Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:11

Vəfat etmiş müharibə əlili varisinin mənzil tələbi


Asiman Qasımlı
Asiman Qasımlı
-
18 yaşlı Asiman Qasımlı «Qaynar xətt»ə Xəzər rayon İcra Hakimiyyətindən şikayət edib. Deməsinə görə, Qarabağ müharibəsi əlili olmuş və 3 il əvvəl vəfat etmiş anasının yeganə varisi olsa da, anasına çatmalı olan mənzili Xəzər rayon İcra Hakimiyyəti varis kimi ona vermək istəmir. Deyir, heç olmasa, əvvəllər icra hakimiyyətinə gedəndə, qəbul edib, dinləyib, vədlər verib yola salırdılar. İndi heç icra hakimiyyətinin qapısından içəri də keçə bilmir:

«Anam uzun illər ev növbəsinə dayanmaq üçün Xəzər rayon İcra Hakimiyyətinə gedib gəlsə də, onu ev növbəsinə götürmək istəməyiblər. 2005-ci ildə prezident iqamətgahında prezidentin qəbulunda olandan sonra onun tapşırığı ilə Xəzər rayon İcra Hakimiyyətinin sərəncamına əsasən, mənzil növbəsinə götürülüb. 2009-cu ildə anam xəstəlikdən vəfat etdi. O, vəfat edəndə, mənim 18 yaşım tamam olmamışdı. Xəzər rayon İcra Hakimiyyətindən deyirdilər ki, ananın mənzil növbəsi çatıb, 18 yaşın tamam olan kimi sənə mənzil veriləcək. 18 yaşım tamam olandan sonra mənə sənədləri toplamağı tapşırdılar. Hansı sənədlər tələb olunurdusa, toplayıb təqdim etdim. Ancaq mənzili verməkdən müxtəlif bəhanələrlə imtina etdilər».

Asiman Qasımlı deyir ki, ondan anasının yeganə varisi olmasını sübuta yetirməsini tələb edirlər. Əks halda, mənzil verməyəcəklərini bildirirlər:

«Mən onlara yeganə varis olmağımla bağlı tələb olunan bütün sənədləri təqdim etmişəm».

Xəzər rayon İcra Hakimiyyətindən bildirilib ki, Asiman Qasımlının anası Arifə Qasımova 2005-ci ilin iyun ayında sərəncamla 3 nəfər ailə tərkibi ilə 1-ci qrup müharibə əlili kimi mənzil növbəsinə götürülüb. 2009-cu ildə vəfat etdikdən sonra oğlu Asiman Qasımlı Suraxanı rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə himayəyə verilib. O, himayəçinin ünvanına yaşayış qeydiyyatına düşüb. Mövcud mənzil qanunvericiliyinə görə, yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsi üçün Asiman Qasımlının sənədləri hazırda qeydiyyatda olduğu ərazinin icra hakimiyyətinə göndərilməlidir. İkinci tərəfdənsə, araşdırma zamanı Arifə Qasımovanın Asimandan başqa daha bir övladının olduğu müəyyən edilib və hazırda icra hakimiyyəti bu faktı araşdırmaqdadır.
XS
SM
MD
LG