Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:11

Hüquq müdafiəçisi: «Azərbaycan əsgəri çətinliyə dözür, təhqirə dözmür»


Ələkbər Məmmədov

Ələkbər Məmmədov

-
«Hələlik bu məsələlər məhkəmə tərəfindən saxlanılıb. Məqsəd də məhkəmə işini bir qılınc kimi başımın üstündə saxlamaqdır. Buna baxmayaraq, yenə də əsgər ölümlərini araşdırıram».

Silahlı Qüvvələrə Vətəndaş Nəzarəti Mərkəzinin rəhbəri, hüquq müdafiəçisi Ələkbər Məmmədov həyatına təhlükə hiss edir. O, bunu fevralın 8-də keçirdiyi mətbuat konfransında deyib. Ələkbər Məmmədov ölmüş əsgərlərin ekspertizası zamanı yaxın qohumlarından rüşvət alınması, daxili orqanlarının çıxarılması barədə mətbuata açıqladığı ekspert rəylərinə görə məhkəməyə verilib. İddiaçı silahlı qüvvələrin baş məhkəmə tibb eksperti Rasim Əliyevdir. O, şərəf və ləyaqətinin alçaldıldığını səbəb göstərib hüquq müdafiəçisindən 100 min manat təzminat istəyir.

«MƏNƏ QARŞI CİNAYƏT İŞİ QALDIRILA BİLƏR»

Ələkbər Məmmədovun fikrincə, baş verənlər onun həbsinə və bu yolla susdurulmasına hesablanıb:

«Məhkəmə qərar çıxara bilər ki, bu məbləğ Ələkbər Məmmədovdan tutulsun. Mən o məbləği ödəmək imkanında deyiləm. Pulu verə bilmədiyim halda məhkəmə qərarlarını icra etmədiyimə görə mənə qarşı cinayət işi qaldıra bilərlər».

Onun fikrincə, əcaib bir təcrübəyə start verilib – ölkədə əsgər ölümlərini araşdıran hüquq müdafiəçilərini məhkəmə yolu ilə susdurmağa, qətlə yetirilmiş əsgər ailələrini də polis təzyiqi altında saxlamağa çalışırlar.

OĞLUNUN ÖLÜMÜNÜ ARAŞDIRMAQ İSTƏYƏN ATANIN AQİBƏTİ

Bərdədəki hərbi hissələrdən birində ötən yay özünü asdığı bildirilən Pərviz adlı əsgərin atası Cahan İskəndərli də bənzər təzyiqlərdən danışır. Cahan İskəndərli

Cahan İskəndərli

Deyir, oğlunun ölüm səbəblərini araşdırmaq üçün oraya gedərkən tutulub polisə aparılıb:

«Hərbi hissənin qapısından aparmışdılar məni. Guya mən oradakı pəncərələri qırmışam, polisin, hərbçinin üstünə kimyəvi turşu töküb yandırmışam».

Cahan İskəndərli indi qalıb məhkəmə ilə polis arasında. Bilmir oğlunun ölümündə günahlandırılan əsgərlərin məhkəməsinə getsin, yoxsa özünə qarşı başlanmış cinayət işi ilə bağlı dindirilmək üçün polisə.

Yeri gəlmişkən, Tərtər məhkəməsində əsgər Pərviz İskəndərlini özünüöldürmə həddinə çatdırmaqda təqsirləndirilən 4 əsgərin mühakiməsi keçirilir.

ƏSGƏR SİLAHA NİYƏ ƏL ATIR?

Cahan İskəndərli oğlunun öz canına qəsd etməsinə inanmır:

«Səhər saat 6-da uşağı öldürüb gətirib asıblar. Hərbi hissəyə gedən o biri oğluma da deyiblər ki, ürəklisənsə, gəl bax, bu, sənin qardaşındır, intihar edib. Mənim oğlum intihar etməz. Onu mən böyütmüşdümsə, özünü asa bilməzdi. Məhkəmə düzgün getmir, bizi də hədələyirlər».

Ələkbər Məmmədovun fikrincə, hərbi hissələrdə baş verən qətlləri ört-basdır etmək üçün əksər hallarda hadisəni ölənin üzərinə yıxırlar:

«Çox vaxt yıxırlar əsgərin üstünə ki, çətinliyə dözmür. Elə deyil. Azərbaycan əsgəri çətinliyə dözür, təhqirə dözmür. Azərbaycan ordusunda təhqir var. Bu bəlaya gətirib çıxaran da o təhqirlər və ayrı-seçkilikdir. Leyla Yunus

Leyla Yunus

Kim pul verirsə, kimin arxasında adamı varsa, həmin əsgərə xüsusi münasibət olur. Kasıb pul gətirməyəndə, incidirlər. O da ya qaçır, ya intihar edir, ya da silahı bunlara qarşı çevirir».

«HÜQUQ MÜDAFİƏÇİLƏRİNƏ QARŞI REPRESSİYA ARTIB»

Tədbirə qatılan Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus düşünür ki, son vaxtlar hüquq müdafiəçilərinə qarşı repressiyalar artıb:

«Sülh və Demokratiya İnstitutu Azərbaycanda hüquq müdafiəçilərinə qarşı təzyiqlərlə bağlı hesabat hazırlayır, fevralın sonunda təqdim edəcək. Silahlı Qüvvələrə Vətəndaş Nəzarəti Mərkəzi orduya nəzarət edən yeganə təşkilatdır. NATO tələb edir ki, orduya ictimai nəzarət olmalıdır. Fevralın sonunadək məhkəmə bitməsə, iddia ərizəsi geri götürülməsə, bu, Azərbaycanda orduya ictimai nəzarətə təzyiq kimi qəbul ediləcək».

Müdafiə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin rəisi Rasim Əliyev iddia ərizəsində göstərib ki, ölmüş əsgərlərinin nəşinin yarılma prosesi şəffaf aparılır. Prosesi müstəntiq də izləyir. Əksər hallarda mərhumun valideynlərinin istəyi də nəzərə alınır və prosesdə onların da iştirakı təmin olunur. Müstəntiqin gərək duyduğu hallarda yarılmanın gedişi görüntülənir – video və foto-çəkiliş aparılır.

Şərhləri göstər

XS
SM
MD
LG