını da sevməyən dirijorlar elə hay-küy təşkil etdi ki, sizin saf vətən sevginiz indi yalnız Əkrəm Əylisliyə nifrətə köklənib və siz yazıçının Bakının ortasında əyləşib niyə bu əsəri yazdığını heç cür qəbul edə bilmirsiniz. Halbuki normalda bizim hökumət bu bədii əsəri ölkədəki tolerantlığın, hətta ermənilərin dərdini yazan azərbaycanlıların olduğunun sübutu kimi təqdim edə və Qarabağ ermənilərinin bu ölkədə rahatca yaşaya biləcəyinin sübutu kimi təbliğ edilə bilərdi. Fayda götürə bilərdi. Amma bu əsər barışdan müharibə üslubunda, müharibədən barış üslubunda, liberallıqdan millətçi ovqatda, millətçilikdən liberal davranışda danışan siyasətçilərin yaşadığı ölkədə fayda vermir.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG